Etiket arxivi: YAZAR

ZAUR USTAC – ANA ŞEİRLƏRİ

Zaur Ustac və anası Gülüzə xanım. 1997 – Xanabad.

ANA

Sönməz bir od kimi, adın qövr edər,
İçimdən atəşlə boylanar, ANA!
O, hansı duyğudur, hər şeydən uca,
Qəlbimin yağıyla qovrular, ANA?!

***

Nə qədər cismimdə dövr edər qanın,
Nə qədər yaşayar, bir para canın,
Özünün əmridir, Cənabi-haqqın,
Borcluyam, qarşında daima, ANA!

***

Ümidim, təsəllim sənin duandır,
Həmişə çin olan röyalarındır,
Ən yüksək mərtəbə analarındır,
De, səni unutmaq olarmı, ANA?!

13.04.1997. Bakı.

ANA

Beşiyim üstündə layla çalanım,
Gözümün işığı, dirəyim, ANA!
Dünyalar durduqca, yaşayasan sən,
Düşünən beyinim, ürəyim, ANA!

***

Dünya yaranışdan Həvva anamız,
Anadır, bacıdır qol-qanadımız,
Özün demişdin ki, deyil babımız,
Gör, nəyin dərdini çəkirsən , ANA!

***

Heç fikir eləmə oğul sarıdan,
Oğlunu bəxş etdi ulu Yaradan,
Mərdlərə təsəlli olmaz nigardan,
Vətənçün böyütdün oğlunu, ANA!

***

Vaxt olar; baharda, açanda güllər,
Yaxud da qocalar dadanda nübar,
Sənin də üzünə təbəssüm qonar,
Qayıdacaq oğlun, cəbhədən, ANA!

ANA

Sənsən xəyalların tuşlandığı yer,
Ümdə arzuların məkanı, ANA!
Nə qədər, möcüzəli, sirli bir dünya,
Kəşf olunmamış dünyamsan, ANA!

***

Nə deyim, nə yazım yaraşsın sənə,
Yüksələ biləydim kaş mənsəbinə,
Dünyalar sığınar mərhəmətinə,
Özün boyda böyük dünyamsan, ANA!

***

Bir, şirin kəlməni eşidəydim kaş,
Kipriyim islanıb, oldu yenə yaş,
Olaydım, ayağın altda qalan daş,
Biləydim, başımın üstəsən, ANA!

***

Elə, kövrəlmişəm, körpə uşaq tək,
Qəlbimi yandırır odlu bir, istək,
Ay Ana, saçıma yüngül sığal çək,
Ən böyük dövlətim, qayğındır, ANA!!!

ANA

Ey ilk sözüm, əzəl cümləm, dastanım, Ana!
İnsanların gözəli, mehribanım, Ana!
***
Ana, borcludur hər bir kəs önündə sənin
Səcdəyə layiqsən, ey səcdəgahım,Ana!
***
İlahi bəxş etmiş səni xoş günlər üçün
Ey azadə günüm, xoşbəxt dövranım, Ana!
***
Bil, ülviyyətin ilə sən geniş cahansan
Mənim həyat məktəbim, ilk cahanım, Ana!
***
Hamı istinad üçün öncə səni görür
Hər sözün mənbəyi, istinadgahım, Ana!
***
Dünyada sənin tək uca varlıq de hanı?
Ey müqəddəsliyin rəmzi, paklığım, Ana!
***
Zaurun bildiyi bu idi, bunu dedi
Bilmədiyim ucalıq, cənnəti-sultanım, Ana!

29.12.1991. Yusifcanlı.

ANA

Ana, ən ülvi insan
Çox əziz, çox mehriban.
Övladına qayğılı,
Övlad ananın balı.
Ana balasın sevər,
Hərdən tənbeh də edər.
Bu danlamaq deyildir,
Ana nəvazişidir….
Övlad üçün şalışır,
Hər zəhmətə qatlaşır.
Övladı gümrah olsun,
Paltarı təmiz olsun.
Hamıdan yaxşı geysin,
Ən ləziz yemək yesin.
Bala pis iş görəndə,
Ana bunu biləndə….
Çox da ki, kötəkləyir….
Ana məhəbbətidir.
O, övladın çox sevir.
Pis əməlin istəmir….
İstəyir yaxşı olsun,
Ləyaqətli böyüsün….
Fərsiz övlad olmasın,
Adın təmiz saxlasın.
Ana tənbeh edəndə,
Hərdən kötəkləyəndə….
O, balasın döyməyir,
Xətadan hifz eləyir.
Deyirəm, bir haləti,
Qədim bir rəvayəti;
Rəvayətdə deyilir,
Bir Ana vəfat edir….
Vəfat edərkən Ana
Deyir öz yoldaşına:
-“Sən kəs əlimi saxla,
Sonra yoldaşın olsa….
Bu əllə uşaqları,
Vursun, vuranda barı….
Mənim əlim ağtıtmaz,
Öz balamı sızlatmaz….
Axı, ananınkıdır,
Ana əli AĞRITMIR….

08.03.1990. Ağdam-Yusifcanlı.

* * *

Ay ana, adına vurğunam sənin,
Durduğun ucalıq xəyalə gəlməz…
Dünya xalqlarının lüğətlərində,
“ANA” sözünə tay söz ola bilməz!!!

08.01.1997. Bakı.

AY ANA

(Yazar Etibar Həsənzadənin anası Nailə xanıma )

Ay Ana, önündə səcdədəyəm mən,

Varlığın duyulan hər yer cənnətmiş.

Xatəmül-ənbiya (s) vermişdi xəbər,

Qədəmin toxunan  hər yer cənnətmiş.

* * *

Ən türlü kəlmələr, xitablar belə,

Sənin  tərifini daşımaz dilə,

Dünyanın mal-mülkü sığışmaz ələ,

Əməlin görünən hər yer cənnətmiş.

* * *

Ustacam, əzəldən həqqi bilmişəm,

“Ordan” gələn varmı ? – Çox eşitmişəm,

Deyəcəm, cənnəti görüb gəlmişəm,

Əsərin  oxunan  hər yer cənnətmiş.

16.07.2017.  Bakı.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – HEYKƏLLƏŞƏN QADIN – BU GÜN ONUN GÜNÜ

Gültəkin Əsgərovanın heykəli – Ünvan:Atatürk, Bakı, Nərimanov, AZ1110.

QISA ARAYIŞ:

Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyun 1992-ci ildə qəhrəmancasına həlak olub. Gültəkin Əsgərova ailəl i idi və bir qız övladı qalıb. Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub.

GÜLTƏKİN ƏSGƏROVA HAQQINDA

Əsgərova Gültəkin Məlik qızı 20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Gültəkin fizika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiyadalarda daim iştirak edərək həmişə qalib adını qazanıb. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra isə Uroloji xəstəxanada…

Gültəkin həkim…


O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyir, həkimlərin dərin hörmətini qazanır. Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünür. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir.

Döyüşçü, bacı, qadın, həkim, şəhid, Qəhrəman Gültəkin…

Uzun döyüş yolu keçən Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdur.

Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. Eyni zamanda Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə də büstü var. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Tibbi biologiya kafedrası onun adını daşıyır. Bundan əlavə, Xəzərdə üzən gəmilərdən biri də onun adını daşıyır və muzeyi təşkil edilib. 
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filminin təqdimat mərasimi keçirilib və ona həsr olunan “Gültəkin zirvəsi” kitabı təqdim olunub. 

Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.




Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ MƏMMƏD – ANA RUHU

Təranə Məmməd – yazar.

Hekayə
Eldar tez-tez qəribə yuxu görürdü. Hərdən gecə ayılıb yerini dəyişir, siqaret çəkirdi ki, bu yuxu ondan əl çəksin, lakin, heç nə kömək etmirdi.
Başını yerə qoyan kimi kəndin içində kiçik birmərtəbəli ev, evin ətrafındaki ağaclar yuxysunda elə aydın görünürdü ki, sanki bu yuxu yox, real həyat idi.
Eldar Bakıda anadan olub , burada oxuyub, universitet birirmişdi. Bir neçə il xarici ölkələrdən birində işlədikdən sonra Bakıya qayıdıb dostunun təsis etdiyi şirkətdə çalışırdı.
Subay insanın sərbəst həyatını yaşayırdı Eldar.Onun nədən evlənmədiyini soruşan olanda,Eldar gülə-gülə “hələ tezdir”deyirdi.
Anası Səmayə xala nəvə-nəticə görmədən, oğlundan nigaran köçdü bu dünyadan. Atası hələ Eldar körpə ikən öldüyündən heç onun evlənib-evlənmədiyilə maraqlana da bilmədi.
Eldarın özünü subaylıq heç narahat etmirdi. Onun yeganə narahatçılığı gecələr gördüyü yuxu idi.
Dünən gecə, yenə həmin yuxunu gördükdən sonra, Eldar belə qərara gəldi ki, həkimə müraciət edib yuxu dərmanı alsın və nəhayət rahat yata bilsin.
Səhər tezdən yuyunub geyindikdən sonra Eldar adəti üzfə bir fincan qəhvəni götürüb televizorun qarşısında əyləşdi və orada göstərilən kadrı gördükdə içdiyi qəhvə boğazında qaldı.
Diktor həzin səslə şərh etdiyi kadr uzun illərdir ki, Eldarı narahat edən yuxunun səhnəsi idi.
Kiçik bir kənd, ağaclar və birmərtəbəli köhnə ev.
Diktor bu evdə uzun illərdi ki, tək-tənha yaşayan bir qadından və onun qeyri-adi hissiyyata malik olduğundan danışırdı.
Eldar əlindəki fincanı stolun üstünə qoyub quruyub qalmışdı.
Bir qədər sonra məlum oldu ki, bu qadın meşədəki otlarla, quş ətiylə və giləmeyvələrlə dolanır və demək olar ki, yanına heç kimi yaxın buraxmır.
Eldar qəhvəni yarımçıq qoyub televiziyaya zəng vurdu.Həmin verilişi hazırlayan jurnalistlə görüşmək istədiyini bildirdi. Ona verilən telefolna zəng edib həmin qadının dəqiq ünvanını öyrəndi və qərara gəldi ki , sabah tezdən yola düşüb həmin qadınla danışsın və o, Eldara nədən illərcə bu kəndin, bu evin onun yuxusuna gəldiyini izah etsin.
Bütün günü televiziyada göstərilən səhnə haqda düşündü Eldar. Gecə yenə həmin yuxunu gördü.Bu dəfə həmin qadın ona əl edərək harasa getməyi təklif edirdi.
Eldar oyanıb gözlərini ovuşdurdu və yola çıxmağa hazırlaşdı.
O işə, dostuna zəng edib təcili rayona getməli olduğunu bildirdi. Dostu qəfil səfərın səbəbini soruşanda Eldarın ağlına gələn”gedirəm dədə-baba yurdunu ziyarət etməyə”cümləsi oldu.
Sonra özü öz dediyi sözlərə gülümsəyib təəccübləndi.
“Hansı dədə-baba yurdundan danışıram mən? Hamı bilir ki, atam da anam da bakılıdır və heç bir rayonla əlaqəm yoxdur,” -deyə düşündü.
Bakıdan cəmi iki saat yarımlıq məsafədə yerləşən bu kiçik kəndin çox gözəl təbiəti var idi. Hər yan yaşıllıq,uzaqda həzin-həzin axan çay, ara-sıra görünən kənd evləri. Eldar yolu soruşa- soruşa düz həmin qadının evinin qapısına yaxınlaşıb əlindəki açarla onu döydü.
Qapını açan qadının geyimi, saçı və ümumiyyətlə üzündəki ifadə Eldarı əməlli başlı vahimələndirdi. Qadın qapını açıb Eldara diqqətlə baxdı və:
-Gəldin? Neçə ildir gözləyirəm səni .
– Məni??- deyə Eldar təəccübləndi.
-Hə. Səni. Nə qədər çağırırdım, hava yollayırdım, eşitmirdin.
– Nə yollayırdın?- deyə Eldar daha da çox təəccübləndi.
– Eee. Sən bilməzsən belə şeyləri.Gəl, gəl otur! Başımın bəlası.
– Bağışlayın,mən axı sizi heç tanımıram.
– Sən kimi tanıyırsan ki?
Başın qarışıb pul qazanmağa bir də ölkələri gəzməyə.
– Siz məni tanıyırsız?
– Mən səni tanımıram sənin ruhunu tanıyıram. Amma o qız səndən ağıllı və incədir. Səni bəyənmədim.
– Çox sağ olun. Mən heç özüm də özümü bəyənmirəm.
– O axmaq isə səni illərdir gözləyir. Yazıq.
– Kim?
– Sənin gələcək arvadın.
– Siz nə danışırsınız? Mənim evlənmək fikrim yoxdur.
– Sən özbaşınasan ki? Sən nəyi həll edirsən ki?
– Mən istəməsəm məni bu yaşımda kim evləndirə bilər?
– İstəməsən, heç kim. Amma istəsən…
– Yaxşı. Buraxın bu çəfəngiyyatı. Mən bura başqa bir iş üçün gəlmişəm. Məsələ burasındadır ki….
– Sən illərdir bu kəndi və bu evi yuxuda görürsən eləmi?- deyə qadın Eldarın sözünü kəsdi.
Eldarın nitqi tutuldu.
– Bəli,- deyə o astaca cavab verdi.
– Bilirəm. Daha görməyəcəksən o yuxunu. Başın ailənə, uşaqlarına qarışacaq.
– Hansı ailəmə? Hansı uşaqlara? Nə danışırsınız siz?
– Başqa sözün yoxsa dur! Gecdir. Yol gedəcəksən.
– Yoxdur başqa sözüm, – deyə Eldar ayağa durdu və qadının evini tərk edib maşına oturdu.
Yol boyu gördüklərini və eşitdiklərini həzm etməyə çalışırdı,sonra həmin qadının sərsəm olduğunu düşünüb hər şeyi unutmağı qərara aldı və bura gəlməyinə də çox heyfsiləndi.
Bir qədər getdikdən sonra Eldar yol qırağında əl edən kişini görüb maşını saxladı.
– Salam. Bu maşını tanıdığımdan əl etdim. Şirkətimizin qarşısında görürəm hər gün maşınınızı. Dedim bəlkə mənə kömək edəsiniz.
– Siz yəqin qonşu şirkətdə işləyirsiniz.
– Bəli
– Çox yaxşı onda tanış olaq. Eldar.
– Ağa.
– Nə kömək lazımdır , Ağa müəllim?
Ağa müəllim maşınının qəfil sıradan çıxdığını deyib qeyd etdi ki, qızı Səlimə də maşındadır. Onlar birlikdə maşına əlac etmək istədilər, lakin, heç nə alınmadı.
Eldar yol servisinə zəng edib usta çağırdı.
Ağa müəllim tez-tez saata baxırdı.Eldar hiss edirdi ki, kişi nədənsə çox narahatdır.
– Siz deyəsən çox tələsirsiniz, – deyə Eldar bu təlaşın səbəbini öyrənmək istədi.
-Bəli. Qızım Səlimə təyyarəyə gecikir.Çox narahatam.
Maşında oturub kitab oxuyan xanımın Səlimə olduğunu öyrəndi Eldar.
– Qızımdır. Xarıcə bileti var. Çatmasaq gərək dəyişək bileti,- deyə Ağa müəllim maşının qapısını açıb Səliməylə Eldarı tanış etdi.
– Onda belə edək…- deyə Eldar qərarını söyləmək isyəyirdi ki, servis maşını uzaqda göründü.
– Baxın. Gəldilər. İndi hər şeyi tezliklə həll edərlər məncə.
Usta maşına baxıb başını buladı və:
– Müəllim, bir necə saat çəkər bu. Cihazları gətizdirməliyəm.
Ağa müəllim qızına sual dolu baxışlarla baxdı.
– Mən gecikə bilmərəm, ata! – deyə Səlimə nəhayət dilləndi.
Eldar bayaq demək istədiyi fikrini nəhayət səsləndirdi.
-Ağa müəllim, gəlin mənim maşınımla gedək. Səlimə xanım da rahat yola çıxsın. Maşınınızı da sonra götürərik. Qoyun uşaqlar rahat işləsinlər.
Bu təklifi çoxdan gözləyirmiş kimi Ağa müəllim təşəkkür edib razılaşdı.
Ağa müəllim qızıyla maşına oturanda Səlimə incə səslə:
-Çox sağ olun. Yardım etdiniz bizə,- dedi.
– Buyurun. Hələ çatmamışıq. Əyləşin,- deyə Eldar cavab verdi.
Eldar güzgüdə Səliməni çox yaxşı görürdü. İri gözləri,qısa saçları və incə cizgiləri var idi. Qızın boyunun çox hündür olmadığını da sezdi Eldar. Əynində açıq mavi köynək və cins şalvar olan Səlimənin yaşı o qədər də az deyildi, üzündən saf bir təravət yağırdı.
Eldar özünə etiraf etdi ki, heç bir qadın onu belə cəlb etməmişdi. Səlimə o qədər incə idi ki, insan elə ona həmişə yardım etmək, onun incəliyini qorumaq istəyirdi.
– Çatarıq. Narahat olmayın,- deyə Eldar sürəti bir qədər artırdı.
– Yox. Siz allah, bərk sürməyin. Onsuz da neçə illərdir narahatam Səlimə üçün. Bu zəhrimar kənddə nə işim var axı mənim?
Bu gic yuxular olmasaydı .
Eldar az qala sükanı əlindən buraxmışdı.
– Nə yuxular?- deyə o soruşdu.
– Bilirsiniz? Neçə ildir Səlimə yuxuda bir kənd və bir kiçik ev görür. Dünən də həmin evə bənzər birini televiziyada görüb məni məcbur etdi ki, gedək ora.
– Və? – deyə Eldar maşının sürətini azaltdı.
– Qəribə bir qadındır evin sakini. Deyirlər baxıcıdır yoxsa ekstrasensdir, bilmirəm. Bir az danışdı bizimlə, heç nə anlamadım mən.
Bəlkə Səlimə anladı, bilmirəm.
Səlimə maşının pəncərəsindən yola baxır və dərin fikrə getmişdi.O atasıyla Eldarın söhbətini heç eşitmirdi. Ürəyində qoca qadının dediyi sözləri təkrar edirdi”O özü səni tapacaq.O da səni illərdir axtarır. Bəlkə də bu gün görüşdünüz”.
Eldar istədi desin ki, o da həmin evə həmin məsələyə görə getmişdi,lakin demədi.
Ürəyində bu əhvalatın çox maraqlı və əcaib olduğunu düşündü. Sonra fikirləşdi ki,yəqin Səlimə həmin qarı deyən qadındır.
Elə bu fikirlərlə onlar Bakıya çatdılar.
Eldar Səliməni və atasını evlərinin qarşısında qoyub getmək istəyirdi ki, Səlimə ona bir kiçik kart uzatdı və:
– Gələn həftə Bakıda olacam. Sərgim var. Dəvətlisiniz,- dedi.
Eldar təşəkkür edib. Öz vizit kartını Səliməyə verib uğurlar arzuladı və mütləq sərgiyə gələcəyini dedi.
– Gəlin, Eldar, mütləq gəlin. Səlimənin çox maraqlı işləri var,- deyə Ağa müəllim Eldara təşəkkür edib ayrıldı.
Eldar kartı cibinə qoyub evə surdü maşını.
Gecə yatağa uzanıb gözünü yumub yenidən həmin yuxunu görəcəyinə əmin idi. Lakin, o yuxuya gedib çox rahat yatdı səhər də durub işə getdi. Yuxu görmədi o gecə.
Təəccüb və müxtəlif fikirlər bütün günü və bir neçə gün sonra Eldarı tərk etmirdi.
Kimdir bu qadın? Nədən o məni bü qədər düşünməlidir?
Yaxşı,deyək ki, mən necəsə düşmüşəm onun fikir dairəsinə. Bəs Səlimə?
Bəlkə bu qadın elə hamını görür ? Axı bu mümkün deyil! Bu ola bilməz axı! Ağıla sığmayan bir şeydir!
Bir həftədən sonra Eldar sərgiyə getməyə hazırlaşırdı. Müdiri Aydın Eldarla çox yaxın olduğundan onun həyacanını sezib hara getdiyini soruşdu.
– Sərgiyə dəvətliyəm. Gəl gedək mənimlə,- dedi Eldar.
– Gedək. Sevirəm rəsm əsərlərini,- deyə Aydın o dəqiqə razılaşdı.
Onlar görüşüb hərəsi bir dəstə gül alıb sərgiyə getdilər.
Səlimə çox gözəl görünürdü. Eldar Səliməyə yaxınlaşıb gülləri ona təqdim etdi və:
– Dostumdur həm də müdirim. Tamış olun, Səlimə xanım!- deyə dostunu təqdim etdi.
– Çox gözəl. Səlimə
– Aydın
Aydın da əlindəki gülləri Səliməyə verdi və hiss etdi ki, bu qız onu sanki ovsunladlı. Səlimənin hər hərəkətinə,baxışına gülüşünə diqqət yetirirdi Aydın.Səlimənin çəkdiyi rəsmlər onu valeh etmişdi.
Eldar bir əsərin qarşısında dayanıb heyrətlə baxırdı. Həmin kənd, həmin ev, həmin ağaclar. Bu Eldarın yuxusu idi. O dəqiq bildi ki, Səlimə də həmin yuxunu görürmüş illərdir.
– Ah! Səlimənin sevimli yuxusu!- deyə bir qadın onu fikirdən ayırdı.
Eldar çönüb arxaya baxdı. Arxasında duran Səlimə idi, lakin, başqa geyimdə. O təəccüblə qadına baxıb:
– Səlimənin? – deyə soruşdu.
– Bəli. Bacımdır Səlimə. Mən Həliməyəm.Sizi qiyabi tanıyıram.Atam danışıb.Siz Eldarsınız?
– Bəli. Mən Eldaram. Siz Səlimə xanıma çox oxşayırsınız.
– Hə. Bilirəm. Əkizik. Amma,mən rəssam deyiləm. Heç çəkə bilmirəm. Mən ailəmizin həkimiyəm.
Eldarın ayaqları titrəyirdi. Onun sanki dili tutulmuşdu. Heç vaxt belə vəziyyətdə olmadığını dəqiq bilirdi. O qəfil bu qadının əlindən tutub onu harasa uzaqlara aparmaq istədi. Eldar hiss edirdi ki, ürəyi çox bərk döyünür. O, özünü ələ almaq istədi,lakin bacarmayıb:
– Siz çox gözəlsiniz, Həlimə xanım!- dedi.
Eldar Həlimənın diqqətini içəri girən kimi çəkmişdi. O, onu bütün sərgi boyu izləyirdi. Onunla iki kəlmə danışdıqdan sonra isə ilk baxışdan vurulmuşdu Eldara.
Aydın şəkillərə baxdıqca Səlimənin daxili aləmini görür və valeh olurdu.
O zala göz gəzdirib Eldarın Səliməyə çox oxşayan bir qadınla danışdığını gördü və onun yanına getdi.
– Tanış olun, Həlimə xanım. Dostum Aydındır,- deyə Eldar onları tanış etdi.
– Çox gözəl. Mən Səlimənin əkiz bacısıyam,- deyə Həlimə özünü təqdim etdi.
-Mənim təklifim var!- deyə Aydın üzünü Eldara tutdu və :
-Gəlin sərginin açılışını bir yerdə qeyd edək! – dedi.
Eldar bu təklifə o qədər sevindi ki, az qala dostunu qucaqlayıb öpəcəkdi.
– Gözəl təklifdir!- deyə Eldar dostunun fikrini bəyəndi.
– Səlimə razı olsa, mən razı!- deyə Həlimə də sevindi.
Bir necə dəqiqədən sonra sərgi zalı demək olar ki, tam boşaldı. Səlimə son qonaqları ilə görüşüb onları yola saldı və :
– Çox yoruldum,- deyə Eldargilə yaxınlaşdı.
– Bir yerdə sakit oturub musiqi dinləyərək bir tikə çörək yeməyə necə baxırsınız,Səlimə xanım?- deyə Aydın soruşdu.
– Əla! Ata icazə versə gedərdik!- deyə Səlimə cavab verdi.
Ağa müəllim mənim boynuma! – deyə Eldar zala göz gəzdirib qızların atasını tapıb ona yaxınlaşdı və fikrini ona bildirdi.
Ağa müəllim çox mədəni və gözəl insan idi. Artıq neçə illər idi ki, həyat yoldaşını, yəni əkizlərin anası Dilarə xanımı itirmişdi.O,bütün ömrünü qızlarına həsr edib.İndi vaxtilə onunla bir yerdə oxumuş bir qadınla dostluq edirdi. Qızlar da Hunay xanımı tanıyır, ona hörmətlə yanaşırdılar.
Atalarının tənhalığını bölüşən bu qadın mədəni və yaşının çox olmasına baxmayaraq təravətli və gözəl görünürdü. Bu gün də Humay xanım burda Ağa müəllimin yanında idi. O, Ağanın cavab verməsini gözləmədən:
– Əlbəttə gedin! Cavanlıq heç vaxt dönmür. Bu günlərin qədrini bilin! Ağa, burax, getsinlər!- dedi.
– Nə deyim? Humay xanım ağıllı qadındır. Əgər belə deyirsə, deməli olar, – deyə Ağa müəllim razılığını bildirdi.
Bir saatdan sonra Aydın, Səlimə, Eldar və Həlimə şəhərin restoranlarının birində həzin musiqi sədaları altında çörək yeyirdilər.
O qədər səmimi və şən dörtlük alınmışdı ki, bəlkə illərlə bir- birini axtarsaydılar bu şəkildə görüşüb anlaşmazdılar.
Qızlar evə gecədən xeyli keçmiş gəldilər.
Ağa müəllim onları gözləyirdi.
Qızlarının gözlərində parlayan işıq təcrübəli Ağa müəllimə bildirdi ki, hər şey çox yaxşıdır və o tezliklə toya hazırlaşmalıdır.
P. S.
Bakıdan rayona gedən yol. İki qara maşın bir- birinin ardıyla kəndə üz tutub. Kənddən bir qədər kənarda yerləşən köhnə birmərtəbəli evin qapısı açıqdır. Eldarla Səlimə bir neçə il ərzində dəfələrlə gördükləri eyni yuxunun real həyatda mövcud olduğunu bilərək, bu gün bu qeyri-adi qadına baş çəkməyə gəlmişdilər.
Aydınla Həlimə yuxu görməsələr də bu qəribə əhvalatın bilavasitə iştirakçıları olaraq burda idilər.
Eldar açıq qapını döymədən içəri girdi. Qadın çarpayıda uzanmlşdı. Gözləri bağlı idi. Səlimə Eldarın arxasında durub qadına baxırdı. Onlar qadının sağ olub olmamasını təyin edə bilmirdilər.
Eldar bir addım irəli keçdi və əlini qadına tərəf uzadıb onun əlindən tutmaq istədikdə o, gözlərini açdı və:
– Yaxşı ki gəlmisən,- deyə Eldara əlini uzatdı.
Sən də yaxşı edib gəlmisən. Sizi görmək istəyirdim ölməzdən əvvəl.
Siz ikiniz də yaxşı insanlarsınız. İkinizi də mənə analarınızın ruhu, Səmayə və Dilarənin pak ana ruhları tapşırmışdı. Söz vermişdim onlara. Görüşdürə bildim sizi. Amma.. yoox. Belə deyil. Mən niyə narahatam? Siz bura kimlə gəlmisiniz?
Yoox. Bu sənin qismətin deyil! Mən səhv etmişəm! Axı belə olmamalıdır. Nədir məni narahat edən?-deyə qadın təşvişlə soruşdu.
Qadının əlləri əsməyə başladı, dili dolaşırdı.
Eldar bunu gördükdə:
– Düz deyirsən. Mənim qismətim onun bacısı oldu. Səlimə isə mənim dostumla evləndi, – dedi.
– Bəs mən niyə bacısı haqda heç nə bilmirəm?- deyə qadın soruşdu.
Kənarda duran Səlimə dilləndi:
– Anam bizi heç ayırmırdı. Hətta adlarımız da oxşardır. Bəlkə ona görə.
-Qoy o da qəlsin! – deyə qadın əllərini qapıya uzatdı.
Həlimə ilə Aydın içəri girdilər.
Qadın başını qaldırıb Həliməyə baxdı və:
– Hə. Bax bu qızdır! Budur! Sonra Eldara baxıb:
– İndi rahat ölə bilərəm,- dedi və gözlərini yumdu.
Eldar da, Səlimə də ona köməlk etmək, həkim çağırmaq istədilər, lakin, gec idi.
Səlimə ilə Aydın və Həlimə ilə Eldar ailə qurub yaşadılar, oğul , qız sahibi oldular, lakin, elə də nə baş verdiyini və necə baş verdiyini heç kim izah edə bilmədi.

Müəllif: Təranə Məmməd



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏADƏT QƏRİB – GECIKƏN BƏYAZ GÜL

Səadət QƏRİB – yazar.

GECIKƏN BƏYAZ GÜL

Bəzən həyatımıza girən ” kaş ki” kəlməsi  bir ömür boyu bizə yoldaş olur, hər nəfəs aldığımzda  içimizi qurd kımı yeyir, yaralarımızın qaysağını qopardıb, sızladır.. “Bəlkələr “də həmçinin…. Elcanın  dilində bir ömür qalan  ” kaş ki” kəlməsi kimi…

“8 mart Qadınlar bayramı”

Quşların cəh-cəhləri hər yandan duyulan yazın ilıq nəfəsilə  qarışaraq insanın ruhunu oxşayırdı. Öncələr sevdiyi “8 mart “bayramını daha sevə bilməz ki  Elcan…

      O   sübh tezdən oyanıb tələsik evdən çıxdı. Gül  dükanına daxil olub bir bəyaz gül alıb maşınına əyləşib  yola düşdü. .

    Elcan yol boyu gözlərinin yaşını saxlaya bilmirdi, “necə unuda bildim ?” deyə özünü danlayırdı. Həyacandan ikiəlli sükandan bərk-bərk yapışan Elcan heç vaxt  unuda  bilmədiyi o günü  yenidən yaşayırdı. O bu düşüncələr içində məzarlığa çatdı.Maşını bir kənara verib, ağır addımlarla, başını aşagı salaraq  anasının məzarına yaxınlaşdı. Məzar bəyaz güllər içində güllü baxçaydı. 20 ildir özünü bağışlaya bilməyən Elcan anasının məzarına yaxınlaşıb bəyaz gülü məzara qoyub , dəfələrcə dediyi sözü: “Bağışla məni “ana deyib yenidən  hönkürdü…Yenidən o” mənzərə” kino lenti kimi gözündə canlandı, onu 20 il öncəyə “8 mart” gününə apardı…20 il öncə Elcanın düz  29 yaşı vardı…

    O gün Məryəm ana həmişəki kimi sevincli idi. Səhər tezdən oyanıb oğlu Elcanı işə yola salmışdı. Sonra isə nahar tədarükünə  başlamışdı. Oğlunun ən sevdiyi yeməkləri hazırlamış, sevdiyi şirniyyatlardan  bişirmişdi. Axı o gün bayram idi. Məryəm xanımın ən sevdiyi bayram . Qadın olduğunu hiss etdiyi bayram..O gün oğlu, onu ən çox sevdiyi tək bəyaz güllə təbrik edəcəkdi. Bu tək bəyaz gülün tarixçəsi isə  Məryəm   xanım üçün çox özəl  idi.

   Oğlunu dünyaya gətirən gün həyat yoldaşını itirmişdi Məryəm  xanım. Həmən gün  həyat yoldaşı avtomobil qəzasında dünyasını dəyişmişdi.

O, həyat yoldaşı Ramizlə  hələ məktəb illərindən, sevgilərindən çox öncə  dost idilər.O zamanlar  hər 8 mart günü Ramiz  ona tək bir bəyaz gül  alar, təbrik edərdi. Çünki Məryəmin nə qədər bəyaz gülləri sevdiyini yaxşı bilirdi. Elə ilk evlənmə təklifi edəndə də  bəyaz güllə sevindirmişdi Məryəmi. Amma oğlunu dünyaya gətirən günə yetişə bilməmiş və əlində bir bəyaz güllə avtomobil qəzasına uğramışdı.Məryəm xanım o qanlı gül qurusunu hələ də saxlayırdı. Elcan demək olar ki, 10 yaşından  bu hadisəni öyrəndikdən sonra, anasına hər bayram ağ gül bağışlar, bu ənənəni ürək ağrısıyla da  olsa  davam etdirirdi. Anası da çox sevinər, hər dəfə bayram günləri acıılı – şirinli xatirələriylə baş -başa  qalar, yenidən o günləri yaşardı.

    Məryəm ana naharı hazırlayıb, masanı bəzədi..Pəncərənin önündə oturub oğlunun yolunu gözlədi. Və yaşadığı əzablı , sevincli günləri yenidən xatırladı. Oğlundan başqa həyatda kimsəsi yox idi. Bütün sevgisini ona vermişdi. Onu oxutmuş, böyütmüş, sadəcə onunçün yaşayırdı. Oğlu da onu böyük məhəbbətlə  sevərdi.

Artıq şər qarışmışdı, saat 12-ni göstərirdi.Qəfil qapının zəngi çalındı. Səsdən diksinən ana sevincək  qapıya doğru qaçdı. Oğlu sakitcə içəri girdi ,deyəsən  bir az da içkili idi.

 “Ana mən yatacam” deyib otağına keçdi. Onun bu soyuqluğundan ana çox sarsıldı:

-Oğlum sənin sevdiyin yeməkləri hazırlamışam, gəl bərabər oturub yeyək. Səhərdən   mən də heç nə yemədim, səni gözlədim.

–  Yox ana , sən ye, “mən yatacam “deyib tələsik otağına keçdi.. Telefonu çıxardıb sevgilisini aradı. Yenidən onunla deyib gülməyə başladı. Bütün günü birlikdə keçirtmişdilər. Bir dəstə bəyaz gül , hədiyyələr alıb sevgilisini təbrik etmişdi.Demək olar ki maaşını tamamilə sevgilisinin hədiyyələrinə xərcləmiş, amma nədənsə anası üçün bir tək bəyaz gülü unutmuşdu.

  Məryəm ana yeməyə toxunmadan otağına keçdi. Ürəyi döyünməyə başladı. Fikirlərə qərq oldu. Elcan heç belə etməzdi. Demək qorxduğum başıma gəldi. Mənə olan sevgisi azalmış. Ana özünü ələ almağa çalışırdı.. Yox, yəqin daha önəmli işləri olub deyə özünə yalandan təskinlik verdi.. Yox  unutmaz , bilir o gülü necə gözlədiyimi. Yəqin bu gün bayram olduğunu unudub, yəqin səhər  alar deyə fikirləşdi.Amma ürəyinin sancısı, narahatlığı artırdı. Rəfdən gündəliyini götürdü .Tarixi qeyd etdi. Tək bir cümlə  yazdı.. “Gecikən bəyaz gül “….

Sonra dəftərin arasındakı qurumuş bəyaz gülü əlinə aldı, gözlərindən axan gözyaşlarıyla o qurumuş gülü islatdı. Ovcunda bərk bərk sıxdı, və yatağa uzandı…

    Səhər Elcan yuxulu-yuxulu  mətbəxə su içməyə keçdi.Başı çox ağrıyırdı. Yatağına geri dönəndə   salonda toxunulmamış  masanı görüncə sanki yuxudan ayıldı. İki əliylə başını  tutdu.”Mən neylədim İlahi?” Bu nə haqsızlıq- deyib dərhal əynini geyindi, çox keçmədi ki, anası yuxudan oyanmamış  bəyaz güllə evə döndü.  Anasını  səslədi, amma səsinə səs verən olmadı. Yataq otağının qapısın açıb sakitcə  içəri girdi.  Çarpayıda uzanan anasına yaxınlaşdı. Onu oyandırmaq üçün ehmalca əlni uzadıb onun əlindən tutdu və birdən  diksindi. Ananın əlləri bum-buz idi.  O  əbədi yuxuya getmişdi…, yanağında donmuş gözyaşları…

ovcunda bərk bərk tutduğu qurumuş bəyaz gül…

05.03.2021.

Müəllif: Səadət QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – RUH VƏ YUXU

Zaur USTAC – şair, publisist.

              RUH VƏ YUXU  HAQQINDA

ALTINCI YAZI

Yuxu və ruh bəşər övladı yaranandan onu düşündürməyə başlamışdır. Zaman-zaman bilicilər və elm adamları bu barədə müəyyən sözlər, fikirlər söyləsələr də əsas odur ki, günümüzə qədər ruhun nə, yuxunun nə olduğu barədə heç kim dəqiq fikir ortaya qoya bilməmişdir. Bir balaca da dinin təsiri və basqısı altında bu sahə sanki, toxunulmaz elan olunmuş sirli bir tabudur. Əsasən son üç əsr ərzində bir neçə dəfə başqa-başqa elm adamları tərəfindən ciddi cəhdlər olsa da fakt odur ki, günümüzədək konkret olaraq ruhla yuxunun əlaqəsi, onların ümumiyyətlə bir-biriilə yaxın yoxsa heç əlaqəsi olmayan anlayışlar olduğunu ortaya qoyan sistemli bir fikir yoxdur. Bu yerdə elan edirəm ki, ruh və yuxu heç də çoxlarının iddia edib, dəstəklədiyi kimi sirli  aləm deyil, tam əksinə 2+2=4 edir qəbul etdiyimiz hesab kimi aydın, net bir anlayışdır. Və beləliklə, RUH MADDİDİR, YUXUGÖRMƏ HADİSƏSİ BUNU SÜBÜT EDƏN ƏN BARİZ NÜMUNƏDİR.

 Ruh maddidir, bədən dediyimiz orqanizmə daxil olur və heç bir dəyişikliyə uğramadan oranı tərk edir. Ruhun bədənə istənilən vaxt daxil olub çox rahat şəkildə də tərk etdiyini qəbul etsək, eyni bir ruh  dəfələrlə  bizim üçün çox nisbi olan müxtəlif zaman və məkanlarda başqa-başqa bədənlədə ola bilməsi reallığı məntiqidir. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, RUH MADDİDİR, SABİTDİR VƏ MÜTƏHƏRRİKDİR.

Ruh maddidir – ruhun bədənə daxil olub və ya oranı tərk etməsi sübuta ehtiyacı olmayan hamının gözlə gördüyü,  görməyənlərin də görə biləcəyi real həyat hadisəsidir.

Ruh sabitdir- yəni ruh bir bədəndə olan zaman heçbir dəyişikliyə uğramır 9-yaşlı uşaqla, 90 – yaşlı ahılın ruhu arasında heç bir fərq yoxur. Bir ruh, bir bədəndə 100 il qalsa da qəti olaraq  heç bir dəyişikliyə uğramır!!!! Sadəcə çox nadir hallarda ola bilər ki, bir bədəndə başqa-başqa vaxtlarda ayrı-ayrı ruhlar mövcud olsun. Görünür bu ruhlar gəzintidən qayıdanda ünvanı səhv salırlar ya da bədəndə baş vermiş ciddi dəyişikliklər (yaxşıya və ya pisə doğru – insanın nə ilə qidalanması onun ruhuna birbaşa təsir edən amildir) əvvəlki ruhun daha həmin bədəndə yaşamasını məqbul etmir. Əksi də tam məntiqidir yeni bir ruh bu bədəndə yaşamaq istəyir.

Ruh mütəhərrikdir – onun sərbəstliyi ancaq bədən adlı evə təhkimçiliyi ilə məhdudlaşır ki, oranı da müəyyən zamanlarda tərk edib, qayıtmaq iqtidarındadır. Yuxu hadisəsi zamanı ruhlar tam sərbəst olurlar. (Onlar ya bədəndə, ya bədənin yaxınlığında və hətta ola bilir ki, zaman-məkan anlayışlarını aşaraq çox-çox uzaqlarda olurlar – bu prosesi yatdığımız zaman yuxunun dərinliyi sübut edir.)

RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR

Hamımızın dildən-dilə, ağızdan-ağıza eşitdiyimiz pis ruh anlayışı səbəbsiz deyil. Necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz” . Pis olan yerdə bunun əksi olan yaxşı da mütləq olmalıdır. Əslində necədir? Bütün RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR. Bu qruplar da öz növbəsində yarımqruplara bölünür.

ƏSAS QRUPLAR:

  • Yaxşı (xoş) ruhlar,
  • Pis (bəd) ruhlar.

Yaxşı ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Çox  yaxşı ruhlar,
  • Nisbətən yaxşı ruhlar.

Pis ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Nisbətən pis ruhlar,
  • Çox pis ruhlar.

Ruhları necə tanıyırıq? Ruhlar bir-birini tanıyırlar. Biz hər hansı bir yerə birinci dəfə getdiyimizdə, yəni tanımadığımız adamların içinə düşdükdə, məclislərdə, növbələrdə, qəbullarda, nəqliyyatda, cürbəcür yad adamlar çox olan yerlərdə heç tanımadığımız, ilk dəfə lap uzaqdan gördüyümüz adamlar haqqında anındaca müəyyən qəti fikir formalaşır və biz sanradan fikrimizdə yanılmadığımızın şahidi oluruq. Bu real həyat hadisəsi ruhların bir-birini tanıdığını açıq-aşkar sübutudur. Sözsüz ki, bütün bu anlatdıqlarım nə vaxtsa bizim ata-babalarımıza da məlum olub. Məsələn, RUHUN NÖVLƏRƏ AYRILMASINI sübut edən dəlilin izləri bizim atalar sözündə  belə bir cümlədə – uazqdan görən kimi “quşum qondu” sənə. Bu nə deməkdir? Ruhun daşıyıcısı olan bədən lazımı nöqtəyə hələ çatmamış, bədəndə olan ruh öz mütəhərrikliyi, yaddaşı və əhatə arealı əsasında anıdaca bədəni məlumatlandırir. Təbii olaraq yuvasını, evini pislikdən, gələ biləcək zərərdən qorumaq və ya xeyirə, yaxşıya  yönəltmək üçün. Bizi yanında olanda özümüzü çox rahat hiss etdiyimiz adamlarla eyni növ ruhun daşıyıcısıyıq. (Əlbətdə yaxşı və pis anlayışlarının dəyişkən qütblərdə olan tam nisbiliyini qəbul etmək şərti ilə….)

YUXUGÖRMƏ HADİSƏSİ

Yuxu (röya)  ruhun gəzintisidir. Yuxular (röyalar) üç  qrupa bölünür:

  • Keçmişin izləri,
  • Indiki zaman,
  • Gələcəkdən xəbər.

Prinsip etibari ilə yuxugörmə hadisəsi ilə bağlı müəyyən fikirlər zaman –zaman söylənilib. Xüsusi ilə ilk iki qrup barəsində tutarlı mülahizələr mövcuddur. Mən burada ancaq Ziqmund Freydin adını çəkməklə kifayətlənəcəm. (Bunun bir əsas səbəbi var ki, ancaq əmin olduğum həqiqət barədə danışmağı xoşlayıram, fikir deyəndə istinad etməyi o qədər də xoşlamıram – çünki, mən özüm əmin olmayandan sonra kimin nə deməyinin elə də əhəmiyyəti yoxdur. Sitatı ancaq və ancaq atalar sözlərindən gətirirəm – bizim hər bir Ata sözümüz cilid-cilid kitablara sığmayacq dərəcədə əhəmiyyətli elmi məna kəsb etdiyi qənaətindətyəm.) Həqiqətən də Ziqmund Freydin –dahi almin bu sahədə xidmətləri böyukdür. O, əsasən birinci qrupa aid yuxugörmə hadisəsi barədə araşdırmalar aparmış və düzgün nəticəyə gəlmişdir. İkinci qrup yuxugörmə hadisəsinə səthi toxunmuş və üçüncü qrup yuxuların da mövcüdluğunu inkar etməmiş – elə yuxular da var ki, onların sadəcə izahı yoxdur deməklə kifayətlənmişdir. Bəs əslində necədir?

KEÇMİŞİN İZLƏRİ OLAN YUXULAR (RÖYALAR) – bu nə deməkdir? Yuxarıda da qeyd etdiyimiz kimi, dahi alim də bunu qeyd etmişdir ki, gündəlik yaşam tərzimiz, fikirlər, xəyallar beynimizdə izlər qoyur ki, bu hadisələr də müxtəlif şəkil dəyişmiş formalarda yuxugörmə zamanı təzahür edir. Adətən bu cür yuxuları (röyaları) yatandan xeyli vaxt keçdikdən sonra, dırin yuxuda olduğumuz vaxt görürük – bərk yatanda. Biz yuxuda bu tip yuxuları (röyaları) görən zaman yanımızda oyaq olan –yatmamış adam bizim yuxu (röya) gördüyümüzü hiss etməz. Bu zaman ruhumuz ya bənimizdədir, ya da  bədəndən çox da uzaqda deyil. Heç bir qonaq ruh yoxdur.  Belə yuxuları görməyimizdə ruhla bədənin payı demək olar ki, əlinin əliyədir. Və belə yuxular dahi alimin də qeyd etdiyi kimi heç bir məna, əhəmiyyət kəsb etməyən keçmişin izlərindən başqa bir şey deyil.

İNDİKİ ZAMAN YUXU GÖRMƏ HADİSƏSİ – bu zaman kəsinliklə ruh bədənimizdədir. Bu tip yuxugörmələrdə qonaq ruhlar da iştirak edə bilər. Və bu tip yuxuları biz çox səthi yatdığımız zaman görürük. Əgər yanımızda oyaq, yatmamış adam olsa o bizim yuxu (röya) gördüyümüzü hiss edə bilər. Burada onu qeyd edim ki, kişilərdə eyakulyasiya ilə müşayət olunan, qadınlarda isə özünəməxsus şəkildə təzahür edən yuxular (röyalar) da məhz ikinci qrupa aiddir. Bu tip yuxularda məsələn qolumuzun kəsilmək üzrə olduğunu görüb, oyananda onun pis vziyyətdə altımızda qaldığının şahidi ola bilərik. Yaxud yuxuda bizi kimsə çağırar oyanıb həqiqətən çağrıldığımızı görə bilərik. Və ya soyuqda, yağışda, qarda qaldığımızı görüb, oyananda həqiqətən üşüdüyümüzü görə bilərik. Bu tip yuxuların (röyaların) görülməsi zamanı da bədənlə ruhun payı yarıya-yarıdır. Bəzi məqamlarda bədənin payı çox ola bilər. Bədənin payı o hallarda çox olur ki, bu vaxt ya lazımlı-lazımsız qidalardan çox yeyirik, ya da ac qalırıq bu proses müəyyən mənada ruha əziyyət verir. Belə yuxular da real həyat hadisələri, bilavasitə orqanizmin tələbləri ilə əlaqəli olub, elə bir əhəmiyyət kəsb etmir. Bir daha vurğulayıram ki, belə yuxuları (röyaları) səthi yatdığımız zaman, adətən təzəcə yuxuya gedən (yatan) zaman görürük.

GƏLƏCƏKDƏN XƏBƏR VERƏN YUXULAR – hamının sirlı,  izahı olmayan yuxular (röyalar) adlandırıb, üstündən sükutla keçdiyi, ƏSLİNƏ İSƏ ƏN ƏHƏMİYYƏTLİ YUXULAR . Bəs niyə heç kim bu barədə danışmaq istəmir və çox hallarda izahıolmayan yuxular deyirlər. Yuxugörmə hadisəsi zamanı daha çox araşdırma aparmış və əsaslı dəlilər ortaya qoymuş Ziqmund Freyd də məhz bu tip yuxuları göstərmədən sadəcə belə İZAHI OLMAYAN YUXULAR (RÖYALAR) adlandırıb, üstündən keçmişdi. Çünki, biz bu yuxuları görən zaman heç bir anlam verə bilmir, iş-işdən keçəndən sonra yadımıza düşsə, xatırlasaq onda anlayırıq. Bu da çox gec olur. Burada onu qeyd edim ki, adətlərimzdən bzə məlum olduğu kimi pis (qarmaqarışıq) yuxu (röya) gördükdə onu axar suya danışmaqda fayda var. İnsan səhər və ya gecə hövlank oyananda instinktik olaraq yuxunun (röyanın) pis olduğunu anlayıir. Əlbətdə bunu ruhu bədəni ilə həmahəng olan insanlar hiss edə bilər. Axı nə baş verəcəyi ya qonaq getmiş yaxud da qonaq qəbul etmiş ruha artıq məlumdur. Bu tip yuxuları (röyaları) görəndə  ruh bədənimizdə olmur. Ya səfərdə qonaq olurlar (zaman – məkan tanımadan), ya da qonaq qəbul edirlər. Bu yuxularda qonaq rular adətən bizim dünyasını dəyişmiş yaxınlarımızın, doğmalarımızın ruhları olur. Ancaq tanımadığımız  (yəni ruhumuz sözsüz ki, o ruhu tanıyır sadəcə bizə məlum olmayan) ruhlar da qonaq gələ bilər və ya bizim ruhumuz tamam yad bir məclisdə (bəlkə də onlar bizim bizə məlum olmayan lap uzaq əcdadlarımızdır) iştirak edə bilərlər. Belə tip yuxularda bizə nəsə xəbər verirlər, məlumat çatdırırlar, iş tapşırırlar, kömək etmək istəyirlər…. Əlbətdə, əgər anlaya bilsək….

YUXUNUN (RÖYANIN)  MÜDDƏTİ – yuxunun müddəti yuxugörmənin aid olduğu qrupa görə ani və ya təxminən bir neçə dəqiqə ola bilər. (Əlbətdə bizim zaman anlayışımıza görə.)

ÇALIŞIN  ELƏ QİDALANIN Kİ, YUXUNUZU QARIŞDIRMAYASINIZ. YOXSA, BİR VAXT RUHUNUZ DA SİZİ TƏRK EDƏCƏK….

    16.10.1016.  Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “Yuxu və ruh”, “Həftə içi”, 28.03.2019, say: 54 (3102), s.8. qəzetində dərc olunub. Bundan əlavə “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında altıncı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏLİM ABBASZADƏ “ZIYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

Səlim Abbaszadə – Norveç, Oslo.

Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin ən fəal dinləyicilərindən biri olan Səlim Abbaszadənin Norveçnorveç dilində “NAGORNO-KARABAKH” adlı Azərbaycanın şanlı Zəfərlə başa çatan 44 günlük müharibəsi haqqında yığcam şəkildə rəngli fotoların müşayəti ilə tam məlumatı özündə əks etdirən yeni kitabı işıq üzü görmüşdür. Kitabın norveç dilində olması yerli əhalinin və bu dildə oxuyub anlayan hər kəsin Azərbaycanın haqq işi barəsəndə məlumatlandırılmasını hədəfləyir. Səlim kimi yeniyetmə bir gəncin bu addımı gələcəyin etibarlı əllərdə olduğunu bir daha sübut edir və Vətənini (doğma Azərbaycanı) sevən hər bir vətəndaşın, milliyətindən, dinindən, dilindən, cinsindən, yaşından, harada yaşamasından asılı olmayaraq, həmişə qürurla “MƏN AZƏRBAYCANLIYAM” deyəcəyinin bariz nümunəsidir. Məncə, çoxları Səlimdən örnək götürməlidir. Biz də “Yazarlar” jurnalı olaraq, ənənəmizə sadiq qalır və Səlimi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edirik. Uğurlarınız bol olsun, cənab Səlim Abbaszadə! Bir daha təbriklər və vətəndə yaşayan vətənsevər vətəndaşlar adından belə nəcib əməlinizə görə təşəkkürlər!!!

Zaur USTAC

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

Səlimin kitabı – Norveçdə belə də yaşamaq olar.
“NAGORNO-KARABAKH” Səlim Abbaszadənin kitabı.
“Ziyadar” diplom N: 060 – 06.02.2021. Bakı – Oslo.

SƏLİM ABBASZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QEYD:

MƏLUMAT DİGƏR MƏNBƏLƏRDƏ:

  1.  YAZARLAR.AZ Arxiv:archive.vn 
  2. 2.yazyarat.com Arxiv:archive.vn 
  3. 3. ilkxeber.orgArxiv:archive.vn 
  4. 4. 525.azArxiv:archive.vn 
  5. 5. MUSTAQİL.AZ Arxiv: archive.vn 
  6. 6.asasmedya.info Arxiv.archive.vn 
  7. 7.FEDAİ.AZArxiv: archive.vn 8. Arxiv:

“YAZARLAR.AZ” SAYTI HAQQINDA

yazarlar.az -30.11.2010-05.02.2021-cu illər mövcud olmuş format

Azərbaycan Respublikası, Bakı şəhəri. 2319 – 16/08/2007  dövlət  qeydiyyatlı «Yazarlar» jurnalının rəsmi saytı. ©«Yazarlar» jurnalı / WWW.YAZARLAR.AZ saytı 30.11.2010-05.02.2021-ci illər formatı belə olmuşdur.

ARXİV: archive.vn

================================================

yazarlar.az saytı 06.02.2021-ci ildən yeni format

Azərbaycan Respublikası, Bakı şəhəri. 2319 – 16/08/2007  dövlət  qeydiyyatlı «Yazarlar» jurnalının rəsmi saytı. ©«Yazarlar» jurnalı / WWW.YAZARLAR.AZ saytı 06.02.2021-ci ildən yeni formata keçib:

ARXİV:archive.vn

================================================


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN UŞAQ DÜNYASI… – AYƏTXAN ZİYAD

Zaur Ustac – şair, publisist.

ZAUR USTACIN UŞAQ DÜNYAS

BU DÜNYANIN “GÜLLÜNÜN ŞEİRLƏRİ”

  SÖZ ÇƏLƏNGİ

     Elmi rəhbər: Ramazan Qafarlı,

filologiya üzrə elmlər doktoru,

professor

Zaur Ustaj’ın çocuk dünyası

ve bu dünyanın kelime çelengi

“Güllü’nün şiirleri”

ÖZET: Oluşum tarihine dikkat edersek, çocuk edebiyatımızda her dönemin özgün örneklerinin “altın fon” kadar korunduğu açıktır.

Gelecek neslimizin egitimi ve oluşumunda Abbas Sahhat, Abdulla Shaig, Mirza Alakbar Sabir, Suleyman Sani Akhundov, Mohammad Taghi Sidgi, Rashid bey Efendiyev, Samad Vurgun, Resul Rza, Mirvarid Dilbazi, Zeynal Khalil, Hikmet Ziya, Mikayil Rzaguluzade, İlyas Tapdig, Mikayıl Alibeyli, Rafig Yusifoğlu, Zahid Halil, Gasham İsabeyli gibi edebi mücahitlerin paha biçilmez hizmetleri vardı. XX yüzyılın 50`li yılların ikinci yarısından itibaren belirtilen dönemler içinde sonraki dönem özel bir öneme sahiptir. Geçmiş dönemlere kıyasla bu dönemin edebiyatı (çocuk edebiyatı dahil) tarih sahnesinde sosyo-politik bilinçte ilerici eğilimler kalite degişim ile unutulmaz oldu. Korney Chukovsky, Samuel Marshak, Arkady Gaidar ve Sergei Mikhalkov gibi mücahidler sayesinde edebiyat yeni bir aşamaya girdi ve sovyet ideolojisinden çok uzak yaratıcı kalıplar şekillenmeye başladı. Azerbaycan edebiyatı bu “savaştan” uzak duramadı. Kelimeye yeni bir bakış açısı göstererek, önceki zamanlara göre farklılıklarıyla dikkat çekiyor “Altmışlar” ve “yetmişler”, bu zaman süzgecinden ayrılan­lardır.

Şimdi Azerbaycan çocuk edebiyatı yeni gerek­sinim­lerle dolu XXI.Yüzyıl sahnesini yaşıyor. Degişen dünya­mız, çocuğun toplumdaki yenilikleri kavramasına yardımcı olacak örknekler oluşturmayı kaçınılmaz bir görev haline getirmiş, zamanın gerçekleri, çocuk edebiyatı da dahil olmak üzere bir bütün olarak edebiyatı sürekli güncelleyen ve zenginleştiren yeni bir edebiyat türü yaratmayı zorunlu kılmıştır. Edebiyat eleştirmeni Zahid Khalil’in “Çocuk edebiyatının temel görevleri” başlıklı makalesinde belirttiği gibi, bu önemli görevlerin çözümü, yirminci yüzyılın 90’lı yıllarından sonra edebiyatla uğraşan kuşağa düştü.

 Bu tür kalemlerin sahiplerinden biri, “60’lar” ve “70’ler” in yenilikçi yolunu başarıyla sürdüren, ancak ne yazık ki çocuk edebiyatı camiasına sadece bir kitapla (“Güllü Şiirleri”) giren 26 kitabın yazarı Zaur Ustac’dır.

Makale, Z.Ustac’ın “60’lar” ve “70’ler” kuşağını sürdürmesinin özelliklerini tartışıyor.

ANAHTAR KELİMELER: Azerbaycan çocuk edebiyatı; “Altmışlar”, “yetmişler” kursağı; edebi mücahitler; zamanın gerçekleri; “Güllünün şiirleri” kitapı.

Təşəkkül tarixinə diqqət yetirsək, uşaq ədə­­­­­biy­­­­­­yatı­­mızda hər dövrün özünəməxsus nümunələrinin “qızıl fond” cövhəri qədərində qorunduğu aşkardır.

Gələcəyimiz olan nəslin təlim-tərbiyəsində və formalaşmasında Abbas Səhhət, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Süleyman Sani Axundov, Məhəmməd Tağı Sidqi,  Rəşid bəy Əfəndiyev, Səməd Vurğun, Rəsul Rza, Mirvarid Dilbazi, Zeynal Xəlil, Hikmət Ziya, Mikayıl Rzaquluzadə, İlyas Tapdıq, Xanımana Əlibəyli, Məstan Günər, Rafiq Yusifoğlu, Zahid Xəlil, Qəşəm İsabəyli kimi ədəbiyyat mücahidlərinin əvəzsiz xidmətləri olmuşdur. Qeyd edilən zamanlar çərçivəsində XX əsrin 50-ci illərinin II yarısından sonrakı dövr xüsusi önəm daşıyır. Əvvəlki zamanlarla müqayisədə bu dövr ədəbiyyatı (uşaq ədəbiyyatı da həmçinin) tarix səhnəsində ictimai-siyasi şüurda mütərəqqi meyllərin keyfiyyət dəyişikliyi ilə yaddaqalan olmuşdur. Korney Çukovski, Samuil Marşak, Arkadi Qaydar, Serqey Mixalkov kimi mücahidlərin sayəsində ədəbiyyat yeni mərhələyə qədəm qoymuş, sovet məfkurəsindən uzaq yaradıcılıq nümunələri formalaşmağa başlamışdı. Azərbaycan ədəbiyyatı da bu “savaşdan” qıraq qala bilməzdi. Əvvəlki zamanlarla müqayisədə fərqliliyi ilə diqqət çəkən, sözə yeni baxış sərgiləyən “altımışıncılar”, “yetmişincilər” nəsli zamanın məhz bu süzgəcindən ayrılıb seçilənlərdir.

İndi Azərbaycan uşaq ədəbiyyatı da özünün yeni tələblərlə dolu XXI əsr mərhələsini yaşayır. Dəyişən dünyamız cəmiyyəti əhatəsində sıxan yenilikləri uşağın qavramasına, dərk etməsinə kömək edən nümunələr yaradılmasını qaçılmaz vəzifə olaraq qarşıya qoymuş, zamanın reallıqları yeni tipli ədəbiyyat yaradılmasını, bütövlükdə ədəbiyyatın, o cümlədən uşaq ədəbiyyatının da daim yenilənməsi və zənginləşdirilməsi tələbini qaçılmaz etmişdir. Bu həllivacib vəzifələrin həlli isə, ədəbiyyatşünas-şair Zahid Xəlilin “Uşaq ədəbiyyatının başlıca vəzifələri” məqaləsində xüsusi vurğuladığı kimi, XX əsrin 90-cı illərindən sonra ədəbiyyatda mövqe sərgiləyən nəslin öhdəsinə düşmüşdür.

Belə qələm sahiblərindən biri “60-cılar” və “70-cilər” nəslinin yenilikçilik yolunu müvəffəqiyyətlə davam etdirən 26 kitab müəllifi, ancaq, təəssüf ki, uşaq ədəbiyyatı cameəsinə yalnız bir kitabı ilə (“Güllünün şeirləri”) daxil olan Zaur Ustacdır.

Məqalədə Z.Ustacın “60-cılar” və “70-cilər” nəslinin  yolunu hansı özünəməxsusluqları ilə davam etdirdiyindən bəhs olunur.

***

O qələm sahibi xoşbəxtdir ki, onun ədəbiyyata gətirdikləri qeyri qələm sahibləri tərəfindən də qəbul oluna, yaşadıla. Necə ki biz Z.Xəlil yaradıcılığında xalq ədəbiyyatı ruhunu, folklorun ilıq nəfəsini, Abdulla Şaiq üslubunu aşkar görürük,uşaq ədəbiyyatına eynilə Z.Xəlil tərzində yanaşma Zaur Ustacın da yaradıcılığında (uşaq şeirlərində) müşahidə edilir.

Hansı tərzdə?

Təqdim olunan məqalədə bu məqamlar zaman-zaman mühakimənizdə.

***

Əvvəlcə uşaq ədəbiyyatı nümunəsi

və bu müstəvidə Z.Ustacın mövqeyi haqqında

Uşaq əsəri, yoxsa uşaqlar üçün yazılan əsər?

Bu mövzu illərlə qələm sahibləri, o cümlədən ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən birmənalı qarşılanmamışdır.

Ədəbiyyatşünas Zahid Xəlil, Füzuli Əsgərli və Bilal Həsənli bu qənaətdədirlər ki, “uşaq ədəbiyyatı” dedikdə 3-17,18 yaşadək oxucular üçün yazılan ədəbiyyat nəzərdə tutulur. Həm də yazıçı hansı yaş mərhələsi üçün yazdığını, deyək ki, məktəbəqədər yaşda uşaqlar üçün (3-6 yaş); kiçik məktəb yaşı dövrü (6-10 yaş); yeniyetməlik dövrü (10-14 yaş); yoxsa ilkin gənclik yaş həddi üçünmü (14-17 yaş) yazdığını irəlicədən nəzərə almalıdır [3. s.13; 2. s.3]. “Balaca oxucu çox tələbkardır, onun zəif əsərə maraq göstərməsi mümkün deyildir. Uşaq əsəri yaratmaq üşün sənətkarda istedad, əməksevərliklə yanaşı dünyaya uşaq gözləri ilə baxmaq, uşaq dünyasının incəliklərindən baş çıxarmaq bacarığı lazımdır. Yüksək sənət nümunəsi olan, uşaqların bəyəndiyi əsəri yazmaq üçün sənətkarda bədii sözdən istifadə məharəti ilə yanaşı, uşaq qəlbinin, hiss və duyğularının təbiiliyi, sadəliyi, təvazöğkarlığı, saflığı olmalıdır” [2. s.7].

Z.Ustaca görə, o əsər hamı tərəfindən qəbul edilir ki, hər kəs oxuduğu “hər kəlmədə öz hiss və duyğularını görə bilir. Bir bənd şeiri min əhvallı oxucu oxuyur, hamısı da düşünür ki, məhz bu sözlər onun üçün deyilib. Söz sənətində ustalıq, ədəbiyyatda təqdimetmə bacarığı – obrazlılıq – məhz budur,  obrazli desək, obrazin özüdür …” [8. s.123.”Obrazın özü” məqaləsi].

“Uşaq yazıçısı necə və kimlər ola bilər?” sualını V.Q.Belinski belə cavablandırıb: “Uşaq yazıçısının yaranması üçün olduqca çox şərtıər vardır: nəcib, sevən, diqqətli, sakit, körpəcə sadədil bir qəlb, yüksək məlumatlı bir idrak, predmetlərə aydın bir baxış, yalnız canlı bir təsəvvür deyil, həm də şairanə bir xəyal, hər şeyi canlı, zəngin surətlər halında təsəvvür etməyə qabil bir xəyal lazımdır” [1. s.12].

Tədqiqatçı Hədiyyə Şəfaqət haqlı olaraq yazır ki, “… biz uşağı nə vaxt görə biliriksə, uşaq ədəbiyyatı o zaman yaranır. Uşağı görmək üçün gərək uşağın özü ola. Yəni əyani material” [5.].

Fikrimizcə, mülahizənin daha dəqiq ifadə tərzi də mümkündür. Biz də bu mülahizəni təqdirəlayiq hesab edirik ki, hansı qələm nümunəsinin içində uşaq dünyası görünürsə, həmin əsəri uşaq ədəbiyyatı nümunəsi qəbul etmək olar.

Təbii ki, qələm sahibi ədəbi qəhrəmanını necə görürsə, hansı tərzdə qəbul edirsə, düşüncələrini o yöndə də qələmə alır.

Hədiyyə Şəfaqət “Problem” rubrikalı məqaləsində uşaq ədəbiyyatının qəhrəmanları haqqında mülahizələrinin ardını belə ifadə edir: “uşaq çaşmalıdır, ayağı işləməlidir, “2” almalıdır, yeməyini dağıtmalıdır, süd içəndə ağzının böyür-başı bulanmalıdır. Uşaqdır axı” … “Beləcə uşaq ədəbiyyatı yarada bilərik” [5.].

 Biz XXI əsrin uşağına bunlarımı təlqin etməliyik? Pinti, XIX, yaxud XX əsrin birinci yarısında qalmış uşaq obrazınımı? Azyaşlıya bu təbiətli ədəbi qəhrəmanı təqdim etməklə onu bu simadamı görmək istəyirik?

Bəs azyaşlının özü necə? Bununla barışacaqmı?

Belə olan halda gəlin görək bu günün uşağı kimdir?

Mən XX əsrin II yarısında dünyaya gəlmiş nəslin nümayəndəsiyəm, bu yaşımda da mənə qaranlıq hər hansı işə əlimi bulaşdırmıram. Oğlum XX əsrin 80-ci illərinin əvvəlində dünyaya gəlib. Bir əlinin barmağının gücü çatmadığından iki əlinin barmaqlarını cütləşdirib televizorun pultunun düyməsini basıb uşaq filmlərinə baxırdı. Onun oğlu XXI əsrin əvvəllərində doğulub. Hələ əməlli danışmağı, qaydasınca yeriməyi bacarmadığı vaxtlardı, diski götürüb mənə uzadırdı ki, “baba, qoy”. Deyirdim ki, “mən bacarmıram, ata gəlib diski qoyar, sən də baxarsan”. Sizcə mənə cavabı nə olsa yaxşıdır? “Məni qucağına götür, boyum çatsın, özüm qoyum”.

Mülahizəmi süd qardaşım Ariflə bölüşəndə gülümsədi: sən XX əsrn 20-ci illərində dünyaya gəlmiş kişinin, Böyük Vətən müharibəsinin ağrı-acılarını, sarsıntılarını görmüş təfəkkür sahibinin oğlusan, oğlun XX əsrin 80-ci illərinin əvvəlində dünyaya gəlmiş nəslin övladıdır, nəvən isə oğlunun oğludur, XXI əsrin əvvəllərində dünyaya gəlmiş nəslin nümayəndəsi.

Təxminən 80 illik zaman hüdudunda doğulan üç nəslin nümayədəsinin təfəkkür tərzinə, hansı inkişaf yolu keçdiyinə diqqət yetirdinizmi? 

XXI əsrin nümayəndəsi budur: qamışdan, qarğıdan “at” düzəldib çapan yox, səhərdən axşama qədər planşetlə, mobil telefonla, kompüterlə əlləşən!

Deməli, bu günün uşaq ədəbiyyatı da kimlər üçün yazıldığı ilə hesablaşmalıdır. Yazıçı “süd içəndə ağzının böyür-başını bulaşdıran” uşaq üçün yox, planşetlə oyuncaq kimi davranan uşaq üçün yazdığını ruhən qəbul etməlidir.

Əlbəttə, bunu da təbii qəbul etməliyik ki, uşaq – öz uşaq ömrünü yaşamalıdır. Amma unutmamalıyıq ki, bu günün dərsdən “2” alan uşağı kimdənsə kömək uman deyil, dərslərinə özü hazırlaşıb “2”-sini “5”-lə özü əvəz etməyi bacaran uşaqdır.

Türkiyə, Rusiya, Avropa, Amerika filmlərində uşaq obrazlarını xatırlayaq: uşaq böyük bacı-qardaşı kimi danışır, iri adam düşüncəsi ilə mühakimə yürüdür, üzləşdiyi vəziyyətdən çıxış yolunu özü arayır.

Biz “hansı qələm nümunəsinin içində uşaq dünyası görünürsə, həmin əsəri uşaq ədəbiyyatı nümunəsi olaraq qəbul etmək olar” deyəndə, bu təbiətli uşaqlar üçün yazılan əsərləri nəzərdə tuturuq. Başqa sözlə, XXI əsrin uşağı XX əsr vətəndaşının tanıyıb-bildiyi uşaq deyil, tamamilə özgə təfəkkürə malik uşaqdır.

Biz bunu qəbul etməyə, zamanın bu diktəsi ilə barışmağa məhkumuq.

Ədəbiiyyatşünas Z.Xəlil “Uşaq ədəbiyyatının başlıca vəzifələri” məqaləsində yazır: “90-cı illərin əvvəllərində (XX əsrin 90-cı illəri nəzərdə tutulur – A.İ.) uşaq ədəbiyyatı bütövlükdə yaşlı sənətkarların ümidinə qaldı. Sonralar yavaş-yavaş yeni qüvvələr yarandı” [4. s.10].

Z.Xəlilin ünvan göstərmədən ümumi qeyd etdiyi qələm sahiblərindən biri də, mənim qənaətimə görə, imzası 1988-ci ildən mətbuatda özünə pərəstişkarlar qazanan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, 2019-cu ildən Prezident təqaüdçüsü, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru Zaur Ustacdır. Bu çağacan 26  kitabı nəşr edilib. Onlardan yalnız biri uşaq kitabıdır: “Güllünün şeirləri”. Və “Güllünün şeirləri” “uşaq ədəbiyyatı” istilahının tələblərinə cavab verdiyindən oxucu mühakiməsinə çıxarırıq.

Zaur Ustac – “Güllünün şeirləri” kitabı

İlk dəfə sosial şəbəkədə rəqəmlərdən bəhs edən şeirləri ilə rastlaşdım. Bu şeirlər “Güllünün şeirləri” kitabından imiş. Və həmin əsərlər, içində uşaq dünyası görünən ədəbiyyat nümunəsi olduğundan diqqətimi cəlb etdi.

İlk görüşümüzdə işlətdiyi cümlə əsərləri ilə ünsiyyət bağlamağım üçün bir növ “açar” oldu: “Vur-tut bir uşaq kitabım var: “Güllünün şeirləri”. O şeirlərin ilk nümunələrini 2004-cü il dekabrın 12-də dünyaya gələn qızım Gülüzə 6-7 yaşda olanda yazmışam. Məktəbəqədər hazırlıq qrupları üçün metodik vəsait kimi də təsdiq olunub… Bir də özüm uşaq yaşımda yazdığım bir-iki uşaq şeirim var, vəssalam. Güman ki, bir də yəqin gələcəkdə nəvəm üçün yazmış olaram”.

Z.Ustac bundan sonra həqiqətən uşaqlar üçün yazmayacaqsa, təəssüf! Niyə təəssüf? Bu sorğumuza cavab “Güllünün şeirləri” haqqında düşüncələrimiz bitən yerəcən zaman-zaman mühakimənizdə.

***

Diqqət yetirdinizmi, hər üç zaman kəsiyi uşaq yaşının içində görünür: 1. Özü uşaq yaşında olanda yazdığı şeirlər; 2. Beş-altı yaşlı qızı üçün yazdığı şeirlər; 3. Nəvəsi körpə yaşında olacağı illərdə onun üçün yazacağı şeirlər.  

Beləliklə, qətiyyətli olaraq qəbul etməyimiz gərəkir ki, uşaq ədəbiyyatı – uşaqlar haqqında yazılan əsərlər deyil, içində uşaq dünyası görünən əsərlərdir.

Uşaq ədəbiyyatı – uşağı dərk etdiyimiz andan, uşaq dünyasını içimizə hopdurub onu təzədən yaşadığımız anlar qələmə alınan əsərlərdir. Körpəsinə əluifbanı necə öyrətmək, bütün elmlərin açarı olan riyazi biliklərə övladını necə isinişdirmək istəyi ataya Gülüzənin uşaq dünyasını təzədən yaşadıb. Ata altı yaşlı körpəsinin həyata baxışı ilə Azərbaycan əlifbasının söz dünyasına baş vurub, riyazi biliklərin cəngəlliklərinin hələ bəsit mərhələsində o sirli dünyaya sahib durmağın mətləblərini anlatmağa səy göstərib övladına.

“Güllünün şeirləri” bu zərurətdən yaranıb. Müəllif kitabın 2011-ci ildəki nəşrinin “Ön söz”ündə bu barədə yazıb: “Gülü xanım təzə-təzə birinci sinfə gedirdi. Mən də həmişəki kimi işdə idim. Evdən zəng gəldi, cavab verəndə Gülü mənə sevinə-sevinə dedi ki, ata, “ A” hərfini keçdik, müəllim evə “A”-ya aid şeir tapşırıb, gələndə hərflərə aid şeir kitabı al gətir. Dedim ki, oldu. Məhdud vaxt içərisində ora-bura baxdım. Belə bir kitab tapa bilmədim. Çox maraqlıdır ki, bütün köşklərdə başqa dillərdə belə maraqlı, əyləncəli uşaq şeir kitabları olsa da, bizim dilimizdə yox idi” [8. s.126].

Zaur Ustac – “Gülünün şeirləri” kitabı.

Daha sonra müəllif yazır: “…birinci, ikinci sinif şagirdlərinin böyük əksəriyyəti hərfləri ayrı-ayrılıqda tanısalar da, ilkin vaxtda hecadan sözə keçəndə böyük çətinliklə üzləşirlər. Sayı çox, sanbalı yox dərsliklər və iş dəftərləri uşaqları həddindən artıq yükləsə də bu tələbatı qarşılamır. Üstəgəl, ilk gündən başlayaraq hər gün ildırım sürətli proqramla irəliləyən tədris yükü uşaqları sıxır, yorur. Bunun kökündə isə onun sərbəst oxuya bilməməsi dayanır. Bəlkə də ən ciddi problem tapşırıqların özlərinin deyil, şərtlərinin olduqca çətin anlaşılan və alternativdə asan bir-iki hecalı söz olsa da, çətin, üç-dörd hecalı sözlərdən ibarət olmasıdır. Aydın məsələdir ki, belə olduqda istər oxu olsun, istər hesab – uşaqların vəziyyəti çətinləşir [8. s.127].

“Güllünün şeirləri” bütün bu tələblər nəzərə alınaraq qələmə alınıb. Kitabda mövzular üzrə seçim edilməsə də, məktəbə hazırlıq yaşında olan uşağın “qolundan tuta biləcək”, onlara bilgi verə biləcək şeirlər toplanıb: əlifbaya aid şeirlər, rəqəmlərə, aylara, ilin fəsillərinə, uşaqlara, təbiətə aid və vətənpərvərlik mövzusunda şeirlər. Hansı ki, valideyn himayəsi olmadan da uşağın özü bu şeirləri oxuyub dərk etmək, onlarla “dil tapmaq” imkanında ola bilir. 2016-cı ildə nəşr olunmuş kitabın titul səhifəsində oxuyuruq: “…kitab bilavasitə körpə, fidan balalara şeir öyrədənlərə kömək məqsədi ilə qələmə alınmışdır. Kitabda əlifbamızın hər bir hərfinə aid əyləncəli, məzəli, uşaqların asan əzbərləyə biləcəyi olduqca axıcı, yüngül hecalı şeirlər və 1-dən 10-dək rəqəmlərdən bəhs edən tapmacalar toplanmışdır. Kitab məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər üçün əvəzedilməz vəsait olmaqla yanaşı, ibtidai məktəblərin birinci siniflərində əlifbanı öyrənərkən hər yeni hərf və rəqəm keçildikcə müəllimlərin “hərfə aid şeir əzbərləyin” tapşırığın da qarşılamaq iqtidarındadır” [7. s.4].

Z.Xəlil şeiriyyətinin ruhu

Z.Ustacın uşaq şeirlərində

Z.Xəlilin mükəddər uşaq poeziyası müstəvisində Z.Ustacın şeirlərini doğmalaşdıran, paralel tədqiqat müstəvisinə çıxaran hansı səbəblərdir?

Hər haldan öncə şeirlərindəki sadəlik, təbiilik, səmimiyyət, doğmalıq! 

Oxuyursan, baxırsan ki ilk baxışdan hamısı sənə tanışdır, amma bu zamanacan oxumadıqların, eşitmədiklərin, görmədiklərin təsiri bağışlayır. Hər kəlməsində sənə doğma olduğunu xatırlatmaqla hansı tərzdəsə təzə nə isə deyir, başa salır, öyrədir. O səmimiyyətlə ki, sənə “öyrədilən” bu “təzə nə isə”nin həqiqətən yeni olduğunu qəbul edirsən. Məsələn, “1” rəqəmi. Baxırsan ki, “1” rəqəmi sənə tanışdır. Amma yadında qalacaqmı ki, hansı hallarda “1” ilə qarşılaşa bilərsən? Bax, Z.Ustac məktəbə getməyə hazırlaşan uşağa bunu öyrədir. daha hər hansı bir ədəd əşyanı göstərib demir ki, “1” bu görkəmdə olur. “1”-i azyaşlının yaddaşında möhkəmlətməyin daha üstün vasitələrinə əl atır və bunun üçün toplama yox, yaddaşı daha çevik düşünməyə sövq edən “çıxma” əməlindən bəhrələnir.

Məsələn, üçdən iki çıxanda neçə qaldığının yolunu uşağa belə öyrədir:

Asan bir sual verim,

İnan, yoxdur beləsi.

Üçdən iki çıxanda

Söylə, qalır neçəsi?

Şeiri oxuyan azyaşlı da həmin sualı özünə verir: “Üçdən iki çıxanda neçə qalar?” Cavabı tapmaqda valideyn körpəsinə yardımçı ola bilər. Məsələn, hər hansı əşyadan üç ədəd stolun üzərində yerləşdirər, sonra onlardan ikisini kənarlaşdırıb övladından soruşar: “ Stolun üzərində neçəsi qaldı?” Uşaq stolun üzərində bir ədəd əşya qaldığını görüb sualı cavablandırar.

Şeiri oxuyanda ilk olaraq müəllifin “güman, bir də yəqin gələcəkdə nəvəm üçün yazmış olaram” kəlmələri xatirimə gəldi. Deməli, Zaur balaca Gülüzəsini məktəbə hazırlaşdırarkən qızına nələri və necə öyrətdiklərini qələmə alıb. Ki, bu kitabı oxuyan gənc ailə başçıları, yaxud məktəbəhazırlıq qruplarında, ya da birinci siniflərdə dərs deyən müəllimlər şair atanın üzləşdiyi çətinliklərlə üzləşməsinlər, ata Zaurun Gülüzəsini məktəbə hazırlaşdırarkən bəhrələndiyi cəhdlərdən örnək olaraq istifadə etsinlər.

Bəzi müəllimlərə haqlı olaraq həmişə irad tutmuşam ki, məsələn, riyazi hesablama zamanı uşağa aparılan əməlin nəticəsini, başqa sözlə, 2+2-nin hazır cavabının 4 olduğunu demək düzgün mövqe deyil. Məktəbli hesablamanı bu yöndə “öyrəndiyi” halda digər məqamlarda yenə kömək üçün kimə isə möhtac olacaq, ona əməliyyatın nəzəriyyəsi öyrədildikdə isə… Nəzəriyyə elmdir, qanundur – ömürlük yaddaşa yazılarsa, ömürlük əlindən tutmuş olacaq. İstəyirsən yüz yaşa, istəyirsən milyonlar üzərində hesablama apar, fərq etməz.

Adətən məktəbliyə hesablama plyusdan (üstəgəl əməlindən) istifadə etməklə öyrədilir. Hamının bildiyi və müəllimin də tədris prosesi zamanı ilk olaraq istifadə etdiyi bu variantdır. Z.Ustac isə fərqli mövqedədir. O, azyaşlıya azdan çoxa yox, çoxdan aza hesablamağı öyrətməyə səy göstərir.

Biliyə bu sayaq yiyələnmə isə insanı daha çevik düşünmək qabiliyyətinə, daha güclü məntiqi təfəkkürə sahib olmağa sövq edir.

“Təkrar biliyin anasıdır”. “1” rəqəminə həsr etdiyi ikinci şeirdə də şair həmin vasitədən bəhrələnir. Şeirdə daha iki rəqəmin adı çəkilir. Bununla azyaşlı oxucunun diqqətinə çatdırılır ki, ilk “1”, “2” və “3” rəqəmlərindən savayı nisbətən çətin tələffüz edilən “5”  və “6” rəqəmləri də var. Və “6”-nı nə qədər azaltmaq lazımdır ki, “5” alınsın?

İndi bir az da

Çətinləşdi iş.

Neçə azalsa

“Altı”,

qalar “beş”?          

Cavab yenə də “1”-dir (6-5=1).

…Uşaq yaddaşı ağ kağız kimidir, ora nəyi yazdın, necə yazdın, o cür də qəbul edəcək.

Z.Ustaca görə, rəqəmləri, hərfləri, dilaçma ərəfəsinin ilk kəlmələrini məktəb yaşına çatan uşağın yaddaşına “yazmaq” üçün rahat vasitələrdən biri də şeirdir. Axı şeir dilinin içində gizli pıçıltı ilə “oxunan” nəğmə var, bu nəğmənin adamın vücudunda cövlan edən ritmi var, bu ritmi “hərəkətə gətirən” musiqi var. Musiqi ilə öyrədilən söz isə yaddaşa tez həkk olur, asanlıqla və əbədilik hopur. Z.Ustac elə buna görə körpəsinə əlifbanı və rəqəmləri öyrətmək üçün poeziyaya üz tutub.

Z.Ustaca görə, “A” hərfi ən müqəddəs hərfdir. Hər haldan öncə ona görə ki, Azərbaycan övladı üçün insanlığın zirvəsində qərar tutan “ana” və “Azərbycan” kəlmələri “a” hərfi ilə başlayır:

“A” ilə “Ana” deyə

Aləmə səs salırıq.

“Azərbaycan” sözünə

“A” ilə başlayırıq.     [6. s.6].

Hələ bu azmış kimi, Z.Ustac Azərbaycan əlifbasının “A” hərfi ilə başlayıb “Z” ilə sonlandığı, həmçinin “ana”, “ata” kəlmələrində iki “a” hərfi olduğu və “a” hərflərinin “n” və “t” hərflərini əhatəyə aldığı haqqında da azyaşlı oxucusuya informasiya ötürür:

Baxın “ana” sözünə,

Hərfləri kim sayar?

“N” ortada tək durub,

Hər tərəfdə bir “A” var.

Ata, Ana tək sözlər

A-nın nəfis ilməsi.

A-dan Z-yə hərflər

Əlifbanın töhfəsi.

“N” hərfinə aid sözdə isə tədris prosesi zamanı əlifba sırasının pozulmasının səbəblərinə  aydınlıq gətirilir:

“N” iyirminci hərfdir,

Düşüb qabağa amma.

Çünki onu bilməsək

Yaza bilmərik “ana”.

“N” hərfinə aid başqa bir bəndlik şeirdə isə uşaq ona doğma olan daha üç sözlə (“ninni”, “nehrə” və “nəvə” sözləri ilə) özünün lüğət fondunu zənginləşdirmiş olur:

“N” nənəmin ninnisi,

“N” nənəmin nehrəsi,

“N” nənəmin şipşirin

Noğul kimi nəvəsi.

Z.Xəlil yaradıcılığındakı sayaq Z.Ustacın da rəqəmlərə aid tapmaca xislətli şeirləri var. Məktəbəqədər yaşda olan, hələ əlifbanı bilməyən, rəqəmlər haqqında bəsit təsəvvürə malik uşaqlar üçün yazılıb.

Müqayisə üçün diqqət yetirək: Z.Xəlilin tapmaca-şeirlərində cavab ya şeirin sərlövhəsində, ya da şeirin içində axtarılır, Z.Ustacda isə sual oxucuya müəllifin özü tərəfindən ünvanlanır. Həm də olduqca asan, hələ hesablama əməlindən zərrəcə anlayışı olmayan azyaşlının sualı dərk edə biləcəyi tərzdə:

Hansı qoçaq tez deyər,

Söyləyin, ay uşaqlar?

Xor-xor yatan pişiyin,

Neçə xumar gözü var?

İt və pişik uşağın ən çox sevgi, məhəbbətlə əhatə etdiyi ev heyvanlarındandır. “Pişiyin neçə gözü ola bilər?” sualını müəllifdən qəbul edən azyaşlı öncə hər gün evdə gördüyü pişiyi göz önünə gətirir. İnsanda da, pişikdə də iki göz olduğunu yəqin edir və beləliklə, cavab tapılmış olur.

Bu sıralanma 10 rəqəminə qədər davam edir.

Diqqət yetirək:

Eşitdim, öyrənmisən

İndi daha saymağı,

Adamın bir əlində

Neçə olur barmağı?

Artıq istiqamət verilib. Uşaq bir əlindəki barmaq­larını sayır və məlum olur ki, insanın bir əlində 5 ədəd barmaq var.

Yaxud, “6“ya aid şeir-tapmaca:

Cavabını kim verər,

Belə asan sualın;

Dörd ayağı, qulağı

Neçə edər ulağın?

Şeirdə ulağın ayaqlarının sayı müəllif tərəfindən artıq qeyd olunub (4), qalır ulaqda neçə qulaq olduğunu xatır­lamaq. Ulağı daha yaxından tanımaq imkanı olan kənd uşaqları ulaqda neçə qulaq olduğunu yaxşı bilir, şəhərli uşaqlar da bunu, güman, cizgi filmlərindən görməmiş olmaz­­lar. Beləliklə, uşaq 4-ün üstünə 2 rəqəmini gəlir və cavab məlum olur: 4+2= 6.

At yanında balası,

Gəzirdi otlaqları.

İkisinin bir yerdə

Neçədir ayaqları?

“8“-ə aid bu şeir-tapmacanı cavablandırmaq o qədər də çətinlik törətmir. Çünki 4-ə aid şeirdə dəvənin ayağının dörd olduğunu yəqin etmişdik. At da eynilə dəvəyə bənzər bədən quruluşunda olduğundan, uşaq atın da ayağının dörd olduğunu təxmin edir. Elə isə atın ayaqlarının sayı ilə balasının ayaqlarının sayı birlikdə nə qədər edər? 4+4=8.

Bir cəhətə də  diqqət yetirməyi unatmayaq. Z.Xəlilin yaradıcılığında uşaq poeziyasının tələbini ödəyən bütün şeir nümunələri ilə qarşılaşdığımız halda,  Z.Ustacın şeirləri əsasən bir bənddən (dörd misradan), yaxud iki, ya üç bənddən ibarət olur. Özünün ifadə tərzi ilə desək, uşağın şeiri daha rahat və tez qavraması üçün.

Yaradıcı ömrünü bütünlüklə uşaq ədəbiyyatına həsr etmiş Z.Xəlilin də hərflər və rəqəmlər haqqında əsərləri var: “Hərflər”, “İki yumurta”, “Hesab”, “Hesab dəftəri”, “2” əhvalatı” şeirləri və “Sıfırın nağılı” mənzum nağılı. Bu şeirlərdə hərflərdən və riyazi əməliyyatlardan, onların ümumi görünüşündən, bənzər, yaxud fərqli əlamətlərindən bəhs olunur. Yazıçı uşağa sadəcə bilgi verməklə kifayət­lən­mir, eyni zamanda məktəblini məntiqi cəhətdən düşün­məyə də sövq edir. Məqamı ikən qeyd edək ki, Z.Xəlilin bu kimi şeirləri zamanında Azərbaycan uşaq ədəbiyyatında yaranmış boşluğu dolduran azsaylı nümunələrdən olub və bu gün də əvvəlki təravətini, oxucu məhəbbətini qoruyub saxlamaqdadır.

Z.Xəlil şeirlərini əsasən XX əsrin 70-ci illərində qələmə alıb, Z.Ustac isə ondan illər sonra. İlk dəfə 2011-cu ildə nəşr olunan “Gülünün şeirləri” bağça və ibtidai sinif müəllimləri üçün dərs vəsaiti qismində tövsiyə edilmiş, 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən məktəbə­hazırlıq qrupları üçün nəzərdə tutulmuş 3 hissəli dərsliyin “Məktəbə hazırlaşırıq” adlı həmin dərsliklər üzrə 2 hissəli metodik vəsaitinin I və II hissələrinə daxil edilmişdir. 2016-ci ilə qədərki nəşrlər “Gülünün şeirləri”, 2019-cu və 2020-ci illərdəki təkmilləşdirilmiş nəşrlər isə “Güllünün şeirləri” adlandırılmışdır

Pedaqogika üzrə fəlsəfə doktoru Taleh Xəlilov kitaba yazdığı “Ön söz”də müəllifi haqlı olaraq “novator şair” adlandırmış, kitaba daxil edilmiş şeirlərin “böyük dəyərə malik mütaliə materialı”, “müasir əhəmiyyətinə görə qiymətli” olduğunu qeyd etmişdir. T.Xəlilova görə, “vəsaitdə fənlərarası inteqrasiya da düzgün qurulmuşdur”. Məqalə müəllifi dərs vəsaitinə hərflərlə birlikdə rəqəmlə­rin də daxil edilməsini “Azərbaycan dili fənni ilə riyaziy­yat fənni arasındakı inteqrasiyanın bariz nümunəsi” qis­min­də dəyərləndirmişdir: “Vəsaitdə Azərbaycan əlifbası­nın hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir” [6. Xəlilov Taleh. “Ön söz” məqaləsi. s.3, 4 və 5].

Tənqidçi-ədəbiyyatşünas, doktor-professor Qurban Bayramov Z.Ustac şeiriyyətinin “sirlərini” incələyib onları “ədəbi ştamplardan uzaq” adlandırıb: “Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşçılıqla bərabər ən çox gələcəyə, perspek­tivə yönəlikdir. Onun yaradıcılığı həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür”, – yazır, – “bezdirici deyil, maraq doğurur”, “impultiv deyildir, ardıcıllıq, mütəmadi­lik, məqsədyönlülük, prinsipiallaq üslubunu, yazı-mövzu yönümünü-yönəmini” şərtləndirir. Müəllif, yazıçının “hər şeyi öz adı ilə çağırmaq”, türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla deyil, həm də şüurla bağlamaq missiya­sını, ənənəvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda)” şərh etmək bacarığını yüksək qiymətləndirir.

Z.Ustacın ümumən yaradıcılığı haqqında deyilən bu qənaətlər şairin uşaq şeirlərində də aydın müşahidə olunur. Həyatın çox gərdişlərindən bixəbər böyüyən uşaqlar sadəlövh olduqları qədər də ağıllı və düşüncəli; şıltaq və dəcəl olduqları qədər də təmkinli, qayğıkeş, bir-birini başa düşən, qəbul edəndirlər. Yayı sevirlər – heç vaxt görmə­dikləri yerlərə səyahət edəcəklər axı. Qışı da sevirlər – qartopu oynayacaqlarına, qardan şaxta baba, qar qız düzəldəcəklərinə, şaxtalı havada buz üzərində sürüşəcək­lərinə görə. Yazin, payızın da özünəməxsus özəllikləri var onlar üçün. Birində uca Tanrının rəngkarı olduğu özəl bir dünyaya vurğun kəsilirlər, digərində Ulu Yaradanın son “şah əsəri” olan insanı yaşatması üçün yoxdan var etdiyi nemətlərin ətrini, dadını çıxarırlar özləri üçün.

Bu sevgilər içərisində onları daha çox qayğılandıran Vətənə, Ana torpağa məhəbbətdir. Yanvarın, fevralın, martın öz özəlliyi olduğu kimi, payız aylarının da özünə­məxsus­luqlrı uşaqlar üçün cəlbedicidir. Onlar məktəbi, kitabı daha çox sevirlər. Axı yaxşı oxumasalar həyatda mükəmməl insan ola bilməzlər. Bunun üçünsə kimə minnətdar olmaq lazımdır? Müəllimlərinə, kitablara, hər kəsdən öncə isə ömrünü övladlarına fəda edən valideyn­lərinə.

Z.Ustacın uşaq şeirlərində gələcəyimiz olan balalara bunlar təlqin olunur. Və artıq qeyd etdiyimiz kimi, uşağın çox rahatlıqla dərk edəcəyi, qəbul edəcəyi anlamlı deyim tərzində.  

…Q.Bayramov Z.Ustacın yaradıcılığında bir cəhətə də xüsusi önəm yetirir. Yazıçının “baxımsız qalmış, gözdən-kö­nül­dən iraq salınmış, unudulmuş yox, unutdu­rulan mövzulara da ürəklə, cəsarətlə göz yetirməsinə, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarıb yaddaşları dirildən kitaba” çevirməsinə. Z.Ustacın belə yadigarlarından biri unudulmaqda olan “USTAC” istila­hına təzədən həyat verməsidir. Azərbaycan kişi adlarının izahlı lüğətində “sənətkar, öz peşəsinin bilicisi” mənasını daşıyır, Z.Ustacın öz qənaətinə görə isə, “qələmdar olmaq missiyası”nı.

***

Əvvəldə Z.Xəlilin “Uşaq ədəbiyyatının başlıca vəzifə­ləri” məqaləsinə istinad edərək XX əsrin 90-cı illərinin əvvəllərində uşaq ədəbiyyatının bütövlükdə yaşlı sənətkarların ümidinə qaldığını, sonralar yavaş-yavaş yeni qüvvələr yarandığını diqqətə çatdırmış və bu yeni qüvvələr sırasında Z.Ustacın özünəməxsus yeri olduğun qeyd etmişdik…

Z.Xəlil yaradıcılığından bəhs edəndə həmişə demi­şəm ki, o, xoşbəxt taleli yazıçılarımızdandır. Hər haldan öncə ona görə ki, Abdulla Şaiq yaradıcılığına, folklora, şifahi xalq ədəbiyyatına bağlılıq onu bu günkü uçalığında qərarlaşdırıb. Həmçinin bir də ona görə ki, Z.Xəlilin uğurla inkişaf etdirdiyi uşaq ədəbiyyatımız bu gün Z.Ustac kimi qələmdarların yaradıcılığında özünəməxsus yönümdə davam etdirilir.

Ədəbiyat siyahısı:

1. Belinski V.Q. Seçilmiş əsərləri. Bakı-1948.;

2. Həsənli Bilal Azərbaycan uşaq ədəbiyyatı. Bakı-“Müəllim” nəşriyyatı-2015, 522 səh.;

3. Xəlil Zahid, Əsgərli Füzuli. Uşaq ədəbiyyatı. Bakı-2007, 490 səh.;

4. Xəlil Zahid. Azərbaycan uşaq ədəbiyyatı. Bakı-2019, 306 səh.;

5. Şəfaqət Hədiyyə. Uşaq ədəbiyyatında obrazlar və dərsliklər. Problem. 2 iyul 2012-ci il [https://modern.az/az/news/25987;

6. Ustac Zaur. “Güllünün şeirləri”. Bakı-“Mücrü”-2020, 40 səh.;

7. Ustac Zaur. “Gülünün şeirləri”. Bakı-2016, 30 səh.;

8. Ustac Zaur. Qələmdar. Bakı-2020, 300 səh.

Ayətxan Ziyad – yazıçı-jurnalist, tədqiqatçı.

Ayətxan Ziyad (İsgəndərov)

Azərbaycan Yazıçılar

və Jurnalistlər birliklərinin üzvü,

yazıçı-jurnalist, tədqiqatçı.

Dərc  olunub:

  1. İlk xəbər. 13yanvar 2021.
https://ilkxəbər.orq/news/php?id=51175;

2. Müstəqil.Az 13.01.2021.

3. Kultur.Az 15.01.2021.

http://kultur.az/?p=16218;

4.Fedai.az  20.01.2021

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sekulyarizasiya nədir?

Sekulyarizasiya nədir?

Müəllif: s.f.d. Asəf Qənbərov

Sekulyarizasiya nədir?

Sekulyarizasiya, “institusional, ictimai və mədəni müstəvidə dinin əhəmiyyətini itirməsi və ya zəifləməsi” prosesini ifadə etmək üçün sosioloqlar tərəfindən irəli sürülən tezisdir [1, s. 11; 2, s. 302]. Sekulyarizasiya terminini “dünyəviləşmə” kəlməsi ilə əvəz etmək mümkündür. Dünyəviləşmə ilə qəsd edilən məna dini norma və dəyərlərin yerinə rasional, ağıla və təcrübəyə istinad edən, ümumi mənafeyi nəzərə alan dünyəvi dəyərlərin inkişaf etməsidir. Bu tezisə görə, cəmiyyətdə modernləşmə prosesi getdikcə dinin ictimai və mədəni rolu azalır. Nəticədə dini qurumlar çox məhdud sahədə fəaliyyət göstərirlər. Lakin daha sonra görəcəyimiz kimi, bu qanunauyğunluq, əsasən, Qərbi Avropa ölkələri üçün keçərlidir. Modernləşmə baxımından yüksək səviyyədə olan ABŞ-da din ictimai əhəmiyyətini və rolunu itirməmişdir. Bu səbəbdən də sekulyarizasiya tezisini müdafiə edənlər ABŞ-ın və müsəlman ölkələrin bir çoxunun istisna təşkil etdiyini vurğulayırlar [3, s. 22-23].

Mövzu ilə yaxından əlaqəli olan və tez-tez dünyəviləşmə prosesi ilə qarışdırılan başqa bir termin də sekulyarizmdir. Sekulyarizmi dilimizdə “dünyəvilik” termini tam qarşılayır və onu sekulyarizasiya (dünyəviləşmə) ilə qarışdırmaq doğru deyildir. Sekulyarizm dinin dövlətdən ayrı olduğunu və qanunvericiliyin dini doqmalara əsaslanmadığını ifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasında “dövlətin dünyəviliyi” [4, m. 7.1., 18.1.; 5] və “təhsilin dünyəvi xarakter daşıması” [4, m. 18.3.; 5] maddələri sekulyarizmin mənasını dəqiq təyin etmişdir. Burada işlədilən dünyəvilik, normativ termin olub siyasi-hüquqi mənaları ehtiva edir; sekulyarizasiya prosesi isə ictimai durumu təsvir edən deskriptiv (red.təsviredici anlayış) termindir.

Sekulyarizmin nəzəri əsaslarını ilk dəfə l873-cü ildə fransız mütəfəkkiri Ferdinand Buisson (1841-1932) irəli sürmüşdür. Həmçinin o, 1903-1905-ci illərdə Fransada kilsə və dövlət işlərinin bir-birindən ayrılması vəzifəsini yerinə yetirən parlament komissiyasının sədri olmuş və dövlət məktəblərinin dünyəviləşdirilməsi prosesində mühüm xidmətlər göstərmişdir [6, s. 6-7].  Buissona görə din və dövlət işlərinin ayrılması mənasında işlədilən  dünyəvilik,  dünyəviləşmənin  nəticəsidir.  Onun  fikrincə,  fransız  cəmiyyəti Avropanın yüksək səviyyədə dünyəviləşmiş cəmiyyəti olmuşdur [6, s. 9]. Buna görə də din və dövlət işlərinin ayrılması ilk dəfə Fransada həyata keçirilmişdir.

Dinin  ictimai  əhəmiyyətinin  azalması  modernləşmənin  üç  xüsusiyyəti  ilə əlaqələndirilir. Bunlar sosial fərqliləşmə, sosiallaşma və rasionallaşma prosesləridir [1, s. 9]. Modernləşmə isə dünyəviləşmənin əsas hərəkətverici amili hesab edilir. Sekulyarizasiya nəzəriyyəsinin tarixi inkişafı Sekulyarlaşma, yaxud dünyəviləşmə tezisi XIX və XX əsr sosioloji düşüncənin mərkəzi və eyni zamanda ən çox mübahisə doğuran mövzusudur. Lakin bu terminin kökləri klassik sosiologiyanın baniləri hesab edilən Ogüst Kont (red.Auguste Comte) və Emil Durkheymin (red.Émile Durkheim) çalışmalarına, Karl Marks və Maks Veberin sosial dəyişmə nəzəriyyələrinə qədər gedib çıxır.

O.Kontun (1789-1857) üç mərhələ qanununa görə insan düşüncəsi bir-birini izləyən üç mərhələdən keçir. O, teoloji dövrdə hadisələri fövqəlbəşər varlıqlara istinadən izah edir. Metafizik dövrdə mücərrəd fəlsəfi ideyalara müraciət olunur. Sonuncu pozitiv dövrdə isə insan hadisələri müşahidə edərək və aralarında sabit qanunauyğunluqları müəyyənləşdirərək onların izahına çalışır [7, s. 69]. Teoloji dövrdən metafizik dövrə, sonra da pozitiv dövrə keçid əslində cəmiyyətin getdikcə dünyəviləşdiyini ifadə etmənin başqa bir yoludur.

Maks Veber dinin tənəzzülünü “dünyanın sehrinin pozulması” şəklində ifadə edir, amma dünyəvi biliyin dinin yerini heç zaman doldura bilməyəcəyini də vurğulayır. Veberə görə din və dini dəyərlərin formalaşdırdığı davranış tiplərinin yerini ağıla və məqsədə yönəlmiş davranış tipləri almışdır. O bu davranış dəyişkənliyini kapitalizm və sənayeləşmənin ortaya çıxması ilə və ictimai institutlarda hakim vəziyyətə gəlmiş rasionallıq və bürokratiya ilə əlaqələndirir. Veber “Protestant əxlaqı və kapitalizmin ruhu” adlı klassik əsərində bu mövzunu detallı şəkildə izah edir. Protestantlığın Kalvinizm qolunun “ilahi qədər” haqqındakı təlimləri iqtisadi həyatda kapitalist münasibətlərin yaranmasında öz təsirini göstərmişdir [8, s. 85-87]. Veber “dünyanın sehrinin pozulmasını” narahatlıqla qarşılayır. Bürokratiyaya əsaslanan idarəçiləri “ruhsuz mütəxəssislərə”, rasionallığı isə “dəmir qəfəsə” bənzədir [9, s. 159].

Müasir  sosioloqlardan  Bryan  Vilson  (1926-2004)  sekulyarizasiyanı  “dini düşüncələr, praktikalar və dini institutların əhəmiyyətini itirməsi” kimi tərif edir. B.Vilson düşünür ki,, cəmiyyətlər sənayeləşərkən daha rasional, elmi və ixtisaslaşmış cəmiyyət halına gəlir. Buna görə də ənənəvi dəyərlər və praktikalar zəifləyir. Nəticədə həm dini həyatda zəifləmə olur, həm də dini müəssisələrin yerinə yetirdiyi vəzifə və rollar (təhsil, siyasət, ictimai asayiş və s.) başqa ixtisaslaşmış ictimai-siyasi institutlara həvalə edilir [2, s. 301].

Peter Bergerin(red.Peter Ludwig Berger) sekulyarizasiya tezisi ilə əlaqədar çalışmaları iki qismə ayrılır. Gənclik dövrlərində Berger sekulyarizasiya tezisini müdafiə edən ən əhəmiyyətli din sosioloqu olmuşdur. Xüsusilə, “The Sacred Canopy: Elements of a Sociological Theory of Religion (1967)” adlı kitabında sekulyarizasiya prosesinin başlanğıcını Yəhudi-Xristian dinlərinin köklərində axtarır. Qədim yəhudi dininin dünyəviləşməni öz içində ehtiva etdiyini belə ifadə edir: “Əhdi-Ətiq, özü yaratdığı, amma heç bir şəkildə ona nüfuz etmədiyi kainatın xaricində duran bir Tanrı anlayışını irəli sürür” [10, s. 211].Bergerin fikrincə, yəhudilərin tanrı anlayışını dünyadan uzaq və ayrı təsəvvür etmələri, dünyanı profan, yəni müqəddəslikdən uzaq hala gətirmişdir.Bergerin  çalışmalarının bir hissəsi isə bu tezisin tənqidinə həsr edilmişdir. O, “The Desecularization of the World” və “Secularizm in Retreat” adlı məqalələrində bu tezisin dünyanın əksər yerində özünü doğrultmadığını, əksinə dinin getdikçə gücləndiyini etiraf etmişdir [3, s. 11-32].

İLKİN MƏNBƏ:rezonanss.com


“YAZARLAR” JURNALININ MART – 2021 SAYI PDF:

YAZARLAR MART-elekDOWNLOAD

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALI – MART – 2021 SAYI PDF

“YAZARLAR” JURNALI – MART – 2021 – PDF.

BU  SAYDA YER  ALAN  YAZARLAR:

Azərbaycan Respublikası Prezidentinin  

                Sərəncamı      – 3

Zaur Ustac -6.                            Adil Cəfakeş – 18

Mövlud Ağamməd  -20             Təvəkkül Goruslu – 22

 Mayıl Dostu –  24                   Sona Abbasəliqızı  – 28

 Tuncay Şəhrili-31                      Təranə Arifqızı – 33

Jurnal sosial-ictimai yönümlü “TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 36 səh.                Çapa imzalanıb: 05.03.2021.

“YAZARLAR” JURNALININ MART – 2021 SAYI PDF:

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru