Etiket arxivi: AĞDAM

Asif Yusifcanlının “Gedirəm” şeiri

Asif Yusifcanlının “Gedirəm” şeiri (səh. 47)

Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Gedirəm” şeiri müəllifin poetik dünyasının əsas cizgilərini – taleyə münasibəti, insan ləyaqətini, daxili azadlıq ideyasını və mənəvi köklərə sədaqəti dolğun şəkildə əks etdirən sanballı nümunələrdəndir. Bu şeir zahirən sadə, axıcı xalq dili ilə yazılsa da, mahiyyət etibarilə dərin fəlsəfi-psixoloji yük daşıyır və oxucunu düşünməyə vadar edir.

Şeirin ilk misralarından etibarən şair taleyə boyun əyməyən, öz yolunu özü seçən bir “mən” obrazı yaradır:

“Tale tərəqqidən salamməz məni,
Çünki taleyimdən öncə gedirəm.”

Burada “tale” passiv gözləmə, “öncə getmək” isə fəal həyat mövqeyi kimi təqdim olunur. Asif Yusifcanlı taleyi insanın ardınca sürünən, onu idarə edən qüvvə kimi deyil, insan iradəsinin arxasında qalan bir anlayış kimi təqdim edir. Bu yanaşma şairin pedaqoji dünyagörüşü ilə də səsləşir: insan öz taleyinin memarıdır.

“Söz yox ki, ömrümün payızındayam” misrası şeirin emosional mərkəzlərindən biridir. Payız burada təkcə yaş dövrü deyil, həm də həyatın hesabat anıdır. Lakin bu payız kədərli deyil:

“Sabaha dumanda, çəndə gedirəm.”

Duman və çən qeyri-müəyyənliyi, həyat yolunun çətinliklərini simvolizə etsə də, şair bu vəziyyəti qorxu ilə deyil, sakit qəbul və iradə ilə qarşılayır. Gedən yol qaranlıqdır, amma addım möhkəmdir.

Şeirin ikinci bəndində doğma ocaq anlayışı ön plana çıxır. Burada maddi yoxsulluq və ya həyat çətinlikləri mənəvi sınma ilə eyniləşdirilmir:

“Doğma odda-ocağım yoxsa da yenə,
Heç vaxt yazığınız gəlməsin mənə.”

Bu misralar Azərbaycan poeziyasında tez-tez rast gəlinən ləyaqət və qürur motivinin müasir ifadəsidir. Şair mərhəmət dilənmir, əksinə, yaşadığı həyata şükür edir və öz yolunu ləyaqətlə davam etdirdiyini vurğulayır.

Üçüncü bənddə isə şair mənəvi təhlükələrə diqqət çəkir:

“Şeytanla əlbirlər çıxmasın zilə,
Səadət tapmayıb qaniçən hələ.”

Burada yalnız fərdi yox, ictimai məna da var. Şair cəmiyyətə səslənir, şərin müvəqqəti qalibiyyətinin əsl səadət gətirməyəcəyini xatırladır. Bu misralar Asif Yusifcanlının vətəndaş mövqeyini və mənəvi məsuliyyət hissini aydın şəkildə göstərir.

Şeirin finalı isə xüsusi poetik dəyərə malikdir:

“Bir gün görəcəksiz mən gülə-gülə,
Dünyaya gəldiyim kəndə gedirəm.”

Bu qayıdış sadəcə fiziki dönüş deyil. Bu, insanın öz kökünə, mənəvi başlanğıcına, uşaqlıq saflığına dönüşüdür. “Kənd” obrazı burada həyatın ilkin təmizliyini, insanın özünə hesabat verdiyi müqəddəs məkanı simvolizə edir.

“Gedirəm” şeiri Asif Yusifcanlının həyata baxışını, yaşam fəlsəfəsini özündə əks etdirən maraqlı və ibrətamiz nümunələrdən biridir. Bu şeir oxucunu taleyə təslim olmağa deyil, yol getməyə, şikayət etməyə deyil, şükür etməyə, qorxmağa deyil, gülümsəyərək davam etməyə çağırır. Pedaqoq-şair kimi müəllifin əsas mesajı aydındır: insanı yaşadan yolun özü deyil, o yolu hansı vicdan və ləyaqətlə getməsidir.

Bu baxımdan “Gedirəm” həm fərdi həyat etirafı, həm də müasir Azərbaycan insanına ünvanlanan mənəvi çağırış kimi dəyərləndirilə bilər.

30.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

KƏŞFİYATÇININ SÖHBƏTİ

KƏŞFİYATÇININ SÖHBƏTİ

Axşam idi. Otağın işığı yanmırdı. Çöldə elə soyuq idi ki, dodaqlar çatlayırdı. Hamımız sobanın başına yığışıb söhbət edirdik. Birdən söhbət ondan düşdü. Hər kəs bildiyi bir hadisəni xatırladı. “Varın verən utanmaz” deyərlər, kimin nə xatirəsi vardısa, dilə gətirdi.

Masada əyləşən kəşfiyyatçı dostum sanki danışmağa tərəddüd edirdi. Ancaq özünü saxlaya bilmədi. Çayını təzələyib bir qurtum içdi. Stəkanı ovucunda saxlayaraq arxada ikimərtəbəli əsgər çarpayısında dirsəklənib alaqaranlıq masamıza baxan yoldaşını əli ilə göstərdi və danışmağa başladı:

-Bunun da iştirak etdiyi bir döyüş tapşırığına getmişdik. Düşmən arxasına sızaraq tapşırığı uğurla yerinə yetirdik. Ancaq Ağdamın Yusifcanlı kəndi ərazisində düşmən bizi mühasirəyə aldı. Dəfələrlə döyüş manevrləri etsək də, vəziyyətdən çıxa bilmədik. Rabitə vasitəsilə çağırış etdik. Əlaqə alındı. Bizə atəş dəstəyi göstəriləcəyi bildirildi.
O tərəfdə hər şey plan üzrə aparılırdı. Qarşıdurma xəttində rabitənin o başında olan komandirin göstərişləri ilə bütün proses dəqiqliklə idarə olunurdu. Artilleriya düşməni aldatmaq üçün qrupun tam əks istiqamətinə atəş açdı. Biz isə düşmənin gözləmədiyi yerdən qurdun sürüyə hücumu kimi sarsıdıcı basqı etdik və mühasirədən çıxdıq. Öz səngərlərimizə doğru hərəkət başladı. Səngərə atıldığım an qarşımdakı işıltılı gözlər birbaşa gözlərimin içinə baxdı. Palçığın içində idim. O, gözləri ilə gözümə baxıb alnını alnıma dirədi, sonra palçıqlı çiynimdən öpdü və soruşdu: – İtkimiz yoxdur ki? – Yox, hər şey qaydasındadır. – Oğulsan. Mən sizin sağ qalmağınız üçün böyük məsuliyyətin altına girdim, – dedi və əlindəki qətifəni mənə uzatdı. – Üz-gözünü qurula, isti çay iç və dincəl.
O, bütün qrup üzvlərini eyni səmimiyyətlə, eyni doğmalıqla qarşıladı.

Sonra mən ondan kim olduğunu soruşdum. O qədər sadə və səmimi idi ki, gülümsəyərək dedi: – Mən bu hərbi hissənin komandiriyəm, sizin də qardaşınız.
Adım Raqufdur…

Bu, həmin Raquf Orucov idi.

Səmimi deyirəm, bəzən işğaldan azad olunmuş ərazilərdə ilk dəfə ayaq basdığım yerlərdə elə bilirəm onunla göz-gözə gəlirəm. O, əsl qəhrəman idi. Vətəni canından çox sevirdi. Bunu sübut etmək üçün yox, yaşadığı amalın həqiqət olduğunu dünyaya çatdırmaq üçün 2016-cı ilin Aprel döyüşlərində şəhadətə ucaldı.

Haqqın ödənilməz qəhrəman qardaşım.

Məlumatı hazırladı: Elgün Gəncimsoy

Elgün Gəncimsoyun digər yazıları

RAQUF ORUCOV HAQQINDA YAZILAR

Xalqın qəhrəman oğlu – polkovnik-leytenant Raquf Orucov – Ağdam (1972)

ORDUNU QURANLAR
Bu insanların Ordu quruculuğu və formalaşmasında əməyi danılmazdır.
Torpaqlarımızın qorunması və
ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş silahdaşlarımiza Allah rəhmət eləsin.

1993 cü il – Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbi – Bakı şəhəri

Bu şəkildə olanlar ilk kəşfiyyatçı kimi təhsil alan kursant yoldaşlarımızdir.
Şəkildə qəhrəman silahdaşim Raquf Orucovda
var.

Şəhid qardaşımız Raquf Orucovun döyüş yoluna nəzər salsaq, onun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduğunu görərik.

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub.

Erməni işğalçılarının Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid olub. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsə də, 1993-cü ilin 12 iyun tarixində Ağdam rayonunun Cinli kəndi işğal edilib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub.

Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul ola bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və növbəti il həmin məktəbə qəbul olub. Onun şərəfli hərbçi həyatı anasının qisasını ermənilərdən almaq niyyəti ilə başlayıb.

Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub, Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. 1995-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edib.

2016-cı ilin aprel ayının əvvəlində polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb. Aprelin 5-də polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.

Raquf Orucov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, 1998-ci ildə “Hərbi xidmətlərə görə”, 2003-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” II dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” I dərəcəli, 2016-cı ildə “İgidliyə görə” medalları ilə təltif edilib.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Ehtiramla, Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

RAQUF ORUCOV HAQQINDA YAZILAR

Qəlbin yaddaşı və xalqın nəfəsi – Asif Yusifcanlın bayatıları haqqında – oxu

Qəlbin yaddaşı və xalqın nəfəsi
(Asif Yusifcanlının bayatı dünyası)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Asif Yusifcanlının bayatıları olacaq (səh. 8-10).
Azərbaycan ədəbiyyatının ən qədim və ən saf poetik formalarından biri olan bayatı, xalqın min illərdən bəri süzülüb gələn dərdini, sevincini, fəlsəfəsini və mənəvi yaddaşını özündə daşıyan söz incilərindəndir. Asif Yusifcanlının “Qəlbimin səsi” kitabında yer alan bayatılar da bu ənənəni müasir dövrdə yaşadan, xalqın milli kimlik ruhunu qoruyan, milli-mənəvi dəyərlərdən qidalanaraq kökündən qopmayan parlaq nümunələrindəndir. Bu bayatılar təkcə şairin fərdi duyğularının ifadəsi deyil, həm də xalqın taleyindən, zamanın sarsıntılarından, insanın mənəvi sınmalarından xəbər verən ümumiləşdirilmiş poetik fəryaddır.
Kitabdakı bayatılarda ilk nəzərə çarpan cəhət yanğın (yanğı) motividir.
“Baxıram ki, daş yanır,
Torpaq yanır, daş yanır”

misralarında yanmaq təkcə fiziki odun təsviri deyil; burada torpağın da, daşın da yanması xalqın yaşadığı tarixi ağrıların, sosial və mənəvi sarsıntıların metaforasıdır. Şair bu yanğını konkret bir səbəblə məhdudlaşdırmır, əksinə, onu ümumbəşəri bir hala çevirir: od vuran bilinmir, amma nəticə hər kəs üçün eynidir – “quru qalar, yaş yanar”. Bu isə ədalətsizliyin, günahsızların zərər görməsinin dərin poetik ifadəsidir.
Bayatılarda yurd və el anlayışı xüsusi yer tutur.
“Əziziyəm bu eldə,
Bu mahalda, bu eldə”

deyən şair elə bağlılığını yalnız coğrafi anlamda deyil, mənəvi məsuliyyət kimi təqdim edir. Burada namus, qeyrət, vicdan anlayışları elin ölçü vahidinə çevrilir. “Qeyrətsizin başından, namus baha bu eldə” misrası təkcə keçmişin deyil, bu günün də ictimai mənzərəsini düşündürən publisistik bir hökm təsiri bağışlayır.
Asif Yusifcanlının bayatıları ana obrazı üzərindən milli faciəni daha da dərinləşdirir.
“Anamın baş yaylığı
Qoymadı qan tökülə”

misrasında ana təkcə doğma bir varlıq deyil, həm də sülhün, mərhəmətin, həyatın simvoludur. Ananın yaylığı qanla ölüm arasında sipərə çevrilir. Bu obraz Azərbaycan folklorunda ana müqəddəsliyinin və qadın mərhəmətinin ən saf təcəssümüdür.
Bayatılarda ölüm və itki motivi də kədərli bir axarla davam edir.
“Qardaş yerin boş gördüm,
Yer başıma dolandı”

misraları oxucunu fərdi dərddən çıxarıb kollektiv faciəyə aparır. Qardaş itkisi burada tək bir insanın ölümü deyil, bütöv bir nəslin, bir dayağın yox olmasıdır. Bu cür misralar bayatını sadə xalq şeiri çərçivəsindən çıxarıb, onu yüksək emosional və fəlsəfi mətnə çevirir.
Diqqət çəkən mühüm məqam isə şairin ümidsizliyi etiraf etsə də, təslim olmamasıdır.
“Ümidlərim puç oldu,
Gəlməyəydi belə yaz”

misralarında insan taleyə giley edir, amma bu giley sükutla bitmir. Bayatıların ruhunda gizli bir dirəniş, iç yanğısından doğan mənəvi müqavimət hiss olunur. Şair dərdi söyləməklə onu aşmağa çalışır – bu isə sözün şəfa gücünə olan inamdır.
Ümumilikdə, Asif Yusifcanlının “Qəlbimin səsi” kitabındakı bayatılar xalq ruhunun güzgüsü, zamanın mənəvi hesabatı və insanın iç dünyasının poetik xülasəsidir. Bu bayatılar oxucunu həm köklərinə qaytarır, həm də bugünkü cəmiyyətin ağrıları ilə üz-üzə qoyur. Sadə görünən dörd misralıq formanın içində böyük bir xalqın tarixi, dərdi, vicdanı və ümidi yaşayır.
Bu mənada, Asif Yusifcanlının bayatıları yalnız oxunmur – dinlənilir, hiss olunur və yadda qalır. Onlar doğrudan da şairin deyil, qəlbin səsidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

26.12.2025. Balakən.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

YAQUB SƏMƏDLİ (1963)

YAQUB SƏMƏDLİ
Səmədov Yaqub Abbasqulu oğlu (Yaqub Səmədli) 1963-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Hal-hazırda ADPU-nun Ağcabədi filyalında tarix fənni üzrə müəllim işləyir. Tarix üzrə fəlsəfə doktorudu. Ədəbiyyatı, şeir yazmağı sevir. Müntəzəm olaraq şeirləri mətbuat orqanlarında çap olur. 2024-cü ildə KİV tərəfindən “Zəfər” medalı ilə təltif edilib. İki kitab müəllifidir. Bir neçə fəxri fərmanla təltif olunub.

YAQUB SƏMƏDLİ HAQQINDA

YAQUB SƏMƏDLİNİN DİGƏR YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“5/5”-dən “99” gedən yolda qoşa “6”dayanacağı – təbrik!

ŞƏKSƏN İKİNCİ YAZI

ASİF MƏRZİLİNİN DOĞUM GÜNÜDÜR!

Bəzən insanları tanıtmaq üçün uzun-uzadı bioqrafiyalara, titul və vəzifə siyahılarına ehtiyac qalmır. Çünki elə insanlar var ki, onların kimliyi illərlə qoruduqları mövqe, dəyişmədikləri xarakter və sarsılmayan mənəvi dayaqları ilə ölçülür. Təzadlar” qəzetnin və “Tezadlar.az saytının baş redaktoru, Azərbaycan Mətbuat Şurasının üzvü, publisist, yazıçı, jurnalist Asif Mərzili məhz belə insanlardandır.
Tanınmış qələm adamlarından açıq sözlü jurnalist Elman Eldaroğlu təxminən bir neçə dəqiqə əvvəl Asif Mərzilinin doğum günü münasibətilə yazdığı (Elman Eldaroğlu təbrik edir) təbrikdə qeyd edir ki, əgər bu ölkədə rəsmi siyasi strukturlardan kənar, amma mənəvi çəkisi, ictimai dəyəri olan bir birlik – şərti olaraq “Yaxşı İnsanların Partiyası” yaradılsaydı, həmin partiyanın üzvləri vəzifəsinə, imkanına, səs-küyünə görə yox, mərdliyinə, dürüstlüyünə, xeyirxahlığına görə seçilsəydi, şübhəsiz ki, Asif Mərzili o siyahıda ilk sıralarda yer alardı. Çünki o, yaxşı insan olmağı həyat tərzinə çevirmiş nadir adamlardandır.
Hətta mətnlə birlikdə təqdim olunan fotoda da bu keyfiyyətlər aydın sezilir. Sadə, amma ləyaqətli duruş, özünə və peşəsinə hörmət edən baxışlar, arxa planda Azərbaycan bayrağı – bütün bunlar bir jurnalistin təkcə peşəkar kimliyini deyil, həm də vətəndaş mövqeyini ifadə edir. Bu, karyera naminə əyilənlərin deyil, söz naminə dik duranların duruşudur.
Asif Mərzili jurnalistikada “alçalaraq yüksəlmək” yolunu seçməyənlərdəndir. O, zamanın axarına uyğun mövqeyini dəyişən, gündəmin küləyinə yön alanlardan olmayıb. Əksinə, öz iradəsi, öz mövqeyi, öz sözü olan şəxsiyyət kimi tanınıb. Bu gün onun haqqında deyilən xoş sözlər təsadüfi rəğbətin yox, illərin sınağından çıxmış hörmətin nəticəsidir.
Yanvarın 9-u jurnalist Asif Mərzilinin 66 yaşı tamam olur. Bu yaş sadəcə təqvim rəqəmi deyil; bu, peşə yolu, insanlıq imtahanı, vicdanla qazanılmış uğurlu nəticə – etibarın simvoludur. 66 il – sözün ağır vaxtlarında susmamaq, doğru bildiyini demək, insan olaraq qalmaq deməkdir. 66 özü Elman Eldaroğlunun, mənim və bu günə qədər  yazılmış, hələ nə qədər də yazılacaq sicilləmə yazıların sözündən çox anlam ifadə edir. Məncə,  bu qoşa “6” qonşu kənd olan Mərzilidə ibtidai sinif müəlliminin balaca Asifə verdiyi “5/5”-in sadəcə bir mərtəbə yüksəyidir. Şübhəsiz ki, Asif müəllim özü də arxaya baxanda (ələxsus nəzərə alsaq ki, əsas hissəsi müstəqillik illərinə düşür) təəssüflənmir, ancaq düşünür ki, daha çox iş görmək olardı… Asif müəllim, arzu edirəm ki, Tanrı Sizə qoşa “9” nəsib etsin – bütün xəyallarınız gerçək olsun İnşəAllah! Xəyallarınızdakı Azərbaycanı görmək Sizə qismət olsun! Var olun! Allah Sizi qorusun! Çox dəyərlisiniz!
Bu gün Sizə ünvanlanan təbriklər sadəcə bir doğum günü arzusu deyil, həm də bir mövqeyin, bir ömür yolunun dəyərləndirilməsidir. Sizə  möhkəm can sağlığı, uzun ömür, dəyişməz mövqeyinizdə mətin olmağınızı və ulu Tanrıdan bu günə qədər çəkdiyiniz zəhmətin mükafatını görməyinizi arzu edirəm!
Çünki Sizin kimi insanlar cəmiyyətin görünməyən dayaqlarıdır. Yenə Elman Eldaroğlunun sözünə qüvvət: Sizin kimi şəxslər tribunaya çıxmadan da söz deyə bilən, rütbə daşımadan da nüfuz sahibi olan insanlardır.
Yeni yaşınız mübarək olsun, ASİF müəllim!

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

ASİF MƏRZİLİNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÖZÜN YOLUNDA, VƏTƏNİN YANINDA — ZAUR USTAC

SÖZÜN YOLUNDA, VƏTƏNİN YANINDA — ZAUR USTAC

(Zaur Ustacın doğum gününə – 2026)
Bəzi ömürlər təqvimdə bir tarixlə başlayır, amma xalqın yaddaşında bir yol kimi davam edir. 8 yanvar məhz belə bir yolun başlanğıcıdır. Bu tarix müasir Azərbaycan ədəbiyyatının, publisistikasının və milli düşüncə mühitinin tanınmış simalarından biri — Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, şair, yazıçı, publisist, nasir, naşir və tərcüməçi Zaur Ustacın doğum günüdür.
Bu gün təkcə bir insanın deyil, sözə xidmət etmiş bir taleyin, qələmə sədaqət göstərmiş bir ömrün bayramıdır.
Zaur Ustac yaradıcılığı ilk növbədə məsuliyyətli söz anlayışı ilə seçilir. Onun şeirlərində romantika ilə vətəndaşlıq, lirika ilə publisistika, fərdi ağrı ilə milli yaddaş üzvi şəkildə qovuşur. O, sözü bəzək üçün deyil, həqiqəti demək üçün yazan qələm sahiblərindəndir.
Onun poetik dünyasında:
-Vətən yalnız coğrafiya deyil, qanla, yaddaşla yazılmış taledir;
-Tarix sadəcə keçmiş yox, bu günün vicdan sınağıdır;
-İnsan obrazı isə ideallaşdırılmış deyil, real, ağrılı, məsuliyyətli varlıqdır.
Bu xüsusiyyətlər Zaur Ustacı müasir ədəbiyyatımızda fərqləndirən əsas cəhətlərdəndir.
Zaur Ustacın publisistik fəaliyyəti onun yaradıcılığının ən fəal, ən döyüşkən sahələrindən biridir. O, hadisələrə kənardan baxan müşahidəçi deyil, mövqeyi olan ziyalıdır. Yazılarında milli məsələlər, tarix, dil, kimlik, müharibə və mübarizə mövzuları əsas yer tutur.
Onun publisistik məqalələri:
-oxucunu rahatlatmır, oyadır;
-hadisələri ört-basdır etmir, adını çəkir;
-tərəfsiz qalmaq adı ilə susmur, haqqın tərəfində dayanır.
Bu mənada Zaur Ustac publisistikası təkcə informasiya yox, ictimai mövqe məktəbidir.
Zaur Ustacın həyat yolunda mühüm və qürurverici bir məqam da onun qazi – müharibə veteranı olmasıdır. Bu fakt onun yazdıqlarına əlavə süni pafos deyil, daxili həqiqət qazandırır. Çünki o, Vətəni yalnız yazan deyil, qoruyan, yalnız tərənnüm edən deyil, yaşayan insanlardandır.
Bu təcrübə onun yaradıcılığında:
-müharibə mövzusunu şüarçılıqdan uzaqlaşdırır,
-ağrını saxtalaşdırmadan təqdim edir,
-qəhrəmanlığı mifləşdirmədən, insani ölçüdə göstərir.
Zaur Ustac təkcə yazan deyil, yazılanı yaşadan, ədəbi prosesə xidmət edən ziyalıdır. Onun naşirlik fəaliyyəti, gənc qələm sahiblərinə verdiyi dəstək, tərcüməçilik işi ədəbi mühit üçün mühüm töhfələrdir. Bu, fərdi uğurdan çox, ictimai məsuliyyət nümunəsidir.
8 yanvar — Zaur Ustacın doğum günü bizə bir daha xatırladır ki, söz adamı olmaq sadəcə yazmaq deyil. Bu, mövqe, məsuliyyət, vicdan və cəsarət tələb edir. Zaur Ustac bu dəyərləri ömrü və yaradıcılığı ilə təsdiqləyən söz adamlarındandır.
Bu əlamətdar gündə ona:
-möhkəm can sağlığı,
-tükənməz yaradıcılıq enerjisi,
-sözünün daim ünvanına çatmasını,
-qələminin haqqın tərəfində qalmasını arzulayırıq.
Doğum gününüz mübarək olsun, Zaur Ustac!
Sözünüz yaşasın, yolunuz açıq olsun!

Müəllif: Leyla Mahirqızı,

Other articles by Leyla

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Rəfail Tağızadə – Yerin durna qatarı

Yerin durna qatarı

Uzaqdan görünən ağ binalar yerin durna qatarına bənzəyir.
Yoxluğu da varlıq kimi görünən, adamı özünə maqnit kimi çəkən, görənlərin, tanıyanların ayrılmaq istəmədiyi Ağdam.

Qoynunda tarix yatan, ilk məskəni Ağdamın Sofulu (Boyəhmədli icra nümayəndəliyi) kəndindəki hündür təpədə – Gavurqalada (Govurqalada) yerləşən -Alban çarının Yay İqamətgahı sayılan Aquen şəhərindən götürən – ərəb tarixçilərinin 1357-ci ildə yazdıqları “Səyahətnamə” kitabında Ağdam olaraq təqdim olunan Ağdam şəhəri. Bu hələ ilk mənbə deyil.
Bərdədən hündürdə yerləşdiyinə görə bu qala şəhər məşhur dilçi alim Mahmud Kaşğarlının “Divanü lügat-it-türk” (Türk dillərinin sözlüyü) əsərində ağ sözünün yuxarı mənasında, yəni “Usa qala”, “Yuxarı qala”, məşhur alim, rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartoldun və bir neçə alimin Ağdam ərazisində apardığı araşdırmalarda Ağdam ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biri olması qənaətindən sonra gəldikləri yekdil qərara görə – Ağdam – Ağ Adəm, İlk İnsan mənasın verir.

Gavurqaladakı Ağdam şəhəri batandan sonra Sofulu kəndindən 16 km-lik məsafədə – bugünkü yerində təzədən salınıb.

Bu gün Ağdam öz içindən yenidən dirilir.
488-ci ildə Gavurqalada çağrılan Aquen məclisini qəbul edən şəhər, indi burda Dövlət Başçılarını qəbul edir. 1402-ci ildə qonağı Temurləng olan Ağdamın burdakı qonaqları Türk Dövlət Başçılarıdır.
Xatirələri an-an xatırlanan, ümidləri çiçək açan, dilsizi dilləndirən, dost üçün əsən, düşmənə qənim kəsilən Ağdam. Səndə hamı tanımadıqları ilə də doğması kimi görüşür. Bu, müqəddəs yerlərin xüsusiyyətidir.
Bilmirsən burda addımmı torpağı qucaqlayır, torpaqmı addımı…
Sənin cazibə qüvvən bambaşqadır.
Səsin səslərdən seçilir, baxışın baxışlardan, adın adlardan, yadın yadlardan. Dost da, düşmən də sənin gücünə bəlli.
Ölüsü də gözəl görünən şəhərim. Səni görənin ruhu dincəlir, ovqatı təzələnir.
Qonaq gələni gedəndə ağdamlı olanım.
Hamıya ev olan şəhərim!
Azərbaycanın bütün ucqar nöqtələri ilə təxminən eyni məsafədə olan Mərkəz şəhərim.
Bu beş ildə beş-beş gözəlləşən, dirilən şəhərim! Ucalan şəhərim – Uca şəhərim.
Sənin haqqında hər kəs sevincini bacardığı formada ifadə edir. Hər sözdə qəlbə yatan, könül oxşayan fikir, düşüncə var. Çünki orda sən varsan.
Bu gün yenə hamı ağdamlıdı. Təzədən ağdamlı olanlar da, qonaqlar da, burdan ötüb keçənlər də.
Var ol, mənim hamını öz əhatə dairəsinə salan şəhərim!
Sükutu danışan şəhərim!
Mənim Baş şəhərim!
Ağappaq Ağdam şəhərim!


20 noyabr 2025-ci il
Ağdam

Müəllif: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Asif Yusifcanlı təltif olunub

Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan Asif Yusifcanlı “Qəlbimin səsi” adlı yeni kitabın nəşrinə görə “Ziyadar” mükafatı ilə təltif olunub.

Yazarlar cameəsi adından Asif müəllimi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

ASİF YUSİFCANLININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Gərəkdir” haqqında yazmaq gərəkdir – Zaur Ustac

Vicdanın ölçüsü – “Gərəkdir” (səh. 11)
Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Gərəkdir” gəraylısı sadə deyim tərzi, aydın fikri və dərin ictimai mesajı ilə oxucunu düşünməyə vadar edən poetik mətndir. Bu şeir yalnız fərdi duyğuların ifadəsi deyil, bütövlükdə cəmiyyətə ünvanlanmış vicdan çağırışıdır.
Şeir ilk misralardan etibarən insanın yaşamaq fəlsəfəsini ortaya qoyur:
“Gəlir hardan gəlir, gəlsin,
Yaşamağa var gərəkdir.”

Burada şair taleyin gətirdiklərinə təslimçilik deyil, yaşamaq üçün iradə və ləyaqət tələb olunduğunu vurğulayır. “Var gərəkdir” ifadəsi maddi imkanla yanaşı, mənəvi zənginliyi də işarələyir. Çünki yaşamaq təkcə nəfəs almaq deyil, halal-harama, doğruya-səhvə diqqət etməkdir.
Asif Yusifcanlı şeirin növbəti misralarında halal anlayışını mərkəzə çəkir:
“Halal vara min bərəkət,
İstəməyən kor gərəkdir.”

Bu misralar xalq hikmətinə söykənir. Halal qazancın bərəkət gətirdiyi ideyası həm dini, həm də milli düşüncənin əsas sütunlarından biridir. Şair burada mənəvi korluq anlayışını önə çıxararaq, halalın dəyərini görməyən insanın əslində ruhən kor olduğunu bildirir. Bu, cəmiyyətin ən böyük problemlərindən birinə – dəyərlərin aşınmasına poetik etirazdır.
Şeirin ortasında (zirvədə) məsuliyyət və vicdan məsələsi daha qabarıq şəkildə təqdim olunur:
“Var düşübsə üç-beşinə,
Dönüb baxsın keçmişinə.”

Əgər belə demək mümkünsə, bu məqam əsl kuliminasiya nöqtəsidir. Burada var-dövlətə sahib olan insanın öz keçmişinə, haradan gəldiyinə, kim olduğuna dönüb baxmasının vacibliyi xatırladılır. Şair oxucunu daxili hesabat verməyə çağırır. Bu misralar sosial ədalət mövzusunu gündəmə gətirir: varlanmaq ayıb deyil, amma varlanma yolunun haramla çirklənməsi faciədir.
Şeirin ən təsirli yerlərindən biri vicdan metaforasıdır (bu məqam “vicdan”ın yerini əzada gəzənlərə mükəmməl bir mesajdır):
“Sağ əliylə sol döşünə,
Döyən kəsdə ar gərəkdir.”

Burada döşə vurulan əl vicdanın səsi, ürəyin çağırışı kimi mənalandırılır. Ar – yəni utanc, xəcalət, məsuliyyət hissi – insanı insan edən əsas keyfiyyət kimi təqdim olunur. Şair açıq şəkildə bildirir ki, vicdanı olmayanın cəmiyyətdə yeri olmamalıdır.
Şeirin finalında isə sosial mövqe və ictimai rəy məsələsi ön plana çıxır:
“Haramını halal sayan,
El içində xar gərəkdir.”

   Bu misralar sərt, lakin ədalətlidir. Haramı halal kimi təqdim edən, cəmiyyətin gözünü boyayan insanların ictimai qınağa məruz qalmalı olduğu vurğulanır. “Xar” anlayışı burada mənəvi iflasın rəmzidir. Şair cəmiyyətin özünü təmizləməsi üçün mənəvi mövqe sərgiləməsinin vacibliyini xatırladır.
   Ümumilikdə, “Gərəkdir” şeiri didaktik olduğu qədər də səmimidir. Asif Yusifcanlı nəsihət vermir, hökm oxumur – o, xalqın dili ilə danışır, xalqın vicdanına müraciət edir. Bu şeir oxucuya sual verir: biz necə yaşayırıq və necə yaşamalıyıq?
   Bu baxımdan “Gərəkdir” yalnız bir şeir deyil, yüksək milli-mənəvi dəyərləri qorumağa çağırışdır. Zaman dəyişsə də, dəyərlər dəyişməməlidir deyən şair, oxucunu halal zəhmətə, vicdanlı yaşamağa, ar-namusla ömür sürməyə səsləyir. Şeirin dili xalq dilinə yaxın olduğu kimi, forması da folklor nümunələri ilə səsləşir. Xalqın istədiyi biçimdə, sevə-sevə qəbul etdiyi tərzdə qələmə alınmış gözəl nümunələrdən biridir. Məhz buna görə də Asif Yusifcanlının bu şeiri bu gün də aktualdır, sabah da aktual olacaq.

27.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|