
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!
Müəllif: Zaur USTAC
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru