Fazilova (Rəhimova) Nuranə Rafail qızı 1981-ci ildə Göyçay rayonunda dünyaya göz acmışdır. Orta məktəbi burda bitirdikdən sonra , Odlar Yurdu Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmuşdur.2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.
Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüslüyə “Milliyyət” qəzeti, “Herba-flora” jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” nara həsr olunmuş şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13 şeir və “Kimlərə qaldı dünya”, “Nizami Gəncəvi – 880” antologiyasında 15 şeiri dərc ovunmuşdur. 15.04.2021 tarixində Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı olmuşdur.
“Yazarlar” jurnalının Göyçay üzrə bölgə təmsilçisi, “Ziyadar” Mükafatı laureatı, 2023-cü ildən AYB-nin üzvüdür.
“Həkimlər depressiya deyir” adlı şeirlər kitabı Bakıda (2022) və Təbrizdə (2023) çap olunub
ATALAR Atalar Yer üzündə Allahın kölgəsidir, Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir. Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… İstəyirəm gorəsən, mümkün deyil danışmaq, Belə olur atanın ətəyindən yapışmaq… Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq, Balaca yumruqlarla, allahlarla vuruşmaq … Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… 13.06.2021.- Bakı.
Təqvimin bu günü gözəl insan, əsl ziyalı professor Flora Nacinin doğum günüdür! Ad günü münasibəti ilə Flora xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün fəaliyyətində uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Flora xanım!!!
Şəhid Rəvan Bünyadlı və anası Mülümət Bünyadlı ( Şəfa xanım)
“Terminator”
Vətənimin şimal -qərbində, dağların sıra-sıra düzüldüyü, ağacların bir-biri ilə yarışdığı, səfalı təbiəti ilə göz oxşayan Qax rayonunun Almalı kəndində bir igid uyuyur… Ömrü nakam, xəyalları nasaz, sevgi çiçəyi solmuş, şəhidlikdən pay almış – Şəhid Rəvan Bünyadlı… Hələ həyatdan doymamışdı, hələ gələcəkdə özü üçün, ailəsi üçün, bəlkə də daha yaxşı yaşaya biləcəyi o uşaqlığı üçün, gəncliyi üçün gün ağlayacaqdı… Rəvan, 2001-ci ilin avqust ayının beşində Qax rayonunun Almalı kəndində dünyaya göz açmışdır.Valideynlərinin sevimlisi, qardaşı Rəşadın dayağı olan şəhidimiz, 2007-ci ildə Almalı kənd tam orta məktəbinə ilk qədəmlərini atmış, müəllimlərinin, sinif yoldaşlarının, hətta özü kimi şəhid olduğu parta yoldaşı – Məhəmməd Yusiflinin, kənd əhalisinin rəğbətini qazanmışdır.O, bu səmimiliyi, canayaxın rəftarı, gözəl ədəbi ilə onu tanıyanların qəlbini ovsunlamışdı… 2018-ci ildə həmin məktəbin məzunu olan, Bünyadlı Rəvan Qax peşə liseyində “Aşbazlıq” üzrə təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılır. Şəhidimiz, Tərtərdə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan postda xidmət edir.Burda da səngər yoldaşları içində özünə hörmət qazanır… Onunla bircə dəfə belə ünsiyyətdə olanlar, öz xatirələrində bizim Rəvanı şən, gülərüz, mehriban biri olaraq anırlar.Hətta komandiri ona “Terminator” ləqəbi verir.Hardan biləcəkdi ki, əsgəri kimi özü də şəhid olacaq … Bəli, Rəvan ürəyimizə od çəkən vətən müharibəsinin ilk günlərində, sentyabr ayının iyirmi yeddisində xidmət etdiyi “Mübariz İbrahimov” postunda ən uca məqama, şəhidlik zirvəsinə ucalır… Nə böyük fəxarətdir, nə böyük uğurdur, necə gözəldir – mübarizlərin yetişdiriyi postda, Mübarizin davamçısı olaraq şəhid olmaq … Əvəzi, ölçüsü, təsəllisi yoxdur, amma di gəl ki, balasını itirən ana üçün övlad ağrısı lap bətərdir… Rəvanın anası Mülümət Bünyadlının ( Şəfa xanımın) verdiyi müsahibələrinin hamısında, oğlunun onların başını uca tutduğunu, ən gözəl mərtəbəyə layiq olub üzlərini ağ etdiyini bildirir.Lakin gözlərinin içindəki nisgil, səs tonundakı məyusluq, sözləri arasındakı bir saniyəlik qırıqlıq qəlbləri dağlamağa bəsdir… Elə gözəl oğul oldu ki, Allah Rəvana o uca mərtəbəni nəsib etdi… Eyni anda iki hissi birdən yaşamaq böyük qüvvə tələb edir.Vətən fədailərimizi həmişə yaşatmaq üçün isə toparlanmalıyıq.Mütləq toparlanmalıyıq! Bəlkə Rəvanın timsalında, bütün şəhidlərimizin yerini bir övlad olaraq verə bilməyəcəyik, amma onların əmanətlərinə dost, dərd ortağı, sirdaş olacağıq… Vətənimiz elə igidlər yetişdirir ki, duruşundakı əsalət düşmənin dilini çaşdırır.Torpağımızın altında elə igidlər yatır ki, adam o torpağa ayaq basmağa belə utanır … Adın dillərə elə dastan olub ki, Rəvan, adam hər dəfə səndən yazmağa can atır… “Fışkırır ruhu mücerret gibi yerden naşım, O zaman yükselerek erşe değer belki başım.”
Göylərə yüksəlişin, şəhidliyin, məkanın, cənnətin, igidliyin mübarək olsun, qardaşım!
Bu dünyada hər kəsin öz nağılı olur, hər nağılın da öz qəhrəmanı. Və bir də öz nağılını öz əməlləri ilə yazan insanlar var. Gəlin sizə Həsənov Həsən Səfər oğlu haqqında danışım, öz nağılının real qəhrəmanı olan, ağlı kəsən gündən vətən sevgisini, torpaq yanğısını canında gəzdirən bir oğuldan… Ailənin dörd övladından biri olan Həsən, 3 iyun 1996-cı ildə, Sabirabadın Kür çayının sağ sahilində yerləşən Quruzma kəndində dünyaya gəlmişdi. Yıxıla-dura böyümüş, ilk addımları ilə valideynlərinə sevinc bəxş etmişdi. Ata-anası “oğuldan oğul, qızdan qız” valideyni olduqları üçün uca Yaradandan razı idilər…
Ayla-günlə böy atan Həsən, 2002-ci ildə Z.Əliyev adına Quruzma kənd tam orta məktəbin birinci sinfinə getmiş, 2014-cü ildə məktəbi bitirib vətən borcunu vermək üçün həqiqi hərbi xidmətə yollanmışdı. Xidmətini Mingəçevir “N” saylı hərbi hissədə, Quru Qoşunlarının sıralarında kəşfiyyatçı kimi kimi yerinə yetirən Həsən, vaxtaşırı komandanlığın tapşırıqlarına əsasən düşmən tərəfə keçərək lazımi hərbi məlumatları əldə edərək geri qayıdırdı. Qəlbində düşmənə sonsuz nifrəti, vətənə məhəbbət hissi daşıyan Həsən, daim qaynar nöqtələrdə olmağa can atırdı. Bu istəyi onu hətta qanunları pozmağa da vadar etmişdi. 2016-cı ildə o, məlum Aprel döyüşlərində iştirak etmək üçün xidməti hissədən icazəsiz çıxaraq ordu kəşfiyyatı qrupundan olan MAXE hərbi qulluqçularla birgə cəbhəyə getmiş, lakin komandanlıq tərəfindən geri qaytarılaraq Göranboyda bir ay əlavə xidmətlə cəzalandırırlmışdı…
2016-cı ilin may ayında ordu sıralarından tərxis olunaraq doğma kəndinə qayıdan Həsən Həsənov müxtəlif işlərdə çalışsa da, fikri cəbhədə idi,hər gün baş verən hadisələri izləyir və orda olmaq, düşmənə həddini göstərmək üçün fürsət axtarırdı. Bu fikirlə o,Tovuz hadisələri zamanı çağırırş gözləmədən döyüş zonasına gedir, üç gün sonra isə geri dönərək könüllü cəbhəyə getmək üçün Hərbi Komissarlığa ərizə ilə müraciət edir. 2020-ci il sentyabr ayının ortalarında Müdafiə Nazirliyindən telefonuna daxil olan zənglə arzusu qismən reallaşır və 21 sentyabr günü Ölkə Prezidenti İlham Əliyevin ilk çağırışı ilə cəbhəyə yollanır…
…Sərhədə möhkəmdi, ayıq-sayıqdı,
Vətənin poladtək mətin əsgəri…
Beyləqanda yerləşən “N” saylı hərbi hissədə təlimlərə qoşulan Həsən, müharibənin ilk başlandığı 27 sentyabr günündən etibarən Ordu Kəşfiyyatı Qrupu ilə döyüşlərə qatılmışdır. Kəşfiyyatçı döyüşçü Füzuli, Cəbrayıl, Hadrut, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri, Zəngilanın dörd, Qubadlının isə üç kəndi uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak etmiş, düşmənin çoxlu sayda canlı qüvvəsinin, hərbi zirehli texnikasının məhv edilməsində, yaralı yoldaşlarının vaxtında təxliyyə olunmasında xüsusi igidlik göstərmiş, döyüşlərin birində düşmən mühasirəsinə düşən döyüşçülərin sağ-salamat mühasirədən çıxarılmasını təmin etmişdir.
Cəsur döyüşçü oktyabr ayının 20-də, Qubadlının Bala Soltanlı kəndi uğrunda gedən çətin və qanlı döyüşlərdə ağır qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalmış və doğulduğu Qəzli kəndində torpağa tapşırılmışdır. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi sərəncamla “Vətən Uğrunda” medalı ilə təltif edilmişdir…
Həsən ailəli idi, tezliklə ata olacaqdı… Valideynləri Səfər kişi, Kifayət xanım və həyat yoldaşı Kəmalə xanım şəhidin ətrini onun dünyaya gələcək körpəsindən almağa çalışır. Ən böyük təsəlliləri isə böyük tarixi ərazilərə malik olan bir xalqın düşmən tərəfindən əsrlərlə pozulmuş ərazi bütövlünün bərpası, Azərbaycanın bu haqlı davada qazandığı böyük və şanlı qələbəsidir…
Esse Mən şəkil sevənəm. İki şairin şəkli heç vaxt gözümün qabağından getmir. Biri Mikayıl Müşfiqin türmədəki şəklidir, biri də Əli Kərimin xəstəxanadakı şəkli… Əli Kərimin şəkli haqqında sonra… Mikayıl Müşfiqin türmədə çəkilmiş həyəcanlı bir şəkli var. Üzü tüklənib, gözlərində yorğun kədər, usanmış və bezmiş bir ümid var. Üzünə nahaqdan duranların, satqın dostların təəssüfü donub elə bil. Həyatı qədər sevdiyi ellərdən, Dilbərdən ayrılığı lövbər salıb sifətində.
Yaşamaq eşqi şəkildə o qədər güclüdür ki, düz qırx ildi o şəklə doğru yol gedirəm, o şəklə çata bilmirəm. Mən gedirəm, şəkil gedir. Müşfiqin gözləri upuzun bir yoldur, sonuna çatmaq mümkün deyil.
Türmədəki şəkil Müşfiqin ən gözəl şəklidir. Düşünurəm ki, hər bir şairin gözəl bir şəkli olsun gərək. Üstünə gül qoymağa, üstündə ağlamağa, divara və baş daşına vurmağa. Amma hər şairin də şəkli gözəl çıxmır. Mən nə qədər şəkil çəkdirdim, heç biri gözəl çıxmadı ki, çıxmadı. Görəsən niyə? Çünki alnıma güllə Ay kimi doğmamışdı, dostlarım üzümə durmamışdı. Ona görə şəklim gözəl çıxmadı.
Elə bilirəm Mikayıl Müşfiqin türmədəki həmin şəkli segahdır. Neçə ildir bu səsin dalınca düşürlər, o səsə çata bilmirlər. Çünki bilmirlər ki, bu səsi oxuyan hansı tərəfdən oxuyur.
Şeirlə bağlı 37-ci ili ən çox xarakterizə edən bir fakt var. Rusiyadan qırmızı traktorlar gətirmişdilər. Xışı köhnəliyin qalığı kimi muzeylərə atmışdılar. Şairləri məcbur edirdilər ki, traktora aid şeir yazsınlar. Bir gün Mərkəzi Komitənin katibi Ruhulla Axundov Hüseyn Cavidi qəbuluna çağırır və deyir:
– Cavid Əfəndi, siz traktora niyə şeir yazmırsınız? Cavid Əfəndi cavab verir:
– Ruhulla, oğlum, sən traktorun şəklini kabinetində başının üstünə as, mən də şeir yazım.
Mikayıl Müşfiqin qırxdan çox şeirində traktor və kombaynın adı çəkilir. Bu Müşfiqin çıxılmaz vəziyyətdə qalmağının təzahürüdür. Bu cizgi də var Müşfiqin türmədəki şəklində. Hələ traktora şeir yazmaq o yana dursun, o vaxt kəndlərimizdə adamlar milli adlardan imtina edib övladlarına dəmir-dümür adları; Traktor, Kombayn, yaxud Sovet, Təşkilat, Partiya, Komsomol kimi adlar verirdilər. Bu günə kimi kəndimizdə həmin insanların bəziləri yaşayır.
Mikayıl Müşfiq ilk şeirlər kitabının adını “Pam¬bıq” qoymuşdu. Müşfiq çox istedadlı bir şair idi, Fü¬zulini əzbər bilirdi, şübhəsiz kitabına belə ad seç¬məzdi. Bu əlacsızlığın görüntüsü var türmədəki şəklində.
Mikayıl Müşfiq Stalinə poema yazmışdı. Amma yenə xilas ola bilmədi. Şəkildə bu məğlubiyyət də var. Şeirlərinin birində Mikayıl Müşfiq yazır:
Atam fabrik, anam zavod!
M.Müşfiq böyük şair idi. Ata-ananı heç vaxt fab¬rikə, zavoda bənzətməzdi. Bu çətinlik də var Müş¬fi¬qin türmədəki şəklində. Mikayıl Müşfiq Əhməd Cavadın “Göy göl” şeirini dönə-dönə oxumuşdu. Və bilirdi ki, bu şeirə görə Əhməd Cavadın başına nə oyun açırlar. Əsəri tərcümə edib Moskvaya göndərirlər ki, Mərkəz şeir haqqında fikrini bildirsin. Mərkəz də deyir ki, bu şeirdə siyasi məsələ yoxdur, ancaq ədəbi məsələdir, tənqidçilər məşğul olsun.
Bizimkilərin ürəyi soyumur, yenə məsələ qaldırırlar. Mərkəzi Komitədə “Əh¬məd Cavad məsələsi” yaranır.
Bundan sonra Mikayıl Müşfiq “Göy göl” adlı şeir yazır. Şeirin axırını bilərəkdən belə qurtarır. “Göy göl”ün qoynunda düşünür qızıl əsgər”. Şair hər şeyi bilirdi, onu nə gözlədiyindən xəbəri vardı (Yelkənim açılır, qara yel əsmə). Ona görə də qızıl əsgəri “Göy gölün” sahilində düşüncələrə daldırır. Bu intizar da var Mikayıl Müşfiqin türmədəki şəklində.
Tarı köhnəliyin qalığı kimi ləğv etmək istəyənlərə Mikayıl Müşfiq cəsarətlə yazırdı:
Oxu tar, oxu tar, Səni kim unudar?
Ona cavab olaraq Süleyman Rüstəm deyirdi:
Oxuma tar, oxuma tar, Səni sevmir proletar
Bu işgəncə də M.Müşfiqin türmədəki şəklində yer alıb. Ona görə şairin o gözəl şəkli uzun illərdi ürəkləri yandırıb yaxır. Dönə-dönə biz də şəkil çəkdiririk, amma şəklimiz yaxşı çıxmır ki, çıxmır. Heç şübhəsiz, səbəbini bilirsiniz.
Bu gün ölməz gözəllik, sevgi şairi Mikayıl Müşfiq anılıb. Öncə Bakı şəhərindəki abidəsi ziyarət olunan şair, sonra Xızıda da yad olunub.
Azərbaycanın tanınmış və sevilən şairi, cəmi 30 il həyat sürən Mikayıl Müşfiqin anadan olmasından 113 il ötür. Həyatı nakam olsa da şerləri ilə insanlara bir ömür sevgi yadigar qoyan Müşfiqin bu gün anım tədbiri keçirildi. Yasamal Rayon İcra Hakimiyyətinin müavini Təravət Muradova, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, Yasamal rayonundan olan millət vəkili Elnur Allahverdiyev, Qızıl Aypar Cəmiyyətinin sədr müavini Qafar Əsgərzadə,AYB-nin Mətbuat Xidmətinin rəhbəri, Mikayıl Müşfiq Komissiyasının sədri Xəyal Rza, Arzu Babayev, Anar Rəsizadə, Nəzakət Əhmədova, Rəsmiyyə Heybətağaqızı, Müşfiqin yarısı Dilbər yadigarı Leyla Axundzadə, əmisi nəvəsi Vahab İsmayılzadə və bir çox ziyalıların qatıldığı bu tədbirdə şairin abidəsi önünə gül-çiçək dəstələri düzüldü, keşməkeşli həyatı, təkrarolunmaz yaradıcılığı haqqında gözəl fikirlər səsləndirildi. Bakı şəhərində şairin abidəsi önündə tədbir bitdikdən sonra. Leyla Axundzadə bir qrup tədbir iştirakçıları ilə Xızıya yollandı və orada da ölməz şair şairlər gününüdə, doğum günündə yad olundu. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
TƏDBİRDƏN FOTOLAR:
MİKAYIL MÜŞFİQ HAQQINDA QISA MƏLUMAT
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası “Səadət” məktəbində müəllimlik edib, şeirlər yazıb. Müslüm Maqomayevin “Şah İsmayıl” operasına librettonun da müəllifi odur. Erkən yaşlarından valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. Bakıda müəllimlər seminariyasında və Ali Pedaqoji İnstitutda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsil alıb, məktəbdə ədəbiyyat fənnindən dərs deyib. Hələ məktəb yaşlarından Mikayıl ədəbiyyatla maraqlanıb, “Bu gün” adlı ilk şeirini 1926-cı ildə yazıb və tezliklə tanınmış şairlərindən birinə çevrilib. 1930-1935-ci illərdə M.Müşfiqin 10 şeir kitabı nəşr edilib. M.Müşfiqin uşaqlar üçün yazdığı “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün”, “Qaya” şeirləri də maraqlıdır. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Şair bu əsərlərdə həyati lövhələrini, insanların mənəvi aləmini inandırıcı şəkildə açıb.
M.Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ömər Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı dilimizə çevirib. 1931-ci ilin mayında Müşfiq pedaqoji institutun buraxılış gecəsində Dilbər adlı qızla tanış olur. Ona olan sevgisi şairi yeni lirik şeirlər yazmağa ruhlandırır. Gənclərin toyu 1933-cü ilin yayında olur. Müşfiqin çox sevdiyi Rəsul Rza və Nigar Rəfibəyli bir neçə gün sonra onları təbrik etməyə gəlir. O vaxt R.Rzanın xəyalına belə gəlməzdi ki, illər ötdükdən sonra bu gənc oğlanın xatirəsinə “Qızıl gül olmayaydı” poemasını yazacaq. Hüseyn Cavid, Mirzə İbrahimov, Süleyman Rüstəm, Sabit Rəhman, İsrafil Nəzərov bu evin çox sevilən qonaqlarından olublar… Boş vaxtlarında tar çalmağı sevən M.Müşfiq tarzən Qurban Pirimovla da dostluq edib. Bir dəfə Q.Pirimov onlarda olanda şair tara həsr etdiyi “Nə deməkdir” adlı şeirini oxuyub. Bundan təsirlənən tarzən “Yetim segahı” səsləndirib. Hamımızın sevdiyimiz “Oxu tar!” şeirini də Müşfiq həmin gün o melodiyanın sədaları altında yazıb. Bu o günlər idi ki, Azərbaycanda tarın qadağan edilməsi ilə bağlı fikirlər səsləndirilirdi… M.Müşfiqin heyrətamiz hafizəsi var idi. Rus tərcüməçisi, məşhur şair Yaroslav Smelyakov onun haqqında yazıb: “…Müşfiq – poetik temperamenti sönməyən insandır, o, yeni poetik və təsvir vasitələri və formalarını yorulmadan axtarırdı. Yekunda “Sındırılan saz” poeması kimi incini yaradıb… O tələsirdi, taleyin ona az ömür payı verdiyi sanki ürəyinə dammışdı”.
M.Müşfiq Abşeron bağlarını, dənizi, qumsal çimərlikləri çox sevib. 1936-cı ildə son yayını da Mərdəkan kəndində Mirmehdi Seyidzadənin ailəsi ilə birgə keçirib. Bu uzun yay günlərində onlar yaxınlıqda, Buzovnada bağda istirahət edən Rəsul Rza, Ənvər Məmmədxanlı ilə tez-tez görüşürdülər. Lakin qara buludlar yaxınlaşırdı. Mətbuatda Müşfiq haqqında təhqir, böhtan dolu kəskin tənqidi məqalələr görünməyə başladı. Saf qəlbli şair bütün bunlardan çox mütəəssir olurdu. Yazıçıların növbəti plenumunda isə M.Müşfiqə əksinqilabçı damğası vuruldu. M.Müşfiqi 1937-ci il iyunun 4-də evində həbs etdilər. O, əksinqilabi milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqda ittiham edildi. Həbsdən qabaqkı axşam oxucuları ilə görüşdən gec qayıdan şair evdə onu gözləyən Dilbərin yanına tələsdiyindən yaxınlıqda dayanan qara maşına fikir verməmişdi. Müşfiq mənzilinə daxil olduqdan sonra qapının zəngi çalındı… Gələn adamlar M.Müşfiqi heç yaxınları ilə də vidalaşmağa qoymadılar.
MÜŞFİQ VƏ DİLBƏR QƏLBİMİZDƏ DAİM BELƏ YAŞAYACAQ.
1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsinin hərbi səhra kollegiyasının 20 dəqiqəlik məhkəmə iclası M.Müşfiqin barəsində güllələnmə qərarı verdi. Hökm bir neçə saatdan sonra – yanvarın 6-na keçən gecə icra olundu. Deyirlər ki, həyatının ən son saatlarına qədər o, ölümünə inanmayıb. Həyat yoldaşı Dilbər xanım xatırlayır ki, onların həbsxanada son görüşündə Müşfiq kədərli halda ölümqabağı hisslərini gizlətməyə çalışaraq deyib: “Sən narahat olma. Əvvəl-axır, tez ya gec hər şey aydınlaşacaq. Biləcəksiniz ki, bizim heç nədə təqsirimiz olmayıb…”. Təxminən 20 il keçəndən sonra ölkə şəxsiyyətə pərəstişin dəhşətindən özünə gəldi və Azərbaycanın məşhur yazıçıları M.Müşfiqin işinə yenidən baxılması barədə müraciət etdilər. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl Əbdülqədir oğlu İsmayılzadə bəraət qazanıb. Əlbəttə, repressiya tufanının apardığı yazıçı və şairlərdən heç kəs silahlı üsyan hazırlamamışdı. Lakin böyük həqiqət ondadır ki, onlar Azərbaycan Xalq Cümhuriyyətinin qısa dövründə azadlığın sevincini dadmışdılar və Vətənin müstəqilliyini arzulayırdılar. Onların bu arzuları yarım əsrdən sonra həyata keçdi.
MİR CƏLAL-FƏXR, QÜRUR ZİRVƏSİ (Görkəmli yazıçı Mir Cəlal Paşayevin işıqlı xatirəsinə həsr olunur)
Mən Mir Cəlalı hələ 5 yaşımda olan vaxtdan tanıyırdım. Şəkillərinə baxanda onun üzü mənə çox ciddi və zəhmli görünürdü.Gözlərindəki hikməti də o yaşlarımdan sezmişdim. Elə həmin vaxtlardan onu çox araşdırmağa başlamışdım. Hətta 9 yaşımda ona “Mir Cəlala” adlı şeir də həsr etmişdim.Həmin şeirim “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabımda 2018-ci ildə, 10 yaşım münasibətilə çap olunmuşdur. “Mir Cəlala” adlı şeirim belədir;
Müdrik oldu,oldu onda cah-cəlal Ona ad verdilər gözəl Mir Cəlal. Xeyriyyə yardımı edildi ona, Verdilər dərin bilik Mir Cəlala.
Car çəkdi,car çəkdi əsərləriylə, “Şeytana,böhtana inanma!”-dedi. Özünü sevdirdi, vətənini də, “Kasıbı-kusubu qoruyun!”-dedi.
Birdən o,cibindın qələm çıxardı, Kağızın üstündə nə isə yazdı. Ona çox söz dedi,”Anket Anketov” Mir Cəlal “anket”ə milyon söz yazdı.
Dedi:”Yalana və böhtana” nifrət, Yaxşı adamlara min dəfə hörmət, Zavallı, yazığa olsun mərhəmət, Özü öz sözünə o, əməl etdi.
Qəlbimdə neçə nəğmə var deyirəm, Mir Cəlal haqqında mən söyləyirəm, Ədibin haqqında bunu bilirəm, O, çox nadir şəxsiyyətdir deyirəm.
01.01.2017.
İndi isə bu məqalə ilə görüşünüzə gəlməyi özümün bu böyük insan qarşısında mənəvi borcum bilirəm. Mənim artıq Mir Cəlal Paşayev ev muzeyi ilə əlaqələrim var. Adına layiq işlər görən muzeylə əlaqəmdən çox şadam. Muzeyin gənclərin maariflənməsində və Mir Cəlalın gənclər tərəfindən daha dərindən tanınması yolunda gördüyü işlər danılmazdır. Bu yaxınlarda Mir Cəlal ev muzeyi “Bir gəncin manifesti” romanından “İtə ataram, yada satmaram” hekayəsi ilə bağlı müsabiqə keçirirdi. Mən də bu müsabiqədə gənc natiqlərlə tanış oldum. Bir neçəsini isə özüm təqdim etdim. Muzey çox uğurlu bir müsabiqə həyata keçirdi və çox sayda həmyaşıdlarım bu müsabiqədə iştirak etdilər. Hədsiz dərəcədə sevindim ki, mənim tövsiyəmlə müsabiqəyə qatılan gənclər müsabiqənin qalibləri oldular. Mən isə həm muzeyə həm də müsabiqənin qaliblərinə müəllifi olduğum “Dünyamsan Azərbaycan” , “Hərdən uçmaq istəyirəm” adlı şeirlər və “Ulu Naxçıvanım” adlı publisistik kitablarımı poçt vasitəsi ilə hədiyyə olaraq göndərdim. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Belə ki, cəmi 7. il əvvəl sadəcə şəkilinə baxarkən üzündə zəhm gördüyüm bir şəxsiyyət barədə bu il həm məqalə yazdım, həm də kitablarımı ev-muzeyinə hədiyyə etdim. Bir daha qeyd etmək istəyirəm ki, belə bir şəxsiyyət barədə yazmağı özümün mənəvi borcum bilirəm. Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildəİranın Şəbüstər şəhristanının Əndəbil kəndində anadan olmuşdur. Onların nəsli ağır seyid nəsli olmuşdur. Əndəbil kəndində hava çox gözəl idi. Əndəbil hər fəsildə gözəl olurdu, lakinhəmin ilin həmin fəsilində və həmin günündə daha füsunkar və daha cəlbedici görünürdü. Paşayevlər bu günü çox gözləmişdilər. Əndəbilin gözəllərdən gözəl olan bu gününü çox həsrətlə və həvəslə gözləmişdilər onlar. Bu sevinclə bərabər təəssüf doğuran hal o, idi ki, Paşayevlər həmin gün Əndəbildən köçməli idilər. Əli kişi, xanımı, oğulları heç ayrılmaq istəmirdilər Əndəbildən. Onlar çox fikirləşirdilər, məlum vəziyyətlə əlaqədar hələlik getməyi dayandırmaq istəyirdilər.Lakin, artıq gün gəlmişdi, istəməsələr də, köçməli idilər. Çünki, onlar həddən artıq ağır olan vəziyyətdə, belə çətin şəraitdə yaşaya bilməzdilər. Belə ki, qacarlar heç də türkləri sevmirdilər. Halbuki, özləri türk idilər, Yozqatdan gəlmişdilər. Ağaməhəmmədin kini nəsildən-nəsilə keçmişdi. Qacarlar yerli türklərin hamısını Vaqif gözündə görürdülər. Halbuki, onların özləri də Vaqif sayılırdı. Yəni, Vaqifin milliyətindən olanlar idilər. Hökümətdə xidmət edən minlərlə türklər and-aman etsələr də, Qacarlar çox qəddar, hətta Firon qədər qəddar idilər. Ona görə də, artıq buralarda qalmağın vəyaşamağın bir mənası qalmamışdı. Onlar şimali Azərbaycan barədə çox eşitmişdilər. Şimaldan qayıdan və şimala gedən tacirlər Əli kişi ilə də əlaqə saxlayır, ona bu barədə məlumat verirdilər. -A kişi, ora bir aləmdir ey, aləm. -Düz deyir a kişi, düz deyir. -Orada hamı üçün şərait yaradırlar. -Ruslar farslar qədər qəddar deyillər.-Yəqin ki, üçüncü tacirin diplomatik savadı, səriştəsi yox idi.- Onlar türklərin pul qazanmasına səy göstərirlər. -Nefti bir aləmdir ey, Əli, Hacı Zeynalabdin olarsan. Əli isə Hacı Zeynalabdin olmaq fikrində deyildi: -A kişilər, mən ki, Bakıda doğulmamışam. Mən doğmaca Əndəbilimdə doğulmuşam. Bura mənim üçün doğmadır. Mən buradan ayrılsam, anamdan ayrılaram. Həm də, burada da Hacı Zeynalabdin olanlar var. Özü də şimaldakından çox. -A kişi, buradakı milyonçular farslardır, farslar! -Şimalda da milyonçular yox e, milyarderlər ruslardır, ruslar! -Özün bilərsən, mən dedim, mən eşitdim, borcumdan çıxdım. Görək sənin qulağına nə vaxt çatacaq. Əli kişi artıq tacirlərin dedikləri ilə razılaşırdı, təbii ki, üçüncü tacirin dediklərindən başqa. Ona görə də, bu gün şimala getməyə qərar vermişdi. Əndəbilin ən gözəl günündə kim Əndəbili tərk edərdi? Əlbəttə, məcbur etməsəydilər heç kim dogma yurdunu tərk edib əzəli vətəninin bir tərəfindən başqa bir tərəfinə istəmədən köç etməzdi. Ancaq, o, tərk edirdi. Bəlkə də, şimalda cənubdan daha da gözəl günlər görəcəkdi. Nə olsun, Əndəbili o, heç hara dəyişməzdi. Dəyişə bilməzdi. Həm də o, buradan getsə, Əndəbilin bərəkəti azalardı. Çünki, o, sınanmış seyid idi. Seyid Əli hamıya kömək edərdi. O, əlini kimin başına qoysa, həmin insan yenidən doğulmuş kimi sağlığına qovuşardı. Seyid Əlinin buradan getməsini onu tanıyanlardan heç kim istəmirdi. Lakin, o, buradan getməliydi. Buranı tərk etməliydi. Seyid Əli içəriyə keçdi və könülsüz haldadedi: -Gedirik, xanım? Evin xanımı gülümsünərək dedi: -Kişi, Mir Xəlili, Mir Vəlini bilmirəm, amma, Mir Cəlalla Mir Cəlilin çox həvəsi var. Uçmağa qanadları yoxdur bircə. Seyid Əli Mir Cəlilə baxan kimi Mir Cəlil özünü yığışdırdı: -Oğlanlarım ata yurdlarını istəmirmişlər, hə? Mir Cəlal dedi: -Xeyr, niyə ki? Atacan, sən niyə elə fikirləşirsən ki, bizim yurdumuz yalnız cənub və Əndəbildir? Mir Cəlil davam etdirdi: -Qardaşım düz deyir.Bizim yurdumuz, əzəli vətənimiz bütöv Azərbaycanımız var! İki qardaş birdən dedi: -Bəli BÜTÖV AZƏRBAYCAN! Seyid Əli gülümsündü: -Ay maşallah! Mir Cəlil Osmanlımız olub, Mir Cəlal isə Azərbaycanımız. İkisi də əsl qardaşdılar. Atalarına iki kəlməylə böyük dərs keçdilər. Yaxşı, yaxşı, yubanmayın, hazırlaşın, təcili! Seyid Əli Mir Cəlalla Mir Cəlilin sözünə görə çox təsirləndi və içindəki könülsüzlüyü yox etdi, təcili olaraq Əndəbildən Gəncəyə köçdülər. Paşayevlər ailəsinin həyatında yeni fəsil yazılırdı! Gəncəyə köçdükdən sonra 1918-ci ildə Mir Cəlalın atası Seyid Əli vəfat etdi. Ailə çox çətin maddi durumda olduğu üçün Mir Cəlalxeyriyyə cəmiyyətinin məktəbində təhsil almalı olur. Həmin məktəbdə Əhməd Cavad da təhsil alırdı. Mir Cəlal 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. O, Gədəbəydə bir çox ziyalıların üzə çıxmasına köməklik etmiş, sonradan həmin ziyalılar Azərbaycan ədəbiyyatının tanınmış simalarından olmuşlar. Oradakı müəllimlərin arasında hamımızın yaxşı tanıdığımız Mirzə İbrahimov da olmuşdur. Mirzə İbrahimov Mir Cəlal kimi Cənubi Azərbaycandan idi. O, Sərab rayonun Evə kəndində anadan olmuşdur. Mir Cəlal 1929-1930 -cu illərdə Gəncə şəhər 1 saylı orta məktəbində direktor vəzifəsində işləmişdir. 1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil almışdır. 1932- ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuş,eyni zamanda “Kommunist” və“Gənc işçi” qəzetlərində işləmişdir. Həmçinin o, ədəbi yaradıcılıqla məşğul olmuş “Sağlam yollarda” adlı ilk kitabı çapdan çıxmış, “Bakı görüşləri” adlı xatirə kitabını yazmış, bu kitabında o, Gəncədəki vəziyyətlərindən də bəhs etmişdir. Gəncədə Mir Cəlalın Səməd Məsrur adlı bir tanışı vardı. Səməd Məsrur gözəl, yeni-yeni şeirlər yazaraq haqqın, ədalətin tərəfində olurdu. Bu xarakterləri onları get-gedə yaxınlaşdırır, onlar dostlaşırlar və bu dostluğun adı Mir Cəlal-Səməd Vurğun (Mənsur) dostluğu olur. Mir Cəlal “Kommunist” qəzetinə işə düzəlir. O həm oxuyur, həm də qəzetdə məqalələr yazırdı. “Kommunist” qəzetinin rəhbərliyi onun əmək haqqını ödəmədiyindən, və İbrahim Eminbəyli işləri sərtləşdirdiyindən o, bir sıra çətinliklərlə üzləşir. Bu səbəbdən Mir Cəlal “Kommunist” qəzetini məhkəməyə verir. Məhkəmənin həmin işə baxan hakimi Rəsizadə soyadlı bir xanım idi. Mir Cəlal həmin məhkəməni Rəsizadənin işə ədalətli, qərəzsiz yanaşması sayəsində qazanır. O, yenidən “Kommunist” qəzetində işləmək istəmir və “Gənc İşçi” qəzetinə işə düzəlir. İşlədiyi vaxtlarda Mir Cəlal Hüseyn Cavidlə görüşür və bu görüşdən sonra onlar arasında dostluq münasibətləri yaranır. Cavid əfəndi Mir Cəlala həmişə “Ağa Mir Cəlal” deyə müraciət edərmiş. Hüseyn Cavid görüsləri zamanı daha çox Füzulinin, Mirzə Cəlilin yaradıcılığını araşdırmağı Mir Cəlala məsləhət görür. Hüseyn Cavidin yönləndirməsi sayəsində Mir Cəlal həm Füzulinin, həm də Mirzə Cəlilin poeziyasının vurğununa çevrilir. İllər sonra yəni 1940-cı ildə Mir Cəlal “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası yazmışdır. 1937-ci il represiya tufanı dönəmində Mir Cəlal Hüseyn Cavidin evində qonaq olmuş və Mir Cəlal öz evinə qayıtdıqdan yarım saat sonra Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin həbs olunma xəbərini eşidərək çox məyus olmuşdur, o, özünə görə yox, ailəsinə görə qorxmuşdur ki, birdən o da həbs olunar və ailəsi “xalq düşməni”nin ailəsi adı ilə sürgün olunar. Mir Cəlal “Sağlam yollarda” adlı ilk oçerk kitabını 1932-ci ildə yazmışdır. Əslində, tam Mir Cəlalın olmayan və “Sağlam yollarda”dan əvvəl çap olunan “İlk addımlar” adlı bir kitab-almanax da olmuşdur. Bu almanax Gəncədə yazıb-yaratmış azərbaycanlı və digər millətlərin yazıçılarının birgə almanaxıdır. Seyfulla Şamilov tərəfindən tərtib olunmuş bu kitabda Mir Cəlalın “Müxbir” və “Anamın vəsiyyəti” şeirlərindən başqa, Cəfər Xəndanın, Səməd Məsrurun (Səməd Vurğun) , Nigar Rəfibəylinin və digər şair və yazıçıların yazıları çap edilmişdir.
Mir Cəlalın həmin şeirlərini məqalədə qeyd etməyi qərara aldım, şeirlər bunlardır: (çox maraqlıdır ki, hekayə yox, şeirlərdir…)
1-ci şeir;Müxbir
Əlində qızıldan bir qələmi var,
Masaya söykənib hey… yazar-pozar,
Hərdən səssiz olur, dalır, düşünür,
Hərdən çöhrəsində bir sevinc doğar.
Boş vaxtında gedər idarələrə,
Gördüyü nöqsanı yazar dəftərə,
Qızıl neştər ilə getdiyi yerə,
Tənqid odu vurub, yandırar, yaxar.
Bu ellərin var bir qəzetəçisi,
Aləmə göstərir yaxşını, pisi.
İnqilab yavrusu, sülhün pərisi,
Alnında silinməz, şanlı bir vəqar.
Ey gözəl ellərin gənc kontrolu,
Sən ki, xoşbəxt oldun, tutdun bu yolu,
Alqışlar, uğurlar sənə, nə mutlu,
Tarixə yaraşan adın var ki, var!
Mir Cəlal ikinci müstəqil kitabı olan “Boy” oçerkini 1935-ci ildə qələmə almışdır. O, ədəbiyyata oçerk əsərləri ilə başlayıb. Mir Cəlal “Dirilən adam” romanını 1936-cı ildə yazmışdır, lakin bu roman o dövrdə heç bəyənilmir və “Kommunist” qəzetində roman barədə sərt tənqidi məqalə yazırlar. O vaxt , bir qayda olaraq, “Kommunist” qəzetində tənqid olunan əsərlərin və onun müəlliflərinin “kitabı bağlanırdı”, hətta bu hal represiyaya belə səbəb ola bilərdi. Lakin bu ərəfədə Mir Cəlal yazıçı Mehdi Hüseynlə görüşür, Mehdi Hüseyn həmin tənqidi məqalənin özü barədə tənqidi məqalə yazır və Mir Cəlalı represiya tufanından xilas edə bilir. 1939-1945-ci illərdə baş vermiş II Dünya müharibəsi bitəndən sonra Mir Cəlal bir qrup yazıçılarla birlikdə Parisə getməyə qərar verir. Fransada onları yaxşı qarşılayırlar, deyirlər ki, siz bizi ölümün cəngindən qurtaran, xilas edən Sovetlər birliyinin yazıçılarısınız, biz sizə qayğı göstərməyə borcluyuq. Vətənə qayıtdıqdan sonra filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyev Mir Cəlal haqqında “Müəllimlər müəllimi” adlı xatirə kitabı yazır. Mən həmin kitabı oxudum və çox təsirləndim. Xalid müəllim həmin yazısında qeyd edir ki, 1969-cu ildə Ulu öndərimiz Heydər Əliyev Mərkəzi Komitəyə rəhbərlik edən vaxt Azərbaycan Dövlət Universitetinə (indiki BDU) gəlir və burada görüş keçirilir. Zalda olanların arasında Mir Cəlal Paşayev də olur. Görüşdə çıxış edənlərdən biri Mir Cəlalı sərt tənqid atəşinə tutur, ona böhtanlar atır və bildirir ki, o, sadəcə Cəlil Məmmədquluzadə ilə bağlı dissertasiya yazmağı təklif edir, sanki Azərbaycan ədəbiyyatında sadəcə bir yazıçı var ki, o da Cəlil Məmmədquluzadədir. Həmçinin xüsusilə vurğulayır ki, Mir Cəlal rəhbərlik etdiyi kafedrada qohumbazlıq edir, yaxınlarını orada işə düzəldir.Həmin çıxış edən şəxs Mir Cəlal haqqında həqiqəti əks etdirməyən, tamamilə haqsız, böhtan xarakterli fikirlər irəli sürür.Mir Cəlal çox pis olur.Buna dözməyən Xalid Əlimirzəyev söz alaraq tribunaya qalxır və Mir Cəlalı haqlı olaraq müdafiə edir.Sonra isə digər alimlər haqqın tərəfini tutaraq Mir Cəlala iftira atılmasının qarşısını alırlar. Onu qeyd etmək istəyirəm ki, bir çox çətinliklər, haqsızlıqlarla qarşılaşsalar da sonda tale həmişə yaxşı insanların üzünə gülür. Eynən Mir Cəlal kimi. O, ömrünün sonuna qədər xeyirxahlıq etdi və qarşılığını da tale ona sağlığında bəxş etdi, hazırda da bəxş etməkdədir, çünki xeyirxahlar və xeyirxah ənəllər heç bir vaxt unudulmur. . Məqaləni Mir Cəlalın idealı olan Cəlil Məmmədquluzadənin məşhur sözü ilə bitirmək istəyirəm: “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın mənası yalnız budur.” Mir Cəlal da əməllərinə görə bizim qəlbimizdə yaşayır, o, ölməyib! Məzarın nurla dolsun, Cəddin köməyimiz olsun, Ağa Mir Cəlal!