Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Sazın səsi, sözün nəfəsi: Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Mart ayının 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib. “Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində baş tutan gecə Mədəniyyət Nazirliyi, AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı, eləcə də “Qazax” Xeyriyyə İctimai Birliyinin maddi-mənəvi dəstəyi ilə ərsəyə gəlib. Tədbirdə ziyalılar, şairin ailə üzvləri, doğmaları, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, media nümayəndələri iştirak edirdilər.
Tədbirin girişində şairin həyat yolunu əks etdirən nadir video görüntülər nümayiş olunub, onun öz səsi ilə ifa etdiyi ölməz şeirləri dinlənildi.
Daha sonra Səməd Vurğunun 90 illik yubileyində Ulu Öndər Heydər Əliyevin yubiley nitqindən video kadrlar nümayiş olundu.
Gecəni giriş sözü ilə açan layihə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Səməd Vurğun yaradıcılığının aşıq sənəti ilə ayrılmaz bağlarından danışıb. O, dahi şairin istedadlı aşıqların tanıdılmasında və bu qədim sənətin inkişafındakı əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.
Tədbirin aparıcılığını üzərinə götürən yazıçı-publisist Ramiz Göyüşov şairin yaradıcılıq fəlsəfəsi haqqında ətraflı məlumat verib. O, Vurğun ocağının davamçıları – Yusif və Vaqif Səmədoğluların, eləcə də Aybəniz Vəkilovanın Azərbaycan ədəbiyyatı və incəsənətinə bəxş etdikləri töhfələrdən söz açıb, şairlə bağlı maraqlı xatirələri və tarixi faktları bölüşüb.
Daha sonra çıxış üçün söz ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevə verilib. Professor şairin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndinin onun yaradıcılığındakı ilham mənbəyi olduğunu konkret nümunələrlə əsaslandırıb. Yusif Alıyev qeyd edib ki, Səməd Vurğun poeziyasının ana xəttini türkçülük, islam dəyərləri, tarixilik və millilik təşkil edir.
Şairin yaradıcılığını Corc Bayronla müqayisə edən natiq, Vurğun irsinin xalqla daha dərin tellərlə bağlı olduğunu bildirib. O, həmçinin dahi şairin akademik fəaliyyətinə diqqət çəkərək deyib: “Səməd Vurğun təkcə böyük şair deyil, həm də fundamental elmi irs qoyan bir akademik idi. Mir Cəlal Paşayevin dediyi kimi, o, əlinə qələm alanda kağız korlamayan yeganə sənətkar idi.”
Yubiley gecəsi rəngarəng musiqi proqramı ilə davam etdi. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, xanəndələr Sahib İbrahimov və Kamilə Nəbiyeva şairin sözlərinə bəstələnmiş mahnıları məharətlə ifa ediblər. Əməkdar artist Zakir Əliyev isə Rəsul Həmzətovun dosta vəfa rəmzi olan “Əziz dostum” şeirini səsləndirib. Aşıqlar Avdı Musayev, Ramin Qarayev, Samir Cəlaloğlu və Şahin Süleymanov isə saz havaları üstündə şairin qoşmalarını ifa edərək salona xüsusi ruh bəxş etdilər.
“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin Səməd Vurğun irsinə verdiyi yüksək qiyməti xatırladıb. O, şairin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair müvafiq Sərəncam imzaladığı üçün Prezident İlham Əliyevə bütün ziyalılar və Qazax mahalı adına minnətdarlığını bildirib.
İlham Pirməmmədov 1996-cı ildə Səməd Vurğunun 90 illik yubileyinin keçirilməsi haqqında Ulu Öndər Heydər Əliyevin sərəncam imzalandığını və təntənəli şəkildə qeyd olunmasını vurğuladı: “Bir il ərzində Azərbaycanın hər bölgəsində Səməd Vurğunun 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Nəhayət, 1997-ci ilin mart ayında Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Ulu Öndər Heydər Əliyevin iştirakı ilə dövlət səviyyəli yubiley tədbiri keçirildi. Ulu Öndər Heydər Əliyev həmin tədbirdə çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatında müstəsna yer tutduğunu xüsusi vurğuladı və dedi: “Səməd Vurğun Azərbaycan xalqının böyük şairidir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir və xalqımızın milli-mənəvi sərvətidir.”
Ulu Öndər çıxışında həmçinin qeyd etmişdir ki, Səməd Vurğunun yaradıcılığı xalqımızın milli ruhunu, vətən sevgisini və mənəvi dəyərlərini əks etdirir, onun əsərləri zaman keçdikcə daha da qiymət qazanır və yaşayır.
Mən hesab edirəm ki, Səməd Vurğunun 120 illik yubileyi də bir il müddətində Azərbaycanın hər bölgəsində keçiriləcək və nəhayət, yenə də Heydər Əliyev Sarayında təntənəli yubiley mərasimi təşkil olunacaqdır.
O, keçirilən tədbirin Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ilk tədbir olduğunu vurğulayaraq, keçiriləcək digər tədbirlərdə “Qazax” Xeyriyyə İctimai Birliyinin yaxından iştirak edəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. İlham Pirməmmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun salamlarını tədbir iştirakçılarına çatdırdı və may ayında Səməd Vurğunun 120 illik yubileyinin Qazax rayonunda yüksək səviyyədə keçiriləcəyini qeyd etdi. Tədbirin aparıcısı Ramiz Göyüşova minnətdarlığını bildirdi: “Ramiz müəllim, yubiley tədbirini yüksək səviyyədə apardığınız üçün sizə təşəkkür edirik. Səməd Vurğuna həsr etdiyiniz kitabın nəşr olunması münasibətilə sizi təbrik edirik. Yaxın günlərdə həmin kitabın təqdimatı Səməd Vurğunun Ev Muzeyi və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Səməd Vurğunun Ev Muzeyində keçiriləcəkdir”.
İlham Pirməmmədov qeyd etdi ki, 2000-ci ildən etibarən “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən hər il 21 mart tarixində Səməd Vurğunun və Fəxri Xiyabanda dəfn olunmuş Xalq yazıçıları Mehdi Hüseyn, İsmayıl Şıxlı, İsa Muğanna və Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq artistləri Leyla Vəkilova və Əminə Dilbazinin, dövlət xadimi Möhsün Poladovun məzarları ziyarət olunur.
Bu il də 21 mart saat 11:00-da Fəxri Xiyabanda Səməd Vurğunun və orada dəfn olunmuş qazaxlıların məzarları ziyarət olunacaqdır. O, bütün Vurğunsevərləri keçiriləcək həmin tədbirə dəvət etdi.
Daha sonra Ramiz Göyüşov tədbirin yüksək səviyyədə təşkil olunmasında gərgin əməyinə görə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Sultanxanım Nəsibovaya təşəkkürünü bildirdi.
Xanəndə və aşıqların birgə ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri xorla ifa olundu.

Yubiley gecəsi Ulu Öndər Heydər Əliyevin “Azərbaycan” şeirini səsləndirdiyi kadrların nümayişi ilə başa çatdı.

“Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat xidməti

Məlumatı hazırladı: Səbinə Yusif

KİTAB HAQQINDA YAZILAR

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hayrettin Yazıcı yazır

İLBER ORTAYLI HOCA

Kıymetli Hocama öncelikle büyük geçmiş olsun dileklerimi iletiyor, tezelden milletinin arasına dönmesini canı gönülden arzuluyorum.

İlber Hocam, tarihi bizlere nefes aldıran bir hikâyeye dönüştürdünüz. Sadece olayları anlatmadınız; insanları, duyguları, mekânları ve zamanın ruhunu yanımıza taşıdınız. Televizyon ekranlarında, yazılarınızda ve konferans salonlarında tarih, sizinle konuştu, gülümsetti, düşündürdü. Bu, belki de en büyük mirasınız olacak bize. Tarihi yaşayan bir gerçeklik olarak aktüel hale getirip, bütün basın ve yayın kuruluşlarına taşımayı siz başardınız.

Sizden etkilendiğim ikinci büyük özellik, hafızanızdır. Sadece bir tarihçi hafızası değil, adeta insan ruhunu kavrayan bir hafıza… Bir hanedanı incelerken, tüm sülaleyi, özelliklerini ve ilişkilerini kendi ev halkınızdan bahsediyormuş gibi anlatmanız, insanın hem bilgisine hem de yüreğine dokunan bir büyü gibidir. Bu, bir yetenek mi, yoksa yılların emeğiyle yoğrulmuş bir sanat mı, bizim karar vermemiz güç. Ama kesin olan bir şey var: Sizin yanınızda tarih, sadece geçmiş değil; yaşayan, capcanlı, dipdiri hikaye olmuştur.

Dilinize olan hâkimiyetiniz ise, her şeyi daha da eşsiz kılar. Sadece bilgi aktarmadınız bizlere, onu estetik bir lezzetle sundunuz. Türkçeyi temiz, zarif ve anlaşılır bir biçimde işler, kendi tadınızı katarsınız. Dinlerken ya da okurken, hem öğrenir hem de dilin tadını çıkarırız; bu da sizi yalnızca bir tarihçi değil, aynamıza bir edebiyatçı olarak düşürür.

Sohbetiniz, kalender meşrep ve samimiyetiyle insanı büyüler. Konuşmalarınız, sadece bilgi değil; merak, hayranlık ve öğrenme isteği aşılar. Yanınızda geçmiş, sadece bir zaman dilimi değil; yaşanan, hissedilen ve paylaşılan bir miras gibi.

İlber Hoca, siz tarihçiliğin sınırlarını aşan, bilgiyi toplumla buluşturan ve insana ilham veren nadir insanlardansınız. Sizinle yüz yüze tanışamamış olmak, benim için hâlâ büyük bir eksiklik. Ama biliyorum ki, sizin mirasınız kitaplarda, derslerde ve ekranlarda kalmayacak; siz tarih ile insanı birleştirmeye devam ettikçe, biz de onun nefesini hissedeceğiz.

Burada açık sözlülüğünüz, eğip bükmeyen özelliğiniz ve cesaretinizi de alkışlamak isterim.

Bir gün, tarihin ve dilin büyüsünü, sizinle yüz yüze paylaşma fırsatım olur umarım. O gün gelene kadar, size minnetle bakıyor, varlığınızın tarihimize kattığı değere şükrediyorum.

Bütün eserlerinizi elbette okumadım ama hafızamda gerçek anlamda bir İlber ORTAYLI tasavvuru var. Kalanlarını da tamamlamak boynumuza borç olsun.

Siz çok değerlisiniz ve bu millete çok gereklisiniz, bu yüzden ve tezelden yatağınızdan doğrulun ve milletinizin arasına dönün. Sayınız o kadar az ki, bu da milletim adına en büyük üzüntü kaynağımdır.

Şifalar diliyorum….

Hayrettin YAZICI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NAHİD HACIZADƏ – 90

NAHİD HACIZADƏ – 90
Bu dünyada unutmadıqlarımdan biri də şair, yazıçı, publisist, dramaturq, ssenarist, ən başlıcası da səmimi, xeyirxah insan kimi tanıdığım Nahid Hacızadədir.

O, bəlkə də yeganə yazıçı idi ki, Azərbaycanın əksər korifey sənətkarları ilə görüşüb, ünsiyyətdə, dostluq, yaradıcılıq münasibətində olub. Hər biri haqqında xeyli sayda oçerk, publisistik əsərlər, xatirə yazıları ərsəyə gətirib. Bu əsərlər özünəməxsus üslubu, dilinin səlisliyi, zərifliyi, milli koloriti, duyğusallığı ilə ürəklərə yol tapıb.

Nahid Hacızadə özünün genişəhatəli yaradıcılığı ilə həmişə Azərbaycan ədəbi mühitinin mərkəzində olan, xalqın ictimai şüuruna işıq saçan sənətkardı. Əslində bu, yazıçının düşüncəsindən, ürəyindən qələminə süzülən əsərlərinin işığıdır…

Yazıçının 2008-ci ildə işıq üzü görmüş “Yada düşdü” kitabında yer almış xatirə yazıları Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrindən hesab olunur. Nahid Hacızadə kitabına yazdığı ilk sözündə deyir: “Mən yarım əsrdir ki, söz-sənət adamları ilə sıx ünsiyyətdəyəm. Radio, televiziya, qəzet və nəşriyyatlarda işlədiyim uzun illər ərzində görkəmli yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, səhnə ustaları, elm və mədəniyyət xadimləri ilə, tanınmış şəxsiyyətlərlə sayagəlməz görüşlərim, söhbətlərim olub. Bunların unudulanı, yaddan çıxanı da olub, ürəyimdə iz salanı, yaddaşıma yazılanı da”. Deyirəm, nə yaxşı ki, yazıçı yaddaşına yazılanları vaxtında cəmləşdirərək kitablaşdıra bilib…

Nahid müəllim uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Azərbaycan televiziyasında Ədəbi dram redaksiyasının Baş redaktoru olub. O zaman həmin redaksiya ilə yaradıcılıq əlaqələrim vardı. “Səhər görüşləri” “Hekayə axşamı” proqramlarında kiçik hekayələrim əsasında hazırlanmış səhnəciklər nümayiş olunurdu. Hər dəfə də yazıçı Rafiq Səməndər hekayələrim haqqında Nahid müəllimin fikirlərini mənə çatdıranda çox təsirlənirdim. Onunla şəxsən tanış olmasam da gənc yazıçıya qayğısını, dəstəyini hiss edirdim. Bu, məni yazmağa həvəsləndirirdi….


Təqvimdə 2012-ci ildi. O zaman Azərbaycan nəşriyyatında yerləşən bir sıra qəzet və jurnallara yazı vermək üçün vaxtaşırı həmin nəşriyyatda olurdum. Bir gün də yolumu Nahid Hacızadənin Baş redaktoru olduğu Xatirə ədəbiyyatı redaksiyasından saldım. Yazıçı həm də “Yada düşdü” jurnalının Baş redaktoru idi. Həmin gün burada uzun illər “Gənclik” nəşriyyatında birgə işlədiyim şair, publisist, eləcə də həmyerlim Zülfüqar Şahsevənli ilə qarşılaşdım. O, məni Nahid müəllimə təqdim etdi. Amma təqdimatına bir qədər uzaqdan başladı. Dedi, Şəfəq hörmətli bir ziyalı ailənin övladıdır. Babası, tanınmış İrəvan ziyalısı Məmmədəli Nasir jurnalist, mollanəsrəddinçi olub. Qardaşı, bacısı filan yerlərdə işləyir, özünün də filan kitabları (adlarını dilə gətirdi)… “Beyləqanın güllü yazı”na çatanda, Nahid müəllim qayıtdı ki, Zülfüqar, burda saxla! Bayaqdan ordan-burdan danışırsan. Elə Şəfəqi “Beyləqanın güllü yazı” kitabının müəllifi kimi təqdim etsəydin, bəs edərdi. Yoxsa başlamısan, o belə gəldi, bu da belə getdi… Hə, yadıma düşdü, Şəfəq xanım vaxtilə bizim redaksiya ilə də əməkdaşlıq edib. Şəxsən görüşməsək də onu qiyabi olaraq elə bu kitabından tanımışam…

1991-ci ildə 30 min tirajla çap olunmuş adı çəkilən kitabım həmin vaxt respublikada geniş yayılmış və yaxşı qarşılanmışdı. Demə, “Beyləqanın güllü yazı”na maraq göstərənlərdən biri də Nahid Hacızadə imiş…

Sonralar nə vaxt yolum Azərbaycan nəşriyyatına düşürdü, hökmən Xatirə ədəbiyyatı redaksiyasına da baş çəkir, Nahid müəllimlə görüşürdüm. Bir gün də Baş redaktora yazıçı Manaf Süleymanovla bağlı bir yazı təqdim etdim. Hələ oxumamış qayıtdı ki, Manafın yazı dili çox quru və pintidi, nəyini tərifləmisən ki. Bu sözdən bir qədər pərt olsam da halımı büruzə vermədən özümü ələ aldım. Dedim, bu bir xatirə yazısıdır. Xahiş edirəm, imkanınız olsa baxarsınız.

Təxminən iki həftədən sonra Nahid müəllimlə görüşəndə məni mehribanlıqla qarşıladı, dedi, yazını çox bəyəndim, gözəl xatirədi. Növbəti nömrəmizdə verəcəyik. Və gözləmədiyim halda ərkyana bir tərzdə qayıtdı ki, bu günlər jurnalımızın 1 yaşı tamam oldu. Bəlkə nömrələrə baxasan, xoşuna gəlsə haqqımızda bir təəssürat yazısı hazırlayarsan. Məmnuniyyətlə razılaşdım. Bir həftə ötməmiş məqaləni Baş redaktora təhvil verdim. Yazı həm jurnalda, eləcə də “525-ci qəzet”də, səhv etmirəmsə,“Respublika” qəzetində də dərc olundu.

Sonralar “Respublika”nın Baş redaktoru Teymur Əhmədov məni qəzetdə işləməyə dəvət etdi. O vaxtdan Nahid müəllimlə tez-tez görüşürdük. “Yada düşdü” jurnalında yazılarım dərc olunurdu. Nahid müəllim arada nahar fasiləsində bizim mərtəbəyə qalxır, Teymur müəllimlə yaradıcılıq qayğılarından danışır, bəzən məni də bu söhbətlərə dəvət edirdilər…


Nahid Hacızadə işıqlı İnsan idi. O işıq mənəvi dünyasından, yaradıcılığın bütün növ və janrlarında qələmə aldığı əsərlərindən görünən işıqdı. Biz o işığı bu gün də görür, hiss edir və bu işıqlı İnsanı böyük ehtiramla anırıq…

Martın 14-də unudulmaz yazıçı Nahid Hacızadənin 90 yaşı tamam olur. Ruhu şad, məzar evi nurla dolsun…

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hacıyev Rizvan Məhərrəm oğlu

Hacıyev Rizvan Məhərrəm oğlu
Hacıyev Rizvan – 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndində anadan olub.
1989-cu ildə digər soydaşlarımız kimi Qərbi Azərbaycandan deportasiyaya məruz qalıb.
1990-cı ildə Bakıdakı 99 saylı orta məktəbi gümüş medalla bitirib.
1995-ci ildə Neft Sənaye Universitetindən məzun olub.
15 yaş… 1988-ci il… Qış ayları… Didərginlik və yarımçıq qalan uşaqlıq…
Və bir ömür boyu yadda qalan o yarımçıq hörük – kiminsə bacısı, kiminsə sevdası, ya da sadəcə yurdunun son görüntüsü…

və >>> Hacıyev Rizvaın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

12 mart Xalq şairləri Süleyman Rüstəm və Cabir Novruzun doğum günüdür

12 mart Xalq şairləri Süleyman Rüstəm və Cabir Novruzun doğum günüdür

Bu gün sənət dostları, sadiq oxucuları Fəxri Xiyabanda şairlərin məzarlarını ziyarət edəcəklər. Bilmirəm gənc nəslin yaddaşında onların şeirləri nə qədər yer tutur. Amma bizim nəsillərçün dillər əzbəri olan şeirləri – “Təbrizim” və “Sağlığnda qiymət verin insanlara” şeirlərini yada salmaq istədim. Yüksək şövqlə, ruhla, enerjiylə yaradılan bu şeirlərin ab-havasının poeziyasevərlərin qəlblərini indi də ovsunlayacağına şübhə etmirəm. Ruhları şad olsun!

Süleyman RÜSTƏM
“Təbrizim”

Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda göz yaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim, Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər,
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!
Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

CABİR NOVRUZ
“SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA”

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara…
Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır…
Bu nədəndir ölən kimi,
qəlbimizdə
Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur ölən kimi…
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…
Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

İlkin mənbə: Reshad Mecid

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vaqif İSAQOĞLU – Şeirlər

AĞLADIM

Öz doğma yurdumda qəribəm qərib,
Qayğılar günümü yasa döndərib.
Dərdli ürəyimi güneyə sərib,
Üzümü dağlara tutub ağladım.

Getdiyim yollarda duman süründü,
Can evim kədərə, qəmə büründü.
Yenə gözlərimə anam göründü,
Üzümü dağlara tutub ağladım.

Ayları, illəri yaşadım yalqız,
Ömrün dərd yükünü daşıdım yalqız.
Yadıma düşəndə ilk sevdiyim qız,
Üzümü dağlara tutub ağladım.

Mən ki, yıxılmazdım, dərd məni yıxdı,
Fikir məngənə tək canımı sıxdı.
Kimə «qardaş» dedim, qara daş çıxdı,
Üzümü dağlara tutub ağladım.

Qocalıq əl verib mənlə görüşdü,
Elə bil üstümə dağlar sürüşdü.
Cavanlıq çağlarım yadıma düşdü,
Üzümü dağlara tutub ağladım.

9 mart, 2026

MƏNƏ QOCA DEMƏ…

İllər saçlarıma çoxdan dən salıb,
Həsrətin canımı lap əldən salıb.
Ürəyim cavandı, demə qocalıb,
Mənə qoca demə, ay canı yanmış!

Həyatım bir cənnət bağıdı indi,
Ömrümün ən gözəl çağıdı indi.
Deyirlər: «Bu dünya sevənlərindi»,
Mənə qoca demə, ay canı yanmış!

Yanar bir ocağam, közümdən bilsən,
İşığım sönməyib, üzümdən bilsən.
Qəlbimdən keçəni gözümdən bilsən,
Mənə qoca demə, ay canı yanmış!

Göylərə çatacaq gur səsim də var,
Bitib-tükənməyən həvəsim də var,
Yüzü haqlamağa nəfəsim də var,
Mənə qoca demə, ay canı yanmış!

İpək saçlarını mənim üçün hör,
Mənimlə birlikdə gözəl ömür sür.
Nə olar, sözünü sən geri götür,
Mənə qoca demə, ay canı yanmış!

Dəmiri mum kimi əyər bu Vaqif,
Həmişə haqq sözü deyər bu Vaqif.
Vallah yüz cavana dəyər bu Vaqif,
Mənə qoca demə, ay canı yanmış!

Çəliklə gəzməyin gəldi zamanı,
Yayda da isinmir Vaqifin canı.
Hanı, qız qaytaran günlərim, hanı?
Üzümü dağlara tutub ağladım.

7 mart, 2026

HEÇ KİMƏ İNANIB,
GÜVƏNMƏ VAQİF

Əvvəlki kişilər çıxıb getdilər,
Mərdliyi, qeyrəti yığıb getdilər.
Dünyanın «əlini» sıxıb getdilər,
Heç kimə inanıb, güvənmə Vaqif!

Haramı halala qatan çoxdu çox,
Hər gün ürəyinə batan oxdu, ox.
Bir vaxt güvəndiyin atan yoxdu, yox,
Heç kimə inanıb, güvənmə Vaqif!

Yalan söz ağızda bal dadır daha,
İlan zəhəri də baldadır daha.
Qardaş da qardaşı aldadır daha,
Heç kimə inanıb, güvənmə Vaqif!

Yaman çoxalıbdı şeytan adamlar,
Daha yoxa çıxıb, qeyrət, namus, ar.
İndi nə sirdaş var, nə də ki, dost var,
Heç kimə inanıb, güvənmə Vaqif!

Enişdə, yoxuşda dizinə güvən,
Halal ocağına, közünə güvən.
Özünə arxalan, özünə güvən,
Heç kimə inanıb, güvənmə Vaqif!

4 mart, 2026


KİŞİ TƏK YAŞA…

Halal qazanırsan halal varını,
Ağ çiçək sanırsan qışın qarını.
Əymədin heç zaman dağ vüqarını,
Qalan ömrünü də kişi tək yaşa.

Eşitdin hər kəsin qəm fəryadını,
Tarixə yazmısan öz soyadını.
Göylərə ucaltdın kişi adını,
Qalan ömrünü də kişi tək yaşa.

Heç zaman yalana əl çalmamısan
Yaltaqlıq eləyib alçalmamısan
Bir gün də mənasız yaşamamısan,
Qalan ömrünü də kişi tək yaşa.

Qaraya ağ deyib yarınmadın sən,
Heç kimin boynuna sarılmadın sən.
Sənin soykökünə, nəslinə əhsən,
Qalan ömrünü də kişi tək yaşa.

Vicdanla görübdü hər işi Vaqif,
Dərdli adamların dərdişi Vaqif,
Sən kişi oğlusan, ay kişi Vaqif,
Qalan ömrünü də kişi tək yaşa.

2 mart, 2026


KƏNDDƏ YAŞAYARAM
QALAN ÖMRÜMÜ

Doğma kəndimizə çıxıb gedirəm,
Şəhərin «əlini» sıxıb gedirəm.
Mən şələ-küləmi yığıb gedirəm.
Vurub qoltuğuma solan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Gülləri soluxan mən yaz kimiyəm,
Pas atıb çürüyən dəryaz kimiyəm.
Telləri qırılmış bir saz kimiyəm,
Bu şəhər eylədi talan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Yadımdan çıxmadı bir an da kəndim,
Yaşadı ürəkdə, həm qanda kəndim.
Bu qərib şəhərdə bitib-tükəndim,
Fələk qıra bilər hər an ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Elə bil qəfəsdə yaşıyıram mən,
Ürəkdə dərd yükü daşıyıram mən.
Birtəhər çıxaraq bu cəhənnəmdən,
Gedib söndürərəm yanan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Təzə arzu ilə, yeni nəfəslə,
Canımda can olan sevdiyim kəslə,
Üz tutub gedirəm böyük həvəslə,
Şəhərdə saxlayıb yalan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Unuda bilmədim bir an dağları,
Saxlayıb izimi o kənd yolları.
Qaçmaq istəyirəm günəşə sarı,
Qırx ildir bürüyüb duman ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

25 fevral, 2026

GƏLƏRSƏNMİ BİZƏ DE

Bir yaz günü biz görüşdük səninlə,
Ay batanda tez öpüşdük səninlə.
Beşinci gün oda düşdük səninlə,
Beşinci gün gələrsənmi bizə de?

Könlüm səni doğma sanır, yar sanır,
Bu sevgini unutmayıb hey anır.
Beşinci gün canım yanır, odlanır,
Beşinci gün gələrsənmi bizə de?

Mən bir vaxtlar cavan idim, nə dərdim,
Nə bir kədər, nə də qayğı bilərdim.
Beşinci gün sənə məktub göndərdim,
Beşinci gün gələrsənmi bizə de?

Qocalsam da gözlərində gözüm var,
Kül altında qaralmayan közüm var.
Beşinci gün sənə xəlvət sözüm var,
Beşinci gün gələrsənmi bizə de?

Bu sevgini oda yapdı ayrılıq,
Qılınc kimi kəsdi, çapdı ayrılıq.
Beşinci gün bizi tapdı ayrılıq,
Beşinci gün gələrsənmi bizə de?

Əlli ildir qəlbimdəsən hələ sən,
Əlli ildir bənzəyirsən gülə sən.
Beşinci gün sığal verib telə sən,
Beşinci gün gələrsənmi bizə de?

Bu sevgimiz nağıl kimi bitiəcək,
O xoş günlər ilim-ilim itəcək.
Beşinci gün ömrüm sona yetəcək,
Beşinci gün gələrsənmi bizə de?

fevral, 2026

Müəllif: Vaqif İSAQOĞLU

VAQİF İSAQOGLUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÜLEYMAN RÜSTƏM HAQQINDA MARAQLIBİR XATİRƏ

Şəkildə: Süleyman Rüstəm, Qarold Reğistan, Atam və mən. 1964-cü il. Neftçala.

SÜLEYMAN RÜSTƏM HAQQINDA MARAQLI
BİR XATİRƏ

Bu gün Süleyman Rüstəmin doğum günüdür. Atam rəhmətlik onun cənub şeirlərini əzbərdən söyləməyi çox xoşlayırdı. Süleyman Rüstəmin həmin mövzuda bir şeiri var idi. Atan həmin şeiri hər deyəndə kövrələrdi. Uzum şeir idi. O şeiri mən də əzbərdən bilirdim.Amma bu səhər nə qədər cəhd etsəm də, həmin şeirdən yalnız dörd misranı xatırlaya bildim:
Ömür keçdi, hicran quşu can evimdən
köçmədi,
İki qardaş Arazımdan yan-yana su
İçmədi.
Heç özüm də bilmirəm ki, nədən oldu
qardaşım,
Ayrılıqdan, dərd əlindən ürəyimiz
şişmədi…

Süleyman Rüstəm bizim evdə çox olub. Heç vaxt da tək gəlməyib. Ayrı-ayrı vaxtlarda Mirmehdi Seyidzadə, Qılman Musayev (İlkin), İslam Səfərli, Nəbi Xəzri, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Hüseyn Abbaszadə, Vladimir Qafarov, Moskvalı dostu, SSRİ Dövlət Himninin müəllifi Reğistan, Moskvada yaşayan rus ədəbiyyatşünası Koçişkin.. ilə birlikdə evimizə gəldiyi günləri mən həmişə xoş bir duyğu ilə xatırlayıram. Söhbətləri yadımdadır Birlikdə dəniz kənarına, Kürün sahilinə (atamın dostunun komandiri olduğu çay gəmisində Kürü gəzməyiniz), Binələrə getdiyiniz günlər unudulmazdır. Atam onun haqqında xatirələrini yazıb çap etdirib. Amma həmin xatirələrin bəzisini atam yazmayıb.Tanıyanlar bilirdi. Süleyman Rüstəmin duzlu, məzəli söhbətlərindən doymaq olmurdu. Bir də Süleyman müəllimin özünün çox maraqlı xatirələri var idi. Mirzə Cəlil, Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Nazim Hikmət… kimi böyük yazıçılarla dostluq etmişdi. Maksim Qorkini, Mayakovskini, Fransız yazıçısı Anri Barbüsü Bakıda o qarşılamışdı…
Onunla bağlı bir maraqlı xatirəmi danışmaq istəyirəm. Və bu xatirəni ilk dəfə bu yazımda xatırlayıram. Bu xatirəni əvvəllər yazmağa, danışmağa nəsə ürək eləmirdim. Amma indi üstündən neçə illər keçir və bu hadisənin iştirakçılarının heç biri artıq həyatda yoxdur.. 1969-cu ildə Süleyman Rüstəm, məşhur tərcüməçi, əslən Salyandan olan Vladimir Qafarovla bizə gəldi. Atam həmin gün Bakıda idi və təbii ki, onların gəlməsindən xəbərsizdi. Payız ayı idi. Telefonumuza zəng gəldi. Məndən 18 yaş böyük olan, bizimlə birlikdə yaşayan və biz uşaqların “əmi” dediyimiz Zakir telefonu götürdü. Zəng edən Süleyman Rüstəm idi və zəngi Neftçalanın girəcəyində yerləşən milis idarəsindən etmişdi. Bibim oğluna təcili idarəyə gəlməsini tapşırdi. O vaxt Neftçala Salyanın tərkibində, qəsəbə statusunda olan yaşayış məntəqəsi idi. Kiçik, əhalisinin bəlkə də yarısı rus olan qəsəbəmizdə hamı bir- birini tanıyırdı. Milis idarəsin rəisi II Dünya müharibəsinin məşhur qəhrəmanı Partizan Babaş idi. Partizan Babaşa müharibə illərində Səməd Vurğun bir şeir də həsr etmişdi. Bu məşhur şeir Partizan Babaşın özünü də məşhurlaşdırməşdi. Partizan Babaş Dadaşov atamla da yaxın dost idi və biz uşaqlar, əsl qəhrəman görkəmli, eşmə bığli əfsanəvi adamı çox istəyirdik. Biz uşaqlar üçün hədiyyələr alırdı. Öz xidməti maşını (“Villis”) ilə yay aylarında bizi dənizə aparırdı. Dəniz kənarında bizimlə (Bibim oğlu Zakir, qardaşlarım Şahin,Azər) futbol oynayırdı. Zəhimli adam olsa da, uşaqla uşaq,böyüklə böyük idi… Nə isə, bir saat keçmiş Süleyman Rüstəm Vladimir Qafarovla (Qaz 21 Volqa ilə) evimizə gəldilər. Süfrə açıldı. Süleyman Rüstəm həyəcanlı idi… Həyacanının səbəbini bizə bibim oğlu danışdı. Demək Süleyman Rüstəm maşını qəsəbənin girəcəyindəki milis idarəsinin qarşısında saxlatdırıb milis idarəsinə gedir. Məqsədi də bu olur ki, ordan bir bələdçi götürüb bizə gəlsin. O vaxt qəsəbə milis idarəsində cəmi 3- 4 milis işçisi işləyirdi. Süleyman Rüstəm milis idarəsinin həyətinə daxil olurr,görür ki, idarənin həyətində iki nəfər nərd oynayır. Nərd oynayanlardan biri Partizan Babaş imiş. Süleyman Rüstəm Partizan Babaşı tanımır. Kefi yuxarı olan Partizan Babaş onlara tərəf gələn adamı kiməsə oxşatsa da kim olduğunu xatırlaya bilmir. Qonağın yaxasındakı deputat nişanından və SSRİ Dövlət mükafatı medalından bilir ki, bu adam kimdirsə, tanınmış, məşhur adamdır. Ayağa qalxıb Süleyman Rüstəmlə görüşür. Süleyman Rüstəm atamın qonağı olduğunu deyir. Partizan Babaş da qonağın kimliyini soruşur. Partızan Babaş biləndə ki qarşısında dayanan şəxs Süleyman Rüstəmdir… Burda bir mərəkə qopur ki… Partizan Babaş belindəki tapançanı qoburundan çıxarıb- Süleyman Rüstəmə eşq olsun!!!-deyir və bu sevincdən məmnunluğunu tam ifadə etmək üçün göyə iki güllə atır…
Özünü itirmiş Süleyman Rüstəm bizim dildə deyildiyi kimi, bişim-bişim Partizan Babaşı sakitləşdirir, tapançanı qoburuna qoydurur və Partizan Babaşla birlikdə rəisin (Partizan Babaşın) otağına keçib bizə zəng edir və bibim oğluna təcili milis şöbəsinə gəlməyini tapşırır.
…Süleyman Rüstəm və Vladimir Qafarov gecəni bizdə qaldılar. Səhər atam da Bakıdan gəldi. Həmin gün Neftçaladakı Mədəniyyət evində Süleyman Rüstəmlə görüş öldü. Axşam evimizdəki ziyafətdə Partizan Babaş da qonaqlar arasında idi… Deyib gülürdülər. Elə bil dünənki hadisə heç olmamışdı.

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Söhrab Tahirin “Ata” poema-eposu haqqında

İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.

SÖHRAB TAHİR

YÜZÜNCÜ YAZI – Söhrab Tahir – 100
Xalqın yaddaşından doğan böyük ədəbi abidə
(Söhrab Tahirin “Ata” poema-eposu haqqında)
    Salam olsun, çox dəyərli oxucum! Qələmdarlar mövzusunda silsilə yazımın yüzüncü bölümü bu il – 2026-cı ildə anadan olmasının 100 illiyini qeyd etdiyimiz  bütöv Azərbaycanın böyük şairi Söhrab Tahirin (Azərazər) ədəbiyyat  tariximizdə fundamental hadisə sayıla biləcək, üç cilddə toplanaraq çap olunmuş böyük həcmli “Ata” kitabı (poema-eposu) haqqında olacaq.
     Bütün Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Söhrab Tahir ədəbiyyat tariximizdə həm mübariz ruhlu şeirləri, həm də milli düşüncəni ifadə edən monumental əsərləri ilə seçilən sənətkarlardandır.      Azərbaycanın güneyində doğulub, quzeyində müxtəlif sahələrdə təhsil alan, dövlətimiz tərəfindən ən yüksək titullara layiq görülən Azərbaycan Xalq şairi Söhrab Tahirin (Azərazər) bu iki misrası çox məşhurdur:
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.

Yurdsevər, mübariz şairin yaradıcılıq kredosuna çevrilmiş bu sətirlər Azərbaycan ədəbiyyatı tarixində onun təkzibolunmaz missiyasının nədən ibarət olduğunu özündə ehtiva edir.
     Onun üç cilddə çap olunan “Ata” poema-eposu Azərbaycan ədəbiyyatında təkcə bədii əsər deyil, həm də xalqın qədim yaddaşını, tarixini və mənəvi köklərini özündə əks etdirən böyük bir poetik salnamə kimi dəyərləndirilir.
    “Ata” poema-eposu Azərbaycan ədəbiyyatında iri həcmli poetik əsərlərdən biri hesab olunur. Şair bu əsəri üzərində uzun illər çalışmış, 1991-ci ildən başlayaraq təxminən 14 illik zəhmətin nəticəsi kimi tamamlamışdır. Bu müddət ərzində o, müxtəlif tarixi mənbələri, arxiv sənədlərini, elmi araşdırmaları, xalq yaradıcılığı nümunələrini öyrənmiş, nəticədə xalqımızın qədim dövrlərdən gələn həyat tərzini, adət-ənənələrini və mənəvi dünyasını bədii dillə canlandırmışdır.
     Poema-eposun əsas mövzusu türkdilli tayfaların və Azərbaycan xalqının qədim tarixi, onların yaşam tərzi, qəhrəmanlıq ənənələri və mənəvi dəyərləridir. Şair əsərdə eramızdan əvvəlki dövrlərdən başlayaraq xalqın keçdiyi tarixi yolu, mübarizə ruhunu və milli kimliyini poetik lövhələrlə təqdim edir. Bu baxımdan “Ata” yalnız ədəbi əsər deyil, həm də milli kimliyin, dövlətçilik düşüncəsinin və tarix şüurunun bədii ifadəsidir.
    Söhrab Tahir bu əsərdə xüsusi olaraq ana dilinin təmizliyinə və saflığına diqqət yetirmişdir. Poema əsasən sadə xalq danışıq dilində yazılmış, burada ərəb və fars mənşəli sözlərin istifadəsi minimuma endirilmişdir. Bu xüsusiyyət əsəri həm dil baxımından dəyərli edir, həm də oxucuya qədim türk düşüncəsini və ruhunu daha aydın hiss etdirməyə imkan yaradır.
     Şair əsəri qədim türk şeir formalarından biri olan qoşma üslubunda qələmə almışdır. Bu forma əsərin poetik ritmini, xalq ruhunu və dastanvari xarakterini daha da gücləndirir. Beləliklə, “Ata” həm klassik şeir ənənələrinin davamı, həm də müasir dövrdə yazılmış monumental bir dastan kimi diqqəti cəlb edir.
     Poema-epos yazılarkən yalnız bədii təxəyyülə deyil, həm də tarixi faktlara və elmi mənbələrə əsaslanılmışdır. Şair Azərbaycan, Türkiyə, Orta Asiya, Rusiya, İran və Avropa alimlərinin araşdırmalarından, müxtəlif arxiv materiallarından istifadə etmişdir. Bu isə əsərin bədii dəyəri ilə yanaşı, tarixi etibarlılığını da artırır.
     Söhrab Tahir özü qeyd edirdi ki, bu əsəri yazmağa onu xalqın mənşəyi və tarixi ilə bağlı verilən suallar, həmçinin xalqımızın tarixinin bəzən təhrif olunması faktları sövq etmişdir. O, uzun illər şamanizm, zərdüştilik, qədim dastan və əfsanələr, xalq deyimləri və söyləncələr üzərində araşdırmalar aparmış, bu materialları poetik formada təqdim etmişdir.
     Şairin sözlərinə görə, əsərin yazılmasına güclü təsir edən məqamlardan biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən söylənilən bir fikir olmuşdur. O, bir məclisdə alim və yazıçılara müraciətlə belə demişdi: “Bu xalqın tarixini siz yazmasanız, bəs kim yazacaq?”
      Bu çağırış Söhrab Tahirin yaradıcılıq düşüncəsində yeni bir mərhələ açmış və şair xalqın qədim tarixini poetik dillə ifadə edən böyük bir əsər yaratmağa qərar vermişdir. Beləliklə, “Ata” poema-eposu milli tarixə və mədəniyyətə həsr olunmuş monumental bir poetik abidə kimi meydana çıxmışdır.
     Söhrab Tahir bu əsəri Azərbaycan Respublikasının Milli Ordusuna və onun Ali Baş Komandanına ithaf etmişdir. Bu isə əsərin yalnız tarixi deyil, həm də güclü vətənpərvərlik ruhuna malik olduğunu göstərir. Poema xalqın qədim köklərini, mübarizə əzmini və milli qürurunu ifadə etməklə yanaşı, müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını da poetik şəkildə əks etdirir.
     Söhrab Tahirin yaradıcılığı Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir. Məşhur şairlər və ədəbiyyat xadimləri onun poeziyasını mübariz ruhlu, milli düşüncəli və dərin fəlsəfi məzmunlu yaradıcılıq kimi dəyərləndirmişlər:
-Məmməd Araz onun şeirinin gücünü yüksək qiymətləndirərək “Söhrab Tahir nadir şairdir” demişdir.
-Bəxtiyar Vahabzadə isə gənc yaşlarında onun poeziyasını kəşf etdiyini və bu şeirlərin dərin təsir bağışladığını bildirmişdir.
-Nəriman Həsənzadə isə “Ata” poema-eposunu Azərbaycan ədəbiyyatında “ədəbi hadisə” adlandırmışdır.
Bu fikirlər göstərir ki, Söhrab Tahir təkcə bir şair deyil, həm də milli poeziyada özünəməxsus məktəb yaratmış sənətkardır.
   “Ata” poema-eposu Azərbaycan xalqının qədim köklərini, mədəniyyətini və mənəvi dünyasını bədii dillə ifadə edən böyük ədəbi abidədir. Bu əsər tarix, mifologiya, folklor və poeziyanın vəhdətindən yaranmış bir sənət nümunəsidir. Burada xalqın minilliklər boyu formalaşmış həyat fəlsəfəsi, qəhrəmanlıq ruhu və mənəvi dəyərləri poetik lövhələrlə canlandırılmışdır.
    2026-cı il Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Söhrab Tahirin anadan olmasının 100 illiyi ilə əlamətdardır. Bu yubiley münasibətilə onun yaradıcılığına yenidən nəzər salmaq, xüsusilə “Ata” poema-eposunun əhəmiyyətini dəyərləndirmək böyük önəm daşıyır.
    Söhrab Tahirin üç cilddən ibarət “Ata” kitabı –  poema-eposu Azərbaycan ədəbiyyatının nadir və monumental əsərlərindən biridir. Bu əsər xalqımızın qədim tarixini, milli ruhunu və mənəvi dünyasını poetik dillə ifadə edən böyük bir ədəbi abidə kimi qiymətləndirilməlidir.
    Şair bu əsərlə göstərir ki, xalqın tarixi yalnız tarix kitablarının səhifələrində deyil, həm də poeziyanın yaddaşında  yaşayır. “Ata” poema-eposu məhz belə bir yaddaş kitabıdır.  Bu kitab keçmişdən gələcəyə uzanan, milli kimliyi qoruyan və nəsillərə ötürən böyük bir ədəbi mirasdır.
   Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun. Ustadlara rəhmət.
12.03.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu – Dəniz kimi çağlayan insan…

Dəniz kimi çağlayan insan…

 Əli Rza Xələfli- 72

Bəzi adamlar insanlar arasındakı müqayisəni israrla qüsurlu hesab edirlər. Fəqət, bəşəriyyət hələ ki, oxşar və fərqli cəhətləri, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün, müqayisədən dəqiq qarşılaşdırma, tutuşdurma tapa bilməyib. Bu dəfə sizə bütün müqayisələrdən alnıaçıq, üzüağ çıxan bir insan haqqında danışmaq istəyirəm. Şair, yazıçı, jurnalist, “Kredo” qəzetinin baş redaktoru- Əli Rza Xələflidən. Amma gəlin əvvəlcə onun ömür yoluna səyahət edək. O, 1953-cü ilin dekabr ayının 7-si Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya gəlsə də, doğum şəhadətnaməsində bu tarix oktyabrın 1-i kimi göstərilib. 1975-ci ildə indiki Pedaqoji Universitetin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə doğulduğu rayonun Şahvəli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləyib. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə “Qabaqcıl maarif xadimi” fəxri adına layiq görülüb. 1980-ci illərin əvvəlindən mətbuatda çalışır. 1980-1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə işləyib. “Xudafərin”, “Qoşa qanad”, “Qarabağ” və “Həyat” qəzetlərində xüsusi müxbir, şöbə müxbiri, şöbə müdiri və eləcə də redaktor əvəzi olub. Ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə “Qızıl qələm” medalı mükafatına, 2003-cü ildə “Məmməd Araz”ali ədəbi mükafatına, 2004-cü ildə AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosunun “Qılınc və qələm” yaddaş mükafatına, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə isə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülüb…

Mehriban, qonaqpərvər, əyləncəli, simpatik, düşüncəli və cəlbedicidir. Xarakter baxımından cazibədar və sirli xüsusiyyətlərə malikdir. Ətrafındakı insanlara qarşı diqqətli və anlayışlı davranışı ilə tanınır. İti düşüncəsi və hadisələrə rasional yanaşma tərzi istənilən çətin vəziyyətdə onu doğru qərar verməsinə kömək edir. Dostluq və iş münasibətlərində güclü təsir bağışlayaraq qarşısındakı insanları heyran qoyur. Ünsiyyətdə inam qazanmağı və mürəkkəb məsələləri asanlıqla həll etməyi bacarır…

Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov onun yaradıcılığını belə xarakterizə edir: “Əlirza Xələflinin poeziyası irfan dünyasından bir əlçim buluddur və bir bülbülün sızlar türküsünə çevrilib söz gülüstanına yağan ağ yağışdır. Onun poetik üslubda metaforikləşmiş dərin məna yarada bilmə funksiyası hər məqamda özünü göstərir. Poetik üslubun assosiativ təzadlar silsiləsi bu adlar silsiləsinin tarixi mahiyyətinin duyumuna, dərkinə xidmət edir. Əli Rza Xələfli ümumi epik təsvirdən aralanaraq öz hiss və həyəcanlarını ifadə edir, müxtəlif yönlərdə mühakimələr yürüdür, həyat, insan, cəmiyyət haqqında düşüncələrini ifadə edir, burada lirizm hərtərəfli görünür. Onun yazdıqlarında bədii mətnin, parçanın məna tutumu çox yüksəkdir. Bir qoşa misrada – məsnəvidə obraza elə səmimi, duyğulu yanaşa bilir ki, kiçik mətndə, az sözlə bütöv bir obrazı, xarakteri təqdim edir. Bu məna tutumu barədə müxtəlif mülahizələr də söyləmək olar. Amma şair sözdə ciddidir, sözü havayı yerə işlətmir. Bu mənada Əli Rzanın ədəbi – fəlsəfi mühakimələri ciddi marağa səbəb olmaya bilmir…”

Həyat eşqi ilə dolu adamdır. Yüksək yumor hissi var, şən və istiqanlıdır. Sevməyi və sevilməyi xoşlayır. Qayğkeş olduğundan əldə etdiklərini imkansızlarla bölüşməyə hazırdır. Onun ən müsbət tərəfləri isə əsasən məntiqli qərar verməsi və düşdüyü mühitdə hörmət qazanmağı bacarmasıdır. Bir az romantik, bir az da emosionaldır. Yaxşı həmsöhbətdir. Məsələlərə ədalətli yanaşmağı xoşlayır. Nəzakətlidir, diplomatikdir. İş həyatına gəldikdə isə çox istedadlıdır. Narahat və stresli mühitlərdə işləməyi sevmir…

Tarix üzrə fəlsəfə doktoru Yusif Mahmudov isə onun haqqında yazır: “Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında, ümumən ədəbi mühitdə və elmi-ictimai media aləmində “Kredo”su ilə özünə möhkəm yer eləmiş Əli Rza Xələfll dövrümüzün görkəmli nasiri, şairi və jurnalisti kimi çox yaxşı tanınan və sevilən şəxsiyyətdir. Şübhəsiz, Əli Rza müəllimin bir yazar kimi dəsti-xətti lap sonsuzluqdan belə oxucusunu çağırır. Manevrli publisistikası şirinliyi, duzluluğu, fərqliliyi ilə ədəbiyyatımızın içində bütövləşmiş bir heykəl kimidir. Onun yazılarında da, adi danışıq və nitqlərində də cəmiyyət və təbiətin qırılmaz ülvi bağlılığı, vəhdəti apaydın süd kimi görünür. Alovlu çıxışlarını dinlədikcə, sanki sehirli nağıllar aləmində itib-batırsan. Ədəbiyyat tariximizin, o cümlədən folklorumuzun gözəl bilicilərindən olan Əli Rza Xələflinin yazılarında bir elat dünyası yaşayır. O, bu dünyadan ana təbiətin füsunkarlığını seyr edir, onu sözə gətirir, elmi istiqamət verir, ictimailəşdirir. Onun Söz gücü Təbiətin ilahi eşqini ürəklərə daşıyır. Bunu bayatılarında daha aydın hiss etmək olur. Təbiətə sevgi ona qayğıkeş münasibətdən başlayır. Bu cür münasibətin yeniyetmə və gənclər arasında yaradılmasının gələcək nəslin həyati vacib bir məsələ kimi ekoloji mühitin sağlamlaşdırılmasında mühüm əhəmiyyəti vardır. Bədii detllardan məqsədli və elmi şəkildə istifadə səmərə verə bilər…”

Qəlbi həyatın hər anını doya-doya yaşamaq arzusu ilə doludur. Onun üçün yeni təcrübələr və sərgüzəştlər həyatın ən dəyərli hissələridir. O, enerjili, optimist və macəra ruhuna malikdir və onun daim yeni məlumatlar öyrənmək və müxtəlif mədəniyyətlərlə tanış olmaq istəyi heç vaxt tükənmir. Onun bu liberal xarakteri karyerasından tutmuş şəxsi həyatına qədər hər sahədə özünü göstərir. Məhdudiyyətlərdən qaçmağa üstünlük verir və həyatda öz yolunu qurmaqda çox qərarlıdır. Münasibətlərdə isə tərəfdaşı ilə səmimi və dürüstdür. Müstəqillik onun üçün çox vacibdir, lakin o, həm də mənalı və dərin əlaqələr qurmaq arzusundadır. Erkən gəncliyindən həyatda azadlıq, macəra və yeni kəşflər axtarır. Bu, onun optimist və macəraçı xarakterini və həyata dərin sevgi və marağını əks etdirir. Yaxşılıq etməyi çox sevir. Əgər kiməsə pislik edibsə, onu həyatı boyu unutmur və davamlı peşmançılıq hissi keçirir. Hər şeyə müsbət tərəfdən baxmağı bacaran insandır. Bəli, bu baxımdan yaxın ətrafı ona həsəd apara bilər…

Deyir ki:- “Azərbaycanın indiki mənzərəsi qələm adamları tərəfindən kifayət qədər ya dərk olunmur, ya da çətin anlaşılır. Çünki müstəqilliyin 30 illik mərhələsini keçməyimizə baxmayaraq, nə köhnə meyarlar tam aradan qalxmayıb, nə də yeni meyarlar kifayət qədər açılmış deyil. Və yaxud yeni meyarların yeni ədəbi yanaşma düşüncəsi prosesi çox ləng gedir. On-on beş il əvvəl “postmodern” adı ilə özünü göstərən ədəbi tüğyançılıq da sanki sönüb. Çünki həmin ədəbi tüğyan və tüğyançılar özləri də eksperiment hüququndaydılar. Adını nə qoyursan-qoy, hər bir yeni zaman axtarış üçün meyar açır. Əxlaqda, mənəviyyatda, siyasətdə, hətta dinə münasibətdə yeni meyarların yaranması həyat hadisələrinə münasibətdə dəyişməyi tələb edir…”

Bəli, oktyabrın 1-i Əli Rza müəllimin rəsmi ad günüdür, 72 yaşı tamam olur. Ona möhkəm can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Həmid Herisçinin yazıları

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<

Elman Eldaroğlunun digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"