EY YAR...
Mənim ruhum mənə də yad olub,
Gəl özünü məndə axtarma, ey yar.
Könlümün qırıq duası yox olub,
Məndən özgə məna çıxartma, ey yar.
* * *
Viran olub xəyallarımın güzgüsü
Çilik-çilik səpələnib,birləşmir .
Söz deyən dilim ,ağzım yorulub
Susuram,qüsurumu xoş gör, ey yar.
* * *
Neçə milyon il əvvəl olub elə bil
Cəfam dinib,dilim susub,mən yoxam.
Ümidlərin yelkəni də süzülüb
Tazə arzulara yer yoxdur,ey yar.
* * *
Bax qocalmışam gənc yaşımda ,
Qüssədən ağarıbdır saçım da.
Özümə çarə olmayan bu vaxtımda
Sənə necə əğyar olum mən, ey yar?
11.02.2021.
QADIN...
Gözü uzaqlarda,
dili bir adamda,
özü uzun yollarda,
səbri tükənən qadın ...
* * *
Gecə səssiz-səssiz,
o soyuq otağında,
bumbuz əlləri ilə
çiyninə təsəlli qadın ...
* * *
Xəyalları nakam,
ümidləri sökük,
qəlbi qırıq-qırıq,
taleyinə gülən qadın ...
* * *
Özgə sözlərdən,
qanayan dizlərdən,
bu yalan aləmdən,
zərrə-zərrə küsən qadın...
* * *
Sevdiyi göylərdə
Buludların düz üzündə,
ağ məxməri libasda
mələk təki süzən qadın ...
27.05.2021.
MƏN...
Mən danışım sizə kimdən
Özüm ilə qalan məndən.
Yaşa deyə dönə-dönə,
Sinəm içrə vuran qəlbdən.
* * *
Yaram dərin lap əzəldən,
Qanadıqca iz bağlayıb.
Bu dünyadan gedən kəsin,
İşi təkcə Rəbbə qalıb.
* * *
Naçar qalma, zaman yox,
Ömür bir az, sürən yox.
Bu yerlərdə gülən yox,
Güman bircə yarə qalıb.
* * *
Harda insan orda dərd,
Bir balaca yuvada dərd.
Savaşda da zülüm ilə
Zəfər yenə sənə qalıb.
* * *
Sual etmə, yığ dilini,
Belə baxma, yum gözünü.
Onsuz dinən, görən də yox,
Vətən yenə xalqa qalıb...
6.01.2022.
BƏXTİYAR MÜƏLLİM YERİ GƏLƏNDƏ ONUN ŞEİRLƏRİNDƏN ƏZBƏR DEYİRMİŞ
ŞAHMAR ƏKBƏRZADƏ 80
Həmrəyliyimiz, Birliyimiz, Azadlığımız, Bütövlüyümüz uğrunda yaşanan ədəbi ömür… Səksən illiyindən, yubiley ilindən keçirik bu ömrün…Ruhu şad olsun!..
Şahmar müəllim sevgi poeziyası ilə ədəbiyyata gəlib desəm, bəlkə də səhv etmiş olmaram… Oxucu sevgisi qazanan şeirlərlə gəlib desəm, yenə bir-birini tamamlayan fikirlər söyləmiş olaram…
Onun ilk oxuduğum şeirlərinə əsaslanıb bu fikri yazıram… Ancaq elə yaradıcılığının ilk illərindən onun Vətən, dövlət, xalq sevgisi gur, çağlar bir ömrə çevrildi, bu ömür misra-misra, dalğa- dalğa ömrümüzə qarışdı…Bu ömür Vətən müharibəsində qazandığımız qələbəyə də mənəvi töhfəsini verdi… Bu ömür qardaş ölkələrdən gələn yardımlarda da göründü…
Şahmar milli maraqlarımıza, tarixi dərdlərimizə söykək şeirləri ilə, ədəbiyyatımıza yeni bir nəfəslə gəldi. Türk xalqlarının birliyinin qorunmasının gərəkliyini, bir-birinə qılınc çəkən qardaş millətlərin faciəsini dilə gətirdi…
Utanım yerinə Əmir Teymurum,
Əzdin Bəyazidi, qırdın Tatarı…
Sənin zəfərinlə sındı qürurum,
Yadlara qul oldu yurd balaları..
Şah babam Xətayi, ey Sultan Səlim,
“Çaldıran” deyəndə odlanıram mən..
Əsrlər keçsə də düzəlmir belim,
Sizin yerinizə utanıram mən..
Böyük məclislərdə, 1989-cu ildə Qırgızstanda keçirilən bir yubiley düzənindəki çıxışı ilə türk dünyasının böyük təəssübkeşi kimi tanındı. Türkiyəli qələm adamları: Şahmar bizim sərhədsiz ruhumuzdu- dedilər. Bizim deyəndə, əlbəttə, bütöv türk dünyası nəzərdə tutulur.
Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk poeziyasından keçib gələn vətəndaş yanğısı Şahmar Əkbərzadə şeirində özünəməxsus ifadəsini tapdı.Hətta Bəxtiyar müəllim yeri gələndə Şahmarın şeirlərindən nümunələri əzbər deyirmiş…
Torpaqlarımızın işğalına etraz şair harayına çevrilir, özünü, soydaşlarını ittihama çevrilir, yanar ürəkdən qopub gələn şeirlərə çevrilir… Arada nisbi sakitlik yarananda, özü-özü ilə tək qalanda yenə sakitləşmir:
Qırxqız dərdin dənizləşir,
Gəlin qayan kənizləşir.
Ta Şuşan da Təbrizləşir,
Döy başına, yan, ay Şahmar!
Bəzən dərdini-kədərini də dünyaya ünvanlayır, zülmü, əzabı insanlardan əsirgəməyən dünyaya “sağ olsun deyir,minnətdarlıq da bildirir”, bəs bu necə sağ oldu, necə minnətdarlıqdı?..
Zülmümü taxtından heç endirmədi,
Dərdimin gözünü nəmləndirmədi.
Sağ olsun, qəmimi qəmləndirmədi,
Mindirdi qəmimi hörmətə dünya.
Cövrümə olmazın hörmət eylədi,
Cəfamı ağ günə qismət eylədi,
Neçə yurd-yuvamı qürbət eylədi,
Tanıtdı yaxamı qürbətə dünya.
Vətəndaş qayğılarının, narahatlığının, etrazının lirika vasitəsi ilə ifadəsi Şahmar Əkbərzadə şeirində örnək sayılacaq səviyyədədi. Şahmar Əkbərzadə poeziyası dəyərlər uğrunda mübarizə poeziyasıdı…
Adamlar itirir adamlığinı,
Adam təlxək olur, Allah amandır!
…Pulla böhtan deyən böhtançıya bax,
Böhtan çörək olur, Allah amandır!
Yaxud:
Hanı dinimizi bayraq edənlər,
Yanan yox o əsir məbədə, Allah!
Cihaddan yayınıb Həccə gedənlər
Səndən nə istəyir Kəbədə, Allah?
Şeirlərində mürəkkəbi qeyrət olan qələmdən, min kişiyə papaq olan qadın,qız ləçəyindən yazır… Tariximizə nəzər salır, sanki bu günümüzü də görür, bizdən ayıqlıq, sayıqlıq istəyir:
Gizli tələ qurur ölkə ölkəyə,
Dövlət ovlamağa dövlət axtarır.
90-cı illərin əvvəlində gedən Qarabağ döyüşlərinə münasibət bildirir. Çəkinmədən, cəsarətlə gerçəkliyi yazır. Bizi silkələyir, haqlı olaraq, bizdən baş verənlərə tənqidi münasibət istəyir. Mühitin saflaşmasına ehtiyacdan yazır:
Haqq savaşı dönüb alış-verişə,
Kasıb-kusub mat qalıbdı bu işə.
Aman Allah, döyüşə bax, döyüşə,
Satqınıyla qəhrəmanı bilinmir…
“Armud ağacı” şeiri Mirzə Ələkbər Sabirin nəfəsi duyulan şeirlərindəndi, “özümüzə əngəl kələf” olmağımızı, nöqsanlarımızı dilə gətirir. Bu şeir özünüittiham, özünütənqid və duruluğa çağrış şeiri kimi dəyərlidi…
Lirik duuğuların təravətli ifadəsı, dil gözəlliyi, incə duyum Şahmar Əkbərzadəni klassiklərlə bir sıraya gətirir.
Xəlqi ifadələr, könül çırpıntılarının bədii təqdimi oxucunun varlığına yol tapır, nə vaxtsa yaşadığı kövrək duyğuları ona yenidən yaşadır.
Sənin tilsimindən çıxa bilmirəm,
Neyləyim bu eşqi boğa bilmirəm,
Yolundan gözümü yığa bilmirəm,
Gözdağın mənimdir, gözün özgənin.
…Şahmara vəfandan cəfan nurludur,
Baharın şaxtalı, yayın qarlıdır,
Həsrətin özündən etibarlıdır,
Həsrətin mənimdir, özün özgənin.
Sevgisində Fərhad kimi fədakardı, sədaqətlidi Şahmar.
Məndən küsmə, gül nəfəsin tövşüyər,
Sənə baxıb bənövşələr pörşüyər,
Dayan, gülüm, qədəmlərin üşüyər,
Kirpiyimi qədəminə sərim qoy.
Əksər şeirlərində xalqın dərdini, güzaranını dilə gətirir, çoxları bunu yazmağa bəlkə də cürət etməz, ancaq Şahmar yazır:
Qanun-qaydalarla özəlləşir qəm,
Qızıllar cəhənnəm, dollar cəhənnəm,
Samana çevrilən pullar cəhənnəm,
Ülfətə girişir inflyasiya.
Ana haqqı-tanrı haqqı deyib ulu babalarımız. Şahmar dörd misralıq şeirində ana itkisinindən yazır. Yaxından, uzaqdan keçən yolçulara xitab edir… Burada onu, anasının pak ruhunun keşiyində dayanan bir oğul kimi görürük…
Yolçu, ayaq saxla bircə saniyə!
Demirəm yanğıma gözündən yaş tök…
Anamın pak ruhu şad olsun deyə,
Gedib öz ananın önündə diz çök!
Bu misralarda ana qədri bilən, başqalarından da bu münasibəti gözləyən oğul var, insanlıq, böyüklük, ululuq var-Şahmar var…
Şahmar Əkbərzadə şeirinin məna-məzmunu, dil-üslub incəliyi, səmimiyyəti, Vətən qayğıları ilə sözün həqiqi mənasında, klassik qələm sahibinə çevrilir…
Sözümü Şahmara həsr etdiyim misralarla tamamlamaq istəyirəm:
“Türk Edebiyatı Dergisi” 50 Yaşında! 579 – cu say işıq üzü gördü. Bu münasibətlə dəyərli qələmdaşlarımız Serhat Kabaklı və İmdat Avşarı, bütün oxucularımızı, doğma, şipşirin ana (həm də ata) dilimizdə oxuma-yazma bacaran hər kəsi təbrik edirəm. Yeni ilimiz xeyirli-uğurlu olsun!
1. 2021 -ci il necə ürəyinizcə oldu, yoxsa köhnə ildən gözlədiklərinizi 2022-ci ildən gözləyirsiniz?
Əlbəttə, ürəyimcə oldu ötən il mənim üçün. İkinci şeirlər kitabım işıq üzü gördü. 60 illk yubileyim qeyd olundu. “Zəfər yazanlar” şeir müsabiqəsində şeirim 3-cü yerə layiq görüldü. Yeni ili daha uğurlu olmasını arzu edirəm.
2. Birinci və ikinci kitablar sizcə hansı daha uğurlu oldu oxucular necə qarşıladı?
Əlbəttə, hər ikisi uğurlu oldu, deyərdim. Çünki ilk kitabım “Sən ömrümün bənövşəsi”ndə heca vəznli şeirlərim yer almışdı. İkinci-“Ey gülüm, can həmdəmim” kitabında əruz vəznli şeirlərim toplanıb.
3. Gələk kitablarınızın adına bir özəl səbəbi var, “ömrünüzün bənövşəsi” solsun can həmdəminiz sizdən uzaq düşsün?
Özəldir, təbii ki. Bənövşə tez açar, tez solar, ancaq mənim ömrümün bənövşəsi həmişə təzə-tərdir. Ayrı düşsək də bir təndə bir canımdır mənim.
4. İstərdiniz canımdır dediyiniz bircə günlüyə sizi görməyə gəlsin deyirlər bir qəhvənin min illik xətri vardır? Amma səmimi?
Son ölən ümid olar, deyiblər. Bəlkə də, bu qisməti yaşayacağam nə vaxtsa…
5. Qismətin sınağına imtahan vermək nə zamansa sizi yorsa?
Mən bu sınaqla yaşayıram, bir ömür sonra da yaşayaram. Ancaq yorulmaram.
6. “Zəfər yazanlar” müsabiqəsində şeirinizin üçüncü olması sizi bir an olsun düşündürüb; üçüncü yox, kaş birinci olsaydı deyə?
Əlbəttə, hədəf ilk olmaq idi. Düşünürəm ki, gələcəkdə buna nail olaram.
7. Nail olmaq istədiyiniz başqa nələr var, yaxınlaşdığınızda bir əngəl çıxsın?
Çox istərdim şeirlərimə mahnılar bəstələnsin, qoşma, gəraylılarım aşıqlar tərəfindən ifa olunsun. Əlbəttə, əngəl deməzdim, ancaq maddi imkanların məhdudluğu hələ ki, buna yol vermir.
8. Hansı şeirinizə istərdiniz mahnı bəstələnsin, hər onu dinlədiyinizdə sizə can həmdəminizi xatırlatsın?
Konkret hansı şeir olduğunu deməkdə, düzü, çətinlik çəkirəm. Elə adları göstərilən şeirlər daha uğurlu olardı, məncə yəni kitablara adları verilən…
9. Yaradıcılığınızda uğursuz saydığınız şeirlər var, oxuduğunuzda ürəyinizcə olmasın?
Əlbəttə, var. Ancaq bu məni qətiyyən kədərləndirmir. Hətta onlardan bir neçəsini kitaba da əlavə etmişəm.
10. İnsan bəzən uzaqlara alışar bir gözlənti belə ona ümid işığı olar kitablarınızdan ona ayırmısınızmı? Nə zamansa gəlsə verəsiniz?
Əslində, bu kitablar onun özüdür mənim üçün. Onun gəlişi özü ilə bərabər məni də özümə qaytarar.
11. Sizə öz minnətdarlığımızı bildirirəm son sözünüz nə olardı oxucularınıza?
Mən Sizə təşəkkür edirəm. Oxuculara sözüm çoxdur. Şairin hər şeiri bir nəsihətdir. Sevsinlər Vətənimizi, qorusunlar müstəqilliyimizi bu günkündən də çox. Biz buna qadirik.
Gəzdim, qarış-qarış Vətən torpağın, Hər dağda, dərədə izim var mənim! Hələ keçilməmiş, uca dağların, Uca zirvəsində gözüm var mənim! * * * Gəzdim, yorulmadan aranı, dağı, Seyr etdim, ən ucqar çəməni, bağı, Heç vaxt qınamadım zamanı, çağı, Çox bulaq başında üzüm var mənim! * * * Gəzdim, bu torpağı, mən oymaq-oymaq, Ən adi daşa da olmuşam qonaq, Hər otun, çiçəyin halın soraraq, Sinəmə yığdığım, sözüm var mənim!!!
Qınamasın bu oba, bu el məni, Gəl, ürəkdən, sən də, gülüm, duy məni. Çox eşitdim dilindən xoş kəlməni, Söylə mənə bu sözü gəl, çox bilmə, “Hə” deyəsən kaş mənə bircə kəlmə.
Nurla yuyur düz-dünyanı- Ay oyaq, Qəlbimizi biz də bu nurda yuyaq. Ay ulduzla gəlib görüşən sayaq, Gəl görüşək, bu gün yuxuma gəlmə, “Hə” deyəsən kaş mənə bircə kəlmə
Sevgi qəlbdə toxum salan gül-çiçək, İnadını boşla getsin, gəl, əl çək! Gözlərindən göz yaşını silən tək, Saf eşqini ürəyinə yaz, silmə, “Hə” deyəsən kaş mənə bircə kəlmə
İldırım, sevgidən hər kəs halıdı, Söz var ki, sözlərin qəndi, balıdı. Həyat göz oxşayan gözəl xalıdı, Sən də xoş sözünlə ona vur ilmə, “Hə” deyəsən kaş mənə bircə kəlmə.