Gözəlliyə baxanda Gözəlliyə baxanda yorğun gözüm dincəlir, Ürəyimə güc, qüvvət, dizimə təpər gəlir. Qalxır ərşi-əlaya, ruhum göyə yüksəlir, Bu vurğunluq tanrıya can almağımdı mənim. * * * Mənzilə çatdırmadı yollarımın kəcliyi, Vədəsiz yola saldım rahatlığı, dincliyi, Bu gün anmaq sevgidən yanıq qalan gəncliyi, Ürəyimi yer-yerdən qanatmağımdı mənim. * * * İndi peşman, pəjmürdə öz qəlbini dinləmək, Bu sozalan yaddaşı təzələmək, çinləmək. Odu sönən illəri təzədən yelpikləmək, Uyumuş duyğuları oyatmağımdı mənim. * * * Gözümün vərdişidi bulaqtək duru axmaq, Qəlbi içdən közləmək, ruhu yandırıb yaxmaq. Yaşımın bu çağında gözəl qız sənə baxmaq, Yanar lalə üstünə qar atmağımdı mənim. * * * Sürəklərdə teylənib ovdan aralı qalan, Ocağı öləziyən, gülü saralı qalan. Nə yarada bilər ki, yardan yaralı qalan, Bu andığım ğrılar yaratmağımdı mənim.
ÜRƏYİM Sevgi uma-uma daşa yamandı, Taleyi, iqbalı daşlı ürəyim. Döndü bir ümmana, çağladı, coşdu, Kükrədi, köpürdü, daşdı ürəyim. * * * Göz açdığım gündən sevgiyə çəkdi, Bu boyda ağrını o niyə çəkdi?! Məni toya çəkdi, şənliyə çəkdi, Bircə yol gülmədi yaslı ürəyim. * * * Əyri cığırlarda vaxtı yubatdı, Nə mənzilə yetdi, nə kama çatdı. Gecəni əritdi gündüzə qatdı O qançır gözləri yaşlı ürəyim. * * * Yaralı bir quşdu qəfəs sinədə, Baxmır saçlarıma düşən dənə də. Kövrək bir buluda dönüb yenə də Payızlı, çiskinli, qışlı ürəyim. * * * Ilahi bir gözəl durur qarşımda, Təzə bir sevdanın odu başımda… Anamı ağladır əlli yaşımda Mənim bu on yeddi yaşlı ürəyim!!!
SƏN… Sən taleyin bəxş etdiyi töhfəsən, Bir təkrarsız, bir ilahi lövhəsən. Şairini aparanda məhvə sən İnsafı da, mürvəti də unut get Üzündə ay, saçlarında bulud get. * * * Nə şumalsan, rəndədənmi çıxmısan, Allahdanmı, bəndədənmi çıxmısan? Aymı, günmü yoxsa sənmi çıxmısan? Dünya belə yaraşığı görməyib, Üzündəki bu işığı görməyib. * * * Səni gördüm huşum çıxdı başımdan, Bir qərinə yaşım çıxdı yaşımdan. Alov qalxdı torpağımdan, daşımdan, Közlənərsən, alışarsan çıxıb get, Mən fağırı birdəfəlik yıxıb get. * * * Mən üzülsəm möcüzədən, sehirdən Sənin kimi tanrı yazan şeirdən, Əzrail da gəlib çıxar böyürdən. Varağından qaralayar adımı, Gözlərimdə kül eləyər odumu. * * * Musa, bəlkə sözün çatdı hədəfə, İnci düzdün, ürək üzən sədəfə Nişangahda əlin əsir hər dəfə, Ömrün boyu vurammırsan onluğu, Sona qədər izləmirsən sonluğu!
GÖYÇƏM Otuz ildi yad əlində, Olmusan sən əsir, Göyçəm! Yol görünmür sənə sarı, Bu nə tilsim, nə sirr Göyçəm? * * * O çəməndən, gülşəndən biz, O nərgizdən, süsəndən biz, Səndən ayrı düşəndən biz, Olduq yetim-yesir, Göyçəm. * * * Qəlbimizdə qalıb izi, Sinəmizə salıb izi. Otuz ildi həsrət bizi, Qılınc olub kəsir, Göyçəm. * * * Ah çəkirik yaramızdan, Ölən çoxdu sıramızdan, Otuz ildi, aramızdan, Soyuq yellər əsir Göyçəm. * * * Vüsal daha yalan olub, Həsrət bizə qalan olub. Dağıdılıb, talan olub, Biz ucaldan qəsr, Göyçəm. Olmusan sən əsir, Göyçəm!
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” şeirlər kitabı işıq üzü görüb. Kitab Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin xətti ilə çap olunub.
Şeirlər toplusunun redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Ədəbiyyat İnstitutunun əməkdaşı İbrahim Yusifoğlu, “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri filologiya elmləri doktoru, professor Akif İmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlıdır.
Kitab Azərbaycan musiqisinin qüdrətli sənətkarı, xalq mahnılarımızın və muğamlarımızın bənzərsiz ifaçısı Xan Şuşinskinin “Şuşanın dağları başı dumanlı…” misraları ilə başlayan məşhur mahnısının, zəfər salnaməmizin zirvəsini təşkil edən, mədəniyyət və gözəllik beşiyi Şuşanın işğaldan azad olunması və erməni vandalizmi üzərində tarixi qələbəmizin şərəfinə belə adlandırılıb.
Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusunda qələmə aldığı şeirlərini iki mərhələyə bölmək olar. Əgər Birinci Qarabağ savaşına aid şeirlərdə qəm, kədər, qüssə, həsrət kimi həzin, kövrək hiss və duyğular aparıcıdırsa, İkinci Qarabağ savaşında isə bu hüznlü notlar qəhrəmanlıq, cəsurluq, mərdlik, düşmənə meydan oxumaq kimi mənəvi ucalığa, qalibiyyətə, azadlığa çağırış harayı ilə əvəz olunur və onun əbədiliyinə nikbin bir inam hissləri ifadə edilir.
“Ali Baş Komandanım”, “Qarabağ Azərbaycandır”, “Qələbə ətirli Qarabağdayam”, “Şəhidlər”, “Vətəndir”, “Vətənimdir”, “Azərbaycan bayrağı”, “Torpağımız alınandan”, “Vətən bayatıları”, “Cənnət Qarabağ”, “Vətənimi qorumağa”, “Əsgərə məktub”, “Zəfər marşı”, “Qarabağ haqqında esse”, “Vətən torpağımın şanı, şöhrəti, bax, şair eylədi Vüqar Əhmədi” və s. şeirlərinin hər biri məna tutumu, bədii sənətkarlıq məziyyətləri ilə diqqəti cəlb edir. Torpaqlarımız işğaldan azad olunduğu zaman şairin yazdığı bu şeirlər həm düşündürücü, həm də səfərbəredicidir.
“DƏRDİM, SEVİNCİM” (Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…) I Olmasın, olmasın sənsiz bir günüm, Ancaq qucağında uyuyaram mən. Kimə yetə bilər harayım, ünüm Əgər sən olmasan, ey ana Vətən.
Qdludur torpağın əzəldən, başdan Dağlarda qarın da qığılcım çaxar. Sənin ürəyini döyündürən qan Mənim də qəlbimdən dolanıb axar.
Fikirlər uçdumu uzağı çəkər, Görüb dərdlərini sızlasam əgər Demə uşaq kimi ağlar, kürəm mən.
II
Demə uşaq kimi ağlar, kürəm mən. Sənin çəkdiklərin tarixdə azmı. Sökülən, danılan, dağ çəkdirilən Bir ana övladı de, ağlamazmı?
Çiçəklər içində çiçəyin incə, Nəğmən nəgmələrə ilk cığır açdı. Elə bir ocağa döndü ki, Gəncə Bütöv yer üzünə nurunu saçdı.
Dildən dilə düşdü şöhrətin, adın Çoxları üstünə oynatdı atın. O gündən qaraya tutuldu günüm.
Eh, bir də həyatda deyilki yalan Pis gözə bıçaqdır qiymətli olan Eşit, Azərbaycan, başına dönüm.
III
Eşit, Azərbaycan, başına dönüm, Çiçəklər oxşayar, tikanlar dalar. Yadından çıxıbmı “Məvailər”im… Qiymətli zər kimi oğurlandılar.
Vətən yanğısıdır, Vətən yanğısı, Insan ürəyində dərdin dərini. Bəlkə də dönəndə durna sırası Oxuyur onların nəğmələrini.
Dəyişən dəyişib, qalanlar qalır, Kimi üz çevirib astarın salır. Tarixsə dəyişməz həməndir, həmən.
Pərvanə vurğundur yanarsa şamda, Bəzən qovurlanıb, sızıldasam da Sənin şöhrətinlə öyünürəm mən.
IV
Sənin şöhrətinlə öyünürəm mən Dillərdə əzbərin birmi, ikimi. Saysız övladın var dillərdə gəzən, Həsən oğlu kimi, Nizami kimi
Çoxu çiçək olub öz çəmənində Olana olan tək qiymət verən az. Qarşımda eşmirəm ocağı mən də Sənin çiçəyindən gülündən olmaz.
Düşüb şerləri hey dildən-dilə Sənin Nizaminin hikməti ilə Ilkin açmadımı dünyada bahar.
Azmı çürüyübdür qılınclar qında, Ulu əsrlərin ulu yolunda Qartal duruşun var, qartal adın var.
V
Qartal duruşun var, ulu adın var. Cır meyvə gətirməz cır deyilsə tum. Doğuldun, bələyin oldu dümağ qar Qurdu beşiyini Turan xatunun.
Qəlbinin mayası od idi deyə Oğlun da, qızın da pir bildi odu. Sənin sevincinə, yaşına yiyə, Ağsaqqal seçdilər Dədəm Qorqudu.
Başsız el-obadan əksilməz qada, Ixtiyar sahibi şah olubsa da, Sözü ötən olub ağsaqqalının.
Bir alaq kökündən göyərər mini Necə ki, görmədin Aruz kimini, Başından aşıbdır dövlətin, varın.
VI
Başından aşıbdır dövlətin, varın Var-dövlət daş-qaşdır, qızıldır məgər?! Şerin var bir bəndi fateh şahların Bütöv sərvətinə, zərinə dəyər.
Çox düşüb kəsərdən baş kəsən yaraq, Kəsərdən düşməyib sözün sətiri. Haq sözü daş-qaşdan üstün tutaraq Dahi olmadımı oğlun Xəqani.
Nə olsun çoxları özündən deyib, Həmişə başını aşağı əyib Meyvəli ağaclar, ay gözümə nur.
Keçib qanımıza qəlbindəki köz, Nahaqdan üzünə haqq dediyin söz- Dünyanın özünə çıraq olubdur.
VII
Dünyanın özünə çıraq olubdur. Bir el yolunda da çıraq yandıran. Dilindən köz alıb, dağından qürur Yoluna nur oldu Xətai balan.
Çox tapdaq olmuşdun düşmənə, yada Boynu bükülüydü açan gülün də. Həsrəti qürbətdə zoğ atdısa da Füzuli axır ki, ötdü dilində.
Doğma havasını çalmaq dəmində, Ötə bilərsə də özgə simində…. Daha gözəl ötüb öz simi tarın.
Demə ki, dərd deyil, dərdsə də azdır. Şerini özgənin dilində yazdı Sinəndə göz açan söz sərrafların.
VIII
Sinəndə göz açan söz sərrafların Vaxt olub çiçəkcə anılmayıblar. Dilləri dillərdə ötüb onların, Ancaq haqq yolunda yanılmayıblar.
Fəzlullah Nəimin iki bölünüb, Dözmüsən dərdini sən uda-uda. “Ənəlhəqq” söyləyib Allaha dönüb, Nəsimi – dərisi soyulubsa da.
Tarix canı deyib hər soyan kəsə Ancaq görmüşük ki, soyulan isə Haqqın yollarına şəfəq, nur salıb.
Onunla fəxr edib öyündüm ki, mən- Talanıb, soyulub, danılsan da sən, Çoxunun gözləri əlində qalıb.
IX
Çoxunun gözləri əlində qalıb Baxma ki, çoxları daş atıb sənə . Nadir əsərlərin azmı talanıb, Dönüb özgələrin qiymətlisinə.
Söz də tarix deyil hər yetən dana, Qarğa verə bilməz bül-bül yerini. Məgər çıxmadımı, de öz adına Bodenşted Vazehin nəğmələrini?…
Qələm dediyini deyə bilməz ox, Bu həyat yolundsa çox görünüb, çox, Talayan alçalıb, soyan alçalıb.
Elə soyulmağın dərddimi təkcə, Yox, sənə can atıb yetişmədikcə…. Çoxunu dərd alıb, fikir-qəm alıb.
X
Çoxunu dərd alıb, fikir-qəm alıb, Sən çiçək açdıqca, gətirdikcə bar. Bəzən də illərcə qonağın qalıb, Sənə quyu qazan, tor quran da var.
Yolunda keçsək də, bir, canımızdan, Uyduq neçəsinin əməllərinə. Özümüz sıyrılıb öz qınımızdan, Qırdıq özümüzü düşmən yerinə.
Qeyrət məqamında uduzmuşuq biz- Elə ki, bilinib kəramətimiz, Səni döndəriblər yola, səkiyə.
Sənin çörəyini yeyənlər ki, var, Çox məqam gözləyib, çox göz qoyublar, Qızıl qanını da sorsunlar deyə.
XI
Qızıl qanını da sorsunlar deyə Sərhədlər keçiblər, dağlar aşıblar. Zoru keçməyəndə keçib hiyləyə, Söz verib, and içib “qardaşlaşıblar”.
Eləı ki hiylənin yırtılıb qını, Əvvəl qeyrətini veriblər bada. Dartıb bədənindən şah damarını, əmzik tək əmiblər onu sonra da.
Xəncər qayıdarmı sipər yoxdusa , Övlad ürəyində təpər yoxdusa….. Ay anam, nə xeyri deyilən sözün.
Mənim də öz gücüm çatır dilimə, Ay Vətən, günahkar özünsən demə. Bil, alnın açıqdır, bil, ağdır üzün.
XII
Bil, alnın açıqdır, bil, ağdır üzün. Səndə sınmaz olan duruşa əhsən . Ay elim, ay obam, fikir ver özün, Bu dərdə sənsən ki, tab gətirmisən.
Bir de hansı qartal uça bilərdi Bircə qandıyla zirvə tənində. De, hansı torpaqda çiçək gülərdi Sənin torpağın tək darda, çətində.
Paklıq ələnibdir səndəki oda, Bir gözün həmişə ağlayıbsa da Əsrlər içində gülüb bir gözün.
Baxıb keçmişinə balan kimi mən, Üz tutub deyirəm, inan, ürəkdən Bütövdür yerişin, bütövdür sözün.
XIII
Bütövdür yerişin, bütövdür sözün Belə bir gedişi ariflər anlar. Qaranlıq uçruma bürünsələr də, Büdrəməz heç zaman bütöv olanlar.
Mən də bir övladam yuxusu sərsəm, Taleh gəncliyimlə oynadı oyun. Adına zərrəcə ləkə gətirsəm, Qoy gəlsin burnumdan çörəyin, suyun.
Özümə qənimmiş mənim bu andım…. Ömür yollarında sərtlik qazandım…. Alnımı daşlara hey döyə-döyə. Iki yad ocağa bölünməz bir ev, Ay Vətən, qəlbimdə bütövsən, bütöv, Qəlbini bölsə də Araz ikiyə.
XIV
Qəlbini bölsə də Araz ikiyə, Nəğməni bir tonda çalan tarın var. Üz tutub o taya “Şəhriyar” deyə Səsinə səs verən Bəxtiyarın var.
Bir ağac kökündən söylə bir mənə Iki özgə ağac çıxa bilərmi?! Bir çay əsrlərlə biri-birinə Söykənən dağları yıxa bilərmi?!
Açdım əllərimi qucam mən səni Tikanlı məftillər qoymur birini, Biri də halsızdır başına dönüm.
Təki hürsün itin, yansın çırağın, Təki məndən olsun gələn sorağın, Olmasın, olmasın sənsiz bir günüm.
XV
Olmasın, olmasın sənsiz bir günüm, Demə uşaq kimi ağlar, kürəm mən. Eşit, Azərbaycan, başına dönüm Sənin şöhrətinlə öyünürəm mən
Qartal duruşun var, ulu adın var. Başından aşıbdır dövlətin, varın Dünyanın özünə çıraq olubdur. Sinəndə göz açan söz sərrafların.
Çoxunun gözləri əlində qalıb Çoxunu dərd alıb, fikir-qəm alıb Qızıl qanını da sorsunlar deyə
Bil, alnın açıqdır, bil, ağdır üzün. Bütövdür yerişin, bütövdür sözün Qəlbini bölsə də Araz ikiyə…
Azərbaycan ədəbiyyatında Şərq şeir janrları ilə yanaşı, bir neçə Avropa şeir şəkillərindən də istifadə olunmuşdur. Bu janrların ədəbiyyatımıza kütləvi şəkildə ilk gəlişinin tarixi əsasən XX əsrin əvvəllərindən başlanır. XX əsrin Azərbaycan şairlərindən M.Ə.Sabir, H.Cavid, A.Şaiq kimi söz ustalarının yaradıcılığında mülli şeir formaları ilə yanaşı epiqram, epitafi, parodiya, marş, sonet kimi alınma nəzm biçimlərindən ustalıqla istifadə olunmuşdur.
***
Epiqram-qısa,maraqlı və yadda qalan satirik şeir,həcvdir.
Var aləm ara şöhrəti İslambulun,
Həddən füzun dövləti İslambulun.
Başdan ayağa gözəllərin yığnağı,
Maskov ola bilməz …. islambulun. (S.Ə.Şirvani)
***
Epitafi-qəbir daşı üərində mərhumun əxlaqi xüsusiyyətlərini ehtiva edən bir və ya bir neçə yadda qalan şeir Azər Abdulla.
Akif Mirili üçün epitafi
Uzaqlardan, Mirilərdən gəlmişdi,
Bu dünyada yaxşılığı yaymağa.
Yüz elədi, min elədi, bəlkə çox,
Oğul gərək sonalayıb saymağa.
Azərbaycan oxucularına bu janrlarda yazılmış şeirlərin təqdimatı ən çox milli mətbuat və rus dili dərslikləri vasitəsilə daxil olmuşdur. Onu da deməliyik ki, bu janlara aid Şərq ədəbiyyatından gəlmə nümunələr də var. Azərbaycan ədəbiyyatında onet janrından söz düşəndə Abdulla Şaiqin yazdığı bir sonet yada düşür. Bu sonet “Məktəb məcmuəsi” dərgisinin yeganə nömrəsində (“Məktəb məcmuəsi” dərgisi,1925, N1, səhifə 3 – redaktoru milliyyətcə başqırd olan Şərif Manatovdur. Ş.Manatov -görkəmli partia işçisi, ADPİ-nun rektoru,Xalq Maarif Komissarlıının şöbə müdiri idi). Azərbaycan ədəbiyyatında H.Cavid, C.Cabbarlı, M.Müşfiq və digər şairlər yaxşı sonet yazmağa cəhd göstərmişlər. Sonet ən çox Avropa ölkələrində yayılmışdır. Həcmi 4 bənd olur, birinci və ikinci bəndlərinin hərəsində dörd misra olur. Şeirin sonrakı 2 bəndinin hərəsi 3 misra olur. Qafiyələnməsində müxtəliflik var. Yaranma məkanına və qafiyələnməsinə görə sonetin bir neçə növü var.
Fransız soneti
***
abba abba cdd dd
абба+абба+ввг+дгд
абаб+абаб+ввг+ддг.
абба+абба+ввг+ддг.
İtaliya soneti
***
abab abab sds dsd;
Şekspr soneti
***
abab sdsd efef gg
Dünyada sonet yazan çox olmuşdur: Halyada Yakopo, Padon Antonin, Vilyam Şekspir və başqaları. Abdulla Şaiqin “Centlmen bir xanəndəyə” sərlövhəli soneti fransız soneti növünə aiddir. Qafiyələnməsi abba abba add dda kimidir.
Nədir, nədir o gözəl səsdə titrəyən fəryad
Ki, hər təranəsi ruhumda bir fəğan oyatır?…
O hıçkırıklar , aman kimdən istəyir imdad
Ki, qəlbimin içini hər zaman qanatır..
***
Niçin, niçin dodağından uçan fəğanlardan
İçimdə dalğalanır pək acıqlı duyğu,kədər?..
Niçin, niçin o səni inlətən amanlardan
Önümdə canlanur bir yəğin səfil yüzlər?..
***
Niçin, niçin bu səfil fəğanlar “aman”lar həp anlat,
Zavallı xəlqimizin əksi dərd – ü matəmimi?..
O inlətən səni də ruhimi ya qan ğəmimi?..
***
Unut o keçmişi hayqırma bitsin əfğanlar,
Bir az da gurlasın artıq səsində üsyanlar,
Bir az da nəğmənə qüvvət, bir az da atəş qat!
Uzun müddət Abdulla Şaiqin bu sonetinin kimə həsr edildiyi bilinmirdi. Sonetin ilk dəfə çap olunduğu jurnalda da bu barədə heç nə göstərilməməmişdir. Sonrakı tədqiqattlardan centlmen müğənninin kim olduğu müəyyən edilmişdir. Sən demə, centlmen müğənni Avropanın vokal sənət beşiyində oxuyan Bülbül- Murtuza Məmmədov imiş. Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər.Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Abdulla Şaiqin “Centlmen bir xanəndəyə” soneti bu vaxtlarda,təxminən 1924-cü ilin payızında yazılmışdır. Məzkur -haqqında danışılan sonetin yazılma tarixi üçün əhəmiyyətini nəzərə alıb, Bülbül haqqında məqsəddən xali olmadığı üçün bir bir neçə söz söyləməyi də vacib hesab edirik.Bu, onun musiqi dünyası və centlmenliyi haqqında oxucuya müəyyən məlumatları çatdıra bilər.
Bülbül fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında oynamışdır. Bübül 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasındadərs deməyə başlamışdır.
1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılmışdır. Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənması ilə məşqul olmuşdu. Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranmışdı. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.
1937-ci ildə Moskvada Bülbülün təşəbbüsü ilə Ümumittifaq vokal konfransı keçirildi. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış etmişdir.
Bülbül aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır. Bülbül 1938-1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin müəllifidir.Bülbül Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. Bülbül parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçırılməsinin təşəbbüskarıdır.Bülbül 1940-cı ildə Moskvada çağırılmış Ümumittifaq vokal konfrasında maraqlı məruzə ilə çıxış etmiş və bir sıra mühüm məsələlər irəli sürmüşdür: “Vokal kafedrasında elmi tədqiqat və elmi-metodiki iş aparmağın zəruriliyi, milli müğənnilərin hazırlanması, bütün qardaş respublikalarda Ümumittifaq Teatr Cəmiyyəti şöbələrinin təşkili, SSRİ xalqları yaradıcılığının öyrənilməsi üzrə Mərkəzi İnstitutun yaradılması”.
1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.
1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti idi.
26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Birinci Fəxri Xiyabandadır.
Bu gün “Azərkitab”da tanınmış şair, yazar Kamalə Abiyevanın Şuşa ilinə həsr olunmuş “Torpaq” və “41” adlı kitablarının təqdimatı keçirilib.
Tədbirdə qazilər, şəhid ailələri, millət vəkilləri, oxucular, tanınmış mədəniyyət adamları iştirak edib. Hər iki kitab Qarabağ şəhidlərinə həsr olunub.
Gənc yazıçı Mövlud Mövludun əziz xatirəsinə ithafən…
Bilirsən, Mövlud, Bu insanlar ki var, pafosla danışıb, bir qəpiyə dəyməyən, qarışqa mənəviyyatlı olanları deyirəm, onlar ən qatı cinayətkardırlar… Elədiklərinin fərqinə varmasalar, zaman keçdikcə, həyatın oyuncağına çevriləcəklər … Qısılacaqlar bivecliklərinə, guya fərqlilik axtaracaqlar… Gedəcəklər… Lakin Tanrı çox az insana, fərqli ruh verib … Hansı ki, o həssadı, O, başından dırnağına kimi sadiqlikdən yaranıb… O, vicdanlıdı, O, yeni fincan görəndə belə, 20illik qulpu sınıq fincanını atmır! Elə sənin kimi… Bizlər kimi… Bu dəmdə, sənin 17-ci mərtəbən düşür yadıma… Məhəbbətdən yetim qalan sən, Yerlə göyün arasında, necə hərəkətsiz qaldın axı… Sən cəsarətlisən! Onlar isə qorxaqdı! Qorxaqlar! Hisslərini itirib, məhrumdular hər şeydən… Acdılar mərhəmətə! Bilmirlər ki, fədakarlıq nədir! Bilmirlər ki, körpən böyüyəndə Ona səndən nə danışsınlar!
Mövlud…Mövlud..Mövlud… Nə çox oxşayırmışıq biz… Qorxuram ki, sonumuz da eyni ola… Sadəcə başqa versiyalarda… Bilməyəcəklər nələr çəkdiyimizi Qınayacaqlar, qorxdu deyəcəklər.. Halbuki məlum olmayacaq, hansı cəsarətlə ölümün üstünə getdiyimiz… Danışacaqlar… Danışacaqlar … Və susacaqlar…
Əzizim, Mövlud Çətin də olsa vərdiş etməliyik, Gələnlər dəyişilər… Əvvəl cüzi yalanlar, Sonra başqaları, fərqli mühit Və dizlərini qucaqlayan Bu dünyanın kimsəsizi”Sən”! Qəbullanmalıyıq, əzizim Ya elə ,ya da belə Gələn mütləq getməlidir… Torpaqdan yaranan biz də, Kişinin qabırğasından yaranan, Ruhu milyon ilə bərabər Heç getməyəcəm deyən qadın -elə mən də, Cırtdanından tutmuş, Div’inə qədər Pisindən yaxşısına, Varlısından kasıbına qədər… Kirpiyindən tökülən , Yanağında itən damlan kimi Əriyib, itib, səssiz gedəcəyik… Gedənləri qınama, mənim ruhum Elə hamımız getmək üçün gəlmişik…
12.04.2019.
Bu dünyada sipər olduq, Kədər nədir bilər olduq. Özümüzdən keçər olduq, Əzizimizin gül xətrinə.
Qiyamət deyib sus qalmışıq, O dünyaya səs salmışıq. Köç edənlərə darıxmışıq, Yamanların dad əlindən.
Saçlarımız üsyan edir, Bir-bir düşüb gözdən itir. Ömür belə gəlib keçir, Qalmışıq elə tən yarıda.
Dünya başdan yalandı, Özünü çoxdan danandı. Axı bu mirət kimə qalandı?! Süleymanı tək apardı axırda.
Bu dünyada əhdə vəfa hardadır?! Adəm oğlu yenə dərdə bulandı. Yara deyin, əğyar yaman dardadır, Vay o gündən aşiq gəlib çıxmasın.
Yaralarımı can dediyim sarmadı, Çoxları da sözün üstə durmadı. Beyin getdi, qəm də məni yormadı, Belə yorulmağa dəyməz həyatda.
Dost dediyim yağı imiş, bilmədim, Gözüm gördü, qulaq duydu, dinmədim. Bircə dəfə lap ürəkdən gülmədim, Sakit-sakit ağladanmış bu dünya…