AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” şeirlər kitabı işıq üzü görüb. Kitab Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin xətti ilə çap olunub.
Şeirlər toplusunun redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Ədəbiyyat İnstitutunun əməkdaşı İbrahim Yusifoğlu, “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri filologiya elmləri doktoru, professor Akif İmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlıdır.
Kitab Azərbaycan musiqisinin qüdrətli sənətkarı, xalq mahnılarımızın və muğamlarımızın bənzərsiz ifaçısı Xan Şuşinskinin “Şuşanın dağları başı dumanlı…” misraları ilə başlayan məşhur mahnısının, zəfər salnaməmizin zirvəsini təşkil edən, mədəniyyət və gözəllik beşiyi Şuşanın işğaldan azad olunması və erməni vandalizmi üzərində tarixi qələbəmizin şərəfinə belə adlandırılıb.
Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusunda qələmə aldığı şeirlərini iki mərhələyə bölmək olar. Əgər Birinci Qarabağ savaşına aid şeirlərdə qəm, kədər, qüssə, həsrət kimi həzin, kövrək hiss və duyğular aparıcıdırsa, İkinci Qarabağ savaşında isə bu hüznlü notlar qəhrəmanlıq, cəsurluq, mərdlik, düşmənə meydan oxumaq kimi mənəvi ucalığa, qalibiyyətə, azadlığa çağırış harayı ilə əvəz olunur və onun əbədiliyinə nikbin bir inam hissləri ifadə edilir.
“Ali Baş Komandanım”, “Qarabağ Azərbaycandır”, “Qələbə ətirli Qarabağdayam”, “Şəhidlər”, “Vətəndir”, “Vətənimdir”, “Azərbaycan bayrağı”, “Torpağımız alınandan”, “Vətən bayatıları”, “Cənnət Qarabağ”, “Vətənimi qorumağa”, “Əsgərə məktub”, “Zəfər marşı”, “Qarabağ haqqında esse”, “Vətən torpağımın şanı, şöhrəti, bax, şair eylədi Vüqar Əhmədi” və s. şeirlərinin hər biri məna tutumu, bədii sənətkarlıq məziyyətləri ilə diqqəti cəlb edir. Torpaqlarımız işğaldan azad olunduğu zaman şairin yazdığı bu şeirlər həm düşündürücü, həm də səfərbəredicidir.
Ulduzların “işığında”. Qəfil başını qaldırıb, ayın nura boyadığı səmaya baxdı. Göy üzünün gözəlliyi göz qamaşdırırdı. Ağappaq pambıq kimi buludların arasında gizlənən ulduzlar, cənnət mələkləri kimi hər tərəfə səpələnmişdilər. Xatirələr “qonağı” idi yenə. Mart yenicə girmişdi. Yazın bihuşedici ətri hiss olunmaqda idi. Qaranquşlar gözə dəyməyə başlamışdı. Qışdan ayrılığa tələsən ağaclar öz cücərtilərini göstərirdilər. Nərgiz gülünün xoş ətri həyəti bürümüşdü. Yazın gəlişinin müjdəçisi təbiət,həmişəki kimi insanları özünə cəlb etməyi bacarmışdı. – Mətləb? Səsə diksindi. Arxaya çevrilib Nicatı gördü: – Gəl, Nicat, xoş gəldin. -Hamı yatıb, mənim yuxum gəlmədi. Dedim bir az hava alım. Sən nə yaxşı yatmamısan? – Mənim də yuxum gəlmək istəmədi.- deyib Mətləb gülümsündü. Nicatla əmioglu idilər. 2-3 gün olardı ailəsi ilə qonaq gəlmişdi. Şəhərdən kəndə gəlib istirahət etməyin ləzzəti bir ayrıdı axı. Nicat onun yanında oturdu. Bir müddət sakit dayandılar. Sükutu Nicat pozdu: – Görürsənmi, göy üzü nə gözəldi? – Hə, Nicat. – Şəhərdə ulduzlar bu qədər görsənmir. – Onlar bizim ulduzlardı. Şəhərdə niyə görsənsinlərki?.- deyə Mətləb zarafat etdi. – Nicat? – Bəli, Mətləb. – Bayaqdan xatirələrə dalmışam. İstəyirəm keçmişə qayıdam. Nicat anladı ki, Mətləbin yaraları təzələnib. İstədi məsələdən uzaqlaşa, maraq həmişəki kimi “qələbə” çaldı. -Ehh. -Ahın dağlara, qardaş. Mətləb gözünü göy üzünə dikib xəyallara daldı. Bir müddət keçdikdən sonra danışmağa başladı. – Məktəb illərim yadıma düşüb, ay Nicat. Bilirsən də oxumağa marağım nə qədər böyük idi. Atam mənim həyatımı məhv etdi. Qoymadı sevdiyim sahənin dalıyca gedəm. Arzumu bilən kimi: – Bircə artistim çatmır. Özünə iş tap deyib məni həvəsdən saldı. – Bilirsən, Nicat o qədər çox həvəsli idim ki… O vaxt kəndə teatr gələrdi. Bizdə sevinə- sevinə gedib baxardıq. Artistlər rolları o qədər təbii oynayırdılar ki, adam tamaşanın bitməsini istəmirdi. Mən də onlara baxıb həvəslənirdim. Məktəbdə qısa səhnəciklər göstərərdik. Baş rolları mənə tapşırardılar. Özümü lap kino artisti kimi hiss edirdim. Hələ də müəllimlərim məni görəndə istedadımı itib- batdırdığıma görə heyfislənirlər. – Nə deyək, qanadı qırılmış taleyə? Nicatın siqaretinin tüstüsünə uzun-uzadı baxan Mətləb gözündən qeyri-adi axan yaşı sildi. -Mətləb, bir sual verim incimə. – Buyur, qardaş. – Əmimi müalicə etdirə bilmərik? Mətləb başını buladı. – İndən belə onun müalicəsi nəyi dəyişəcək? Bizim hamımıza müalicə lazımdı. Hamımızın həyatını məhv etdi. -Bilirəm, Mətləb, bilirəm. -Onu bu vəziyyətə gətirənə nə deyim? – heç nə qardaş, deyiləsi nə varki? -Nicat, vallah mən onu qınamıram. O zəhirmara qalmış içki onun həyatını, daha doğrusu bizim həyatımızı qaraltdı. -Yadımdadı, uşaq idik. Heç vaxt yadımdan çıxmaz. Həyətdə uşaqlarla oyun oynayırdıq. Birdən bizim evdən səs gəldi. -Mətləb, bəlkə danışmayasan. Narahat olursan. Onsuzda hamı bilirki, o dəhşətli acını uşaq vaxtı yaşamısan. Bir qədər susan Mətləb: -Danışacam. İllərdi ürəyimi “deşən” sirri danışacam. Səsi titrəyən Mətləb Nicatdan bir siqaret istədi. Başını göyə qaldırıb ulduzları saydı. – 1,2,3,4… 10.. Həmən gündə belə idi . Ulduzlar barmaqla sayıla biləcək qədərdi. – Hə, onu deyirdim axı, səs küyə evə qaçdım. Onsuzda evimizdə xoş gün yox idi. Ürəyimiz səksəkədə idi. Atam o zəhirmarı içən kimi şirə dönüb hücum edirdi bizə, əsas da mamama. Anam qabarlı, zəhmətkeş əllərini qabağa verib bizi qorumağa çalışırdı. Amma nə fayda? Yumruqla anamı vurduqca, yerə yıxılır, yenidən qalxıb bizi qucaqlayırdı. Demək olarki, mən anamın üz- gözünü heç vaxt qaraltısız görməmişdim. -Mətləb, bəs niyə anan atandan ayrılmırdı? – Elə bilirsən, asan idi? Ayrılacam deyən kimi atam balta gətirib qoyurdu stolun üstünə. Deyirdi həmən günü bax bununla heç kimə lazım olmayan başını kəsəcəm. O da yazıq susub dururdu. Sonralar nənəmdən eşitdim ki, anam biz yetim qalmayaq deyə ayrılmırmış. -Anam çox əziyyət çəkdi, Nicat. -Mətləb, bilirəm sənin üçün də çətindi. Lamiyə əmidostumun birdən- birə yoxa çıxması illərdi ürəyimizdə bir yaradı. Mətləb başını aşağı saldı. Nicata sezdirmədən gözlərindən axan yaşı sildi. -Günahkar mənəm, Nicat. -Mətləb, elə demə. – Nicat, əslində hər şey bildiyin kimi deyil. Söz ver, bu sirri heç kimə açmayacaqsan. – Mətləb, yat dincəl, çox gərginsən. – Yox, illərdi ürəyimi deşib, çölə çəxmaq istəyən “ dərdi” azadlığa buraxmalıyam. Bu gecə ulduzlar buludların arxasından boylanıb, danış deyə mənə dəstək olurlar. Mənim şahidimdi o ulduzlar. Həmən gecədən 12 il keçir. Atam yenə də içkili gəlmişdi evə. Əslində içkinin ona bu qədər güc verdiyinə hələ də inana bilmirəm. Həyətə girən kimi səs-küy qalxdı: – Çölə çıx, bu gecə sənin son gecəndi. Sözləri başa düşmək çətin olsa da, hədə dolu olduğu açıq- aydın görsənirdi. Anam yazıq, büzüşüb yumağa dönmüşdü. Divara qısılıb əlləri ilə üzünü qapamışdı. Atamda ona qarşı bu qədər kin nifrəti yaradan səbəbin nə olduğunu bilmirdim. Atamın səs küyü yavaş- yavaş azalmağa başladı. Çox sevindik. Bir az keçmədi evin qapısı səssizcə açıldı. Atam başını içəri salıb, bizə nəzər yetirdi. Anamı səslədi: -Lamiyə, uşaqları yatır gəl, səninlə işim var. Anam robort kimi ayağa qalxıb, yerlərimizi açmaq üçün yataq otağına keçdi. Atamın birdən- birə dəyişməsinin səbəbini anlaya bilmədim. Amma nə gizlədim, çox sevindim. O gecə qəribə bir yuxu gördüm. Yuxunun təsirindən hələ də çıxa bilmirəm. – Anam məni köməyə çağırırdı. Böyük bir gölə düşmüdü. Boğulmaq üzrə idi. Məni nə qədər haraylasa da, ona cavab verə bilmirdim. Səsim batmışdı. Qorxudan tir- tir əsirdim. Gölün yanında durub, gözləri bərəlmiş halda ona baxırdım. O isə çabalaya-çabalaya nəsə deyirdi. Birdən var gücü iıə qışqırdı: -Mətləb, məni xilas et. Mən gölün lap yaxınlığına gəldim. Əlimi uzatmaq istəyəndə kimsə əlimdən tutub məni geri çəkdi. Atam idi. Yuxudan dəli kimi ayıldım. Suyun içində idim. Ətrafa baxdım. Sakitçilik idi. Ayağa qalxıb aynabəndə keçdim. Keçməz olaydım. -Mətləb, sakitləş. -Yox, qardaş, necə sakitləşə bilərəm? İllərdi bu acını təkbaşına yaşayıram. Aynəbənddən mətbəxə keçib su içmək istəyirdim. Qaranlıqda gözüm ayağımın altını görmürdü. Hamı yatdığı üçün işığı yandırmaq istəmədim. Elə bu anda xırıltı eşitdim.Fikir vermədim. Yəqin atamdı deyib keçib getmək istədim. Bir tərəfdən yuxunun təsiri, bir tərəfdən evdəki vəziyyət məni keyləşdirmişdi. Birdən ayağım nəyəsə ilişdi. Şappıltı ilə üzüstə yerə yıxıldım. Xırıltı get- gedə azalırdı. Birtəhər ayağa qalxıb işığı yandırdım. Gözlərim kəlləmə çıxdı. -Nicat, bilsən nə gördüm? Görməz olaydım. -Nə, Mətləb? Mətləb qışqıraraq ağlamağa başladı: -Mənəm günahkar, mənəm! – Özünə gəl, Mətləb. Sən nə edə bilərsənki? – Soruşmadın axı nə gördüm? – Toparlan, danışarsan. Mətləb siqarət yandırıb, tüstüsünə ” büründü”. Yenidən ulduzlara baxıb köks ötürdü. -Hə, Nicat, bəzi şeylər varki sən nə qədər çabalasan da vicdan əzabında ” boğularsan”. İşığı yandırandan sonra arxaya çevrildim. Gördüklərim məni yerimdəcə dondurdu. -Anam yuxarıdan asılı vəziyyətdə sallanırdı. Ayağının altındakı stol qıraqda idi. Ən çox sevdiyi, anasından qalan kəlağayısı ilə özünü asmışdı. Nicat gözlərini bərəldib Mətləbə baxırdı. -Mətləb, sən nə danışdığının fərqindəsən? Yuxu görmüsən deyəsən? Lamiyə əmidostu itgin düşüb, özündə bilirsən, bəlkə bir xəbər çıxacaq? – Nicat, mən nə danışdığımı yaxşı bilirəm. Anam həmən gecə həyatın boyunduruğunu boynuna dolamışdı. Onun bu qədər aciz olduğunu ağlımın ucundan belə keçirtməzdim. Bizi tərk edib necə gedə bilərdi axı? Nicat qorxmağa başlamışdı. Mətləbin danışdıqları dəhşət saçırdı. Əgər doğurdanda Lamiyə əmdostu ölübsə, nədən illərdi onun itgin düşdüyü deyilir? Atasının son zamanlar dediyi sözü xatırladı; – Bala, mənim bu Nəsibdən gözüm su içmir. Lamiyənin heç adını çəkmir. Hamı bir ağızdan: – Onun içkidən başı açılır ki, kimsə yadına düşə? – dedi. Atası başını buladı. – Deməkki işin içində iş varmış. Fikirli- fikirli Mətləbə baxdı. Mətləbin rəngi “ qaçmış” dı sanki. Ağır- ağır nəfəs alırdı. – Ay Mətləb, sənə noldu? – Heç ay Nicat. Bilirsən, mən niyə artist olmaq arzusundaydım? – Niyə? – Bədbəxtlik saçan həyatımı “xoşbəxtlik” adlı adada “ yaşadardım”. -Mətləb, danışdıqların doğrudu? – Qulaq as, nələr olduğunu bilsən mənə nifrət edərsən. Kaş o gün mən öləydim. – Elə demə, Mətləb. – Hə, anamın intiharı məni dəliyə çevirmişdi. Nə edəcəyimi bilmirdim. Qaçıb atamı çağırmalı idim. Əsərin qəhrəmanı heç nə olmamış kimi yerində yatmışdı. Nədənsə mənə elə gəldi ki, o oyaqdı. – Otağa daxil olub qışqırmağa başladım. -Aaaanam özüüünü aaasıb. Kəkələyə-kəkələyə dediyim sözlərə atam biganə şəkildə reksiya verdi. Otağa keçib anamı qucağına götürüb deyinə- deyinə yerə qoydu. -Lamiyə, bu nə işdi başımıza açdın? Ölüm çıxış yolu deyildi axı. Atam heç kimi çağırmağa qoymadı. Bacım yatmışdı. Həyətə düşüb, dalınca getmək əmri verdi. Ona görə əmr verdi deyirəm ki, o heç vaxf bizə xoş söz deməzdi. Ya söyər, ya da əmr edərdi. Atamın dalıyca düşüb nələr baş verəcəyini bilmək üçün gedirdim. Atam beli özülə götürmüşdü. Həyətin girəcəyində mal tövləmiz vardı ha, yadındadı, bax burda. Onun yanına çatıb, beli yerə qoydu. Nə etmək istədiyini bilmirdim. Anamın cansız bədənində bərələn gözləri, çölə çıxıb salanan dili gözümün önündən getmirdi. Bir tərəfdən də ata “qorxusu” məni məhv etmişdi. – Oğlum, ( ilk dəfə idi belə müraciət eşidirdim), gəl səninlə bir oyun oynayaq. Dilim əsə-əsə: – Nə oyun?.-dedim. – Sirr saxlama. Sən bu haqda kiməsə nəsə desən mən səni öldürəcəm, yaxud əksinə. – Eşitdin? Qorxa- qorxa hə dedim. Beli götürüb dərin bir quyu qazdı. Qaranlıqda sakitçiliyin vahiməsi basmışdı məni. Düşünə bilmirdim. Səsə diksindim. – Gedək, gətirək. Elə bil məni ildırım vurdu. Dodağımın altında: – Nəyi.-dedim. -Səninlə oyun oynayırıq dedim axı. Cavab vermədim. Evə gedən yol mənə ilə bərabər oldu. Yolboyu o qədər arzu etdim ki, keşkə qayıdıb anamı sağ görəm. Evə necə çatdığımı hiss etmədim. Anamın üzünə baxa bilmirdim. Onun öldüyünə inana bilmirdim. Başının üstündə oturub əlimi üzünə vurdum. Buz kimi soyuq idi. Atam gəlib gözlərini bağladı. Məni uzaqlaşdırıb üstünə ağ parça saldı. Bir müddət mənə, sonra anama baxıb; -Axır ki, ağıllandın dedi. Sözün kimə aid olduğunu anlaya bilmədim. Sonra mənə fənəri yandırıb evdən çıxmağı tapşırdı. Fənərin işığında mən qabaqda, o da arxada getməli olduq. Atam anamı arabaya qoymuşdu. Hərdən yorulub dayanır, anamı söyürdü. Güc bəla ilə həmən yerə çatdıq. Atam anamı bir lazımsız əşya kimi quyuya tulladı. O vaxtı ürəyimin içindən bir bağırtı qopdu. Özümü quyuya tullayıb, anamın üstünə yıxıldım. Ayılanda özümü tozun- torpağın içində quyunun kənarında gördüm. Atam əlindəki bellə quyuya torpaq atır, həm anamı, həm də məni söyürdü. Sonra məni yerdən qaldırıb üst- başımı təmuzləyib, sirr oyunu davam edir.- dedi. Heç nə eşidəcək halda deyildim. Bütün bədənim tir- tir əsirdi. Əlimdən tutub evə gətirdi. Qorxudan evə girmək istəmirdim. Çöldə də qala bilməzdim. Hava çox soyuq idi. Birtəhər yataq otağımıza keçib yerimə uzandım. Sonralar eşitdim ki 3 gün yuxudan ayılmamışam. Nicat ona səbrlə qulaq asıb: -Bəs indiyə kimi niyə kimsəyə heç nə demədin? Sirr oyununun cəzası baltayla ölüm idi. Qorxurdum. Atam hamıya: – Lamiyə evdən qaçıb dedi. Hər kəs də inandı. Çünki atamın işgəncələri dözülməz idi. Anamın bədənində söndürülmüş siqarətin, basılan şişin izləri bir nişanə idi. – Nədən əmim bu qədər nifrət dolu imiş görəsən? -Sonralar hər şeyi öyrəndim, Nicat. – Sakitləş, qardaş, sonra danışarsan. -Bir fincan su gətirərsən? -Yaxşı, Mətləb. Nicat gedəndən sonra Mətləb üzünü əllərinin arasına alıb, gözlərini yumdu. O gecəni xatırlayıb qeyri-ixtiyari yellənməyə başladı. Nicat suyu gətirib Mətləbə uzatdı. Mətləb birnəfəsə suyu içib davam etdi: – Hə, Nicat, anamı basdırdığım yerə gedə bilmirdim. Elə bilirdim ora gedən kimi anam duracaq məni danlayacaq, küsəcək, ağlayacaq. Atam öz işində idi. Elə bil evdə belə bir hadisə olmayıb. Məni hədələməyindən də qalmırdı. İllərlə belə bir tufanı içimdə yaşatdım. Bu gün artıq dözə bilmədim. – Bayaq demişdin atanın anana nifrətinin səbəbini bilirsən. – Hə Nicat, sən demə cavan vaxtlarda atam anamı dəlicəsinə sevirmiş. Anamın ona qarşı istəyinin olmadığını bilən atam inadından əl çəkmiyib. Hər gün elçi göndərən atamın geri çəkilmədiyini görən anamın valideyinləri bu məsələyə razı olublar. Anam atamı heç vaxt sevməyib. Bu da atamda ona qarşı şübhələr yaradlb. Bu məsələ şübhədən nifrətə, nifrətdən ölümə qədər uzanıb. >>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<< -Ananın intihar məsələsi nəsə qəribə gəldi. O çox dözümülü qadın idi. Birdən- birə nə baş verə bilərdi, ananı son yola əl atmağı üçün? – Nicat? – Bəli. – Mən çox sonralar hər şeyi olduğu kimi öyrəndim. – Yəni? – Anam ölmüyübmüş, öldürülübmüş. – Sənə nə olub Mətləb – Nicat, onu atam öldürübmüş. Şübhə yaratmamaq üçün səhnəciyi qurubmuş. Deməli anam Həsrət əmimlə evlənməyə hazırlaşırmış. Əmimlə bir- birini çox sevən cütlüyün atamın hisslərindən xəbəri yox imiş. Atamın anama etirafından sonra, əmim ondan kiçik olduğu üçün, həmçinin atamdan qorxduğu üçün geri çəkilib. Əslində atamda bu məsələdən bixəbər imiş. Ailə qurandan sonra anam onu sevmıdiyini, məcbur olub evləndiyini deyəndən sonra atam ona qarşı qəddarlaşır. Olmazın işgəncələr başlayır. İçki zəhirmara da o vaxtdan qoşulur atam. Anamın intiharı günü isə Həsrət əmi bizə gəlmişdi. Bilirsən o heç vaxt bizə gəlməzdi. Atamı bir az danladı: – Məndən böyük də olsan ay Nəsib, bir az məni dinlə. Yazıqdı axı, o. Olmazın işgəncə verirsən. Uşaqlar da yazıqdı, qorxu altında böyüyürlər. Atam başını aşağı salıb heç nə demədi. Sən demə atam anamın Həsrət əmimə qısqanırmış. Əmim gələn günü anam çıxıb xoşgəlmisən dəyibmiş. Atam deyirki; -Ananın gözlərindəki o işıltını illərdi həsrətin çəkmişdim. Bir dəfə də olsun anan mənə qarşı o sevgiylə baxmayıb. Elə həmən günü planı cızıb, axşam da həyata keçirib. Bir sevgi qığılcımı alova çevrilib anamın ömrünə son qoyub – Bəs bunu hardan öyrəndin? – Atam danışdı. İnan o hələ də peşman deyil. Sirr oyununu pozmamağı bərk-bərk tapşırdı. Amma artıq bacarmıram. İllərdi bu tərəfliyə gəlmirəm. Nicat üşəndi. – Niyə? Olmuya? – Hə, Mətləb, yaxınlıqdakı o təpəcik atamın “məharətinin göstəricisidi”. – Bu gün bu sirri açma səbəbim ulduzlar oldu. Onların “işığında” son dəfə görmüşdüm anamı. Gözəl anamı. – Görürsən, uzaqdan sirrimi ört- basdır edən ulduzlar, illər sonra Sirr oynunu pozdular. Atam qədər,bəlkə də çox,mən günahkaram. Yığ məlumat ver,gəlib aparsınlar məni.
“DƏRDİM, SEVİNCİM” (Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…) I Olmasın, olmasın sənsiz bir günüm, Ancaq qucağında uyuyaram mən. Kimə yetə bilər harayım, ünüm Əgər sən olmasan, ey ana Vətən.
Qdludur torpağın əzəldən, başdan Dağlarda qarın da qığılcım çaxar. Sənin ürəyini döyündürən qan Mənim də qəlbimdən dolanıb axar.
Fikirlər uçdumu uzağı çəkər, Görüb dərdlərini sızlasam əgər Demə uşaq kimi ağlar, kürəm mən.
II
Demə uşaq kimi ağlar, kürəm mən. Sənin çəkdiklərin tarixdə azmı. Sökülən, danılan, dağ çəkdirilən Bir ana övladı de, ağlamazmı?
Çiçəklər içində çiçəyin incə, Nəğmən nəgmələrə ilk cığır açdı. Elə bir ocağa döndü ki, Gəncə Bütöv yer üzünə nurunu saçdı.
Dildən dilə düşdü şöhrətin, adın Çoxları üstünə oynatdı atın. O gündən qaraya tutuldu günüm.
Eh, bir də həyatda deyilki yalan Pis gözə bıçaqdır qiymətli olan Eşit, Azərbaycan, başına dönüm.
III
Eşit, Azərbaycan, başına dönüm, Çiçəklər oxşayar, tikanlar dalar. Yadından çıxıbmı “Məvailər”im… Qiymətli zər kimi oğurlandılar.
Vətən yanğısıdır, Vətən yanğısı, Insan ürəyində dərdin dərini. Bəlkə də dönəndə durna sırası Oxuyur onların nəğmələrini.
Dəyişən dəyişib, qalanlar qalır, Kimi üz çevirib astarın salır. Tarixsə dəyişməz həməndir, həmən.
Pərvanə vurğundur yanarsa şamda, Bəzən qovurlanıb, sızıldasam da Sənin şöhrətinlə öyünürəm mən.
IV
Sənin şöhrətinlə öyünürəm mən Dillərdə əzbərin birmi, ikimi. Saysız övladın var dillərdə gəzən, Həsən oğlu kimi, Nizami kimi
Çoxu çiçək olub öz çəmənində Olana olan tək qiymət verən az. Qarşımda eşmirəm ocağı mən də Sənin çiçəyindən gülündən olmaz.
Düşüb şerləri hey dildən-dilə Sənin Nizaminin hikməti ilə Ilkin açmadımı dünyada bahar.
Azmı çürüyübdür qılınclar qında, Ulu əsrlərin ulu yolunda Qartal duruşun var, qartal adın var.
V
Qartal duruşun var, ulu adın var. Cır meyvə gətirməz cır deyilsə tum. Doğuldun, bələyin oldu dümağ qar Qurdu beşiyini Turan xatunun.
Qəlbinin mayası od idi deyə Oğlun da, qızın da pir bildi odu. Sənin sevincinə, yaşına yiyə, Ağsaqqal seçdilər Dədəm Qorqudu.
Başsız el-obadan əksilməz qada, Ixtiyar sahibi şah olubsa da, Sözü ötən olub ağsaqqalının.
Bir alaq kökündən göyərər mini Necə ki, görmədin Aruz kimini, Başından aşıbdır dövlətin, varın.
VI
Başından aşıbdır dövlətin, varın Var-dövlət daş-qaşdır, qızıldır məgər?! Şerin var bir bəndi fateh şahların Bütöv sərvətinə, zərinə dəyər.
Çox düşüb kəsərdən baş kəsən yaraq, Kəsərdən düşməyib sözün sətiri. Haq sözü daş-qaşdan üstün tutaraq Dahi olmadımı oğlun Xəqani.
Nə olsun çoxları özündən deyib, Həmişə başını aşağı əyib Meyvəli ağaclar, ay gözümə nur.
Keçib qanımıza qəlbindəki köz, Nahaqdan üzünə haqq dediyin söz- Dünyanın özünə çıraq olubdur.
VII
Dünyanın özünə çıraq olubdur. Bir el yolunda da çıraq yandıran. Dilindən köz alıb, dağından qürur Yoluna nur oldu Xətai balan.
Çox tapdaq olmuşdun düşmənə, yada Boynu bükülüydü açan gülün də. Həsrəti qürbətdə zoğ atdısa da Füzuli axır ki, ötdü dilində.
Doğma havasını çalmaq dəmində, Ötə bilərsə də özgə simində…. Daha gözəl ötüb öz simi tarın.
Demə ki, dərd deyil, dərdsə də azdır. Şerini özgənin dilində yazdı Sinəndə göz açan söz sərrafların.
VIII
Sinəndə göz açan söz sərrafların Vaxt olub çiçəkcə anılmayıblar. Dilləri dillərdə ötüb onların, Ancaq haqq yolunda yanılmayıblar.
Fəzlullah Nəimin iki bölünüb, Dözmüsən dərdini sən uda-uda. “Ənəlhəqq” söyləyib Allaha dönüb, Nəsimi – dərisi soyulubsa da.
Tarix canı deyib hər soyan kəsə Ancaq görmüşük ki, soyulan isə Haqqın yollarına şəfəq, nur salıb.
Onunla fəxr edib öyündüm ki, mən- Talanıb, soyulub, danılsan da sən, Çoxunun gözləri əlində qalıb.
IX
Çoxunun gözləri əlində qalıb Baxma ki, çoxları daş atıb sənə . Nadir əsərlərin azmı talanıb, Dönüb özgələrin qiymətlisinə.
Söz də tarix deyil hər yetən dana, Qarğa verə bilməz bül-bül yerini. Məgər çıxmadımı, de öz adına Bodenşted Vazehin nəğmələrini?…
Qələm dediyini deyə bilməz ox, Bu həyat yolundsa çox görünüb, çox, Talayan alçalıb, soyan alçalıb.
Elə soyulmağın dərddimi təkcə, Yox, sənə can atıb yetişmədikcə…. Çoxunu dərd alıb, fikir-qəm alıb.
X
Çoxunu dərd alıb, fikir-qəm alıb, Sən çiçək açdıqca, gətirdikcə bar. Bəzən də illərcə qonağın qalıb, Sənə quyu qazan, tor quran da var.
Yolunda keçsək də, bir, canımızdan, Uyduq neçəsinin əməllərinə. Özümüz sıyrılıb öz qınımızdan, Qırdıq özümüzü düşmən yerinə.
Qeyrət məqamında uduzmuşuq biz- Elə ki, bilinib kəramətimiz, Səni döndəriblər yola, səkiyə.
Sənin çörəyini yeyənlər ki, var, Çox məqam gözləyib, çox göz qoyublar, Qızıl qanını da sorsunlar deyə.
XI
Qızıl qanını da sorsunlar deyə Sərhədlər keçiblər, dağlar aşıblar. Zoru keçməyəndə keçib hiyləyə, Söz verib, and içib “qardaşlaşıblar”.
Eləı ki hiylənin yırtılıb qını, Əvvəl qeyrətini veriblər bada. Dartıb bədənindən şah damarını, əmzik tək əmiblər onu sonra da.
Xəncər qayıdarmı sipər yoxdusa , Övlad ürəyində təpər yoxdusa….. Ay anam, nə xeyri deyilən sözün.
Mənim də öz gücüm çatır dilimə, Ay Vətən, günahkar özünsən demə. Bil, alnın açıqdır, bil, ağdır üzün.
XII
Bil, alnın açıqdır, bil, ağdır üzün. Səndə sınmaz olan duruşa əhsən . Ay elim, ay obam, fikir ver özün, Bu dərdə sənsən ki, tab gətirmisən.
Bir de hansı qartal uça bilərdi Bircə qandıyla zirvə tənində. De, hansı torpaqda çiçək gülərdi Sənin torpağın tək darda, çətində.
Paklıq ələnibdir səndəki oda, Bir gözün həmişə ağlayıbsa da Əsrlər içində gülüb bir gözün.
Baxıb keçmişinə balan kimi mən, Üz tutub deyirəm, inan, ürəkdən Bütövdür yerişin, bütövdür sözün.
XIII
Bütövdür yerişin, bütövdür sözün Belə bir gedişi ariflər anlar. Qaranlıq uçruma bürünsələr də, Büdrəməz heç zaman bütöv olanlar.
Mən də bir övladam yuxusu sərsəm, Taleh gəncliyimlə oynadı oyun. Adına zərrəcə ləkə gətirsəm, Qoy gəlsin burnumdan çörəyin, suyun.
Özümə qənimmiş mənim bu andım…. Ömür yollarında sərtlik qazandım…. Alnımı daşlara hey döyə-döyə. Iki yad ocağa bölünməz bir ev, Ay Vətən, qəlbimdə bütövsən, bütöv, Qəlbini bölsə də Araz ikiyə.
XIV
Qəlbini bölsə də Araz ikiyə, Nəğməni bir tonda çalan tarın var. Üz tutub o taya “Şəhriyar” deyə Səsinə səs verən Bəxtiyarın var.
Bir ağac kökündən söylə bir mənə Iki özgə ağac çıxa bilərmi?! Bir çay əsrlərlə biri-birinə Söykənən dağları yıxa bilərmi?!
Açdım əllərimi qucam mən səni Tikanlı məftillər qoymur birini, Biri də halsızdır başına dönüm.
Təki hürsün itin, yansın çırağın, Təki məndən olsun gələn sorağın, Olmasın, olmasın sənsiz bir günüm.
XV
Olmasın, olmasın sənsiz bir günüm, Demə uşaq kimi ağlar, kürəm mən. Eşit, Azərbaycan, başına dönüm Sənin şöhrətinlə öyünürəm mən
Qartal duruşun var, ulu adın var. Başından aşıbdır dövlətin, varın Dünyanın özünə çıraq olubdur. Sinəndə göz açan söz sərrafların.
Çoxunun gözləri əlində qalıb Çoxunu dərd alıb, fikir-qəm alıb Qızıl qanını da sorsunlar deyə
Bil, alnın açıqdır, bil, ağdır üzün. Bütövdür yerişin, bütövdür sözün Qəlbini bölsə də Araz ikiyə…
Azərbaycan ədəbiyyatında Şərq şeir janrları ilə yanaşı, bir neçə Avropa şeir şəkillərindən də istifadə olunmuşdur. Bu janrların ədəbiyyatımıza kütləvi şəkildə ilk gəlişinin tarixi əsasən XX əsrin əvvəllərindən başlanır. XX əsrin Azərbaycan şairlərindən M.Ə.Sabir, H.Cavid, A.Şaiq kimi söz ustalarının yaradıcılığında mülli şeir formaları ilə yanaşı epiqram, epitafi, parodiya, marş, sonet kimi alınma nəzm biçimlərindən ustalıqla istifadə olunmuşdur.
***
Epiqram-qısa,maraqlı və yadda qalan satirik şeir,həcvdir.
Var aləm ara şöhrəti İslambulun,
Həddən füzun dövləti İslambulun.
Başdan ayağa gözəllərin yığnağı,
Maskov ola bilməz …. islambulun. (S.Ə.Şirvani)
***
Epitafi-qəbir daşı üərində mərhumun əxlaqi xüsusiyyətlərini ehtiva edən bir və ya bir neçə yadda qalan şeir Azər Abdulla.
Akif Mirili üçün epitafi
Uzaqlardan, Mirilərdən gəlmişdi,
Bu dünyada yaxşılığı yaymağa.
Yüz elədi, min elədi, bəlkə çox,
Oğul gərək sonalayıb saymağa.
Azərbaycan oxucularına bu janrlarda yazılmış şeirlərin təqdimatı ən çox milli mətbuat və rus dili dərslikləri vasitəsilə daxil olmuşdur. Onu da deməliyik ki, bu janlara aid Şərq ədəbiyyatından gəlmə nümunələr də var. Azərbaycan ədəbiyyatında onet janrından söz düşəndə Abdulla Şaiqin yazdığı bir sonet yada düşür. Bu sonet “Məktəb məcmuəsi” dərgisinin yeganə nömrəsində (“Məktəb məcmuəsi” dərgisi,1925, N1, səhifə 3 – redaktoru milliyyətcə başqırd olan Şərif Manatovdur. Ş.Manatov -görkəmli partia işçisi, ADPİ-nun rektoru,Xalq Maarif Komissarlıının şöbə müdiri idi). Azərbaycan ədəbiyyatında H.Cavid, C.Cabbarlı, M.Müşfiq və digər şairlər yaxşı sonet yazmağa cəhd göstərmişlər. Sonet ən çox Avropa ölkələrində yayılmışdır. Həcmi 4 bənd olur, birinci və ikinci bəndlərinin hərəsində dörd misra olur. Şeirin sonrakı 2 bəndinin hərəsi 3 misra olur. Qafiyələnməsində müxtəliflik var. Yaranma məkanına və qafiyələnməsinə görə sonetin bir neçə növü var.
Fransız soneti
***
abba abba cdd dd
абба+абба+ввг+дгд
абаб+абаб+ввг+ддг.
абба+абба+ввг+ддг.
İtaliya soneti
***
abab abab sds dsd;
Şekspr soneti
***
abab sdsd efef gg
Dünyada sonet yazan çox olmuşdur: Halyada Yakopo, Padon Antonin, Vilyam Şekspir və başqaları. Abdulla Şaiqin “Centlmen bir xanəndəyə” sərlövhəli soneti fransız soneti növünə aiddir. Qafiyələnməsi abba abba add dda kimidir.
Nədir, nədir o gözəl səsdə titrəyən fəryad
Ki, hər təranəsi ruhumda bir fəğan oyatır?…
O hıçkırıklar , aman kimdən istəyir imdad
Ki, qəlbimin içini hər zaman qanatır..
***
Niçin, niçin dodağından uçan fəğanlardan
İçimdə dalğalanır pək acıqlı duyğu,kədər?..
Niçin, niçin o səni inlətən amanlardan
Önümdə canlanur bir yəğin səfil yüzlər?..
***
Niçin, niçin bu səfil fəğanlar “aman”lar həp anlat,
Zavallı xəlqimizin əksi dərd – ü matəmimi?..
O inlətən səni də ruhimi ya qan ğəmimi?..
***
Unut o keçmişi hayqırma bitsin əfğanlar,
Bir az da gurlasın artıq səsində üsyanlar,
Bir az da nəğmənə qüvvət, bir az da atəş qat!
Uzun müddət Abdulla Şaiqin bu sonetinin kimə həsr edildiyi bilinmirdi. Sonetin ilk dəfə çap olunduğu jurnalda da bu barədə heç nə göstərilməməmişdir. Sonrakı tədqiqattlardan centlmen müğənninin kim olduğu müəyyən edilmişdir. Sən demə, centlmen müğənni Avropanın vokal sənət beşiyində oxuyan Bülbül- Murtuza Məmmədov imiş. Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər.Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Abdulla Şaiqin “Centlmen bir xanəndəyə” soneti bu vaxtlarda,təxminən 1924-cü ilin payızında yazılmışdır. Məzkur -haqqında danışılan sonetin yazılma tarixi üçün əhəmiyyətini nəzərə alıb, Bülbül haqqında məqsəddən xali olmadığı üçün bir bir neçə söz söyləməyi də vacib hesab edirik.Bu, onun musiqi dünyası və centlmenliyi haqqında oxucuya müəyyən məlumatları çatdıra bilər.
Bülbül fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında oynamışdır. Bübül 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasındadərs deməyə başlamışdır.
1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılmışdır. Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənması ilə məşqul olmuşdu. Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranmışdı. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.
1937-ci ildə Moskvada Bülbülün təşəbbüsü ilə Ümumittifaq vokal konfransı keçirildi. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış etmişdir.
Bülbül aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır. Bülbül 1938-1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin müəllifidir.Bülbül Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. Bülbül parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçırılməsinin təşəbbüskarıdır.Bülbül 1940-cı ildə Moskvada çağırılmış Ümumittifaq vokal konfrasında maraqlı məruzə ilə çıxış etmiş və bir sıra mühüm məsələlər irəli sürmüşdür: “Vokal kafedrasında elmi tədqiqat və elmi-metodiki iş aparmağın zəruriliyi, milli müğənnilərin hazırlanması, bütün qardaş respublikalarda Ümumittifaq Teatr Cəmiyyəti şöbələrinin təşkili, SSRİ xalqları yaradıcılığının öyrənilməsi üzrə Mərkəzi İnstitutun yaradılması”.
1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.
1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti idi.
26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Birinci Fəxri Xiyabandadır.
Bu gün “Azərkitab”da tanınmış şair, yazar Kamalə Abiyevanın Şuşa ilinə həsr olunmuş “Torpaq” və “41” adlı kitablarının təqdimatı keçirilib.
Tədbirdə qazilər, şəhid ailələri, millət vəkilləri, oxucular, tanınmış mədəniyyət adamları iştirak edib. Hər iki kitab Qarabağ şəhidlərinə həsr olunub.
Gənc yazıçı Mövlud Mövludun əziz xatirəsinə ithafən…
Bilirsən, Mövlud, Bu insanlar ki var, pafosla danışıb, bir qəpiyə dəyməyən, qarışqa mənəviyyatlı olanları deyirəm, onlar ən qatı cinayətkardırlar… Elədiklərinin fərqinə varmasalar, zaman keçdikcə, həyatın oyuncağına çevriləcəklər … Qısılacaqlar bivecliklərinə, guya fərqlilik axtaracaqlar… Gedəcəklər… Lakin Tanrı çox az insana, fərqli ruh verib … Hansı ki, o həssadı, O, başından dırnağına kimi sadiqlikdən yaranıb… O, vicdanlıdı, O, yeni fincan görəndə belə, 20illik qulpu sınıq fincanını atmır! Elə sənin kimi… Bizlər kimi… Bu dəmdə, sənin 17-ci mərtəbən düşür yadıma… Məhəbbətdən yetim qalan sən, Yerlə göyün arasında, necə hərəkətsiz qaldın axı… Sən cəsarətlisən! Onlar isə qorxaqdı! Qorxaqlar! Hisslərini itirib, məhrumdular hər şeydən… Acdılar mərhəmətə! Bilmirlər ki, fədakarlıq nədir! Bilmirlər ki, körpən böyüyəndə Ona səndən nə danışsınlar!
Mövlud…Mövlud..Mövlud… Nə çox oxşayırmışıq biz… Qorxuram ki, sonumuz da eyni ola… Sadəcə başqa versiyalarda… Bilməyəcəklər nələr çəkdiyimizi Qınayacaqlar, qorxdu deyəcəklər.. Halbuki məlum olmayacaq, hansı cəsarətlə ölümün üstünə getdiyimiz… Danışacaqlar… Danışacaqlar … Və susacaqlar…
Əzizim, Mövlud Çətin də olsa vərdiş etməliyik, Gələnlər dəyişilər… Əvvəl cüzi yalanlar, Sonra başqaları, fərqli mühit Və dizlərini qucaqlayan Bu dünyanın kimsəsizi”Sən”! Qəbullanmalıyıq, əzizim Ya elə ,ya da belə Gələn mütləq getməlidir… Torpaqdan yaranan biz də, Kişinin qabırğasından yaranan, Ruhu milyon ilə bərabər Heç getməyəcəm deyən qadın -elə mən də, Cırtdanından tutmuş, Div’inə qədər Pisindən yaxşısına, Varlısından kasıbına qədər… Kirpiyindən tökülən , Yanağında itən damlan kimi Əriyib, itib, səssiz gedəcəyik… Gedənləri qınama, mənim ruhum Elə hamımız getmək üçün gəlmişik…
12.04.2019.
Bu dünyada sipər olduq, Kədər nədir bilər olduq. Özümüzdən keçər olduq, Əzizimizin gül xətrinə.
Qiyamət deyib sus qalmışıq, O dünyaya səs salmışıq. Köç edənlərə darıxmışıq, Yamanların dad əlindən.
Saçlarımız üsyan edir, Bir-bir düşüb gözdən itir. Ömür belə gəlib keçir, Qalmışıq elə tən yarıda.
Dünya başdan yalandı, Özünü çoxdan danandı. Axı bu mirət kimə qalandı?! Süleymanı tək apardı axırda.
Bu dünyada əhdə vəfa hardadır?! Adəm oğlu yenə dərdə bulandı. Yara deyin, əğyar yaman dardadır, Vay o gündən aşiq gəlib çıxmasın.
Yaralarımı can dediyim sarmadı, Çoxları da sözün üstə durmadı. Beyin getdi, qəm də məni yormadı, Belə yorulmağa dəyməz həyatda.
Dost dediyim yağı imiş, bilmədim, Gözüm gördü, qulaq duydu, dinmədim. Bircə dəfə lap ürəkdən gülmədim, Sakit-sakit ağladanmış bu dünya…