VAQİF DÜNYASI (Bu gün onun doğum günüdür! Ruhu şad olsun!) Vaqifin barmağından doğulan bir dünya var, Səmədin qələmindən doğulan dünya kimi. Yeddi qat, yeddi arğac mayası sirr dünya var, Səttarın fırçasından doğulan dünya kimi. * * * Vaqifin barmağından doğulan bir dünya var, Ana laylası kimi, nənə bayatısıtək. Onun barmaqlarında dilə gəlir arzular, Ata duası kimi, baba hayqırtısıtək. * * * Vaqifin barmağından doğulan bir dünya var, Ta qədimdən bu günə, ilmə-ilmə toxunur. Anamın hanasında olan sirli naxışlar, Vaqifin barmağında kəlmə-kəlmə oxunur. * * * Vaqifin barmağından doğulan bir dünya var; Azərbaycandır adı, – mənim yurdum bu diyar! 16.03.2022. Bakı-İçərişəhər.
YUXUDA GÖRDÜM Kİ… Yuxuda gördüm ki, saraydayam mən, Xalı döşəməli geniş bir saray. Ayrı bir həşirdə, haraydayam mən, Qapılar açılır önümdə tay-tay. * * * Gördüm başı açıq, ayağı yalın, O başa-bu başa gəlib gedirəm. İçində itmişəm yaşılın, alın, Bir şahzadə qıza təzim edirəm. * * * Başına qoyduğu zərli tacından, Üzündə ay doğur, gün halələnir. İncilər, almazlar yağır saçından, Baxıram üstümə işıq ələnir. * * * Uçmaq istəyirəm, bir himə bəndəm, Tanrıdanmı gəlir bu boyda işıq?! Hər təzim etdikcə göyə büləndəm, Qürur yaşayıram qorxu qarışıq. * * * Baxır, gülümsəyir şahzadə gözəl, Qəlbimdən keçəni gözümdən duyur. İşarə edir ki, bir yaxına gəl, Nədir iltimasın, ərz elə, buyur… * * * Dinmək istəyirəm tutulur dilim, Mənə nələr deyir bu heyrət, nida? Qəfildən alışır çəmənim, çölüm, Mən səni görürəm demə yuxuda. * * * Sakitcə üzünə boylanıram mən, Baxışın mehriban, gözlərin duru. Yuxuda yuxudan oyanıram mən, Sən günün işığı, sən ayın nuru. * * * Ağzım yaman yerdə dirənib dağa, Yanıl yanaqların bir dağ laləsi… Məni öldürməyə, ya yaşatmağa, Bəs edər əlinin bir işarəsi. * * * Əmr elə, cəlladlar boynumu vursun, Nə əcəb görünmür, bəs onlar hanı? Çağır fərraşların çubuğa tutsun Səndən sevgi uman kövrək insanı. * * * Duyğulu bir qəlbin tamam bəsisən, Bülbül istəyim var dil-dil ötməyə. Sən mənim könlümün şahzadəsisən, Hazıram bir ömür səcdə etməyə!
AXŞAMDAN YAĞAN BU YAĞIŞ Axşamdan yağan bu yağış Gecəni sona yetirdi. Göyün yerə deyəcəyi Nə varsa, ona yetirdi. * * * O dolan qara buludlar Sübhə kimi damcıladı. Payızın göz yaşlarını Qansız külək qamçıladı. * * * Mən də yağdım ağ varağa Gilə-gilə, damcı-damcı. Kirpiyimdə salxımlandı Ürəyimdən qopan sancı. * * * Ac köçkünlər muncuq-muncuq Avropanın yaxasında. Bu sahibsiz məzlumların Kimdi duran arxasında?!… * * * Arxalı qaniçənlərin Əmri qandı, hökmü qandı… Bu dünyanın hər yerində Ölən ancaq müsəlmandı! * * * Axşamdan yağan bu yağış Ilmə-ilmə sökür məni. Yurdsuzların yurd gəzimi Bir üsyana çəkir məni. * * * Elə yanıb yaxılıram, Söz ağzımda kömürləşir. Xocalıda ruhlar gəzir Dərd ömrümdə ömürləşir. * * * Cövlan edir dalğa, tufan, Bu dəryada sal köməksiz. Külək vurur, qayıq aşır, İnsan oğlu, qal köməksiz… * * * Batır gücsüz qoca, qarı, Körpəyə bax, əl-qol atır… Bu boğulan məzlumların Ah, naləsi hara çatır?!… * * * Hara çatır haqsızlığın Batırdığı haqqın səsi?! Aman allah, bu dəhşəti Bir daha kimsə görməsin! * * * Axşamdan yağan bu yağış Ürəyimə damcılayır. Külək çöldə yağışı yox, Evdə məni qamçılayır!
BU SƏNİN DEDİYİN SEVGİDİ Seyrələn saçların ağına gəlir, Boranlı, çiskinli dağına gəlir. Ömrünün ixtiyar çağına gəlir Demə daşan selim səngidi vallah, Bu sənin dediyin sevgidi vallah. * * * O gülü bu sayaq üzə bilməzdin, Arxayın, təmkinli gəzə bilməzdin. O boyda sevincə dözə bilməzdin Onunçün yollarda ləngidi vallah, Bu sənin dediyin sevgidi vallah. * * * Bilməzdim “hə” imiş dilindəki “yox”, Onluğa hədəfmiş kipriyində ox. Mən elə sevirəm bu sevgidən çox Ömrün qocalıqla cəngidi vallah Bu sənin dediyin sevgidi vallah.
NEYNİRDİN ŞAİRİ YARADIB, ALLAH Bağladın həyata min sirli bağla, Qəlbinə coş dedin, gözünə ağla. Bir belə ağrıyla, bir belə dağla Neynirdin şairi yaradıb, allah?! * * * O, dönə bilmirsə kor ağacına Ya batan gəminin dor ağacına. Quş olub uçmursa dar ağacına Neynirdin şairi yaradıb, allah?! * * * Aldanıb kimisə öyəcəkdisə, Sonra öydüyünü söyəcəkdisə. Kükrəyib “Həqq mənəm” deyəcəkdisə Neynirdin şairi yaradıb, allah?! * * * Ərzi hökmdara yetməyirdisə, Dərdi, şikayəti bitməyirdisə. Zindana könüllü getməyirdisə, Neynirdin şairi yaradıb, allah?! * * * Qılınctək kəsməyən şeirə nə deyim, Şeirdən gələcək xeyirə nə deyim? Bu bitib-tükənməz sehrə nə deyim, Neynirdin şairi yaradıb, allah?! * * * Onu zaman-zaman oda salırsan, Öldürüb sonra da yada salırsan. Səndəmi şeirlə nəfəs alırsan, Neynirdin şairi yaradıb, allah?! * * * Günəşə calanan hörükmü gəzdin, Zamana od vuran körükmü gəzdin, Yoxsa öz dərdinə şərikmi gəzdin, Neynirdin şairi yaradıb, allah?! * * * Yurdu dərd bürüdü, ələm götürdü, Ürəyi yananlar qələm götürdü. Yeri də, göyü də bu qəm götürdü Neynirdin şairi yaradıb, allah?! * * * Sirrinə müvafiq elmin yoxdumu, O elmə yönəlik filmin yoxdumu, Bizə bundan artıq zülmün yoxdumu? Neynirdin şairi yaradıb, allah?! * * * Ömrümüz-günümüz bir yuxu, röya, İllər ötüb keçdi… Yaşadıq guya?! Şeirlə düzələn deyilsə dünya, Neynirdin şairi yaradıb, allah?!
BİLMİRƏM Ürəyim dönübdür ağlar bir neyə, Hardan tapdı məni qəza, bilmirəm? Göylərlə əlaqəm yoxdumu deyə Yerin yer dərdini yaza bilmirəm?! * * * Əlimdən, dilimdən daş asılıb daş, Sözümdən tez gəlir gözümdəki yaş, Elə yazılıb ki yazım, a qardaş, Ömrüm sona yetir, poza bilmirəm. * * * Qocalıq günbəgün qəddimi əyir, Yanımdan yel ötsə dizim titrəyir. Yaş artır, önümə daş diyirləyir, Daha düz yolda da gəzə bilmirəm. * * * Tanrıya çatmırsa səsim, xitabım, Deməli bağlanıb şeir kitabım. Daha bu hicrana qalmıyıb tabım, Daha bu həsrətə dözə bilmirəm. * * * Musa, su üstündə susuz qalmışam, İçmək yasaq olub, içdən yanmışam.. Təşnə olduğumu ancaq danmışam Varmı bundan ağır cəza, bilmirəm?!
ŞEİR MÖCÜZƏDİR Haçan ağ ümidi üstələyir qəm, Mənə qəhqəh çəkib qara şər gülür. Elə ki, şeirdən uzaq düşürəm Yerdən də, göydən də əlim üzülür. * * * Sağalmaz göynəkdir könül yaramda, Şeir möcüzədir, – danışsam haqla. İlham bir körpüdür mənim aramda, Göydə mələklərlə, yerdə torpaqla. * * * Açılsın gözümdə göylərin qatı, Uçmaq eşqim varsa ölməyəcəyəm. Əzrayıl da bilsin mən bu həyatı Şeirsiz bitirə bilməyəcəyəm!
Bu gün Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçlığı ilə Azərkitabda Mərziyyə Sarvanın “Əsgər anasıyam” kitabının təqdimatı keçirilib.
Tədbirin gedişi zamanı “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət Kərimova-Əhmədova tərəfindən Mərziyyə Sarvana uzun illər səmərəli pedaqoji fəaliyyətinə və ədəbi yaradıcılıqda qazandığı ardıcıl uğurlarına görə “Vintsas” mükafatı təqdim olunub. DOĞRULAMA LİNGİ >>> LAUREATLARTədbirdən fotolar:
“Yazarlar” olaraq, Mərziyyə xanımı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Mərziyyə xanım!!!
Bu gün “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət Kərimova-Əhmədova tərəfindən Yadigar Təvəkgülə uzun illər səmərəli pedaqoji fəaliyyətinə və ədəbi yaradıcılıqda qazandığı ardıcıl uğurlarına görə “Vintsas” mükafatı təqdim olunub. DOĞRULAMA LİNGİ >>> LAUREATLARFotolar:
“Yazarlar” olaraq, Yadigar xanımı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Yadigar xanım!!!
OĞLUMA Ömrün yolları yoxuş Dolanbac, çətin olur. Bu yolları yoranlar Əzizim, mətin olur. * * * Bu ömrə asan demə Çalışsan asan olar. Hər işin bir çəmi var Alışsan asan olar. * * * Heç kimdə qüsur gəzmə Özündə qüsur axtar. Ağlı başda olanın Həm düzü, həm səhvi var. * * * Üzünə güləndisə Ondan uzaq, qıraq ol. Dərdini biləndisə Ona yanan çıraq ol. * * * Baban öyrətdi mənə Xeyri şərdən ayır sən. Torpağı sanı yaşa Babana oxşayırsan. * * * Ata nəsihətindən Adama ziyan olmaz. Doğmalara yad olma Qıraqdan həyan olmaz.
VƏTƏN İnan, heç vaxt unutmaram Mən anamın can səsini. Yüz alxışa tay tutmaram Qurban olum kəlməsini. * * * Bir suçum yox, başım uca Ruhum payız havasında. Mən baxıram anam qoca Özüm dərd sər yuvasında. * * * Yenə ana nəfəsinin Duasının mən acıyam. Dərdin alım kəlməsinin Tamarzısı, möhtacıyam. * * * Bu kəlmənin istisindən Dilim, dodağım əsir. Ögey baxış yad səsindən Dişim bağrımı kəsir. * * * Anam indi öz hayında Nə danışmır, nə də dinmir. Fikri Tanrı sarayında Min zikri var yerə enmir. * * * Balaları ondan kənar Bir oğlu var dada yetən. Vətən üçün canı yanar Mənim anam, ana Vətən!
BU DÜNYA İnsanıq dünyaya adsız gəlirik Sən kimsən, nəçisən xəbərin olmur. Ad alıb, böyüyüb hey yüksəlirik Köçürük, adımız, sanımız qalmır. * * * Bu dünya çeynəyir başsız bütləri Bu dünya boy verir şərəfsizlərə. Yal verir, hürdürür zalım itləri Dil verir, ruh verir tərəfsizlərə. * * * Heç zaman ayırmır yaxşını pisdən Ürəyi genişdir, qəlbi genişdir. İncitməz, inciməz heç vaxt heç kəsdən Gülüb yola salmaq sevdiyi işdir. * * * Bu dünya məzardı ölü canlara Sənə əbədilik fürsəti verməz. Danılmaz şahiddir nahaq qanlara Susar! Günahı yox! Günaha girməz! * * * Hər kəsə qol açar, hər kəsə qucaq Bəsləyər qoynunda ölənə qədər. Bu dünya hamıya doğmadır, ancaq Kimiyə ruh verər, kimiyə kədər.
KÖNLÜM Könlüm evi işıq saçar Ürək sözlə barışanda. Təbim sanki tər gül açar Başım sözə qarışanda. * * * Sözdü ruhumun açarı Ruhuma gedən yaxın yol. Qoy ruhum sevinsin barı Ürəyim, ona kömək ol! * * * Duyğularım pərvazlanar Söz ruhumu oyadanda. Könlüm duyar, hey nazlanar Söz dünyama qayıdanda. * * * Sözsüz həyat bir lal sükut Səs səmirsiz çölə bənzər. Qulaq batar, tamam sakit Qıfıllanmış dilə bənzər. * * * Söz dəlisi, söz acıyam Söz dərdimə məlhəm olur. Şirin sözün möhtacıyam Duyammıram hey kəm olur. * * * Söz oyadar lal dilləri Sözlə gözdən yaş tökülər. Söz titrədər könülləri Göz kor edər, qaş tökülər. * * * Söz acıdı, söz şirindi Gah incidər, sevindirər. Məna yükü çox dərindi Gah qaldırar, gah endirər. * * * Sözdə qəzəb, xof, kin, nifrət Həm təravət həm dad olur. Təkcə həsrət nisgil olmur Yüz çağırış, fəryad olur. * * * Sözü udmaq, yemək olmur Pərçim olur boğur səni. Sözə dayan demək olmur Can boğaza yığır səni. * * * Sözün yükü ağır olur Toparlamaq, bükmək olmur. Kürəklərin yağır olur Söz yükünü çəkmək olmur!
ARZULARIM Körpə, kövrək arzularım Boy atmadı, həmən söndü. Topa topa bu nisgillər Ürəyimdə dərdə döndü. * * * Ha çalışdım yola verim Ki azalsın dərdi-sərim. Ona qalsa mənim yerim Dərdə sarı, dərdə yöndü. * * * Taleyimi fələk yazar, Heç etmərəm giley, güzar Məni yeyən bu dərd, azar Saçlarımda dümağ dəndi. * * * Dünya şəndi qalanlara, Dərdsiz, qəmsiz olanlara, Asan ruzi bulanlara, Sevinc birsə, əzab mindi. * * * Gecə, gündüz hey çalışdım, Öz odumdan mən alışdım, Yıxıldım, durdum, dolaşdım, Sanki dövrəm duman çəndi. * * * Xəyallarım göydən enməz, Günahlarım susar, dinməz, Qaynar eşqim bir an sönməz, Qibləgahım bu Vətəndi!
YOXDUR Verilən ömürə inamım yoxdur Sabahın işini yaradan bilir. Bu gündən sabaha gümanım yoxdur Nə gəlir başıma sonradan gəlir. * * * Var olan nə varsa qismətdə olur İnsanın qisməti Tanrıya bəlli. Bu dünya dəyişir, boşalır ,dolur Görmədim yapışan ondan beşəlli. * * * İstəklər, arzular çoxdu həyatda Ömrü uzatmağa varmı qüdrətin?! Çox şeyi görürük gözlə üst qatda Alt qatda nə olur anlamaq çətin. * * * Taleyi, qədəri poza bilmərik Tanrı qarşısında qolumuz bağlı. Yenidən bəxt, tale yaza bilmərik Hər zülmə tabeyik biz insan oğlu. * * * Bu dünya mehriban anaya bənzər Heç kəsin könlünə, qəlbinə dəyməz. Bəzəkli, düzəkli sonaya bənzər Baxanda cəlb edər, kimsəni öyməz!
QADIN Qadın ruha yaraşıq Ömrümüzün yarısı. Sevgisiylə qarışıq Həm xanımı, qarısı. * * * O, dünya yaranandan Sevgi dolu sonadır. Biz asılıyıq ondan Çünki qadın Anadır. * * * Qadın həyatın gözü Aldığımız nəfəsdir. Həm söhbəti həm sözü Sevgiylə dolu kəsdir. * * * Bu dünya gül qoxuyar Ətir saçar onunla. Sevgiylə can toxuyar Qürur duyar bununla. * * * Qadın övlad anası Hamımızın canıdır. Bütün bəşəriyyətin Üzüdür, ad sanıdır. * * * Başımızın tacıdır Həyası, ismətiylə Qadın ana, bacıdır Gözəldir qismətiylə. * * * O, dünyanın bəzəyi İnsanlığın yaşıdır. Sevgimizin özəyi Onun məhək daşıdır.
ƏZİZİM Sən ki, cavanlığın yaraşığıydın, İşıqlı günlərin gur işığıydın. Alnından Ay doğan haqq aşığıydın, Çoxalıb alnında qırış, əzizim. * * * Hayana çağırır içindəki səs, Hayandan danışır çəkdiyin nəfəs. Ölməyə tələsmə, qalmağa tələs, Sellərə, sulara qarış, əzizim. * * * Bir gün ağ geyəcək qaralar geyən, İnsandı yedirdən, torpaqdı yeyən. Bir gün ölüm olsa qapını döyən, Barış taleyinlə, barış, əzizim.