Cabbar baba boz eşşəyini çullayıb ciyənin ucundan darta-darta onu bağçanın kənarı ilə çəkilmiş xəndəyə saldı. Bir daha ətrafa boylandı, heç kim yox idi. Yayın qızmar vaxtı, günün günorta çağı idi. Hüseyn köhnə “Jiquli”sinin yük yerini həyətdə becərdikləri yemişlə doldurub kiçik oğlu Süleymanla bazara getmişdi. Adətən malı dəyər-dəyməzinə bazar alverçilərinə verib qayıdardı. Oturub kilo-kilo satmağa hövsələsi çatmazdı. Kim idi gedib piştaxtadan yer alan, tərəzi pulu verən. Onun heç əvvəldən alverlə arası yox idi. Həmişə alverçilər gəlib həyətdə alırdılar məhsulu. İndi daha məhsulun uru vaxtı idi, alverçilərdə belə vaxtlar kənd-kənd, həyət-həyət gəzməyə həvəs olmazdı, çünki, məhsulun keyfiyyəti xeyli aşağı düşmüşdü. Bəlkə də bu səbəbdən Hüseyn bazarda ləngiyirdi, yəqin alverçilərlə razılaşa bilməyib özü yer alıb, satır malını. Hər hansı səbəbdən yubanırdısa da, bu işin xeyrinə idi. Evdə olsaydı, atasını heç eşşəyə yaxın getməyə də qoymazdı. Gəlini Seçmə də kəndin ayağına, qızı Sənubər gilə getmişdi. Bu istidə onu qudaları buraxmazdı çölə. Dincini al, hava sərnisin, axşamüstü gedərsən, deyərdilər. Daha bundan münasib vaxt çətin ki, ələ düşərdi.
Cabbar baba bir neçə cəhddən sonra eşəyyin belinə oturub qəddini düzəltməyə cəhd elədi. Son beş-altı ayın içində beli o qədər əyilmişdi ki, yumurlanıb yumağa dönmüşdü. Cəhdinin mənasız olduğunu dərk edib eşşəyi hoşladı.
-Gedək, ay illərimin yol yoldaşı. Day bunnan sora səni kəndin o baş-bu başına hoşlayan döyüləm. Day buna taqətim qalmıb. Gedək, mənim taylarım çoxdandı ordadı. Bir mən sintarıb qalmışam bu fani dünyada, cəhənnəm əzabı çəkməkçün. Gedək, bu mənim son səfərimdi. Qəbiristanlığa çatan kimi açıb buraxacam səni. Day ordan geri dönən döyüləm. Gedək…
Darvazanının bir tayını qabaqcadan aralamışdı ki, eşşək rahat keçə bilsin. Eşşəkdən düşüb darvazanı bağlamaq fikrinə düşsəydi, sonra təzədən minmək problemilə qarşılaşacaqdı. Həm də ki, arxayınçılığı vardı, kəndin mal-heyvanları örüşdə idi. Qonşulardan kiminsə heyvanı həyətə girib mərdimazarlıq eləyən deyildi. Belə də ki, darvaza günlərlə, aylarla açıq qalsın, bir çöp də oğurlayan olmazdı bu kənddə. Olsa olsa, qonşu Şahmuradın keçiləri daraşardı meyvə bağına. Keçiləri də qoyunlara qatıb ötürmüşdü naxıra Şahmurad kişi.
Torpaq yolda toz qopara-qopara qəbiristanlığa çatıb eşşəkdən düşdü, əgər buna “düşdü” demək olardısa- özünü sürüşdürüb bir təhər yerə atdı. Ombasında yaranan ağrı bir müddət onun yerdən qalxmasına mane oldu. Boz eşşək qoca sahibinin bu vəziyyətini anlayırmış kimi yaxınlaşıb onu iyləməyə başladı. Qoca ciyədən yapışıb özünə tərəf dartdı, eşşək yerə mıxlanıb sakit tərzdə sahibinə baxırdı. Nəhayət, ona kömək edə bildiyindən məmnunmuş kimi başını qaldırıb iki dəfə anqırdı. Cabbar baba birinci olaraq ciyəni eşşəyin boynundan açdı, sonra onun qarnının altına tərəf əyilib çulun kəndirini boşaltdı. Sürüyüb yerə atdı.
-Day sən azadsan, mənim sadiq dostum, get.
Eşşək durduğu yerdən tərpənmədi. Cabbar baba buna əhəmiyyət vermədi, irəli yeriyib doqqazın cəftəsini qaldırdı, həyətə girdi. Fatəhə verib, qəbiristanlıqda uyuyan ölülərun ruhuna, şəhidlərin ruhuna, cəmi dünyadan köçən müsəlman əhlinin, alimlərin, din əhlinin- yadına düşən düşən bütün vəfat eləşmişlərin ruhuna salavat çevirib geri döndü. Ciyəni, çulu götürüb qəbiristanlığın darvazasına yaxın, sol tərəfdə yan-yana düzülmüş şəhid məzarlarına tərəf getdi. “Naməlum əsgər”in məzarının ayaq tərəfində yükünü yerə qoyub yenə fatəhə verdi. Sonra qəbiristanlığı gəzib dolaşmağa başladı. Atasının, anasının və böyük qardaşının məzarları da daxil, bütün məzarları ziyarət edib qayıtdı bayaq yükünü boşaltdığı yerə. Çulu səliqə ilə yerə sərdi, əynundəki köhnəlmiş yay pencəyinin cibindən dəftərini çıxarıb əyləşdi. Əhd elədiyi kimi Yasin Surəsini oxumağa başladı.
Cabbar babanın yaşını düz-əməlli bilən yox idi. Yüzü adladığını hamı bilirdi. Özündən soruşanda da deyirdi ki, Nikolayı taxtda görmüşəm. Birinci “Erməni-Müsəlman Davası”nı (1905-1907-ci illər) yaxşı xatırlayırdı: “Mənim yeniyetmə cağlarım idi, ermənilər tez-tez kəndlərimizə basqın edirdilər. Dədəmin qoşalüləsin gizlicə götürüb gedib qoşulmaq istədim kəndimizin cavanlarına. Kürqırağı kəndlərin cavanları dəstə düzəldib basqınçılarla vuruşurdular. Bizim cavanlar da onlara qoşulmuşdu, Qobu deyilən yerdə ermənilərin qabağını kəsib müqavimət göstərirdilər. Axşama tərəf qılçamdan yaralandım. Tüfəngimi alıb özümü də yaxınlıqdakı mal fermasının bir tövləsində gizlətdilər ki, atışma qurtaranacan bayıra çıxma… Ancaq ikinci davada (1915-1920-ci illər) uzun müddət iştirak eləmişəm, əsgər kimi. O dava başa dava idi. Ermənilər böyük dəstələrlə gəlirdilər üstümüzə. Rus əsgərləri də onlarla birləşmişdilər. Hətta malakanlar da onlara kömək edirdilər. Yenə kürqırağı kəndləri çapıb talayır, qaniçənlik eləyirdilər. Gəncədən xəbər gəlmişdi ki, köməyinizə böyük bir ordu gəlir. Başçıları da Nuru Paşa idi. Kəndimizin cavanlarıynan sözü bir yerə qoyub yazıldıq o orduya. Erməniləri Nefçalayacan qovduq. Bir hissəsini də Bakıyacan…
…Gözünü açanda özünü yataqda gördü. Hüseyn, qızları, gəlini, nəvələri, kəndin ağsaqqalları, ağbirçəkləri- hamısı ətrafında idi. Hüseyn gözünün yaşını töküb hönkürüdü:
-Başuva dönüm ay dədə, niyə belə eləyisən axı? Məni niyə rüsvay eləyirsən el içində, nə günah eləmişəm?
Cabbar babanın qəbiristanlığa getməsi əlbəttə ki, səbəbsiz deyildi. Babanın öz adını qoyduğu, Hüseynin böyük oğlu 1993-cü ilin payızında Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. O vaxta kimi kəndə artıq 8 nəfərin meyiti gətirilmiş, qəbiristanlıqda şəhidlər üçün ayrılmış ayrıca yerdə dəfn olunmuşdu… Bir gün də xəbər gəldi ki, Cabbarın da meyitini gətirirlər. Kənd əhli hamılıqla yığışdı Hüseynin həyətinə. Tabutu açanda baxdılar ki, meyit başqasınındır. Onu məsciddə yuyub, kəfənləyib tez xəbər göndərdilər Rayon Hərbi Komissarlığına. Dəfn mərasimi təxirə salındı. Səhəri gün tezdən Komissarlıqdan iki nəfər zabit və bir neçə mülki şəxs gəldi. Onlar da itkin düşən bağqa əsgərlərin yaxınları idi. Ancaq meyiti tanıyan olmadı. Onu el adəti ilə dəfn elədilər. İki ay sonra yenə Komissarlıqdan başqa bir dəstə gəldi, qəbri açıb meyitə baxış keçirdilər. Ancaq, bu dəfə də onu tanıyan olmadı. Kənd əhli hadisədən xəbər tutub axışdı qəbiristanlığa. Cabbar babanı da maşına mindirib gətirdilər. Uzun mübahisədən sonra qərara alındı ki, bir də bu məqsədlə gələn olsa, qəbri açmağa qoymayacaqlar. Onsuz da meyit artıq tanınmaz vəziyyətdə idi. Cabbar baba elə orda üzünü ağsaqqallara tutub dedi:
-Sizi and verirəm o böyük Yaradana, məni bu əsgərin məzarının aşağı tərəfində dəfn eləyərsiz. Mən Cabbar balamın iyini ondan alacam.
Kəndin baş mollası hesab olunan Hacı Abdulla, digər ağsaqqallar buna etiraz elədilər. Hüseyn nə illah elədisə, atasını yola gətirə bilmədi. “Ay dədə, başuva dönüm, valideynlərinin yanında sənin öz yerin var axı. Özün vəsiyyət eləmişdin axı, məni dədəmnən anamın yanında basdırın.” –deyib dil tökdü. Kişi iki ayağını bir başmağa dirəyib dediyindən dönmədi. Axırda onu ovutmaq üçün razılıq verdilər.
Ancaq, bununla da məsələ həllini tapmadı. Bir müddət sonra yenə bir dəstə gəldi ki, bəs meyitin yaxınlarıyıq, çıxarıb aparırıq. Yenə camaat tökülüb gəldi, aləm qarışdı. Bu dəfə qəbiri açmağa imkan vermədilər…
Camaat köməkləşib qəbiristanlığı abadlaşdırdı. Əslən bu kənddən olan bir iş adamı qəbiristanlığın ətrafına metal tordan hasar çəkdirdi, “Şəhidlər xiyabanı”nın girişində bulaq tikdirdi, su çəkdirdi, şəhidlərin məzarlarını mərmər daşla bəzətdirdi. Həmin məzarın baş daşına da “Naməlum əsgər” yazısını həkk elətdirdi.
Cabbar baba gecə yuxusunu qarışdırmışdı. Nədənsə, ürəyinə dammışdı ki. yenə gəlib “Naməlum əsgər”in ruhunu narahat eləyəcəklər. Ona görə də sakitlikdən istifadə eləyib gəlmişdi qəbiristanlığa, özü demiş- öz son mənzilinə ki, nəbadə-nəbadə kimsə yaxınlaşmasın o məzara…
-Ağsaqqal, sən bu elin, obanın böyüyüsən. Kürün Şirvan tayında, bu yaxın kəndlərin heç birində sənin yaşında olan ikinci bir kimsə yoxdu. Sənin sözün hamımızçün qanundu, dedin, qurtardı. Dədəmin goru haqqı, imkan vermərəm o qəbrə kimsə yaxın düşə. Onda mən Abdulla olmaram ki, gəlib başımızın üstünnən iş görələr,- Hacı Abdulla dil-dil ötürdü. Danışmağa pərgar adam idi. Boş yerə baş molla deyildi ki, dilinə görə diyirçəyi də vardı… Cabbar baba ağır-ağır ətrafındakıları süzüb elə həmin tərzdə də bunları deyə bildi:
-Hamınızdan halallıq istəyirəm.
Hamı bir ağızdan: “Halal xoşun olsun! Halal-halal!”-dedi.
-Hacı, başda Quranı,- üzünü Hacı Abdullaya tərəf çevirdi.
…Elə istədiyi yerdə də dəfn olundu. İkinci Qarabağ Müharibəsinin getdiyi müddətdə şəhid məzarlarının sayı xeyli artsa da, “Naməlum əsgər”in məzarı yanında bir qəbirlik boş yer saxlamışdılar, hər ehtimala qarşı. Bunu da Cabbar baba vəsiyyət eləmişdi: “Birdən balam tapılar, onu da o biri balamın (“Naməlum əsgər”in) yanında dəfn edərsiz. İşdi, əgər sağ-salamt gələrsə, nə gözəl, ruhum day da şad olar,”- demişdi.
* * *
Üç il idi ki, Vətən Müharibəsi Ordumuzun möhtəşəm qələbəsi ilə başa çatmışdı. İşğaldan azad olunan yerlərdə geniş tikinti-quruculuq işləri aparılırdı.
Hüseyn kişi bu illər ərzində bir an olsun belə ümidini itirməmiş, oğlunu axtarmışdı. Getmədiyi dövlət orqanı, açmadığı qapı qalmamışdı. Axırda əlacsız qalıb üz tutmuşdu baxıcılara. Maşınını, inəklərini, camışını satıb onlara yedizdirmişdi. Bu rayon sənin, o şəhər mənim, deyib, gəzmişdi. Hamısı da “tapılacaq” deyib onu arxayınlaşdırmağa çalışmışdı. Çox yorulmuşdu, artıq onun da belinin donqarı çıxmışdı. O, enlikürək, pəhləvan cüssəli kişidən bir əsr-əlamət qalmamışdı… İndi isə o, arvadı Seçməni də yanına alıb qəbiristanlığa gəlmişdi. Atasının məzarı önündə diz çöküb hönkür-hönkür ağlayırdı. Bu dəfə sevinc göz yaşları idi onun yarıqıyılmış gözlərindən süzülən:
-Qurbanın olum, ay dədə, Cabbarımız tapıldı. Onun sonuncu döyüş yerində kütləvi məzarlıqlar aşkarlandı. Cabbarımızın nəşinin də o şəhid olmuşların arasında olduğu ekspertiza yoluynan təsdiqləndi. Gətirmişik Cabbarımızı, ay dədə. Gəldi yanıana, sən istədiyin yerdə, səninlə üzbəüz yatacaq balamız…
“Xəzan” ədəbi-bədii jurnalının redaktoru, yazıçı-publisist Əli bəy Azəriyə
Hörmətli Əli Qurbanoğlu!
Sizi – Birinci Qarabağ müharibəsi iştirakçısı, bölgə ədəbi mühitinin fəal təşkilatçılarından biri və “Xəzan” ədəbi-bədii jurnalının redaktoru olan yazıçı-publisisti – qarşıdan gələn 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm.
Bu ilki yubileyinizi doğma Zəngilanın düşmən işğalından qurtuluşunun növbəti ildönümü və Böyük Qayıdışın sevinci, qüruru içində keçirməyinizdən çox şadam. İctimai-mədəni fəaliyyətiniz, qələmə aldığınız kitablar və ədəbi mühitin canlandırılması yönündə gördüyünüz işlər ədəbi ictimaiyyətin rəğbətini qazanmışdır. Yaradıcılığınızda insan taleyi, milli yaddaş, mənəvi dəyərlər və cəmiyyət həyatının müxtəlif çalarları öz əksini tapmışdır.
Redaktoru olduğunuz “Xəzan” ədəbi-bədii jurnalı özəlliklə bölgələrdə ədəbi prosesin inkişafına, yeni imzaların üzə çıxmasına, söz adamlarının yaradıcılıq bağlarının güclənməsinə xidmət etməkdədir.
Vətənpərvər yazıçı olaraq Sizin fəaliyyətiniz həm də milli mədəniyyətə, ədəbi irsimizə və Azərbaycan dilinə bağlılığın ifadəsidir, məhz bu keyfiyyətlər Sizi qələm dostlarınızın, ictimaiyyətin sayğı duyduğu aydınlardan birinə çevirmişdir.
Həyat təcrübənizin, yaradıcılıq enerjinizin və ədəbiyyata sevginizin yeni uğurlu layihələrin ərsəyə gəlməsinə zəmin yaradacağına inanıram.
Sizi 60 illik yubileyiniz münasibəti ilə bir daha təbrik edir, möhkəm cansağlığı, ictimai həyatda və yaradıcılıqda yeni uğurlar arzulayıram.
(N1-6/07/11/2 – 2026)
24 iyun 2026, Bakı şəhəri
Fazil Mustafa
Azərbaycan Respublikası Milli Məclisi İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri
Murad Eloğlu (əsl adı: Məmmədli Murad Elburus oğlu), 12 iyul 1988-ci ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuş azərbaycanlı şair və “Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür. Əslən Ağdam rayonunun Yusifcanlı kəndindəndir və ana tərəfi Şahrili nəslinə mənsubdur.
Şair haqqında əsas məlumatlar aşağıdakı kimidir:
📖 Həyatı və təhsili
Erkən illəri: İbtidai təhsilini doğma kəndində alıb. Daha sonra keçmiş SSRİ ölkələrində uzunmüddətli səfərlərdə olub.
Ədəbi təhsili: 2021–2023-cü illərdə “Yazarlar” jurnalının nəzdində fəaliyyət göstərən “Yazarlar Akademiyası”nın poeziya şöbəsini bitirib.
✍️ Yaradıcılığı və kitabları
Erkən yaradıcılıq: Şeir yazmağa hələ uşaq yaşlarından başlayıb.
Bu gün tanınmış şair, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü Murad Eloğlunun doğum günüdür!
Murad Eloğlu (Məmmədli Murad Elburus oğlu) 12 iyul 1988 – ci ildə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində anadan olub. Əslən Ağdam rayonunun Yusifcanlı kəndindədən olan Murad ana tərəfindən Şəhrilidir. İlkin təhsilini öz kəndində tamamladıqdan sonra keçmiş ittifaqın müxtəlif ölkələrinə səyahət etmiş, hal-hazırda bizim üçün xarici sayılan bir neçə ölkədə olmuşdur. Murad Eloğlu kiçik yaşlarından şeir yazmağa başlamış, “Yazarlar” jurnalının nəzdində mütəmadi olaraq təşkil olunan “Yazarlar Akademiyası”nın 2021-2023-cü il buraxılışının Poeziya şöbəsinin ən istedadlı məzunlarından biridir. “39” şeirlər kitabının müəllifidir. Ədəbiyyat sahəsində uğurlarına görə 2022-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.
“Yazarlar” jurnalının tərəfindən “İlin şairi” (2026) və “Ziyadar” (2026) mükafatları ilə təltif olunub. “Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür və hal-hazırda bədii yaradıcılıq sahəsində fəaliyyətini davam etdirir. Bakı şəhərində yaşayır. Evlidir. İki qız, bir oğlan olmaqla üç övladı var.
“Yazarlar” olaraq bu və digər nailiyyətləri münasibətilə Murad Eloğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!
Bu günlərdə Norveçdə yaşayan azərbaycanlı alim, Dr. İrəc İsmayılın müəllifi olduğu “Azərbaycanca-norveçcə sözlük” Salman Mümtaz Yayınları tərəfindən nəfis şəkildə nəşr edilib.
Azərbaycan və Norveç dilləri arasında lüğətçilik sahəsində ilk dəfə hazırlanan bu nəşr iki xalqın dil və mədəni əlaqələrinin inkişafı baxımından olduqca mühüm hadisədir. Sözlükdə 25 mindən artıq söz və söz törəməsinin norveçcə qarşılığı verilmişdir. Lüğət Azərbaycan dilinin leksik imkanlarını norveçdilli oxucuya tanıtmaqla yanaşı, Norveçdə yaşayan azərbaycanlıların gündəlik ünsiyyət, təhsil, tərcümə və dil öyrənmə ehtiyaclarına da cavab verir.
“Azərbaycanca-norveçcə sözlük”, özəlliklə Norveçdəki soydaşlarımızın ana dilinin qorunması və yeni nəslə ötürülməsi baxımından dəyərli mənbədir. Sözlüyün, eyni zamanda, Azərbaycan dili və mədəniyyətinə maraq göstərən norveçlilər, tərcüməçilər, müəllimlər, tələbələr və dilçi ailimlər üçün də faydalı vəsait olacağı şübhə doğurmur.
Dr. İrəc İsmayılın uzun illər ərzində hazırladığı, gərgin əməyin bəhrəsi olan 400 səhifəlik sözlüyün nəşri Azərbaycan türkcəsinin uluslararası arenada tanıdılması, müxtəlif dillər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və Azərbaycan–Norveç ədəbi-mədəni əlaqələrinin genişlənməsi istiqamətində mühüm addımdır.
Xatırladaq ki, “Azərbaycanca-norveçcə sözlük” İrəc İsmayılın oxuculara ünvanlanan ilk əsəri deyildir. O, çağdaş Azərbaycan yazıçı və alimlərinin əsərlərinin ingilis dilinə çevrilməsi, redaktə olunması, yayınlanması və təbliği yönündə xeyli işlər görmüşdür. Belə ki, İrəc İsmayılın Vaqif Sultanlı ilı birlikdə hazırladığı “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijani prose, 2012; 2019), “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s prose, 2014), “Güney Azərbaycan nəsri” (2017) antologiyaları, “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” (2024), “Ana dili – milli varlığın təməli” (2023) adlı elmi araşdırmalar toplusu Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Azərbaycanda yayınlanmışdır.
“Yazarlar” olaraq bu və digər nailiyyətləri münasibətilə Dr. İrəc İsmayılı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!
Erkən orta əsrlər dövründən başlayaraq Qurani-Kərim ədəbi dilin və mədəniyyətin əsas istinad nöqtələrindən biri hesab olunurdu. Bu da dövrün dini icmasının əsas dünyagörüşü idi. Quran dini kitab olmaqla yanaşı, həm də elm, əxlaq, hüquq və ədəbi-pedaqoji mədəniyyətin əsas mənbələrindən biridir.
Klassik Şərq ədəbiyyatında Quran ayələrindən və hədislərindən sitat gətirmək və “təlmih”i (məşhur dini və tarixi hədislərə diqqət yetirmək) vurğulamaq ənənə nümunəsi hesab olunurdu. Təbii ki, oxucular da şairin işarələrini asanlıqla başa düşürdülər.
Bu gün çağdaş dövrümüzün gənc oxucusuna klassik şairlərin (İbn Sina, Fərabi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və b.) poetik fikirlərindəki dini və tarixi iqtibaslara aydınlıq gətirilməsinə zəruri ehtiyac duyulur.
Əsərlərini Quran, hədis və irfan təlmihləri ilə zənginləşdirən parlaq nümayəndələrdən biri də ruh şairi Xaqani Şirvanidir.
Xaqani Şirvani yazır ki, mənə dini və elmi bilikləri öyrədən əmim olmuşdur. Xaqani əmisi vasitəsilə həyatın keşməkeşli yollarında doğru yolu tapdığını və həm əxlaqi, həm də intellektual sahədə yüksəldiyini qeyd edərək poetik dildə yazır:
Bil, mənim böyüyüm, yol göstərənim,
Tərbiyə verənim əmimdir mənim.
Sözləri hər zaman qətiydi onun,
Şagirdi – Ərəstu, bir də Əflatun.
Hermesə üçbucaq elmini, zaman,
Onun idrakıyla öyrətmiş, inan!
Oxudu “Quran”dan ayələr mənə [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. 2004 səh.87].
Xaqani əmisi, Kafiəddin Ömər Osmanın ona verdiyi tərbiyə və elm sayəsində həyatında əhəmiyyətli bir dönüş etdiyini qeyd edir. Burada tərbiyə və mentorluq (Mentor təcrübəli, bilikli və ya mütəxəssis bir şəxs; Mentee mentorunun köməyindən faydalanan və ondan öyrənən şəxs mənasında) ideyası əsas yer tutur. Xaqani əmisi tərəfindən yalnız əxlaqi, həm də intellektual mənada yönləndirildiyini ifadə edir. Bu, elmin və təhsilin insanın şəxsiyyətinin formalaşmasında, həmçinin həyatda doğru yol seçməsində nə qədər əhəmiyyətli olduğunu vurğulayır. “Yetimlik divinin qaçdım əlindən” ifadəsi, Xaqaninin tərbiyə və elm sayəsində çətinliklərdən, yanlış yollardan uzaq durduğunu və həyatını düzgün istiqamətdə qurduğunu simvolizə edir. “Yetimlik divi” başsız qalan bir uşağın və ya şəxsiyyətin çaşqın vəziyyətini göstərir. Bu div, bəlkə də boşluq və qeyri-müəyyənlikdir və əmisi sayəsində bu vəziyyətdən nicat tapmışdır.
Yan Amos Komenski yazır ki, elm və bilik “elə təlim edilməlidir ki, insanlar mümkün olduğu qədər, bilikləri kitablardan deyil, göydən və yerdən, palıddan və ağcaqayından əldə etsinlər” [Bax: Böyük didaktika. Bakı: Elm və təhsil, 2012, səh.142]. Xaqani Şirvaninin həyat fəlsəfənə nəzər salan zaman görürük ki, Kafiəddin Ömər Osman qardaşı oğluna yalnız kitablardan deyil, həyatın özündən – təbiətdən, ətraf aləmdən, gündəlik təcrübədən və müşahidələrdən də bilik qazandırmışdır. Deməli, əsl təlim, yalnız nəzəri məlumatlarla deyil, ətraf mühitlə bağlı gerçək təcrübə və öyrənmə ilə də inkişaf etməlidir. Necə ki, pedaqogikada oxuyuruq: “tətbiq edilə bilməyən bilik şagirdə lazım deyil” [Bax: A.Abbasov., H.Əlizadə. Pedaqogika. Bakı: 2024, səh.170]. Hər bir öyrənilən bilik, əgər reallıqda istifadə edilmirsə, ona olan ehtiyac və dəyər də azalır. Təhsil, gələcək həyatda faydalı olacaq bilik və bacarıqlarla təmin edilməsi üçün nəzərdə tutulmalıdır.
Xaqani əmisi vasitəsilə yüksək elmi və fəlsəfi mülahizələrə malik olduğunu və elmin sirlərinə dərindən bələd olduğuna işarə edir. Hermesin üçbucaq elmini və Qurandan ayələr oxumağı isə “böyük intibah ziyalısının, şairinin” [Bax: Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlərdə Azərbaycan ədəbiyyatı. Bakı: 1982, səh.70] təkcə Qərb fəlsəfəsi ilə deyil, həm də islam təlimi ilə zənginləşdirilmiş bir təhsil aldığını nümayiş etdirir.
Xaqani burada, yalnız fəlsəfəni deyil, dini təhsilin də əhəmiyyətini qeyd edir. “Oxudu “Quran”dan ayələr mənə” ifadəsi, Xaqaninin əmisi tərəfindən dini biliklərə də yönləndirildiyini və Quranın onun həyatında və düşüncə sistemində mühüm rol oynadığını bildirir. Bu, islamın əsas prinsiplərinin Xaqaninin əxlaqi və intellektual inkişafında vacib bir təməl olduğunu göstərir.
“Xaqani yaradıcılığında hərflər, rəqəmlər də tərbiyəvi təsvir vasitələri sırasına daxildir” [Bax: Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə, I cild. Bakı: 1960, səh.100]. Xaqani, əmisi Ömərin ona verdiyi elmi təhsil, məntiqi düşüncə və həyat yolunu göstərmə bacarığını yenə də böyük hörmət və minnətdarlıqla ifadə edir.
Mənə dil qanunu öyrətdi əmim,
Qoymadı səhv edəm, oldu həmdəmim.
Məni üç elmdən etdi xəbərdar,
Ağıl, fəhm, hiss oldu onlardan izhar.
O, mənə şərh etdi hər bir məfhumu,
Sonra da öyrətdi elmi-nücumu…
Dəlillə, sübutla eylədi bir-bir,
“Quran”ın yüz on dörd sirrini təbir,
Çox asan yol ilə o mahir insan,
Etdi “bir”, “iki”, “üç”, “dörd”, “beş”i bəyan [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.89].
Xaqani Şirvani əmisi Ömərin ona dilin düzgün istifadə qaydasını və dil qanunlarını öyrətdiyini bildirir. Bu, Xaqaninin şairlikdə və yazılı ifadələrdə daha incə və təmiz bir üslub inkişaf etdirdiyini göstərir. Eyni zamanda, “səhv etməmək” və “həmdəm olmaq” ifadələri, əmisi tərəfindən ona düzgün təhsil və tərbiyə verilməsini, həm də onun həyatında doğru yolu göstərən şəxs olduğunun bariz nümunəsidir.
Xaqani əmisi tərəfindən ona aşılanan “üç əsas elm”i: ağıl, fəhm və hiss kimi dəyərləri təsvir edir.
Ağıl – insanın təfəkkürünü və düşüncə qabiliyyətini;
Fəhm – mühakimə və anlayış qabiliyyətini;
Hiss – insanın mənəvi duyğularını ifadə edir.
Bu üç elm, insanın həm məntiqi, həm də mənəvi tərəflərini inkişaf etdirən elmlərdir. Xaqani burada əmisi Ömərin elmi dünyagörüşünün hərtərəfli və dərin olduğunu bildirir.
“O, mənə şərh etdi hər bir məfhumu, Sonra da öyrətdi elmi-nücumu”.
Bu misra əmisi Ömərin yalnız bilikləri öyrətməklə kifayətlənmədiyini, həm də hər bir məfhumun mənasını və dərinliyini şərh edərək öyrətdiyini göstərir. Xaqani əmisi tərəfindən verilən təhlil və açıqlamaların həyatına necə təsir etdiyini qeyd edir. Elmi-nücum (ulduz elmi və ya astrologiya) müsbət bir şəkildə elmin dərinliyinə dair sistematikanı göstərir.
“Dəlillə, sübutla eylədi bir-bir, “Quran”ın yüz on dörd sirrini təbir”. Xaqani əmisi Ömərin məntiq və sübutlarla hər şeyin doğru şəkildə izah edildiyini qeyd edir. Bu, həm rasional (məsələli düşüncə) yanaşmasını, həm də “Quran”ın sirlərinin təfsirini (şərhini) göstərir. “Yüz on dörd sirr” Quranın müxtəlif ayələrini və onların dərin mənalarını şərh etmək deməkdir.
Xaqani əmisi Ömərin ona çox sadə və anlaşılan üsul, vasitə və tərzlərlə elmi tədris etdiyini qeyd edir. Burada əmisi, kompleks mövzuları anlaşılan bir şəkildə izah edir, elmi anlayışları “bir”, “iki”, “üç”, “dörd”, “beş” kimi strukturda təqdim edir. “Bir – Allah, iki – iki dünya, üç – nəbatat, çəmadat, heyvanat, dörd – dörd ünsür: su, od, torpaq, hava, beş – hiss: dad bilmək, görmək, eşitmək, ləms və iyi bilmək (bəzən beş rəqəmi – Məhəmməd peyğəmbərin əbası altında hüzur tapanlara da aid edilir ki, bunlara “Pənctəni-aliəba” – “beş nəfərdən ibarət ailə üzvü” deyilir), altı – cəhətlər: ön, arxa, sağ, sol, yuxarı və aşağı, yeddi – yerin yeddi təbəqəsi, səkkiz – behiştin səkkiz qapısı (göyün təbəqələri), doqquz – doqquz fələk (doqquzuncu fələk – Allahın qərar tutduğu yerdir.) Xaqani yuxarıdakı beytdə əmisinin rəqəmlərin bu sirrini ona öyrətdiyini xəbər verir” [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.583]. Bu, Xaqaninin əmisi tərəfindən sadə metodla dərin elmləri öyrənmə prosesini necə təqdir etdiyini göstərir.
Göründüyü kimi Ömər Kafiəddin Xaqaniyə yalnız intellektual deyil, həm də mənəvi dünyanı anlamağa kömək etmiş, ona ağıl, fəhm və hiss kimi həyati və mənəvi dəyərləri aşılamağa çalışmışdır. “Ağıl təfəkkürün məhsulu olması ideyasını irəli sürür” [Bax: O.Həsənli. Təhsilin müasir psixoloji problemləri. Naxçıvan: 2017, səh.188]. Ömər Osman qeyd etdiyimiz kimi ağıllı və sistemli tədris üsulları ilə Xaqaninin həm dini, həm də elmi mövzuları asanlıqla mənimsəməsinə imkan yaratmışdır.
Şəriətdən kənar elm yoxdur, bil,
Varsa qara xaldır, heç bilik deyil [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.49].
Bu misra şairin şəriət (İslam dini qanunları) və elm arasındakı əlaqəyə dair güclü bir fikri ifadə edir. Şair elm və biliklərə dini baxışla yanaşır və şəriətlə uyğun olmayan elmlərin qeyri-kamil olduğunu vurğulayır. Bu misra, şairin şəriət və elm arasındakı əlaqəni necə gördüyünü açıq şəkildə ifadə edir. Şairin nəzərində, elm yalnız şəriətlə uyğunlaşarsa, doğru və kamil olur. Yəni, islam təlimləri çərçivəsində öyrənilən və tətbiq olunan elm, həm dini, həm də dünyəvi mənada doğru sayılır. Şəriət yalnız dini qanunlar deyil, həm də həyatın hər sahəsində düzgün yaşamağa yönəlmiş təməl bir göstərici kimi təqdim edilir. Şair, dini biliklə dünyəvi bilik arasında bir uyğunluq yaratmağa çalışır. Şəriətə zidd elm isə şairin fikrincə, qara xal kimi qaranlıq və yanlış bir şeydir, yəni ona həqiqi elm demək olmaz. Şair burada həm dini elmlərin, həm də dünyəvi elmlərin şəriətə uyğun olmasının vacibliyini vurğulayır. Bu yanaşma, islam mədəniyyəti daxilində elmin və biliklərin yalnız dini və mənəvi prinsiplərlə uyğunlaşdıqda dəyərli olduğunu ifadə edir.
Aləm” sözü “elm”dən yaranmışsa da, ancaq,
Cəhalət bu aləmdən elmi qaçaq salacaq.
Elm əhlinin ürəyi əcəb böyük ürəkdir,
İdris öz şüuruyla göyə yüksələcəkdir [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.332].
Xaqani elm və cəhalət, bilik və qavrayış arasındakı münasibətləri dərin şəkildə şərh edir. Şair elmin və cəhalətin dünyaya olan təsirini və elmə yiyələnənlərin mənəvi və intellektual yüksəlişini izah edir. “Aləm” və “elm” sözləri burada həm mənaca, həm də fonetik olaraq bir-birinə yaxınlaşdırılır. Şair, “aləm”in (kainatın və dünyanın) “elm”dən (bilikdən və təhsildən) qaynaqlandığını bildirir. Lakin cəhalətin bu aləmdən qaçmasına və ya yox olmasına səbəb olacağını qeyd edir. Şair, elmin insanlar və cəmiyyətlər üçün nə qədər vacib olduğunu, amma cəhalətin elmə və biliklərə necə zərər verə biləcəyini göstərir.
“…Öz fikir və hisslərini təsirli və incə sözlərlə ifadə etməyi sevən” [Bax: Məhəmmədəli Tərbiyət. Danişməndani Azərbaycan. Bakı: 1987, səh.67] Xaqani Şirvani elm əhlinin yalnız ağıllı və bilikli deyil, həm də mənəvi dəyərlərə və böyük ürəklərə sahib olduğunu vurğulayır. İdris Peyğəmbər islam mədəniyyətində və dini təfsirdə çox bilikli, hikmətli və göyə yüksəlmiş bir peyğəmbərdir. Şair İdris Peyğəmbərin şüuru ilə göyə yüksəlməsini təkcə fiziki yüksəliş kimi deyil, həm də mənəvi və elmi yüksəlişi kimi nəzərdə tutur. Bu, elmin insanı ruhən ucaltdığını və insanların mənəvi inkişafını təmin etdiyini göstərir.
Cəhalət elmin qarşısında bir maneə olaraq təqdim edilir, yəni biliksizlik elmin yayılmasına və insanların inkişafına zərər verə bilər. Eyni zamanda, şair, elm əhlinin yalnız ağıllı deyil, həm də mənəvi və gözəl ürəkli insanlardan ibarət olduğunu qeyd edir. İdris Peyğəmbərin göyə yüksəlməsi də, elmin, insanın mənəvi yüksəlişi ilə əlaqəli olduğuna işarədir.
Ey Xaqani, din elmi, bil, kimiyadır, unutma,
Könüllərin məxzəninə layiqdir bu kimiya.
Əgər nəfsin bir mis kimi pas atarsa bir zaman,
Onu silmək üçün yalnız budur yararlı dərman [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.408].
Fikrimizcə şair din elminin və biliyin yüksək dəyərini, həmçinin nəfsin (insanın daxili arzularını, eqosunu) və ilahi təmizlənmənin rolunu müzakirə edir.
Şair, din elmini kimya ilə müqayisə edir. Kimya burada saflaşdırıcı, təmizləyici və qızıl kimi dəyərli bir elm olaraq göstərilir. Din elmi, insanların könüllərini (ruhlarını) saflaşdırmaq və təmizləmək məqsədi güdür. Könüllərin məxzəni (Məxzən ərəb mənşəli söz olub – xəzinə mənasını ifadə edir) ifadəsi, insanların daxili xəzinəsini, hisslərini və niyyətlərini nəzərdə tutur. Bu misra ilə şair, din elminin insanın ruhunu təmizləyən, həm də mənəvi inkişafını təmin edən bir elm olduğunu vurğulayır. Bu elm, yalnız dünyəvi fayda vermir, həm də insanın mənəvi təmizliyinə xidmət edir.
Şair insanın nəfsinin (eqo və arzu hisslərinin) gücləndiyini və ruhani təmizliyinə zərər verdiyini bildirir. “Mis kimi pas atarsa” ifadəsi, nəfsin zamanla insanın ruhunu və qəlbini çirkləndirən bir yükə çevrildiyini göstərir. Fikrimizcə, “pas”, ruhun çirklənməsi və mənəvi inkişafın əngəllənməsi kimi başa düşülür. “Onu silmək üçün yalnız budur yararlı dərman” ifadəsi, din elminin və kamilliyin (yüksək mənəviyyatın) bu pası təmizləyən tək vasitə olduğunu bildirir. Yəni, şair nəfsin mənfi təsirlərindən yaxa qurtarmaq üçün din elminin tətbiqinin ən faydalı “dərman” olduğunu qeyd edir. Bu, təmizlənmə və mənəvi təkmilləşmənin yolu kimi göstərilir.
Şair, bildirir ki, din elmi yalnız bilik və məlumatla deyil, həm də könül və qəlb təmizlənməsi ilə əlaqəli bir sahədir. Şair, nəfsin (insanın daxili arzu və ehtiraslarının) insanın inkişafını necə əngəllədiyini və din elminin bu mənfi təsirlərdən təmizlənmək üçün tək vasitə olduğunu bildirir.
Bir elm Kəbəsi, qələmi, məclisi, təmiz,
Zəmzəmlə qarə daşa bərabərdi, şübhəsiz [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.378].
Xaqani Şirvani elmin müqəddəsliyini və yüksək qiymətini kainatdakı müqəddəs yerlərlə müqayisə edir. Kəbə, islamda Allahın evini təmsil edir və dünyanın ən müqəddəs yeri sayılır. Şair elmi Kəbə ilə müqayisə edərək, onun mənəvi və ruhani əhəmiyyətini vurğulayır. Elm yalnız bilik deyil, həm də insanın təmizlənməsi, yüksəlməsi və ruhunun inkişafı üçün vacib bir vasitədir.
Qələm burada yazının, təhsilin və bilikləri yaymanın rolu kimi ifadə edilir. Məclisi isə – elm məclisi, yəni elm haqqında düşüncələrin, müzakirələrin yeri kimi göstərir. Şair, bu üç elementi – qələm, məclis və təmizliyi – elmə aid edərək, onun nə qədər müqəddəs və yüksək olduğunu ifadə edir.
Zəmzəm suyu, Məkkədəki Zəmzəm bulağından gəlir və islam dünyasında çox müqəddəs sayılır. Həmin bulaq, islamda İbrahim peyğəmbərin və onun oğlu İsmayılın həyatını xilas etmək üçün yaranmışdır. Şair elmi Zəmzəm suyu ilə müqayisə edir. Bu da onun müqəddəsliyini və həyat verən rolunu təmsil edir.
Qara daş, Kəbə dağının içində yerləşən və islam zəvvarları tərəfindən öpülən bir daşdır, ona da çox böyük dini hörmət göstərilir. Şairə görə, elm də Zəmzəm suyu və qara daş kimi müqəddəs bir şeydir. Çünki elm də insanın mənəvi təmizliyini təmin edir və mənəvi yüksəlişə səbəb olur.
Xaqani Şirvani bu şeir parçası ilə oxucuda mənfi xüsusiyyətlərə qarşı nifrət, müsbət xüsusiyyətlərə hörmət hissi yaratmağa çalışır. Əxlaqi dəyər daşıyan bu şeir parçasında İslam əxlaqında mənfi xüsusiyyət kimi lənətlənən cahillik, yalan, rüşvət, qanunsuz qazanc və xalqa qarşı böhtan tənqid olunur. Şair də istehzalı dili ilə bu qüsurları ifşa edir, Quran və hədisləri izah edərkən onları mənəvi dəyərlərlə tam şəkildə çatdırır.
Xaqani Şirvani şeirin ilk misrasında nadan adamların fəzilətli insanlara olan istehzasını tənqid edir. Bu fikir Qurani-Kərimin Zümər surəsinin doqquzuncu ayəsində belə ifadə olunur: “Məgər bilənlərlə bilməyənlər birdirlər? Yalnız əsl ağıl sahibləri ibrət götürərlər” [Bax: Zümər surəsi, ayə – 9]. Ayə misra ilə eyniyyət təşkil edir. Ayədə bilik və hikmət sahiblərinin üstün mövqeyi vurğulanır və şair göstərir ki, insanın cahilliyi onu bu həqiqətdən məhrum edir.
Şairin rüşvət və haram qazanc haqqında düşüncələri Quranın əxlaqi prinsiplərinə uyğundur. “Mallarınızı öz aranızda haqsız yerə yeməyin və camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün (əməlinizin haram olmasını) bilə-bilə onu, (rüşvət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin” [Bax: Bəqərə surəsi, ayə – 188] ayəsi haram yolla qazanılmış qazancı qadağan edir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Rüşvət verənə də, alan şəxsə də Allah lənət etsin”. Bu hədis şairin rüşvəti cəmiyyət üçün təhlükəli bir element kimi təqdim etməsinin dini əsasını müəyyən edir.
Yalanın şeirdə həyatın əsas prinsipinə çevrilməsi də kəskin tənqid olunur. Quranda: “Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun” [Bax: Tövbə surəsi, ayə – 119] deyilir. Peyğəmbər (s) isə belə buyurur: “Doğruluq insanı yaxşılığa, yaxşılıq isə cənnətə aparar; yalan isə insanı pisliyə, pislik də cəhənnəmə aparar”. Ayədə və hədisdə doğru ilə yalanın aqibəti aydın şəkildə izah olunur.
Şairin “Əbədi sönmüşdür qəlblərində şam” beyti emosional korluğun tərbiyəvi nümunə ifadəsidir. Quranda deyilir: “Məgər onlar yer (üzün)də gəzib dolanmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur” [Bax: Həcc surəsi, ayə – 46] ayəsi insanın əsl korluğunun mənəvi korluq olduğunu ifadə edir. Bu baxımdan, şair vicdanı sönmüş bir insan obrazını yaradır və oxucusunu halal qazanca, dürustlüyə, biliyə, mərhəmətə və yüksək mənəvi keyfiyyət kimi dəyərlərə təşviq edir. Bu baxımdan, şeir klassik İslam etikasının əsas prinsipləri ilə tam uyğun gələn dərin didaktik məzmun daşıyır.
Şairin “Şeytan asqıranda törənmiş onlar” ifadəsi sarkazmın ən təsirli nümunələrindən biridir. Burada məqsəd şeytan cildində olan insanların xarakterini göstərməkdir. Şair cəhaləti, yalanı, rüşvətxorluğu və vicdansızlığı şeytani sifətlər kimi təqdim edir və oxucusunu bu mənfi keyfiyyətlərdən uzaq durmağa səsləyir. Xaqani Şirvaninin bu yanaşması Bəqərə surəsinin 169-cu ayəsi ilə uyğun gəlir: “O (şeytan) sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir…” [Bax: Bəqərə surəsi, ayə – 169] ifadəsi ilə uyğun gəlir. Bu ayədə insan ruhunun məhvinə səbəb olan davranışların şeytanın təsirinin nəticəsi olduğu göstərilir.
Növbəti “Çünki olsaydılar Adəm nəslindən, İsaya bənzərdi üzləri həmən” misrası və “Adəm nəslindən olmaq” ifadəsi insanın bioloji mənşəyini deyil, onun fitrətini və ilahi varlığa bağlılığını ümumiləşdirir. Quranda insanın gözəl şəkildə yaradıldığı bildirilir: “Həqiqətən. Biz insanı(n) (cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düz gün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik)” [Bax: Tin surəsi, ayə – 4]. Buna görə də, insan fitrətini qorusa ilahi ona gözəl bir həyat yaşadacaq, yox, günah və əxlaqi pozğunluq etdikdə isə ilahi onu yüksək məqamdan uzaqlaşdıracaq.
Şairin İsa peyğəmbərin adını çəkməsi təsadüfi deyil. Quranda İsa (ə) pak, mərhəmətli və Allaha itaətkar bir insan kimi təqdim olunur. “Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb” [Bax: Məryəm surəsi, ayə – 31] ayəsi onun yüksək əhval-ruhiyyəli keyfiyyətlərini ifadə edir. Buna görə də şair İsa peyğəmbəri zahiri gözəl kimi yox, kamillik simvolu kimi təqdim edir. Beləliklə, bu beyt oxucuya insanın əsl təbiətinin, onun zehninin, vicdanının və əxlaqi davranışının saflığında aşkar olduğunu göstərir.
Bu beytin başqa bir incə mənası da var. “İsaya bənzərdi üzləri” ifadəsi klassik Şərq poeziyasında yalnız zahiri oxşarlıq mənasında istifadə olunmur. Burada “üz” sözü çox vaxt sima, mənəvi çöhrə, daxili aləm, nur mənalarını ifadə edir. Başqa sözlə, şair demək istəyir ki, əgər onlar həqiqətən də Adəm övladlarına layiq xarakterə malik olsaydılar, üzlərində saflıq, mərhəmət və ilahi nur görünərdi. Bu, möminlərin obrazı haqqında Quran ayəsinə uyğundur: “Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür” (Bax: Fəth surəsi, ayə – 29) ayəsi mənaca da səsləşir. Bu ayədə “üz” insanın mənəvi aləminin və daxili saflığının simvolu kimi təqdim olunur.
Xaqani Şirvani satirik poetikanın tərbiyəvi-didaktik imkanlarından istifadə edərək mənfi şəxsi mülk olan cəhaləti, fəsadları, yalanları, qanunsuz qazancları və mənəvi korluğu ifşa edir. Belə insanı fitrətindən uzaqlaşdığını göstərir. Qurani-Kərimdən gətirdiyimiz ayələr və peyğəmbər hədisləri ilə müqayisə göstərir ki, şeirdə ifadə olunan əxlaqi ideyalar İslam həqiqəti, ədalət, halal qazanc, bilik, hörmət və kamillik prinsipləridir.
Sonda belə qənaətə gəlirik ki, Xaqani Şirvaninin yaradıcılığının dini dünyagörüşü tərbiyəvi təfəkkürün ayrılmaz tərkib hissəsi olmuşdur. Onun Quran-Kərimə və islami dəyərlərə əsaslanan təlmihləri əsərlərinə həm mənəvi dərinlik, həm də estetik zənginlik qazandırmışdır. Müasir dövrdə isə bu ənənə yeni tərbiyəvi-didaktik axtarışlar fonunda fərqli biçimlərdə davam edir və dini motivlər əvvəlki əsrlərlə müqayisədə daha fərdi və simvolik şəkildə ifadə olunur.
Qırğızıstan Dövlət Baken Kıdıkeyeva adına Gənc Tamaşaçılar Teatrı özünün 36-cı teatr mövsümünü “İstedad və Tale” tamaşası ilə başa vurdu. İyirmi iki ildir teatrın repertuarından düşməyən bu səhnə əsəri bu gün də tamaşaçıların böyük marağına səbəb olur, bədii-estetik dəyərini və ictimai əhəmiyyətini qoruyub saxlayır. Bu fakt tamaşanın zamanın sınağından uğurla keçmiş sənət nümunəsi olduğunu bir daha təsdiqləyir.
2004-cü ildə Qırğızıstan Respublikasının xalq yazıçısı, dramaturq Canış Kulmambetov tərəfindən qələmə alınmış və rejissor Almaz Sarlıkbekov tərəfindən səhnələşdirilmiş bu tamaşa qırğız teatr sənətinin görkəmli nümayəndəsi, səhnənin kraliçası Baken Kıdıkeyevanın həyat və yaradıcılıq taleyinə həsr olunmuşdur.
Əsər təkcə görkəmli sənətkarın bioqrafiyasını nəql etmir, həm də onun daxili faciəsini, yaradıcılıq əzablarını, insani kədərini və cəmiyyətlə mürəkkəb münasibətlərini dərin bədii ümumiləşdirmə ilə təqdim edir. Tamaşanın dramaturji əsasını istedad və tale, yaradıcı şəxsiyyət və cəmiyyət, mənəvi ucalıq və paxıllıq arasındakı ziddiyyət təşkil edir.
Baken Kıdıkeyevanın şəxsi taleyi vasitəsilə yaradıcı insanların cəmiyyətdəki mövqeyi, onların layiqincə qiymətləndirilməsi və ya qiymətləndirilməməsi kimi mühüm məsələlər ön plana çıxarılır. Müəllif bu mövzunu bir insanın faciəsindən ümumbəşəri və fəlsəfi səviyyəyə yüksəldərək hər dövr üçün səciyyəvi olan mənəvi problemləri ustalıqla açıb göstərmişdir.
Tamaşanın rejissor həllində xatirələr, daxili monoloqlar, simvolik səhnələr və psixoloji keçidlər uğurla istifadə olunmuşdur. Səhnə hadisələri tamaşaçını keçmişlə bu günün, həyatla ölümün, həqiqətlə xatirənin qovuşduğu özünəməxsus bədii məkana aparır. Bu üsul qəhrəmanın daxili aləmini daha dərindən açmağa və tamaşanın fəlsəfi məzmununu gücləndirməyə xidmət edir.
Ən kəskin münaqişələrdən biri istedadın paxıllığa və bürokratik laqeydliyə qarşı mübarizəsidir. Baken Kıdıkeyevanın əsassız tənqid olunması, teatrdan uzaqlaşdırılması və yaradıcılıq mühitindəki intriqaların qurbanına çevrilməsi təkcə bir insanın deyil, bütöv cəmiyyətin mənəvi xəstəliyinin rəmzi kimi təqdim edilir. Beləliklə, tamaşa yalnız tarixi hadisələri xatırlatmır, həm də müasir dövrün problemləri haqqında düşünməyə sövq edir.
Tamaşanın uğurunda aktyor ansamblının rolu xüsusilə böyükdür. Qırğızıstan Respublikasının Xalq artisti Nazira Mambetovanın yaratdığı Baken Kıdıkeyeva obrazı tamaşanın əsas bədii nailiyyətlərindən biridir. İyirmi iki il ərzində bu rolu ifa edən aktrisa qəhrəmanın daxili aləmini, hiss və həyəcanlarını tamaşaçıya yüksək peşəkarlıqla çatdıra bilmişdir. Onun səhnə plastikasındakı ustalığı, nitq mədəniyyəti və psixoloji vəziyyəti ifadə etmək bacarığı obrazın canlı və inandırıcı alınmasını təmin edir. Tamaşaçı səhnədə aktrisanı deyil, sanki Baken Kıdıkeyevanın özünü görür.
Nuray Askarbek qızının canlandırdığı Darkül Küyükova obrazı da tamaşanın emosional təsirini artıran mühüm aktyor işlərindən biridir. Aktrisa insanpərvərlik, dostluq və yaradıcı insanlar arasındakı qarşılıqlı hörmət hisslərini inandırıcı şəkildə təqdim edə bilmişdir. Digər aktyorlar da ansambl prinsipini qoruyaraq tamaşanın bədii bütövlüyünü təmin etmişlər.
“İstedad və Tale” tamaşasının əsas üstünlüyü onun zamanın təsirinə məruz qalmayan aktuallığıdır. Əsərdə qaldırılan istedadın qiymətləndirilməməsi, paxıllıq, laqeydlik, ədalətsizlik və mənəvi tənhalıq kimi problemlər bu gün də cəmiyyətdə mövcuddur. Buna görə də tamaşa müasir tamaşaçı üçün də öz əhəmiyyətini itirməmişdir.
Bu əsər eyni zamanda tarixi şəxsiyyətin həyat salnaməsi, yaradıcı insanın faciəsi və dərin ictimai-fəlsəfi düşüncə nümunəsidir. Tamaşa tamaşaçını istedadın qədrini bilməyə, yaradıcı insanları vaxtında qiymətləndirməyə və tarix qarşısında ədalətli olmağa çağırır.
Baken Kıdıkeyevanın taleyi vasitəsilə əsər hər birimizin qarşısında mühüm bir sual qoyur:
“Biz istedad sahiblərini sağlığında qiymətləndirə bilirikmi, yoxsa onların böyüklüyünü yalnız itirdikdən sonra anlayırıq?”
Məhz bu sual tamaşanın ideya mərkəzini təşkil edir və onun bədii gücünü, ictimai əhəmiyyətini müəyyənləşdirir.
Müəllif və yaradıcı heyət haqqında
Canış Osmanoviç Kulmambetov (1955) — Qırğızıstan Respublikasının xalq yazıçısı, dramaturq, nasir, teatr və kino rejissoru, teatrşünas, teatr tənqidçisi, publisist və tərcüməçidir. O, qırğız ədəbiyyatı və teatr sənətinin görkəmli nümayəndələrindən biridir. “İstedad və Tale” dramının müəllifidir.
Almaz Sarlıkbekov (1950–2008) — qırğız teatr sənətinin görkəmli nümayəndəsi, pedaqoq-rejissor, Qırğızıstan Respublikasının Xalq artisti. “İstedad və Tale” tamaşasının quruluşçu rejissorudur.
Nazira Mambetova (1948) — Qırğızıstan Respublikasının Xalq artisti, Toktoqul adına Dövlət Mükafatı laureatı, qırğız teatr və kino sənətinin görkəmli nümayəndəsi. “İstedad və Tale” tamaşasında rejissor assistenti kimi çalışmış və Baken Kıdıkeyeva obrazını yaratmışdır.
Nuray Askarbek qızı (1977) — Mədəniyyətin Əməkdar işçisi, K. Jankorozova mükafatı laureatı, Baken Kıdıkeyeva mükafatı laureatı, Qazaxıstan Respublikasının Azərbaycan Mambetov adına mükafatı laureatı, Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Baken Kıdıkeyeva adına Qırğızıstan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. “İstedad və Tale” tamaşasında Darkül Küyükova obrazını canlandırmışdır.
Məqaləni hazırlayan:
Kunduzbü Mamatova — dramaturq, teatrşünas, şair. Qırğızıstan Milli Yazıçılar Birliyinin üzvü
Günay Əliyeva (Əliyeva Günay Asif qızı) 1985-ci ildə Yevlax şəhərində anadan olmuşdur. İbtidai təhsilini Bakı şəhəri, Nərimanov rayonu, Novruzov qardaşları adına 36 nömrəli orta məktəbdə almışdır. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində başa vurmuşdur. Ədəbiyyata marağı məktəb illərindən formalaşmışdır. Həmin dövrdə qələmə aldığı “Məktəb illəri” şeiri “Savalan” qəzetində dərc olunmuşdur. Sonralar “Paritet” qəzetində jurnalist kimi fəaliyyət göstərmiş, burada müəllifi olduğu hekayələr mütəmadi olaraq nəşr edilmişdir. 2011-ci ildən Norveç Krallığının paytaxtı Oslo şəhərində yaşayır. Oslo Universitetində Mədəniyyət və Əlaqələr ixtisası üzrə bakalavr, Media və Əlaqələr ixtisası üzrə magistr təhsili almışdır. Hazırda Osloda fəaliyyət göstərən Akademika Kitab Evində çalışır. Eyni zamanda, 2020-ci ildən etibarən Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına Həftəsonu Azərbaycan Dili Məktəbinin koordinatoru kimi fəaliyyət göstərərək Azərbaycan dilinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin xaricdə yaşayan soydaşlar arasında təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində çalışır. Günay Əliyeva “Nərgiz” kitabının müəllifidir. Günay Əliyeva 2020-ci ildən “Yazarlar” jurnalı ilə sıx əməkdaşlıq edir və müntəzəm olaraq həm “Yazarlar” jurnalında, həm də müvafiq olaraq “Yazarlar.Az” saytında dərc olunur. Günay Əliyeva ədəbiyyatımızın təbliği və dilimizin qorunması yönündə göstərdiyi xidmətlərə görə “Yazarlar” jurnalı tərəfindən “Çingiz Abdullayev” diplomu (2024), “Ziyadar” mükafatı (2026), “Ədəbiyyat səfiri” diplomu və mükafatı (2026) ilə təltif olunub. Günay Əliyeva “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, “Norveç” üzrə təmsilçisidir.
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, professor Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları” adlı monoqrafiyası nəşr olunub. Folklor İnstitutu Elmi Şurasının qərarı ilə Azərbaycan Dövlət Nəşriyyatında nəfis şəkildə yayımlanan, I Türkoloji Qurultayın 100 illiyinə ithaf olunan kitabın elmi redaktoru professor Tofiq Məlikli, ön sözün müəllifi professor Osman Fikri Sertkaya, rəyçiləri isə professor Sebahattin Şimşir və professor Pərvanə Bayramdır.
XX yüzil Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, dünya şöhrətli türkoloq, uzun illər İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmış Əhməd Cəfəroğlu haqqında yazılan monoqrafiyada onun folklorla bağlı araşdırmaları sistemli təhlil obyektinə çevrilmişdir. Kitabda alimin folklorşünaslıq araşdırmaları türkoloji tədqiqatları ilə əlaqəli şəkildə dəyərləndirilmişdir.
Monoqrafiyaya yazdığı ön sözdə Əhməd Cəfəroğlunu Mahmud Kaşğarlı və Fridrix Vilhelm Radloffdan sonra dünyanın üçüncü böyük türkoloqu kimi dəyərləndirən professor Osman Fikri Sertkaya onun həyatının gizli məqamlarına toxunmuş, yazılarına görə İ.V.Stalinin təkidi ilə Sovet Rusiyasına təhvil verilməsinin istəndiyini, lakin Mustafa Kamal Atatürkün müvəqqəti olaraq universitetdən uzaqlaşdırmaqla məsələni yoluna qoyduğunu qeyd etmişdir.
Monoqrafiyanın “Sayaçı sözlərinin arxaik düşüncə qatları”, Azərbaycan bayatılarının Avropada tanıdılması”, “İnanc və ovsunların funksional-semantik təhlili”, “Paremioloji vahidlərin fərqli yozumu”, “Türk mifoloji sistemi onomastik düşüncə axarında”, “Qopuzun dünya kültüründə yeri və aşıq sənəti”, “Əfsanə, lətifə və nağılların ideya-estetik özəllikləri”, “Türk epik ənənəsi və dastan poetikası”, “Folklor mətnlərinin toplanması və sistemləşdirilməsi sahəsindəki fəaliyyəti”, “Tanıtım yazıları” və başqa bölmələrində Əhməd Cəfəroğlunun zəngin folklor araşdırmaları sistemli şəkildə təhlilə çəkilmişdir.
Kitabda, eyni zamanda Əhməd Cəfəroğlunun türkologiyaya töhfələri barədə geniş bəhs olunmuş, həmçinin xatirələr işığında həyat və yaradıcılığının bilinməyən məqamlarına toxunulmuşdur.