
QIŞA -BƏRƏKƏT- DEYƏK
(Şair dostum Xəlil Zeynalova…)
Bir az sonra yazı var,
Qışa- bərəkət- deyək.
Keçir, çoxu azı var,
Yaşa -bərəkət- deyək.
Çəmən- gülü bitirən,
Zaman- dərdi ötürən,
Bizə ruzi gətirən
İşə- bərəkət- deyək.
Əl-kündəni unlayan,
Arı-şanı mumlayan,
Yeri əkən, şumlayan
Xışa-bərəkət-deyək.
Tut arağı, ol, olsun,
Görüşə bir yol olsun.
Qoy ruzumuz bol olsun,
“Nuş”a -bərəkət- deyək.
Demə-yardı doyulan,
Qəlb həsrətdən soyulan.
Pis şeirə qoyulan
“Quş”a- bərəkət- deyək.
Adil qaldırsın səsin,
Xəlil xəngəldən yesin,
Qəzənfər sağlıq desin,
“Tuş”a -bərəkət- deyək.
14.01.2024
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
YAZARLAR.AZ
======================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “QIŞA – BƏRƏKƏT – DEYƏK”