Tanınmış şair-publisist Nəcibə İlkin “Ziyadar” Mükafatına layiq görülüb. Diplom Sabah 22 iyulda Nəcibə xanımın həm kitablarının təqdimatı, həm də 60 ilıik yubileyi münasibəti ilə Milli Mətbuat Günündə AZƏRKİTAB TƏBLİĞAT MƏRKƏZİNDƏ saat 14:00-da təşkil olunmuş tədbirdə təqdim olunacaq. Bayramın bayrama qarışdığı bu gündə sizləri AZƏRKİTAB TƏBLİĞAT MƏRKƏZİNDƏ saat 14:00-da, Yasamal r. General Akim Abbasov küç.78 (Lider tv-nin yaxınlığı) ünvanında gözləyəcəyik.Tel:(012)530 22 33, Mob:(+994)50 376 50 46
Bu gün Şəhidimiz Mayor Emin Süleymanovun doğum günüdür… Bəs, dostum, bilirsənmi şəhid kimdir? Şəhid- fəda edəndir, canını, qanını, gəncliyini, ömrünü! Biz rifah, azad, hüzur içində yaşayaq deyə, öz ailəsini hüzursuz, gözüyaşlı qoyandır.Balalarını ömürlük ata həsrəti ilə tək buraxıb gedəndir, sırf millət naminə! Sırf vətən naminə! Qanı yerdə qalmalıdırmı? -Əsla! Unudulmalıdırmı? -Əsla! Nə qədər ki, nəfəs alırıq, onların yaşaya bilmədikləri həyatı yaşaya bilirik, onları qəlblərdə yaşatmalıyıq! Şəhid unudulanda, inciyər.Unudulanda, küsər.And olsun ki, unudulanda ölər… Emin qardaşımız ailəlidir.Bir oğlu və bir qızı var.Arxasından gözünün yaşı qurumayan, oğlunu tanıtdırmaq üçün, oğlunun unudulmaması üçün məğrur dayanan dünyalar gözəli anası var.Elə Eminimiz haqqında məlumatı paylaşmağı da anamız xahiş etdi… Bir gözü yaşlıdı, bir gözü qürurlu… Gəlin, şəhidimizi daha yaxından tanıyaq. Emin Süleymanov 1977-ci ilin iyul ayının 21-də İmişli rayonunun Xubyarlı kəndində anadan olmuşdur… Öz zəhməti ilə daim çalışmış, vətənə borcunu hər fürsətdə ödəyəmə can atmışdı.Sonunda şirin canını da uğrumuzda fəda etdi… Azərbaycan ordusunun mayoru olan Şəhid Emin Süleymanov Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda qəhrəmanlıqla savaşmış, noyabr ayının 8-də Laçın döyüşlərində ən yüksək zirvəyə ucalmışdır… Elə bir zirvəyə ki, o zirvəyə ucalmaq hər adama nəsib olmur…
Doğum günün qutlu olsun, cənab mayor! Haqqını halal et…
Bu məsələni Əsəd müəllimin özünə də, onun olmadığı məclislərdə də dəfələrlə demişəm. O mənim kitabdan, yəni yazılı mənbədən deyil, ekran-efirdən tanıdığım, söhbətindən nələrisə öyrəndiyim, zövq aldığım dörd şəxsdən biridir. Mənim maraq dairəmdə olan söz dünyasının dörd qütbü, cəhəti və ya dayağı varsa, onun biri Əsəd Cahangirin düşüncəsinin məhsulu, onun ruhunun süzgəcindən keçmiş söhbət – Əsəd Cahangir sözüdür.
Oxucunu maraqda qoymamaq üçün və eyni zamanda, Əsəd müəllimin özünə də bu barədə dəfələrlə dediyimə görə, digər qütblərdə daynan şəxsləri də burda qeyd etməyi özümə vacib bilirəm. Mənim özüm üçün qurduğum söz-söhbət dünyasının şimal qütbündə Akif Əli, şərqində Sayman Aruz, qərbində Hamlet İsaxanlı və cənubunda Əsəd Cahangir dayanır. Yəqin sizdə də belə sual yarandı ki, niyə məhz cənub? Əsəd müəllim özü də yarızarafat, yarıciddi bu sualı dəfələrlə verib: “Niyə məhz cənub”?
Qiyabi olaraq, ekrandakı söhbətlərindən tanımağa başladığım, sonra əyani olaraq canlı nitqini dinlədiyim, daha sonra yeri gəldikcə sosial şəbəkələr üzərindən, telefonla, müxtəlif tədbirlərdə, görüşlərdə canlı söhbətlərdə dostlaşdığım, nəhayətdə, söz-söhbət dünyamın bir qütbünü etibar etdiyim söz mülkünün cahangir əsədi Əsəd Cahangiri özüm tanıdığım kimi sizlərə təqdim etməyə, tanıtmağa, daha doğrusu, anlatmağa məhz bu sual üzərindən başalayacam.
Əsəd Cahangir öz qayğısız uşaqlığnı kənddə, qayğılı gənclik illərini isə şəhərdə keçirmiş, özü-özünün içində bişib, formalaşmış şəxsiyyətdir. Onun kənddə keçən uşaqlığı dünyanı lap təməlindən anlamağa, söz ehtiyatını ən aşağı məişət dili səviyyəsindən, uşaqların, qocaların dilindən toplamğa vəsilə olmuşdur. O sanki silahı söz olan ordunun Generalı rütbəsinə bu orduya sıravi əsgər kimi qatılaraq savaşa-savaşa, qələbələr qazana-qazana müzəffər bir sərkərdə kimi gəlib çıxmışdır. Xahiş edirəm, şişirtməyə, əsassız tərifə yol verir deyə, şeytan sizi burda yanıltmasın. Həm indi, həm bütün söhbət boyu Əsəd Cahangirin dörd cəbhədən yalnız birinin komutanı olduğunu unutmayaq. Uşaqlığını onun gələcək fəaliyyəti üçün faydalı ola biləcək bir mühitdə keçirən Əsəd Cahangir, həyatın ikinci mühüm mərhələsini tamı-tamına napaleonsayağı keçirib desək, yanılmarıq. Gündəlik həyatdan baş çıxarmaq məcburiyyətində qalan, kitabların içində itib-batan gənclik…
Sizcə, bütün bunlar faydasız ola bilərdimi? Əlbəttə, xeyr! Əsəd Cahangir özü də bunu yaxşı bilirdi. Çünki istər fizika kimi dəqiq elmlərin qanunları, istər nənə-babaların nəsihətləri, istərsə də daim onu öz cazibəsində saxlayan – predmeti insan beyni, düşüncəsi olan – real fəlsəfə bunu ona daim diktə edirdi. Gənc Əsəd hələ 18-21 yaşlarında dünyanı tam dərk edib, onun minimum, ən az sayda neçə bucaq ola biləcəyini anlamış və Herakl kimi çiyinlərini onun altına verə biləcək cəsarəti, gücü-qüvvəti özündə tapa bilmişdir ki, bu hər bir şəxsin həyatında mühüm, bəlkə də, ən vacib məqamlardan biridir.
İnsan zamanında həyatı anlamalı, onun mahiyyətini ən azı ilkin təəssüratlar şəklində olsa da, qəbul etməyi bacarmalıdır. Dünyanı, həyatı tam olaraq qəbul edə bilməyi sayəsində Əsəd Cahangir özünü cəmiyyətə tam, bütöv şəxsiyyət kimi təqdim etməyi bacarıb. Bu fikri burada kiməsə xoş olsun deyə deyil, məhz belə olduğu üçün, altını cızaraq qeyd edirəm. Məsələn, Əsəd Cahangir başqa birisi kimi, “…əşşi, beşgünlük dünyadır, öldün getdin, dünya bitdi…” düşüncəsinə sahib olsaydı, onun nə yaradıcılığı, nə də bir fərd olaraq şəxsiyyəti bu cür formalaşmazdı. Və bu gün biz başqa biriylə – Əsəd Cahangirlə deyil, sadəcə, Əsədov Əsəd Cahangir oğluyla müasir olardıq.
Mənim söz dünyamın cənub qütbünün himayəsini üstlənmiş Əsəd Cahangir bütün bunlardan, dünyanın gərdişindən halidir. Və o bunu hər kəlməbaşı oxucusuna, dinləyicisinə andırır, xatırladır…
Əsəd Cahangir mənim tanıdığım, qəbul etdiyim söz dünyasının cənubunda hər gün cilalanan, gündən-günə parlaqlığını artıran bir mayakdır. O bu söz dünyasında yolunu azanları, səmtini itirənləri sanki qiblənamə rolu oynayaraq doğru yola, düz istqamətə böyük ustalıqla yönəldir.
Bu yazını Əsəd Cahangirin 55 illik yubileyi münasibəti ilə qələmə alıram. 55-in özündə də bir hikmət var. Bu yaş tamlığın, vahidin, bütövlüyün, bərabərliyin simgəsidir. Əsəd Cahangir bu zirvəni fəth edərkən həm cəmiyyətin bir fərdi – insan, həm də ziyalısı, düşüncə adamı kimi tam formada olan şəxsiyyətdir. O şifahi, söz, ruh aləmində nə qədər idealistdirsə, yazılı, mətn, real həyatda o qədər materialistdir. O çılğın olduğu qədər sakit və dərin düşünəndir.Mənim tanıdığım, sizlərə də tanıtmaq istədiyim 55 yaşlı Əsəd Cahangir budur.
Yeni yaşınız qutlu olsun, Əsəd müəllim. Böyük Allahdan sizə uzun və sağlıqlı ömür, bütün fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm. Sözünüzə Nəsimi ucalığı, fikirlərinizə Bəhmənyar mütəhərrikliyi yoldaşlıq etsin İnşəAllah!
Müstəqillik dövrü ədəbiyyatımızın görkəmli simalarlından biri, bu günlərdə 55 yaşını qeyd edən Əsəd Cahangiri otuz-otuz beş il əvvəl universitetin filologiya fakültəsindən tanıyıram. Onda mən özüm də hələ gənc idim, universitetdə müəllimlik elədiyim bir neçə il idi. Elmi konfranslar, klassiklərin yubileyləri, şair-yazıçılarla görüşlərdə fəal iştirak edən Əsəd istər təhsildə, istərsə də ictimai işlərdə tələbələr arasında xüsusi nəzərə çarpırdı. Savadı, çalışqanlığı, hətta görkəmiylə də çoxluqdan seçilən bu gənc sözün həqiqi mənasında fakültənin gözüydü. Onun M.F.Axundov və M.Müşfiqin yubileyləri, Qabil, T.Bayram, N.Kəsəmənli və digər şairlərlə görüşlərdə çıxışları, xüsusən də, Nizaminin 850 illiyi münasibətilə universitetin böyük akt zalında nümayiş etdirilən və böyük maraq doğuran tamaşası hələ də yadımdadır. Bu çalışqanlığını, elmi potensialını nəzərə alıb, onu Fakültə Elmi Şurasına üzv seçmişdik. Axırıncı kurslarda Elmi Şuranın qərarı ilə ona Nizami Gəncəvi təqaüdü də verildi. Bu o demək idi ki, Əsəd həmin dövrdə fakültənin ən nüfuzlu tələbəsiydi.
…Yadımdadır ki, bir dəfə onların kursunda intibah estetikasından mühazirə oxuyurdum. İntibah şairinin gözəllik anlayışına örnək kimi Vaqifin, –
Oturuşu Şirin, duruşu Leyli,
Qəmzəsi sitəmkar, yarı gileyli.
– misralarını misal çəkdim və dedim ki, şairin Leylinin məhz duruşu, Şirinin isə oturuşundan danışması təsadüfi deyil, çünki intibah estetikasına görə qadının oturuşu, qızın duruşu daha gözəl sayılırdı.
Əsəd sual verdi ki, müəllim, bəs, intibah rəssamı Rafaelin “Siqstin madonnası” tablosunda Məryəm ana niyə ayaqüstə rəsm olunub? Sualı cavablandırmaq pedaqoji baxımdan uyğun gəlməyən bəzi məsələlərə aydınlıq gətirilməsini istəyirdi. Odur ki, Əsədə o vaxtlar çalışdığım “Ədəbiyyat və incəsənət” qəzetinə gəlməsini tapşırıb, mühazirəyə davam elədim…
Bir neçə gün sonra o gəldi və söhbətimizin davamını qəzetdə elədik. Xatırlatdım ki, İsa Məryəmin qabırğasının altından doğulub. Odur ki, ana olmasına baxmayaraq, dini ehkama görə, o, bakirə idi. Buna görə, Rafael İsanı qucağına almış Məryəmin buludlar üstündəki duruşunu təsvir edib. Yəni Rafaellə Vaqif arasında məsələyə münasibətdə ziddiyyət yoxdur və onlar hər ikisi intibah estetikasının daşıyıcısıdır.
Bu faktı xatırlatmaqdan məqsədim odur ki, Əsəd daimi axtarışda olan, qarşılaşdığı suallara cavab axtaran bir gənciydi və onu müasir ədəbiyyatımızın sayılıb-seçilən isimlərindən birinə çevirən parlaq istedadıyla yanaşı, həm də bitib-tükənmək bilməyən suallara cavab axtarışlarıdır. Gənc tələbənin o vaxtkı sualları illər, bəlkə də onillərlə sürəcək əzablı özünüdərk prosesinin hələ, sadəcə, başlanğıcından xəbər verirdi.
Əsədi “Ədəbiyyat və incəsənət” qəzetinə növbəti dəfə gətirən də bu axtarışlar oldu. O, mənim “Yatmışdım, üstümə gəldi ərənlər” adlı məqaləmi əldə eləmək istəyirdi. Bir neçə il əvvəl dərc olunmuş, poeziyamızda sufi-mistik düşüncənin inkişaf tarixinə ümumiləşdirici baxışdan ibarət məqaləni Əsədin hələ də unutmaması maraqlı idi. Üstündən illər keçəcək, özünün bir çox məqalə və müsahibələrində Əsəd o məqaləni də, bu misraları da dönə-dönə xatırladacaqdı:
Yatmışdım, üstümə gəldi ərənlər,
Qafil, nə yatmısan, oyan, dedilər!
Əminəm ki, “Yatmışdım, üstümə gəldi ərənlər”i Əsəd indi də unutmayıb və heç vaxt unutmayacaq. Çünki onun bütün ədəbi-bədii fəaliyyətinin əsasında oyanmış ruhun özünü, dünyanı və Tanrını dərk etmək istəyi durur və o, müstəqillik dövrü ədəbi-bədii düşüncəsində oyanışın, intibahın ən səciyyəvi nümayəndələrindən biridir.
Əsəd öz düşüncəsinin tipinə görə konservator deyil, amma bəzi yaşıdları kimi bayağı yenilikçilik, dayaz inkarçılıqdan da uzaqdır. Qədim və yeni onun düşüncəsində birləşir və ona səciyyəvi intibah adamı xüsusiyyəti verir. Təsadüfi deyil ki, onun istənilən bir yazısı – istər poema, istər esse, istərsə də məqalə olsun – əski, antik çağlardan bugünə qədərki əsas məqamları özündə ehtiva edir.
İş elə gətirdi ki, Əsədin mətbuatda ilk çıxışı da mənim yaradıcılığımla bağlı oldu. O, 1991-ci ildə “Füzulidən Vaqifə qədər” adlı kitabım haqqında “Dəyərli tədqiqat əsəri” adlı bir resenziya yazdı və “Dədəm Qorqud” qəzetində dərc etdirdi. Yadımdadır ki, soyuq, qarlı-çovğunlu bir qış günü, dekanlığın qarşısında Əsəd qəzeti mənə verib, – “Müəllim, Sizin kitabınız haqda yazmışam, imkan eləsəz, baxarsız”, – dedi. Bir neçə gün sonra təkrar rastlaşanda, – “Sağ ol, mərifətli yazı yazmısan” dedim. Onda Əsəd hələ universitetin sonuncu kursunda oxuyurdu. “Füzulidən Vaqifə qədər” isə yeni işıq üzü görmüş və müzakirələrə səbəb olmuşdu. Akademiyanın Ədəbiyyat İnstitutunun gənc alimləri kitabın müzakirəsini keçirmiş, müzakirə materialları “Ulduz” jurnalında dərc olunmuşdu. Müzakirənin əksər iştirakçıları kitabda irəli sürülən fikirlərə, xüsusən də, milli intibah konsepsiyama, Vaqifi intibah şairi hesab etməyimə etiraz edirdilər. Gözləmədiyim, özü də güclü bir müqavimətlə qarşılaşmışdım. Öz məqaləsində bu barədə heç nə yazmasa da, görünür, Əsəd də müzakirə materiallarını oxumuş və müəllimini hücumlardan qorumaq qərarına gəlmişdi. Gənc tələbənin ilk qələm cəhdi olmasına baxmayaraq, kifayət qədər aydın məntiq və ciddi elmi üslubda yazılmış resenziyanın alt qatında duran əsas müəllif qayəsi bundan ibarət idi.
Onun bir qədər sonra “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan, milli ədəbiyyat tariximizə quş uçuşundan baxdığı “Bir əvvəl var, bir axır var deyirlər…” essesi “Mənə ədəbiyyatdan dərs deyən bütün müəllimlərimə” epiqrafı ilə dərc olunmuşdu. Sonralar gördüm ki, öz müəllimlərinə hörmət, ümumən böyüyə, eləcə də sözün böyüklərinə ehtiram, sadəcə, Nizami Cəfərov yox, Nizamilərə, Füzulilərə sayqı onun davranış etikası və yazı mədəniyyətinin epiqrafıdır. O, sözün həqiqi mənasında, ziyalıdır.
Ədəbiyyat təkcə söz meydanı deyil, həm də şöhrət meydanıdır və bu hiss bəzən tələbəni müəllimə, dostu dosta, gənci qocaya, ümumən insanı insana qarşı qoya bilər. Xüsusən də, jurnalistlərin reytinq xatirinə hamını bir-birinə düşmən etməyə çalışdıqları indiki dövrdə. Ə.Cahangir isə son otuz ilin təkcə ən məhsuldar yox, həm də polemikaya meyilli tənqidçilərindən biridir. Amma bu illər ərzində onun nəinki özündən böyüklərə, hətta gənclərə qarşı da etik əndazəni aşan yazısını, sözünü görmədim. Ən kəskin polemikalarda belə o, hamının fikrinə hörmətlə yanaşmaq, eyni zamanda öz fikrini soyuqqanlılıqla, ağılla, məntiqlə ifadə etmək kimi bir mövqedə durur və bu, o qədər də asan məsələ olmayıb, insandan həm savad, intellekt, həm də ziyalı etikası, mənəviyyat tələb edir. Sadaladığım bu cəhətlərin hər ikisi Ə.Cahangirdə var və bunları bir neçə il öncə onun moderatorluğu ilə hazırlanan, ədəbiyyatın poeziya, nəsr, dramaturgiya, ədəbi-tənqid və digər sahələrini özündə ehtiva edən, “Azərbaycan” jurnalında işıq üzü görən dəyirmi masa materiallarında bütün konturları ilə görmək olur. Belə dəyirmi masalardan birinə, Anarın “Göz muncuğu” povestinə həsr olunan müzakirəyə mən də dəvət olunmuşdum və keçmiş tələbəmin sadaladığım bu keyfiyyətləri nəinki qoruyub saxladığını, hətta bir az da cilaladığını görmək mənə xoş idi. Yeri gəlmişkən, son vaxtlar, nədənsə, belə dəyirmi masa materiallarının jurnalda dərcini görmürəm və bunu növbəti layihələrin hazırlanması üçün zəruri fasilə hesab edirəm.
Yenilikçi ruh, aydın, son dərəcə cilalı üslub, sadəliklə dərinliyin, elmiliklə bədiiliyin, analizlə sintezin vəhdəti, fəlsəfi ümumiləşdirmələrə güclü meyil! Ə.Cahangirin məzmunca zəngin, formaca çoxcəhətli yaradıcılığının əsas cəhətləri bunlardır. Yenilik demişkən, son iyirmi ildə geniş rezonans doğuran postmodernizm anlayışının ədəbiyyatımıza gəlməsində Ə.Cahangirin çoxsaylı və ardıcıl yazılarının həlledici rolu olub. Bu o vaxtlar idi ki, ədəbi mühitdə bir durğunluq yaranmışdı. Bədii sözümüzü, ümumən ictimai düşüncəni hərəkətə gətirmək üçün yeni anlayışa ehtiyac duyulurdu. Bu anlayış postmodernizm, onun ideya ilhamçısı isə zamanın tələbini həssaslıqla duyan Ə.Cahangir oldu.
Ə.Cahangir postmodernizmdən yazanda Avropa ədəbi-bədii düşüncəsində bu meyil öz ömrünü artıq başa vurmaq üzrəydi. Lakin biz 70 illik qapalı Sovetlər Birliyi mədəniyyətindən çıxmışdıq. Ola bilsin ki, İsa Hüseynov, Çingiz Hüseynov kimi yazıçılarımız postmodernizmin bu və ya digər cəhətini ədəbiyyata gətirmişdilər, amma istənilən halda bunlar ədəbi-tənqidin registrasiyasından keçməmiş, özünün nəzəri-analitik təsdiqini tapmamışdı. O vaxt yalnız bir metodun – sosialist realizminin tələbləri ehkam sayılırdı və bütün yerdə qalanlar qanundankənar, mürtəd elan olunmuşdu. Ona görə postmodernizm də, onun gətirdiyi ab-hava da bizim üçün yeni idi, ədəbiyyat isə hər şeydən öncə, fasiləsiz yeniləşmə deməkdir. Ə.Cahangirin bir neçə il ərzində postmodernizmlə bağlı ardıcıl yazıları bu mənada ədəbi-bədii düşüncəyə hərarətli yenilik həyəcanları gətirir, onu canlandırırdı. Mən bunu deyəndə, hər şeydən öncə, onun “Xalq cəbhəsi”, “Vətəndaş həmrəyliyi”, “Yeni Azərbaycan” qəzetlərində işıq üzü görən “Yeni əsrin ibtidası” silsilə məqalələrini nəzərdə tuturam. Bu yazılarda yeni ədəbi-bədii fikrimizin, doğrudan da, nəzəri ibtidası qoyulur, ədəbi prosesin təxminən 10-15 illik prioritet istiqamətlərinin fəlsəfi-estetik əsasları müəyyənləşirdi.
Maraqlı idi ki, təkcə Murad Köhnəqala, Həmid Herisçi, İlqar Fəhmi kimi cavanlar deyil, adlı-sanlı yazarlar da yeni anlayışı dəstəklədilər. Elçinin “Şekspir”, “Teleskop” kimi pyesləri ilə milli teatrımızda postmodern düşüncənin əsası qoyuldu. Kamal Abdullanın “Yarımçıq əlyazma”sı ilə milli nəsrimizdə postmodern romanın ən səciyyəvi nümunəsi yarandı. Tezliklə “Azərbaycan ədəbiyyatında postmodernizm” mövzusunda dissertasiyalar müdafiə edildi, Salidə Şərifova, Nərmin Kamal və digərlərinin bu mövzuda kitabları işıq üzü gördü, yəni anlayış populyarlaşdı, rəsmən qəbullandı, vətəndaşlıq statusu hüququ qazandı, ədəbi-bədii prosesin lokomotivinə çevrildi. Bu işin nəzəri-ideoloji yöndən əsas simalarından biri, yəqin ki, birincisi, Ə.Cahangir idi. Özü də təkcə məqalələri ilə deyil, İlya İlin, Daniil Andreyev, İrina Adelgeym, Aleksandr Dugin, İrina Nikitina və digər bu kimi alimlərin postmodernizm haqqında yazdığı məqalə və kitablardan elədiyi filoloji tərcümələrlə. Onun timsalında ədəbi tənqid bir müddətdir unutduğu missiyasına qayıdır – bədii fikin yoluna nəzəri işıq salır, onun yeni düşüncə üfüqlərini müəyyənləşdirirdi.
Dialektik düşüncə, ehkamçılıqdan uzaqlıq, dünyaya və onun bədii inikası olan sözə daimi dəyişmə – inkişaf və ya tənəzzüldə olan canlı proses kimi baxmaq! Ə.Cahangirin düşüncəsinə məxsus daha bir cəhət budur. Bu onun yazılarına qabarıq nəzərə çarpan tarixilik keyfiyyəti verir. Ə.Cahangirin yazıları ağır-ağır axıb gedən, ədəbiyyatın ayrı-ayrı mərhələlərini bir bütöv halında birləşdirən, öz axarına salıb aparan nəhri xatırladır və bununla da, “tənqid hərəkət edən estetikadır” fikrini əyani olaraq təsdiq edir. Bunu onun yuxarıda sözügedən “Bir əvvəl var, bir axır var deyirlər” essesində də, sonralar yazdığı “Söz”, “Səs” “Dəmirbaşlar”, “Aprel tezisləri” kimi ən yaxşı esselərində də aydın görürük. Əsəd təkcə bu esseləri yox, bütün yazılarında ilk essesinın sərlövhəsinə sadiqdir – onu sözün başlanğıcı və sonu, yolun əvvəli və axırı maraqlandırır. Bütün ədəbiyyatşünaslıq mövzu və problematikası ilə yanaşı, onun yazılarının alt yapısında bir ən ümumi fəlsəfi suala cavab cəhdi durur: – Hardan gəlib, hara gedirik?
Bəli, ədəbi-bədii faktın mahiyyətini aşkarlamağa yönələn Ə.Cahangir tənqidi açıq fəlsəfiliyə meyillidir. O, ədəbi-estetik anlayışlarla yanaşı, həm də ruh, şüur, materiya, zaman, məkan və sair bu kimi əsas fəlsəfi kateqoriyalarla düşünür. Mənə həmişə elə gəlir ki, onun ədəbi-tənqidçi olmasıyla, Azərbaycan fəlsəfi və ictimai fikri özünün dünya çapına gedib çıxa biləcək bir filosofunu itirib.
Yeri gəlmişkən, burda bir haşiyə çıxacam. İkinci, ya üçüncü kursda oxuyanda, dərs ilinin lap başlanğıcında Əsəd bir gün mənə yaxınlaşıb dedi ki, Fərman müəllim Fəlsəfə fakültəsinə keçməyimi istəyir, fikirləşmək üçün bir neçə gün vaxt almışam, məsləhətiniz nədir, ona nə cavab verim? Söhbət görkəmli filosof, “Müasir Qərb fəlsəfəsi”, “İnsan və dünya”, “Klassik psixoanalizin əsasları”, “İdrak nəzəriyyəsi və linqvistik analiz” və digər çoxsaylı kitabların müəllifi, universitetin fəlsəfə kafedrasının müəllimi, fəlsəfə elmləri doktoru Fərman İsmayılovdan gedirdi. Görünür, o, mühazirələrin gedişində Əsədin fəlsəfi istedadını görmüş, ona ixtisasını dəyişməyi təklif eləmiş, bu taleyüklü addımı atmaqda tərəddüd keçirən Əsəd isə bir sıra güvəndiyi müəllimləri ilə yanaşı, məsləhət üçün mənə də üz tutmuşdu. Mən, təbii ki, bu yerdəyişməyə razı olmadım və – “Bəyəm, bizim filoloqa ehtiyacımz yoxdur, fəlsəfəyə niyə keçirsən ki? – dedim. Sonralar öyrəndim ki, başqa müəllimlər də Əsədə eyni məsləhəti veriblər və bununla da, dilemma filologiyanın xeyrinə həll olundu. O vaxt doğrumu, yanlışmı qərar çıxardıq, bilmirəm, amma onu bilirəm ki, bu gün 55 yaşını qeyd edən Əsəd Cahangirin görkəmli bir söz adamı kimi varlığı o günlərdə çıxarılan qərarla əhəmiyyətli dərəcədə bağlıdır.
Orijinallıq, özünəməxsusluq Əsəd Cahangirin düşüncəsinin ən qabarıq görünən tərəfidir. Onun müəllifə özünü daha sərbəst ifadə etməyə imkan verən esse janrına xüsusi marağının əsas səbəbi yəqin ki, budur. “Söz” essesində o, Füzulinin bir beytinə – “Can sözdür, əgər bilirsə insan / Sözdür ki, deyirlər özgədir can” – istinad edərək sözün ikili səciyyəsini açır, onun ilahilik keyfiyyətini itirib insaniləşməsi və yenidən ilahiliyə qayıtması zərurətindən danışır və bu ideyanın əyani örnəyi kimi Nizamidən Muğannaya qədərki minillik bədii sözümüzü Füzulinin bir beytindən keçirir. “Söz” essesi bu minillik yolda dastan, qəzəl, qoşma kimi janr əvəzlənmələri ilə yanaşı, sözün istənilən yanrı öz içinə alan daxili forma dəyişkənliyindən danışır və bunların birindən digərinə keçidin görünməyən, strukturoloji laylarını qaldırır, kəsəsi, sözün nüvəsinə gedib çıxır. Yadımdadır ki, Əsəd bu essenin əlyazmasını mənə vermişdi və ilk bir neçə abzası oxuyan kimi bilmişdim ki, “Söz” təkcə öz müəllifinin yaradcılığı deyil, ümumən ədəbi-tənqidi düşüncəmizdə strukturalizmin ən parlaq, qeyri-adi örnəklərindən biridir. Belə yazı hər müəllifin ömründə bir dəfə, uzaqbaşı bir neçə dəfə ola bilər.
O bir neçə dəfədən biri olan “Səs” essesi Azərbaycanın üç geokulturololoji əraziyə – söz, səs və rəng məkanlarına bölünməsinə dair kəşflə yadımda qalıb. Bu bölgüdə Naxçıvan, Göyçə, Qazax və Borçalı sözün, Qarabağ səsin, Bakı və Şirvan isə rəngin payına düşür. “Səs” bir “Qarabağnamə”dir, özü də bu mövzuda indiyədək yazılan və olsun ki, bundan sonra yazılacaq “namə”lərin ən orijinalı. Essedə Qarabağın Azərbaycan tarixi və mədəniyyətindəki yeri və rolu özünün bütün tarixi-kulturoloji konturları ilə aydın görünür. “Söz”də ədəbiyyata metafizik baxış olduğu kimi, “Səs”də də tarixə metatarixi baxış var və bunun hesabına Qarabağa da, səsə də yanaşmanın hüdudları müqayisəsiz dərəcədə genişlənir, min dəfələrlə eşitdiklərimiz, gördüklərimizi sanki ilk dəfə görür, müəlliflə birlikdə biz də öz ölkəmizi geokulturoloji rakursdan yenidən kəşf edirik.
Ə.Cahangirin esseləri məntiqi-rasional metodla intuisiyanın, ilhamla vəhyin inteqrasiyası, kəsişmə zolağında meydana çıxıb. Onun “Dəmirbaşlar” essesi ənənəvi geridönməz tərəqqi ideyasının əksinə inkişaf və tənəzzülün daimi əvəzləndiyi dairəvi düşüncə modeli əsasında yazılıb. Elmi-texniki tərəqqinin danılmaz nailiyyətlərinə baxmayaraq, bəşər tarixinə mənəvi tənəzzül kimi baxmaq! Elm, fəlsəfə, tarix, ədəbiyyat və digər sahələrdə qızılbaşlıqdan dəmirbaşlığa enişi izləyən esse müəllifinin əsas yeniliyi bu unudulmuş köhnəliyin bir daha təsdiqindədir. Amma insanlığın labüd esxatoloji faciəsindən söz açan bu essedə optimist ideya qalib gəlir – qızılbaşlığa çağırış! “525-ci qəzet”də bir neçə ay ərzində hissə-hissə dərc olunan essenin geniş rezonans doğurmasının əsas səbəbi, yəqin ki, bu müəllif qayəsi ilə bağlı idi. Ə.Cahangirin müsahibələrindən birində dediyi kimi, “ədəbiyyat hər şeyi insanın əlindən ala bilər, amma ümidi almağa onun ixtiyarı yoxdur”.
Qatı tradisionalist mövqedən yazılan “Dəmirbaşlar” Ə.Cahangirin yaradıcılığını izləmək baxımından daha bir cəhətdən əhəmiyyətli idi. Esse “mən postmodernizmə sədaqət andı içməmişəm” deyən müəllifin postmodernist düşüncədən uzaqlaşmasını göstərirdi. Bir qədər sonra qələmə aldığı “Aprel tezisləri. Postinsan haqqında esse” isə onun ədəbi-fəlsəfi fikrimizə yeni bir anayış – postinsan anlayışı gətirmək cəhdi ilə səciyyələndi. Postmodernizm insanın özünə inamının süqutundan danışırdı. Postinsan isə insanın tamamilə başqa bir varlığa – postinsana çevrilməsindən bəhs edir. Odur ki, bu daha radikal ideya əfkari-ümumiyyə tərəfindən postmodernizm qədər asanlıqla qəbul edilə bilməzdi. Futuroloji mövzuda yazılmış “Aprel tezisləri” Ə.Cahangirin ən inqilabi məzmunlu essesidir, inqilabın baş tutması isə situasiya tələb edir. Lakin bu amil essedə irəli sürülən ideyanın perspektiv əhəmiyyətini inkar etmir. Çünki həyatımızın bütün temporitmi postinsan ideyasının yaxın gələcəkdə reallaşması imkanını hər gün daha bariz təsdiq edir.
Ə.Cahangirin indiyə qədər “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq”, “On üçüncü gecə” kimi kitabları işıq üzü görüb və bu kitabların hər biri müəyyən ədəbiyyatşünaslıq problemlərinə aydınlıq gətirilməsiylə səciyyələnir. “Qədim türk ədəbiyyatının linqvistik poetikası” kitabının mövzusunu Əsədə mən vermişəm. Kitabda Mahmud Kaşğarlının məşhur “Divanü lüğat it-türk” əsərindəki bədii nümunələr dilçilik və ədəbiyyatşünaslığın kəsişmə zolağında araşdırılıb. Müəllif “Divan”da toplanmış şeirlərin yaranması, inkişafı, dil və üslub xüsusiyyətləri, vəzni, müasir poeziya ilə əlaqəsi kimi məsələlərə dair orijinal fikirlər deməklə yanaşı, həm də bu nümunələri müasir dilimizə uyğunlaşdırmış və kitaba əlavə etmişdir. Azərbaycan filoloji fikrində monoqrafik səviyyədə kaşğarlışünaslıq Ə.Cahangirin 2001-ci ildə “Elm” nəşriyyatında rezoqraf üsulu ilə dərc olunmuş bu kitabı ilə başlayır.
2006-cı ildə “Nurlan” nəşriyyatında çapdan çıxan, Xalq yazıçısı Anar və Günel Anarqızının nəsr yaradıcılığından bəhs edən “Ağ saç, qara saç” kitabının ideya miqyasları adından daha genişdir. Kitabın əsasında Anarın “Ağ qoç, qara qoç” utopik və antiutopik nağıllarının milli və dünya ədəbiyyatı müstəvisində təhlili durur. Özümüzə dünyadan və dünyaya özümüzdən baxmaq Ə.Cahangir tənqidinin qabarıq nəzərə çapran keyfiyyətlərindən biridir. Lakin kitabın alt qatında o vaxt ədəbi mühitdə kəskin şəkil alan nəsillərarası qarşıdurmaya qarşı gizli bir etiraz da var. Ağ qoç, qara qoç buynuzlaşmasını, ağ saç, qara saç ehtiramı və ehtişamı ilə əvəzləmək! Kitabın müəllifinin daha dərin qatda gizlənən əsl qayəsi budur!
2013-cü ildə “Yazıçı” nəşriyyatında yayımlanan “Kim yatmış, kim oyaq” seçilmiş esselər və məqalələr kitabı təkcə öz müəllifinin yox, çağdaş Azərbaycan ədəbi-tənqidi fikrinin hadisəsi kimi meydana çıxdı. İ.Muğanna, S.Əhmədli, Anar, F.Qoca, Elçin, A.Məsud, V.İbrahimoğlu, B.Osmanov və digər söz-sənət adamlarının yaradıcılığından söz açan kitabın təkcə elə adı onun müəllifinin bir ən ümdə xüsusiyyətindən xəbər verir – çağdaşlığa bədii düşüncəmizin ən əski çağlarının gözüylə baxmaq! Kitabın adı daha bir məsələyə aydınlıq gətirir – vaxtilə tələbə Əsədin universitet auditoriyasında müəllimlərinə ünvanladığı sualları artıq durub-toxtamış ədəbi-tənqidçi Ə.Cahangir dövrün ən sayılıb-seçilən, adlı-sanlı imza sahiblərinə, ümumən insana, zamana ünvanlayır, yeni dövrün yeni suallarını müəyyən edirdi! Oyanmış ruh “kim yatmış, kim oyaq?” deyə atrıq bu dəfə başqalarını oyanışa, intibaha çağırırdı!
Xalq yazıçısı Elçinin yaradıcılığından bəhs edən “On üçüncü gecə” məqalələr kitabı da ən ümumi ruhu etibarilə qaranlıqdan işığa, gecədən gündüzə çağırış ruhu ilə köklənib. Psixoanalitik təhlillər, yazıçının pyesləri əsasında hazırlanmış tamaşalar haqqında qənaətlərin də yer aldığı kitabda başlıca yeri Elçinin tarixi mövzuda qələmə aldığı “Baş” romanı haqqında “Baş”lanğıc” məqaləsi, xüsusən də məqalədə irəli sürülən “metafizik realizm” anlayışı tutur. Ə.Cahangir “Baş”ı bədii nəsrimizdə düşüncə miqyaslarının genişlənməsi, metafizik Amerikanın kəşfi baxımından mühüm bir yenilik kimi qiymətləndirir. Milli bədii nəsrimizdə ruhun ilk dəfə baş qəhrəmana çevrildiyi romanın, oyanmış ruhun ifadəçisi olan bir tənqidçi tərəfindən bu cür dəyərləndirilməsi məntiqidir. “Baş”lanğıc”ın ədəbi-tənqid tariximizə onuncu illərin mühüm nəsr tədqiqatlarından biri kimi daxil olacağına şübhə yoxdur.
Ə.Cahangirin maraq dairəsinin genişliyi təəccüb doğurur: ədəbiyyat, incəsənət, din, fəlsəfə, psixologiya, tarix, ezoterika… İctimai şüurun elə bir forması yoxdur ki, Ə.Cahangir ona maraq göstərməsin. Onun yaradıcılığının mühüm bir qolunu teatr, kino, musiqi ilə bağlı araşdırmalar, bir sözlə, sənətşünaslıq yazıları tutur. Xüsusən də teatra olan marağı Ə.Cahangiri ədəbi-tənqidi fikrimizdə M.F.Axundov, M.Hüseyn, C.Cəfərov, Y.Qarayev ənənələrinin parlaq davamçısına çevirir, bütün yenilikçi cəhdləri ilə yanaşı, onun klassik tənqidçi imicini formalaşdırır. Məncə, Ə.Cahangirin həmkarları arasında klassik teatral ruhun daşıyıcısı olan ikinci belə ədəbiyyat tənqidçisi yoxdur. Ən çox razılıq doğuran isə odur ki, müxtəlif janrlarda yazılan, sayı yüz əlliyə çatan bu yazıların nə analitik səviyyəsi, nə də informativ yükü ədəbiyyatşünaslıq yazılarından zərrə qədər də geri qalmır. Əsədin üslubunda elə bir cazibə gücü var ki, onun ədəbi-tənqidi yazılarını oxuyanlar haqqında yazdığı əsərlərlə tanış olmaq, sənətşünaslıq yazılarını oxuyanlar isə haqqında bəhs etdiyi tamaşalara, filmlərə baxmağa tələsirlər.
Əlibaba Məmmədov, Habil Əliyev, Zeynəb Xanlarova, İslam Rzayev, Elmira Rəhimova, Ramiz Mirişli, Ramiz Quliyev, Mənsum İbrahimov, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Həsən Turabov, Həsən Məmmədov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Əminə Yusifqızı… Ə.Cahangirin haqqında yazdığı onlarca sənət adamının bunlar yalnız az bir qismidir. Onun Xalq artisti Barat Şəkinskaya ilə müsahibəsiylə tanış olanda qəribə görünür ki, ötən əsrin iyirminci illərində səhnəyə çıxan qədimi aktrisalarımızdan biri ilə 90-cı illərdə ilk yazılarını dərc etdirən gənc tənqidçinin sözü-söhbəti necə belə yaxşı tutur? Hər hansı bir teatrşünasın Vaqif İbrahimoğlunun “Lənkəran xanının vəziri” tamaşasına Əsədin “Vay, dədəm, vay” məqaləsindən daha incə yozum verəcəyinə, yaxud rejissor Bəhram Osmanovun portretini onun “Bəhramnamə”sində olduğundan daha məharətlə yaradacağına, yaxud da Gəncədə keçirilən ümumrespublika teatr festivalının (2009) gedişi və yekunlarını onun “Bir çarə var ancaq – yeniləşmək” məqaləsindən daha yaxşı ümumiləşdirəcəyinə inanmaq çətindir. İnanmıram ki, hər hansı bir iranlı kinoşünas İran kino sənətinin mahiyyətini Əsədin “Oskar”ı niyə Fərhadiyə verdilər” məqaləsindəki kimi üzə çıxara bilsin… Fəlsəfə ilə bağlı bir qədər yuxarıda dediym fikrin təkrarı kimi görünsə də, deməliyəm ki, Əsədin ədəbiyyat tənqidçi olmasıyla Azərbaycan incəsənəti özünün çox ciddi bir sənətşünasını itirib.
Bəs, Ə.Cahangirin çoxcəhətli yaradıcılığının sirri, səbəbi nədədir? Bu sualın birbaşa cavabı onun poeziyasındadır. Poeziya insanlıq tarixində hər şeyin hələ bir şey olduğu, hələ müxtəlif yaradıcılıq sahələri arasında differensiasiyanın etmədiyi başlanğıc dövrün məhsuludur. Ona görə əsl poetik ruha sahib olanlar üçün janr məhdudiyyəti olmur. Ədəbi yaşıdlarından E.Z. Qaraxanlının vaxtilə Əsədə həsr etdiyi məqalədə dediyi kimi, “istedadın janrı yoxdur”. Amma janr sərhədlərini aşmaq bəzən azad ruhun hər şeyi qapsamaq imkanı və ehtirasının ifadəsi olduğu kimi, bəzən heç nəyi bacarmamaqdan da xəbər verə bilər. Xoşdur ki, bu məsələdə Ə.Cahangir birincilərdəndir. Onun poetik stixiyası insanlığın poeziya mərhələsi ilə daxili-ruhi əlaqəsindən xəbər verir. Çünki bu dövrə məhz həmin stixiya ilə getmək olar. “Nə olsun, bu stixiya istənilən bir şairdə var deyənlər” ola bilər! Lakin Ə.Cahangir istənilən bir şairdən bir mühüm cəhətdən fərqlənir – onda çağdaşlıq üçün daha səciyyəvi olan məntiqi-rasional idrak, intellekt də var. Və bu iki əks qütbün birləşməsi Ə.Cahangirin düşüncəsinə əvvəllə axırın birləşməsi səciyyəsi verib, onun istər özü, istərsə də sözünün özünəməxsusluğu, hətta müstəsnalığını şərtləndirir.
Maraqlıdır ki, Ə.Cahangir şeirdən daha çox, poemalar müəllifi kimi tanınır. Bu onun qədim türk ədəbiyyatından gələn epos təfəkkür tipinin daşıyıcısı olmasıyla bağlıdır. Onun “O Adam”, “Namaz”, “Xarıgülnar” poemaları müstəqillik dövrü poeziyamızda bu janrın ən parlaq nümunələrindəndir. Çünki Ə.Cahangir nədən yazır yazsın, hansı janra üz tutur tutsun, Müşfiqin “yaratdığın şeyi sevərək yarat, hamıdan yüksək ol, hamıdan baş ol” prinsipinə əməl etməyə çalışır. Bu poemalardan ilk ikisini Ə.Cahangir qırx yaşında yazıb və bu heç də təsadüfi deyil. Bu, Füzulinin “Leyli və Məcnun”, Şekspirin “Hamlet” yaşıdır. Yaradıcılıqla məşğul olan adam bu müdriklik yaşında özünü maksimum ifadə etdiyi ən yaxşı əsərlərini və ya əsərini yazır. Bu baxımdan hər iki poema, xüsusən də, “Namaz” Ə.Cahangirin maksimum özünüifadəyə nail olduğu poemadır. Birincisi sərbəst, ikincisi isə ritmik sərbəstdə yazılan, hər ikisi mistik məzmuna malik bu poemalar klassik sufi poeziyasındakı Allah və həqiqət axtarıcılığının modern örnəkləridir. Sadəcə, birinci poemanın ifadə etdiyi zaman intervalı son iki min il, ikincininki isə əzəldən əbədə qədərki sonsuzluqdur. Füzulinin “Leyli və Məcnun”undan sonra bizdə bu məzmunda poemalar yazılmayıb. Bu poemalar ən ümumi şəkildə götürəndə Füzuli ruhunun poeziyamızdakı yeni dirçəlişi, yeni oyanışıdır. Və onları məhz oyanmış ruhun bədii-fəlsəfi ifadəçisi olan Ə.Cahangirin yazmasından məntiqi heç nə ola bilməz.
Bu günlərdə Şuşada keçirilən Xarıbülbül musiqi festivalına həsr olunan, Qarabağda qazandığımız cahanşümul qələbədən doğan şükranlıq hissləri ilə aşılanmış “Xarıgülnar” poemasında isə günümüzdə baş verənlər ümumtürk tarixi ilə analoji müstəvidə dərk və təsvir olunur. Bu analogiyada Cıdır düzü Ötükənə, festival şülənə, İlahm Əliyev Bilgə kağana, Mehriban Əliyeva İlbilgə xatuna, Anar Dədə Qorquda müqabil gəlir. Poema təkcə ən ümumi ruhu deyil, həm də Dədə Qorqud şeiri üslubuyla diqqəti çəkir. Poemadan Dədə Qorqudun ünlü dua-alqışlarının səsi gəlir:
Tanrım, sənə şükr olsun,
Şəhidlərimin adı adın kimi zikr olsun!
Şəhid bacıları bacım, anaları anam olsun!
İlbilgə xatun Mehriban,
Bilgə xaqanımız İlham olsun!
Qazilərimizə ehtiram,
Obamız obası, davamız davası olan
dost ellərə salam olsun!
Ə.Cahangirin bütün poemaları impulsiv enerjidən yaranıb və “Xarıgülnar” da bu yöndən istisna deyil. Müəllifə bu poemanı yazmağa impuls verən konkret bir hadisə – əslən şuşalı olan Xalq artisti Firəngiz Mütəllimovanın festival günü alnını Şuşa torpağına qoyması olub. Amma bu fakt poemanın yaranmasında sadəcə başlanğıc impuls, dəryaya gedən yolda bir damla rolu oynayıb. “O Adam” və “Namaz” poemalarında olduğu kimi, “Xarıgülnar”da da müəllif damlada dəryanı, zərrədə küllü göstərmək kimi sufi yoluyla gedir. Sadəcə, müəllif düşüncəsinin damlaları “O Adam”da ümumbəşəri, “Namaz”da ümummüsəlman, “Xarıgülnar”da isə ümumtürk dəryasına qovuşur.
Ə.Cahangirin yaradıcılığının xüsusi bir qolu onun ədəbi gəncliyin ən istedadlı nümayəndələrinin yaradıcılığını üzə çıxarmaq və cəmiyyətə təqdim etməkdən ibarətdir. O, AYB-nin təklifi ilə gənclərin yaradıcılığından ibarət “Körpü” (2004), Azərbaycan Tərcümə Mərkəzinin təklifi ilə “Yeni səs” (2016) və Heydər Əliyev Fondunun təklifi ilə “Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu” (2017) antologiyalarının redaktoru və tərtibatçısı olmaqla yanaşı, neçə-neçə gəncin kitabına ön söz yazıb, onlara uğurlu yol diləyib.
Ə.Cahangirin istər ədəbi-tənqidi, istər kulturoloji, istərsə də poetik yaradıcılığının diqqəti çəkən daha bir cəhəti onun dərin səmimiyyətlə aşılanmış yüksək vətəndaşlıq məzmunudur. O, hər cür fərdiyyətçilikdən uzaqdır. Mən bunun əsas səbəbini onda görürəm ki, 90-ıncıların əksər nümayəndələrindən fərqli olaraq, V.Səmədoğlu, R.Rövşən və V.B.Odərin ifrat fərdiyyətçiliklə səciyyələnən poeziyasından Əsəd yan keçə bilib. Məhz bu cəhət onun poeziyasına yaşıdlarının demək olar ki, heç birisində olmayan daha bir keyfiyyət qazandırır – optimizm!
Daim real həyatla nəfəs alan, təbii, canlı dillə yaranan Ə.Cahangir yaradıcılığı kabinet ədəbiyyatı deyil. “Hər bir böyük ədəbiyyatın son məqsədi müdhiş bir Tanrı inancına can atmaqdır” deyən Ə.Cahangirin düşüncəsində haqq və xalq anlayışları, təkcə səslənməsinə görə deyil, məzmununa görə də həmqafiyədir. Metafizik, kosmik, sosial-siyasi, fərdi-psixoloji qatlar onun düşüncəsində iç-içə çevrələr kimidir. Və bunların cəmindən fakta, hadisəyə bütöv Ə.Cahangir baxışı yaranır. Bu çevrələr arasında ümummilli taleyüklü problemlərlə bağlı sosial-siyasi qat xüsusi yer tutur. Ustad Ələsgərin “Arsız aşıq elsiz niyə yaşadı?” sualı Ə.Cahangir üçün həmişə qüvvədədir. Onun bu baxımdan bir mövqeyi var – Azərbaycan dövlətçiliyi; və bir qayəsi var – milli-mənəvi dəyərlərin qorunması. Yazıçının ümummilli öndər Heydər Əliyevin anım gününə yazdığı “Möhtəşəm məktub”, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdiyi “Çiyninə Pikassonun göyərçinləri qonub”, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın poetik yaradıcılığından bəhs edən “Bütün yollar eşqdən keçir” kimi esse və məqalələri məhz bu mövqenin, bu qayənin ifadəsidir… Ə.Cahangirin qondarma erməni soyqırımını ifşa edən, əsl tarixi həqiqətə yüzlərlə danılmaz arqumentlərlə aydınlıq gətirən “Erməni soyqırımı: mif, yoxsa gerçəklik” kitabını Milli Məclisin deputatı Adil Əliyevin təşəbbüsü ilə rus dilindən dilimizə çevirməsi də eyni əqidə, eyni amala xidmət edən vətəndaşlıq işidir.
Azərbaycan ədəbiyyatının dünyada, türk xalqları məkanında, keçmiş Sovetlər Birliyi ölkələrində, dünya xalqları, türk xalqları və keçmiş Sovetlər Birliyi xalqları ədəbiyyatlarının Azərbaycanda təbliğində də Ə.Cahangirin xüsusi rolu var. Onun Moskvada çıxan “Drujba narodov” jurnalının Azərbaycan ədəbiyyatına həsr olunan xüsusi sayında (2006, 3) milli poeziya və nəsrimizə dair “Qlobalizm, yoxsa millilik: dilemmadan çıxış yolu nədədir?” məqaləsi Rusiya ədəbi dairələri tərəfindən maraqla qarşılanmış, müasir ədəbi proseslə bağlı bir sıra icmalları gürcü, özbək, türk dillərinə çevrilərək müvafiq ölkələrdə yayımlanmışdır. Fransız şairi Artur Rembodan, tatar şairi Robert Minnullindən, çağdaş Amerika poeziyasından elədiyi yüksək səviyyəli bədii çevirmələri Ə.Cahangirin beynəlxlaq ədəbi əlaqələr sahəsindəki əməyindən xəbər verir. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sədri, Xalq yazıçısı Afaq Məsud Ə.Cahangirin bədii tərcümə sahəsindəki ustalığını xüsusi qiymətləndirərək, bu tərcümələrdən tərcümə işinin tədrisi ilə bağlı təhsil müəssisələrində əyani vəsait kimi istifadə olunmasından danışmışdır.
Ə.Cahangirin ədəbi-bədii fəaliyyəti dövlətimiz və Azərbaycan Yazıçılar Birliyi, eləcə də bir sıra ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Onun haqqında Xalq yazıçılarından İsa Muğanna, Sabir Əhmədli, Anar, Elçin, Afaq Məsud, yazıçılardan Rəşad Məcid, tənqidçi və dilçilərimizdən Yaşar Qarayev, Tofiq Hacıyev, Akif Hüseynov, Vaqif Yusifli, Bəsti Əlibəyli və digərləri ən yüksək fikirlər demiş, onu müasir ədəbiyyatımızın görkəmli nümayəndəsi, müstəqillik dövrünün yetirdiyi hərtərəfli istedada malik söz adamı kimi dəyərləndirmişlər. Ə.Cahangir “Səs” essesinə görə AYB-nin təsis etdiyi Aydın Məmmədov adına “İlin ən yaxşı tənqidçisi” mükafatına, “Namaz” poemasına görə Konya Şəhər Bələdiyyə İdarəsi ilə AYB-nin birgə təsis etdiyi Beynəlxalq poeziya mükafatına, “Kim yatmış, kim oyaq” kitabına görə AYB-nin Yaşar Qarayev, Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatlarına, Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə görə “Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına mükafatına, ümummilli öndər Heydər Əliyevin və Respublika Prezidenti İlham Əliyevin sərəncamları ilə iki dəfə Prezident təqaüdünə layiq görülmüşdür…
…Yenə otuz beş il öncəyə, Əsədin tələbəlik illərinə qayıdıram. Yadımdadır ki, Raifə Həsənova, Xalid Əlimirzəyev, Əlövsət Abdullayev, Nərgiz Paşayeva, Yəhya Seyidov, Ziynət Əlizadə, Təhsin Mütəllimov, Tofiq Hacıyev, İsmayıl Məmmədov, İsmayıl Əhmədov, Azad Nəbiyev, Şamil Salmanov, Abdulla Abbasov, Musa Adilov və digərlərindən ibarət müəllim-professor heyəti onun filoloq gələcəyinə böyük ümidlərlə baxırdılar. Bu gün Ə.Cahangirin verdiyi 55 illik ömür hesabatından görünür ki, o, müəllimlərinin ümidlərini doğrulda bilib.
Əsədin müəllimləri arasında mən də varam. Və keçmiş tələbəm, bugünün sayılıb-seçilən, ən yüksək dəyərə, qiymətə layiq söz adamı Əsəd Cahangir haqqında bu yubiley məqaləsinin son nöqtəsini böyük bir daxili əminlik hissiylə qoyur, ona ən yüksək nemət olan cansağlığı, yeni-yeni yaradıcılq uğurları arzu edirəm…
Zaman-zaman belə hallarla rastlaşsaq da bu hadisənin qeyri-adiliyi ondadır ki, bu dəfə Vikipediyanın Azərbaycan seqmentində baş verib.
Belə ki, tanınmış şair Zaur Ustac haqqında Azərbaycan dilində olan məqalə silinib. Zaur Ustac “Fedai.az” a bu barədə açıqlamasında belə dedi: – “İlk öncə onu bildirim ki, mən özüm də elə “Zaur Ustac” adı ilə vikipediya istifadəçisiyəm. Adətən oxuduğum mətnlərdə rastlaşdığım kobud səhvləri redaktə edirəm. Hardasa 2015-ci ildən ənənəvi olaraq Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum və anım günlərində mənim haqqımda olan “Zaur Ustac” məqaləsinə və Mübariz İbrahimov haqqında olan kitabın – “Oriyentir Ulduzu” məqaləsinə kiçik müdaxilələr olurdu. Bu müdaxilələrin qarşısı vaxtında Vikipediyanın Azərbaycan seqmentində fəaliyyət göstərən idarəçilər tərəfindən alınırdı. Bu dəfə vəziyyət bir az fərqli oldu. Mübariz İbrahimovun anım günlərində (17-18 iyun) müxtəlif sosial şəbəkələrdə onunla bağlı, “Oriyentir Ulduzu” kitabından müəyyən parçalar paylaşdıqdan sonra artıq ötən illərdən öyrəşdiyimiz ənənəvi hücumlar başladı. Üstəgəl mediada gündəm olmuş “Səringül və Təyyarə bacıları” (bu qəbirlər mənim doğma xalalarıma məxsusdur) haqqında məlumatları da sürəkli paylaşmağım yəqin bu məsələni bir az da körükləmiş olmalı ki, ya ermənilər, ya da onların təəssübkeşləri qəti hücuma keçərək “Zaur Ustac” məqaləsi ilə bağlılığı olan “Yusifcanlı kənd orta məktəbi”, “Yusifcanlı kəndi” məqaləsindən tarix (işğalla bağlı) bölümünü, Yusifcanlı kəndindən olan əfsanəvi döyüşçü – Səringül və Təyyarə bacılarının doğma əmisioğlu Qəhrəmanov Eldarın qızı Kəmalə Qəhrəmanova haqqında olan “Kəmalə Qəhrəmanova” məqaləsini heç bir əsas göstərilmədən sildilər. Bu azmış kimi digər bağlılığı olan “Oriyentir Ulduzu” , “Ziyadar Mükafatı” və “Səringül və Təyyarə bacıları” adlı məqalələri silinməyə namizəd məqalələr kateqoriyasına aid etdilər. Hansı məsələ bunlara necə od qoyubsa, bütün bunlarla ürəkləri soymayıb uzun illərdir (2015 –ci ildən belə mövsümü müdaxilələri nəzərə almasaq, kiçik redaktələrlə stabil) mövcudluğunu sürdürən, hər cümləsi mötəbər mənbələrə istinad edən, müddətsiz mühafizə altında olan “Zaur Ustac” məqaləsini də siliblər. Bu məsələ bax belə baş verib. Qeyd edim ki, Vikipediyanın Azərbaycan seqmentində fəaliyyət göstərən idarəçilər tərəfindən məsələ araşdırılır. Yəqin ki, tezliklə öz həllini tapacaq.”
Xatırladaq ki, AJB üzvü, tanınmış şair-publisist Zaur Ustac ədəbi yaradıcılığının 30 illiyi münasibəti ilə ”Qızıl Qələm” media mükafatı (2018), il ərzində hərbivətənpərvərlik mövzularında şeirləri ilə müxtəlif KİVdə müntəzəm çıxışına görə “İlin Vətənpərvər Şairi” media mükafatı (2019), AVMVİB-nin üzvü kimi isə “Müharibə veteranı”, “Milli Ordu -100” və “AVMVİB-25 il” medalları ilə təltif olunmuşdur.
Dekabrın 29-da, gündüz saat 11:00 radələrində bu həyətdə dünyaya göz açmışam (doğum haqqında şəhadətnamədə yanvarın 25-i qeyd olunsa da). Bütün uşaqlığım bu həyətdə keçib. Bu gün uşaqlığım üçün darıxıram, bu həyətdə oynayarkən yıxılmağım üçün, yıxılarkən dizlərimdəki yaralara görə ağlamağım üçün, sözə baxmayıb yıxıldığıma görə anamın məni danlaması üçün darıxıram. Uşaqkən bu danlaqlardan başqaları kimi mən də xoşlanmazdım. Ancaq böyüdükcə anladım ki, anamın bu danlağı indi eşitdiyim saxta, yalan dolu münasibətlərdən, sözlərdən daha şirin imiş. Uşaqlığım üçün darıxıram, atamın axşam işdən evə gəlməsini gözləməyim üçün. Hər axşam süfrə başında iş yerində baş verənlərdən söz açardı atam. Mən də uşaq marağı ilə dinləyərdim. Darıxıram, səhərlər atamı işə yola salarkən, anamın ona ehtiyatlı olmasını tapşırmağı üçün. Uşaqlığım üçün darıxıram, anamın, atamın mənə hər an beynimə həkk etdikləri öyüd-nəsihətləri üçün. Ata nənə-babamı (Göyçək, Abbas) görmədiyim üçün xatırlamıram, amma barələrində həmişə xoş sözlər eşitmişəm. Ana nənə-babama (Ağgül, Mürşüd) gəlincə, onlarla bağlı yaşantılarımın hər anı yaddaşımdadır. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin! Bu günüm üçün valideynlərim qədər o insanlara da borcluyam. Çünki insan olmağı ana nənə-babamın öz övladlarına, başqalarına göstərdikləri münasibətdən, istəkdən, sevgidən, davranışdan öyrənmişəm. Və sonra da təbii ki, müəllimlərimdən dərs almışam. Böyüdükcə anladım ki, hamı onlar kimi olsaydı, həyatda nə nadanlar olardı, nə böyüklərinin üzünə qayıdanlar, nə də insan sifətində şeytanlar… Bu gün uşaqlığım üçün darıxıram, Ağdamın Yusifcanlı kəndində yaşayan Ağgül nənəmgilə baş çəkməyə gedərkən, onun süfrə açıb məni ac buraxmaması, payız fəslində həyətlərindəki qoz ağacına çıxarkən Mürşüd babamın ehtiyatlı olmağım üçün tez-tez səsləməsi üçün. Bu həyətdə böyüdüyüm günlər, illər üçün darıxıram. Ailənin ilk övladı olduğum üçün qohum-əqrəba üçün çox əziz, istəkli olmuşam. Deyilənə görə, əlimdəki şirin narı alıb əvəzinə, turş nar verən qohumlarım da olub. Amma mən böyüdükcə aldığım tərbiyədən qohumlar arasında ayrı-seçkilik etməməyə çalışmışam. Həmişə onları sevmişəm, yaxın bilmişəm. Amma böyüdükcə anladım ki, həyatda insanları sevməklə sevgilərini qazanmaq onları sevmək qədər asan deyil. Çünki bu gün «şəkər» verdiyim bəzilərinin mənə «zəhər» uzatdığının şahidi oluram. Odur ki, bax elə o günlər üçün darıxıram, bacı-qardaşlarımla birlikdə deyib-güldüyümüz bu həyət üçün.
Rəssam, Salam İbrahimoğlu.
Bu rəsm 30 il öncə çəkilib. Rusiyada rəssamlıq təhsili almış Salam İbrahimoğlu bu rəsmi bu həyətdəki ikimərtəbəli evimizi təmir edərkən eyvanda oturub çay içə-içə önündəki mənzərəni kağız parçasında cızıb və evdə üzərində işləyib. Amma o zaman bilmirdi ki, nə vaxtsa torpaqlarımız, yurdumuz düşmənlərimiz tərəfindən işğal olunacaq, həmin rəsmi digər əşyaları ilə birlikdə Sumqayıt şəhərinə gətirəcək və 30 ildən sonra iş yerimə gələrək mənə əvəzsiz sürpriz edəcək… İndi bu rəsimdəkilərdən əsər-əlamət yoxdur. Həmin tikililərin daşı daş üstə qalmayıb…
Bu isə həyətimizin indiki halı.
İşğaldan azad edilən digər şəhərlərimiz, rayonlarımız, kəndlərimiz kimi, bizim kəndimiz də, bizim məhəlləmiz də, bizim həyətimiz də ermənilər tərəfindən yerlə-yeksan olunub. Yaman darıxıram əziz xatirələrlə yadda qalan uşaqlıq və gənclik illərimin izi düşən bu həyət üçün… Nə yazıqlar ki, hələ getməsəm də, görməsəm də, bu həyət bizim həyətimizdir… Müəllif: Elbar ŞİRİNOV
XXI əsri kreativ intellektuallar dövrü də adlandırırlar: tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimlərindən tutmuş, sıravi sosial platformalarda özünü tanıtmağa çalışan blogerlərə qədər hər kəs tarixdə qalmaq üçün nəsə fərqli mövqe ortaya qoymağa çalışır. Mədəniyyət tarixi belə estetik-intellektual texnologiyalarla boldur, fəqət milyonlarla kulturoloji hadisə, fakt arasında fərqlənərək özündən sonra humanitar fikri irəli aparan düşüncə sahiblərinin sayı elə də çox deyil.
Almanların təbirincə yazsaq, mədəniyyət şifrələrinin ötürücüsü – kültürtragerlərimizdən biri də Azərbaycan Yazıçılar Birliyinin katibi, milli “PEN-klub”un prezidenti, Xalq yazıçısı, professor, respublikamızın və xarici ölkələrin saysız-hesabsız ordenlərinin, medallarının, ədəbi-mədəni mükafatların laureatı, kitabları fərqli dillərdə milyonlarla tirajla nəşr olunan Çingiz Abdullayevdir. Bu işıqlı dünyaya gəlişinin 50 illik yubileyi idi.
Yanılmıramısa, özüm tez-tez təkrarlamağı xoşlayıram, bir neçə yazımda da xüsusi vurğulamışam: dünya şöhrətli detektiv ustamız özünün çoxsaylı kitablarıyla, fərqli – intellektual mövqeyi, oxunaqlı əsərləri ilə dünyaya çıxarılası, fikir tariximizdə qalası milli kulturoloji sərvətimizdir.
Bəli, indiki inteqrasiya dövrünün dəbdə olan ifadəsiylə yazsam, insan kapitalının, intellektual-kulturoloji zəhmətin payının get-gedə artdığı bir vaxtda geniş oxucu kütləsinə ünvanlanmış dəyərli əsərlər yaradan şəxsiyyətlərimizdən biri – qlobal kreativ biznes sahəsində öz yerini möhkəmləndirən əsl Azərbaycan milli art-brend sayılsa da, sonuncu uğurlu Qarabağ savaşında ölkəmizdə, xüsusən də xaricdə və internetdə, sosial şəbəkələrdə sərgilədiyi qətiyyətli mövqeyi ilə həm də növbəti dəfə (artıq neçənci səfərdir!) sübut etdi ki, əsl tarixi-mədəni şəxsiyyətdir! Geniş nəzər salanda, heç də sirr deyil ki, Çingiz Abdullayev nəinki respublikamızda, – boynumuza alaq: son illərə qədər bir neçə rusdilli romanlarını çıxmaq şərtilə, yazıçının əsərləri bizdə mütəmadi işıq üzü görmürdü; amma axır vaxtlar istedadlı qələm sahibinin 30-dan çox irihəcmli detektiv romanı ana dilimizə çevrilib, hərəsi də bir neçə dəfə təkrar nəşr olunub, – ölkəmizin hüdudlarından çox-çox kənarlarda, daha dəqiq, Rusiyada, başqa MDB dövlətlərində, Qərbdə, Şimali Amerikada, Şərqdə, qardaş Türkiyə, İsrail, ərəb məmləkətlərində kifayət qədər tanınır, qələmindən çıxan ədəbi nümunələr isə on milyon nüsxə tirajla yayılır. Yaşı minilliklərlə ölçülən milli ədəbiyyat tariximiz ikinci belə kulturoloji faktla öyünə bilmir…
Klassik ədəbiyyatşünaslıqda bədii əsərlər ədəbi növlərə, onlar isə, öz nöbəsində, janrlara bölünürlər. Məsələn, epik növün hekayə, povest və roman növü. Bu, təsnifata görə detektiv hekayə də ola bilər, detektiv roman, pyes, film də. Odur ki, suala konkret cavab vermək üçün filoloji anlamların dəqiqləşdirilməsinə ehtiyac duyulur. Detektiv bədii nəsrdə, eləcə də bədii-sənədli ədəbiyyat və sənətin digər sahələrində xüsusi növ sayılır. Daha da dəqiqləşdirsək, dünyada detektiv əsərləri bədii-vizual qol – istiqamət, bəzən də estetik tərz hesab edənlər də var. Fantastik, savaş, melodramatik əsərlərdə olduğu kimi, detektiv də əsasən çox mürəkkəb estetik-kulturoloji struktura malik olmayan, əsasən kütləvi və geniş oxucuya ünvanlanan əsərlər sinfinə də aid edilir. Amma elə klassik detektiv əsərlər var ki, artıq dünya ədəbiyyatının dəyərli nümunələri səviyyəsinə qalxa bilib. Üstəlik, son illərin ən maraqlı əsərlərinin özündə də detektiv hava, cəhətlər bir ədəbi vasitə səviyyəsində istifadə olunur. U.Ekonun “Qızılgülün adı”, O.Pamukun “Mənim adım qırmızı” və başqa dəyərli romanları yada salmaq kifayət edər, məncə.
İstənilən halda detektiv ədəbiyyatın ən çox inkişaf etmiş qollarından, istiqamətlərindən biri sayılır. Düzdür, Azərbaycan ədəbiyyatında ona XX əsrin ikinci yarısından bu yana müraciət olunsa da, detektiv bir ədəbi-estetik qəlib olaraq hər zaman oxucuların, tamaşaçıların diqqətini cəlb edir…
Ölkə Prezidenti İlham Əliyevin xüsusi Sərəncamıyla Xalq yazıçımız Azərbaycanımızın ən yüksək dövlət mükafatlarından biri ilə – “Şöhrət” ordeniylə təltif olunanda növbəti dəfə əmin olduq ki, istedadın sərhədləri hüdudsuzdur, dünən də, bu gün də olmasa, sabah, yaxud gələcəkdə fitri peşəkarlığa, bacarığa malik şəxslər tarix qarşısındakı xidmətlərinə görə əvvəl-axır dəyərini, qiymətini alırlar…
Ədəbiyyat, mədəniyyət, humanitar-estetik sahələr üzrə aparılan bir çox mədəni-sosioloji araşdırmalar və ədəbi-kulturoloji monitorinqlərin nəticələrinə görə, Çingiz Abdullayev cəmiyyətimizdəki nüfuzuna, mövqeyinə, tutduğu yerinə görə ictimai-mədəni hadisələrə ciddi təsir imkanlarıyla yanaşı, yaratdığı əsərlərə görə də başqa yazıçılarımızdan, fikir adamlarından xüsusi çəkisi olaraq fərqlənir. Hətta 500 milyonluq qlobal rusdilli, – indi isə 300 milyonluq türkdilli məkanda, – ədəbi-mədəni, humanitar-intellektual, sosial-fəlsəfi, ictimai-siyasi mühitlərdə orijinal düşüncə sahibi olaraq Ç.Abdullayevlə hesablaşan elitar təbəqə formalaşıb.
Müxtəlif nəsil Azərbaycan oxucusu nasir, ustad detektiv kimi bu imza sahibinin hər yeni əsərini maraqla izləyir, kitablarında, yazılı və elektron KİV-də, virtual resurslarda, yeni mediada, sosial şəbəkələrdəki statuslarında toxunduğu müxtəlif ciddi məsələlərlə tanış olur, cəmiyyəti düşündürən problemləri zamanında ədəbiyyata gətirdiyini razılıqla qarşılayır, aktual saydığı hər hansı bir mühüm sosial-siyasi prosesi, hadisəni, hərəkəti ictimai polemikaya transfer etmək baçarığını yüksək dəyərləndirir.
Söz yox, Ç.Abdullayev yaradıcılığı barədə ümumiləşdirilmiş mülahizələrsiz qısa yazmaq qeyri-mümkündür: nəzərə almaq lazımdır ki, ustad detektivin irihəcmli əsərlərinin, roman və povestlərinin sayı iki yüzə yaxınlaşmaqdadır, onlar haqqında bir balaca yazıda geniş danışmaq mümkün deyil.
Məhsuldar yazıçı, ictimai-mədəni aktivist, rəsmi ədəbiyyat xadimi olaraq Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin katibi, MDB ölkələri Yazıçılar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü və bu kimi onlarca məsul ictimai-sosial vəzifədə çalışdığını bilməyən çox az adam tapılar. XX əsrin ziyalılığı ilə XXI yüzilliyin intellektuallığını özündə cəmləyən bir milli qürur timsalı olan sadə, lakin böyük ürəyə sahib, unikal estetik-fəlsəfi fikrə malik bu tarixi-mədəni şəxsiyyətin işıqlı obrazını yaratmaq fikri elə də asan gəlməsin sizlərə: deyəsən, qeydlərim ənənəvi “yubileynamə” janrının tələblərindən kənara çıxmır.
Sözün bütün çalarında, Azərbaycan ədəbiyyatında, bəlkə də cəmiyyətimizin indiki mürəkkəb dövründə az adam tapmaq mümkündür ki, Çingiz Abdullayev kimi insani saflığını, ruhi duruluğunu saxlaya bilsin. Dostlarımızın arasında bəlkə də, azsaylı şəxslərdəndir ki, ayaqüstü görüşdüyümüz, qısa söhbətlər etdiyimiz, beş ədəbi söhbətdə iştirak etdiyimiz zaman hər dəfə ondan yeni nəsə öyrənə bilirik.
Görkəmli yazıçı Çingiz Abdullayevin yaratdığı ədəbiyyatın bədii nəsr qolu, istiqaməti – detektiv, bellestrika məhsulları kimlərinsə estetik zövqünə uyğun gəlməyə bilər. Fəqət, nə vaxtlarsa uşaqlıq, yeniyetməlik və gənclik çağlarımızda bu qəbildən olan bədii nümunələri həvəslə oxumuşuq. İndilərdə yalnız peşəmizlə əlaqədar ədəbi tənqidçi, daha çox isə kulturoloq kimi bu dəyərli nümunələri, xüsusən Xalq yazıçımızın sayı yüzlərlə ölçülən kitabları ilə tanış olan zaman yaşadığımız bu mürəkkəb zəmanənin çoxsaylı sirli şifrələrini sezəndə, ədibin düşüncələrinin dərinliyinə heyran qalırıq.
Fəqət, zövq məsələsində mübahisələrin məntiqsizliyini yada salıb, bir məsələni də xüsusi vurğulamaq istəyirəm: real həyatla daha çox yaxınlığıyla seçilən, bir sıra hallarda müəllifdən futuroloji bilgilər, analitik təfəkkür, intellektual hazırlıq, müxtəlif biliklərə yüksək səviyyədə yiyələnmək, cəmiyyətdə baş verənlərlə yaxından, davamlı tanışlıq tələb edən ciddi detektiv ədəbiyyat, eləcə də onun ən çox oxunan janrları sayılan siyasi, tarixi, xəfiyyə, eləcə də polis detektivləri yaratmağın çətinliyi göz qabağındadır. Çingiz Abdullayev hələ gənc yaşlarından öz çiyinlərini bu ağır ədəbi yükün altına verdi, Qərb, eləcə də rus yazıçıları tərəfindən artıq inhisara alınmış bu estetik-bədii sahədə özünün məhsuldar yaradıcılıq cığırını aça, estetik yolunu yarada bildi. Dünya oxucusu tərəfindən maraqla qarşılanan çoxsaylı detektiv əsərlərini ustalıqla yaradaraq, nəinki lokal milli ədəbiyyat meydanında parıldadı, eyni zamanda qlobal çap-nəşriyyat biznes sahələrinə çıxış əldə etdi. Görkəmli söz sənətkarımızın 40-dan artıq xarici məmləkətdə nəşr olunan əsərləri, əksər ölkələrdə milyon nüsxələrlə satılan kitabları və imzası dünyada Azərbaycanı, milli-mənəvi varlığımızı piar – təbliğ edən əsl qlobal art-brendimizə çevrildi.
Azərbaycan – müsəlman türk yazıçısı olaraq bütün sadalanan ağrılı problemlərə sinə gərən bir kulturoloji fikir adamı kimi Çingiz Abdullayev titanik zehni əməyi nəticəsində millətimiz, dövlətimiz üçün bu qədər iş görürsə, onu və onun kimi milli sərvətimizə -insan kapitalımıza dəyər verməmək, gənc nəslə nümunə göstərməmək mümkündürmü!?
P.S. Çingiz müəllimə bir “tənqidi” xatırlamamız: ustad, bir neçə vaxt bundan əvvəl siz demişdiniz ki, yaradıcılığımın yeni mərhələsində tarixi və intellektual, bir qədər də fəlsəfi nəsr əsərləri ilə oxucularımı təəccübləndirəcəyəm. Zamanı yetişməyibmi?!
Vətən nədir? Adi, quru bir torpaqmı? Bəlli sərhərlərdən ibarət bir ərazimi? Ya hər bir parçası uğrunda can alıb, can verməyə hazır olduğumuz məmləkətmi? Vətən – Vətənin nə olduğunu bizə anladan, öz qanları, canları bahasına bu torpağı qoruyan, lazım gəlsə uğrunda oddan, alovdan keçməyi gözə alan igidlər diyarıdır! O igidlərdən biri də Nadirov Fəriddir.
Gəlin onun həyat yoluna bir nəzər salaq.
2001-ci il sentyabrın 21-i Göyçay rayonunda bir körpə dünyaya göz açdı. Adını Fərid qoydular. İllər keçir, Fəridin yaşının üstünə yaş gəlirdi. O, vətənə qarşı sevgi ilə böyüyürdü. Düşmənlərin vətəninə, millətinə qarşı törətdiyi qırğınlar, Qarbağ torpaqlarının işğal altında olması ürəyindəki vətən sevgisini bir qədər də alovlandırırdı. Bir gün o torpaqları azad etmək, orada üç rəngli bayrağımızı dalğalandırmaq istəyirdi. O istəmirdi ki, müqəddəs torpaqlara düşmən ayağı dəysin, o istəmirdi ki, o torpaqlarda törətdiyi əməllərə görə cəzasız qalan düşmən rahat yaşasın. O qisas almaq istəyirdi. Qırğınların, faciələrin, günahsız işgəncələrə məruz qalan həmvətənlərinin qisasını. Beləcə aylar, illər bir-birini əvəz edirdi.
Artıq Fərid hərbi xidmət yaşına çatmışdı.
2019-cu ildə o igid bir əsgər kimi vətənin keşiyində durmaq üçün hərbi xidmətə yollandı. Hərbi geyimdə olmaq, vətənə qulluq etmək onun üçün bir qürur idi. Xidmət etdiyi zaman məğrur duruşu, əzəmətli baxışı, səmimiyyəti, dostcanlılığı və diribaşlığı ilə fərqlənməyi bacarmışdı. Elə bu səbəbdən də Aprel döyüşlərinə həsr olunmuş qısametrajlı filmdə Xüsusi Təyinatlı obrazında baş rol ona verilmişdi. O bu obrazı çox yaxşı canlandırırdı. Amma qəflətən filmin çəkilişi dayandırıldı. Bunun səbəbi isə cəbhədə yaranan gərginlik oldu. Düşmən cəbhə boyu əraziləri atəşə tutur və mülki vətəndaşların da ölümünə səbəb olurdular. Artıq səbir son həddə çatmışdı. Bütün Azərbaycan xalqı, ələlxüsus da cəsur ordumuz Ali Baş Komandanın “irəli” əmrini gözləyirdi.
Nəhayət, Ali Baş Komandanın əmri ilə 27 sentyabr 2020- ci ildə əks hücum əməliyyatı başlayır. Fərid də müharibə başlanan gündən döyüş meydanına atılır. Döyüş meydanında əsl bir cəngavər kimi vuruşur. Düşmənin canlı qüvvəsini əsl ustalıqla məhv edir, vətən torpağını düşmən tapdağından təmizləyir. Sanki döyüş yoldaşları öz aralarında ilk azad olunmuş torpağa kim bayraq sancacaq deyə mübarizə aparırdılar.
Fərid silahdaşı ilə bir qaya parçasına söykənib bir qədər sonra başlayacaq savaş haqqında fikirlərini bölüşür:
– Görəsən ilk azad olunmuş torpağa bayraq sancmaq kimə qismət olacaq?
-Bəlkə də bizə hansısa yüksəkliyə ilk bayraq sancmaq qismət olmayacaq, ən uca zirvə olan şəhidlik zirvəsinə ucalacayıq. Bəlkə də bir vətən qazisi kimi evimizə canlı dönəcəyik. Amma ən əsası şəhid olsaq da, sağ qalsaq da daim ailəmiz, vətənimiz, xalqımız bizimlə fəxr edəcək. Biz onların qürur mənbəyi olacağıq. İndi bizim hamımızın bir məqsədi var, qanımız, canımız bahasına olsa belə vətən torpağını mənfur düşməndən azad etməliyik. Çünki, bu torpaqlar bizə ulu babalarımızın mirasıdır. Bizim də borcumuz bu mirası qorumaqdır! -Fərid fikrini tamamlayır.
Söhbət sona çatmamış pulemyot kəklik kimi qaqqıldamağa başladı.. Tankın, topun nərəsi dağları lərzəyə gətirdi. Elə bu dəm döyüşçülərdən biri qanlar içində yerə yıxıldı. Fərid əsgər yoldaşını xilas etmək üçün cəld irəli atıldı. Onu təhlükəsiz yerə çıxarmağa çalışdı. Amma bu zaman o da düşmən gülləsinə tuş gəldi. Sanki düşmən gülləsi qarabaqara izləyirmiş onu.
İllər öncə döyüş filminə çəkildiyi zamanlar üzünə qan əvəzinə mürəbbə sürtürdülər, amma indi bu qan ləkəsi həqiqətə çevrildi və Fəridin hayatını tam dəyişdi. Fərid həmin o qanı ilə tarix yazdı, qəhrəmanlıq tarixi. Özü dediyi kimi hansısa zirvəyə ilk bayraq sancmaq ona qismət olmadı, amma o elə bir zirvəyə ucaldı ki, o zirvə yalnız müqəddəslərə nəsib olur.
Böyük türk dünyasının lideri Mustafa Kamal Atatürk deyib ki, millətin həyatı təhlükəyə məruz qalmayıbsa, müharibə etmək cinayətdir. Azərbaycan xalqının timasalında da bu deyim öz təsdiqini tapır. Əsrlərcə xalqımız nankor erməni qonşularımızın əli ilə zorakılığa, torpaqlarımız isə işğala məruz qalmış, itirə-itirə gəldiyimiz torpaqların bir qarışını isə geri qaytarmaq mümkünsüz olmamışdı. Bu az imiş kim xalqımıza layiq olmadığı məğlubiyyəti də zorla unutdurmağa çalışmışlar. Amma son otuz ildə başına gətirlən fəlakətlərdən, qanla yazılan və düşmənlərin sərhədlərini zorla dəyişdirilməyə çalışdıqları hadisələrdən xüsusi dərs alan Azərbaycan xalqı, bir millət olaraq indiyədək başına gətirilən haqsızlıqları öz yaddaşına həmişəlik möhürlədi və unutmadı…
Azərbaycan xalqının belə bir məsəli var, ordum varsa, yurdum var. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və davamlı siyasət nəticəsində daha da inkişaf etdirilərək dövlətin dayağına və xalqın güvənc yerinə çevrilmişdir. Azərbaycan Ordusu regionun ən güclü və modern ordusu olmaqla, həm də ən inkişaf etmiş ölkələrin ordusunun ön sıralarında yer alır. Ordu sıaralarında vətənpərvər, sağıam düşüncəli, mənən zəngin, torpağını sevən, müasir silahlar və texnikadan məharətlə istifadə etməyi bacaran hərbçilər qulluq edir ki, bu da qələbənin əsas şərtlərindəndir…
Xalqımızın zorən qatıldığı müqəddəs müharibədə Azərbaycan ordusu, onun hərbi qulluqçuları öz qabiliyyətini və üstünlüyünü dünyaya sübut etdi. Ali Baş Komandan İlham Əliyevin səfərbərliklə bağlı verdiyi əmrlə vətənpərvər oğullar doğma yurdun müdafiəsi uğrunda bir nəfər kimi ayağa qalxdı.. Həmin oğullardan biri də Bahadurov Anar Süleyman oğlu idi…
Anar Bahadurov26 iyun 1992-ci ildə Sabirabad rayonunda dünyaya gəlmişdi. Uşaqlıqdan öz fərqli dünyası olan bu oğlan, 1998-ci ildə N.Gəncəvi adına 5 saylı orta məktəbin birinci sinfinə getmiş və 7-ci sinfədək bu məktəbdə təhsil almışdır. Elmə, xüsusilə də humanitar fənlərə olan həvəsi onu şagird yoldaşlarının və müəllimlərin sevimlisinə çevirmişdi. 7-ci sinfi bitirəndən sonra imtahan verərək Əlibayramlı (indiki Şirvan)şəhər Özəl Türk Liseyinə qəbul olunur. Yüksək göstəricilərlə bu təhsil ocağını da başa vuran Anar, 2009-cu ildə Ali məktəblərə qəbul imtahanılarndan 645 bal toplayayaraq Azərbaycan Dövlət universitetinin Hüquq fakültəsinə, 2013-cü ildə isə ali təhsilini başa vuraraq maqistraturaya daxil olur. Lakin təhsilini donduraraq vətən borcunu verməkdən ötrü həqiqi hərbi xidmətə yollanır.
Hərbi borcunu Tovuz rayonundakı “N” saylı hərbi hissədə yerinə yetirib geri dönən Anar, 2014-2016-cı illərdə Almanıyanın Köln şəhərində maqistratura təhsili alır. O, bir neçə xarici dili də öyrənməyə nail olmuş, ingilis dilindən isə “İelts” proqramı üzrə sertifikat almışdı. Gələcəyin hüquq müdafiəçisi hərətrəfli bilik və bacarığa yiyəlnir, müasir Azərbaycanın gələcəyini daha gözəl, daha yüksək inkişaf səviyyəsində görür və bunun üçün özü də əlindən gələni edirdi. Lakin son illərdə sərhədyanı ərazilərimizdə baş verənlər, düşmənlərin bütün beynəlxalq razılaşmaları pozaraq dinc əhalini də hədəf seçməsi, daimi yeni ərazi iddiaları onun da gənc ürəyi düşmənə qarşı qəzəb və nifrət hissi ilə dolurdu…
2020-ci il 27 sentyabr günü xalqımızın qaqlı savaşı başlanarkən Anar da vətən qarşısında borcunu vermək, mənfur düşmənləri müqəddəs torpaqlarımız olan Qarabğadan qovub çıxarmaq üçün əyninə hərbi forma geyinərək cəbhəyə yollanır. Anar Bahadurov Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və kəndləri uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Döyüş meydanlarıda düşmənin yüzlərlə canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində xüsusi çeviklik və qəhrəmanlıq göstərmişdir. O, öz həyatını təhlükəyə ataraq yaralı yoldaşlarının döyüş meydanından təxliyyə olunmasını təmin etmişdir. Noyabr ayının 8-də Qubadlı-Şuşa istiqamətində həlledici ağır döyüşlər isə Anarın sonuncu döyüşü olmuş, o, qələbənin bircə addımlığında ağır yaralanaraq ən uca məqam olan müqəddəs şəhidlik mərətbəsinə yüksəlmişdir…
…Göstər yaralarını, dünya görüb inansın,
Udduq haqq savaşını, ver sadağa, gəlmişik…
Bahadurov Anar Süleyman oğlu Sabirabad rayonunda şəhidlər xiyabanında dəfn edilmiş, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir…
Şəhidlər canlarından keçərək vətənin sərhədlərini qanları bahasına bərpa etdilər. Zülmət gecəyə işıq şəhid yaralarından düşər, zülm zəncirləri onların əlləri ilə qırılar, əbədiyyətə yol onların saldığı izlərdən keçər…Allah, vətən və millət yolunda canına qıyan insanların fəth etdiyi ən uca aləmdir şəhidlik… Hər gün tarixə yazılmaz, tarixə yazılan hər gün də yadda qalmaz. Günləri unudulmaz edən qəhrəman şəhidlərimizdir, payına düşən ömür payını vətəninə qurban verən şəhidlər…
Mingəçevirdə anadan olmuşam, lakin 2010-cu ildə ADPU-nun ingilis dili müəllimliyi ixtisası üzrə universitetə daxil olandan bəri Bakıda yaşayıram… Bir müddət öz ixtisasım üzrə müxtəlif kurslarda çalışmışam, daha sonra isə turizm sahəsində işləməyə başladım… Şairlik fəaliyyətimlə isə yəqinki artıq tanışsınız…)
2. Müəllimlik şairlik, sizə daha çox hansı doğmadır əlbəttə də ki, müəllimlik də ali peşədir İkisi bir arda çətin deyilmi bir yandan şagirdlər bir yandan da yazı pozu?
Müəllim olmaq uşaqlıq arzum olub, həm öyrənməyi sevmişəm, həm də öyrətməyi… Bəlkə də müəllim ailəsində doğulduğum üçün o qədər həvəskar idim… Yadımdadırki, bir dəfə uşaqlarla həyətdə “müəllim oyunu” oynayarkən ibtidai sinif müəllimim bunu görmüşdü, təbii ki dərs keçən şəxs mən idim (həmişə müəllim qismində mən olardım) və niyəsə müəllimimin məni bunu görməsindən çox utanmışdım) şükür ki, böyüyəndə arzuma çatdım, lakin hazırda müəllimliklə məşğul olmuram… Elə şairliyə də məktəb yaşlarımdan başlamışam və hər ikisi mənə çox doğmadır. Ana övladlarıni bir-birindən ayırmadığı kimi, mən də onları ayırmıram)
3. Uşaqlıq xatirələrinizdən ən yadda qalanı nə olub?
Pişiklə danışmağım… Çox xəyalpərəst uşaq idim… Həmin vaxtlar davamlı olaraq bir filmə baxırdıq “ Heyvanların əfəndisi”… Orada baş rolda bir qəhrəman var idi ki, heyvanların gözlərinə baxaraq onlarla danışa bilirdi və mən də bundan çox təsirlənmişdim, eynisini bacarmaq istəyirdim… Bir dəfə dərsdən evə gələrkən binamızda bir pişik gördüm, ağzında ciyildəyən nəsə vardı, sərçə balasıdır deyə düşündüm və çox yazığım gəldi… Filmdə edildiyi kimi pişiyin gözlərinə baxdım və çox ürəkdən həmin “sərçə”ni buraxmasını xahiş etdim… Bir neçə saniyə pişik qarşımda gözlərimin içinə baxdı və sonra sakitcə ağzındakini buraxıb üzünü döndərib getdi… Yerimdəcə donub qalmışdım, o həqiqətən məni başadüşmüşdü… Həmin “sərçə” sandığım isə sən demə balaca siçan balası imiş, pişikdən qurtulan kimi harasa qaçdı…)
4. Bəs indi necə xəyalpərəstsiniz evinizdə pişiyiniz var?
Uşaq vaxtı müxtəlif heyvanlar saxlamışam, məsələn hədiyyə olaraq tutuquşu almışdı atam… həyətdə itimiz, dovşanımız olub… amma evdə pişik saxlamağa icazə verilməyib, hələ də yoxdur… Xəyalpərəstliyə gəlincə isə şairəmsə yəqinki hardasa hələ də xəyalpərəstliyim qalıb…) Şairdə bu da olmalıdır deye düşünürəm…
5. Ən çox işləndiyiniz mövzular nələrdir?
Ən çox- həyat, yaşam, ömür, sevgi...
6. Ən böyük dəstəkçiniz kim olub atanız , yoxsa ananız?
Ən böyük dəstəkçim anam olub, elə ilk şeirimi də ona oxumuşam, həmişə məqsədlərimə çatacağıma inanıb…
7. O, şeir yadınızdadırmı?
Bahara aid idi, əzbər yadımda qalmayıb, lakin mənə uğur gətirmişdi, ilk həmin şeirimlə məktəb müsabiqəsində birinci olmuşdum…)
8. Hansı müsabiqələrə qatılmısınız uğurlarınız nə olub?
İlk uğurum az əvvəl də qeyd etdiyim kimi məktəb vaxtı və ilk yazdığım “Bahar” şeiri ilə olmuşdu. Müsabiqədə 6-cı sinifdən başlayaraq 11-ci siniflərə qədər şagirdlər iştirak edirdi, mövzu bahara aid olmalı idi…Mən də həmin vaxt 6-cı sinifdə oxuyurdum, lakin həmin şeiri beşinci sinifdə yazmışdım və heç gözləməsəm də birinci seçildim, yazmağa özgüvənim və inamım da elə həmin gündən sonra başladı… “Sovqat”, “ Tumurcuq” qəzetlərində dərc olunurdum…Sonrakı məktəb müsabiqələrdə də qalib olmuşdum… İnşalarım həmişə fərqlənirdi… Bir neçə dəfə şəhər üzrə ingiliscə inşa yarışmalarında qalib seçilmişdim… Universitet vaxtlarımda bir müddət ədəbi mühitdən uzaqlaşdım…Lakin ixtisasımı bitirdikdən sonra AYB-nin “lll Gənc Ədiblər Məktəbi”nə qatıldım, orada gənc nəslin, yaşlı nəslin nümayəndələrini, indi yaxşı tanıdığım şair, yazarları tanımağa başladım,iki il sonra məzun oldum, həmin illərdə “Dünya Gənc Türk Yazarlar Birliyi”nə də üzv seçilmişdim… Qəzet, jurnallarda, internet saytlarında yenidən dərc olunmağa başladım… Bir neçə verilişə dəvət aldım… 2019- cu ildə dünyanın 52 ölkəsindən 150 tanınmış şairin iştirak etdiyi Avrasiya Materikinin ədəbiyyat üzrə beynəlxalq lV “LİFT “ Festivalına Azerbaycandan seçilən şairlər arasında mən də oldum… Orada dünya şairləri ilə tanış oldum, onlarla söhbətim maraqlı keçdi, şeirlərimlə tanış oldular… O gün bir daha əmin oldum ki, ingiliscə ixtisasa yiyələnməkdə çox doğru seçim etmişəm … Və özümü xoşbəxt hiss etdim ki, belə möhtəşəm şəxslərlə söhbət edə, tanış ola bildim… Bundan sonra orada tanış olduğum və sonradan sosial şəbəkədə dostlaşdığım , şeirlərimlə daha yaxından tanış olan Dünya Ədəbi Festivallarının Direktoru Fernando Rendon tərəfindən dünyanın ən böyük beynəlxalq poeziya festivalı olan “Medillin Festivalının 30-cu il yubileyi”nə – Kolumbiyaya dəvət olundum. Lakin pandemiyayla əlaqədar festival online keçirildi ve orada iştirakım da xarici şairlər tərəfindən bəyənildi, şeirlərimi ingiliscə oxudum, eyni zamanda da ispanca tərcümələri səsləndirilirdi… Həmin festivaldan sonra xaricilərin şeirlərimə marağı artdı, sosial şəbəkədə dünyanın bir çox yerindən şairlərin dostluq təkliflərini aldım, onlardan şeirlərim haqda xoş sözlər eşidirdim… Daha sonra 52 Avropa ölkəsindən – hər ölkədən yalnız bir nəfər şairin karantine həsr etdiyi şeirlə çıxış etməli olduğu Beynəlxalq “Wordtrip Europe” layihesində Azərbaycan təmsilçisi olaraq iştirak etdim… Bu şeir və çıxışım da çoxlarının marağına səbəb oldu, şeir dünyada çox bəyənildi ,müxtəlif dillərə tərcümə olunaraq müxtəlif ölkələrdə, hətta Afrikanın “Kenya” universitetində dünya şairlərinin karantinə həsr etdiyi şeirlərdən ibarət antologiyada dərc olundu… Daha çox beynəlxalq festivallara dəvət almağa başladım, Hindistan, Sansalvador, İtaliya və s. yerlərdə keçirilən Beynəlxalq festivallarda iştirak etdim, şeirlərim qismən müxtəlif dillərə tərcümə edilməyə başladı, İngilis,Montenegro,Türk, Fars, Hindistan, Urdu, İspan, Ərəb,Portuqal dillərində bir neçə şeirim müxtəlif ölkələrdə dərc olundu… Meksikalı yazar Giselli Lucia “ Cardenal Revista” jurnalında mənim haqda bəhs etmiş,tərcümə etdiyi şeirlərimi dərc etmişdi. Montenegroda şeirlərimi həmin dilə tərcümə edən Lena Ruth Stefanovich oradakı məşhur bir jurnala verdiyi yazılı müsahibəsində mənim haqda da danışmışdı… Maraqlısı da budur ki, müsahibə götürən şəxsin özü şeirlərimin tərcüməsini oxumuş və həmin tərcümələri edən Lena Ruth Stefanoviçdən mənim haqda maraqlanmışdı… Bundan başqa Mərakeşdə beynəlxalq “ İnsanlıq və Yaradıcılıq” Forumunun üzvü seçildim, Hindistan jurnalının səhifəsində Azərnaycanlı şair kimi koronavirusla bağlı dünyadaki insanlara motivasiya və dəstək xarakterli çıxışım yayımlandı… Dünyadaki ədəbi fəaliyyətlərimə görə Livan Mədəniyyət səfiri və Mədəniyyət Forumunun rəhbəri Tagred Fayyad tərəfindən, daha sonra Hindistanın “Gujarat Sajitya” Akademiyası tərəfindən və s. sertifikatlarla təltif olundum…
9. Ədəbiyyata yeni gələn gənclər necə sizi qane edirmi oxuyursunuzmu?
İstedadlı gənclər var, sosial şəbəkədə qarşıma çıxan şeirlərə nəzər yetirirəm,lakin mütəmadi olaraq oxumağa işlə əlaqədar vaxtım olmur…
10. Son olaraq nə demək istərdiniz qarşınıza qoyduğunuz məqsədlər nədir hansı Şeirinizi paylaşmaq istərdiniz oxucularınızla?
Məqsədim olduğum hər bir sahədə , hər bir işimdə böyük uğurlara imza atmaq, cəmiyyət üçün xeyirli bir insan olmaq… Son olaraq sizə və bu müsahibəni oxuyacaq hər kəsə təşəkkürümü bildirirəm…