ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
Bu gün – 23 yanvar – gözəl insan, səmimi dost, sevimli şair Ehtiram İlhamın doğum günüdür. Ad gününüz mübarək, Ehtiram müəllim!!! Uca Yaradandan Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!
Tanınmış şair Ehtiram İlham 23 Yanvar 1969 – cu ildə vətənimizin dilbər guşələrindən biri olan, sazlı-sözü Oğuz yurdu Tovuzda dünyaya göz açıb. Bakı Dövlət Universitetinin filologiya üzrə məzunudur. Uzun müddət sevimli kanalımız AzTv-də müxtəlif redaksiyalarda çalışıb. Ailəlidir. Hal-hazırda Sumqayıtda yaşayır. Özündən əvvəlki, özündən sonrakı, öz nəslinin ədəbiyyat sahəsində olan nümayəndələrindən özünəməxsus yaradıcılıq üslubu və dəsti-xətti ilə seçilir.
Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır.
Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı.
Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz…
Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz!
Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür.
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu:
Özün getdin yuxuya, Milyonları oyatdın…
Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər.
Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı…
Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib.
Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır.
“Xəzər deltasında göyqurşağı” adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir.
Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac!
11.01.2022. Bakı. Müəllif: Kənan HACI, Şair, yazıçı, tərcüməçi.
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32 – ci ildönümünə həsr olunmuş “Ağla, qərənfil, ağla” adlı video görüş keçirilib. Görüşdə “Yazarlar “ jurnalının baş redaktoru şair və pedaqoq Zaur Ustac, Estoniyadan kitabxanaçı və bu qanlı faciənin şahidi Təranə Mirzağayeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Musayeva, həftəsonu məktəbinin müəlliməsi Arzu Rzayeva və məktəbin şagirdləri iştirak ediblər. Qonaqlar Qanlı Yanvar hadisələri haqqında danışıblar və bu hadisənin tariximizdə mühüm rolu olduğunu bildiriblər. Görüşün davamında məktəbin şagirdi Səlim Abbaszadə çəkdiyi qərənfil və qızılgül rəsmlərini görüş iştirakçılarına təqdib edib. Məktəbin şagirdləri Ənvər Ramberq Məmməd Aslanın “Ağla, qərənfil, ağla”, Aida Ramberq Baba Vəziroğlunun “Vətən”, Səlim Abbaszadə Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Həmid Əli isə Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə, qram- qram!” şeirlərini döyləyiblər. Tədbirin sonunda Zaur Ustac müəllifi olduğu “İnci qərənfil” şeirini söyləyib.
Deyirlər sevgi əngəl tanımır. Lakin təkcə sevgi deyil savad, elm, istedad da əngəl tanımır. Əgər bir insan bacarıqlıdırsa istənilən fiziki vəziyyətdə, nə qədər problemlə qarşılaşır-qarşılaşlsın, qarşısına qoyduğu məqsədə çatacaq. Evdə oturub gələcək üçün plan hazırlamaq, xəyal qurmaq çox asandır. Lakin bu planı həyata keçirtməyə cəhd etmək, arzuları reallaşdırmağa çalışmaq isə tamam başqa bir şeydir. Xəyalını qurduğunuz həyatı yaşamaq istəyirsinizsə hərəkətə keçməlisiniz. Məqsədinizə çatmaq üçün nədənsə başlamalısınız. Uğurlu kayrera qurmaq üçün sabahı gözləməyin. Bu gündən fəaliyyətə başlayın. Unutmayın ki hər bir işi vaxtında görmək, problemləri vaxtında həll etmək, baryeri vaxtında aşmaq lazımdı. Vaxtında aşmasan baryerin bu tərəfində də qalacaqsan. Edə bilmədiyiniz bir şey varsa ruhdan düşmək əvəzinə cəhd edin. Əgər bir işi başqaları kimi edə bilmirsinizsə, öz üsulunuzu tapın. İnsan əzmkar olmalıdır. Gələcəyini yaratmağa çalışmalıdır. Məqsədiniz özünüzə əlçatmaz görünə bilər, lakin əlinizi ağdan qaraya vurmadan bir şeyə nail ola bilməyəcəksiniz. Gələcəyinizi xəyalınızda canlandırın, nə etmək istədiyinizi dəqiqləşdirin, əsaslandırılmış plan hazırlayın və qətiyyətlə işə başlayın. Addım-addım yüksələcəyinizi, irəli gedəcəyinizi görəcəksiniz. Hədəfinizə çatmağa mane olan və öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz problemlər, çətinliklər, maneələr bəlkə də sizin düşündüyünüz qədər də çətin deyil. Unutmayın ki, karyera və təlaş bir arada ola bilməz. Sakit olmağınız və problemin həlli yollarına doğru addımlar atmağınız lazımdır. Məşğul olmaq istədiyiniz iş haqqında bacardığınız qədər çox məlumat toplamağa çalışın. Bu məqsədlə mütəxəsislərdən və internetdən faydalanın. Yeni məlumat, qaynaq və təcrübələri hər zaman dəyərləndirin və yararlanın. Hədəf və ya arzunuz ilə bağlı hər şeyi öyrənin, oxuyun, araşdırın, dinləyin və təcrübədən keçirin. Bunu da unutmayın ki hər şey 100 faiz planlaşdırdığınız kimi olmayacaq. Qarşınıza yeni-yeni və gözlənilməz problemlər, çətinliklər çıxacaq. Planınızda dəfələrlə düzəlişlər, yeniliklər edəcəksiniz. Lakin bütün bunların sizi yolunuzdan döndərməsinə, məqsədinizdən uzaqlaşdırmasına imkan verməyin. Qarşınıza qoyduğunuz hədəfə gizli xəzinə kimi baxın. Hədəfinizə çatmaq üçün tərtib etdiyiniz planı gizli xəzinənin xəritəsi kimi görün və düşünün ki bu plan tam olaraq reallaşdıqda siz böyük bir xəzinə tapacaqsınız və saysız-hesabsız qızıl və digər bahalı daş-qaşa sahib olacaqsınız. Biliyinizi və peşə bacarığınızı daimi olaraq inkşaf etdirin, təkmilləşdirin. Performansınızı yüksəltmək üçün daim öz üzərinizdə çalışın. Daim yeni fürsətlər, yeni qazanc yolları axtarın. Tənbəllik etməyin. Fərasətli olun, özünüzə inanın. Ətrafınızdakı dünya haqqında davamlı öyrənməyə davam edin və əsla dayanmayın. Sizi maraqlandıran şeylər haqqında oxuyun, dinləyin və araşdırın. İstədiyinizi əldə etmək üçün işinizi şansın öhdəsinə buraxmağınız heç də məntiqli deyil. Əlilliyim var deyib bu həyatdan küskün olmağa ixtiyarınız yoxdur. Bu həyatda sizə yaşamaq şansı verilib. Necə yaşamaq seçimi isə sizin ixtiyarınızdadır. Əgər əlilliyinizlə barışsanız yaşamaq və yaratmaq sizin üçün daha asan və rahat olacaq. Fiziki məhdudiyyətinizə imkan verməyin ki, sizi xoşbəxt yaşamaqdan məhrum etsin. Hər kəsə və hər şeyə inad arzularınızı reallaşdırın. “Sən bacara bilməzsən”, “sən hara, bu iş hara”, və s. kimi ifadələrin hər birini beyninizdən çıxardın. Kimdənsə nəsə gözləməyin. Nə yardım, nə qayğı, nə sevgi, nə ümid, nə dəstək. Heç kimə ağız açmayın. Özünüzə güvənin, özünüzdən yapışın, öz bazanızı doldurun. Oradan istifadə edin. Ağaca budaq yox, budağa qonan Göyərçin olun. Bilin ki budaq qırılsa belə, sizi “ağac” deyil, güvəndiyiniz qanadlarınız xilas edəcək. Fərqi yoxdur, hansı peşəyə yiyələnmək, hansı işlə məşğul olmaq istəyirsiniz. Önəmli olan qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün onun uğrunda inadla, səbrlə, ağılla, inamla və intizamlı mübarizə aparmaqdır. Unutmayın ki qarşınıza böyük hədəflər qoysanız əngəllər sizə mane olmayacaq. Əgər qarşınıza məqsəd qoymasanız iş həyatınızda uğur qazana bilməzsiniz. Nə istədiyinizi və hara getdiyinizi bilməsəniz heç bir şey əldə edə bilməzsiniz. Zamanı düzgün dəyərləndirin. Vaxtdan düzgün istifadə edə bilsəniz uğur qazanacaqsınız. Siz onsuzda hal-hazırda heç bir iş görməməklə vaxtınızı boş yerə itirirsiniz. Uğur qazanmaq üçün motivasiya çox əhəmiyyətlidir. Bir vərəqdə gələcəyinizi yazın. Gələcəkdə görmək istədiyiniz işi, yaşamaq istədiyiniz yeri və sahib olmaq istədiklərinizi yazın. Özünüzü haralarda görməyiniz çox vacibdir. Xəyalını qurduğunuz həyat və iş üçün bütün mümkün imkanları taparaq, istiifadə etməyə çalışın. Ənənəvi üsullardan istifadə etməklə bərabər, yeniliklər etməyi də unutmayın. Yaradıcı və rəngarəng işlər görmək lazımdır. Buna görə də yeniliklər edə biləcək, özünüzü dəyişdirə və təkmilləşdirə biləcək qədər cəsur olun. Cəsarətli olsanız uğur qazanacaq və həyatınızı yaxşılığa doğru dəyişəcəksiniz. Özünüzə inanın, iradəli, cəsarətli olun və istədiyiniz nəticəni əldə edin. Özünüz üçün mükafatlar müəyyənləşdirin. Hədəfinizə nail olduqda və ya kiçik də olsa bir nailiyyət qazandığınız zaman özünüzü mükafatlandırın. Çox çalışdınız və buna layiq oldunuz. Unutmayın ki İşlərin yolunda getmədiyi, özünüzü pis hiss etdiyiniz günlər də olacaq. Əsas odur ki problemləri dərd etməyin, həll edin. Əgər Bu gün bilik və bacarığınızı artırmağa başlasanız, 6 ay sonra bacara biləcəyiniz və arzuladığınız bir çox şeyə sahib olacaqsınız. Hansısa bir işdə uğur qazanmağın düsturu da çox sadədir əslində 1.Qarşına bir məqsəd qoy 2.Məqsədinlə bağlı geniş məlumat topla 3.Məqsədə çatmaq üçün məntiqli və savadlı plan tərtib et 4.Planın icrasına başla.
Rasim Məmmədov, İlham Məhərrəmov, Amid Həsənquliyev, Aqil Məmmədov, Mətanət Qüdsi, Nərmin Hümbətzadə, Cavad və Qubad Qasımov qardaşları, Asif Qasımov, Aybəniz Nəsirova, Bəhruz Mirzəyev və adını yazmadığım yüzlərlə əlilliyi olan insanlar da sizin qarşılaşdığınız əngəllərlə, problemlərlə, çətinliklərlə qarşılaşırlar. Ancaq sizdən fərqli olaraq bu insanların həyatı sizinki kimi yalnız əngəllərdən və baryerlərdən ibarət deyil. Onlar öz savadları ilə, bacarıq və istedadları ilə, qətiyyət və əzmkarlıqları ilə, yüksək insani keyfiyyətləri ilə böyük hörmət və rəğbət qazanmışlar.
P.S İstəyirəm ki əlilliyi olan şəxslər əngəlləri əngəl kimi görməsinlər. Bir probemlə qarşılaşdıqda “Ok, mənim problemim var” deməsinlər. Həyata fərqli baxsınlar. Daha pozitiv, daha nikbin baxsınlar. Yalnız irəliyə doğru can atmaq istəsinlər. Yerlərində saymasınlar. Ümid edirəm məhs belə də olacaq.
Bir gün özünə söz verdiyin sözü də salıb itrərsən (hekayə) – Bağışlayın siz allah! Bu istidə sizi çox gözlətdim – Eybi yoxdur – Bu nədir siz suyun içindəsiz. Heç olmasa kölgədə dayanardım. Qan-tərsiz ki – Üçcə saat gözləmək nədir, sizi bütün ömrüm boyu -ardını deməyə imkan vermədi. – Yaxşı da Onlar yaxınlıqdakı bağın kənarındakı çayxanada əyləşdilər. Nə içəcəksiz sualına çiyinlərini çəkib, dostunun üzünə baxdı – ürəyim heç nə istəmir. Çay içsəm lap sizin kimi tər-su olaram – Onda zəhmət olmasa iki stəkan buzlu su gətirin – deyə sifariş verdi. Ofsiyant sifarişi gətirəndə – Aa bu sizi öldürər! – deyə ucadan, həyacanla səsləndi – Heç nə olmaz – Yaxşı da, içməyin belə. Xahiş edirəm. Axı tərlisiz, xəstələnərsiz – Bir halda təkid edirsiz içmərəm, amma doğrudan çiyərim yanır – Gəlin mən suyunuzu isidim – Necə? Bax belə deyib, o, stəkanı iki ovcunun arasına sıxdı. Sonra isə əlavə etdi: – Qoy mənim daxili hərarətim sizin suyunuzu azacıq da olsa isitsin. Xəstələnsiz, günah mənimdir axı. Gözlətmişəm sizi, özü də al-günün altında – Siz belə çox etmisiz? – Yox birinci dəfədir. Nə bilim. Bəlkə də uşaqlıqda olub.- sonra nə fikirləşdisə əlavə etdi: – Orta məktəbdə oxuyanda rəfiqəm üçün etmişəm. İdman dərsindən sonra, eynən sizin kimi çox tərləmişdi – Siz yaxşısız? Telefonda salamsız ilk sözü belə oldu -Sizin kimi xanımın əllərinin hərarətindən isinmiş suyu içən yaxşı olar da. Elə bil əllərinizin hərarətilə bərabər ətriniz də hopmuşdu o suya. O cür şərbətmi deyim, məlhəmmi deyim, suyu içən adam dirilik suyu içmiş kimi min il yaşayar – Yaxşı sən allah, sənə qaldı sözə qaldı. Şükür ki, xəstələnmədiz – Olar sizdən bir xahiş edim? – Buyurun – Sizdən rica edirəm, əllərinizi odu ilə heç vaxt heç kimə su istməyin! Qoyun bu xatirə, ancaq ikimizlə bağlı qalsın! Mənim ömür boyu yadımdan çıxmayacaq sizlə bağlı əziz xatirə – Yox söz verə bilmərəm, birdən oldu . Deyək ki, atam üçün, ya nə bilim…. – Bir kiçicik xahiş nədir ki, onu mənə…. – Dayan bir. Başqa planetə uçursan? Elə danışırsan guya daha bir də bir-birimizi görməyəcəyik. Onların bir-birinə alışması vardı, amma bu məhəbbət deyildi bəlkə də. Hər görüşdən sonra biri bir addım geri çəkilir, o biri isə bir addım irəli gedirdi. Beləcə sanki geri çəkilən addımları irəli təqib edən addımlar yolun sonuna çatdırdı. Qəribə tale idimi, qəribə qismət idimi bilinmirdi. Geri çəkilən addım üçün yol bitdi sanki, uçurum qayalara dirənib dayandı. Onu təqib edirmiş kimi irəlləyən addımın sahibi dilema qarşısında qaldı. Ya ilahi bir eşqlə sevdiyi xanım dönüb ona sarı gəlməli, ya da uçrumun kənarında ondan qaçan addımı ilə üzüldüyünü hayqıraraq, bəsdir əl çək! Mümkün olmayanı mümkün edə biləcək nağıllardan gerçəklərə dön! Dedizdirdi. Əslində dönüb ona sarı qovuşmaq bütün dünyaya üsyan idi. Üsayanı ya anlaqsızlar edər, ya da güclülər. O, anlaqsız deyildi. Nə baş verdiyinin fərqində idi. Güclü sözünün özü isə belə zərif çiyinlərə dünyalarca ağırdan ağır yük dür. Zərif çiyinlər cəsarətin vahiməli vicudundan tir-tir əsib qorxaqlığın təhlükəsiz ağuşuna sığınmağı seçər. Hətta bəhanələr də tapırdı. Bütün dinləri əfsanə və puç mif adlandırsa da ağlına belə gətirməyə qorxduğunu, həm də allaha asi düşmək olardı fikirini təlqin edirdi özünə. Nə vaxtsa ürəkdən gələn sözlər ironik istehzaya dönüb geri çəkilən addımların sahibinin dodaqlarından sürüşüb ayaqlar altına düşürdü. Anca bərabər, qanca bərabər düşünəclərimiz birdir ifadəsini nə vaxtsa dilinə gətirməyini belə xatırlamaq istəmirdi. Ortaq duyğular, eynən düşünmək, o demək deyil ki, hislərimiz də üst-üstə düşür. Ziddiyətlərin düyünlənən ilmələri getdikcə elə mürəkkəbləşirdi ki, fələyin özü münəccim olsa belə, bu düyünləri açmaqda aciz qalardı. Qaçan addımlar arada bir dayanır, təngiyən nəfəsini dərib ah çəkir və ürəyimin ən əzizisən deyirdi. Az keçməmiş o yoluna davam edir və əsəbi halda arxaya qanrılaraq deyiləm heç nəiyn sənin nidası ilə zəhərli ox sancırdı. Bilmək olmurdu bu “ürəyinin əzizi “ dayanıb nəfəs almaqdan ötrü işlənən fənd idi, yoxsa insafın ağlına güc gəldiyi məqam. Divanəlik libasının alabəzək uyğunsuzluğunu əks etdirən tanrı cəzasına da oxşayırdı. Amma nə olsun ki, bütün bunlarla möhtəşəm idi. Vazkeçilməz sevdaydı. Hərdən düşürdü yadına. Xatirələrin qalaq-qalaq saralmış vərəqlərini yaddaşında çevirdikcə, birdən qarşısına çıxıb, boynu bükük-bükük ona baxan sətirlər sataşırdı gözünə. Qeyri-adi ifadə gəlib müsafir olurdu simasına. Heç özü də bilmirdi dodaq büzür, yazığı gəlib acıyır, peşmançılıq çəkir….. Bəzən hafizədəki xatirələr elə qeyri-müəyyənlik qəblindən olur ki, sahibi yaddaşın saxlanc arxivində onun üçün nə xüsusi yer ayırır, nə də heç bir təsnifata uyarlığı olmadığından ad qoyulası qovluq. Eləcə böyük mühafizə anbarının sərbəst xatirə sakinləri birdən hardan olsa çıxıb üzə xatırlanırdı. O gün doğan da da vardı, qürubda da. Küləklərlə də gələ bilirdi, yağışlarla da süzülə, kədərli vaxtlarında ona söylənilən lətifələrin rabitəsizliyində də. Anlayırdı ki, çaş-baş qalıb, axı bunun indi yeridir dediyi dodaqqaçdı, bir vaxtlar onun ovqatının təlx vaxtında sadəcə bir oyunbazlıq imiş. Ancaq qayğılar da yaman tərsdilər ha. Heç qoymurlar darıxmağa, xatirələrlə baş-başa qalmağa. Özü seçdiyi qaça-qaç vurğunluğu….. heç özü bilmirdi qaça-qaçı sevir, ya sakitliyi. Bəlkə elə hamısından bir az. Yağışı da,küləyi də, qarı-çovğunu da, bürkünü də yumurlayıb bir neçə anın içinə pərçim etdiyi kimi. – Bu nədi nə gündəsən? Sənə min dəfə demişəm az qaç! Gəl dəyiş paltarını. Oynamağın da bir vaxtı-vədəsi olmalıdır axı. – Ana nolub sənə, bütün uşaqlar oynasın mən dayanım ki,anam icazə vermir. Gülməzlər mənə? – Ay mənim ağıllı balam belə də yox da. Keç yuyun! -Yaxşı ana. – Sən neynirsən! Dəlisən! Tərli-tərli soyducunun buzluğundan su götrüb içirsən! – Ana ciyərim yanır. Qurban olum… içməsəm… – Dayan can bala, bircə əlimlə də olsa ilidim o suyu. – Ay ana ilıq olsa onu içməyə dəymir ki… – Dayan bir – o uşağın əlindən aldığı stəkanı iki ovcunun arasında bərk-bərk sıxdı. -Yaxşı ana narahat olma! indi çay içərəm. – Aaaa mən ki… özümə söz vermişdim – Ana niyə ağlayırsan? Yaxşı. Bir də səndən icazəsiz futbol oynamağa getməyəcəm. Yaxşı da ana, elə bərkdən ağlayırsan… Elə bil cinayət eləmişəm. Bir də olmayacaq! – Yaxşı-yaxşı fikir vermə mənə. Get yuyun! Sən mənim ağıllı balamsan! Ağıllı balalar heç vaxt cinayət eləməz. Sonra lap astadan: heç xatirələrinə də – dedi.
TOY GÜNÜ Bu gün toyumdu, otağımda oturmuşam. Bir azdan toy adamları gələcək, vağzalı səslənəcək. Mən də həyat yoldaşımın qoluna girib otaqdan çıxacam. Bir də bu evə qayıtmayacağam sonra. İçimdən bir səs “ Etmə, hər şeyi yarıda qoy, soyun gəlinliyini” – deyir… Amma qonşular nə deyər, ailəm nə deyər?… Axı hər kəsin ümid yeriyəm… Axı hər kəs bəzənib – düzənib restorana gələcək. Axı bizim toydan kim isə kiməsə qız bəyənəcək, kimlərsə sağlıq deyəcək axı… Halbuki məni düşünən yoxdu… Hə, bir şey yaxşı oldu, daha “Nə vaxt tərpənirsən?”- sözünü eşitməyəcəm. Yerinə “Bir şey, mir şey var?”- deyəcəklər bir müddət. Amma istəmirəm, könülsüz gedirəm. O bir mahnının da sözlərində var e, deyir: “Könülsüz gedən qızın, ağlamaqdır peşəsi”… Mən ağlamaq istəmirəm artıq. İndiyədək ağladığım bəsdi mənə. Güclü olmaq,. eh… Bəlkədə elə xoşbəxt olmaq istəyirəm.
HƏDİYYƏ Səliqəli evdə valideynləri və Arif süfrə arxasında əylışib yemək yeyir. Bu zaman Arifə mesaj gəlir, “ Biz kafedəyik, istəyirsən sən də gəl”. Arif anasını qucaqlayıb, öpüb, atasından icazə alıb evdən çıxır. Anası qapıda: “Arif, oğlum, amandı, qurbanın olum tez gəl, bilirsən ki, narahatam, yeməyini də yemədin.” Arif: Narahat olma, anam, qayıdacam. Kafe: Uşaqlar yığışıb çay içir, hərə maşından danışır, hə… Arif, sən nə vaxt maşın alırsan?.. (yerdən gülüş səsləri eşidilir) – Onun anası icazə verməz, Arif hələ uşaqdı… (gülüş səsləri) – Sürücülük vəsiqən də yox idi sənin? (gülüş səsləri davam edir) – Adə, sürməyi bilir ki, öyrənsin də? – (yerdən yenə səs) qırxında öyrənər… (gülür) o məsələ Gülüş səsləri davam edir. Arifin isə heç nəyi yox idi, söhbətə qarışa bilmirdi və bu onu çox narahat edirdi. Hər dəfə dostlarının xoşbəxtliyi və onların hər şeyi olduğunu görüb, özünün isə heç nəyi olmadığını biləndə çox pis olurdu. Nəhayət stoldan pərt olaraq durur və evə gəlir. Qapını qəzəblə çırpıb açır və deyir: Bəsdir də, başqaları hər gün yeyib- içməkdə, sən mənə heç nə etmirsən. Mən də rahat yaşamaq istəyirəm. Mənim də buna haqqım var, mən bir də bu evə qayıtmayacam”- qapını çırpıb ağlaya- ağlaya evdən çıxır. Ana donuq vəziyyətdə, məyus olur. Televizorda aparıcının təqdimatında xəbərlər eşidilir: “Efiri elə indicə baş vermiş gərgin bir ölüm hadisə ilə açırıq. Hazırda Bakının inşaatçılar prospektində ağır avtonəqliyyat hadisəsi baş vermişdi. Sürücü idarəetməni itirərək avtomobili divara çırpmış, ölənlər var”… Qara fon: fatihə surəsi eşidilir. Mərhumun dəfnindən sonra oğlan əlini cibinə qoyub millətdən uzaqlaşır… gəlir evə, anasını öpüb qucaqlayır. Kadr arxası səs: “Bəzən qıymır deyə valideynlərimizin bizə almadıqları şeylər əslində bizim varlığımızdır. Ən böyük hədiyyə də məhz budur”.
ARZU Sərxoş bir kişiyə oğlu yaxınlaşır, “ Ata, mənim anam hanı, anam üçün darıxıram, olar, məni anama apararsan? Kişi içki şüşəsini balaca uşağın üstünə vıyıldadıb, ananın? Bu dəqiqə… gəəl, gəl sənə göstərəcəm. Uşaq qorxaraq geri addımlayır və deyir, – Ata, axı mən qorxuram, qolumu incidirsən, ata. – Ata deyir: “ Sən deyilsən ananın yanına getmək istəyən? Aparıram da… (uşaq ağlayır…) Sakit dur, yum ağzını… Uşağı boğmağa çalışır və uşağın gözləri yumulur. ( Uşaq xırıltılı səslə boğulur). Ambulans səsləri və xəstəxana Klinika: Uşaq reanimasiya şöbəsində : Gözlərinin önünə atası gəlir və gülümsəyir. Çox sağ ol ata, çox sağ ol – deyərək gözlərini yumur və ürək döyüntüləri dayanır.
(Kənan Hacının təkadamlıq “Vaxt pəncərəsi”ndən bir başqa dünya görünür)
Öz evini çiynində gəzdirən, qapı-qapı gəzən, könlü mənəvi kasıb, nəfsinin arzularına məğlub olan saxta, modern dərvişlərin maddi aləmdən imtina edib ruhsal dünyaya atılmağını, sufi rəqslərlə saat əqrəbinin əksinə fırlanaraq göy cisimlərinin hərəkətini etməsini görmüsünüzmü? Mən görməmişəm. Bunun üçün Tanrının verdiyi ruhi hal lazımdır. Çoxumuz dərvişləri dilənçi kimi tanıyırıq. Dərviş yoxsuldurmu? Bunu mənəvi yoxsullar belə düşünər. Əgər sənin mənəvi heybən doludursa, dünyanın ən zənginisən.
Gənclik illərindən bu günə qədər Səttar Bəhlulzadə dərvişliyi ilə eyni olan dərviş axtarışındayam. Axtarışlarımın hələlik bir nəticəsi yoxdur.
“Təkadamlıq” bir hekayə məni”Vaxtın pəncərəsi”nin boz-bulanıq şüşəsindən baxmağa məcbur etdi. O pəncərədən nələr gördüm? Kənan Hacının “vaxt pəncərəsi”ndə yer “təkadamlıq” olsa da mənəviyyat vurğunlarının hamısını ora dəvət edirəm. Kənan Hacıya deməyin bunu. Sirr saxlaya bilmirəm. Sirr saxlamayanlara ağzıcırıq deyirlər, mənsə ağzıcırıq da deyiləm, səxavətliyəm. Yaxşı bir nəsnə görəndə özümü saxlaya bilməyib car çəkirəm ki, qoy hamı özünü çatdırsın, içini redaktə etsin.
Saxta dərvişlərin bic doğulmuş mahnıar oxuduğu, oriental rəqslərlə ora-burasını nümayiş etdirib yanıqları həyəcanlandırdığı bu günümüzdə dərvişlik çox ucuzlaşıb. Kənan Hacı isə əsl dərvişlik sınağından üzüağ çıxan “sonuncu dərviş”dir. “Xirqə”si də var, “kəşkül”ü də. O, bilir ki, “ağrı bədənin, dərd ruhundur, ağıl yerdir, hiss göy, ağıl, bədən sudur, hiss, ruh od”.
Dünyanın özü hərtərəfi su və od ilə əhatə olunan adadı, Kənan bəy. Dərviş İlkən də, sən də hara qaçacaqsan ki? Sizin kimilərin taleyinə yazılan yazıdı bu. Odun və suyun “vətən”i yerdi, hissin və ruhun sığınacağı isə göy. Çoxumuz yerlə göyün pasportsuz, ikili vətəndaşıyıq. Elə “Günəş köynəkli” Dərviş İlkən də. Əslində “vətəndaş” kəlməsi yerinə düşmədi, laməkanların nə vətəndaşlığı? Bu cahana sığmayanları onların ruhuna şərik olanlar daşıya və tapa bilər. Tanrıyla “həsb-hal” edənlər həmişə oyaqdılar. Onlar üçün “yatmaq vaxt itkisidir”. Belələri, yerə yatmışları oyatmaq üçün göndəriliblər, böyük Sabir kimi…
Od da, su da müqəddəsdir, hər ikisi insanlığın xilası üçündür. Ona görəmi “od suyun qəlbində soyuyur? Atalar deyib ki, biriniz od olanda biriniz də su olun. İnsanlar da iki qismə bölünüb – oda və su xislətlilər. Deyirlər ki, insan bədəninin 80 faizi sudur. Oğuz Türklərinin bədənində bu əllinin əlliyə nisbətindədir, Yaradanın bizə ənamıdır. Ancaq nədənsə həndəvərimizdə başdan ayağacan su, yaxud təpədən dırnağacan od adamlar çoxalıb. Günahlarımızı Tanrı görür, unutmayaq.
Heç fikirləşmisinizmi, bizim əməllərimizdən od nə çəkir, su nə? “Od nə çəkdi küldən soruş” deyirdi Rəsul Rza. Bəs suyun çəkdiklərini kimdən, yaxud nədən soruşaq?
“Ruh insanın bədənində qonaqdır”, biz qonağa canımızı verməyə hazırlardanıq, bunun açısını ulu ömrümüz boyu dadırıq. Ancaq ruhumuz nankor deyil. Bircə onu küsdürməyək. Ruh nədir? Bizdən sonrakı biz. Bəs niyə özümüzə biganəyik?
Bəlkə qəmimizi duruldan içimizdəki su, sevincimizi yanmış kösövə döndərən oddur. Ona görəmi qəmimiz tərtəmizdi – həmişə müqəddəs suda qüslləndiyi üçün, sevicimiz də yanıq? Yox, suda, odda günah axtarmayaq…
Sükutumuzun da dili var, Kənan Hacı. Sükutun pıçıltılarını nə vaxr qulağımız eşitməsə, çığır-bağırdan dəli olarıq. Bizim abır-həyamızı sükut ört-basdır edir.
Yerindən duran qələminə and içib ağzına və ağlına gələni yazıb bəyaz kağıza püskürür, sonra da sönmüş vulkan kimi öləziyib itib-batır.
Kaş bizi nağılsız böyüdəydilər nənələrimiz. Bizə Məlikməmmədlərin kəndirini kəsməyəyi, göyçək Fatmaları təndirdə yandırmağı, qardaşa daş atmağı, cırtdaların hiyləsini nağıllar öyrətmədimi? İndi nağıllara inanmamağımızın nə mənası? Artıq iş-işdən keçib. İndi dünyanın hər yanı it hürən tərəfdi. İşıq gələn tərəfi axtarsaq da tapmırıq. Deyəsən işıq gələn deşiyə barmağımızı çoxdan tıxamışıq, bəlkə də yumruğumuzu…
Kainatdakı “makro və mikrosistemlər” tamahımızın ucbatından hər gün qram-qram arıqlayır, əriyir. Makro dərdlərimizsə ərimir, daha da kökəlir, mikro sevincimizin gözünü azğın əcdahaxislətlilər kor edirlər.
“Vaxt rəncərəsi”nin arxasında məlul-məlul dayanıb siyasət
Təpəgözlərinin işləklərini qınamaqdan yorulmuruq, hərdən səssiz-küysüz məzlumcasına hədələyirik onları: “Ay gidi dünya!”. Gidi dünya isə bizi yad ünsür kimi görür. Dünyanın mayasına haram qatılıb, yoğurduğumuz xəmirə duz atmağı çoxdan unutmuşuq.
Hamımız tənha adaya çəkilsək, vay o adanın halına. Qoy orada Dərviş İlkənlər yaşasın, onların yorğanına birə buraxmayaq.
Biz Əli Kərimin diliylə desək, həqiqəti it, yalanı ceyran şəklində görməyə alışmışıq. Həqiqətdən qorxmuşuq – itdən qorxan kimi, yalan gözümüzə zərif, incə, göyçək görünüb – ceyran şəklində.
Deyirlər, insan ən şüurlu, vicdanlı çanlısıdır planetimizin. Bəs onda niyə insan yalanlar içində kef çəkir, yalan söyləməkdən həzz alır, hətta Tanrıya da kəf gəlməyə çalışır? Budurmu şüur, vicdan? Şüursuz hesab etdiyimiz nəhəng ağaclar, bapbalaca boylu çiçəklər yalan pıçıldamır, külək yalandan əsmir, quşlar yalançı nəğmələr ötmürlər? Yalan şüurlular üçünmüş…
Hələ çoxmu “quşları rəngləriylə aldadan dadsız kəpənəklər kimi mozaik zamana” aldanacağıq, yaxud üzü üzlər görmüş, qarıyıb ifritəyə dönmış zamanı aldatdığımızı düşünəcəyik avam-avam?
Gəlin gedək, Ramiz Rövşən sayağı, yalanın nəfəsi dəyməyən yerə…
XƏZƏR DELTASINDA GÖYQURŞAĞI (Zaur Ustacın yeni kitabı haqqında) Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır. Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı. Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür. Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu: Özün getdin yuxuya, Milyonları oyatdın… Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər. Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib. Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır. “Xəzər deltasında göyqurşağı” adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir. Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac! 11.01.2022. Bakı. Müəllif:Kənan HACI , Şair, yazıçı, tərcüməçi.