“İrəvan” futbol komandası azarkeşlərinə növbəti qələbə sevincini yaşada bildi.
Xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Liqasında 7-ci turun oyunları keçirilir Bu gün “İrəvan” futbol komandasının Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda “Mingəçevir” futbol komandası ilə oyunu baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “İrəvan” komandası 2:0 hesabı ilə “Mingəçevir” futbol komandasını məğlub edib. Xatırladaq ki, “İrəvan” futbol komandasının baş məşqçisi Nazim Süleymanovdur.” İrəvan ” futbol komandası azarkeşlərinə növbəti qələbə sevincini yaşada bildi.
Oyunu izləyənlər sırasında “İrəvan” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov , klubun prezidenti Zahid Niyazəliyev, vitse-prezidentlər Həsən Həsənov və Canbaxış Hüseynov da olub.
Bu gün növbəti dəfə sizə təqdim edəcəyim hekayənin qəhrəmanının nə az nə çox düz 70 yaşı tamam olur. Bəli! Bu hekayənin canlı qəhrəmanı var. Hekayədəki Vüqar adlı cavan oğlanın prototipi tanınmış jurnalist, birinci Qarabağ müharibəsinin odlu-alovlu günləri haqda operativ məlumatları cəbhə bölgələrindən xalqa çatdıran, Azərbaycanı,doğma Qarabağı canından artıq sevən, uzun illər həmkarım olan Xüsusi Xidmət orqanlarının mayoru mərhum Oqtay Əliyevin qardaşı, ailəmizin yaxın dostu İrşad Əliyevin oğlu Adil İrşadoğludur! Adil müəllimi yubiley münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm! Adil müəllimin gözəl ailəsi, tərbiyəli övladları var. Şəxsiyyətinə, gözəlliyinə, həkimliyinə və insani cəhətlərinə çox hörmət bəslədiyim həyat yoldaşı Yeganə xanımla birlikdə xoşbəxt həyat arzu edirəm ona! Adil,təbrik edirəm! Qələbə ilində 70 illik qeyd etməyin özü də bir xoşbəxtlikdir! Yeni yaşın mübarək!
Üç dostun bir sevgisi
Sehirli gül butasıdı , Daş üstə də açasıdı, Sevginin ən ucasıdı, Vətən sevgisi ! Gəray Göyyurd .
Universitetin İkinci kursunu bitirirdim. Ərəb dilindən imtahan verirdim o gün. Tələbə yoldaşlarımdan ayrılıb boş bir otaqda biletlərin suallarını təkrar edirdim. Oturduğum otağa bir cavan oğlan daxil oldu.
Burda otursam sizə mane olmaram?-deyə soruşdu. -Yox. Buyurun, – dedim. O, arxada oturdu, başını aşağı salıb dəftərindən nəsə oxuyurdu. İmtahan ərəfəsində o qədər həyacanlı idim ki, onun mənə verdiyi sualı eşitmədim və çönüb ondan:
Nəsə dediniz? – soruşdum.
Dedim ki, bakılısınız?
Xeyr. Mən yenə gözlərimi kitaba zillədim.
Bəs haralısınız? Mən arxaya çönüb gülümsündüm və: -Yenə nəsə dediniz? – deyə soruşdum.
Dedim ki, bəs haralısınız?- deyə o da gülümsündü.
Anam şuşalıdır. Atam ağdamlı.
Ola bilməz!
Niyə?
Çünki mən də şuşalıyam.
Doğrudan? Beləliklə, biz tanış olduq. Mən o qədər sevinirdim ki, elə bil qohumlarımdan kiməsə rast gəlmişdim.
Mən 4 cü kursda oxuyuram, Hüquq fakültəsində. Adım Ümiddir,- deyə oğlan mənə tanışlıq verdi.
Mənim adım Gülərdir. Şərqşünas olacam əgər bu gün imtahanı verə bilsəm,- deyə mən də tanışlığı qəbul etdim. Bir qədər sonra yenicə tanış olduğum həmyerlimlə sağollaşıb imtahana getdim. Sonralar onu bir daha görmədim. O, məndən yaşca böyük və ilk baxışdan çox ciddi bir oğlan kimi qaldı yadımda. Həmin yay biz Şuşaya istirahətə getdik. Atamın dostları bizi həmişə Şuşada o qədər gözəl qarşılayırdılar ki, günlərin necə gəlib necə getdiyini hiss etmirdik. Bu dəfə ecazkar Şuşada bizi həm də qohumlar gözləyirdi. İlk getdiyimiz və orda qalacağımız yer qohumlardan birinin evi idi. Biz təzəcə yerləşmişdik ki, ev telefonuna zəng gəldi.
Evin sahıbəsi mənə baxaraq:
Gülər, qızım, səni telefona çağırırlar.
Hamı mənə baxdı. Bir qədər özümü itirib:
Siz səhv edirsiz. Mənə kim zəng edə bilər?
Deyir tələbə yoldaşıdı. Mən telefona yaxınlaşdım.
Vətənə xoş gəldiniz, Gülər xanım.
Bağışlayın…
Ümiddir.
Aaaa! Ümid. Necəsiniz? Biz indicə yerləşmişik hələ.
Bilirəm. Gördüm sizi gələndə. Sonra arxanızca gəldim. O evi tanıyıram. Ona görə zəng etdim. Bir gün bizə də dəvətlisiniz.
Çox sağolun. Mən dəstəyi yerinə asanda rəngim qıpqırmızı idi. Bilmirəm nədən. Evdəkilərin baxışları mənə zillənmişdi. Özümü bu yaranmış vəziyyətdən xilas etmək üçün dərindən nəfəs alıb: -Tələbə yoldaşımdır. Şuşalıdır, – dedim. Evdəkilərin bir saniyə sükutunu bizimlə gedən xalaqızı pozdu.
Gəlin sabah Çıdır düzünə gedək! Hamı elə bunu gözləyirmiş kimi sabahkı günün planını qurmağa başladı. Anam məni mətbəxə çəkib:
Kim idi zəng edən? – deyə soruşdu.
Mən onu cəmi bir dəfə görmüşəm, tanımıram. Dedi ki, şuşalıdır.
Qəribədir. Biabır olduq camaatın içində. Mən pərt olmuşdum, amma dəqiq bilirdim ki, heç bir günahım yoxdur. Hamı günorta yeməyinə hazırlaşırdı. Qarabağ aşının və gecədən qızların, gəlinlərin bükdüyü yarpaq dolmasının ətri aləmi götürmüşdü. Böyük şüşəbənd dolu idi qohum-əqraba ilə. Bakıdan gələcək daha bir adamı gözləyirdilər. Tezliklə həyətdə hay-küy eşidildi. Özünəməxsus səslə və sırf Qarabağ ləhcəsində danışan cavan bir oğlan həyət qapısından içəri girdi. İlk baxışdan kinoaktyor Nodar Şaşıqoğluya bənzəyən bu şən oğlan hər kəslə öz dilində danışırdı. O, diqqəti cəlb etdikcə özündən razı şəkildə pilləkənləri qalxıb bizə yaxınlaşdı. Hamı bu cavan oğlanı öpüb bağrına basırdı. Düzü özüm də anlamadığım qısqanclıq hissi yarandı məndə. Bu oğlan, mənim tanımadığım uzaq qohumum, gələcəyin jurnalısti Vüqar idi. Məclisimizin ağbirçəyi isə onun nənəsi idi. Nənə o qədər gözəl,mötəbər, təmkinli və yumorlu qadın idi ki, hamının sevimlisinə çevrilmişdi.
Nənəəə? Nətəərsən?- deyə o birinci nənəsini öpdü.
Yaxşıyam, ay bala, sən nətərsən?
Ay nənə, bu “firmenni” paltarı hardan almısan?
Nə paltarı?-deyə nənə sual verdi. Hamı gülüşdü. Beləliklə, bu yeni gələn cavan oğlan məclisi tam əlinə aldı. Sonra mən onun diqqətini cəlb etmək məqsədiylə:
Sabah Cıdır düzünə gedəcəyik. Siz də gedirsiniz?
O, sanki məni ilk dəfə görürmüş kimi düz gözümün içinə baxdı və:
Kim gedir?- deyə soruşdu.
Hamı.
Gedirəm! Cıdır düzünə getməmək olarmı? Gözüm kənardan bizə baxan nənəyə sataşdı. O altdan-altdan nəvəsinə baxıb fərəhlə gülümsəyirdi.
Get, nənə qurban, sən də get!- deyə nənə nəvəsinə göz vurdu.
Alınmır! Mənim sabah dostumla görüşüm var.Gözləyəcək məni. Atlara baxmağa gedəcəyik. Mən Şuşaya gəlib, Qarabağ atını çapmasam qayıda bilmərəm Bakıya. Atları çox sevirəm. Yəqin bu irsidir. Onda belə edərik, hamılıqla əvvəl dostumla görüşüb gedərik. İndi zəng edib deyərəm.
Kimdi, bala, o dostun? Denən gəlsin burda görüşün dayna,- deyə nənə müdaxilə etdi.
Yox, ay nənə, Ümid evinə qonaq çağırıb ey məni. Mən o qədər özümü itirdim ki,
Ümid?- deyə təəccübləndim.
Hə, Ümid mənim dostumdur. Qızıl kimi oğlandır. Hüquqşünasdır. Bu gün sabah prokurordur,- deyə qohumum yenə gülümsədi. Mən Ümidin kim olduğunu dərhal anladım, amma heç nə demədim. Ertəsi gün hamımız Cıdır düzünə getməyə hazırlaşırdıq. Səsimiz ətrafı götürmüşdü. Şuşanın füsunkar gözəlliyinə heyranlıqla onun unudulmaz küçələriylə addımladıqca içimizdə bir fərəh hissi çoşurdu sanki. Vüqar dostuyla görüşü Şuşa İncəsənət muzeyinin qarşısında təyin etmişdi. Onlar çox mehriban görüşdülər. Biz onlara kənardan baxırdıq. Birdən onlar bizə tərəf addımladılar.
Tanış ol! Qohumlarımdı hamısı. Bu qız isə şərqşünasdır. Bizim Univesitetdə oxuyur, – deyə Vüqar bizi tanış etməyə çalışdı.
Biz tanışıq, – deyə Ümid irəli addımlayıb əlini mənə uzatdı və:
Vətənə xoş gəlmisiniz, Gülər xanım! – dedi Mən sakit səslə:
Çox sağolun,- deyib geri çəkildim. Hiss etdim ki, qohumumun bu tanışlıq xoşuna gəlmədi. Düşündüm ki, gərək Ümidi tanıdığımı ona deyəydim dünən.Vüqar özünü ələ alıb dostuna bizimlə getməyi təklif etdi. Ümiddə çaşqın, lakin cox ciddi idi. O, bizimlə getmədi. Bu iki gəncin mənə münasibəti heç zaman dəyişmədi. Onlar indi də mənə hörmət və ehtiram bəsləyirlər. Şuşa, Cıdır düzü, təbiətin yarada biləcəyi ən möhtəşəm sənət əsəri! O çiçəklər, o ətir, o hava, o səslər sonralar uzun illər unudulmadı. Şuşada bitən ən gözəl çiçək Xarıbülbül yadıma düşəndə indi də kövrəlirəm. Məşhur Qırx pilləkən, Daşaltı, Topxana,Ərim gəldi qayası. Bu yerləri qarış-qarış gəzdik o yay. Dəfələrlə İsa bulağında olduq. Hətta Xan əmini canlı dinlədim mən Şuşada həmin il. Bilsəydim ki, bu Şuşayla son görüşümdür əyilib o daşlı küçələrindən öpərdim Şuşamın.Onunla vidalaşardım heç olmasa. Vüqar çox qalmadı bizimlə. Bakıya qayıtmalı idi. Ümidi Şuşada bir daha görmədim. Bu iki yaraşıqlı, ağıllı və tərbiyəli oğlanların hər ikisi çox ləyaqətli insan,etibarlı dost idi. Qarabağda dostluq müqəddəsdir. Biz həqiqətən dost ola bildik.Biz üç dost olduq. Üçümüzün də bir sevgisi var idi. Biz Şuşaya,Qarabağa vurğun idik. Şuşa məhəbbəti, Qarabağ sevgisi birləşdirirdi bizi . Lakin …biz o gözəl məkanda bir daha görüşə bilmədik. Qaraldı gözəllər-gözəli Şuşanın mavi səması. Şuşanı, tarixə alınmaz Qala kimi yazılmış Şüşanı ermənilər işğal etdi. Dağ çəkildi ürəklərimizə. Üzlərimizdə gülüşümüz, təbəssümüz dondu. Biz heç birimiz ürəkdən gülüb danışa bilmədik ondan sonra. Yaman kövrək olduq üçümüz də. Hər dəfə Qarabağdan söz düşəndə yanıb töküdük, yaramız gövr eylədi. Şuşada görüşmək ümudiylə yaşayırıq hələ də. Biz üçümüz də Şuşa və Qarabağ üçün əlimizdən gələni etdik. Ümid Qarabağ müharibəsinin ilk günündən əyninə hərbi paltar geyindi. Vüqar cəbhə bölgələrində könüllü hərbi jurnalıst kimi çalışdı. Mən isə təhlükəsizlik zabiti oldum. Hərə öz fəaliyyət cəbhəsində Qarabağ probleminin həlli naminə çalışdı.Amma … Hər üçümüz canımızdan keçməyə indi də hazırıq müqəddəs məhəbbətimiz, sevgimiz uğrunda. Çünki hər üçümüz Şuşanı və Qarabağı dəlicəsinə sevirik.
Rüya (Tarih: 2013) Kendisini karanlık suların akışına bırakmış gemi misali geceye dalmışız seninle. Arabayı sen kullanıyorsun ve ikimiz güzel, oldukça rahat yollarla karanlığın içinden geçip uzaklarda ışınlanan pamuk şekeri gibi pembe renkli yüksek tepelere doğru gidiyoruz. Sen böyle bir şeyin mümkünlüğüne inanmıyor musun? Ben ise bunu yaşadığımızı söylüyorum… Belki de akşam düşmüştür, emin değilim. Ama galiba gece olduğunu da hatırlıyor gibiyim. Ben direksiyondaki ince parmaklarına bakıyorum ve onların pianonun tuşları üzerinde buz pateni yapıyormuş gibi dans ettiklerini hayal ediyorum, senin zarif olup- olmamağınla bağlı düşüncelerim bana zevk veriyor. Bu gün oldukça iyi huylusun. Biz neden konuşuyorduk, tam olarak hatırlamıyorum. Ama sohbetimizden ikimiz de zevk alıyoruz buna eminim… … Bu, çok uzun çekti aslında. Her şeyi konuşmak ve geçen zamanın büyüklüğünü ifade etmək için hangi sözleri seçtiğim aklımda kalmamış, balık hafızalı olduğumu sen de biliyorsun, öyle değil mi? Sonra polis arabayı durduruyor ve bize doğru yaklaşıyor, yakınlarda uçak kazası olduğunu söylüyor. Yangının işartılarını seziyorum. Sen birşeylere hak kazandırıyorsun, “ uçak yandığında ağzınızı açmayın” diye bir ses duyuyorum kenardan. Bunun ne demek olduğunu anlamak bile istemiyorum. Biz ikimiz sessiz- sessiz sonsuza kadar böyle gide biliriz aslında… Yazar : Müşfik Şükürlü Türkçeye çeviren: Turan Novruzlu
Xanlarov Elgiz Zakir oğlu 30 yanvar 1992-ci ildə Laçın rayonu Budaqdərə kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecini bitirib, daha sonar Texnologiya Universitetində qiyabi təhsil alıb. Bədii ədəbiyyata kiçik yaşlarından maraq göstərib.
Torpaq yoldan dönüb məzarlığın girişinə yaxınlaşdı. Qapsağın məftil cəftəsini açaraq içəri daxil olub dayandı. İrişüşəli günəş gözlüyünü çıxarıb qulpunu barmaqlarının arasına keçirtdi. Əllərini açıb dua etməyə başladı. Duasını bitirəndə əllərini üzünə çəkib salavat gətirdi, uca səslə: – Amin, – deyib gözlərini qaldırdı, önündə sıra-sıra düzülən baş daşlarının arasından ziyarət edəcəklərini seçməyə çalışdı.
İllər öncə o da digər həmyaşıdları kimi qürbətə, qazanc dalınca getmişdi. Əli çörəyə çatdıqda sevinmiş, – özümə ev, maşın almadan dönməyəcəyəm, – deyə qərarını vermişdi. Ancaq var-dövlət həvəsi gözünü elə tutmuşdu ki, qazandıqca daha çoxunu istəmişdi. Onunla birgə gedənlər elinə-obasına dönüb evlənmiş, ailə-uşaq sahibi olmuşdular. O isə uzun illər dönməmiş, daha çox qazanmaq ümidi ilə qərib ellərdə qalmışdı. İndi kəndlərinə cibində xeyli qalın portmanatla, amma yapayalnız dönmüşdü…
Sakitcə dayanıb məzarlığı seyr edirdi. Bura səksəninci illərdə salınsa da, illər keçdikcə əməlli-başlı böyümüşdü. Baş daşları sanki kənd əhalisinin maddi durumunu, dolanışığını özündə əks etdirirdi. Ən arxadakılarda sementdən tökülmüş, ad və tarixlərin yazıldığı metal lövhələr dəmir çubuqlarla başdaşının üstünə bərkidilmişdi. Orta sıradakılar əhəng daşından yonulmuşdu. Yenilərsə mərmərdən hazırlanmış, üzərlərindəki yazılar lazerlə yazılmışdı.
Düşüncələrindən sıyrılaraq əlindəki gözlüyünü qatlayıb köynəyinin cibinə qoydu. Qohumlarının yatdığı məzarları axtarmağa başladı. Onların yerlərini ya unutmuşdu, ya da bilmirdi. Önündən keçdiyi məzarların baş daşlarındakı adları və ölüm tarixlərini oxuyaraq, sıraların arasında dolaşırdı. Burada yatanların hamısını tanıyırdı. Bəxtiyarı da, Sona xalanı da, Hüseyn kişini də…. Necə tanımayaydı? Uşaqlığı onların gözləri önündə keçmiş, əllərində böyümüşdü. İyirmi il öncə o, kənddən çıxdığında cavan oğlandı, indi mərmər daşların altında yatanlar isə onun indiki yaşında, ya da bir az böyük idilər… Məzarlığı gəzdikcə kəndlərindəki insanların nə qədər tez öldüklərinin fərqinə vardı. Son zamanlar dəfn olunanların arasında, demək olar ki, yetmiş yaşını görən yox idi… Əti ürpəndi, öz-özünə: “Məndəmi yetmişimi görmədən köçüb gedəcəyəm?” – deyə soruşdu. Tərlədiyini hiss etdi. Bilmirdi başının üstündə dayanan iyul günəşindən idi, ya da sürətlə döyünən ürəyindən… Amma yamanca tərləyirdi. Dodaqlarını yalayıb udqundu, qapsağın yanındakı bulağa tərəf boylanıb: “Çıxanda su içərəm”, – deyə özünə təsəlli verib yoluna davam etdi.
Qurumuş otların ayaqlarının altında əzilərək çıxardıqları iniltiyə bənzər xışıltını dinləyə-dinləyə məzarlıqda gəzişir, önündən keçdiyi hər başdaşı gəncliyi ilə bağlı bir xatirəsini yaddaşında oyadırdı. Sanki hər ölüb-gedən özü ilə bərabər, onun keçmişinin, gəncliyinin bir qismini də buraya gətirmiş, tünd rəngli sinə daşlarının altına gömmüşdü. Öncə dayısının məzarının yanında dayandı. Daha keçən il ölmüşdü. Onun adını, soyadını, doğum və ölüm tarixini təkrar-təkrar oxudu. Son vaxtlar qoyulan baş daşlarının hamısı şəkilsiz olduğundan dayısının ölmədən öncəki vəziyyətini gözlərinin önündə canlandırmağa çalışdı. Amma nə qədər elədisə, altmış doqquz yaşında dünyadan köçmüş dayısının görünüşünü gözlərinin önünə gətirə bilmədi. O, elə xəyalında əlli yaşındakı arıq, hündürboylu, gur bığları siqaret tüstüsündən saralmış Məmmədbağır olaraq qalmışdı… Dayısının ruhuna dua oxuyub başdaşına toxundu, dodaqaltı: “Məni bağışla, dayı, yasına gələ bilmədim”, – deyərək məzarın yanından keçib irəlilədi. Abbasın başdaşının önündə dayandı, ölüm tarixinə baxdı. Altı il öncə dünyasını dəyişmişdi… Onlar sinif yoldaşı olmuşdular. On il bir sinifdə oxumuş, məktəb illərində dostluq etmişdilər. İndi biri qara mərmərin üzərindən boylanır, digəri onun başdaşının önündə çarəsizcə dayanıb başını aşağı salmışdı… Sanki Abbasın ölümündə o günahkarmış kimi başdaşından boylanan şəkli ilə göz-gözə gəlməkdən qorxurdu. Olduğu yerdəcə sakitcə dayanıb qalmışdı. Səssizcə titrəşən dodaqlarının arasından: “Vəfasız dünya”, – deyə təkrarlayır, sinif yoldaşının ölümündən xəbərsiz qaldığına görə özünü qınayırdı. Başını qaldırıb göy qübbəsinin ortasında dayanaraq, od ələyən günəşə baxdı. Qamaşan gözlərini çəkib əlinin arxası ilə alnında tumurcuqlanıb aşağı doğru yuvarlanan tər damlalarını sildi. Qəbirlərin arasında gəzməyə davam etdi. Balaca vaxtı yaşadığı batil inancı xatırladığından dodağı qaçdı, öz-özünə gülümsünüb başını yellədi; məzarlığın yanından keçərkən kiminsə qəbrini əlləri ilə göstərməz, təsadüfən çaşıb göstərdiklərində isə günaha batmasınlar deyə işarət barmaqlarını dişləyib ayaqlarının altına qoyardılar…
“Üst arx”ın aşağı tərəfində iki sıra o tərəfdən boylanan şəkli görəndə qəlbi sızıldadı… İncə, hündür başdaşından boylanan bibisi sanki onu çağırırdı… Gəlib məzarın yanına çatanda başdaşını qucaqlayıb öpdü. Ayaqüstə durmağa gücü qalmadığından dizlərini yerə qoyub oturdu.
Bibisini çox istəmişdi, elə bibisi də onu o biri qardaşlarının uşaqlarından çox sevmiş, hamısından üstün tutmuşdu. O, uzaq ellərdə, qərib diyarlarda ikən bibisi dünyadan vaxtsız-vədəsiz köçüb getmişdi. Sanki bircə övlad payını da ondan əsirgəyən bu dünya ona yaşamağı da çox görmüşdü… Bibisi ilə bağlı xatirələri gözlərində tumurcuqlanıb yaşa dönür, yanaqlarından süzülərək sinə daşının üstünə damlayırdı. Ətrafdakı məzarlarda yatanların başdaşlarının altından boylanıb: – “Bibin son nəfəsində səni arzulayarkən haradaydın, ay vəfasız?” – deyə rixşənd dolu baxışlarla ona baxdıqlarını düşünür, hönkürə-hönkürə ağlayıb içini boşalda bilmirdi. Qırtlağını yandıran qəhərini soyutmaq üçün gəmirib qanatdığı alt dodağını sümürür, boğazından keçən hər damla qan özünə duyduğu qəzəbini bir az soyudurdu…
Nə qədər oturduğunu bilmirdi. Sinə daşının əzdiyi dizləri ağrıyır, yumruqlarını möhkəmcə sıxdığından ətinə keçən dırnaqlarının yeri göynəyirdi… Bəlkə yarım saat, bəlkə də bir sat bibisi ilə dərdləşdi, içini boşaltdı.. Başdaşından tutub ayağa qalxarkən səndirlədi, sanki keyimiş ayaqları vəfasız birini daşımaq istəmirdilər. Son dəfə bibisinin başdaşını öpüb ayrıldı, ağlamaqdan qan çanağına dönmüş gözləri ilə axtarıb nənəsinin məzarını tapdı… Yaxınlaşıb qolunu başdaşının çiyninə saldı, əyilib ağ kəlağayı ilə çevrələnmiş üzündən öpdü. Dikəlib ölüm tarixinə baxdı, canlanan uşaqlıq xatirələrini daha aydın görə bilmək üçün əlinin arxası ilə gözlərinin nəmini sildi… Nənəsi onu digər nəvələrindən çox sevsə də, bunu onlara hiss etdirməməyə çalışardı. Hər gördüyündə gur ipək saçlarını oxşayar, üzündən öpüb cibindən çıxartdığı meyvə qurusunu, bəzənsə bir konfeti, ya da bir parça qəndi ovcuna qoyub qulağına: “Kimsə görmədən ye, yoxsa əlindən alarlar”, – deyərdi… Amma o, nənəsinin ölüm xəbəri gələndə nəinki üzülməmişdi, hətta anasına başsağlığı verməklə kifayətlənmiş, dayılarına zəng vurmağa belə ehtiyac görməmişdi… İndi başdaşının önündə boynubükük dayanıb əfv diləməyin nə mənası vardı ki? Nə nənəsi onu eşidəcək, nə də əfv edə biləcəkdi… Oradan ayrılıb babasının, sonra da sıra ilə digər yaxınlarının məzarlarına yaxınlaşıb dua oxudu, dəfnlərinə gəlmədiyi üçün üzrxahlıq etdi…
Günəş qüruba gedərkən ziyarətini bitirib məzarlığın çıxışına yaxınlaşdı. Qapsağın yanındakı bulaqda əl-üzünü yudu, ovcunu şırhaşır axan suyun altına tutub doyunca içdi. Cib dəsmalını çıxardaraq qurulandı. Yaxınlıqdakı vedrəni götürdü, çəpər boyunca əkilmiş beş-altı şam tingini suladı. Son dəfə üzünü məzarlığa çevirərək əllərini açıb dua etdi. Köynəyinin cibindən götürdüyü gözlüyünü taxaraq məzarlıqdan çıxdı. Qapsağın məftil cəftəsini bağlayarkən öz-özünə düşünürdü: vəfasız kim idi? Omu, yoxsa dünyamı? “Yox, dünya elə köhnə dünyadı”… Ölümlü, itimli, fani dünya…. Nə ağaya fərq qoymaz, nə də nökərə. Bir zamanlar yer üzündə at oynadanlar indi yerin altındadır. Vaxtları yetişdiyində onlar da yerin üstündən altına köçəcəkdilər. Bəs insanlar? Onlara nə gəlmişdi? Bu qısacıq yaşamlarında sevmək, sevilmək, bir-birinə yardım edib əhvalını xəbər almaq yerinə, hərə öz qınına çəkilib balaca pəncərəsindən dünyanı seyr edir, adını da qoyurlar müasir yaşam tərzi, fərdi həyat, daha nə bilim nə. Dönüb kəndlərinə tərəf boylandı. Yaşıl ağacların arasından görünən rəngli damları seyr edə-edə otuz-qırx il öncəki yaşamlarını xatırladı: – Nə sosial media var idi, nə mobil telefonlar. İnsanlar da indikindən kasıb yaşayırdılar. Amma nə qədər çətin vaxtlar olsa da, üzlərindən təbəssüm, dodaqlarından gülüş əskik olmazdı. Gündüzlər qonşu uşaqlarla oynamağa gedər, kimin evi yaxındırsa, orada yeməklərini yeyərdilər. Uzun qış gecələri ailəlikcə hər gün bir qohuma-qonşuya qonaq olar, böyüklər dünya işlərindən danışarkən, balacalar müxtəlif oyunlar oynayıb əylənərdilər… Getdikcə müasirləşirik, ancaq müasirləşdiyimiz qədər də laqeydləşirik, üzümüzdən təbəssüm silinir, dodaqlarımızdan gülüş çəkilir, qəlblərimiz daşlaşır…
Əsl vəfasız mənəm, mənim kimi insanlardı. Gen gündə başımız dünya işlərindən ayılmır, yaxınlarımızı, tanışlarımızı sağlığında itirib axtarmırıq, sonra da hər şeyi atırıq dünyanın boynuna, – deyə torpaq yolda gəldiyi istiqamətdə irəliləyərkən öz-özünə deyinirdi.
Səni gizləmədi dumanın, çənin, Yaladı hüsnünü xain gözləri. Birazdan gələcək bənövşə dəmin, Çiçəklər gəzəcək o gül əlləri.
Şurlu bulaqların gözü qalırmı? Qızıl yataqların dururmu orda? Dağlar unudurmu sinə dağını? Çoxdan vurulmuşam, o dadlı yurda.
Obaşdan Xavərim at çapıb orda, Min bir xatirə var dağda, nohurda. Çağır qonaq kimi qalım, Zəngilan, Toy elə, toyuna gəlim Zəngilan!
TƏBRİZİMƏ …Nə oğullar bada verib həsrətin Bu sevginin üzü dönməz, Təbrizim! Bəlkə mənim olmayıbdı hünərim, Mən olmuşam dili dinməz, Təbrizim…
Bir illətdi, çəkə-çəkə qalmışıq, Qollarının Araz boyda bağı var! Göz yaşların səpə-səpə qalmışıq, Ürəyinin Vətən kimi dağı var!
Bu vətənin yaraları qan verir, Saya gəlmir dərdlərinin sırası. Tikələnib, parçalanıb, can verir, Ölmür ruhu, ayaqdaymış anası.
Yollar getdim İrəvandan Təbrizə, Karvanların sarvanları necoldu? Ya mən gəlim, ya sən oyan, gəl bizə, Kim ləngidi, kim qayıtdı, gec oldu…
Dumanların çöküb yenə üstünə, Oğulların bu dumanda azmasın. İkili baxışlar durdu qəsdinə, Tarix yenə öz yolunu azmasın…
O yan-bu yan varıq, bizik, olmuşuq! Bu həsrətin açılıbdı qolları… Sənələrdi xəyallara dalmışıq, Gözümüzə yığacağıq yolları.
XOŞ GÖRDÜK, QARABAĞ! Xoş gördük Qarabağ, qaldır gözünü, Şirinlik günüdür noğulun gəlib. Hazırla cıdıra “Çıdır düzü”nü, Gözün aydın olsun, oğulun gəlib.
At, bu başındakı, qatı dumanı, Qışına yaz gəlib Şuşam, ay Şuşam. Tanrının lütfüdü, sevgi zamanı, Açsana qoynunu, çox darıxmışam.
Tarix unutdumu acı dərsləri, Baş vuran başından olub bu yurdda, Qaytardım tarixi həqiqətləri, Sirrim gizlənibmiş demə “Boz Qurd”da.
Buz bulaq, üzünü tutma o yana, Natəvan şeridi, sevincdən axır. Əsgərim, bir dayan, getmə uzağa, Ürəyi yaralı Vaqifdi, baxır…
Allah, bu zəngulə Xanın səsidir, Demə oxuyurmuş bir əsgər bala. “Cəngi” bu torpağın salnaməsidir, “Cəngi” çal cəngiylə yetim vüsala.
YAZARLAR.AZ Zəfər bayramına hazırlıqla bağlı bu mövzuda Mina RƏŞİDin uşaqlar üçün silsilə şeirlərini təqdim edir. Şeirlər məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Sinifdənxaric oxu və Zəfər günü münasibətilə təşkil olunacaq tədbirlərin təşkili zamanı istifadəsi tövsiyə olunan ən gözəl nümunələrdir. Müəllifin bu silsilədən şeirlərinin yayımlanması davam edəcək.