Düzü Rövşən müəllimlə şəxsi tanışlığım yoxdur. Ona görə də təbii olaraq bütün bu yazıda yazdıqlarım onun mənə məlum olan yaradıcılığına əsaslanır. Yəni, oxumuş olduğum kitablarından gəldiyim qənaət və nəticənin məhsuludur.
Bu müəlliflə mənim ilk tanışlığım şəhərimizin kitab dükanlarının birindən üzərinə “ARİFLƏRİN İRFANİ MƏQAMLARI” yazılmış kitabı almaqla başladı. “Ariflərin irfani məqamları” kitabı, böyük alim Şeyx Əbu Əli İbn Sinanın məşhur “İŞARAT VƏ TƏNBİHAT” adlı əsərinin doqquzuncu bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. Nəzərinizə çatdırım ki, kitabı tərcümə edən və şərhlərin müəllifi Rövşən Abdullaoğlu idi. Beləcə bizim tanışlığımız başladı. Bu kitabın dili və şərhlər diqqətmi necə cəlb etdisə, heç o kitabı tamam-kamal bitirməmiş yenidən həmin dükana yollandım ki, müəllifin öz kitablarından bəlkə, nəsə tapa bildim. Ancaq, həmin dükanda tapa bilməsəm də satıcıdan öyrəndim ki, bəli, müəllifin öz kitabları da var. Bir, iki, üç növbəti dükanların birində Rövşən Abdullaoğlunun psixoloji kitablar silsiləsindən olan “HƏR BİR İNSAN HÖKMDARDIR” kitabını gördüm və həmən aldım. Kitabı həmin gün oxudum. Burada onu qeyd edim ki, bu hadisələr 2013-cü ilin təxminən yay-payız aylarında baş verib. Düzü kitab qismən mənə indiyə qədər bu mövzuda oxuduğum çoxlu sayda əsasən xarici motivasiya ədəbiyyatına daxil olan nümunələri xatırlatdı. Bunula belə, kitabda nəsə bir fərqlilik, bəlkə şərqlilik deyərdim, ən əsası doğmalıq, ruhumuza yaxınlıq, bizə aid özünəməxsusluq hiss etdim. Qənatə gəldim ki, bu kitab müəllif haqqında heç nə demədi, sadəcə bir ipucu verdi. Ertəsi gün müəllifin yenə psixologiya və motivasiya kitabları silsiləsindən olan “ARXADAKI KÖRPÜLƏRİ YANDIRIN” kitabını alıb oxudum. Təkrarçılıq etmək istəmirəm, ancaq onu qeyd etməliyəm ki, bu kitab da tam mən istəyəni vermədi.
Yəni bütün motivasiya ədəbiyyat nümunələrində eyni məqsəd, eyni yol (istər xarici, istərsə də bizim müəlliflər) dəyişik sözlər. Sonra müəllifin kitablarını gördükcə, adını eşitdikcə alıb oxuyur, elə bil, nəsə axtarırdım. Bilirəm ki, axtardığım kitab yazılıb, var, ancaq, mən tapa bilmirəm….
Bu fikr, əminlik məndə kitabdan – kitaba hiss etdiyim dəyişiklik, sanki, müəllifin standart, şablon fikirlərdən sıyrıldığını, özünəməxsus bir metodla təlqinə keçdiyini gördüyümdən, duyduğumdan yaranmışdı.
Nəhayət, bir gün sosial şəbəkələrdə müəllifin yeni kitabını gördüm, artıq tarix 2015 göstərirdi. RÖVŞƏN ABDULLAOĞLU “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” psixoloji roman – yeni söz, yeni səs…. Kitabı yəqin ki, çoxunuz oxumusuz çünki, bunun özü də tam məntiqidir. Dəyərli oxucum, əgər Siz maraq göstərib, bu kiçik yazını oxuyursuzsa, mütləq haqqında danışdığımız o kitabı da oxumusuz. Yox əgər oxumamısizsa, deməli ya hələ belə bir kitab haqqında eşitməmisiz, ya da vaxtınız olmayıb.
Çox xırdaçılığa getmədən, adi – orta məlumatlılıq səviyəsində onu qeyd etmək istəyirəm ki, psixologiya bütün insanları onların mənliyindən irəli gələn hərəkət və davranışlarına görə dörd əsas qrupa bölür. Rövşən Abdullaoğlu bu romanda məhz bu qrupların birinə aid olan insanın elə ümumiləşdirilmiş surətini yaratmışdır ki, bu günə qədər Psixologiya elminin yazdığı, göstərdiyi hamısı artıqlaması ilə bu surətdə cəmlənmişdir. Qəhrəmanın surəti lap körpəlikdən yetkin yaşa qədər gözümüzün qarşısında bizə göstərmək istədiyi tipindən irəli gələn xarakter və xüsusiyyətlərini elə çılpaq, həyatda olduğu kimi göstərir ki, bu barədə sadəcə MÜKKƏMMƏL!!!! – deyib kifayətlənməkdən başqa yolumuz qalmır. Müəllifin olduqca çox böyük təvəzökarlıqla sadəcə psixoloji roman adlandırdığı bu kitab, birinci növbədə məlumatlı olub, özünü qəhrəmanın aid olduğu tipdən hesab edən hər bir şəxsin stolüstü kitabı, ikinci – indi özünüöyrətmənin geniş yayıldığı bir zamanda melanxoliyadan əziyyət çəkdiyini zənn edən hər bir pasientin hər zaman yanında olan psixoloqu, gələcəkdə yaxşı psixoloq olmaq istəyən, bu istiqamətdə təhsil alan hər bir tələbənin mütləq oxumalı, incələməli olduğu (konkret tip üzrə səbəbi, müalicəni və nəticəni özündə ehtiva edən) əlavə dərs vəsaiti kimi çox qiymətli və əvəzolunmazdır. Ən azından hələlik ortalıqda analoqu yoxdur. Əgər, bu kitabdan sonra Rövşən Abdullaoğlu heç nə yazmasa da “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” – müəllifin sözünü, səsini bizə tam çatdırdı. Rövşən Abdullaoğlu, sadəcə kitab olsun, az-çox pul gəlsin deyə, Cenqo ordan getdi, Manqo burdan gəldi, qızın yerə düşmüş yaylığının parçasını tapıb, ordan onun ətrini alıb, gedib qızın əvəzinə Toplanı tapıb, sonra yenə onu axtaranlar, nə bilim, min cür cəfəngiyat uydurub millətin pulunu yeyib, beynini korlayanlardan deyil. Tam fərqli, özünəməxsus yolu olan, hərtərəfli məlumatlı (istər dini, istər dünyəvi, həm şərqdən, həm qərbdən) bir yazardır. Rövşən Abdullaoğlunun kitabları sadəcə vaxt öldürmək, gün keçirmək üçün deyil, əksinə həyatın gözəlliyinə vurulmaq, yeni bir dünya qzanmaq üçün vacib vasitədir.
Rövşən Abdullaoğlu – yazar, psixoloq, tərcüməçi, səyyah.
Müəllifə Uca Yaradandan can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Eyni zamanda daimi oxucu olaraq, ən azından “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” –dan sonra, Ümumi Psixologiyanın göstərdiyi qalan üç tip insanlara da aid üç yeni psixoloji roman gözləyirik. Axı dünya təkcə melanxoliqlərdən ibarət deyil???
17.10.2016. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında yeddinci yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, qanıyla Tarix yazan, adını tarixə çevirən 26 yaşlı Vətən müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin yarımçıq ömrünün yarısını həsr etdiyi dillərə dastan olan sevgisinə Elegiya…
“Bir gün Süleyman peyğəmbər yol gedərkən belində torpaq daşıyan bir qarışqaya rast gəlir. Torpağı hara daşıdığını soruşur qarışqadan… Qarışqa cavab verir: mən birinin eşqinə tutulmuşam. O mənə deyir ki, əgər sevgində doğrusansa, onda bu təpənin torpağını qarşıdakı təpəyə daşı. Süleyman peyğəmbər gülür: Axı, sənin ömrün yetməz bir təpənin torpağını o birinə daşıyasan. Təpəni yerindən eləməyə bir qarışqa ömrü bəs eləməz. Qarışqa cavab verir: Bilirəm, ömrüm yetməz. Amma onu da bilirəm ki, ömrüm bir eşqin cəfasını çəkməkdə keçəcək.”
Nə qutsal bir eşq… Nə fədakar bir ömür, İlahi… Bütün ömrünü bir eşqin cəfasına həsr etmək… Bunun adı nə sevgi, nə də fədakarlıq deyil. Bu duyğuların adı yoxdu dilimizdə… Bir ömrün buna yetməyəcəyini bilə – bilə ağır olduğu qədər də müqəddəs yükü daşımaq… və sevgisinə, sevdiyinə ilahi sədaqət… İzaholunmaz bağlılıqdı… Mənim qəhrəmanlarım – Azərlə Songülün yaşadığı ilahi məhəbbət, bağlılıq kimi…
Azər… Yusifli Azər Nazim oğlu… Vətən Müharibəsi Qəhrəmanı…
Azər – ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, son damla qanına kimi düşmən hücumuna mərdliklə sinə gərən, qanıyla tarix yazan, adını tarixə yazan, azad etdiyi 26 ərazidə şanlı Azərbaycan bayrağını ucaldan 26 yaşlı Cəsur Qəhrəman…
Azər – Songülün Qəhrəmanı… Ona həyatının bütün ilklərini yaşadan Böyük Sevginin Adı…
Azər – toy mağarı qurulmamış, xonçası bəzənməmiş, şaxı qalxmamış, xınası islanmamış, sevdalısı gözü yaşlı, arzuları yarı yolda, taleyi yarımçıq qalmış, Vətənin azadlığını bütün arzularından uca tutan, şəhadətiylə ürəklərdə Ucalan Qəhrəman…
Azər – yarımçıq ömrünün tən yarısını həsr etdiyi böyük sevgisini Vətən boyda ürəyində özüylə əbədiyyətə aparan Azadlıq sevdalı Şəhid…
Bu dünyaya gələn hər bir insanın son mənzili olur. İnsanların yaşamına, ömür yoluna nəzər saldıqca bəzən adama elə gəlir ki, sanki hamı bir-birinin yaşamını təkrarlayır… Amma Azər Yusifli gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki, onun ömrü bu məmləkətdə nəsil-nəsil insanlardan ötrü bir örnək, əvəzsiz bir nümunə olacaq – namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi…
Bu dünyada insanlar bir-birinə oxşadığı kimi talelər, sevgilər də bəzən bir – birinə bənzəyir. Amma Azərlə Songülün bağlılığı heç kimi təkrarlamayan bir bərabərlik, bir ilahi sevgiydi, ki, elə sonu da bənzərsiz oldu…
Nakam ömrü bənzərsiz olan Azərin taleyi, o böyük ürəyində daşıdığı ülvi sevgisi də bənzərsizliyi ilə ürəklərdə iz saldı, ürəklərə Azərin yoxluğu böyüklükdə dağ oldu… Nişanlısı – ömrün gənc çağında gül kimi açılmaq yerinə bənövşətək boynunu bükən Songül xanım Azərin yoxluğuna hələ də heç cür inana bilmir. Yazır ki: “Azər! Sən “istiqamət Zəngilan, istiqamət Zəngilan” – deyərək gülə – gülə getdiyin Zəngilanın mən adını belə çəkə bilmirəm. Bilmirəm ki, gedə bilərəmmi o torpaqlara nə vaxtsa? Nə üçün gedərəm… Bəlkə də bir ümid aparar – Səni taparam deyə… Son nəfəsini verdiyin yerdə qoxlayam torpağı, arayam, axtaram Səni gözüm qanlı yaşlarla…” Songül xanımın Azərli xatirələrini hönkürtüsüz dinləmək, yazdığı gündəliyini sakit tonla oxumaq olmur. Qəhər bir tikə yavan çörək kimi boğazımda düyünləyir, udquna bilmirəm.
Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı gün, Azərin – Azərlərin müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Songül xanım Azərə yazır: “Bu gün Sənin qanınla yazdığın tarixdir, Azərim! Zəfərin mübarək! Sənin bəylik paltarın ucaltdığın bayrağın oldu… mənim borcum isə son nəfəsiməcən Sənin adına, sevginə – Sənin ucalığına layiq yaşamaq… Əgər bunun adı yaşamaqdırsa… Mən Sənin qəlbində getdim, Sən mənim qəlbimdə yaşayırsan. İndi ölən kimdi, yaşayan kimdi, Sevdiyim?! Əbədi həyatda qovuşacağıq, Azərim!”
Songülü dinlədikcə, gündəliyini oxuduqca bir daha ürəkdən inanıram ki, bu Vətənin bayrağını ucaldan Azər Yusifli kimi mərd, qeyrətli oğullardırsa, bu xalqın başını ucaldan İlhamın Fərizəsi, Mehdinin Mələyi, Azərin Songülü kimi qar kimi tərtəmiz, namuslu, ləyaqətli, şərəf mücəssəməsi olan, sevgisinə, Sevdiyinə son nəfəsinəcən sadiq qalan sədaqətli qızlarımızdır… Və bu xalqın hərb meydanında dünyaya meydan oxuyan Azərləri cəsarət, qeyrət məktəbidirsə, Songülləri əhdinə vəfa örnəyi, ülviyyət rəmzi, sədaqət simvoludur. Belə övladlar yetirən xalqı heç nə məğlub edə bilməz…
Nakam eşqi, ayrılığı, lap elə bədbəxtliyin özünü də ünvanladığın Eşqin – aşiqinin xatirinə əzizləyib oxşamaq, Dərdi Alın yazısı kimi sinəyə çəkməyi bacarmaq da bir cür böyüklükdü.
Mən Səni Sənin özün qədər duyuram, hiss edirəm, anlayıram, Songülüm… Heç kəsi nigaran qoymamaq üçün o məsum çöhrənə qondurduğun təbəssümün altındakı üzündə özünə “qum şırımı” kimi iz açan kədəri, gözlərində gizlətdiyin nisgili, başını hər qaldırıb işıqlı dünyaya baxanda göylərə bülənd olan ahını… hamısını duyuram.
Əzabdı bu dünya başdan, binadan,
Yalandı baharın çiçəyi, gülü.
Sənin məzarının üstə gəlirəm,
Ürəyi qubarlı, boynu bükülü.
Qaldıra bilmirəm kirpiklərimi,
Durub göy üzünə boylanım, baxım.
Bir zaman qartal tək uçardın orda,
İndi o səmaya ucalır ahım…
Mən Sənin təkcə Azərli xatirələrini, danışdıqlarını, gündəliyinə yazdıqlarını yox, yazmadıqlarını da “oxuyuram” – hiss edirəm… Və hərdən mənə elə gəlirdi ki, bu cümlələrin arxasında “Ürəyimin içində diş ağrısı kimisən, Azər” deyə pıçıldayırsan…
Gedənlər özləri ilə bərabər hər şeyimizi apardı, Songül! – ruhumuzu, üzümüzün gülüşünü, ağzımızın dadını… hər şeyimizi…
Ruhumuzu apardılar – hər şeyə dözən, səbir eliyən quruca canımız qaldı… Canımızı dişimizə tutub yaşamağı öyrəndik…
Üzümüzün gülüşünü apardılar – Guya ki güldük… yıxılmadığımızı, ayaqda olduğumuzu göstərmək üçün güldük… İçimiz ağlayırdı əslində…
Gözümüzün işığını apardılar – İşıqsız qaldıq. Qaranlıqda qoydular bizi, qaramatdan xilas olmağa səndələyə – səndələyə yol axtardıq…
Dilimizin sözünü apardılar – Bu boyda insan dənizinin içində ruhumuz tənhalaşdı, bir kəlmə kəsə bilmədik bir Allah bəndəsiylə…
Hənirtimizi apardılar – canımıza titrətmə düşdü. Ağrı içimizdə ocaq qaladı, yandıq, külümüz çıxdı. Amma o ocağın isinmədik istisinə, kor olduq tüstüsünə…
Ağzımızın dadını apardılar – bu dünyanın aşını, daşını, şəkərini, zəhərini yedik, şirinin – acının, heç nəyin fərqini, dadını bilmədik.
Biz səninlə hələ görüşməmişik. Səni görməmişəm, əllərinə toxunmamışam, Songül bacım! Amma o pak ruhunu, nisgilli ürəyinin içindəkiləri vərəq – vərəq oxumuşam. Və elə bir ilahi doğmalıq hiss etmişəm ki, görmədiyim gözlərindəki həsrəti, buz bağlamış əllərindəki həniri duymuşam. Elə məhrəm olmusan ki, içimə.
Bu dünyada tək canına bütöv bir sevgi yükünün altına çiyinlərini təslim etmək, bu yüklə sevməyi bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…
Bu dünyada təkbaşına Biz olmağı bacarmaq və o “Biz”i qorumaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaq, Azəri ürəyində, ruhunda, sevgində yaşatmaq deməkdi…
Mən Sənin bu müqəddəsliyin, təmizliyin, paklığın, sədaqətin, nurlu üzün və böyük ürəyin qarşısında baş əyirəm,Songülüm!
Doğum günündü bu gün Sənin… Gündəliyində yazırsan ki, “Hər il 00:01-də aldığım təbriki bu il ala bilmədim. Mən Sənsiz qeyd etdiyim ad günlərimi xatırlamıram ki, Azər… Bu ad günün tam fərqli olacaq, – demişdin. Bu qədər fərqli olacağını düşünmürdüm. Şahdağa gedəcəyik, demişdin… Ordakı bütün qarlar, buzlar mənim ürəyimə doldu, sevdiyim… Telefon alacam sənə, demişdin… Telefon nəyimə lazım, mən bir ömür Sənin səsinə həsrət qaldım… Mən səndən sonra heç böyümədim… Mən də oktyabrın 21-də Səninlə getdim bu dünyadan, Sən cismən, mən isə ruhən yoxam bu həyatda… Səndən sonra nə yaşaya bildim, nə də ki ölə… Qaldığım arafın adını belə bilmirəm, Sevdiyim…” – Doğum günündə Sənin Azərə yazdığın bu cümlələr sətir-sətir iliklərimə qədər üşütdü ruhumu… Dünyam dağıldı… parça-parça oldum, Songülüm… Doğum günündə adamı təbrik etmək üçün nəsə arzular deyərlər… Mən ömrü boyu sözlə işləyən adam Sənə demək üçün bir kəlmə söz tapa bilmədim, Songülüm… Bütün günü bir yanıqlı nəğməm içimdə qovruldu:
Tutalım ki, mən aşığam…
Axı necə saz çalım…
Mizrab qırıq, tellər sınıq…
Barmaqlar qan içində…
Qarşınızda danışmağa sözlərimiz də acizdir… Bu gün bütün qəlbimlə anlayıram ki, şəhid olan təkcə bayrağa büküb torpağa əmanət etdiyimiz Azər deyil, o Azərin bizə əmanət etdiyi sevdalısı da şəhiddi… Şəhidlik məqamı təkcə Vətən yolunda canından keçmək deyil… Şəhidlik həm də torpağa əmanət etdiyin yarınla bərabər, xoşbəxtliyini, arzularını, bütün işıqlı gələcəyini Vətənin qaranlıqdan xilas olması üçün fəda edə bilməkdi… Vətəni Məcnuntək sevən Oğulların Leylalarının qarşısında son nəfəsimizədək minnətdarıq… Udduğumuz hava üçün, gəzdiyimiz torpaq üçün, başını sığalladığımız körpələrimiz üçün Sizə minnətdarıq… Haqqınızı halal edin, məmləkəti işığa çıxarmaq üçün ömrünü qaranlığa qərq edən Leylalar… Haqqınızı heç zaman ödəyə bilməyəcəyik, Azərin Songülü… Azərin qoxusuna doya bilmədiyi Gülü!…
4 yanvar 2021-ci il…
*****
*****
Bildim qəmini sənin ki, çoxdu,
Qəm çəkməyə bir hərif yoxdu…
Gəldim olam qəmin hərifi
Gəl təcrübə eylə mən zəifi…
“Leyli və Məcnun” poemasındakı bu misralar həm o talehsiz Məcnuna, həm ömrü külə dönmüş Leyliyə, həm də elə Füzulinin özünə aiddi. Füzuli bu dünyanın yiyəsiz qəminə yiyə durmağa, öz xoşuna “qəmin hərifi” olmağa gəlmişdi…
Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,
Keçər kafər cəhənnəmdən, gülər əhli – əzab oynar…
-yazır Füzuli. “Bəyir” – dəvəyə deyirlər. “İncil”də də, “Tövrat”da da belə bir məqam var: “Dəvə iynənin gözündən keçərsə əgər, günah əhli, kafirlər yalnız o zaman bağışlanar.” Uşaq vaxtı Füzulini oxuyanda o böyüklükdə beytin mahiyyətini anlamamışdım. Sonra təsadüfən İncildə qarşılaşanda elə bil məni ildırım vurdu: Füzulinin Qəm yükü nə qədər böyükmüş, İlahi, deyə pıçıldadım öz – özümə. O qədər böyük ki, onu bəyirin – dəvənin belinə qoyanda bəyiri iynənin gözündən keçirəcək, kafiri cəhənnəmdən çıxaracaq…
Qəm yükü bu dünyanın ən ağır, həm də ən müqəddəs yüküdü…
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuz – duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz… Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana – seçdiyi bəndəsinə – dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi sevdiyi yar təkin əzizlədiyinə – canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır…
… Mənim kəşf elədiyim, ruhunu oxuduğum, kədərini sətir-sətir içimə çəkdiyim, acısını bütün varlığımla hiss elədiyim, öz dünyamda müqəddəsləşdirdiyim Songül xanım məhz Allahın belə seçdiyi bəndəsidi – Seçilmişlərdəndi, zərif çiyinlərini səssiz-səmirsiz qəm yükünə təslim edənlərdəndi…
Hamı kimi yaşamağa, hamı kimi olmağa nə var ki?! Hamının görmədiyini görməkdi Songül olmaq…Yaşadığın, nəfəs aldığın halda əslində yaşamamaqdı, sevdalısının bayraq örpənmiş torpağına hopmaq, ruhən köçməkdi bu həyatdan Songül olmaq… Adamların var olanları sevməyə təpəri yox ikən, bəxtinə yazılan yazını – Azərini yoxluğunda belə sayğıyla yaşatmağı bacarmaqdı Songül olmaq… Bütün ömrünü Azərin anası Yeganə xanımın çöhrəsində bircə kərə də olsa təbəssüm yaratmağa həsr eləməkdi, ömrünü Şəhid yarına fəda eləməkdi Songül olmaq…
Bu ömrü yaşamaq həm də əzabdır və Songül bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də Ona doğru gedir. Qaça bilmədiyi tale o böyük ürək, mənəviyyat sahibini ömrünü həsr elədiyi ən böyük Həqiqətlə üzləşdiyi yerə gətirib çıxarır. Ölüm bu dünyanın ən böyük həqiqətidi… Songülün nakam ömrü beləcə başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla yaşamaq deməkdir.
Barışmaq nə qədər çətin olsa da, bu, Songülün taleyidi. Bu ömrün səfası, rahatlığı, dincliyi yoxdu, bu ömür başdan başa cəfadı, hər anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə vuruşdu, döyüşdü, uzun bir yolda ağır-ağır addımlayan qəm karvanıdı…
“Mən bütün həyatımı, xəyallarımı Səninlə və Sənə görə qurmuşdum, Azər… Gedişinlə hər şeyimi apardın. Bir saat sonra, bir gün sonra nə edəcəyimi bilməyəcək qədər çarəsizəm. Kaş məni Allaha tapşırdığın kimi, özümə də nə edəcəyimi tapşırıb gedərdin. Sözündən çıxmazdım ki… Sənsiz hər şeyimi itirmiş limansız gəmi kimi dənizin ortasında qalmışam…
Həyatım dediyin insanı itirəndə… itirdiyin təkcə O olmur… Bütün ümidlərini, arzularını, xəyallarını, gələcəyini itirir insan… Əlində yerlə bir olmuş, çiliklənmiş dünya, sıfırlanmış həyat qalır… Sonra uzun-uzun düşünürsən, heç bir çarə və ümid işartısı tapa bilmirsən yenidən qurmağa o dünyanı… Bir gün başqa bir aləmdə qaldığımız yerdən davam edəcəyimiz ümidiylə… həyata tutunmağa çalışırsan…
Azər… sirdaşım, can yoldaşım… Üzümü güldürən, acımı dindirən İnsan… Səadəti yarım qalan yarım…Qəhrəmanım… İnsan ən sevdiyi ilə imtahan olunarmış… Səninlə dünya bir nağıl, yuxu idi… Amma biz yuxuda olsaq da, dünya nağıl dünyası deyil ki… imtahan dünyasıdı və sən mənim ən ağır imtahanım oldun…
Həyatımda olduğun hər gün mənim üçün bayram idi… Mən bayramları yox, səni görəcəyim günü həvəslə gözləyirdim. Zaman keçdikcə içimdəki yara daha da dərinləşir…
Sən Vətəni həyatındakı hər şeydən uca tutdun… Təsəllim odur ki, Xocalıdakı körpələrin qisasını aldığın üçün ruhun rahatdır, Qəhrəman Şəhidim… Yarım qalan ömrünüz, canınız, qanınız bahasına da olsa, Vətənimizin ərazi bütövlüyünü bərpa etdiniz… Şükürlər olsun ki, Azərbaycanın qan yaddaşı silindi… amma mənim, minlərlə məni kimi taleyi yarım qalan insanın qan yaddaşı yazıldı…
İndi mənim həyata tutunacaq ən böyük səbəbim bütün acılarımla sığındığım Rəbbim və Sənin ürəklərdə, könüllərdə ən böyük ucalıqda, zirvədə olmağındır…
Bundan sonra mənim yaşayacağım (?!) ömrüm Sənin yolun qədər çətin olsa da, Sənin adını daşıyacağı üçün şərəflidir…”
Bu sətirlər Vətənə Məcnuntək sevdalanan Azərin Songülünün gündəliyindən idi… Özümü qanandan əli kitablı olsam da, indi anlayıram ki, biz bugünəcən bütün duyğuların sadəcə təsvirini oxumuşuq… Songülün yazısında mən yaşanılan duyğuların ağrısı və yaşanılmamış ömrün acısını duydum. Sadəcə kədəri içində çəkən yox, bütün varlığıyla kədəri içinə çəkəndi Songül…
Bu qədər dərdin qabağında İnsan nə qədər böyük ürəyə sahib olar ki, hər gələn bəlanı sinəyə çəkib Tanrıya şükür etməyi bacara!
Oxuduqca Songülün hər sətrində Rəbbinə sığındığını, Allahın hər kəramətinə şükranlıq etdiyini gördüm, onu bir daha ürəkdən alqışladım.
Azərin adına, ucalığına layiq olan bu dəyanətli xanımın, mətin olduğu qədər də şükür eləməyi bacarmaq kimi ilahi bir keyfiyyətə sahib olduğunu gördüm. Şükrə yüksələn insan ilahi firavanlıq qazanır, elə Tanrı qatında sevgili yarının ucaldığı şəhidlik məqamı qədər ali mərtəbəyə ucalır.
Ruhundakı dinmək bilməyən ağrılarını kağıza köçürür Songül… İstisinə isinə bilmədiyi, tüstüsünə kor olduğu, ruhunu darmadağın edən nakam sevgisindən, o sevgini doya – doya yaşamağa qoymayıb araya qəfil hicran salan zamansız ölümdən… yazır. Yazır ki, bəlkə ürəyi boşala… Yazır ki, bir az səbbi alına… Yazır ki, unuda yaşadıqlarını… Amma “unutmağı öyrənmək” istədiyi halda əksinə yazdıqca bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir, xatirəyə – Sözə çevirir.
Songülün elə sevgilisi Azər kimi bənzərsizliyi ondadır ki, o, cavan ömrünü gültək solduran, onu bənövşətək boynubükük qoyan vaxtsız Ölümü “qarğımır, daş-qalaq eləmir”, onu alnına yazılan yazı kimi qarşılayır… Sadəcə bir gün əbədiyyətdə qovuşacağı ümidilə təqvimdəki günləri yarpaq-yarpaq ömründən qoparır…
Baharı xəzan olan Gəlin… Arzuları üşüyən Gəlin… Nəfəsi buz bağlayan Gəlin… Bəyaz Gəlinlik paltarı qırmızı bel bağına həsrət qalan Gəlin… Xınası islanmamış Gəlin… Xonçası açılmamış Gəlin… Hələ cehiziylə evini bəzəməyə, yuvasını yapmağa macal tapmayan Gəlin…
Qara paltarlı Gəlin… Yollara dikilən gözləri nəmli, hicran yükü daşıyan yorğun çiyinli, köksü param-parça, ürəyi qəmli Gəlin… Gözlərinə baxa bilmədiyim Gəlin… Adını çəkməyə nitqimin lal olduğu Gəlin…
Nə qutsal bir eşq…
Sevdiyinin adı, əmanəti kimi qoruduğun o uca alnından öpürəm! Bacarsan, bizi bağışla… Beşik yırğalaya bilmədiyin üçün bizi bağışla, sevginizin meyvəsi kimi pöhrələyəcək Sevgi adlı bir Nur parçasına Ana ola bilmədiyin üçün bizi bağışla! Bayramlarını qızıl gülə qərq edən oğlanın gənc ömrünü xarıbülbülün ömrünə fəda etdiyi üçün bizi bağışla! Üşüyən əllərin, heç gəlməyəcək baharın üçün bizi bağışla! Biz özümüzü bağışlaya bilməyəcəyik amma…
Uşaq ədəbiyyatı biliciləri:Sağdan, ədəbiyyatşünas-tənqidçi Füzuli Əsgərli, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov), uşaq yazıçısı, ədəbiyyatşünas, professor Zahid Xəlil.
Əvvəlcə sözün hərfi mənasını deyim, çərçivə fars sözü olub, “çəhar çübe”, yəni dörd ağac deməkdir. Dilimizdə bu sözlə bağlı çoxlu sayda ifadələr işlənir, çərçivəli, çərçivəyə salmaq, çərçivəyə sığmamaq, çərçivədən çıxmaq və s. Çərçivənin məişət mənası da var ki, bu gün mən ondan danışmayacam, sterotiplər, ondan qaçış barədə düşünəcəyik.
Bir vaxt fantastik nəhəng hesab etdiyimiz dünya indi “ovcumuzun içindədi”. Dünyanın o başında baş verənlər uzağı bir neçə saata, dəqiqəyə bizə gəlib çatır, məlumat almaq üçün uzman internet şəbəkəsi var, real səyahət etmək imkanın yoxdursa virtual dolana bilərsən dünyanı. Xalqlar, din və inanclar, adət və ənənələr və s öyrənmək də su içimi. Amma bu dediklərim nəinki bir ölkədə, hətta ölkəiçi fərqli qaydalarda tənzimlənir. Amma bir məsələ var ki, bu və ya başqa formada demək olar hər yerdə nəzərə alınır, bu da ÇƏRÇİVƏdir!
İndi dünyanı dolanan “koronavirus” bəlası yoluxmanın qarşısını almaq, insanların həyatını qorumaq üçün bir çox ölkələri həm daxili, həm də ölkələrarası çərçivələr yaratmağa məcbur etdi. Sərhədlər bağlandı, gediş-gəliş kəsildi, insanlara küçəyə çıxarkən maska taxıb əlcək geyinmək, sosial məsafə saxlamaq məcburi sayıldı, hətta müyyən müddət evdən çıxmamaq qadağası, tibbi-gigiyenik qaydalara ciddi əməl edilməsi belə qanunla müəyyənləşdi. Düzdür bu müvəqqətidir, keçicidir, amma Çərçivədir, məcburi qəlibdir deyə ruhun etirazına səbəb olur. Axı bir çox şeylərin qədrini insan onu itirəndə anlayır…
Azərbaycanda çərçivə deyəndə ağıla ilk gələn cəmiyyət arasında ədəb-ərkən qaydaları, müxtəlif olar-olmazlar, hətta qadağalar olur. Yəni insan istər istəməz özü üçün bir çərçivə yonmağa, bütövlükdə münasibət qaydalarını tənzimləməyə məcburdu. Deməli çərçivə həm də insanın daim can atdığı azadlığın da nisbi olmasını göstərir bir növ.. Yadıma lap aşağı siniflərdə müəllimin uşaqlara verdiyi bir tapşırıq düşdü, uşaqlar heç kəsin olmadığı bir məkan tapıb orda bu tapşırığı etməliydi. Sabahı gün nəticələr soruşulanda tək bircə məktəbli utana-utana tapşırığı yerinə yetirmədiyini bildirmiş, buna səbəb kimi isə hər yerdə Tanrının onu gördüyünü göstərmişdi!..
Deməli əlahəzrət azadlıq heç özü də azad deyilmiş, azad buraxanda anarxiya yaradırmış, problemlərə yol açırmış…
İnsan təbiət mənzərəsinə elə təbiətin içindən baxırsa bir, pəncərədən baxırsa başqa səhnə görəcək., bu ikincisi çərçivədi. Rəssamın kətan üzərinə köçürdüyü bütöv yox, yarımdı, yəni çərçivədə gördüyüdü. Sözünü, deyəcəklərini həmişə ölçüb biçənlər çərçivədə olanlardır, əlbəttə yaxşı mənada! Olduğu kimi görünmək, ya da göründüyü kimi olmaq da çərçivədən çıxmaq deyil. Amma sındırılası, məhv ediləsi o qədər çərçivələr var ki!
Amma çərçivə də var çərçivə.. Əgər çərçivə həm də nizam-intizamdısa, münasibətlərdə əndazə gözləməkdisə, kimisə incitməkdən, həsəddən, paxıllıqdan, pislik etməkdən çəkinməkdisə, bunun nəyi pisdi ki… Xəstə adama təyin edilən pəhriz də, ürəyi xəstə olana fiziki hərəkətin məhdudlaşdırılması da çərçivədi, amma bezdirici, yorucu… Necə ki, mənim film qəhrəmanım da bir gün bezərək ona təyin edilmiş çərçivələri qırıb tökdü, xəstə ürəyilə başqa cür rəftar etməyə qərar verdi, bütün “olmaz”ları “olar”a çevirmək üçün son addımı atdı…
…İnsan yaranışdan azadlığa, dincliyə təşnədi, açıq səmada uçan, istədiyi yerdə yuva quran quşlara, çiçəkdən çiçəyə qonan arılara, zəhmətkeş qarışqalara həsəd aparıb həmişə. Amma o quşların da, arıların da, qarışqaların da, elə yüzlərlə, minlərlə digər yaradılmışların da əminəm ki, həyatı hansısa bir ilahi çərçivəyə sığır…
Dünyaya gəlişimizlə gedişimiz arasındakı məsafə bircə andır ki, bunu söz adamları bir sözlük, rəssamlar bir fırçalıq, riyazıyyatçılar bir rəqəmlik, bəstəkarlar isə bircə notluq məsafə adlandırırlar. Olum və ölüm fəlsəfəsi bəlli olandan ta bu günə kimi düşündürür insanı. Yaşının, düşüncəsinin bir həddinə çatanda insan da hələ dünyaya gəlməzdən öncə ilahi qəlibə, çərçiyəyə salındığını və bundan kənara çıxa bilməyəcəyini anlayır…
Bundan əlavə hər insanın öz çərçivələri də var ki, bunu digərlərinə qarşı istifadə edir. M.Fizuliyə görə hər kəsdə bir ölçü var və bu ölçüyə görə yanlış və doğru tərəflər ortaya çıxar.
Ruhən azad olan insan çərçivələrə də çığmır, bir yol tapıb onları qırmağa, sındırıb atmağa çalışır…
Son həmişə hüznlüdür, acıdır, hər kəs sonu bilir, amma onun gəlməyini istəmir. Son bitməkdir, tükənməkdir, əgər bu ömrə aidsə daha ağrılıdır demək!..
Ona görə də əvvəlcə öz içimizdə qurduğumuz sərhədləri açmalı, gedəcəyimiz yolu məchul bir sonsuzluğadək çəkib uzatmağı bacarmalıyıq. O zaman bizim üçün süni yaradılan çərçivələrdən çıxmaq çətin olmayacaq…
Hə, bir də var şəkil çərçivəsi, siz çalışın çərçivə olmayın, nə özünüzə, nə də başqalarına, çərçivədən genişliyə açılan bütöv şəkil olun…
Ey mənim könlümə yüz yarə vuran, canıma bax, Gözlərimdən tökülən yaş əvəzi qanıma bax. * * * Baş alıb çöllərə qaçdım qəm əlindən, lakin Yoxdu bir canıı gəlib hərlənə dörd yanıma, bax. * * * Nalələr eyləyirəm, bəlkə yetişsin yarə, Kar qulaqdan nə umur, sən dili-viranıma bax. * * * Arzulardım onu mən bəlkə görəm röyadə, Gecələr yatmaq üçün olmayan imkanıma bax. * * * Ömrü beş gündür əgər hər adamın dünyadə, Sürdüyüm üç gün ola, olmaya, dövranıma bax. * * * Hər gələn yetməlidir Tanrısına son gündə, Bu sözə şəkk eləsən, ayeyi-Quranıma bax. * * * Məni fəqr əhli görüb sözlərimi heç sanma, Sona, sən surətə yox, qəlbdə imanıma bax. Müəllif: Sona XƏYAL
Qadın… soyadını dəyişdirir ailəsini dəyişdirir evini dəyişdirir səninlə bir evə daşınır səninlə bir yuva qurur səndən hamilə qalır … doğduğu uşaqlara belə sənin soyadını qoyur nə edir sənin üçün edir həm də sağlığı… gözəlliyi bahasına O bizə bir hədiyyədi O bizə bir əmanətdi… Müəllif: Şahin Musaoğlu
Qadınlar, qadınlar.. Hər qadının öz fərdi dünyası var. Hər qadın bir aləm, bir xəzinədir. Maraqlı, sirrlərlə dolu qadın dünyasına səyahət edib onu dərk etmək istəyənlərin sayı çox, həmin dünyanı sonadək dərk edənlərin sayı azdır. Qadın dünyası son səhifəsinə qədər oxunmayan bir kitab kimidir. Hər qadının öz həyat hekayəsi, öz həyat dastanı var. Qadının xöşbəxtliyi də bədbəxtliyi də çox vaxt əks cinsin ona münasibətindən asılı olur desəm yəqin ki, yanılmaram. Dünyaya sevib-sevilmək üçün gələn qadının sevgisi də bəzən özü kimi layiqincə dəyərləndirilmir. 25 yaşım təzə tamam olmuşdu. Ailəli idim, bir oğlum da var idi. Deyilənə görə xarici görünüşüm pis deyildi. Etiraf edim ki, buna o qədər də əhəmiyyət vermirdim, çünki içimdə həmişə özümə inam və arxayınçılıq hissi var idi. Təzə qəbul olunduğum iş yeri ilə tanışlığım yaxşı yadımdadır. İş otağıma daxil olub iki qadınla tanış oldum. Onlar məni qarşılayıb bir yerdə,y əni bir otaqda işləyəcəyimizi xəbər verdilər. Qadınlardan biri nisbətən yaşlı, digəri elə mənimlə yaşıd olardı. Düzünü deyim ki, onların baxışlarında və davranışlarında o qədər də səmimiyyət hiss etmədim. Lakin o gün buna o qədər də əhəmmiyyət vermədim. Mənə ayrılan yerə yaxınlaşıb təzəcə çantamı oturacağın üstünə qoymuşdum ki, otağın qapısı açıldı və içəri təxminən 40- 45 yaşlı hündür boylu, ilk baxışdan çox cazibədar bir qadın daxil oldu. Qadının iri qara gözləri, qara uzun saçları və ağappaq dərisi ona xüsusi gözəllik verirdi. Otaqdakı qadınlar ayağa qalxmaq istədikdə, içəri girən qadın əliylə işarə edib: – Əyləşin, işinizdə olun,- dedi və mənə tərəf addımladı. – Hə… Təzə işçi sənsən? – Bəli,- dedim. Qadın iri sürməli gözləriylə məni başdan ayağa süzdükdən sonra bayaqdan mənə çox gözəl görünən gözlərini elə qıydı ki, sanki üzünə kimsə turşu çilədi. – Tanışam tərcümeyi-halınla. Mən sənin,- qadın otağa göz gəzdirib- sizin bölmənin rəisiyəm. Adım Süsəndir, – dedi. O, bu sözləri elə dedi ki, sanki Nefertiti Misir taxtının kraliçası olduğunu xalqa bəyan edirdi. – Çox yaxşı,- dedim. Bu mənim Süsən xanımla ilk görüşüm idi. Cəsarətlə deyə bilərəm ki, işimdə çox məsuliyyətliyəm. Mənə həmişə verilən bütün tapşırıqları vaxtından əvvəl həll edib təhvil verirdim. Lakin Süsən xanım nə işimi, nə də məni bəyənmirdi ki, bəyənmirdi. İş o yerə çatırdı ki, hərdən əsəblərimi cilovlaya bilməyib ağlayırdım, lakin başıma gələnləri heç kimlə bölüşmürdüm. Hətta evdə yoldaşıma da heç nə demirdim. Sadəcə baş verənlərin səbəbini anlamağa çalışırdım. Mənimlə bir otaqda oturan qadınlar da sanki Süsən xanımın mənə münasibətindən xüsusi həzz alırdılar. Rəisimin mənə ara-sıra dediyi atmacaların mənasını dərhal anlamır, saatlarla nə demək istədiyini düşünməli olurdum. Tədricən başqa həmkarlarımla da tanış oldum. Çox savadlı və maraqlı insanlarla çalışdığımı hiss etdikcə işimi daha çox sevirdim. Hərdən mənə elə gəlirdi ki, kişi həmkarlarımın mənə münasibəti daha səmimidir. Sonralar bunun həqiqətən də belə olduğunu dəqiq bildim. Mən də onlara dərin hörmətlə yanaşır, bilmədiklərimi onlardan öyrənməyə çalışırdım. Günlərin birində Süsən xanım məni otağına çağırıb əvvəl işimi yoxlayıb adəti üzrə tənqid etdi sonra: – Ərin qısqancdı? – deyə qəribə sual verdi. – Məncə o qədər yox, – deyə mən sualın məqsədini anlamadan cavab verdim. – Deməli, sevmir səni, – deyə, Süsən gülümsədi. Mən cavab verməməyi üstün tutub susdum. – Kişilər laqeyd oldusa, demək ya başqa yerdə adamı var, ya da… – Ya da? – deyə mən dözməyib soruşdum. – Ya da sən qadın kimi onu daha maraqlandırmırsan. Süsənin bu anlaşılmaz və heç mənə və ailəmə dəxli olmayan söhbəti məni o qədər əsəbləşdirdi ki, mən bu dəfə ağlamaq əvəzinə güldüm və: – Sizi nə maraqlandırır, Süsən xanım? – deyə qadının gözləmədiyi sualı verdim. O, bir qədər özünü itirsə də, adəti üzrə gözlərini qıyıb mənə baxdı və: – Rəis səndən soruşsa ki, ərin qısqancdır, deyərsən ki, qısqancdır, – dedi. Şəxsi həyatımın rəisə nə dəxli olduğunu soruşmaq istəyirdim ki, xanım əlindəki qələmi stola vura-vura: – Sənin üçün deyirəm. Rəisimiz bir az… necə deyim, qadınlarla çox maraqlanır. Ona görə bilsə ki, ərin qısqancdır səninlə işi olmaz, – dedi. Rəisimiz yaşlı adam idi. İşlədiyim müddətdə onun qadınlara qarşı qeyri-adi münasibətini hiss etməmişdim. Hər halda, Süsən xanımın dedikləri məni bir qədər düşündürdü. Otağıma qayıdanda qadınlar halımın dəyişdiyini hiss edib güldülər və onlardan biri: – Nə olub? Baş rəisin otağından çıxmısan? – deyə soruşdu və onlar yenə güldülər. Bundan sonra rəisin həqiqətən qadın düşgünü olduğuna şübhəm qalmadı. “Yoxsa niyə belə desinlər ki?” – deyə düşündüm. Çalışdığım sahə çox maraqlı olsa da Süsən xanımın münasibəti məni çox narahat edirdi və mən başqa bir yerə keçmək üçün fürsət axtarırdım. İşə yoldaşımla gedib gəlirdim. O, maşınla məni hər səhər gətirir, axşam da evə aparırdı. Səhər tezdən həmişəki kimi maşınımız idarənin qarşısında dayandı. Mən maşından düşüb qapını bağlamaq istəyirdim ki, Süsən xanım əliylə qapını tutub üzümə gülümsəyərək salamlaşdı və: – Bizi tanış etmək istəmirsən? – deyə başını maşının içinə soxdu. – Bəli, buyurun, tanış olun. Yoldaşımdır,- dedim. Qadın gözlərini qıyıb mənə sonra yoldaşıma baxdı və: – Mən sizin yerinizə olsaydım belə gözəl qadını işə buraxmazdım. İndi iş yerlərində nələr baş verdiyini özünüz də bilirsiiniz yəqin, – deyə qadının zarafat etdiyini güman etdim. Yoldaşım sadəcə gülümsəyib: – Arxayın olmasam, buraxmaram. Kişilərdən çox qadınlardan qorunmaq lazımdır indi, – dedi. Yoldaşımın bu cavabı çox ürəyimdən oldu, çünki indi məhz bu cavabı almalıydı Süsən xanım. Rəisimin gülər üzü dərhal dəyişdi. O, üzündə süni təbəssüm yaratsa da, gözlərindəki nifrət hissini gizlədə bilmədi. Yoldaşım sağollaşıb getdi. Mən rəisimlə bir qədər məsafəni bir yerdə addımlamalı oldum. – Yaraşıqlı ərin var, – deyə Süsən üzünü mənə çevirdi. – Çox sağ olun. – Səni sevir deyəsən – Nə bilim. Yəqin ki. – Amma sən heç arxayın olma. Kişilər burda birini sevir, işdə digərini. Sən hələ cavansan bunları bilməzsən. Amma ərin yaşda səndən böyükdür. O bilər. – Məncə… – Məncəsi, səncəsi yoxdur. Kişilər hamısı eynidir, – deyib qadın qəfildən qəh-qəhə çəkib gülməyə başladı. Elə gülməyə başladığı kimi də qəfil gülüşünü dayandırıb ciddi şəkildə: – Yaşın dəxli yoxdur. Bəzən cavan qadınları qoyub yaşlı qadınların yanına da gedə bilir kişilər. Hə, elə də olur, – deyib gülümsədi və mənim düz gözlərmin içinə baxıb susdu. Biz pilləkənləri qalxıb otaqlarımıza ayrıldıq. Çantamı asılqandan asıb oturdum və: “Bu qadın xəstədir. Nə istəyir bu məndən? İndi də bu mənasız söhbət. Kimə lazımdır kimin əri necədir axı?” – deyə düşündüm. Gün ərzində bir neçə dəfə Süsən xanım məni yanına çağırıb gördüyüm işdən narazı olduğunu bildirdi. Bu gün o mənə tamam başqa baxışlarla baxır və hər dəfə mən otaqdan çıxanda gözlərini qıyıb gülümsəyirdi. Onun bu hərəkətini heç cür izah edə bilmirdim. O gün işdən evə qayıdanda söhbəti maşında yoldaşım başladı: – O sənin rəisin idi? – Hə. Bəyəndin? – Yox. Heç bəyənmədim – Niyə? – Çünki paxıldır. – Sən nə danışırsan? O rəis işləyir. – Nə dəxli var ki? O nə söz idi danışırdı? O sənə paxıllıq edir. Anlamırsan bunu sən? – O mənə dedi ki, rəisimiz qadın düşğünüdür. – Özüdür onun düşgün. Gözlərindən görünür. Ovçüdür. – Nədir? – Sən bilməzsən. – Sən bil ki, sən ondan ağıllı, ondan gözəlsən. Özünü aciz göstərmə. Sənın ondan heç bir asılılığın yoxdur. O, sadəcə sənin rəisindir. Şəxsi işlərinə isə qarışmağa ixtiyarı yoxdur, – deyə əlavə etdi. Yoldaşımın sözləri məni sanki yuxudan oyatdı. Süsən xanımın mənə qeyri-adi münasibətinin məhz paxıllıq olduğunu anladım. Ertəsi gün işə tamamilə başqa əhvalı-ruhiyyədə getdim. Səhər tezdən oyanıb saçlarımı başqa tərzdə daradım. Təzə paltar geyindim. Kosmetikadan həmişəkindən bir qədər çox istifadə etdim. Bir sözlə, tam fərqli bir görkəmdə getdim işə. Maşında yoldaşım mənə baxıb : – Mən də qadın olsaydım sənə paxıllıq edərdim. Gözəlsən axı. Çox gözəlsən! – dedi. Onun sözləri məni daha da ruhlandırdı. Yolda belə qərara gəldim ki, bu gün özüm Süsən xanımın otağına gedib ona salam verəcəm. “Qoy görsün ki, bu gün mən tam başqayam!” – deyə fikirləşirdim. İşə həmişəkindən tez gəlmişdim. Otağıma keçib güzgüyə baxdım, saçlarımı düzəltdim. Mən otaqdan cıxıb rəisimə salam verməyə gedirdim ki, onun otağından gələn qeyri-adi səsləri eşidib ayaq saxladım. İlk saniyələrdə heç nə anlamasam da, bir qədər sonra Süsən xanımın gənc işçimiz Orxanla çox intim söhbət etdiyini tam yəqin etdim. Mən bir addım da irəliləyib onları açıq qapıdan aydın gördüm. Gördüyüm səhnə düşündüklərimi tam təsdiq etdi. ”Bu ki, onun oğlu yerindədir!” – deyə heyrətə gəldim və qeyri-ixtiyari iki addım da atdım. Ayaq səslərini eşidən Süsən, Orxanı itələyib saçlarını və açıq yaxasını bağladı, lakin gec idi. Onlar ikisi də bildilər ki, mən onları bir yerdə gördüm. Mən ilk dəfə istəmədiyim bir hərəkət etdim. Ancaq əminəm ki, bunu etməsəydim Süsəndən canımı qurtara bilməyəcəydim. Mən icəri girib salam verdim və Süsənin düz gözlərinə baxaraq: – Düz deyirsiniz, Süsən xanım, bəzən cavan oğlanlar yaşlı qadınlarla eşq macərası yaşaya bilirlər, – deyib, otaqdan çıxdım. Otağıma qayıdıb yerimdə otursam da, işləyə bilmirdim. Bilirdim ki, bu gün gördüklərimin əvəzində Süsən xanımdan nəsə bir zərbə almalıyam. Cəzamın nə və necə olduğunu heç ağlıma gətirə bilmirdim, çünki o qadının nələrə qadir olduğnu təsəvvür etmək çətin idi. Yeganə onu bilirdim ki, indi daha diqqətli, daha mübariz olmalıyam. Bir neçə gün Süsən xanım mənimlə heç bir əlaqə yaratmır, işimlə də maraqlanmırdı. Aydın məsələ idi ki, indi burda ikimizdən birimiz qalmalıydıq, çünki bizim bir yerdə işləməyimiz artıq mümkün deyildi. 3-4 gündən sonra Süsən xanımın ərizə yazıb işdən getmək arzusunu hamı təəccüblə qarşıladı. İşçilər bu məsələnin səbəbini aydınlaşdırmaq üçün min bir fikir irəli sürürdülər. Heç kimin ağlına gələ bilməzdi ki, Süsən xanımın işdən aralanma səbəbini yeganə bilən adam məhz mən idim. Təbii ki, mən bildiklərimi heç kimə danışmır və heç vaxt da danışmaq fikrində deyildim. Süsən məni otağına çağıranda anladım ki, bu gün aramızda olan söhbət artıq həmişəki kimi rəisimin üstünlüyü ilə keçməyəcək. Güzgüyə baxıb özüm-özümə göz vurdum və ” İrəli!” deyib otaqdan çıxdım. Süsənin qapısını döyüb içəri girdim. Bir neçə gün görmədiyim qadın xeyli dəyişmişdi. Üzündə kosmetikası, gözlərində sürməsi yox idi. Saçlarını arxada yığıb bağlamışdı. Düzü, mənə nədənsə bu görkəmdə qadın daha xoş gəldi. O, sanki daxilən də dəyişmişdi. – Salam, Süsən xanım, – dedim – Salam, gəl, otur. Necəsən? – deyə, rəisim cavab verdi. – Yaxşıyam sağ olun. Siz necəsiniz? – deyə cürət edib soruşdum. Qadın ayağa durub qapını açarla bağladı. Sonra mənimlə üzbəüz oturub bir an gözlərimin içinə baxdı. Onun iri cazibəli gözləri dolmuşdu. Mən nə edəcəyimi bilməsəm də söhbətimizin çətin olacağını artıq hiss edirdim. – Mən tərbiyəsiz biri deyiləm. İstəyirəm bunu biləsən. Ərə gedənə qədər heç kimlə görüşməmişdim. O, mənim ilk məhəbbətim idi. Ərimi çox sevirdim. Onunla olanda özümü dünyanın ən xoşbəxt qadını hiss edirdim. Hətta onun övlad istəmədiyini qəbul edib onunla on il yaşadım. Amma biləndə ki, mənim ən yaxın rəfiqəmlə sevişir, ağlım başımdam çıxdı. Bir gün rəfiqəm mənə zəng edib xaricə həmişəlik yaşamağa getdiyini bildirdi. Çox təsirləndim. Axı o mənə bacı kimi idi. O, mənə “Məni bağışla, Süsən. Mən xaricə sənin ərinlə gedirəm. Biz bir-birimizi sevirik” – dedi. Bax belə, dünyalar qədər sevdiyim insan mənə böyük bir mənəvi zərbə vurdu. Özümə qəsd etmək istədiyim zaman xəstəxanada həkimlər məni zorla həyata qaytardılar. Sonra yavaş-yavaş özümə gəldim və söz verdim ki, ərimdən qisas alacam. Gəldim bura. Rəisimiz onun yaxın dostudur. Ərimə acıq vermək üçün onun dostuyla yaxın əlaqə yaratmaq istədim. Bunu niyə etdiyimi bilmirdim, istəyirdim ki, o, da belə bir xəyanətin nə olduğunu hiss etsin. Amma rəisimiz çox alicənab insan olaraq hər şeyi anladı və məni sakitləşdirib başıma ağıl qoydu. “İşinə davam et!” -dedi. Mən onun yerinə olsaydınım qovardım belə qadını işdən. Amma o mənim başıma gələnləri anladı və məni işdə saxladı,ç ünki o vaxt işləməsəydim dəli olardım. Orxana gəlincə, o da mənim kimi yaralıdır. Burda bir qızı sevirdi. Ona ürəyini vermişdi, amma qız onun yaxın dostunu seçdi. Orxanla sən güman etdiyin dərin əlaqəm yoxdur. Biz sadəcə dərdimizi bölüşürük. Amma sən gördüyün səhnə var idi. Özümdən qat-qat cavan biri məni sevdiyini dedikdə sanki ərimdən qisas alıram. Ona acıq olsun deyə edirəm bunu. Anlayırsan? Yox. Anlamırsan, çünki bunu anlamaq çətindir. Bəlkə mən də anlamazdım. İlk gündən sənə paxılıq etdim. Sənin gözəlliyindən qorxdum. Qorxdum ki.. Heç bilmirəm niyə belə qorxdum. Axı indi mənim əlimdən alacaq heç kimim yoxdur – dedi, Süsən xanım. Mən sakitcə oturub qadını dinləyirdim. Bütün bunları adi bir hekayə kimi qəbul edərdim, əgər Süsən ağlamasaydı. O elə içdən ağladı ki, mən də özümü saxlaya bilmədim. Yerimdən durub Süsənə yaxınlaşdım. Onun boynunu qucaqlayıb üzünə dağılmış saçlarını düzəltdim, sonra onu bağrıma basıb: – Sakit olun, Süsən xanım. Lütfən sakit olun! – dedim. Sonra stolun üstündəki su qabından ona su verdim O suyu içib çantasınsdan bir dərman çıxarıb ağzına qoydu. – Kaş ki, mən yaşayanları sən yaşamayasan, – dedi. Bir qədər sakitləşdikdən sonra otağın açarını mənə uzadıb: – Get otağına, – dedi. Mən otağıma qayıdıb xeyli düşündüm. Başımda hər şey qarma-qarışıq idi. Yeganə onu bilirdim ki, bu gün Süsən xanım özü idi. Onda heç bir saxta, süni hərəkət yox idi. Demək ki, dedikləri həqiqət, yaşadıqları anlaşılandır. İşin bitməsinə yarım saat qalırdı. Mən çantamı yığışdırıb evə getməyə hazırlaşırdım. Birdən qapı açıldı və katibə: – Sizi rəis çağırır, – dedi Rəisin otağında cəmi bir dəfə işə qəbul olanda olmuşdum. Bu gün ikinci dəfə otağa daxil olanda yenə də ilk dəfə olduğu kimi həyacanlı idim. – Buyurun, əyləşin, – deyə rəis mənə oturmağı təklif etdi Bir qədər ümumi söhbət etdikdən sonra: – Deməli belə. Sizi bura çağırmağımın səbəbi var. Bildiyiniz kimi, Süsən xanım öz ərizəsiylə idarəmizi tərk edir. Əlbəttə mən istəməzdim getsin, çünki işi yaxşı bilir, təçrübəsi böyükdür, ancaq o heç niyə belə qərara gəldiyinin səbəbini də izah etmədən ərizə yazıb. Mən hələ ərizəyə qol çəkməmişəm, amma qərar Süsən xanımındır. Biz onu məcbur edə bilmərik. Mən susur və rəisi dinləyirdim. Bir dəqiqə pauzadan sonra o, – Mən belə qərara gəlmişəm ki, Süsən xanımın yerinə sizi təyin edim. Bu həm sizə, həm də bizə xeyirli olar. Siz bölmə rəisi vəzifəsini alırsınız, biz isə yeni, cavan, savadlı bir kadr əldə edirik. Nə deyirsiniz? – deyə rəis sual verdi. – Gözlənilməz təklif oldu. Etimadınıza görə təşəkkür edirəm, ancaq mən bilən Süsən xanım fikrini dəyişib. O qalıb işləyəcək. Məncə kadr yerdəyişməsinə ehtiyac olmayacaq. – Mən belə deməzdim. Süsən bu gün çox pis dəydi gözümə. Hətta icazə alıb evə getdi. – Bəli. Çox ehtimal ki, yorğundur bir az. Mən sizə əminliklə deyirəm ki, sabah hər şey öz yerini alacaq. – Bu əminlik hardandır? – Qadın intuisiyasıdır. – Yaxşı, əgər intuisiyanız sizi aldatsa, Süsən xanımın yerini sizdən soruşmadan sizə verəcəyəm, – deyib, güldü rəis. İşdən həmişəkindən bir qədər gec çıxdım.Yoldaşım məni artıq maşında gözləyirdi. Mən gülə-gülə maşına oturdum. Yoldaşım mənim əhvalımın dəyişik olduğunu hiss edib: – Bu gün başqasan, əzizim. Nə olub? – dedi – Bu gün Süsən xanımla söhbətimiz olub, – deyə cavab verdim. – Yoldaşım əsəbləşib Süsənin ünvanına nəsə demək istədi. Ancaq mən onu qabaqlayıb bu gün olanları yodaşıma danışdım. O da bir qədər düşünüb: – Yazığım gəldi ona. Əclaf kişi gör qadını nə günə qoyub. Bəlkə zəng edəsən çıxardaq onu şəhərə? – deyə yoldaşım təklif etdi. Mən telefonumu açıb Süsənin nömrəsini yığdım. – Süsən xanım, hazırlaşın sizi şam yeməyinə dəvət edirəm, – dedim. Bir saatdan sonra biz sahildə restoranların birində şam yeməyi yeyirdik. Süsən xanım bu axşam o qədər gözəl idi ki, ətrafdakılar ona diqqət yetirirdilər. Biz xeyli oturduq. Yoldaşım da mən də əlimizdən gələni etdik ki, Süsən xanımın keyfi açılsın. O, gülüb danışdıqca daha da gözəl görünürdü. Mən ürəyimdə “Bu gözəl qadının bəxti niyə belə olsun axı?” – deyə öz-özümə sual verirdim. Və düşünürdüm ki, bir zaman oxuduğum “Qadında hər şey var bircə xoşbəxtlikdən başqa” cümləsi məhz Süsən xanıma aiddir. Süsən xanımı evə aparanda yolda ondan bir xahiş etdim və o mənə söz verdi ki, sözümü yerə salmayacaq. Ertəsi gün Süsən xanım işə yeni imicdə gəlib birinci rəisin otağına girdi və: – Ver bura ərizəmi, fikrimi dəyişdim, – dedi Rəis eynəyini çıxarıb Süsənə baxdı. – Bu nə gözəllikdir? Nə baş verir? – Həyat davam edir, əzizim! – deyib öz otağına getdi. O gündən idarəmizdə çox şey dəyişdi. Süsən xanım cavan qadınlara paxıllıq etmir, onlara əlindən gələn köməyi edirdi. Bir neçə aydan sonra Süsən xanım hamımızı restorana dəvət etdi. Yığıncağın səbəbini mən və yoldaşımdam başqa heç kim bilmirdi. Süsən xanım bu axşam çox gözəl görünürdü. Sadə ağ kostyum ona çox yaraşır, hündür dabanlı ayaqqabı onun onsuz da hündür qamətini daha da gözəl göstərirdi. Saç düzümü üzünün cizgilərini daha aydın biruzə verirdi. Bu gün Süsən xanıma heç kim onun yaşını vermirdi. Qadın sanki 10 il cavanlaşmışdı. O, özünə çox yaraşan ağ saç, ağ saqqallı, eynəkli bir adamın mehribancasına qoluna girib məçlisi özü açaraq, – Bu gün bura yeni bir həyata başlamaq qərarıyla gəldim, – dedi. Sonra qoluna girdiyi kişiyə üzünü tutaraq: – Bu insan məni yenidən həyata qaytardı. O, sübut etdi ki, qadın sevgiyə layiqdir və əgər onu sevib anlayan olarsa, qadın sevdiyinə canını da verər. Biz ailə olmaq istədik və bu gün aramızda rəsmi nigah bağladıq. Sizi buraya sevincimi bölmək üçün dəvət etdim. Gəldiyiniz üçün çox sağ olun. Hamı əl çalıb onlara xoşbəxtlik arzulayır, şərəflərinə badələr qaldırırdı. Rəisimiz Süsənin bu qədər dəyişdirənin səbəbkarını tanımırdı. Onlar bu gün burda tanış olmuşdular. Tək mən və yoldaşım bilirdik ki, Süsən xanıma evlilik təklif edib ondan müsbət cavab alan, onunla rəsmi nigaha qol çəkən adam iri bir şirkətin rəhbəri, gözəl bir insan və eyni zamanda mənim yoldaşımın rəisi idi. Bütün bunlar aramızda olan başqa söhbətlər kimi Süsən xanımla mənim sirrimiz olaraq qaldı… “Ehh, qadınlar, qadınlar… Bir gün bir kişi qadını bədbəxt edib həyatını çəhənnəmə çevirə biləcək qədər incidə bilər. Bir gün də başqa birisi onu xoşbəxt edə bilər! Bir şey dəqiqdir ki, heç vaxt heç bir qadın, hətta dünyanın ən gözəl, ən ağıllı qadını olsa belə, bir gün xəyanətlə qarşılaşmayacağına zəmanət verə bilməz…” Bütün bunları maşında evə qayıdarkən sükan arxasında oturan həyat yoldaşıma baxa-baxa düşünürdüm… P.S. Bir gün təsadüfən yoldaşımın telefonunda bir yazışma gördüm. Ərim naməlum bir qadına onu sevdiyini və onunla görüşmək istədiyini yazırdı…
Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…
CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.