Bu gün gözəl insan, əsl ziyalı, həkim, şair “İGİD ƏSGƏR MÖHKƏM DAYAN”, “CƏNAB LEYTENANT” və dəgir vətənpərvərlik ruhunda olub, könüllərdə taxt qurmuş onlarla məşhur bəstənin müəllifi Şahin Musaoğlunun doğum günüdür! Ad günü münasibəti ilə Şahin müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Şahin müəllim!!!
Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Svit take, yak son” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.
Yazarlar.az xəbər verir ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi – tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru –Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.
Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.
Bu gün 44 günlük müharibənin qəhrəmanlarından biri olan, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Ağdam rayonunun Yusifcanlı kəndinin ziyalı ailələrindən Səfərovların nümayəndəsi Baş Leytenant Səfərov Hikmət ad günündə Bakı şəhəri – II Fəxri Xiyabanda yerləşən məzarı başında anılmışdır. Şəhidin adına dualar oxunmuş, Xətai rayon İcra hakimiyyəti, Ağdam rayon İcra Hakimiyyəti, Yusifcanlı kənd Ərazi nümayəndəliyi, doğmaları, yaxınları tərəfindən əklillər və gül-çiçək dəstələri qoyulmuşdur.
QISA ARAYIŞ
Şəhid Baş leytenant Səfərov Hikmət İldırım oğluhaqqında
11 iyul 1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuş ehtiyatda olan Baş leytenant Səfərov Hikmət İldırım oğlu könüllü qeydiyyatdan keçərək elan olunmuş səfərbərliklə orduya çağrılmış və ilk gündən döyüşlərə qatılmışdır. Suqovuşan uğrunda gedən döyüşlərdə 10 oktyabr 2020-ci ildə ağır yaralanmış uzun müddət komada qaldıqdan sonra 8 dekabr 2020 – ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 9 dekabr 2020- ci ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, medalları ilə təltif olunub. Ailəli idi. İki oğlu yadigar qalıb. Allah Rəhmət eləsin. Ruhu şad olsun. Amin.
GÖZLƏYİR Bu baharın çiçəkləri daha tər Dağda,düzdə yığanını gözləyir. Daş altından bənövşələr boylanar, Yeni gələn növrağını gözləyir. * * * Məclis üstə ürək isti, söz narın, Kim dərəcək söz meyvəsin,söz narın? Yolda qalan baxışları qızların, Öz ağatlı oğlanını gözləyir. * * * Qaranquşlar dəstə-dəstə qayıdar, Yaz eşqinə olsa xəstə,qayıdar. Vüsalına boyu bəstə qayıdar, Uçan ruhu oylağını gözləyir. * * * Köç yoludu dünya başdan binadan, Qayaları libas geyər xınadan. Əl uzadan sənə,böyük yaradan, Quzu kimi yaylağını gözləyir. * * * Sellər,sular bərəkətin təhnəsi, Çaylar olar,dəniz olar binəsi. Kainatın,Mahirənin nənəsi, Nihad ilə bal-qaymağın gözləyir.
ƏLLƏRİN Özümü biləndən qədrini bildim, Ruhumu gətirdi cana əllərin. Tək sığal çəkməyib hər birimizə, Doldurubdu ətə, qana əllərin. * * * Bir kərə demədin bu hansı sirdi, Nə ata mindirdi, atdan düşürdü? Çörək bişirmədi, qismət bişirdi, On bir övladına sona əllərin. * * * Qıymadın tək yükü Ağam daşıya, Dayandın fələknən qarşı-qarşıya. Qorxmadın istidə bişə, qarsıya, Ayazda, şaxtada dona əllərin. * * * Könlüm bir yavru quş, yuvası çatmır, Qalxa ha dağlara, havası çatmır. Ömrümün dərmanı, davası çatmır, Davadır, dərmandır, ana, əllərin. * * * Kimiydi taleyin ovçusu oldu? Mahirə hikmətin yolçusu oldu, Sənin dərdlərinin suçlusu oldu, Ay ana, sallama yana əllərin.
QALIM Bu dünya deyilən nə idi bildim, İstəməm büksən də qumaşa, qalım. Baş alıb göylərə çoxdan gedərdim, Dedim bitənəcən tamaşa, qalım. * * * Zülmətdir, görməyə çıraq tapmadım, Nə gəzdim-axtardım, soraq tapmadım, O boyda kitabda varaq tapmadım, Oxuyam, düşməyəm savaşa,qalım. * * * Deyirəm mən ölü, sən isə diri, Həyat oyunbazdır, dünya kəndiri. Neyniyim tapmadım sən deyən yeri, Adına, adıma yaraşa, qalım. * * * Payı paylayan var, quru ürək ver, Uzaqdan-uzağa arzu, dilək ver. Nə mən əl uzadım, nə sən bilək ver, Qalım, qismətimlə baş-başa qalım. * * * Haqq fərman verirsə qarşı kim çıxar, O özü dikəldər, o özü yıxar. Ay əcəl, yoxluğum anamı sıxar, Dərd olar baciya, qardaşa, qalım. * * * Yenə Mahirəni dara çəkirsən. Hardan gətiribsən, hara çəkirsən ? Bilirəm qəlbində qala tikirsən, Atılmış bir daşam, hör daşa, qalım.
YARPAQ-YARPAQ Yay da bitir, indi payız. Bilinəcək yarpaq-yarpaq. Xəyallarımız xəzana Bürünəcək yarpaq-yarpaq. * * * Kim söyləyər yaş o yaşdı, Bu yaş o yaşdan da başdı. Demə, gözlədiyim qışdı. Görünəcək yarpaq-yarpaq. * * * Çovğun ötüb qar gələcək, Sınağa nə var, gələcək. Sevirsə də yar gələcək, Sürünəcək yarpaq-yarpaq. * * * Hansı qar var, ərimədi, O nə dərddi kirimədi. Nə diləkdi yerimədi, Yeriyəcək yarpaq-yarpaq. * * * İstədiyin qəlbdi, candı? Can deyilən əl-amandı. Zaman özü kim ki yandı, Kürüyəcək yarpaq-yarpaq. * * * Olan olacaq, gözdəmə, Odda olanı közdəmə. Mahirə, dərdə döz demə, Kiriyəcək yarpaq- yarpaq.
LEYSAN YAĞIŞI Dünya toz-torpaqnan dolu, Çarəm, yağ, leysan yağışı. Sinəmi yolların boyu, Sərəm, yağ, leysan yağışı. * * * Yer fanidi, göy əbədi, Göy ömrü yerin mabədi. Yetirə bizlərə ümidi, Kərəm, yağ, leysan yağışı. * * * Göylərə əl qaldıran biz, Haqqa inamdı çarəmiz. Gəl elə yeri tərtəmiz, Görəm, yağ, leysan yağışı. * * * Yağ vüsala yetirməyə, Eşq ağacın bitirməyə, Nə yağıb yer götürməyə, Yerəm, yağ, leysan yağışı. * * * Bacarmadım göyə çıxam, Buludun gözünmü, sıxam, Səninlə dənizə axam, Kürəm, yağ, leysan yağışı. * * * Tanrı tək- işıq yoludu, Mahirə onun quludu. Sinənmi söznən doludu, Dillən, yağ , leysan yağışı!
NƏ DAYANIRSAN? Hələ qabaqlarda ömür yolları, Yeri, ayaqlarım, nə dayanırsan? Başa vurmadıq ki, sənlə ilqarı, Yeri, ayaqlarım, nə dayanırsan? * * * Ümid- qapısıdır əhdin, niyyətin, İnam bələdçisə, o nədir çətin? Hər yeni qələbə dizə taqətin, Yeri, ayaqlarım , nə dayanırsan? * * * Qəlb dedi, sən çəkdin, yuvamı qurdum, Arzu yollarında ayaqda durdum. Ağrıdım söyləmə, demə yoruldum, Yeri, ayaqlarım, nə dayanırsan? * * * Eşq ilə təpərin bir də tapılar, Axtarsan dərmanı dərdə, tapılar. Göydə axtardığım yerdə tapılar, Yeri, ayaqlarım, nə dayanırsan? * * * İnandım qəlbimə, gücünə sənin, Tanrı yazısına ömürdü zəmin. Qoyduğu hədəf var Həsən Mirzənin, Yeri, ayaqlarım, nə dayanırsan? * * * Mahirə olmayıb haqqı itirən, Ana baxışı var, bizi ötürən. Ürək istəyəndi, ayaq yetirən, Yeri, ayaqlarım, nə dayanırsan?
DÜNYA Gözümü açandan özümü gördüm, Gördüyüm özüməm, ya baxtdı, dünya. Anam deyəndimi, atam söyləyən, Cavab axtarıram nə vaxtdı, dünya. * * * Yeridim, hər addım bir mənzilbaşı, Açdığım hər varaq bir divar daşı. Haraya çatdımsa ömrün yaddaşı, Dedi gecikibsən, bivaxtdı, dünya. * * * Yaşam hikmətinin nəyidi dərin, Ən böyük biclikdi düzlük- deməyin. Tanrı göndərdiyi peyğəmbərlərin, Hansı demədi ki, nə haqdı, dünya? * * * İnsanı ağladan, güldürəndimi, Güldürən ağladıb dərd verəndimi? Zalım öləndimi, öldürəndimi, Düz deyən mərddimi, namərddi, dünya? * * * Axtardım özümü mən addım-addım, Od əgər haqdısa odda yanırdım. Nələri tapmışam, nə axtarırdım, Bu ya təsəllidi, ya dərddi, dünya. * * * Dizə çökdürənin amanı yoxdu, Aman istəyənin gümanı yoxdu. Mizan-tərəzinin zamanı yoxdu, Mənmi belə gördüm, ya mərddi dünya? * * * Harada zilindi, harada bəmin, Tutmadım, yolların qəribə sənin. Mahirə – övladı Həsən Mirzənin, O mənə dünyanı öyrətdi, dünya!
HACI VAHİD ÇƏMƏNLİNİN “MƏN EŞQ ATƏŞİYƏM” ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB – bu münasibətlə şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Uğurlarınız bol olsun, Vahid müəllim!
QISA ARAYIŞ
Hacı Vahid Çəmənli – Vahid Valeh oğlu Qasımov 27 iyun 1965 – ci ildə Azərbaycan Respublikası, Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. AYB – nin üzvüdür. “Dəli Çəmənli”, “Nə ömürdü yaşadım”, “Hər şey yaxşıya doğru”, “Bu yay da belə keçdi” … kitablarının müəllifidir. “Mən eşq atəşiyəm” adlı haqqında söhbət açdığımız bu kitab şairin özündən əvvəlki kitablarından hər cəhətdən fərqlənir.
Bu gün gözəl insan, dəyərli dostumuz, incə ruhlu, şair qəlbli Tahira İlyas Qızı nın doğum günüdür! Ad günü münasibətilə təbrik edir, uzun ömür, can sağlığı və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik!
“Vikipediyanın Azərbaycan seqmentində NMW03 qurama adıl ilə fəaliyyət göstərən “azərbaycanlı” idarəçi indi də Azərbaycanın, bütün türk dünyasının fəxri olan Milli Qəhrəman Mübariz İbrahimov haqqında olan, artıq 5-6 ildən artıq vikipediyada mövcud olmuş “Oriyentir Ulduzu”(kitab) məqaləsini silib. Məsələ ondadır ki, bununla kifayətlənməyən “manitor cəngavərlərimiz” (NMW03 nikli bu yeni idarəçi bir neçə də özü kimi yeni istifadəçilərdən ibarət qrup yaradaraq bu işlə məşguldur, yəni onların Azərbaycana faydası ola biləcək tək bir məqalələri belə yoxdur) “oriyentir ulduzu” sözünü Google axtarş sistemi üçün də bloklayıblar. Düzü bu məsələ məni hər şeydən öncə vətənpərvər bir ziyalı, sonra isə NMW03 ləqbli gəncin gələcək aqibətinə görə ciddi narhat edir. Yaxın keçmişdə Xudayar barədə artıq-əksik danışmış gəncin aqibəti hamıya yaxşı məlumdur. Hər şeyi bir kənara qoysaq da, bir məsələ adamı ciddi düşündürür: bu işi bu uşaqlar qanmazlıqdan edirlər, yoxsa bunların bir hamisi, yol göstərəni var??? Çox maraqlıdır… Heyif Mübariz kimi minlərlə oğullardan ki, ömürlərinin çiçəkləndiyi vaxtda şirin canlarından keçdikləri Vətən torpağında bu cür tərbiyə almış “vətən övladları” yaşayır… ÇOX HEYİF….
Çağdaş qələm adamları içərisində yaradıcılığı özünəməxsus çalarları ilə seçilən yazarlarımızdan biri də Mahirə Nağıqızıdır. Onun xalq yaradıcılığına, folklora bağlılığı, vətənpərvərliyi, milli təəssübkeşliyi oxucuları və qələmdaşları tərəfindən ən çox sevilən, rəğbətlə qarşılanan xüsusiyyətlərindəndir.
QISA ARAYIŞ
Mahirə Nağıqızı (Hüseynova) 1960-cı il 4 noyabrda Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində anadan olub.
Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçən Mahirə Nağıqızı 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbini bitirmiş, 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. 1984-cü ildə İnstitutu fərqlənmə diplomu ilə başa vurmuş, elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. İşlədiyi müddətdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafefedrasının müəllimidir.
Mahirə Nağıqızı 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin may ayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə, həmin ilin dekabr ayında isə Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış Mahirə Nağıqızı 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Tanınmış alim-şairə, pofessor Mahirə Nağıqızı (Hüseynova) hazırda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mahirə Nağıqızı pedaqoji fəaliyyətlə yanaşı elmi, ədəbi yaradıcılığı ilə də müntəzəm olaraq elmi və dövri mətbuatda çıxış edir. Mahirə Nağıqızının bir neçə şeirini sizlərə təqdim edirik:
Professor Mahirə Hüseynova ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub
Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.
QISA ARAYIŞ
Professor Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinifinə daxil olmuş, orta təhsilini Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbində davam etdirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə xüsusi fəallığı ilə seçilmiş və 1984-cü ildə fərqlənmə diplomu ilə məzun olmuşdur. Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim işləmiş, fəaliyyəti dövründə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür. 2003-cü ildə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2012-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək “filologiya üzrə fəlsəfə doktoru” elmi adını almışdır. 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olmuşdur. Mahirə Hüseynova 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilmişdir. 2018-ci ildən ADPU-nun “Filologiya” fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, “Qızıl qələm” və “İlin alimi” Media Mükafatı laureatıdır. Mahirə Hüseynova 30-dan çox elmi, 15 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir. 100-dən çox şeirinə musiqi bəstələnmişdir. 2020-ci ildə Türkiyədə keçirilmiş musiqi festivalında M.Hüseynovanın müəllifi olduğu “Vətəndir” şeirinə məşhur türk bəstəkar Ərdoğan Tozoğlu musiqi bəstələmişdir.
Mahirə Nağıqızı “Filoloq” qəzetini incələrkən
Bu yeni təyinat münasibəti ilə Mahirə xanımı təbrik edir, yaradıcılıqda, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzu edirik! Uğurlarınız bol olsun, mahirə xanım!!!
“Keçmiş zabit olmur. Ehtiyatda olan zabit var, istefada olan zabit var. Zabit dediyin savaş adamı… onlar döyüşə bir bütöv tam olaraq girərlər. Həm ruhları ilə həm xatirələri ilə həm də arzuları ilə təkcə “Vətən naminə”, təki “Vətən sağ olsun” deyə savaşarlar…” Şahin Musaoğlu
Şahin Musaoğludan yuxarıdakı sitatı əbəs yerə gətirmədim. Azərbaycan Ordusunun qurulmasında, möhkəmlənməsində Şahin Musaoğlunun əməyi, zəhməti, xidmətləri danılmazdır. O, çox nadir şəxslərdəndir ki, ordumuzun bütün mənsublarının, qazilərimizin, orduda xidmət keçənlərin doğmalarının bir sözlə cümlə vətənpərvər vətəndaşlarımızın qəlbində öz adı ilə, öz sözü ilə, öz bəstəsi ilə eyni dərəcədə rəğbətlə yüksələn uca taxt qurmuşdur. Ən çətin məqamlarda onun “İGİD ƏSGƏR MÖHKƏM DAYAN” nidası əsgərlərimizə necə dayaq olubsa, “HAY VER MƏNƏ CƏNAB LEYTENANT”ı da zabitlərimizə təpər, onların yolunu gözləyənlərə bir təsəlli olub.
Əsgərə dayaqdır, zabitə ilham,
Onun sayəsində belə gümraham!!!
Ali Hərbi Məktəbdə gələcəyin zabitləri ilə keçirilmiş bu tədbir olduqca təqdirəlayiq və vacib hadisədir. Görüşdə məktəbin komanda və müdavim heyəti ilə yanaşı ölkəmizin tanınmış incəsənət xadimləri də iştirak edib. İştirakçılar Şahin Musaoğlunun özünün və sənətçilərin ifasında əsərlərini dinləyib, maraqlı xatirələrlə tanış olublar. Sonda Şahin Musaoğluna fəxri fərman təqdim olunub və xatirə şəkilləri çəkilib.
Şahin Musaoğlu — (Şahin Əbilov) Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri,İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü,MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laueratıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü.
Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Ş.Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayır. İlk təyinatı isə Biləsuvar rayonuna olur. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönür. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Ş.Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirir.
Ş.Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır.1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur “Əsgər marşı”ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı-“İgid Əsgər, Möhkəm Dayan! “ ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş “Qərib Karvan” , Milli Ordunun ilk batalyonu haqda yazılan “Birinci Batalyon” , “Cənab Leytenant” və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş.Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirir. Sözləri böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus “Bay yurdum” , həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı “Bismillah”, yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeri əsasında bəstələdiyi “Yalquzaq” poeziyamıza Bozqurd harayı gətirmiş Rüstəm Behrudinin məşhur “Salam Dar ağacı” şeirinin sözlərinə bəstələdiyi eyni adlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verir.
KİTABLARI:
1.”İgid Əsgər Möhkəm Dayan” ,
2. “Yaşamaq gözəldir,Yaşatmaq sonsuz” ,
3. “Ağ Ümid” ,
4. “Cəng əsgəri – ييجيت سولدير الوقوف ثابتة”.
və onlarla bədii ,elmi məqalələrin müəllifi olan Ş.Musaoğlunun yaradıcılıq işi nəticəsində üç audio kasset- “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır” və “Bozqurd harayı” (sonuncu Almaniyada istehsal olunub) həmçinin “Öncə Vətəndir”, “İgid əsgər möhkəm dayan”,”Cənab Leytenant”, “Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləri dinləyicilərinin ixtiyarına verilib.
Indiyədək bəstələdiyi 30-dan çox mahnının əksər sözlərinin də müəllifi olan Ş. Musaoğlunun şeirləri müxtəlif şeir toplularında və mətbuat orqanlarında, o cümlədən xarici ölkələrin (İran,Türkiyə,Küveyt,Rusiya) populyar dərgi,qəzet və internet saytlarında işıq üzü görüb.
Hal hazırda Medservis özəl tibb mərkəzinin poliklinika müdiri və MedEra Hospital klinikasının dioqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailəlidir, iki oğlu var.
Şahin Musaoğlunun əsərləri və bəstələri
“İgid Əsgər Möhkəm Dayan”
“Çağırır Vətən”
“Vətən Əmanəti”
“Öncə Vətəndir”
“İstiqlal marşı”
“And İçirik”
“Cənab Leytenant”
“Ağ Ümid”
“Birinci Batalyon”
“Səma Şahinləri”
“Səfərbərlik Marşı”
“Yurd həsrəti”
“Azadlıq yanğısı”
“Qəlbin Payızı”
“Bismillah”
“Yalquzaq”
“Torpaq”
“Salam,dar ağacı”
“Yollar Yordumu Səni”
“Bay Yurdum”
“Türkün bayrağına”
“Veteran marşı”
“Çağırışçı marşı”
“Elegiya”
“Tanrımı apardı,özünmü getdin?”
“Daha Ayrılmarıq”
“Rəqqas insan”
Şahin Musaoğlunun esseləri
On altı ilin savaş hekayəsi
Bir əsrlik yaşam marşı və ya 100-cü doğum gününə iki ay qalmış susan ürəyin hekayəsi.
Adları əbədi yaşayacaqdır” və ya “Yalnız Tanrı bilir