Salam olsun, Azərbaycanın ilk hibrid jurnalı olan “Yazarlar”ın çox dəyərli yazarları və oxucuları! Bizim yalnız bir məqsədimiz var ki, o da “Yaradıcı uşaq – gәnclәrin dövrü mәtbuatda çıxışını asanlaşdırmaq , onların tanınmasına kömәklik göstәrmәk” olmaqla məramnaməmizdə çox aydın şəkildə qeyd olumuşdur. Aylıq ədəbi-bədii, elmi jurnal olan “Yazarlar” kitabxanalar üçün ənənəvi qaydada məhdud sayda nəşr olunur və elektron formatda bir neçə sabit, dayanıqlı, təhlükəsiz platformadan PULSUZ olaraq yayımlanır. Jurnalın bu günə qədər çap olunmuş bütün nömrələrini BİTİK.AZ saytından sifariş yolu ilə əldə edə bilərsiniz. Eyni zamanda Wahtsapp: (+994) 70-390-39-93
Bakıya təzə köçmüşdük, Bayılda, 20-ci sahə deyilən bir ərazidə kirayə qalırdıq. Böyük oğlum 5-ci sinifdə oxuyurdu. Kəndirin ucundan tutan vaxtlarıdır. Bu məsəl atamdan qalmadı. Təkliyini həmişə belə izah edirdi; mən bir ağacı götürəndə o biri başından yapışan olmayıb. Yəni tək olmuşam, hər işi təkbaşına görmüşəm. Atamın qardaşı yox idi. Mən anadan olandan sonra atama deyiblər ki, ay Mirzə, gözün aydın olsun, daha ağacın ucundan yapışanın var. Mən də tənbəl uşaq, ortalıqda veyil-veyil gəzənin biri. Nənəm tez-tez mənə deyirdi ay bala, bir ağacın ucundan yapışsana. O vaxtlar bu ağacın ucu məsələsi əməlli-başlı bizim kəndə ştat idi. İndi böyümüşəm, evim, ailəm, uşaqlarım. İşə bax, həmin ağacın ucu indi gəlib Bakıda kəndirin ucu ilə əvəzlənib. Yəni kəndirin ucundan tutanım var: iki oğlum, bir qızım.
“İyirminci sahə”dən, yəni kirayə qaldığım evdən hər gün Azərbaycan Yazıçılar Birliyinə gəlirdim. Elə belə. Bir-iki şair dostum vardı, onlarla görüşməyə.Yol boyu ətrafa baxırdım, yolun kənarındakı boş sahələri gördükcə xəyalımda tikəcəyim evi canlandırırdim. 20-ci sahə ilə Bakıl dairəsinə qədər yolun sağ və sol tərəfində deyəsən ev tikmək üçün adamlara pay torpaqlar verilirdi. Hər dəfə avtobusun əyləci xəyalımda tikdiyim evi uçururdu.
Günlərin bir günü on iki yaşlı oğlumla həmin boş sahəyə gəldim, evdən iyirmi beş metr kəndir də götümüşdüm. Gərgin iş gedirdi, kimi evin yerini qazdırır, kimi, daş tökdürür, kimi hasar çəkdirir, neft ərazisi adlanan bu yerdə geniş tikinti işləri başlamışdı. Mən sürətlə və özü də mətin addımlarla tikililəri keçərək sonuncu evdən sonrakı boş bir ərazidə dayandım. Kəndiri açdım, oğluma dedim, tut kəndirin ucundan. O da tutdu, iyirmi beş metr eninə, iyirmi də uzununa ölçdük, yəni beş sot. Ölçdüyümüz yer kvadrat şəklində idi. Beş sotun dord tərəfinə iri söyüd ağacları basdırdıq, ora-burasını o tərəf, bu tərəfə bellədik. Əslində məqsədimiz yerin sahibi kimi özümüzü ətrafdakılara göstərmək idi.
Sən demə, adamlar bu yeri Səbail İcra Hakimiyyətindən sərancamla alırlarmış. Bu məsələdən az-çox xəbərim olsa da, heç üzə vurmurdum, adamları şübhələndirmək istəmirdim. Mənim sərancamım ancaq iyirmi beş metr kəndir, dörd ağac və yerin üstündəki, bəlkə də, minlərlə ayaq izlərimiz idi. Çünki oğlumla yerin üstündə o qədər o yana, bu yana getmişdik ki, elə bil burada böyük bir mitinq keçirilmişdi və ya ləpirlərin geniş sərgisi açılmışdı. Qəribə burasında idi ki, mənim iri ləpirlərimin arxasınca düşən oğlumun ayaq izləri yaman sevincli idi. Nədənsə bu balaca ləpirlər məni çox kövrəldirdi.
Gəlib keçənlər artıq bizə xeyir- dua verirdilər. Biz daha da ürəklənirdik. Xeyir-duaları yerimiz üçün verilən sərəncamin ilk cümləsinə bənzətmək olardı.
Sərancamla gələnlər bizdən o tərəfə adlayırdı. Burada dəqiq ünvan yazılmırdı. Sadəcə ünvan belə göstərilirdi: Səlyan şosesi, Bibiheybət küçəsi, vəssalam. Beləliklə, bizim tutduğumuz yer ortada qaldı. Getdikçə yerimiz köhnəlməyə başlayırdı. Köhnəliyin özü də yerin məhz bizə aid olmasina kömək edirdi. Burda köhnəlmək dadımıza çatırdı. Bir dəfə güclü bir yağış yağdı. Əməlli- başlı islandıq. İslanmağın özü də yerin bizə aid olduğunu göstərirdi. Yoxsa biz yad yerdə niyə islanaq ki…?
Qonşuluqdakı ağsaqqal kişi bizi öyrədirdi ki, bala, hər gün yerinizin üstə olun, möhkəm durun. Yoxsa gəlib yerinizi əlinizdən ala bilərlər. Qoca atan, anan varsa, onlar gəlib yerin üstündə dayansınlar. Azdan-çoxdan qocalara hörmət edirlər. Elə bil kişi yerimizin sərəncamsız olduğunu bilirmiş. Səhəri yoldaşımı, yeddi yaşlı qızımı, beş yaşlı oğlumu da gətirdim. Onlar da yerin üstünə təzə ləpirlər saldılar. Bir az da yerin məhz bizə aid olmasını təsdiq etdilər. Sanki biz o boş torpaq sahəsində artıq yaşamağa başlamışdıq. Xəyallar qururduq. Eli bilirdik ev tikilib, hasar çəkilib və biz də evin içindəyik. Düşünürdük ki, yolnan keçənlər artıq bizi görmürlər. Arzularımız üzümüzə örtük çəkmişdi, biz bu örtüyün arxasında yaşayırdıq. Axşamlar kirayə evimizə gedir, gündüzlər səhər saat 9-dan axşam saat 8-ə kimi yerin üstə olurduq. Ev tikdirən qonşularla mehriban idik. Salamlaşıb hal-əhval tuturduq. Bir-birimizi qonaq gedirdik, termoslarda gətirdiyimiz çayı içirdik.
Bir gün yenə oğluma dedim, tut, bu kəndirin ucundan. O da tutdu, mən və ya o sağa-sola fırlanır, guya tikəcəyimiz evin özülünü qazmaq üçün plan cızırdıq. Özümüzü camaata iş görən adam kimi göstərirdik. Balaca mübahisələrimiz də olurdu. Bunun da əsas səbəbkarı yoldaşımdır. Deyir, gərək mətbəximiz geniş olsun. Bir yandan da qızım, məhz dayandığı yerdə odasının (elə beləcə də deyir) tikilməyini israr edir.
Bu saat ən ümdə məsələrdən biri də qonaq otağıdır. Hətta müəyyənləşdirmişik ki, bizə kimlər gələ bilər və ya mənim şair dostlarımın oturması, şeir deməsi və ədəbi müzakirlər aparmaq üçün xüsusi otağın ayrılması diqqət mərkəzindədir. Kasıb adamların arzusu nə böyük olurmuş. Mən bunu ilk dəfə hiss elədim.
Qonşularım çoxu artıq öz həyətlərinə daş tökdürürlər. Evin özülünü qazırlar, beton qarışdırıb, evin fundametini başa çatdırırlar. Bəziləri artıq evin kürsünü hörüblər, bəziləri taxta şifer-zad gətiriblər. Bizim ancaq dörd ağacımız, iyirmi beş metr kəndirimiz, sapı laxlayan belimiz, bir də şirin xəyallarımız var.
Bir gün balaca oğlum kəndirin ucunu aparıb yerin arxa tərəfindəki ağaca bağlayarkən qəflətən qışqırdı:– Ata, ağac yarpaqlayıb, hamımız yüyürdük, doğurdan da, ağac yarpaq açmışdı. Dörd ağacdan üçü göyərmişdi. Bu da torpağın məhz bizə aid olduğunu göstərən növbəti fakt kimi görünürdü. Artıq yerin özümüzün olmağına qətiyyətlə inanmağa başlamışdıq. Daha inamla evin neçə otaqdan ibarət olmağını, pəncərələrin hansı tərəfə düşməyini, mətbəxi, qızımın, özü demişkən, odasını, yaradıcılıq və şair dostlarımla müzakirələr aparacağımız qonaq otağının yerini dəqiqləşdirdik.
Oğlum kəndirin ucundan yenə tutdu, kah sağa, gah sola fırlandıq, yenə mübahisələr başladı ki, pəncərə qonşunun həyəti tərəfdə qoyulmasın. Bu, yaxşı hal deyil. Amma onda otağın biri pəncərəsiz olacaq. O gecə səhərə qədər pəncərəsiz evin fikirini elədik. Yaman məyus olmusduq. Gecə kağız üzərində çəkdiklərimizi gündüzlər beş sotun üstündə təcrübədən keçirirdik.
Termosu kiçik oğlum sındırdığından yerin ortasında ocaq qaladıq və üstünə dəmir çaydan qoyduq, çay qaynatdıq. Yerin ortasında qaralan ocaq yeri torpaq sahəsinin bizə aid olduğunu göstərən ən əsas faktlardan sayıla bilərdi. Ocaq yeri möhürə oxşayırdı. Sankı yerin bizə verilməsini təsdiqləmişdi. Biz yüz ölçüb, bir biçsək də yer qazmağa, daş gətirməyə bir manat pulumuz yox idi. Hələ evin ötən aya olan kirayəsini verməmişdik. İşim də yox.
Hər gün səhər kirayə evimizdən çıxıb “öz evimizə” gəlirdik. Ocaq qalayırdıq, çay qaynadırdıq. Hərəmizin iri bir stəkanımız vardır, çay içməkdən doymurduq. İtimiz də vardı, hardansa gəlib o da bizim gördüyümüz işlərə tamaşa eləyirdi.
Balaca oğlum yerin ayağındakı kölməçədə corablarını islatmışdı. Yoldaşım corabları yuyub qurutmaq üçün ağacların üstə sərmişdi. Külək corabları yellədirdi. Yellənən corab da torpağın bizə məxsus olmasının nişanlarından biri idi.
İtin kənardan keçənlərə hürməsi, sonra gəlib yaxınlığımızda çöməlməsi təsdiq edirdi ki, bura bizim evimiz, bu da qapımızın itidir. Bir pişik kənardan bizə baxıb miyoldayırdi, amma itin qorxusundan yaxın gəlmirdi. Artıq onun ayaqlarının dördü də bizim həyətin içində idi.
Gözümü yol tərəfdən çəkmirdim. Bilirdim ki, nə vaxtsa gələcəklər. Günlərin bir günü uzaqdan bir polis maşının gəldiyini gördüm. Tez oğluma dedim: – kəndirin ucundan tut. Oğlumla evin yerini yenidən ölçüb-biçməyə başladıq. Guya heç nədən xəbərimiz yoxdur. Polis maşını düz bizim yerin ortasında dayandı.
Arxasınca daha bir polis maşını gəldi. On nəfər olardı. İtimiz nə qədər hürdüsə, xeyiri olmadı. Onu daşlamaqla uzaqlaşdırdılar. Pişik çoxdan çıxıb getmişdi. Sonra polislər oğlumla mənim əlimdən kəndiri alıb qırıq-qırıq elədilər. Ocağın üstündə qaynayan çaydanımıza təpik vurub caladılar. Yarpaqlayan ağacları kökündən çıxarıb iki böldülər. Təkçə qızım otağı tikiləcək yerdən tərpənməmişdi. İri polis çəkmələri bizim ləpirlərimizin üzərinə ayrı bir örtük çəkdi. Belimizi iki sındırdılar. Bizi torpaq sahəsindən çıxarıb “evimizi” uçurdular.
Bizdən yerin sərəncamını istəyirdilər. Uşaqlarımın yanında utanırdım. Çinki qırx yaşıma çatsam da, on beş kitabım işıq üzü görsə də, hələ bir sərəncam alacaq qədər şöhrətim yox idi. Oğlum ikiyə bölünmüş söyüd ağacını əlinə götürüb başının üstə tutdu. Sanki o solmaqda olan yarpaqların altında durmuş kimiydi. Birdən– birə oqlum uca səslə dedi:
Bu yaşıl ağacın üstü Allahın, Bu yaşıl ağacın altı bizimdi.
Misraları eşidən kimi o saat yadıma Zəlimxan Yaqub düşdü. Hə, tez Zəlimxan Yaqubun yanına getməliyəm. Uşaqları qonşunun həyətinə yığıb getdim Milli Məclisə. Saat 12-yə 20 dəqiqə qalırdı. İçlas 12-də başlayacaqdı. Pilləkənləri çıxa bilmirdim. Anadangəlmə ürək qüsuru nəfəsimi kəsirdi. Oğlum da mənimlə gəlirdi. Biz tez çatmalıyıq. Oğlum sanki mənim yerimə nəfəs almaq istəyirdi. Nəbzimi saymağı öyrəşmişdi oğlum, qəflətən biləyimdən tutdu və dedi:-Ata, səndə aritmiya var, dincəl. Pilləkəndə oturduq. Dilimin altına validol qoydum.
O vaxt Milli Məclisin binasına çatdım ki, Zəlimxan Yaqub artıq qəbul otağından çıxır. Ətarafında xeyli adam var. Salam verməmiş tövşüyə-tövşüyə ilk sözüm bu, oldu: – Uçurtdular – Nəyi? – Evimi. – Mən qoymaram sənin evini uçurtsunlar, hələ ölməmişəm, gəl, getdik.
Sən demə şairin ətrafındakıların çoxu jurnalistlər imiş. Səhəri əksər qəzetlər yazacaqdılar : “Qəşəm Nəcəfzadənin evini uçurtdular”. Zəlimxan Yaqub həmin gün içlasda iştirak etmədi. Məni də götürüb Səbail İcra Hakimiyətinə gəldi. O zaman Səbail İcra Hakimiyyətinin başçısı Rüstəm Məmmədov idi. İki saat qəbulunda gözlədik. Bizi qəbul etmədi. Zəlimxan Yaqub hirslə bunadan çıxdı. Sürücüyə dedi ki, sür Qəşəmgilə. Guya sürücü bizim evin yerini bilir. Mən yol boyu hər şeyi başdan danışmağa başladım. Əvvəl kəndiri dedim… dedi, kəndiri heç qırmaq olmaz. Yarpaqlayan ağacı dedim, dedi, ağacı kökündən çıxarmaq elə ev uçurmaqdan da betərdir. Sonra ocağı, ocağın üsündə qaynayan çaydanı dedim, burda lap kövrəldi, dedi, bu lap on evi uçurtmağa bərabərdir. Axır ki, çatdıq yurda. Gördüm, hələ də uşaqlarım qonşunun həyətindədilər, qorxularından yurda ayaq basmayıblar. Zəlimxan Yaqubun iri ayaqları torpaq sahəsinə daxil olan kimi hamımız ürəklənib yenidən “evimizə” daxil olduq. Kəndir yox idi. Şair yerin enini-uzununu addımları ilə ölçürdü. İyirmi beş belə, iyirmi də belə, demək, beş sot -əllərini o tərəfə, bu tərəfə yelləyərk – Allah xeyir versin, toya-nişana gələk – dedi.
Qonşular şairlə ehtiramla görüşdülər. Bir az keçmişdi ki, yenidən bir maşın polis gəldi. İçindən rütbəcə böyüyünün biri maşından düşüb şairlə iki əlli görüşdü. Sonra şairə dedi:- rəisimiz bərk hirslənib, bu gün qəzetlər yazıb ki, guya biz cavan və istedadlı bir şairin evini uçurmuşuq. Amma burda ev yox idi.
Zəlimxan Yaqub lap uca səslə dedi: Var idi, özü də lap yekə ev var idi. Burda bir ana təbəssümü, bir ata arzusu, bir körpə sevinci var idi, onu ucurdunuz. Ocaq var idi, onu söndürdünüz. Öy nəynən öy olar, ocaqnan onu da dağıtdınız. Xeyir – bərəkəti, ata öyüdünü, şairin arzularını yerlə yeksən elədiniz.
Polislər heç nə demədi. Sakitcə ağacları aparıb həmin yerə basdırdılar. Maşından bir yumaq kəndir, bir təzə bel, bir çaydan gətirdilər, ocaq qalayıb üstə qoydular və sonra çıxıb getdilər.
Şair axsam bizi evinə apardı. Cavan yaşlarında onun da başına belə bir iş gəldiyini dedi: – Mən də qanunsuz, yəni sənədi olmayan bir ev tikmişdim. Haqqımda cinayət işi qaldırdılar. Yenə sənin ki, yaxşı oldu. Tikdiyim evi mənim özümə sökdürdülər. Bir yandan əsəb, bir yandan da hörgünün möhkəmliyi məni lap əldən saldı. Sementini o qədər çox eləmişdim ki, uçurmaq olmurdu. Səninki kimi dörd ağac olsaydı, nə vardı… O vaxtdan böyrəklərim ağrı tapdı.
Sonra şair “Xocalı” haqqında yeni şeirlərini oxudu. Gecə onlarda qaldıq. O vaxt şair Yeni Yasamalda bina evində yaşayırdı. Səhər açılan kimi bizi maşınla yurdumuza gətirdi. Dedi, uşaqlar yerin üstə olsunlar, biz gedək icra hakimiyyətinə. Kimi görürdü mənim haqqımda belə deyirdi, məndən də qəşəng, məndən də gözəl şair… lap utanırdım.
Şair ilk kitabımın redaktoru idi. 80-ci llərin əvvəlində “Yazıçı” nəşriyyatında işləyirdi. Kitabın da plana düşməsinə o, komək eləmişdi.
Nəhayət, dörd-beş gündən sonra Zəlimxan Yaqub çox əziyyətlə icra hakimiyyətindən torpağın sərancamını aldı. Məndən də çox sevinirdi. Gəldik yurdun üstünə.
Balaca uşaqlarım polisin verdiyi kəndirlə oynayırdılar. Nəsə ölçüb biçirdilər. Yoldaşım yerin ortasında ocaq qalamışdı, üstündə də çaydan. Şair elə həmin gün mənə min dənə daş aldı. İyirmi kisədən çox sement. Maşınlar gurhagurla daşı yerin ortasında boşaltdılar. Qanad açıb uçmaq istəyirdim. Sonra Zəlimxan Yaqub kəndiri götürdü, mənə dedi ki, tut ipin ucundan. Xeyli ölçüb biçdik. Qızım üçün otağı, yoldaşım üçün mətbəxi lap geniş götürdük. On dörd il sonra qızım həmin evdən gəlin köçdü. Sonra həmin evə iki gəlin gətirdim.
Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan jurnalistikasının zaman-zaman parlaq imzaları olub və o imzalar məktəbə çevrilib, jurnalistikaya yeni stil, manera, üslub yenilikləri gətiriblər, jurnalistikanın üfüqlərini genişləndiriblər. Biz bu imzaları oxuya-oxuya qələmimizi bərkitdik, sözə vicdan işi kimi baxdıq, o insanlar bizə Sözün Aliliyini və müqəddəsliyini anlatdılar. Biz bu əqidəylə yetişdik – Söz Ana kimidir, Vətən kimidir, ona xəyanət etmək olmaz.
İyirmi beş ildir ki, mətbu cameənin içindəyəm, az müddət deyil. Zaman-zaman sözə xəyanət edənləri, qələmə dönük çıxanları da gördük, bəzilərinin əqidəsini dəyişərək müxtəlif cəbhələrdə xırdalana-xırdalana kirə çıxdığının da şahidi olduq… Zamanın ələyində qılçıq kimi qalanlar da oldu. Amma çox az sayda qələm sahibləri oldu ki, onlar heç vaxt yazdığı sözə arxa çevirmədi. Belə insanlardan biri də unudulmaz Akif Şahverdiyevdir. Bu qəbil insanlar haqqında heç vəchlə keçmiş zamanda danışa bilmirəm. Onlar bütün zamanlara aiddir.
Akif müəllim mütəvazi insan idi, zəngin ömür yolu keçmişdi, jurnalistikanın inkişafında böyük xidmətləri olmuşdu. Yüzlərlə yazının, onlarla kitabın müəllifi olmuşdu. Yazıçı kimi də qələmini sınamışdı, hekayələr, povestlər, şeirlər müəllifi idi. Çoxşaxəli yaradıcılığa malik idi. Ali məktəb tələbələri üçün “Azərbaycan mətbuat tarixi” dərsliyini yazmışdı. Mətbuatımızın tarixini yazmış bir alim, pedaqoq nədənsə layiqincə qiymətləndirilmədi. Ömrünün son illərində sanki həyatdan küskün görünürdü. Ara-sıra tədbirlərdə, yolda rastlaşırdıq, həmişə jurnalistikanın indiki durumundan gileylənirdi, yana-yana danışırdı. Səhhətində problemlər yaranmışdı, onunla bağlı içimdə bir narahatlıq hissi kök salmışdı, “özünüzü qoruyun, siz bizə çox lazımsınız” deyirdim. Eləcə gülümsəyirdi, bu ağrılı təbəssüm içimi sızladırdı.
Sonuncu dəfə telejurnalist dostum Namiq Qurbanın çəkdiyi “Dharmendra-Məhəbbət Elçisi” filminin təqdimat mərasimində görüşdük. “Pullman” otelində keçirilən təqdimat mərasiminə ölkənin tanınmış mədəniyyət xadimləri toplaşmışdı. Mən bir az tez gəldiyimdən foyedə bir-iki nəfərdən başqa bir kimsə yox idi. Birdən gözüm sağ tərəfdəki divanda tək oturmuş Akif müəllimə sataşdı, yaxınlaşıb salamlaşdım. Az sonra Azərbaycan mətbəxinin mütəxəssislərindən olan Milli Kulinariya Mərkəzinin Prezidenti Tahir Əmiraslanov da bizə qoşuldu. Xeyli söhbətləşdik.Akif müəllimin əməlli-başlı kefi açılmışdı. Səhhətiylə maraqlandım. “İndi yaxşıyam, şükür” dedi. Doğrudan da çox gümrah görünürdü. Yadımdadır, Tahir müəllim səhhətiylə bağlı ona bəzi məsləhətlər də verdi. Onun şux görünüşü içimdəki narahatlığı sovuşdurdu. Yaradıcılıqla bağlı suallar verdim, dedi əlimdə bəzi yazılar var, onların üzərində işləyirəm. Ən yaxşı dərman yazmaqdır, dedim. Gülümsədi, “doğrudan da elədir, yazanda dincəlirəm”- dedi.
Heç vaxt ağlıma gəlməzdi ki, bu, bizim Akif müəllimlə son görüşümüz olacaq. Güzəran qayğılarına başım qarışdığından bir müddət ondan xəbət tuta bilmədim. İsti yay günlərindən birində ağır xəbər daş kimi sinəmə dəydi. Taledən növbəti zərbəni almış uşaq kimi xəlvətə çəkilib ağlamaq istədim. Ürəyimi boşalda bilmədim, bütün yaxşı insanların itgisi ürəyin yükünü bir az da ağırlaşdırır…
Yazıçı Gülər Eldarqızının onun haqqında kitab yazdığını eşidəndə sevindim. Taleyin işinə baxın ki, mən uzun müddət bu kitabın əlyazmasını oxumağa macal tapa bilmədim. Onun haqqında yazacaqlarım da beynimin bir köşəsində məni incidirdi, özümü onun ruhu qarşısında günahkar sayırdım. Bu yazını sübh çağı yazıram. Pəncərədən səmaya boylanıram, dan yeri çəhrayı ilə qırmızının qarışığına boyanıb. Bu əsrarəngiz rəng qovşağı Günəşin doğmasını müjdələyir. Masa arxasına keçib kompyuterimi yandırıram və… Akif Şahverdiyevi xatırlayıram.
Ədəbi və Əbədi Sözün üfüqlərində onun imzası hər zaman görünəcək və ürəyimizi isidəcək.
Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırır ki, 2022-ci ilin yanvar ayının 10-dan fevral ayının 10-a qədər üzvlük üçün tələb olunan aşağıdakı sənədləri AYB Qəbul komissyasına təqdim edə bilərlər:
– Geniş tərcümeyi hal (yaradıcı məqamlar ətraflı göstərilməklə) ; – Çap olunmuş kitablar (hərəsindən 1 nüsxə); – Mətbu nəşrləri də göstərilməklə çap olunmuş əsərlərin ümumi siyahısı; – AYB üzvü olan 3 nüfuzlu ədibin zəmanəti (bildiririk ki, zəmanət verən şəxslər AYB aparatında işləməməli, AYB-nin ictimasi statuslu şuralarında və Qəbul Komissiyasında təmsil edilməməli, eyni zamanda 10 ildən artıq AYB üzvü olmalıdırlar) ; -Üzvlüyə qəbulla bağlı ərizə ; -AYB üzvünün qeydiyyat vərəqəsi ; -Şəxsiyyət vəsiqəsinin surəti; – 3×4 ölçüdə 3 ədəd rəngli fotoşəkil;
Blidirilir ki, 30 yaşa qədər gənclər qəbul üçün 2 zəmanət təqdim edə bilərlər. Eyni zamanda, bölgələrdə yaşayan və üzv olmaq istəyən şəxslərin üzvlüyü üçün AYB-nin müvafiq filial və bölmələrindən təqdimatın olması vacibdir.
AYB-nin nəşrlərində əsərləri çap olunan şəxslərə qəbul zamanı üstünlük veriləcəkdir.
AYB üzvünün qeydiyyat vərəqəsi və ərizə forması Qəbul komissiyasından götürülməli, yaxud sənədlər təqdim edilən zaman doldurulmalıdır.
Əlavə məlumat almaq istəyən şəxslər (+99412) 493-74-81 telefonuna zəng edə, Qəbul komissiyasının katibi Məlahət Qənbərova ilə əlaqə saxlaya bilərlər.
1. “GÜNAYDIN” (“AĞÇİÇƏYİM”) Bakı – 2010. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) 2. “İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN” Bakı – 2010. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) 3. “GÜLZAR” Bakı – 2011. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var. ) 4. “MUM KİMİ YUMŞALANDA” Bakı – 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) 5. “MƏHDUD HƏYATIN MƏCHUL DÜŞÜNCƏLƏRİ” Bakı – 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) 6. “ŞEHÇİÇƏYİM” Bakı -2011. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) 7.”ORİYENTİR ULDUZU” Bkı -2011. (Bu günə qədər altı dəfə nəşr olunub və elektron variantı var.) 8.”GÜLÜNÜN ŞEİRLƏRİ” Bakı – 2011. (Bu günə qədər üç dəfə nəşr olunub və elektron variantı var.) 9. “BALÇİÇƏYİM” Bakı – 2012. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var. ) 10. “BƏRZƏXDƏ” Bakı – 2014. (Bu günə qədər bir dəfə nəşr olunub) 12. “SEVİN Kİ, SEVİLƏSİZ” Bakı – 2014. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) 13. “BAYATILAR” – بایاتیلار ” زائـــور اوستاج ” – Bakı -2014. (Bu günə qədər iki əlifba ilə dörd dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.) 14. “NİŞANGAH” Bakı – 2016. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) 15. “QƏLBİMİN AÇIQCASI” Bakı – 2016. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) 16. “USTADNAMƏ” Bakı – 2016. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) 17. “USUBCAN ƏFSANƏSİ” (MƏQALƏLƏR) Bakı – 2017. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) 18. “ÇƏHRAYI KİTAB” Bakı – 2017. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) 19. “OTUZ İLDİR ƏLDƏ QƏLƏM” Bakı – 2018. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) 20. “ƏLİŞ və ANNA” Bakı – 2018. – “باکی “علیش و آننا (Bu günə qədər iki əlifba ilə iki dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.) 21. “Əliş və Anna” (poema – Əliş Kərəmlinin portreti yaradıldıqdan sonra ) Bakı – 2020. (Bu günə qədər iki dəfə nəşr olunub.) 22. “Zimistan” (ustadnamə) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) 23. “Ülyahəzrət” (qəlbimin açıqcası) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) 24. “45” (şeirlər) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub – satışda var) 25. “Güllünün şeirləri” (Məktəbəhazırlıq qrupları üçün metodiki tədris vəsaiti) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub – satışda var.) 26. “39 Həftə – 39 Weeks” (ingilis dili üçün xüsusi proqram) Bakı – 2020. (Bu günə qədər iki dəfə nəşr olunub.) 27. “Qələmdar” (məqalələr) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.) 28. “Qədimliyə bürünmüş yenilik” (şeirlər) Bakı – 2020. (Bu günə qədər bir dəfə nəşr olunub – satışda var.) 29. “Gülüzənin şeirləri” (Ayətxan Ziyadın tərtibat və redaktəsində məktəbəhazırlıq qrupları üçün metodik vəsait) Bakı – 2021. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) 30. “Uşaq boğçası” (Ayətxan Ziyadın tərtibat və redaktəsində ibtidai sinf şagirdləri üçün əlavə tədris vəsaiti) Bakı – 2021. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)
Şahid körpü Beli bir kənara tullayıb əlcəklərini çıxartdı. Oturub siqaret yandırdı. Ətrafa nəzər salıb, götür-qoy etməyə başladı. Bura heç kimin ağlına gəlməyəcək. Gözdən uzaq bir yer seçmişdi. Heç kim ondan şübhələnməyəcək, buna əmindi. Hər şeyi əvvəlcədən ölçüb-biçmişdi. Basdıqdıqdan sonra istifadə etdiyi əşyaları ayrı-ayrılıqda çaya atacaq, ordan birdəfəlik uzaqlaşıb, gedib qatili “axtaracaqdı”. Hər kəs bir-birinə dəymişdi. Valeh yoxa çıxmışdı. Evdən ayrı heç yerdə gecələməzdi Valeh. Sakit təbiətli, üzüyola bir insan olan Valehin müəmmalı şəkildə yox çıxması bütün qəsəbəni narahat edirdi. İki körpə qızı boynunu büküb durmuşdu. Atalarına hədsiz bağlı olan körpələrin gözlərində kədər ürək parçalayırdı. Polisə artıq xəbər verilmişdi. Axşamdan qəsəbənin yanından keçən Sarı çayında axtarışlar başlamışdı. Qonşular iki yerə ayrılıb meşəyə, Valehi axtarmağa getmişdilər. Valeh dünən səhər evdən bazara getmək adı ilə çıxmışdı. Qonşularda usta işləyib ailəsini yarıac-yarıtox dolandıran biçarə, hər kəsin işinə yarıyırdı. Gülərüz, mehriban insan idi Valeh. Qonşular xətrini çox istəyirdi. Heç kimlə işi olmazdı. Əlindəki son tikəsini də tanıdığı insanlarla bölən Valehin yoxa çıxması hamını narahat edirdi. Nə çayda, nə meşədə Valehə aid heç nə tapılmadı. Valehgil iki qardaş idilər. Saleh və Valeh. Ata-anaları 2 il olardı ki, rəhmətə getmişdi. Qardaşlar ikisi də ailəli idi. Salehin iki oğlu vardı. Bir həyətdə ayrı-ayrı evdə mehribancasına yaşayırdılar. Hər yeri ələk-vələk edən qohum-qonşu əllərini hər yerdən üzüb axtarışın nəticəsini gözləməyə başladılar. Valehin yoxa çıxmasından sonra ailə maddi cəhətdən sıxıntı çəkməyə başladı. Salehin qazancı ancaq ailəsinə çatırdı. Qapıda bir balaca əkin yeri düzəldən Durna ordan götürdüyü tərəvəzi aparıb bazarda satır, güclə uşaqlarını dolandırırdı. Uşaqlar böyüyür, tələbatlar artırdı. Durna uşaqlarını dolandırmaq üçün özünü oda-közə vururdu. Durnanın ata-anası da onlara əl yetirir, uşaqların pal-paltarlarını alırdılar. Durna evlərə təmizlikçi kimi gedir, qazandığı qəpik-quruşla uşaqlarını saxlayırdı. Qızları ilə hər gecə oturub söhbət edirdi: – Qızım, dərslərinizi yaxşı oxuyun. – Ana, biz hər gün dərslərimizi hazırlayırıq. – Bilirəm qızım, amma daha yaxşı oxumaq lazımdır. – Düzdü ana, müəlliməmiz də o gün dedi ki, uşaqlar yaxşı oxumaq lazımdır. – Görürsənmi, qızım mən oxumamışam, atandan sonra necə əziyyət çəkirik. – Elədi, ana, atam olsaydı sən bizimlə, dərslərimizlə daha yaxşı maraqlanardın. O işə gedərdi, sən də bizim dərslərimizə kömək edərdin. – Canım qızlarım, mən də yaxşı oxuyurdum, nənəgil məni oxumağa qoymadı. İndi oxusaydım hər şey ayrı cürə olardı. – Bu günümüzə şükür edək, ana. Bizdən də pis vəziyyətdə olanlar da var. Sən bizi çox yaxşı saxlayırsan. – Çox sagolun, balalarım. Gedin yatın gecdi artıq. Uşaqlar gedib yatandan sonra Durna oturub corab toxumağa başladı. Gecələr toxuduğu corabları səhər işə gedəndə dükana verir, aldığı pula vacib ərzaqları alırdı. Valehdən iki il idi ki, xəbər yox idi. Polis işin araşdırıldığını, bir nəticə olmadığını deyirdi. Valehin yaxın dostlarından olan Qəhrəman tez-tez onları gəlib yoxlayır, bir ehtiyacları olub olmadıgını soruşurdu. Durnanın əvvəldən ondan nəsə xoşu gəlmirdi. İndi də görəndə çalışırdı özünü görməməzliyə vursun. Həyət qapısı döyüldü. Gələn Qəhrəman idi. Uşaqlar üstünə yüyürdülər. Gələndə uşaqlara şirniyyat alıb gətirirdi. Qızlar payların alıb, onu evə kimi dartıb gətirdilər. – Ana, ana gör kim gəlib. Durna pəncərədən Qəhrəmanın gəldiyini görmüşdü. Özünü o yerə qoymadı. Başını qapıdan çıxardıb xoşgəldin etdi. Qəhrəman sözlü adama oxşayırdı. Həm də elə bil içkili idi. – Ay Durna, (həmişə Durna bacı deyərdi) bəsdi ta, hamıdan qaçdığın, gəl otur bir az dərdləşək! Durna özünü eşitməməzliyə vurdu. Ürəyində yalvardı ki, Saleh evə gəlməsin. Onun da Qəhrəmandan xoşu gəlmirdi. Boş yerə qanıqaraçılıq ola bilərdi. Qəhrəman səsini başına atmışdı. Sanki kiməsə eşitdirmək istəyirdi. -Ay Durna, çay noldu? Durna çölə çıxıb sakit səslə: – Qəhrəman qardaş, Saleh evdə olanda gələrsən, – dedi. – Həmişə gəldiyim evdi. Buranı doğma bilirəm. Valehdən ta xəbər-ətər çıxmadı. Son söz Durnanı yaman tutdu. İstədi çıxıb Qəhrəmanı qovsun. Yenə səbrini basıb dinmədi. Qızları evə səslədi ki, bəlkə “üzlü qonaq” durub gedə. Qəhrəman ayağa durub, sagollaşmadan çıxdı. Çıxarkən qapıdan Durnanı süzdü: -Görüşərik. Durnanın canına qorxu düşmüşdü. Qəhrəmanın addımbaşı qarşısına çıxması onda şübhələr yaradırdı. Salehə deməyə qorxurdu. Kişi xeylağıdı gedib nəsə deyər, heç nədən söz-söhbət yaranar deyə özünü saxlayırdı. Axşam uşaqlarla söhbətində üstüörtülü uşaqlara başa saldı ki, onlar artıq böyük qızdılar, hər adamın yanına getməsinlər. Humayın sualı onu çaşdırdı: -Ana, kimlərin yanına gedə bilərik? Sunay tez cavab verdi: – Bizi çox istəyən insanların, məsələn əmimin, Qəhrəman əminin. Durna onun sözünü ağzında qoydu: – Qızım, Valeh əmidən başqa heç kimin yanına getmək olmaz. Uşaqların niyə sualı cavabsız qaldı.
Nə qədər əziyyətli işdə çalışsa da, Durna öz gözəlliyini qoruyub saxlaya bilmişdi. Valehdən sonra ağaran saçları ona tam başqa gözəllik verirdi. Qulağına tez-tez gəlib çatan evlilik təkliflərini rədd edirdi. Valehin ölümünə inanmırdı, nə vaxtsa geri dönəcəyi günü səbrsizliklə gözləyirdi. İstintaq davam edirdi. Polis Valehi tanıyan hər kəsi dəfələrlə şöbəyə çağırıb dindirmişdi. Heç bir iz yox idi. Durnanın ağlına yüz fikir gəlirdi. Ancaq dərindən oturub fikirləşəndə, Valehin mərdimazar biri olmadğı üçün onu kiminsə öldürəcəyi versiyasına inanmırdı. Tək əlac gedişatı izləmək idi. Saleh də qardşının işi üçün polis şöbəsinə tez-tez gedir, maraqlanırdı. Durna işdən evə dönürdü. Yolu qısalsın deyə dar aralıqlara dönməli oldu. Buralar helə də gedişli-gəlişli deyildi. Yorğun oldugundan, əlindəki zənbilləri yerə qoya-qoya gələn Durnanın gözlərindən yuxu tökülürdü. Qəfildən qarşı tərəfdən səs gəldi. Durna bir qədər duruxdu. Deyəsən kimsə yıxıldı. Durna addımlarını yavaşıtdı. Ürəyinə min cür fikir gəldi. Valehdən sonra ehtiyyatlı davranırdı. Cibində qatlanan bıçaq gəzdirirdi. Aralığın başında Qəhrəmanı görəndə elə bil başına qaynar su tökdülər. Qəhrəman yenə də içkili idi. Axır vaxtlar haqqında müxtəlif şayələr dolaşan Qəhrəman kafelərin sevimli müştərisinə çevrilmişdi. Deyilənə görə zəhirmara qalmış narkotikə qurşanmış , hətta alverinə də başlamışdı. Ailəsilə də münasibəti yaxşı deyildi. İki gündən bir yoldaşı qızını da götürüb atası evinə gedirdi. Durnaya gəlib çatan, ayaq üstə güclə dayanan Qəhrəman qollarını açıb Durnanın yolunu kəsdi. Kinayəli gülüşlə: – Salam, ay Durna bacı, hardan gəlirsən belə? – dedi. Durna dinməyib, onun çəkilməsini gözlədi. – Nolub, nə naz edirsən belə? Gəl kömək edim zənbilinə, bir az dərdləşək. Yıxılmamaq üçün divarları özünə dayaq edən Qəhrəman yolu kəsmişdi. Durna nifrətlə onu süzdü: – Çəkil, yolumdan! – Niyə hirslənirsən, nə dedim axı? – Sən nə qədər arsız insansan? Valehin evində çörək kəsmisən, yoldaşına sataşırsan? – Ay Durna, həyat davam edir. Neyniyim, nə yalan deyim sənə olan sevgim günü-gündən artır. Durna bıçağı çıxardıb onu hədələdi: – Yoluma çalış çıxma! Qəhrəman tez özünü düzəldib, yol verdi. Durna ürəyi əsə-əsə evə gəldi. Yox, belə olmaz. bu barədə Salehə deməlidir. Deməsə də olmur. Bu əclaf onu biabır edəcək. Axşamı, Salehin işdən qayıtmasını gözlədi. İstədi əvvəl Nərminlə (Salehin yoldaşı) məsləhətləşsin, Sonra vaz keçdi. -Sözü kim böyüdər, yİyəsi,- deyib atalar. Saleh hər gün işdən gələndə onlara keçər, hal-əhval soruşub, uşaqlarla oynayardı. Bu gün də gəlmişdi. – Xoş gəlmisən, Saleh qardaş. – Xoş gününüzə gəlim, Durna bacı. – İşlər necədi? Qurtaran ərzaqların siyahısını yaz ver, sabah bazara gedəcəm alım gətirim. -Allah razı olsun. Yazaram. Saleh bir az oturdu. Durub getmək istəyəndə Durna: -Sənə sözüm var. Söz ver qanqaraçılıq yaratmayacaqsan. Salehin qaşları çatıldı. -Nolub, kimsə xətrinizə dəyib? -Yox. – Qızlar, otagınıza keçın, əmiylə sözüm var. Qızlar sakitcə otaqlarına keçdilər. – Bilirsən, qardaş məsələ Qəhrəmandı. – Hə, ondan gözüm çoxdan su içmir. Sənə nəsə deyib? Durna qorxdu. -Yox, sadəcə bura vaxtsız gəlir, yolda görəndə özün yaxşı aparmır bir az. – Nəsə deyir, sənə? – Yox, yox! – Qorxma, bacım. Mənim ondan gözüm çoxdan su içmir. Bir söz desə mənə de. – Yaxşı! Durna məsələnin ciddiləşməsindən qorxurdu. – Gecəniz xeyrə. -Xeyrə qarşı. Qəsəbəyə yeni xəbər yayılmışdı. Deyilənə görə Qəhrəmanı həbs etmişdilər. Durna sevincindən “uçurdu”. Amma bu sevincin ömrü 1-2 saat çəkdi. Qəhrəmanın yoldaşı boşanma ərizəsi vermişdi. Deyilənə görə səbəb, Qəhrəmanın həyatımda biri var deməsi olmuşdu. Heç kim biri kimdi deyə maraqlanmamışdı. Kişi xeylagı sözdü deyib, deyə qadını sakitləşdirmək istəsələr də, qərarı qəti olan qadın ərizəsin yazıb vermişdi. Bir gün çayxanada dostları ilə çay içən Saleh qəribə bir söz eşitmişdi. Qəhrəmanın münasibəti olan qadının əri itgin düşübmüş. Saleh söhbətin Durnadan getdiyini anlasa da, özünü eşitməməzliyə vurmuşdu. Neçə gün qaş-qabağı yerlə gedən Saleh, Durnaya heç nə demədən məsələni araşdırmağa qərar vermişdi. Valehin yoxa çıxmağından 3 il ötürdü. Durna onun geri qaydacağı günü səbrsizliklə gözləyirdi. Valeh onları buraxıb heç bir yerə getməzdi axı. Saleh Durnayla ətraflı danışmaq qərarına gəlmişdi. Qəhrəmanın Durna haqqında danışdığı xoşagəlməz sözlər Salehdə şübhə yaratmağa başlamışdı. Qəhrəman Durnanın ona hə dediyini, sadəcə zaman istədiyini, Durnaya görə ailəsini dağıtdığını agız dolusu danışır, Durnaya şər böhtan atlrdı. Evin qapısı döyüldü. -Ana, əmimdi. – Hə, xoş gəlib, qızım. Denən keçsin içəri gəlirəm. Durna işdən yenicə qayıtmışdı. Yorğunluğunun azalması üçün uzanmışdı. Ayağa durub Salehə: – Xoşgəlmisən, – dedi. – Durna bacı, səninlə açıq danışacam. Bilirsən ki sənə necə hörmətim var. – Çox sagol, Saleh qardaş, bilirəm. – Qardaşım Valeh həmişə sənə qarşı yaxşı olub, sevib ailə qurmusunuz. Başını aşağı salıb fəhləlik edib, sizləri saxlayıb. Uşaqlarını necə çox sevirdi, yazıq. – Bunları mənə niyə deyirsən ki? Mən Valehin bir gün gələcəyinə inanıram. – Bax, bacım, ailə qurmaq fikrin varsa açıq de. Sən də xoşbəxt olmaq istəyirsən. Gənc yaşda iki uşaqla qalmısan. Həm kişi işinə, həm qadın işinə qaçırsan. – Nə danışırsan? Nə? Ailə qurmaq? – Bacım, bu sənin haqqındı. Amma… – Amma nə? – Qəhrəman kimi əclafla yox. – Nə Qəhrəman? – Hamıya deyir ki, Durnaya görə boşanmışam, münasibətimiz var, evlənəcəyik. Elə bil Durnanı ilan sancdı. – Sən o alçağın sözünə inanırsan? – Mən inanmıram, ona görə də səndən soruşmaq qərarına gəldim. – Yaxşı, bacım mən gedim. Saleh sağollaşıb gedəndən sonra Durnanın gözünə yuxu getmədi. Əsəbdən bədəni tutrəməyə başladı. Bu dəmdə evin pəncərəsi döyüldü. Durna qorxa-qorxa pəncərəyə yaxınlaşdı. – Yenə də sən??? – Hə, gözəlim gəlmişəm. Qəhrəman ayaqüstə güclə durmuşdu. Durna onu polislə hədələdi. Qəhrəman şaqqanaq çəkib güldü. – Polis? O kimdi elə? Mən ailə qurmaq istəyirəm, polis nə deyə bilər? Qəhrəmanın gecənin bu vaxtı arsızcasına dediyi sözlər Durnanı özündən çıxartsa da səs-küy yaratmaq istəmədi. Xoşluqla onu burdan uzaqlaşdırmaq lazım idi. Ona görə: – Qəhrəman qardaş, get sabah danışarıq, – deyib pəncərəni bağladı. Qəhrəman mahnı oxuya-oxuya uzaqlaşdı. Durna artıq başqa cür hərəkət etməli idi. Amma necə? Polis Qəhrəmana tərəfə olacaqdı. Həm də onu şər atmaqda suçlaya bilərdilər. Vəziyyət get-gedə dəyişirdi. Salehi işə qatmaq istəməyən Durna məsələni yoluna qoymaq üçün gecə-gündüz baş sındırırdı. Qəhrəmanın yaydığı şayə qəsəbəyə yayılmışdı. Heç kim məsələnin dogru və ya yalan olduğunu araşdırmırdı. Durnaya da ağır gələn bu idi. İşə gedəndə yolda gördüyü qohum-qonşusunun o keçəndən sonra arxasınca dediyi sözləri eşidir, özünü eşitməməzliyə vururdu. Çox pis təsir edirdi bunlar Durnaya. Onu bu vaxta qədər tanıya bilməmişlər demək. Hər gün Allaha yalvarır, bu bəladan onu xilas etməsi üçün dua edirdi. Qəhrəman artıq ona göz verib, işıq vermirdi . Qarabaqara arxasınca gəzir, hə deməsi üçün hədələyirdi. Durna heç vaxt cavab vermirdi . Bilirdi ki, mənasızdı. Qəhrəman bunu razılıq əlaməti kimi qəbul edir, daha da irəli gedirdi. Saleh Durnaya nə qədər inansa da, qəsəbədə danışılanlar onu çaş-baş salmışdı. Durna Qəhrəmanı çagırıb danışmaq qərarına gəldi. Saleh Qəhrəmanı öldürmək qərarını vermişdi. Qəhrəmanı öldürəndən sonra Durnanı da öldürəcək, sonra təslim olacaqdı. Bəs uşaqlar? Uşaqlar uşaq evinə verərlər. Neynəsin axı? Çölə çıxa bilmir. Hər kəs ona qeyrətsiz kimi baxır, hətta söz belə atırdılar. Durna Qəhrəmanı gözləyirdi. Görüş vaxtına az qalmışdı. Durna bıçağı cibinə qoydu. Qəhrəman maşını saxlayıb düşdü. Durnaya yaxınlaşıb salam verdi. Nə əcəbsə içkili deyildi. Ağlı başında adamlar kimi oturub söhbət edəcəkdilər. Durna deyəcəklərini əvvəlcədəm düşünmüşdü. Sükutu Qəhrəman pozdu: – Durna, mənim fikrimi bilirsən. Mənimlə evlənərsən? Durna düşünmədən: – Hə, dedi. Qəhrəman gözləmədiyi cavabdan çaş-baş qaldı. – Zarafat edirsən? – Yox, niyə ki? Amma şərtlərim var. Sevinən Qəhrəman tez-tələsik şərtlərlə razılaşacagına söz verdi. Durnanın planları baş tuturdu. Bir müddət əvvəl Qəhrəman haqqında eşitdiklərindən sonra araşdırma aparmış, bəzi məsələləri öyrənə bilmişdi. Durnanı qarabaqara izləyən Saleh onların görüşdüyü gün də görmüşdü. Onun da planı hazır idi. Hər şeydən bixəbər Qəhrəman sevindiyindən “göylərdə uçurdu” Durna yenə də asma körpünün altına gəlmişdi. Əlindəki bellə qazdığı yerlərə yenidən baxırdı. Bir neçə gün bundan qabaq qapıları bərkdən döyülmüşdü Durnagilin. Qapıya gedən Durna qapıda əyni-başı cırıq-cırıq olan bir yaşlı kişinin durduğunu görüb, kim lazım oldugunu soruşanda: – İçəri keçə bilərəm, qızım? – Evdə kişi xeylağı yoxdu, əmi. – Bilirəm, qızım. Çox vacib sözüm var. Durna qorxa-qorxa ətrafa baxıb, onu içəri dəvət etmişdi. Əmi danışmağa başlamışdı. O danışdıqca Durna əlini dizinə çırpıb Valehim lay-lay, deyib için-için ağlamışdı. Əvvəl əminin danışdıqlara inanmaq istəməsə də, sonradan onun göstərdiyi sübutlar inandırıcı gəlmişdi. O sübutların izinə düşüb, həmən “lal“ körpünün yanına gəlmişdi. Qazdığı yerdən Valehin saatının əqrəbini tapmışdı. Yenə də inanmamışdı. Bir neçə günlük axtarışından sonra Valehin çürüməkdə olan köynəyinin bir qolunu tapmışdı. Və … planını cızmışdı. Saleh Qəhrəmanı görüşə çağırmışdı. Xoş dillə aldadıb, asma körpünün altına aparacaq, orda öldürüb, basdıracaqdı . Həyat təsadüflərlə doludur. Körpüyə çatanda kiminsə orda eşələndiyini gördülər. Onları görən Durna qaçıb gizləndi. Qaraltı yaxınlaşdıqca onların Salehlə Qəhrəman olduğunu gördü. ”Ürəyi ayağının altına düşdü”. Burdan “qan“ iyi gəlirdi. Durna gizlənib onları güdməyə başladı. Saleh Qəhrəmanın qollarından tutub yerə yıxdı. – De görüm, Durnayla münasibətin var? – Burax, burax deyirəm sənə. -Sualıma cavab ver! – Mənə nəsə olsa, polis dostlarım biləcək. – Mən söz soruşdum axı, məni hədələmə. – Məndən nə istəyirsən? -Durna sənə söz verib? – Hə, biz evlənəcəyik. -Nə??? Asma körpü yellənməyə başladı. Hər ikisi başını qaldırıb yuxarı baxdı. Qəhrəman vəziyyətdən istifadə edib, Salehin əlindən çıxdı. Yerdən əlinə keçən taxta parçasıyla ona hücum etdi. Saleh qorunmaq üçün kənara tullandı. Artıq gec idi. Qəhrəman onu öldürə bilərdi. Qıraqdan baxa-baxa qalan Durna qorxusundan yaxınlaşa bilmirdi. Saleh nə düşünərdi. Amma əli-qolu bağlı dayanıb seyr edə də bilmirdi. Qəhrəmanın vurduğu taxtaların səsi ətrafa yayılırdı. Səssizlik içində Salehin iniltisi dəhşət saçırdı. Saleh xırıldamağa başladı. Durna dözə bilməyib köməyə gəlmək istədi. Çox qəribə hadisə baş verdi. Durnanın Qəhrəmana çatmağına 1 addım qalmış asma körpü uçdu. Qəhrəman körpünün altında, Saleh bir qədər kənarda idi. Salehin xırıltısı kəsildi. Qəhrəmandan da səs çıxmırdı. Durna inildəməyə başladı . Səhər üzü idi artıq. Bütün qəsəbə buradaydı. Körpünün uçma xəbəri ildırım sürətilə yayılmışdı. Körpü qəsəbəylə kəndi birləşdirirdi. Kənddən səhər üzü gəlmək istəyən maşınlar körpünün uçduğunu görüb polisə xəbər vermişdilər. Körpünün altından çıxarılan Qəhrəmanın vəziyyəti agır idi. Saleh hələ də ayılmamışdı, Durna o qədər də zədələnməmişdi. Artıq qəsəbədə onlar haqqında müxtləif fərziyyələr irəli sürürdülər. Bəziləri oranın Durnayla Qəhrəmanın görüş yeri oldugunu, Salehin sonradan ora getdiyini, bəziləri Salehin Durnanı öldürmək üçün ora apardıgını Qəhrəmanın ora sonradan gəldiyini, bəzilərisə əksinə Salehin Qəhrəmanın öldürmək üçün ora aprdığını düşünürdü. Heç kim məsələnin tam tərəfini bilmirdi. Durnanın vəziyyəti yaxşı idi. Polisə izahat verimişdi. Salehin səhhəti yavaş-yavaş düzəlməyə doğru gedirdi. Ondan da izahat alınmışdı. Hadisədən 3 ay keçirdi… Qəhrəman yavaş-yavaş özünə gəlməyə başlamışdı. Ən maraqlısı o idi ki, istintaq zamanı körpünün altından kişi meyidi tapılmışdı. Meyidin Valehə aid olduğu məlum olmuşdu. Durna izinə düşdüyü qətl barədə məlumat vermişdi. Araşdırmalar zamanı məlum olmuşdu ki, Valehi Qəhrəman qətlə yetirib. Durnaya gözü düşən Qəhrəman Valehi aradan götürüb istəyinə çatacağına ümid edirmiş. Valehlə yeyib içəndən sonra onu körpünün yanına gətirib, bıçaqla öldürmüşdü. Sonrada burdaca basdırmışdı. Beləcə Valehlə illərin dostu olan Qəhərman, bir gün onun qatilinə çevrilmişdi. Qəhrəmanın heç vaxt ağlına gəlməzdi ki, “lal” körpü bir gün onun sirrinin üstünü açmaq üçün sınıb yerə tökülə bilər.
Yeni dərs vəsaiti: “Pedaqogika nəzəriyyəsi: Müntəxəbat”
Yeni ilin ilk günlərində “Mütərcim” nəşriyyatı pedaqoji ictimaiyyətin görüşünə yeni dərs vəsaiti “Pedaqogika nəzəriyyəsi: Müntəxəbat”la gəlmişdir. Dərs vəsaitinin müəllif-tərtibatçısı pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı mütəxəssisi
Lalə Akif qızı Məmmədlidir.
Elmi redaktoru: pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Akif Abbasov;
Rəyçilər pedaqogika üzrə elmlər doktorları, professorlar Hümeyir Əhmədov və İntiqam Cəbrayılovdur.
Təqdim olunan dərs vəsaitində (Bakı: Mütərcim, 2022 . – 232 səh.) Azərbaycanın görkəmli psixoloq və pedaqoqlarının pedaqogikanın ümumi məsələlərinə, əsas anlayışlarına, onun predmetinə, məqsəd və vəzifələrinə, tədqiqat metodlarına, didaktika və tərbiyə məsələlərinə, məktəbşünaslığa dair əsərlərindən seçmələr verilmişdir. Dərs vəsaitindən ali təhsil müəssisələrinin və kolleclərin tələbələri, müəllimlər, dissertant və doktorantlar, magistrantlar, magistrlər, valideynlər, həmçinin geniş oxucu kütləsi də faydalana bilərlər.
Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).
HƏYATI Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir.
Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.
Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.
YARADICILIĞI Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir. O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qrumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.
ƏSƏRLƏRİ Kitabları ”Günaydın “(“Ağçiçəyim”) “Mum kimi yumşalanda” ”Məhdud həyatın məchul düşüncələri” ”İstəməzdim şair olum hələ mən” ”Gülzar” ”Oriyentir Ulduzu” ”Şehçiçəyim” “Gülünün şeirləri” ”Balçiçəyim” ”Bayatılar” ”Bərzəxdə” ”Sevin ki, seviləsiz” “Qəlbimin açıqcası” “93-ün yayı və ya bir qaşıq qatıq” “2016” “Nişangah” “Ustadnamə” “Usubcan əfsanəsi” “Çəhrayı kitab” “Otuz ildir əldə qələm “ “Əliş və Anna” “Qələmdar” “Yaradanla baş-başa” “Zimistan” “45” (şeirlər) “Ülyahəzrət” “Qədimliyə bürünmüş yenilik” “Gülüzənin şeirləri” “Uşaq boğçası”
Tərcümələri Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”) Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)
Tədris vəsaitləri “Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait. “39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English) “Uşaq boğçası” Məktəbəhazırlıq qrupları və I siniflər üçün vəsait.
MƏQALƏLƏRİ Zaur Ustac “Dağlar” haqqında Su — dünyaya açılan bir pəncərədir “Hərb mövzulu yazılar” I və II Nəzmi şah və ya Kəmaləddin Qədim və digər.
LAYİHƏLƏRİ “Dağlar – 200” (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə). “Mübariz – 31” (Milli Qəhrəman Mübariz İbrahimovun 31 yaşı münasibəti ilə) “Kərəmli – 700” (Şamaxılı memar Əliş Kərəmlinin anadan olmasının 700 illik yubileyi münasibəti ilə) və digər.
MÜKAFATLARI Qızıl qələm mükafatı İlin Vətənpərvər Şairi
ƏDƏBİYYAT Aida Hacıxanım “Məqam” Aida Hacıxanım “Ömrün anları” Aida Hacıxanım “Otuz şeir, otuz fikir” Gülü “Zaur Ustac” Qələndər Xaçınçaylı “Taclı şair” Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə və II hissə Kamal Camalov “Əliş və Anna haqqında” Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
Ustaclı oğlu, Ustacam! Gözlərimin alalığı, Ulu Göycəmdən ərmağan. Ərdəbilin naləsidir, Ruhum həp eylədi fəğan. * * * Yarı Qarqar, yarı Əfkər, Şəhriliyəm; şaham, tacam! Şah İsmayıl silahdaşı, Ustaclı oğlu, Ustacam!