NEYLƏYİM Neyləyim mən özümlə, necə edim, bilmirəm. Nə küsürəm biryolluq, nə danışıb gülmürəm. *** Hərdən zəhərə dönür, hərdən də qənd kimidir. O, mənim yalnış vaxtda içdiyim and kimidir. *** Nə cəsarətim çatır, bu yükümü atmağa. Nə də ki, gücüm yetir o andımı tutmağa. *** Neçə vaxtdı qalmışam iki daş arasında. Sabahımı qırmışam gözlə qaş arasında. *** Sanki qərarı verən bir şeytani səs idi. Ağ günlərə gecikib, qara günə tələsdim. *** Necə edim bilmirəm, sükut məni yaralar. Yazdığımı pozuram, üzə durur misralar. *** Adilə, sığın yenə, ürəyindəki aha. Nə varsa yığ ovcuna, sovur getsin Allaha. 21.04.2021.
GƏLMƏ-GƏLMƏ Qəlbimdə od, dilimdə söz Bitdi artıq, gəlmə-gəlmə. Ağlatdığın o məsum qız Getdi artıq, gəlmə-gəlmə. * * * Kədərdi, qəmdi hər anı, Allaha qalıb gümanı. Sənə olan son inamı İtdi artıq, gəlmə-gəlmə. * * * Biri sevgi gülü əkən, Biri şirəsini çəkən. Küsdürdün, yad yerdə məkan Tutdu artıq, gəlmə-gəlmə. * * * Keçirdi gənclik yaşını, Soldurdu tər baxışını, Yaxşı ki, dostlar başını Qatdı artıq, gəlmə-gəlmə. * * * Adilənin susdu səsi, Qalmadı daha həvəsi. Bu yolun ümid gəmisi Batdı artıq, gəlmə-gəlmə. 20.04.2021.
Dövri mətbuatda müntəzəm çıxışları ilə tanınan “Yazarlar” jurnalının redaksiya heyətinin ən gənc üzvü Nərgiz Mirzəyeva “Qarabağ uşaqların gözü ilə onlayn videoçarx” müsabiqəsində uğurla iştirak etdiyinə görə “RÖVŞƏN HÜSEYNOV” diplomu ilə təltif olunub. Laureatı bu münasibətlə təbrik edir, eyni zamanda layihdə iştirak etdiyi videoçarxı və “Şuşam” şeirini sizlərə təqdim edirik:
“QARABAĞ UŞAQLARIN GÖZÜ İLƏ” LAYİHƏSİ – NƏRGİZ MİRZƏYEVA “ŞUŞAM” ŞEİRİ
ŞUŞAM
Səni yağı düşmən qəsb edən gündən, Yaralı vətəndik, sənsiz, ay Şuşam. Solmuşdu büsbütün Xarı bülbülüm, Çiçəksiz çəməndik, sənsiz, ay Şuşam. Sən bizim döyünən ürəyimizsən, Ürəksiz bədəndik, sənsiz, ay Şuşam.
Artıq ötüb-keçdi o çətin anlar, Axır ki, tapıldı dərdin əlacı, Sən artıq bizimsən, bizimsən indi Sevin, əziz Şuşam, vuran ürəyim, Sevin, əziz Şuşam, başımın tacı.
Nəhayət yetişdi o tarixi gün, Müzəffər ordumuz ayağa qalxdı, Üçrəngli bayrağı, öz əlləri ilə Şuşa qalasının başına taxdı.
Şuşam azad oldu ağrı-acıdan Şuşam azad oldu qəmdən, kədərdən, Açıldı qaralmış göylərin üzü Yurdum işıqlandı nurlu səhərdən.
İllərdir yarımçıq qalan arzular, Bu gün nəhayətçi kamına yetdi. Bağrı dağa dönmüş Şuşamız bu gün Sevincli alqışlar, səslər eşitdi.
Bu səs qazanılan zəfər müjdəsi, Bu bir türk səsi idi, sevinc səsi idi, Bu səs buxovların qırılan səsi, Azad Şuşamızın qələbəsi idi.
Allahım, günlərdən nə gözəl bir gün, Ali Baş Komandan, eşq olsun sizə. Qələbə sevinci yaşadı xalqım, Sonsuz bir səadət bəxş etdin bizə.
8 noyabr-tarixi bir gün, Müzəffər ordumuz, görüm var olsun. Hər bir əsgərimi Allah qorusun, Hər bir əsgərimə Allah yar olsun.
Biz iki millətik, birgə dövlətik, Nə olursa, olsun ayrılmaz Turan. Var ulu Turanın iki lideri, Birisi İlhamdır, biri Ərdoğan.
Ataların bir sözü var, “dost dar gündə bəlli olar”. Bu misalı dosta, qardaşa, lap elə ailə üzvülərinə də aid etmək olar.
Məlum hadisələrlə əlaqədar son günlərdə (Gəncədə baş verən xain düşmən saldırısını da nəzərə almaqla) baş verən hadisələr bir daha göstərdi ki, yaman gündə xalqımız, millətimiz daha da sıx birləşməyi bacarır. Bu nəinki ölkəmizin hüdudları çərçivəsində belədir, hətta onun xaricində də özünü bu soydan bilən hər bir fərdin mənəvi qardaşlıq borcuna çevrilmişdir. Bu baxımdan, artıq uzun illərdir ki, “bir millət – iki dövlət” anlayışı ilə yaşayan Azərbaycan və Türkiyə son günlər sanki “bir millət – bir dövlət” kimi yaşamağa başlayıb. Bu qardaşlıq dövlət başçıları səviyyəsindən tutmuş hər iki ölkənin sıravi vətəndaşlarına kimi dövlətlərimizin mücadilə etdiyi ən müxtəlif cəbhələrdə özünü məhz belə göstərir.
Şübhəsiz ki, qələm adamları bu baxımdan həmişə ön sıralarda olub və olmaqda davam edirlər. Belə ki, son günlər Azərbaycan professoru Ramiz Həsənlinin tanınmış Türkiyə yazarı Yahya Azəroğlu haqqında nəşr etdirdiyi “Turan yolçusu” kitabı təqdirəlayiq hadisədir və bu qardaşlığı möhkəmləndirən addımlardan biri kimi qiymətləndirilməlidir. Kimdir Yahya Azəroğlu? Professor Ramiz Həsənlinin “Turan yolçusu” adlandlrdığı kitabda haqqında bəhs etdiyi şəxs həqiqətən Turan yolçusu, bir ulusun Ulusudur.
Ramiz Həsənlinin Türkiyə yazarı Yahya Azəroğlu haqqında “Turan yolçusu” kitabı.
Bəli, mən onu məhz belə adlandırardım. Düşünürəm ki, bu təbir hər cür mübaliğədən uzaq və reallığa daha yaxındır. O, sözün əsl mənasında Gündoğandan Günbatana bütün türk ellərində aşağı-yuxarı bax, mənim bu yazını yazdığım şipşirin ana dilimizdə oxuyub – anlayan bir ulusun şairi, söz adamı, ulusudur. Təbii ki, onun yazılarını çevirmələr vasitəsi ilə başqa xalqların nümayəndələri də oxuyurlar. Ancaq onlar bu yazılarla hansı dildə tanış olmalarından asılı olmayaraq, müəllifin kim olduğunu, milli kimliyini anlayırlar. Yahya Azəroğlu məhz hər kəlməsinin sahibi olduğu kimi, onun qələmindən həyat qazanan hər bir söz də öz sahibini tanıdır və ona həyat verəni yaşadır. Yahya Azəroğlu təpədən dırnağa qədər vətən, millət, insan üçün çalışan, yazıb-yaradan söz adamıdır. Onu bütün türk ellərində tanıdan da məhz bu xüsusiyyətidir. Onun vətən, bayraq, vətəndaş, qardaş sevgisi bir başqadır. İstər şeirlərində, istərsə də fiziki – faktiki olaraq dünyanı gəzib dolaşan Yahya Azəroğlu bir elin, bir obanın deyil, məhz bir ulu ulusun ulusu – ozanı, şairi olduğunu aşağıdakı iki misrasında çox qabarıq, açıq və net şəkildə ifadə etmişdir:
Vatanın aşkıyla çarptı yüreğim, Her an kızıl elma oldu ereğim…
Yahya Azəroğlu – Turan yolçusu.
Hər yeri gəldikcə amalından, məqsədindən, yolçusu olduğu yolundan oxucusuna sevə-sevə böyük fəxarət hissiylə, özünəməxsus xüsusi pafosla anladan Yahya Azəroğlu yaradıcılığı boğazdan yuxarı populizmdən uzaq, mayası haqdan gələn səmimi, təbii bir ustad – ozan sözüdür. Belə ki, o, lazımi məqamda nə qədər arzu – istəyindən hayqıraraq söhbət açırsa, yeri gələndə o qədər də hüznlü tonda, acılar içində qıvrıla-qıvrıla nalə çəkən misralarla oxucusuna, soydaşına, qardaşına ümumi dərdimizdən söhbət açır, çıxış yolu göstərməyə çalışır:
Yüreğim kann ağlar yurdun haline, Hayalim uzanır Oğuz eline, Maruz kalmış Türk milləti zulüme…
– deyə, ümumi Türk ellərinin Doğudan Batıya, Güneydən Quzeyə mücadilə, arayış içində olduğunu və bu yolda böyük əngəllərlə üz-üzə qaldığını qəlb ağrıları ilə anladır. Ayrı-ayrı yüz bölük olmuş böyük Türk yurdunun dərdi bir xalq ozanı kimi onun hər kəlməsində hiss olunur, duyulur. Doğu Türküstana cıları, Kərkük mücadiləsi, Qarabağ yarası, şanlı Türk Əsgərinin “yurdda sülh, cahanda sülh” şüarı ilə girdiyi savaşlar, bütün bunlar hamısı Yahya Azəroğlunun qələmindən ağ kağızlar üzərinə köçüb, oradan dünyaya boylanır. Bəzən qəh-qəhələrlə gülür, bəzən için-için ağlayır… Bura qədər yazdıqlarımdan oxucuda belə təsəvvür yarana bilər ki, Yahya Azəroğlu tipik bir tribuna şairi, təbliğatçıdır. Xeyir, bu, əsla belə deyil, o, nə qədər emosianal, çağırış şairi olsa da, o qədər də bədii cəhətdən zəngin, poetik duyğular yüklü misraların müəllifidir:
Azer oğlu hayat oldu derbeder, Yaralı gönlümü yıktı bu haber. Pencereden bakanlarla beraber Perdeler ağladı, tüller ağladı…”
– el ozanı vəzifəsini üstlənmiş şair yurda düşmüş şəhid xəbərini bax belə anladır öz yurddaşına…
Zəngin dünyagörüşünə və eyni zamanda, rəngarəng bədii yaradıcılıq imkanlarına malik olan Yahya Azəroğlu bütün yaradıcılığı boyu ciddi bir arayış içindədir. Demək olar ki, onun bütün yaradıcılığının leykmotivini Vətən, Bayraq, Millət məsələləri təşkil edir. Ulusun ulusu tez-tez xəyaləndə də – babaların yaşadıqları dönəmlərə səyahət edir, təklənmiş oxşar misali ayrılıqda Türk ellərinə çətin olduğunu artıq, hansısa bir ümumi çatı altında birləşməyin zamanı gəldiyini anlayır və soydaşlarına çatdırmağa çalışır.
Ancaq bütün bunlara baxmayaraq, biz qələm adamları, xüsusilə son dövrlərdə qardaş Türk dövlətlərinin başçılarının tez-tez bir araya gəlmələrini, hər dəfə müxtəlif formalarda birlikdən, bərabərlikdən, qardaşlıqdan danışmalarını yüksək qiymətləndirir, gələcəyə nikbin baxışlarla baxır və artıq üfüqdə arzularımızın parıltısını görürük. Uca Yaradan bu ulusun yar və yardımçısı olsun! Tanrı Türkü qorusun! Amin! Belə bir müqqədəs amala xidmət edən, müasir dövrümzüdə olduqca mühüm tərbiyəvi əhəmiyyətə malik kitabın Azərbaycanda, Bakı şəhərəndə geniş oxucu kütləsi qarşısında nəzərdə tutulmuş təqdimat mərasimi məlum məhdudiyyətlərlə əlaqədar hələlik təxirə salınıb. Gələcəkdə bu barədə mətbuat və elektron kütləvi informasiya vasitələri ilə əlavə məlumat veriləcək.
19.10.2019. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ BEŞİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunub:
Adın Vüqar, adın kimi vüqarlı Mənim ilk sinfimin dəcəl şagirdi Şəhid oldun şəhadətə qovuşdun Hər zaman önündə əyilir başım * * * Şəhid oldun vətən üçün, el üçün Şəhid oldun iki gül balan üçün Şəhid oldun ana, bacılar üçün Şəhid balam, şəhadətin mübarək 16.10.2020.
Şəhadətin mübarək..!
Daxili qoşunların igid əsgəri Seymur Vətənin keşiyində dayanan məğrur oğul Şuşanın uğrunda canından keçə oğul Can şəhidim şəhadətin mübarək..! * * * Nişanlının gözü qaldı yollarda Ananın ürəyi dözməyir dərdə Düşmən necə qıydı sənin tək mərdə Can şəhidim şəhadətin mübarək..! * * * Dostların hər zaman səni yad edir Məzarın üsdünə gecələr gedir Bütün Azərbaycan sənlə fəxr edir Can şəhidim şəhadətin mübarək..! 07.10.2020.
Yurdum mənim
İşğaldan azad Qubadlım, Fizuli, Cəbrayıl, Laçın. Zəngilanım, Kəlbəcərim, Gözün aydın xalqım mənim. * * * Yolum Şuşayadır mənim Zəfər çalır Ordum mənim Gözün aydın Azərbaycan Azad olur yurdum mənim
Dünya malı, bu dünyada qalandı, Süleymanın hekayətin sal yada. Kimi qurdu, kimlər çapdı, taladı Elə qazan, elə ye ki, bal dada. * * * Canfəşanlıq, fitnə-fəsad faydasız, Tamahkarlıq, hiylə, büsat faydasız, Riyakarlıq, qorxu, həsəd faydasız, Şirindil ol, yeri gəlsə, al “qada”. * * * Ustac desin, bircə kəlmə, dinlə sən, Adəm bura niyə gəldi, biləsən, Həmən yerdi– cəza yeri, anla sən, Rəvamıdır, verə ömrü, mal bada!?
SÖZ Nə gündəsən a qələm, nə gündəsən a varaq?! Qaralanıb, pozulur üz-gözün varaq, varaq, Səni edam eyləyir, hər yetən əl, ovaraq, Döz, deməyə üzüm yox, tərsə düşüb zamanın. * * * Qonub bir şah budağa, “qarr” eyləyir qarğası, Oturub sağ yanında, dəmin tutur darğası, Arxasıza toy tutur, kimin varsa arxası, Sovurur hayın, küyün, sovurmur söz xırmanın. * * * Düyün salıb, ilməsi çözülməyən büyüdür, Üfləyir bəbəklərə, tozu gözdə böyüdür, Ləl udub, mədəsində, xırdalayıb, üyüdür, Şər tutub bu dünyanın fırladır dəyirmanın. * * * Tamahın zirvəsinə, qanadlanma hündürə, Siçan düşər tələyə, acsa müftə pendirə, Şöhrəti yal qabında, düyünləyir kəndirə, Ucun tapıb, sallaşan, dırmanın hey, dırmanın! * * * Dörd tərəfə ayırma, parçalama gəl biri, Onsuz da ələyəcək şadarası, xəlbiri, Son gedişin ələkdə, çox qalmazsan sən diri, Hər at verməz minməyə, hər yetənə yalmanın! * * * Özü memarı olsun, insan gərək özünü- İnşaa edərkən, tutsun bünövrədə sözünü, Demirəm, burda mənəm, Tanrı yumub gözünü, Yetəcək harayıma, gözləyirəm fərmanın. 15. 04. 2021.
AYRILIR Nə vermişdin, nə də alım, Ruhuma dustaq olanım, Cismimi tərk edib canım, Qopub, sol yandan ayrılır. * * * Bülbül nalə çəkib gedir, İzində qəm əkib gedir, Fələk qəddin büküb, gedir Gül xiyabandan ayrılır. * * * Sevgi həsrət salır, niyə? Yarı yolda qalır, niyə? Məcnun Leyli deyə -deyə , Çöl-biyabandan ayrılır. * * * Dünya sirlə dolu saray, Buludlardan qopur haray, Göy səmada dolanıb Ay, Süb çağı dandan ayrılır. * * * Nakam qalsa ömür yarı, Olmaz çarə dünya varı, Üzü yaradana sarı, Lalə cahandan ayrılır.
TƏCNİS Xudam onnan məni yoxdan yaradıb, Ayırmaz, o yara yar edər məni . Bir qonçaydım, bitdim dostun bağında, Dilim ilə dedim yara dər məni . * * * Tutmuşam dəstimdə gözəl nizamı, Nəbatı, Firdovsi, gözəl Nizami , Təqdiri-qüdrətin gözəl Nizami, Mənə dərd verib, yara dərmanı . * * * Hilal qaşın bənzətmərəm tər yaya Ələsgər də dastan edə, dürr yaya, İstəsə göl elər, qatar dəryaya , Yaratsa təzədən, yaradar məni. Müəllif: Aşıq Ələsgər
Əgər yolun düşsə bizim dağlara, Bağrı köz lalədən bir xəbər götür. Həsrətdən tər çələng düzüm dağlara, Axşamı dan eylə, dur səhər götür. >>>> — <<<< Nəfəsimlə oxşa Xustubun başın, Ara qayasında dözümün daşın! Yaşıl yaylaqlara, gözümün yaşın, Şehi qurumamış, min kəhər, götür. >>>> — <<<< Dinlə şırıltısın buz bulaqların, Toxunsun gözünə qız dodaqların, Allansın mehinə gül yanaqların, Kövrəl, xəyala dal, dön, qəhər götür. >>>> — <<<< Çaqqal yuva salmış Qurd yerlərinə, Qovub, qovalayıb dürt yerlərinə, Viranə, talanmış yurd yerlərinə, Dönəndə qayğısız bir şəhər götür. >>>> — <<<< Göy səma üç rəngli bayrağa dəysin, Buludlar önündə başını əysin, Çəmənlər yamyaşıl donunu geysin, Sevgi ver, eşq adlı bar, bəhər götür. >>>> — <<<< Lalə, bu naməni düz Pərvanəyə, Əhdinə, andına düz Pərvanəyə, Al çapar, al götür düz, Pərvanəyə! Zəngəzur elindən bir səfər götür! 05. 04. 2021.