Etiket arxivi: NAZİM ƏHMƏDLİ

Gecənin yaxasın ulduzlar sökər

PAYIZ QAYIDAN KİMİ

Payız qayıdan kimi,
yarpağa sarı düşər;
göy üzü yırğalansa,
ulduzlar hara düşər;

ocaqdan od istəsəm,
Tanrıdan ad istəsəm;
bir köhlən at istəsəm,
bəxtimə Qır at düşər;

bu yol çıxır axıra,
naxır dönür axura;
qışda ova çıxmıram,
gözlərim qara düşər;

ömür çatır yarıya,
kim gedə, kim qarıya;
payız çəkər sarıya,
yaşıl bahara düşər;

gözlərin bir cüt xurma,
ürəyimi qovurma;
məndən uzaqda durma,
könlümə yara düşər.

BALLADA

Gecənin yaxasını,
bir bəyaz ulduz sökür;
bir səhər də açılır,
elə buna da şükür;

buludlar lələk-lələk,
göy üzündə bir mələk;
dodağında çiyələk,
məni çarmıxa çəkir;

mən nə bilim suçumu,
üzüm-gözüm acımı;
payız qara saçımı,
ağca yarpağa bükür;

bilmirəm, nədi bu səs,
içim boşca bir qəfəs;
min ildi nəfəs-nəfəs,
canımı bir dərd sökür;

göyün düz qırağında,
tanrının çırağında;
bir kağız varağında,
fələyin evi çökür;

payızın yağışları,
yuyur yor-yoxuşları;
göy üzünün quşları,
buludda bostan əkir;

yazım qışımın üstə,
üzüm daşımın üstə;
süzür başımın üstən,
ruhum hayana səkir;

hərə bir dərd hayında,
mələklər bal ayında;
tanrı öz sarayında,
ağlayır hönkür-hönkür.

Müəllif: NAZİM ƏHMƏDLİ

NAZİM ƏHMƏDLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GƏL BİR YAXŞI ŞƏKLİMİ ÇƏK

GƏL BİR YAXŞI ŞƏKLİMİ ÇƏK

Payızın saçı sarıdı,

gözlərindən ayaz damır;

gün keçir, ömür atdanır,

saçlarıma bəyaz damır;

buludlar ilmə-ilmədi,

payız üzümə gülmədi;

yüz illər tapa bilmədim

özümə oxşar adamı;

bu ocaq köz-köz qaralır,

ürəyimdə söz qaralır;

elə bil hər yer qar olur,

günəş qızdırmır odamı;

nə qaldı bu gələn qışa,

yollar dirənib yoxuşa;

bir bulağa, ya bir daşa,

bir yarpağa yaz, adımı;

yol uzanır, sonda itir,

qaranlıqlar danda itir;

kəlmə-kəlmə, sətir-sətir,

əriyir könlümün şamı;

göy üzü gömgöy şüşətək,

gəl, bir yaxşı şəklimi çək;

ulduzlar yerə düşəcək,

bir sərin payız axşamı.

07.08.2024.

Müəllif: NAZİM ƏHMƏDLİ

NAZİM ƏHMƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yer üzünün dərdindən keçən göy üzünün şairi – Qurban Bayramov Nazim Əhmədlinin poeziyasından yazır

Ədəbiyyatda müəyyən tendensiyalarla yanaşı elə bir üslubir meyil və meyil də var ki, öz sakit axarı ilə haysız-küysüz, ədəbi anomaliyalara uymadan namuslu ədəbi işçini görür. Azərbaycan ədəbiyyatında bu cür tendensiya axarında olan, “poetik reklam roliklərindən” uzaq gəzən, hətta tənqidin nəzərindəkən arda qalan, lakin zəhmət ilə ədəbiyyata, ədəbi prosesə xidmət edən, iddiasız ədəbi xətt mövcuddur ki, bunlardan biri, şair Nazim Əhmədlinin şeir yaradıcılığı haqqında fikirlərimi bölüşmək istərdim.

Nazim Əhmədli 80-ci illərdə ədəbiyyata gəlibdir. Laçın lacivərd yaylaqlı, zirvəli dağlar qoynunda, Laçının Əhmədli kəndində dünyaya göz açıb, ilk poetik dərsin  idurna gözlü bulaqlardan, moruqlu, əlikli meşələrdən, çəmənzar dağ yamaclarından alıbdır.

Sonra poeziyaya, şeirə, vurğunluq onu Moskvaya – M. Qorki adına ədəbiyyat İnstitutuna aparıbdır. İlk şeiri 1979-cu ildə “Azərbaycan” jurnalında, sonrakı əsərləri Moskvada “İstoki”, Bakıda “Poeziya”, “Bahar çiçəkləri”, “Yaşıl budaqlar” almanaxlarında, dövrü mətbuatda dərc edilmişdir.

Şeir, hekayələri, respublika mətbuatında müntəzəm olaraq çap olunur və rus, çeçen ingilis, alman,özbək, yapon dillərinə tərcümə olunub, Türkiyə və özbək türkcəsinə çevrilib və çap olunub Nazim Əhmədli ədəbiyyat aləminə daxil olduğu vaxtdan həmişə ədəbiyyat adamı olmağa çalışmış, həm yaradıcılığı, həm də əmək fəaliyyəti ilə öz gücünü istedadı əhatəsində ədəbiyyata xidmətə yönəltmişdir. O,xeyli müddət Yazıçılar Birliyində məsləhətçi AYB Ədəbiyyatı Təbliğ  Bürosunun direktoru işləmiş,sonra 2015-2023-ci illərdə Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədlər Arxivinin direktor müavini vəzifəsində işləmiş və  hazırda isə yenidən ictimai əsaslarla AYB Ədəbiyyatı Təbliğ  Bürosunun direktoru vəzifəsində fəaliyyət göstərir.

Nazim Əhmədli ilk şeirlərindən diqqətimi cəlb etmişdir.

Sonra əlimə növbəti  kitablarından birinin əlyzması keçdi və onun yaradıcılığı haqqında özü demiş “Sözə bükülmüş şair ürəyinin” bəzi məqamları və xüsusiyyətləri barəsində yazmaq qənaətinə gəldim. 

Nazim Əhmədli həm mənən, həm də ruhən aşıqlar diyarında doğulub, musiqiçilər ailəsində böyüyüb. Amma aşıqlar diyarında doğulanların hamısı heç də şair olmur. Lakin Nazimin şeirləri elədir ki, onların mayasını xalq şeiri təşkil etdiyi aşkar görsənir.

Gəraylı janrı Nazimin qələmində  ilkin saflığını qorumaqla, öz yeni deyim tərzlərini, təzə, təravətli, müasir hissi-obrazlı çalarlarını da qazanmış olur. Nazim gəraylıda heç kimi yamsılamır, imitasiya etmir, sadəcə bu janrın ritmik ladına akkompanent tutur, ona həmahəng olan yeni havacat yarada bilir, oxucusunu söz yağışının altına çəkir.

qoy tutum əlinnən gedək,

saç ayır telinnən, gedək;

dərddərin əlinnən gedək,

dərddərə yasaq bir yerə;

qəlbim üzülür, sap gətir,

həsrətimə hesab gətir;

bir parça kağız tap gətir,

bu eşqi yazaq bir yerə.

Nazim Əhmədlinin gəraylılarını oxuyanda hiss etmirsən ki, gəraylı da obrazların yeniliyi, hissin, ovqatın müasirliyi o qədər orjinal təsir bağışlayır ki, elə bil qafiyəli sərbəst oxuyursan. Nazim Əhmədlinin qələmi, ilhamı, söz duyumu bu cəhətdən, doğrudan da sərbəstdir, hər şeydən azaddır, müstəqildir. Əvvəlki kitablarından birində dediyi kimi, “içimdə söz yağışı var”. Sadə, təmiz, sakit, isti-ilıq, duru – yaz səhərinin yağışı. Cığallığı, kürlüyü, “veyilliyi” ilə (“veyil” burada elə sərbəst deməkdir, cığallıq da, kürlük də sərbəstliyə işarədir.)

cığalam, kürəm, veyiləm,             

bir şirin gülə düyüləm;              

təzədən Kərəm deyiləm,               

yaşımın, yellənən vaxtı,

yanıb-sönürsən, ay çiçək,

dərdə dönürsən, ay çiçək;

məni neynirsən, ay çiçək,

ruhumun çöllənən vaxtı.

Onun gəraylıları bütövdür, tamdır. Hissin, duyğunun, ruh aləminin, bitgin, lirik hekayətidir. Başlayır və qurtarır. Şeiri bölmək, ayırmaq, bəndləmək olmur. Bu cəhətdən Nazimin şeirlərinin strukturu, qrafik düzümü, orfoqrafik qaydaları da üslubi məqamın axarına düşür. Onun şeirləri hissin, duyğunun bir cümləsinə bənzəyir.

Nazim bu şeiri sərbəstdə yazıb. Və onu deyim ki, Nazimdə güclü bəhrələnmə enerjisi var. O sevdiyi, seçdiyi, öyrəndiyi klassiklərin poetik koduna asanlıqla qoşulub öz fikrini, duyğusunu təkrarsız ifadə edə bilir, gəraylıda-hecada necə müvəffəq olursa, sərbəst şeirdə də o cür keyfiyyət əldə edə bilir. Hecada necə fikri sərbəstlik göstərirsə, sərbəstin ritminə, ahənginə də eyni dərəcədə hecanın havacatını gətirir, bir az da onun sərbəstində Dədəm Qorquddan gələn ahəngin, ovqatın, səs modelinin strukturu duyulur:

canım bulud,

gözüm bulud –

sən göylərə məndən daha yaxınsan,

mənim ağlamağım

ağlamaq deyil;

hər gün ölüm yağır,

ömürə, günə,

hər gün ölüm yağır

ömürdən, gündən.

Bu şeirin ideya-estetik qayəsini şərh etmədən bildirim ki, Nazim Əhmədli mövzuda çox rəngarəng spektrdə hərəkət edə bilir. O kitabını “Məni neynirsən, ay çiçək”, “Göylərin içindən gəldim”, “Bu kəndin yiyəsi hanı”, “Canım bulud, gözüm bulud” bölmələrinə ayırsa da, bu ayırmalar şərtidir.

daha ağlamağa güc də qalmayıb,

bir məzar eşməyə künc də qalmayıb,

bütün göz yaşları ağlanıb daha,

kimlər ağlayacaq məni, nə bilim?

Bu “Ağrı” şeirinin son bəndidir. Nazim Əhmədli hardasa ağrı, dərd, qəm yazarıdır. O, eləcə bir şeirində bu məramına bu şəkildə də bəyan edir: “Sən qəmi sultan eylədin, mən oldum qəmin yazarı”

Şeir intim dünyaya, sevgimizə müraciətlə başlayır və iki bənddən sonra poetik fikirdə qəribə bir dönüş edilir, tamamilə ictimai-siyasi bir istiqamət alır, intim dünyanın yaşantısı ilə ictimai-siyasi duyumun yaşantısının ağrıları bir-birinin üstünə düşür:

könlünü döndər üstümə

dərdini əndər üstümə;

axtarıb göndər üstümə

qəlbində mən olan yeri;

ayrılıq daş ola bəlkə,

ürəyim boşala bəlkə;

gələsən, yumşala bəlkə

dərdimin daş olan yeri;

Nazim Əhmədli başqa bir şeirində “Göylərin içindən gəldim” deyir. Və bəlkə də burada bir həqiqət var! Həqiqətən də göyüzü mövzusu Nazim poeziyasında çox qabarıq şəkildə öz ifadəsini tapır.

ötən dərdin bir anıyam,

xatirələr dumanıyam,

göy üzünün adamıyam,

göy özünə çəkir məni…

Və Nazimin yaradıcılığının çox-çox cəhətləri haqqında söhbət açmaq olardı və xeyli qeydlərimi həcm imkansızlığından açıqlaya bilmədim! Özü də deyim ki, bu qeydlər qeydsiz-şərtsiz biri-birindən dəyərlidir və mən burada seçim qoymadan bəzilərini ortaya gətirdim. Sağlıq olsun…

Nazim Əhmədli şeirlərinin birində yazır:

təpədən-dırnağa sözəm, yanıram,

ürəyim bükülüb söz arasına…

Bu deklarativ, poetik misra deyildir, bədii estetik xəttdir, həqiqətdir! Nazim Əhmədli təpədən-dırnağa sözdür, duyğulu, bədii, poetik söz! Onun ürəyi həqiqətən də söz arasına bükülüb və bizim oxucularımız  hələ ondan çox-çox poetik söz umacaq…

Bu il mayın 1-də Nazim Əhmədlinin 70 yaşı tamam olur. Şairə cansağlığı və daha böyük uğurlar diləyirik!

İlkin mənbə: /edebiyyatqazeti.az/

Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.

QURBAN BAYRAMOVUN YAZILARI

NAZİM ƏHMƏDLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


NAZİM ƏHMƏDLİ – 70

Azərbaycan Yazıçılar Birliyi tanınmış şair Nazim Əhmədlini 70 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir.

Nazim Şamil oğlu  Əhmədli 1953-cü il may ayının 1-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Orta məktəbi Laçın şəhərində bitirib, 1971-74-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1981-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsinə daxil olub, 1986-cı ildə ali təhsilini tamamlayıb. Həmin il Azərbaycan Yazıçılar Birliyində dəftərxana müdiri vəzifəsinə qəbul edilib.

Natəvan klubunun müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində redaktor, ümumi şöbə müdiri vəzifələrində çalışıb. 1993-1996-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət etmiş, sonra Nərimanov rayonundakı Ekologiya litseyində müəllim, özəl Tətbiqi Elmlər Universitetinin jurnalistika fakültəsində müəllim, dekan müavini kimi əmək fəaliyyətini davam etdirmişdir. 2012-ci ildən QHT sektorunda Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir. Uzun illərdir Skandinaviya ölkələrində Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və Qarabağ məsələsi ilə əlaqədar layihələri həyata keçirir. 2015-2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini vəzifəsində işləyib. Hərbi jurnalist kimi Qarabağ müharibəsi veteranıdır. “525-ci qəzet”də şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində səmərəli fəaliyyət göstərib. Hazırda ictimai əsaslarla Büronun direktorudur. Şeirləri, hekayələri respublika mətbuatında müntəzəm dərc olunur və rus, çeçen, alman, ingilis, yapon dillərinə tərcümə edilib, Türkiyə, özbək türkcələrində işıq üzü görüb. “Bir ömür sevgi”, “Ruhum da sənin olacaq”, “Sevgi Allahı”, “Mən bir günah elçisiyəm”, “Əfv eylə məni”, “Mənim generalım”, “Qız təbəssümü”, “Mollaəhmədli və Mollaəhmədlilər”, “Unutduğum göy üzü”, “Buludları üstümə ört”, “Bürkü” (Təbriz), “Yenə dönüb gələcəm”, “Mein geliebtes fernes Meer” (Almaniya, Köln), “Stay in my Heart” (ingiliscə, Bakı), “Gökyüzünün adamı” kitablarının müəllifidir. Türkcədən yazıçı Orhan Arasın “Helenendorfun sonuncu şahidi” və “Biz Azərbaycanı çox sevdik” kitablarını, İsveç yazıçısı, Nobel mükafatı laureatı Pyer Fabian Lagerkvistin dörd hekayəsini, yapon yazıçısı Yukio Misimanın “Vətənpərvərlik” hekayəsini, Aqata Kristinin, İvan Jdanovun, Sergey Qraçovun və b. yaradıcılıqlarından nümunələri Azərbaycan dilinə çevirmişdir.  AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosonun  “Yaddaş”, “Qılınc və qələm” “Ədəbiyyatımızın dostu” mükafatlarını təsis edib və yazıçı və şairlərimiz milli-mənəvi yaddaşa qayıdış  və Qarabağ mövzusundakı  uğurlu əsərlərə görə mükafatlandırılıb.

Tanınmış qələm sahibi Nazim Əhmədlini yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

Onun şair təbi…

Tanınmış şair Nazim Əhmədli ilə dostluğumuzun yaşı qırx ildən çoxdur. İlk tanıdığım günlərdən hiss edirdim ki, o, qələm dostlarımın çoxundan təbiiliyi və səmimiliyi ilə seçilir. Nazim, bəziləri kimi, heç vaxt özgə səmtə əsmədi, öz yolunu getdi, düz yolunu getdi…

Artıq o, 18 kitab müəllifidir, bu kitablardan 6-sı xarici ölkələrdə çap olunub. Yaxşı yadımdadır, birinci dəfə onun şeirlərini 70-ci illərin axırlarında “Azərbaycan” jurnalında oxuyub bəyənmişdim. Və şair taleyinin uğurlu olacağı qənətindəydim. İllər ötdü, mən öz qənaətimdə yanılmadığıma əmin oldum. Çünki Nazim Əhmədli ədəbi aləmə özünün və sözünün məsuliyyətini yaxşı dərk edən istedalı şair kimi gəlmişdi. Eyforiyaya qapılıb ötəri həvəslə yazmaq Nazimin təbiətinə yad idi. Onun “Təbiət lövhələri” silsiləsindən olan ilk mətbu şeirləri oxucuya xoş duyğular aşılayırdı. Mən bu şeirlərin ikisini də bu məqalədə yer almasını ona görə istədim ki, qoy, bu günün oxucusu da bilsin ki, “Azərbaycan” jurnalının 1979-cu il, 5-ci sayında dərc olunmuş bu iki şeir hələ də öz təravətini qoruyub saxlayır.

Nazim o zaman çox gənc idi. Həmin illərdə Yazıçılar İttifaqının (İndiki AYB) bu mətbu nəşrində şeir çap etdirmək hər gənc şairə nəsib olan xoşbəxtlik deyildi. Nazim də həmin xoşbəxtlərdən idi. Təvəzökarlıqdan uzaq olsa da, həmin illərdə, hələ tələbə ikən mənim də iki şeirim “Azərbaycan” jurnalında işıq üzü görmüşdü. Həmin “Təzadlar” şeirinin işığında Nazimlə bizim tanışlığımız başladı. Yəni bizim şeirlərimiz bizi doğmalaşdırdı, dostluğumuza bir vəsilə oldu:

Zirvə açıb yaxasını Günəşə,

duman basıb, dərədə ağ gecədi;

ildırımın tək səbiri gəlmədi,

Qara bulud göy üzündə çeçədi;

Bu şeiri oxuyub bənddən-bəndə keçdikcə, göz önündə canlanan təkcə təbiət lövhələri deyildi. Mən bu şeirdə sanki təbiətin təranəsini dinləyirdim:

Tellərini döşə yayıb qız bulaq,

dağ çayına pay göndərir yüz bulaq;

bir qayanı yarıb çıxan buz bulaq

düyməsindən pərvazlanan qönçədi.

Şairin ürəyindən süzülüb gələn bu misralar da bulaq suyunun zümzüməsindən yaranan nəğmələr kimidir. Bu şeirdə müəllifin düşüncə və ürək çırpıntıları aydın duyulur:

Qoşa çinar – bir sevginin vüsləti,

yaz yağışı – quru çölün qisməti;

laləli düz dağlarımın isməti,

yastı təpə – çiçək dolu nimçədi.

əyri qaya – dəvələrin qozbeli,

buynuzlu daş – zirvədəki dağ kəli.

şümal qaya – bir igidin heykəli,

çovuş qaya qulpuqırıq çömçədi.

Nazim Əhmədli əslən Vətənimizin dilbər güşəsi Qarabağdandır. O, Laçın rayonunun Əhmədli kəndində böyüyüb, boya-başa çatıb. Ona görə çeşmələrin nəğməsindən, şəlalənin səsindən vəcdə gəlib. Təbiətin füsünkar boyalarını şeirə gətirib, öz şair dili ilə bir qədər də gözəlləşdirib.

Çiçəklərin yanağına qonan şeh,

boz dumanın dodağının nəmidi,

göy talada dalğalanan lalələr

elə bildim, od vurulmuş zəmidi.

min təzad var çeşmələrin səsində,

meşə itib ilk baharın sisində,

daş kahalar qayaların köksündə –

bu dağların yuva-yuva qəmidi.

çeşmə açıb sərin sulu ovcunu,

qonaq edir gəlib-gedən yolçunu.

harayladı bir insaflı ovçunu

tərlan qovan bir kəkliyin ümidi.

təbiətdə gör nə qədər yazan var;

çeşmə, külək, yağış, dolu, boran, qar,

şəlalələr hərəsi bir sazandar,

dağlar özü elə şair kimidir.

…İndi şair dostum üçün artıq o mərhələ çoxdan arxada qalıb. Bu gün Nazim Əhmədli yetkin və bitgin şairdir. Xalqımızın taleyi ilə bağlı duyğu-düşüncələr, ata-ana, Vətən sevgisi, mənəvi aləmə bağlılıq, həmişəyaşar, tükənməz mövzulara müasirlik baxımından yanaşma onun şeirlərinin qayəsini təşkil edir:

anam köçəndən bəri

gözüm yuxu yatmayıb,

hər gün məktub yazmışam,

biri gedib çatmayıb.

nə yatdım, nə oyanam,

çağırsam, dərd oyanar,

çıxıb gedəndə, anam

heç məni oyatmayıb.

anam bir dərd Vətəni,

hanı dərdin itəni;

opayızdan ötəni

gülüşü boy atmayıb…

…O zamanlar Azərbaycan Yazıçılar Birliyinin (İttifaqının) gözəl bir ənənəsi vardı. Şüvələndakı Yaradıcılıq evində gənc şair və yazıçıların yaradıcılıq seminarları keçirilirdi. Həmin seminarlarda Nazimlə birlikdə iştirak edirdik. Hər görüşümüzdə yazdığımız yeni şeirlərimizi bir-birimizə oxuyub fikirlərimizi bölüşürdük. Bir dəfə görkəmli tərcüməçi Vladimir Qafarov Şüvəlandakı Yaradıcılıq evinə gəlmişdi. Nazim məni Vladimir Qafarovla tanış etdi. O da bizi özünün Şüvəlandakı bağına qonaq apardı. Xalq şairi Süleyman Rüstəmlə, Vladimir Qafarov bağ qonşusu idi. Hamımız çay süfrəsi ətrafında əyləşmişdik. Vladimir Qafarov bizi Süleyman Rüstəmə təqdim edib dedi:

– Həzi artıq tələbədir, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində oxuyur. Nazim isə M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmaq üçün hazırlaşır…

O zaman Vladimir Qafarov Nazimin  şeirlərini rus dilinə tərcümə edirdi. Bu, Nazimin Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmasından ötrü tələb olunan şərtlərdən biri idi. Nazim arzusuna çatdı. O, 1981-ci ildə Moskvada Ədəbiyyat İnstituna qəbul oldu. İnstitutu bitirdikdən sonra, 1986-cı ildə Azərbaycan Yazıçılar Birliyində  işləməyə başladı. Həm bir insan, həm də bir şair kimi şərəfli ömür yolu keçdi və bu günümüzə gəlib çatdı. Ömrünə ömür calansın. Nazim gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Rəhilə bacı ilə mənalı ömür yaşayır. Ümidli bir ailə-ocağın yanar çırağıdır. Yüksək təhsil görmüş Tural və Vüsal kimi dəyərli oğulları xalqımızı Vətənimizdən uzaqlarda ləyaqətlə təmsil edirlər.

Nazim Əhmədli ömrünün müdriklik çağlarını yaşayır, həm də fəal bədii yaradıcılığını davam etdirir. Bununla yanaşı, o, Türkiyədəki “Kırımın səsi” qəzetinin Azərbaycan üzrə təmsilçisidir. Azərbaycan şair və yazıçılarının əsərlərinin “Krımın səsi” və digər qəzet və dərgilərdə yayımlanmasında fədakarcasına çalışır. O, duyğuyla yoldaşlıq, qayğıyla qardaşlıq edən insandır. Ədəbi cameəmizdə özünəməxsus yeri olan qələm adamlarının təbliğ olunmasında bacardığı qədər yaxşı işlər görüb. Bu, onun AYB-nin Bədii ədəbiyyatı təbliğ bürosuna rəhbərlik etdiyi dövrlərdə daha aydın nəzərə çarpırdı. O, həm də ictimai fəal kimi, qeyri-hökumət təşkilatları sektorunda Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir. O, uzun illərdir ki, Azərbaycan həqiqətlərini Skandinaviya ölkələrində təbliğ edir.

Nazim Əhmədli 17 kitab müəllifidir. Dünyanın 7 dilində kitabları nəşr olunub. Eyni zamanda, dünyanın 9 dilində şeir və hekayələri çap olunub. Nazimin son illərdə nəşr olunmuş “Yenə dönüb gələcəm”, “Mən bir günah elçisiyəm”, “Unutduğum göy üzü” adlı şeir kitablarını bir daha oxudum.

Bu kitabları da Nazim Əhmədlinin saf duyğular toplusudur. Bu kitablarda min-min duyğunun rəngi var. Onun şeir dili çox aydın və cəlbecidir. Şeirlərinin hər misrasında dilin sehrinə ustalıqla baş vurur. Söz ustadı, qələm ustadı kimi…

Qələm dostumun bu il may ayının birində 70 yaşı tamam olur. Nurani – pirani baba ömrünü yaşayır, şirin-şəkər nəvələrinin sevinci ilə yaşayır. Bu yaşda təmiz ürəklə, gənclik şövqü ilə duyub düşünmək və bir-birindən gözəl şeirlər yazmaq da şairin xoşbəxtliyidir. Bu yaşda da onun qaynar qəlbindən süzülüb gələn duyğuları könül oxşayır. Onun şeirlərini oxuduqca hiss edirsən ki, hələ də canında yeni söz həvəsi var.

Şair Nazim Əhmədlinin haqqında çox yazılıb, bir çox ədəbiyyaşünas alimlər, ədəbi tənqidçilər onun yaradıcılığı haqqında yazıblar, dəyərli fikirlər söyləyiblər. İndi Nazimin haqqında kitab yazılır. Mənim yazdığım isə Nazim haqqında yazılanların yanında çox kiçikdir. Ona sağlam və bərəkətli ömür arzulayıram. Arzu edirəm ki, bundan sonra da təbi tükənməsin, duyğular pəncərəsi həmişə Günəşin zərrin şəfəqlərinə bələnsin, daim yazsın, yaratsın. Sorağı gələcək günlərdən gəlsin… Bax, beləcə:

Salam, necəsən ürəyim,

sinəmin altı necədi;

məni hər yana çapırsan.

mindiyin atın necədi;

bu qələmim lələk deyil,

şair hələ mələk deyil;

hamı sənə ürək deyir,

adın, soyadın necədi;

bilmirəm ki, qışam, yazam,

saçıma baxdım, bəyazam;

gərək sənə nəsə yazam,

şeir, bayatı, necədi;

bir gün gələn bir gün gedər,

dərd – sərin məni əridər,

ürəyim, bir məktub göndər,

görüm, həyatın necədi.

Həzi HƏSƏNLİ

Nazim Əhmədli

Sözüm Tanrının payıdır

Oyaq pəncərəmdən çölə,

bir sısqa işıq axırdı;

ilahi, bu oyaq gecəm,

nədən bu qədər fağırdı;

yarpaqların, çiçəklərin,

quşların səsin dinlədim;

göy üzündə ulduzları,

bircə-bircə dənələdim;

qarşı dağların qoynuna,

ağca dumanlar qısılıb;

könlümün həsrət yerindən,

ufaq gümanlar asılıb;

buluda, göyə, ağaca,

söz deməyə üzüm gəlir;

bu tənha, fağır gecədən

təkcə mənim səsim gəlir;

çöldən, buluddan, ulduzdan,

hər yandan söz axtarıram;

bu dünyaya baxmaq üçün,

bir cüt də göz axtarıram;

söz gəzirəm, söz qovuram,

sözüm Tanrının payıdır;

gündüzlər çıxır canımdan,

ruhum gecələr qayıdır.

Dünya yoxdu, əzizim

dur, çıxıb gedək burdan,

daha vaxtdı, əzizim;

buralar ürəyimi,

əzdi, sıxdı, əzizim;

mən sevdamın kür özü,

həsrətin diri gözü;

ürəyimin hər sözü,

bir bulaxdı, əzizim;

ömür bir daş aynadı,

orda ruhum oynadı;

qara bulud qaynadı,

göydən axdı, əzizim;

soyuq küləklər əsir,

hərəni bir dərd əzir;

kimi şah, kimi vəzir –

baxta-baxtdı, əzizim;

gecə ulduz sanadım,

uçdum, sındı qanadım;

bura dəlixanadı,

dərdi çoxdu, əzizim;

kim varıydı, yoxuydu,

yarac yarı  toxuydu;

bir qarışıq yuxuydu,

dünya yoxdu, əzizim.

Könül, çox da ah eyləmə

Könül, çox da ah eyləmə,

o buludun qarı keçər;

ürəyimə səda düşər,

gəlib ahu-zarı keçər;

gedər ağıl-huş addıyar,

gözümüzdən yaş addıyar;

payız gedər, qış addıyar,

dolanar baharı keçər;

yaman yuxaldır ney məni,

didərgin ruhum eymənir;

gətir, saplıyım iynəni,

ildızından darı keçər;

ötən günlər nə saydadı,

dərdim o tay, bu taydadı;

dünya bir gözüm boydadı,

ortasından barı keçər;

çıxdım daşın arasınnan,

göznən qaşın arasınnan;

yaynan qışın arasınnan

bir dəlisov sarı keçər;

nədir, dünyadan itiyim,

hansı cığırda itdiyim;

bir ömür yoldu, getdiyim,

yarı qalar, yarı keçər.

Yatmadığım gecələr

Payız yaman tələsdi,

yamaclar sap-sarıdı;

yatmadığım gecələr,

gözlərimdə qarıdı;

buludlar axıb gəlir,

tutur göyün üzünü;

bir ötüm bulud yuyur,

min çiçəyin üzünü;

üzüm nə rəngdə imiş,

daha bilmədim, öncə;

onsuz da yatmaq olmur,

nə gündüz, nə də gecə;

bu gün dünəni ötür,

sabah bugünkü günü;

yüz xoş günə tən olur,

həsrətin iki günü;

qaçıb itir gözümdən,

görmədiyim yuxular;

görmədiyim yuxumda,

göy üzü də yıxılar.

Bir az qərib kimiyəm

Küləklər at oynadır,

buludlar ləlik-ləlik;

deyən, çəkib gedəcəm,

bu şəhərdən, hələlik;

bir az qərib kimiyəm,

yenə dalğınam, bir az;

dəli duyğular məni,

götürüb gedir, bu yaz;

ürəyimin içində

bir həzin gizilti var;

gözlərimin kökündə,

həsrət var, üzüntü var;

yuxum ərşə çəkilir,

uzun gecələrimdə;

azıram bu günyanın

yorğun döngələrində;

günlərin də ayağı,

daşdan asılıb, deyən;

elə həsrət, intizar

mənə yazılıb deyən;

bu yazın buludları,

su atacaq dalımca;

yollarımın bir ucu,

uzaqların olunca.

İlkin mənbə: /525.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAZİM ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜR! – TƏBRİK.

Bu gün özünəməxsus söz duyumu, deyim tərzi olan, nur damlalarından ibarət kəlmələrinİ günəş şüasından saplara düzüb göy üzünə, dağlara, dərələrə, ilmə-ilmə göy qurşağı toxuyan Nazim Əhmədlinin doğum günüdür! “YAZARLAR” olaraq, bütün yazarlar arından Nazim müəllimi təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Nazim müəllim !!!

ÇƏHRAYI YUXULARDAN…

Buluda naxır dedim
Üzüm güzgüdən baxır,
gözüm səyriyir bir az;
çəhrayı yuxularım
dönüb qayıdır, bu yaz;
* * *
saçlarımın içində,
bir əlçim ağ bulud var;
ürəyimin içində,
bir qarışıq umud var;
* * *
güzgüdəki üzümə,
gözüm uyuşa bilmir;
ağzımdan çıxan sözü
dilim dəyişə bilmir;
* * *
quş südündən söz tutub,
daşın üstünə yazdım;
payızın qalan ömrün
qışın üstünə yazdım;
* * *
buluda naxır dedim,
quşdan qanad istədim;
baxdım, göy üzü enib
kipriyimin üstədi.

Burda adamlar uçmur
Payızın ilk günüdü,
ürəyimdə qubar var;
sanki min illər öncə,
lap çoxdan ötüb bahar;
* * *
mən min illər öncəni,
unutmadım, bir an da;
tək qanadlarım qaldı,
göy üzündən o yanda;
* * *
burda adamlar uçmur,
göy üzü quşlarındı;
burda qanadı olan
adamlar daşlanırdı;
* * *
gümüş yuxularımda,
mələklər dəstə-dəstə;
harayasa uçurlar
gümüş suların üstən;
* * *
sanki bu yer üzündə,
lap çoxdan ötüb bahar;
hələ də ürəyimdə
bir azca səksəkə var.

İndi ayrı adamam
İndi ayrı adamam,
solub bətim-bənizim;
üzümü cırmaqlayır,
yuxumdakı göyüzüm;
* * *
qulağıma səs gəlir,
bilmirəm, bu nə sirdi;
günortanın göyüzü
buludları əzirdi;
* * *
həsrətin, intizarın,
əlində qalıb yaxam;
bəlkə, bu bir xəyaldır,
bəlkə də heç mən yoxam;
* * *
odam, suyam, buludam,
uhumun şələsiyəm;
bəlkə də mən dünyanın
sonuncu dəlisiyəm;
* * *
buludlar əsirgəmir,
dəli yağışlarını;
unutdum göy üzünün
yorğun baxışlarını;
* * *
hərdən ürəyim çıxır,
qaçıb gedir köksümdən;
güzgüyə baxanda da,
üşənirəm əksimdən;
* * *
iynənin ulduzundan,
keçir yolum, cığırım;
bir az yaxınımda dur,
hərdən səni çağırım.

Dünyanın gerçək üzü
Adımı hardan aldım,
ya buluddan, ya göydən;
min il öncə gəlmişəm,
bir uzaq, qərib köydən;
* * *
otdan-çiçəkdən ötüb,
daşda qalıb ləpirim;
dünya nə vaxt doğulub,
nə vaxt ölər, nə bilim;
* * *
ötüb keçən bir həsrət,
ağlımın ucundadı;
yer üzündən çəkilmir,
ötən acının dadı;
* * *
qulağım yağır olub,
yalançı nağıllardan;
ufaq bir işıq gəlir,
əhrayı yuxulardan;
* * *
ulduzlar da çəkilir,
elə bil göy üzündən;
min illik həsrət yağır
daşın çiçək üzündən;
* * *
hardan boylanıb baxır,
daş üzüm, çiçək üzüm;
hardasa gizlənibdi
dünyanın gerçək üzü.

Göy üz çox ağırdı
Üzüm-gözüm səyriyir,
yollar çuxur çuxurdu;
dağların arasında
göm-göy sular axırdı;
* * *
könül dildən, söz haqdan,
əlim donur sazaqdan;
kimdisə, lap uzaqdan,
hey yuxuma baxırdı;
* * *
buludlar qara-qara,
üz tutdum uzaqlara;
o taydakı dağlara
ayrılıqlar yağırdı;
* * *
göy üzü naxış-naxış,
nə qar vardı, nə naxış;
gecə kimsə qıj-ha-qıj,
ulduzları sağırdı;
* * *
nə gəlibdi eynimə,
sevdan düşüb beynimə;
əlini qoy çiynimə,
göy üzü çox ağırdı.

Həsrətimin ocağı
Səslənir qulağımda
uzaqların sorağı;
indi qanadlarım var,
bacarıram uçmağı;
* * *
bəxtimə bulaq düşüb,
yoluma çıraq düşüb;
kipriyimə ağ düşüb,
qaşlarımdan aşağı;
* * *
harda bir ağ gül əkək,
bulud yağış güləcək;
kim oxuya biləcək,
göy üzünün qırağın;
* * *
gəl bulağın üstünə,
alışım, bax tüstümə;
dəyir dağın üstünə,
buludlrın saçağı;
* * *
könlüm sözə üz tutur,
əllərim də söz tuyur;
tüstülənib köz tutur,
həsrətimin ocağı.

Mənə bir qayıq gətir
Görmədiyim bir şəhər
elə yuxumda gəzir;
yollarımın üstündə
dəli küləklər əsir;
* * *
hər gün bir bulaq daşır
ürəyimin içindən;
bir qərib inilti var
buludların köçündə;
* * *
hər payız ötən ömür
yarpaq-yarpaq çəkilir;
yatmadığım yuxular
gözlərimdən tökülür;
* * *
qopur qara saçımdan
qaranlıqlar əriyir;
gözlərimin kökündə
ayrılıqlar səyriyir;
* * *
bax, göydəki buludlar
həm ağdı, həm da qara;
mənə bir qayıq gətir,
üzüm, lap uzaqlara.

Payız yarpağına oxşayır üzüm
Payız səhərinə tutdum üzümü,
payız səhərinin üzü soyuxdu;
yaşıl yarpaqlara qara xal düşüb,
sarı çöhrələri oyuq-oyuqdu;
* * *
payız yarpaqların yas mərasimi,
boz dağlar payızın baş daşlarıdı;
budaqlardan düşən sarı yarpaqlar,
ötən son baharın göz yaşlarıdı;
* * *
payızın yuxusu qarışıb deyən,
dağların başında qar qoxusu var;
indi bozax tutan cığırın, izin,
bir azdan, bir uzun qar yuxusu var;
* * *
yıxıldım dünyanın yuxu yerindən,
başlandı ömürün payızı, qışı;
yazda qayıdacaq yenə geriyə,
ölən yarpaqların bahar yaddaşı;
* * *
payız yarpağına oxşayır üzüm,
gəlirəm, payızın oğlan çağından;
tanrım özü mənə ərmağan verib,
dünyanın ən şirin söz bulağından.

Qaçdım, dar ağacından
Bilmirəm, hara qaçım,
necə qaçım suçumdan;
üstümə yağmur düşmür,
buludların saçından;
* * *
sular nədən tərs axdı,
yaxşı gün baxta-baxtdı;
göy üzü quraqlıqdı,
ruhlar ölür acından;
* * *
dürüst olmur “axılar”,
yalan olur nağıllar;
itmir ötən yuxular,
gözlərimin ucundan;
* * *
daha niyə yaz olmur,
ağrı-acı azalmır;
qaranlıqlar sozalmır,
uzaqlarda açır dan;
* * *
harda ütdüm ahımı,
açılan tək sabahmı;
atıb günahlarımı,
qaçdım, dar ağacından.

Qanadlarım uçunur
Bu dünyadan böyükdü,
yumruq boyda ürəyim;
qanadlarım uçunur,
çırpındıqca lələyim;
* * *
nə var, mənim adımda,
ötən ömrüm yadımda;
qayğıların altında,
yağır olub kürəyim;
* * *
həsrət bir uzun yoldu,
canıma ağrı doldu;
yaxam əlində qaldı,
bir dəlicə küləyin;
* * *
sular qalxır dizimdən,
dünya qaçır gözümdən;
görən kimin üzündən.
gözü dönüb fələyin;
* * *
dağlara tez qar düşüb,
könlümə qubar düşüb;
saçlarıma sar düşüb,
payızdandı gileyim;
* * *
yollar uçuq-uçuqdu,
dörd yanı alaçıqdı;
saçlarını açıq tut,
həsrətimi ələyim.

Uçur yaddaşımın daş karxanası
ildi düşmüşəm yolun ağına,
düzdü, dolanbacdı, əyridi yollar;
bir ömür dost oldu, tutdu əlimdən,
hara istədimsə, yürüdü yollar;
* * *
hərdən mən yol oldum, yol özüm oldu,
mənim yol yoldaşım yol üzüm oldu;
su oldu, daş oldu, göy üzü oldu,
hərdən də gözümdə səyridi yollar;
* * *
yağdı buludların qış karxanası,
dondu gözlərimin yaş karxanası;
uçub yaddaşımın daş karxanası,
üzü o yanadı, bəridi yollar;
* * *
qulağıma düşən bu nə səsdi, nə,
həsrət hücum çəkib durub qəsdimə;
uzun kölgəsini sərib üstümə,
məni arxasınca sürüdü yollar;
* * *
kola-kosa dəydi dizim qanadı,
dilimdə atdanan sözüm qanadı;
ayağım yoruldu, dizim qanadı,
ağrıydı, acıydı, kür idi yollar;
* * *
borana, çovğuna, yağışa düşdüm,
min dəfə qarğışa, alğışa düşdüm;
dirəndim, enişə, yoxuşa düşdüm,
ayağım altında əridi, yollar.

İlkin mənbə: /edebiyyatqazeti.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

NAZİM ƏHMƏDLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYB – də Gülzira xanım Şaripova ilə yazıçı və şairlərin görüşü olub

GÜLZİRA ŞARİPOVANAZİM ƏHMƏDLİ

Bu gün, 24.06.2022-ci il tarixdə AYB-nin “Natəvan” klubunda, Özbəkistan Respublikasından Azərbaycana qonaq gəlmiş şair, tərcüməçi, Daşkənd İnsan Hüquqları İnstitutunun direktoru Gülzira xanım Şaripova ilə yazıçı və şairlərin görüşü oldu.

AYB-nin sədri, hörmətli xalq yazıçısı Anar müəllim

Gülzira xanım Şaripovanı AYB-nin fəxri üzvlüyünə qəbul edilməsi münasibətilə təbrik etdi.

Tədbirdə yazıçı-publisist, hörmətli Nazim müəllim Əhmədli AYB-nin fəxri üzvülük vəsiqəsini Gülzira xanıma təqdim etdi.Hörmətli Gülzira xanımı yazıçı və şair dostları ürəkdən təbrik edərək yaradıcılığında uğurlar arzuladılar.

Mənbə:Refiqe Abbasova

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ORXAN ARAS – ŞAİRİN DOSTLUĞU

 Nazim Əhmədli və Orhan Aras

ŞAİRİN DOSTLUĞU

Her Azerbaycan’a gidişim farklı duygular uyandırır içimde. Önceden görmeme rağmen her yeri yeniden görmüş gibi olurum. Tanıdığım insanları da her seferinde âdeta yeniden tanırım. Azerbaycan’ın tabii ve kültürel zenginliği ruhumu yeniler, beni başka dunyalara götürür. Bu ülkeye olan sevgi ve bağlılığım belki de bu ruh yenilenmesi nedeniyledir. Geçen yıl Azerbaycan’a gittiğimde eskiden beri tanıdığım şair Nazim Əhmədli beyi sanki yeniden tanıdım. Onu hemen hemen hergün yanıbaşımda görmek, şiire dönüşen sözlerini dinlemek dostluk ve vefanın ne kadar önemli olduğunu da bana hatırlatıyordu. Çevik hareketleri, güler yüzü, yumşak sesi adeta Laçın’ın dağlarından akan çimen kokan bir çeşme gibiydi. Onunla gezdiğimiz sokaklar, içtiğimiz çaylar, dinlediğimiz şiirler ve şiir tadındaki sohbetler hep hafızamda canlı durmaktadırlar. Bu değerli dost ve coşkulu şair benim iki kitabımı o Laçın kokan diliyle Azerbaycan Türkçesine aktardı. Ben de severek onun şiirlerini Almanya’da yayınladım. Ayrılık,hasret ve aşk dolu bu şiirler ne zaman aklıma gelse insanlara umut veren ve yol gösteren bir deniz feneri gelir gözlerimin önünde durur. Göy üzüne naxış gelsinBulud qarış qarış gelsinBir delice yağış gelsinGelsin, ısdanım, ay lele. Diyen şairin bugün doğum günüdür. Norveçe’de torunlarının gülüş sesleri arasında yeni şiirler yazan Nazim Ehmedli abime nice sağlıklı ve şiirli yıllar diliyorum.

Mənbə: Orhan Aras

Müəllif: Orxan ARAS

ORXAN ARASIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş ABDULLAH- “Unutduğum göy üzü”ndəki qərib ruhlu şair

“Unutduğum göy üzü”ndəki qərib ruhlu şair
Nazim Əhmədlini çoxdan tanıyıram. İlk tanışlığımızdan onun daxili aləmində gizlənən və adama sirr kimi görünən bir qəriblik hiss etdim.
Uzun illər keçməsinə baxmayaraq, bu qəriblik hissi hələ də onun canını tərk etməyib. Nazimin içi, onun mənəvi dünyası zahirindəki çəkisindən – yəni maddi aləmindəki bütün varidatından çox-çox böyük və zəngindir. O, təmənnasızdır. Ummağı, kiməsə yarınmağı özünə dərd bilən insanlardandır. Xeyirxahlıq, saflıq bu insanın qanında, canında daima axan dağ çayı kimi çağlayır. Onun içi də, zahiri görkəmi də ulu şamanlarda olduğu kimi, ruh aləminin ənginliklərindən süzülüb gələn bir dua yağışına bənzəyir.
Yaxşı insanlar bu dünyanın bütün pislikləri üçün həmişə özlərini günahkar bilirlər. Pis adamlar bircə şeyi anlamaq istəmirlər ki, onların dərdini, yükünü çəkən bu dünyada yaxşı insanlar yaşayır və o yaxşı insanlar onlara görə çox əzab çəkirlər.
Nazim Əhmədli də belə insanlardan biridir. Dünyada baş verən bütün haqsızlıqların əzabını çəkən, edilən haqsızlıqlarda özünü günahkar bilən bir Tanrı bəndəsidir.
tonqalı çat üstümə,
dərdi oyat üstümə;
günahı at üstümə,
mənə günah adı qoy.
Nazim Əhmədli sanki şeir yazmır, duyğu və istəklərinin, gördüklərinin şəklini çəkir. Onun şeirləri pıçıltıyla oxunan dualar kimidir, adamı öz sehrində saxlamağı bacarır. Şeirləri yığcam və axıcıdır, oxucunun gözünü, könlünü yormur. Şerlərinin məna yükü çox güclüdür, oxucunu bir müddət cazibə dairəsində saxlamağı bacarır.
nə var ki, alın yazımda,
fələklər kimin yasında;
boz dağların arasında,
küləklər məni sürüyür.
Nazim Əhmədli təvazökar şairlərdəndir. Təmkinini, ağırlığını qoruyan ruh adamdır. İstedadına güvəndiyi üçün daxilən sakitdir.
Onun özü yox, şeirləri qapı açır. Əsl yaradıcı insan belə olmalıdır. Hər gün tədbirlərdə, televiziya ekranlarında, redaksiyalarda görünməklə şan-şöhrət qazanmaq olmur. Əksinə, bəlkə də belə hallar yaradıcı adamın nüfuzuna təsir edir, onu xırdalayır.
Nazim Əhmədli əsl ədəbiyyat adamıdır, onun üçün söz, düşüncə, yaradıcılıq hər şeydən üstündür. O, sözün ağrısını çəkməyi bacarır.
ürəyinə qəm düşəndə,
bircə misra kəm düşəndə;
əlindən qələm düşəndə,
şair şeirdən yıxılır.
Nazim Əhmədlinin poeziyası kimi sevgisi də özünəməxsusdur. Onun vətən, torpaq sevgisi ilahi sevgidir. Nazim az sözlə böyük sevgisini və poetik düşüncələrini aydın, sərrast ifadə edən bir şairdir.
ruhum əsir oldu, harda
babam diksindi məzarda;
ürcah oldum uzaq yurda,
sevdim uzaq bir dənizi.
Nazim Əhmədli sevgisində çox səmimidir. Onun səmimi etirafları düşündürücüdür.
onsuz da bilirəm, səni,
tanrı mənə yar eləməz:
bir də onu bilirəm ki,
səni mənsiz var eləməz.
Ağrılı insanı anlamaq üçün onun çəkdiklərini yaşamaq lazımdır. Ümumiyyətlə, həyat belədir, kimisə başa salmaq üçün onunla öz dilində danışmaq lazımdır. Yoxsa özgə ölüsü adama yatmış göründüyü kimi, özgə ağrısı da başqasına adi görünəcək.
Nazim Əhmədli sözü boşa xərcləmir, əksinə, dediyi sözlə həm əxlaqi, həm də dünyəvilik baxımından nə qədər yüksəkdə dayandığını göstərir.
gəl səni ürəyimin,
köynəyindən keçirim;
bir az ürəyimdə qal
gör mən nələr çəkirəm.
Nazim Əhmədlinin yaradıcılığı və şəxsiyyəti haqqında çox yazmaq, çox danışmaq olar. Təbii ki, mənim yazdıqlarım, onun yaradıcılığına bir dost baxışı, şəxsiyyətinə hörmətin yığcam ifadəsidir. Həm də Nazim Əhmədlinin mənə hədiyyə etdiyi “Unutduğum göy üzü” kitabını oxuduqdan sonra içimdə yaranan oxucu məhəbbətinin təzahürüdür bu yazı. Əslində isə Nazim Əhmədlinin yaradıcılığı geniş təhlil və təbliğ olunmalıdır. Bu gün gənc nəslin Nazim Əhmədli yaradıcılığına çox böyük ehtiyacı vardır.
Qələm dostum, dəyərli şairimiz Nazim Əhmədliyə yeni yaradıcılıq uğurları və bol-bol sevincli günlər arzulayıram.

Müəllif: Meyxoş ABDULLAH

MEYXOŞ ABDULLAHIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN NAZİM ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜR!

NAZİM ƏHMƏDLİ

Bu gün dəyərli dostumuz, gözəl insan, əsl ziyalı, incə ruhlu, olduqca həssas və özünəməxsus ifadə tərzi olan, inanıram ki, hamımızın sevimlisi şair Nazim Əhmədli nin doğum günüdür! Şad gününüz mübarək olsun əziz və gözəl insan! Allah Sizi qorusun!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Orxan ARAS – SƏN, DƏNİZ VƏ ŞEİR

Orxan ARAS

SƏN, DƏNİZ VƏ ŞEİR

Nə vaxt, əbədiyyət, əbədiyyətdə azadlıq, azadlıqda xoşbəxtliyə düşünsəm, Nazım Hikmətin o gözəl misralarını oxuyardım.

“Motorları maviliklere 
süreceğiz çocuklar..
Işıklı maviliklere süreceğiz!”

Şairin xoşbəxt uşaqları ilə birlikdə qayığa minirəm və bir quş kimi mavi dənizin üstündə uçuram.

Divanu Lügati’t Türkdə “təniz” olaraq adlandırılan bu mavi dünya, hansı şairi arxasınca aparmadı ki?

Tevfik Fikrət:

“Bir çocuk ruhu kadar 
şimdi münevver, lekesiz,
Uyuyor mai deniz”.

Yahya Kamal:

“Yürü! Hür maviliğin bittiği 
son hadde kadar!
İnsan, alemde hayal ettiği 
müddetçe yaşar”.

Orhan Vəli:

“Bakakalırım giden geminin ardından
Atamam kendimi denize, dünya güzeli
Serde erkeklik var, ağlayamam!”

Yalnız onlarmı? Cahit Sıtkı, Fazıl Hüsnü Dağlarca, Edip Cansevər, Turqut Uyar həmişə əbədiyyət, azadlıq və ya dənizin mavisində sevgililərinin gözlərini axtarmışlar. Mistik şair Nacip Fazıl təqvim vərəqindəki şəkildən mavi dənizi axtarır:

“Yüzüme o resimden,
Köpükler vurdu sandım.
Duymuş gibi tıkandım,
Ciğerimde bir yosun.
Artık beni kim tutsun.
Denizler oldu tasam,
Yakar onu bulmazsam!”

Laçında doğulan, amma dənizin mavisində eşqin rəngini görən şair Nazim Əhmədli də, Türkiyədəki şairlər kimi, eşqinin fəryadını  dənizlə bölüşür:

“ruhum əsir oldu, harda,
babam diksindi, məzarda;
ürcah oldum, uzaq yurda,
sevdim, uzaq bir dənizi”.

Uzaq dənizlər əslində, əlçatmaz arzulardır. Keşiş atası ilə birlikdə itən Əslilər, dəyişən və pisləşən bir dünyada yenidən doğulmaq arzusundadırlar. Həssas qəlbi olan şair, nəinki uzaq dənizi sevir, həm də göyə baxır, buludlarla danışır və xəyal dünyasında gələcəyin gözəl günlərini bir bostan kimi əkir:

“göydə bulud ləliyir,
damcı-damcı çiləyir;
fələk tumu ələyir,
mən də, bostan əkirəm;”

NAZİM ƏHMƏDLİNİN KİTABI

Nədənsə, hər dəfə Nazim Əhmədlinin şeirlərini oxuyanda ağlıma alman şairi Rilke gəlir. O da, solğun və utancaq sətirləri ilə şeirlərində şəkillərə fərqli mənalar verirdi. Simvolik reallıq, ən sadə formada, fərqli mənaları görünən varlıqlara aid etməkdir. Bir çiçək, bir uşaq və ya əsən bir külək, axan su, bir dağ zirvəsi Rilke və ya Nazim Əhmədli kimi şairlərin gözündə tamamilə fərqli formalar alır:

“daşı, ağacı qara,
göyüzü para-para;
suyu çəkilib hara
bir ölü dənizi var;”

Nazim Əhmədlinin şeirlərində zaman-zaman xalq şeiri üslubuna yaxın şeirləri də görmək mümkündür. Onun bəzi şeirlərini oxuyanda mənə elə gəlir ki, XVII əsrin böyük şairi Qaracoğlandan oxuyuram:

“gəl gizlicə çıxıb gedək,
bağçanızın gül yerinə;
mənə bir şeir bəstələ,
oxuyaq, bülbül yerinə;”

Sözlər öz yerindədir, axıcıdır və musiqisi ilə insanlara rəhbərlik edir. Belə sadə görünən çətin şeirləri yalnız ustad şairlər həyata keçirə bilərlər.
Qısa müddət əvvəl şair Nazim Əhmədlinin “Uzaq dənizi sevdim” kitabı Almaniyada nəşr olundu. Yusif Savalan kitabdakı qırx şeirin səkkizini tərcümə etmişdir. Qalan 32 şeiri mən tərcümə etdim və türkoloq K.H.Kielin redaktəsiylə kitab çap olundu. 

Nazim Əhmədli alman dilində nəşr olunan kitabında uzaq ölkələrdən, uzaq dənizlərdən və itkin sevdiklərindən bəhs edərkən, uşaqlıqda yaşadığı kəndin görüntüsünə diqqət çəkir. Onun hər şeirində uşaqlıq həsrətinin səsini eşitmək və görmək mümkündür. Kitabda əsasən təbiət, sevgi və mistisizm mövzusunda şeirləri olan şair Əhmədli insan ruhunu əhatə edən şeirlərində çox uğur qazanır. Şeirlərində işıq, ümid və gələcəyə inam onu bədbin bir ümidli şairə çevirir. Onda təbiətin rəngi daxili duyğularla qarışıb. Sevgi haqqında danışarkən, təbiətin daxili sistemindəki harmoniyadan daha çox simvolları nəzərdə tutur.

Şairin ana dilinə olan sevgisi yüksəkdir. Hisslərini şeirlə ifadə edərkən dili olduqca səlisdir. Zaman zaman yerli dildən istifadə edən şair, şeirlərinin bu şəkildə yadda qalmasını da asanlaşdırır. Bəzən bir güllə sanki insanla danışır kimi danışır. “Çiçəklər yetim qaldı” şeirində bir bitkinin şeirin axıcılığında özünü necə ifadə etməsi heyrətləndiricidir:

“deyir, nə dərdim qalıbdı,
külək bir ötüm qalıbdı;
çiçəklər yetim qalıbdı,
bulud naxır-naxır gedir;”

Torpağın, çiçəklərin, böcəklərin və quşların dilində danışan şair tez -tez gözlərini özünə çevirir:

“bilmirəm, nədir bu səs,
içim boşca bir qəfəs;
min ildi, nəfəs-nəfəs,
canımı bir dərd sökür;”

Əminəm ki, alman oxucular da Azərbaycandan gələn bu yəni melodik səsi eşidəcəklər. 

NAZİM ƏHMƏDLİNİN KİTABI

Müəllif: Orxan ARAS

ORXAN ARASIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru