شوکرانلیق سلام اولسون سه نه ای گؤزه ل اینسان؛ مین شوکور حاققاکی؛حاققا چاتمیسان. حه له گؤرونمه ییب؛اولسون بئله حال؛ بیر کیتاب اوخویان گؤره قئیل وقال. بوتون عورفان اهلی بو رای ده یئک دیل؛ کیتاب سایه سینده؛زه ن گین له شیر دیل. شوکور یارالدانا قیلیبدیر ایمکان؛ بئله بیر گؤروشو ائدیپ آرماغان. هر یئنی فورصه تی مه نه وئره ن ده؛ ایلکین شوکرو ثنابیتیر دیلیمده. لینده ن توتدوغون بیر ییغین کاغیذ؛ کیتاب اولاجاقدیر دیندیکجه آغیز. قوتلو یارانیشین اشرفی اینسان؛ عالی اولدوغونو خاطیرلا هر آن. آند گه ل دی قه له مه؛قه له م توتانا؛ قه فیل له ر اویانا بلکه اوتانا. وخوماق اؤیره تدی ؛یازماق اؤیره تدی؛ قوروجا تاختادان بیر دیل اوره تدی. کاغیذی موقه دده س بیلمیشیک هر واخت. اوستونده جانلی سؤزیاشاییر حیات. شوکور بو نعمه ته شوکورقیسمه ته. ایسده ره م بوپایدان هامییا یئته. شوکوریارالدانا نئچه کی ساغام؛ اونون ساراییندا سیزه قوناغام. مه ن یازیم بولاقلارسوزولسون گؤله؛ میرواری کلمه له ر دوزولسون دیله. مین شوکورحاققا کی دیل وئریب بیزه؛ سیزین له گؤروشه یول وئریب بیزه…
BİR MİSRA DƏNİZ Bir misra dənizdir mənim ürəyim, Ömrüm bu dənizdə tənha bir qayıq. Oxu ləpirləri sahil boyunca, Bir mənəm,bir sənsən,bir də ayrılıq. * * * Bir misra dənizdir mənim ürəyim, Suları isladıb alın yazımı. Allah,yarıtmadı bu ümid məni, İndi qoy ayrılıq çəksin nazımı. * * * Bir misra dənizdir mənim ürəyim, Bəxtim,bu sahildə bir şəklini çək. Qağayı səsinə səp öz səsini, Bütün ayrılıqlar uçub gedəcək. * * * Bir misra dənizdir mənim ürəyim, Allah,bu dənizdə xoşdur bogulmaq. Ayrı bir ləzzətdir,ayrı bir daddır, Hər gün ölüb getmək,hər gün doğulmaq.
MƏKTUB Allah,sənə yazdığım bu məktubu, Hansı mələk yolda salıb görəsən? Özün söylə indi harda durum ki, Bircə dəfə əhvalımı görəsən? * * * Üz gözündə son ümidin ahı var, Yanağımda yarpaqlayan payızın. Bir mələyin dodağından yıxılan, O təbəssüm könlün açmaz bu qızın. * * * Bu unutqan adamların içində, Mən ki,səni unutmadım,ilahi. Bəxt yazdığın o dəftərin içindən, İtkin düşüb mənim adım,ilahi. * * * Bəyaz-bəyaz varaqlarla bu axşam, Qurban olum,yenə səndən danışdım. Şair qəlbi ərköyündür,bilirsən Bağışla ki,işlərinə qarışdım.
SEVDALI ÜRƏK Ulduzlar sönən kimi, Sözlər həmən sayrışır. Arzudan,həm şeirdən, Həm sevgidən danışır. * * * Çağırır,aparır yol, Yarır zülmət gecəni. Tənhalıq bürüyübdü, O yaşayan küçəni. * * * Sanki tanış deyilik, Dünən ayrılsaq da biz. İlk görüşdə olan tək, Titrəyir hey səsimiz. * * * Sozalıbdı həniri, Sevirəm sözünün də. Buz nəfəsli ayrılıq Dayanıb söz önündə. * * * Qızıl günəş eşq ilə, Yer üzünü öpən tək. Bax beləcə öpüşür, İki sevdalı ürək.
KƏLBƏCƏR Yolları bürüyüb vüsal qoxusu, Gəldim görüşünə,salam,Kəlbəcər. Sinəmdə misralar coşub çağlayır, Bəs niyə bu qədər lalam,Kəlbəcər?! * * * Ötən xatirələr necə də sərin, Arzumu,şövqümü yollara sərin. Zəfər ətirlidir gələn səhərin, Bu payız yenilməz qalam,Kəlbəcər. * * * Dağlara baxıram alışır könül, Torpaqla,ağacla danışır könül. Neçə dərə keçib,dağ aşır könül, Bulaqların şirin laylam,Kəlbəcər. * * * Əhsən, ər oğluna, ərən oğluna Basdın qədəmini zəfər yoluna. Bu payız qoy bir az girim qoluna, Sirdaşım, qardaşım,balam,Kəlbəcər!
HƏR GECƏ Sənsiz çətin ömrüm sevgi qoxuya, Könlüm əsir düşüb bu lal qorxuya. Həsrətin bir misra verib yuxuya, Hər gecə gələrəm yuxularına. * * * Qurudub gözümün yağışlarını, Ovudub alnımın qırışlarını. Söküb ayrılığın naxışlarını, Hər gecə gələrəm yuxularına. * * * Bir ovuc ümidi səpib ağrıma, Könlümə deyrəm:-daha ağrıma. Sənli arzuları basıb bağrıma, Hər gecə gələrəm yuxularına. * * * Ovcunda saxlayıb göy ahlarımı, Bir gün qurudacaq gün ahlarımı. Yollara döşəyib günahlarımı, Hər gecə gələrəm yuxularına.
GÜNAH NAĞILI Gözlərinin gözlərimə yazdığı, O məktubun gözlərindən gen düşək. Duyğuların əlifbası gizlidir, Gəl bu gizli əlifbada görüşək. * * * Al ovcuna əllərimi şeirtək, Xatirələr heca-heca oxunsun. Sevgi-sevgi çiçəkləyən dodaqlar, Bir meh kimi yanağıma toxunsun. * * * Əl eyləyək ötüb gedən anlara, Çıxarmasın bu sevgini yadından. Bircə misra məktub yazaq Allaha, Bu bir anlıq xoşbəxtliyin adından. * * * Günahına qurban olum ay Allah, Bu günahım oğurlayıb ağılı. Bələnibdir taleyimin ətrinə, Sevgi dolu bu günahın nağılı.
SƏN AXI HARDAN ÇIXDIN Yenə də qarşılaşdıq, bu hiss mənə tanışdı, Unudulmuş keçmişim dilə gəldi, danışdı. Xatirələr canlandı, sanki gözüm acışdı, Gözümdən bir damcı yaş düşdü yanağıma, San axı hardan çıxdın bir daha qabağıma? * * * Kədər dolu qəlbimi unutmuşdun nə yaxşı? Çox çalışıb mən səni unutmuşdum, nə yaxşı, Neçə il keçdi üstdən xatırlamırdım daha, Nə üçün sən od vurdun xatirə qalağıma? Sən axı hardan çıxdın, bir daha qabağıma?
SEVGİLİM Həsrət tilsimini qıraq, sevgilim, Gəl bir-birimizin olaq, sevgilim. Yolları al-əlvan boyayaq yenə, Vüsal şərbətindən dadaq, sevgilim. * * * Gəl çiyin-çiyinə hər gün dərdləşək, Gəl biz ömrümüzü birgə bölüşək. Gəl yenə danışaq ötən günlərdən, Gəl yenə sevgilim, yenə görüşək. * * * Ayrılıq alovun söndürək indi, Bil ki, bütün sevgim ancaq sənindi. Gəl xoşbəxt yaşayaq bu gündən belə, Bil ki, varım-yoxum sənə aiddi. * * * Gəl artıq, geriyə dönək, sevgilim, Gəl hər dərdimizi bölək, sevgilim. Əcəl vaxtı çatıbsa artıq bu gün, Gəl biz eyni anda ölək, sevgilim. * * * Mən səni sevirəm, dünyalar qədər, Əziyyət çəkirəm, çəkdiyim hədər. Taleyim qəm dolu, qismətim kədər, Daha buralardan gedək, sevgilim. * * * Ömrümü, günümü sənə vermişəm, Mən sənsiz ağlayıb, sənlə gülmüşəm. Dünyanın sevgisin səndə görmüşəm, Gəl sən də sev məni, belə sevgilim. * * * Gəl unutma məni bir ömür, gülüm, Yaralıdır qəlbim, dərdlidir könlüm. Uzaqdan da olsa gəlib gör məni, Nə olar sevgilim, unutma məni. * * * Mənim gözlərimdə dünya yaranar, Sevgi dünyasında sevən də olar. Mən səni sevirəm özümdən də çox, Sənə olan sevgim daim çoxalar.
MƏN SEVİRƏM, SƏNƏ NƏ? Baxışın aldı məni özümdən belə, Dönmərəm mən artıq sözümdən belə. Sənə çox baxaram bu gündən belə, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Dönüş yoxdu bu sevgidə aldandıq, Bu sevgi yolunda birlikdə yandıq. Bu bir yuxu idi, indi oyandıq, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Mən yanaram, sənin sevgin odunda, Daha tab gətirmir yanan odun da, Yanıram elə-hey sevgi yolunda, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * İzin versən görüşərdik bir daha, Fikir vermə çəkilən dərdli aha, Yalvarıram sənə batma günaha Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Gəl görüşək gözlər gülsün bir daha, Səni görüm, yalvarıram Allaha Mən ucuz sevgini alaram baha, Sən almırsan, mən alıram, sənə nə? * * * Mən gedirəm gülüm, qalma nigaran, Bil yanımda nə atam var, nə anam, Sənsiz keçən hər anıma yanaram, Sən yanmırsan mən yanıram sənə nə? * * * Qurunun oduna yaş da yanar, Sevən könül eşqsiz qalsa dayanar. Ürəyimdə sevgi hissi oyanar, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Həyat məni nə yaman aldadıbdı, Başım daşdan-daşa yaman dəyibdi. Ürək bir baxışçün yaman yanıbdı, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Məni ürəyindən çıxarsan da, bil, Daima sev gülüm, daima sevil. Amma ürəyində qalacaq nisgil, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Bilirəm ki, məhəbbəti satmısan, İndi artıq muradına çatmısan. Məni həsrət dəryasına atmısan, Sən sevmirsən, mən sevirəm, sənə nə?
BU MƏHƏBBƏTİM Deyirdin cavanam, xoş yaşayacam, Sevəcəm, sevərək xoşbəxt olacam, Mən nə biləydim ki, vaxtsız solacam, Çox tez qocalacaq bu məhəbbətim. * * * Həyatdan heç zaman zövq almamışam, Hələ çox gəncəm mən qocalmamışam, Sevmişəm, arzuma mən çatmamışam, Çox tez qocalacaq bu məhəbbətim. * * * Daha sevmərəm mən bu gündən sonra, Artıq çarə yoxdu, yaşananlara, Bilirəm, səbəbsiz yerə olsa da, Çox tez qocalacaq bu məhəbbətim. * * * Bir güzgüyə baxdım, bir də özümə, Bir an heyfisləndim bu gəncliyimə. Mən böyük sevgini tapmadım hələ, Çox tez qocalacaq bu məhəbbətim. * * * Kimlərsə unutdu öz keçmişini, Mənim unudası yoxdu keçmişim. Kimlərsə unutdu öz sevgisini Çox tez qocalacaq bu məhəbbətim. * * * Hərənin öz dərdi özünə yetər, Mənimsə bu dərdim dərddən də betər, Sevgi də, gənclik də, ömür də bitər, Çox tez qocalacaq bu məhəbbətim. * * * Yaş ötür… cavanlıq illərim gedir, İlahi, bu nədir? Bu necə dərddir? Hələ bu sevgidən pay götürmədim, Çox tez qocalacaq bu məhəbbətim.
GÖRÜNMÜR Məni mənlə tənha qoyub gedirsən, Məni indi atıb yenə gedirsən. Səni sevdiyimi bilib gedirsən, İndi sənin izin belə görünmür. * * * Səni sevdiyimi dedim mən sənə, Gedirsən, deyirəm “geri dönsənə”. Son dəfə üzümə baxıb gülsənə, İndi daha üzün belə görünmür. * * * Sevəndə vəfasız olma dedim mən, Heyif səni dəli kimi sevdim mən. Sən sevgimə layiq belə deyilsən, İndi sənin yerin belə görünmür. * * * Məni özümlə tənha buraxmısan, Məni yandırmısan, yaman yaxmısan. Tikdiyim sevda qalasın yıxmısan, İndi uçan parça belə görünmür. * * * Məni unutmaq çətindi, bilirsən, Bilirəm ki, sən də məni sevirsən. Sən nəfsinə qalib gələ bilirsən? İndi sənin nəfsin belə görünmür. * * * Yadındamı, verirdik biz baş-başa, Ayağımız dəydi indi bir daşa. Tanrı bizi yaratmışdı bir, qoşa, İndi bizdən əsər belə görünmür. * * * Nə sən varsan, nə mən varam, nə sevgi, Bizim sevgi olub indi bir itgi. Sanki sevmək çox böyük bir vergidi, Bu vergidə dilək belə görünmür. * * * Sən unutdun, canım deyib ayrıldın, Sanki bir yuxudu, indi oyandın. Sən aldatdın, mən də sənə inandım, İndi sevən ürək belə görünmür.
DE NƏDİR? Səni məndən ayıran, uzaq salan, Yerlə göy qədər məsafədirmi? Söylə bu günahı kimdə görüm mən? İldirmi, aydırmı, qərinədirmi?
QƏLBİNİ KƏDƏRİM, QƏMİM DAĞIDAR Məndən ayrılmısan, çox da sevinmə, Qəlbində həsrətin ocağın tikmə. Bağında sevginin ağacın əkmə, Qəlbini kədərim, qəmim dağıdar. * * * Mənəm-mənəm deyib döşünə döymə, Nə olar könlümün budağın əymə. Mən səni söysəm də, sən məni söymə, Qəlbini kədərim, qəmim dağıdar. * * * Ayağın büdrəyər, belin bükülər, Ayrılaq deyəndə dilin tökülər, Sevgi ucbatından qürur əyilər, Qəlbini kədərim, qəmim dağıdar. * * * Ağlayıb yanarsan, mənsiz qalarsan, Məni axtararsan, məni sorarsan. Ağlına əbədi bir şey yazarsan, Qəlbini kədərim, qəmim dağıdar. * * * Sən məni itirdin öz həyatından, Nə olar, əbədi çıx xəyalımdan, Bir ömür, əbədi çıxsam yadından, Qəlbini kədərim, qəmim dağıdar.
ÜSTÜNDƏYƏM MƏN Bu gün qəribə bir yuxu görmüşəm, Sanki bir nərdivan üstündəyəm mən. Nə göydə, nə yerdə, nə asimanda, Əcəl köhləninin üstündəyəm mən. * * * Görürəm daşlar da dilə gəlibdir, Dərdimi dünyadan başqa kim bilir? Dilim dayanmadan dualar edir, Əcəl köhləninin üstündəyəm mən. * * * Görürəm hamıyla sağollaşıram, Hamıyla əl verib qucaqlaşıram. Anamla, atamla halallaşıram, Əcəl köhləninin üstündəyəm mən. * * * Dostlarla əbədi vidalaşıram, Dünyayla əbədi sağollaşıram. Zəncirtək köhlənə çox dolaşıram, Əcəl köhləninin üstündəyəm mən. * * * Sevgimi birində qoyub gedirəm, Yaramı dərində qoyub gedirəm. Dünyadan biryolluq doyub gedirəm, Əcəl köhləninin üstündəyəm mən. * * * Əlvida hər şeyim, ey varım, yoxum, Əlvida kamanım, əlvida oxum. Sən idin dünyada şipşirin yuxum, Əcəl köhləninin üstündəyəm mən. * * * Sanki dodaqların gülüş görməyib, Ey ləbi dodağı gülüş görməyən. Bil ki, mən ölsəm də ruhum ölməyib, Əcəl köhləninin üstündəyəm mən.
DE NİYƏ? Nə oldu ki, ayrılırıq biz indi? Ağlamağa tab gətirmir göz indi. Danış bilim, de mənə bir söz indi, Aramızdan yel də əsmir de niyə? * * * Ayrılırıq, dözə bilmirəm buna, Sevgimi sən indi yetirdin sona Qəlbimi vermərəm yad bir oğlana Aramızdan yel də əsmir de niyə? * * * Qəlbim quş qəlbitək indi döyünür, Sevənlərə baxıb hər kəs öynür, Ayrılıq deyəndə qəlbim göynüyür, Aramızdan yel də əsmir de niyə? * * * Darıxdığım zaman təsəllim olmur, Ağlayıram amma gözlərim dolmur, Əllərim əlinə dəyməyib donur, Aramızdan yel də əsmir de niyə?
GEDİRƏM Yoluma bax gizli-gizli köks ötür, Ürəyində qubar bağla, gedirəm. Gəlib ürəyimi təkcə sən götür, Yasıma gələrək ağla, gedirəm. * * * Ürəyim çırpınır quş qəlbi kimi, Artıq günəş belə üşüdür məni. Xətrimə dəymisən, neynirəm səni? Yasıma gələrək ağla, gedirəm. * * * Məktubları saxla, yadigar olsun, Sevgilim deyirsən, qoy xitab olsun, Qəlbin başqasına qoy mehtab olsun, Yasıma gələrək ağla, gedirəm. * * * Başım gicəllənir, görmürəm heç nə, Yanımdan beləcə ötəri keçmə. Sevgi şərabından sən hələ içmə,. Yasıma gələrək ağla, gedirəm. * * * Yenə səni xoşbəxt görmək istərəm, Uşaq kimi coşub-çağla gedirəm, Məni heç düşünmə, amma bircə gün, Yasıma gələrək ağla, gedirəm.
SƏNİ UNUTMAQ OLMUR Rekviyem çələngi I Belə qərib-qərib ağlama, qızım, Bir az da mənimçün göz yaşı saxla. Balaca əllərin çətirim olsun, Ömrümü isladan yağışı saxla. * * * Ta uçdu könlümün arzu qoxusu, Baş qoyub sinəmə ümidim ağlar. Hər gün göz yaşımda dəstəmaz alır, Əcəl köynəyini geymiş ağrılar. * * * Dilimdə sözlərin dili quruyub, Könlü qancır olub bu sətirlərin. Yellənir bir ömrün əcəl bayrağı, Gözü doluxsunub xatirələrin. II Gözü doluxsunub xatirələrin, Qırpır kirpiyini sözlər içimdə. Könlümün ətrinə tamarzı qalan, Bir məzar yolumu gözlər içimdə. * * * Mələk göyə uçar, mənim mələyim, Niyə uçub getdin torpağa sarı?! Götür öz əlinlə öz məzarından, Könlümə bir ovuc torpağı sarı. * * * Kədər təbəssümlə baxır üzümə, Sözüm, sətir-sətir gəl, ayağa dur. Mənim pəncərəmdə üşüyən işıq, Nakam bir ananın son məktubudur. III Nakam bir ananın son məktubudur, Gözümü oxuyan payız yağışı. Əcəlin köynəkdən çıxdığı yerdə, Yağış-payız oxur, payız-yağışı. * * * Ürəyimdən keçən tənhalıq yolu, Özünə don biçib sənin səsindən. Asılıb kədərin nəm təbəssümü, Bəxtimin qırılmış pəncərəsindən. * * * İlahi, könlünü mən necə alım, Sinəmdə hönkürən qərənfillərin. Ovcunda bir layla buz bağlayıbdı, Göz yaşı qoxulu çiçək əllərin. IV Göz yaşı qoxulu çiçək əllərin, Əyninə dar gəlir sükut köynəyi. Alnımdan torpağa yıxılan yolun, Üstündə bir əlçim ümid göynəyir. * * * Ürəyim, səbrimə daha qar yağır, Götür qalan ömrü yığışdır, gedək. Üzündə xəfifcə qəm gülümsəyir, Bu qəbri mənimlə danışdır, gedək. * * * Könlü məzar-məzar hönkürən sözün, Gözündə ünvansız qəbrim islanır. “Təsəlli” sözünü külək apardı, Payızın ovcunda səbrim islanır. V Payızın ovcunda səbrim islanır, Boğazı quruyub təsəllilərin. Daha ürəyimdə ürək qalmayıb, Geysin köynəyini sənsiz illərin. * * * Nəm çəkməz bu qəbir göz yaşlarımdan, Sükutu sərmişəm başdaşın altda. Saçların torpağa qoy dağılmasın, Götür ürəyimi qoy başın altda. * * * Adın damcılayır, adın, əzizim, Yaralı sükutun qara səsindən. Ümid sahilləri görünmür daha, Yelkənsiz qayığam dərd dənizində. VI Yelkənsiz qayığam dərd dənizində, Gözümün yaşından su içir sular. Payız yarpağıtək düşür gözümdən, Əlləri qoynunda qalan arzular. * * * Geyib köynəyini “gedər-gəlməz”in, Ümid xəcalətdən üzümə baxmır. Sən mənim əlimi buraxıb getdin, Nə yaxşı həsrətin məni buraxmır. * * * Yeriyən bir damla göz yaşıyam mən, Səbrimin yarası qan verir hər gün. Sən gedən yolların dodaqlarında Könlüm sətir-sətir can verir hər gün. VII Könlüm sətir-sətir can verir hər gün, Hüsnün ləpələnir baxışlarımda. Gecələr yuxunu yuxuya verib, Gəzirəm alnımın qırışlarında. * * * İslanmış məktubdu gözümün yaşı, Xəttimi min dəfə oxuyanım, gəl. Ölümün əlləri sevgiyə çatmır, Məzarı məhəbbət qoxuyanım, gəl. * * * Ətri burda qalıb qədəmlərinin, Ahım tonqal çatıb göyün üzündə. Hər gün ürəyimi dəfn eləyirəm, Sənin ləpirində, sənin izində. VIII Sənin ləpirində, sənin izində, Mənim ağrılarım gül-çiçək açır. Asıram gecəni kirpiklərimdən, Hər səhər dərdlərin dodağı qaçır. * * * Əcəlin çiynində gedən baharım, Bir bənövşə ömrü dur, ayaq saxla. Sinəm arzuların məzar yeridir, Məni başdaşıtək bir az qucaqla. * * * Mənim gözlərimin payız günüydü, Əcəl qəfil dərdi bənövşəm – səni. Yığıb göz yaşımı ümid əvəzi, Yenə görüşünə gəlmişəm sənin. IX Yenə görüşünə gəlmişəm sənin, Gözümdə min ilin həsrət buludu. Qəlbimdə bir sətir yer qoymamısan, Barı bircə sətir səni unudum. * * * Ta ömrüm bir gündü – sənsizlik günü, Ayrılıq qolunu boynuma salıb. Söylə Əzrayıla saata baxsın, Yanına gəlməyə nə qədər qalıb. * * * Surələr yüyürür, ayələr qaçır, Solur çiçək-çiçək sonuncu güman. Səsimi isladır sükutun şehi, De, niyə dinmirsən, səbrinə qurban?! X De, niyə dinmirsən, səbrinə qurban?! Adını asmışam öz ürəyimdən. Bəyaz varaqları camalın bilib, İntihar eləyir söz ürəyimdə. * * * Üzü göyə gedən tənha cığırdı, Bu qəbrin başında dalğalanan daş. Dur, gəl əllərimlə dara saçını, Çatlamış güzgündü gözlərimdə yaş. * * * Elə sakit-sakit baxır üzümə, Bu dərdin Allahdan xəbəri yoxdur. Üstümə qar kimi yağır ayrılıq, İsin göz yaşımla, hava soyuqdur. XI İsin göz yaşımla, hava soyuqdur, Kövrəlib sözümün sehri, ovsunu. Yumdu gözlərini insaf yolları, Apardı ömrümün yar qoxusunu. * * *
Getdin, bu dünyanı çırpdın üzümə, Utandı bəxtindən bütün qapılar. Nə mənim könlümtək bir eşq yolçusu, Nə sənin hüsnündə gözəl tapılar. * * * Məhəbbət ətirli başdaşınam mən, Səsimlə-güzgülən, sözümlə-daran. ənim gözlərimin yaraşıq yeri, Əyninə geydiyin qəbrinə qurban. XII Əyninə geydiyin qəbrinə qurban, Dərdimin boynuna qolunu sal, get. Sənin saçlarında qalıb əllərim, Gəl, bu son ümidin tozunu al, get. * * * Ocaq qalamışam göz yaşlarımdan, Külümü ovcunda tutub mələklər. Hər gün gülümsəyir dağlar sinəmdə, Ətrindən danışır hər gün çiçəklər. * * * Elə qəfil əsdi əcəl küləyi, Düşüb çilikləndi bu alın yazım. Bir layla üşüyür bu məzar üstə, Belə qərib-qərib ağlama, qızım. XIII Belə qərib-qərib ağlama, qızım, Gözü doluxsunub xatirələrin. Nakam bir ananın son məktubudur, Göz yaşı qoxulu çiçək əllərin. * * * Payızın ovcunda səbrim islanır, Yelkənsiz qayığam dərd dənizində. Könlüm sətir-sətir can verir hər gün, Sənin ləpirində, sənin izində. * * * Yenə görüşünə gəlmişəm sənin, De, niyə dinmirsən, səbrinə qurban?! İsin göz yaşımla, hava soyuqdur, Əyninə geydiyin qəbrinə qurban… Müəllif: Balayar SADİQ
SİNƏMİN AĞRIYIR SƏN OLAN YERİ Məni dərd içində qoyub getmisən, Sirrini hər yana yayıb getmisən. De, bəlkə kiməsə uyub getmisən? Mənim lal həsrətim dağdan da iri – Sinəmin ağrıyır sən olan yeri! * * * Səni səsləyirəm hər addımbaşı, Niyə ətəyindən tökmədin daşı? Hələ də qurumur gözümün yaşı, Bilmirəm ölüyəm, yoxsa ki, diri – Sinəmin ağrıyır sən olan yeri! * * * İndi üzü dönmüş bəxtə nə deyim, Bu eşqi de, necə vəsf edim, öyüm? Hardasa çatdımı sənə gileyim, Bildinmi, baş alıb gedəndən bəri – Sinəmin ağrıyır sən olan yeri! * * * Qaçdın gözlərimin yuxusu kimi, Qəfildən bulandın axar su kimi. Puç oldum bir ömrün arzusu kimi, Ötüb-keçən anlar dönərmi geri – Sinəmin ağrıyır sən olan yeri!
TOXUNMA DUYĞULARIMA Geç olar ox çıxıb,gedirsə yaydan, Yüz il ömür sürsə düzəlməz nadan, Qoy yatsın oyatma şirin yuxudan, Sən canın toxunma duyğularıma.! * * * Nə olsun əhdinı,andını danıb, Məndə qalaq-qalaq izləri qalıb, Könlumü qırdığın yadıma salıb, Sən canın toxunma duyğularıma.! * * * Dönük bir sevginin olmaz əlacı, Hər şirin vusalın,sonluğu acı, Tənəli baxışı atıb qıyğacı, Sən canın toxunma duyğularıma. * * * İndi yadlar kimi kənar olmuşuq, Nəmli kipriklərdən axar olmuşuq, Bəlkə lap əzəldən elə buymuşuq, Sən canın toxunma duyğularıma.
AĞLAMA DEDİYİM AĞLATDI MƏNİ Qürbət eldə sevdim, sirdaşım oldu, Həm çiçəkli yazım, həm qışım oldu. Bəs, niyə çevrilib göz yaşım oldu, Danıb öz əhdini, unutdu məni – Ağlama dediyim, ağlatdı məni! * * * Ərşə qalxan kimi naləm-harayım, Döndü qəm-kədərə hər günüm, ayım. Qəfil əldən getdi qismətim-payım, Bilmirəm heç niyə tez atdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Axırda bildim ki, yoxmuş vəfası, Gözümdə zülmətə döndü səfası. Dağdan da ağırmış demə cəfası, Vara-dövlətəmi o, satdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Bir vaxtlar gözünün sildim yaşını, Bahara çevirdim qarlı qışını. Bəs, niyə üstümə çəkib “qoşunu”, Aldada-aldada fırlatdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Seymurun qəlbini tutmadan dilə, Neçə arzusunu çevirdi külə. Niyyəti nəyimiş, bilmirəm hələ, Dilim gəlmir deyəm, yaşatdı məni – Ağlama dediyim, ağlatdı məni! * * * Bir quru salamla xatirə oyat, Hərdən yoxuma gəl,başımı aldat, Demirəm bir yolluq qəlbindən sök ,at, Sən canın toxunma duyğularıma.
TALESİZ QADIN Halına ürəkdən yanıram sənin, Üstündən çəkilmir dumanın-çənin. Sığışmır qəlbinə dağ boyda qəmin, Döndünmü köləyə əlində yadın – Puç oldu hər anın, talesiz qadın?! * * * De, niyə bəxtindən yarımadın sən? Sevginlə bilikdə qarımadın sən. Bir körpə saçını daramadın sən, Qaldın arasında suyunan odun – Bağlandı hər yanın, talesiz qadın! * * * Zülmətdə qərq oldu arzun-diləyin, Nanə yarpağıtək əsdi ürəyin. Baş əydin hökmünə acı küləyin, Doyunca duymadın sevincin dadın – Sızladı hey canın, talesiz qadın! * * * Hər yetən gəc baxdı üzünə sənin, Elə hey qar yağdı izinə sənin. Dərd-qəm kölgə saldı gözünə sənin, Tənə yeri oldu tərsin-avandın – De, varmı ünvanın, talesiz qadın?!
ÜRƏK OĞRUSU Mən nankor sevgindən necə söz açım? Necə söhbət edim ürək dolusu.? Fikrinlə yaşarkən haraya qaçım? Söylə! Məni məndən edən ürək oğrusu.! * * * Nə unuda billəm, nədə ki, ata, Dolanıram dərdə mən bata-bata, Nə idi günahım axı dünyada? Söylə! Məni məndən edən ürək oğrusu.! * * * Əhdini danaraq andını pozan, Sözü söz eyləyib kəlməni yozan, Tərk edib getməyin bu qədər asan, Söylə ? Məni məndən edən ürək öğrusu .! * * * Sən getdin, sinəmdə sızladı qəlbim, Artdı yoxluğunda, çoxaldı dərdim Ömrümə bəs niyə gəlmişdin mənim? Söylə! Məni məndən edən ürək oğrusu! * * * Seymuru tərk etdin yol yarısında, İnləyir bitən bu eşqin yasında, Axtarım dünyanın bəs harasında? Söylə- Məni məndən edən ürək oğrusu.
GƏLMƏ Qara saçlarıma qarlar ələnmiş, Həyatın sınağı yaman çətinmiş, Qamətim bükülmüş,qəddim əyilmiş, Çarəsiz halımı biləndə gəlmə.! * * * Qaysaq bağlayıbdı qəlb mamırlanıb, Xəyalım yıxılıb,uçub talanıb, Gördüyün bənizdən əsər qalmaıb, Anam göz yaşımı siləndə gəlmə.! * * * Yazdım necə kərə cansız kağıza, Söz oldum dillərə,düşdüm ağıza, Bir zaman vurğundum, yaza,payıza, Ağac yarpaqların tökəndə gəlmə.! * * * Üstümə üstümə gəlir,zaman il, Silə bilirsənsə,gəl qəlbimdən sil, Mənim təbiətim dəyişkən deyil, Nadanlar halıma güləndə gəlmə. * * * Bu yolda nə çəkdi,nə çəkdi Seymur, Etmədi bir kərə,etmədi qürur, Gəlirsən indi gəl,son arzum budur, Gözlərim yumulub öləndə gəlmə.!
Yadındadır o günlər? Sizə gələrdik … Gülərdik, əylənərdik, sonra qəfildən hamımız bircə-bircə susardıq… Bir də görərdik ki, uzaqların lap uca məqamından gözlərimizə baxırsan… Gizlətmə məndən ; Ha tərəfə dalırdı gözlərin? Şəhid qardaşının, hələ cavan yaşda, beli bükülən ananın, sənə həyan olan, o sadə atanın yanına ? Uzaqlara? Çox darıxırdın, gözünə qurban? kimsəsizliyin çox mu dərd olurdu, ömrün boyu yük daşıyan başına? Səninləyəm e, torpağına həsrət, Cavab ver … Çoxmu əzab çəkirdin ölüm yatağında? Susma … Yaxşı, sus… Sən sus, mən danışım… Xatırlayırsan? bir konfeti, bir almanı, bir çörəyi yarı bölərdin, düz üçümüzün arasında. Götürməsək, söz edərdin… Bəs indi dillən görüm, son istəyin nə oldu ? Nəyi dadmaq istədin? Kimi görmək istədin ? Hansımızın adı əzbərində idi? Lənət oxudun mu bizə ? İncidinmi, bu yad doğmalardan, küsdünmü, biriciyim? Necə dirəndin bu səfalətə, necə dirəndin bu ağrılara, bu səfilliyə, bu alçaqlığa ?! Çox yaxşı xatırlayıram… Son görüşlərimizdə, divarları nəmdən paslanmış, soyuq xəstəxananın bir küncündə, astadan danışdın; Dedin, aparın məni… Çox aciz idim, çox uşaq idim, yanında idim, amma əlim çatmırdı sənə. Görərdin xeyir yoxdur kimsədən, bir sığal çəkərdin, İndi əllərinə möhtac qalan, ucu qırıq-qırıq saçıma. Sən gedəndən küsüb e, uzanmır ki bu mirət… Yoxluğundan 3 həftə əvvəl, burnumun ucu göynədi sənə; baxışına, duruşuna, sözlərinə kimi. sözlərinin hərflərinə kimi . Varlığını düşündüm hər gecə, hamıdan xəbərsiz. Amma bağışla, hamı ilə birgə yoxluğunu düşünə bilmədim. Ağrını, Xəstəliyini, sənin də darıxdığını, düşünə bilmədim … Bilmədim sənsizliyə az qalıb… Yuxuma girdin dəfələrlə, yuxularda mesajlaşdıq biz… Əl etdin, qaçdın, gəldin, amma birdən getdin … Bu dəfə röyalarda yox, reallıqda heçə döndün… Sən onları bağışlayarsan, körpədir sənin qəlbin, incədir, qıymaz heç kimə, bilirəm… Amma mən bağışlamayacam heç kimi ; Özümü, Onu, Bunu, heç kəsi, heç bir kəsi, heç vaxt bağışlamayacam…. Son dəfəki gülümsəmən, bir iz qoydu beynimin sağ yarımkürəsində. Hansı ki, çarəsizlikdən, kimsəsizlikdən, yetimlikdən kinayə ilə gülürdün… Neçənci gündür yoxsan? Neçənci yuxundasan? Gəlim, oyadım səni? gəl, yuxuma… Gəl elə yuxumdaca, səssizcə apar məni öz yanına… Qayıtmayaq bir də… Görməyək heç kimi, kimsəylə danışmayaq… İnsanlar pisdir, dostum… Gəl ruh olaq, dalaq göy üzünün ənginliklərinə, gülək bir-birimizin üzünə… Bu dəfə kinayə ilə yox, daxildən gülək, qəhqəhə ataq, dolaşaq göy üzündə… Amma nə olar, haçansa, bir də, əsla, buralara enməyək … Qayıtmayaq, dostum, qayıtmayaq ….