Açdı taleyimdə yaz çiçəkləri

Bir ovuc ümidə açdım gözümü,
Döydü pəncərəmi bahar bu səhər.
Mənə əl elədi günəş gizlicə,
Silindi könlümdən qubar bu səhər.

Təzədən vuruldum bahara bu gün,
Üzümü , gözümü günəşlə yudum.
Açdı taleyimdə yaz çiçəkləri,
Çəmənə vuruldum, çölə vuruldum.

Yenə sevdalandım yaz səhərinə ,
İşığa bələndim , nura bələndim.
Açıldı ruhumun qaşı , qabağı,
Üstünə səhərin şehi çiləndi.

Bu səhər könlümün buzu əridi,
Bu səhər günəşin oduna düşdüm.
Nə yaxşı üzümə güldü bu səhər,
Nə yaxşı baharın yadına düşdüm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir