Sevil Gül Nur – Daş inad.

Ruhun bayramı

Sənsiz şaxta kəsir yetim ruhumu,
Günəşin üzünü qəlbimə döndər.
Topla göy üzündən ulduzları da,
Qaranlıq ömrümə hədiyyə göndər.

Dindir dalğaları, mahnı bəstələ,
Titrəyən dilində söz ləpələnsin.
Bir şeir pıçılda üzü göylərə,
Buluddan üstümə eşq səpələnsin.

Yağsın səmaların nuru üstümə,
Saçlarım yağışın sehrinə düşsün.
Yolla nəfəsini əsən küləklə,
Ruhumun havası bir az dəyişsin.

Yox, ya da özün gəl, özün bu gecə,
Susan ümidlərim səninlə dinsin.
Gəlişin can versin daş otaqlara,
İsti baxışınla bu ev isinsin.

Qayıt, bu həsrətin nəfəsini kəs,
Sevgi ayrılığı qoy ram eləsin.
Saatı vüsala qurmuşam, ömrüm,
Gəl, ruhum səninlə bayram eləsin.

Adsız şeir

Düz bir ömür daşıyardım,
Çiynimdə yüküm olsaydın.
Şair, əsgər, adi insan –
Sevərdim, hər kim olsaydın…

Qəlbimdən qəm dağılardı,
Qara günüm ağ olardı,
Yaralarım sağalardı,
Tək mənə həkim olsaydın…

Sənli gün dəyər yüz aya,
Qanadlanardım fəzaya,
Dözərdim hər cür cəzaya,
Ruhuma hakim olsaydın…

Yolunda bitən olardım,
Sənlə bir və tən olardım.
Mən sənə vətən olardım,
Sən mənə sakin olsaydın…

Son oyun

Gözü dolub buludların bu səhər,
Sən getdiyin o yolları yaşlayır.
Ruhum üzür bir boşluğun içində –
Sevgimizin həsrət ömrü başlayır.

Bu neçənci gedişindir, bilmirəm,
Hər gedişdə dəfə-dəfə yarıldım.
Böyütmədim içimdəki ağrını,
Sən dönüncə ümidlərə sarıldım.

Bir körpəcə təsəlliyə sığınıb,
Günlərimi ötüşdürdüm birtəhər.
Göyərmədi gözümdəki arzular,
Səbrim ilə suvarsam da hər səhər.

Şeirlərdən çətir tutdum könlünə,
Gah saxladın, gah da geri yolladın.
Dönə-dönə getdin məndən uzağa,
Dönə-dönə mənə doğru yol aldın.

Ruhum ayaq səslərindən yorulub,
Addımların döyəcləyir ömrümü.
Məni ürək iynələyir hər gecə,
Gündüzlər də həsrət yeyir ömrümü.

Çox uzandı bu “get-gəl”lər oyunu,
Üzüm gəlmir ürəyimə “döz” deyim.
Ayrılmağa gəlirsənsə, qayıtma,
Qovuşmağa gəlirsənsə, gözləyim.

Daş inad

Səpdin göy üzünə ayrılıqları,
İndi buludlardan vüsal süzülmür.
Mənim ürəyimdir, dözür hələ də,
Yer – göy də götürməz bu boyda zülmü.

Susub dodaqların yol ayrıcında,
Gələn sabahıma xeyir söyləmir.
Gözlərin unudub pıçıldamağı,
Daha baxışların şeir söyləmir.

Düşüb tərsliyinin məngənəsinə,
Ərköyün hikkənin əlində qaldım.
Yazıq saçlarımın günahı nəydi?
Yenə də heyfimi onlardan aldım.

O daş inadını tulla dənizə,
Odur yolumuza hər an daş qoyan.
Onsuz nə sən məndən çıxıb gedənsən,
Nə də ki, mən səndən ayrı yaşayan.

Günlərdir, qapıya ilişib gözüm,
Sən də darıxırsan mənsiz, bilirəm.
Əvvəlcə bu yersiz qürurunu yıx,
Sonra da mesaj yaz: Gözlə, gəlirəm.

Şah beyt

Bu soyuq qış gecəsi yaza dönə bir anda,
Həsrətindən öldüyün gəlib dura qapında.
Ömrünə hakim olan qasırğalar səngiyə,
Könlündə güllər aça, qəlbin əlvan don geyə.

Gəlişi qanı qaçmış duyğulara qan verə,
Baxışı o sönükən gözlərinə can verə.
Dikilə nəzərləri tir-tir əsən çiyninə,
Çıxarıb pencəyini geyindirə əyninə.

Quruyan dodaqların bir söz deyə bilməyə,
Qaldıra əllərini göz yaşını silməyə.
Əriyə yanaqların, itə ovuclarında,
Hicranın vahiməsi bitə ovuclarında.

Darıxan saçlarını barmaqları ovuda,
Ətrindən məst olasan, ruhun özün unuda.
Unudasan keçmişin acı xatirəsini,
Çəkəsən ciyərinə alovlu nəfəsini.

Alışan iztirabın sönə dodaqlarında,
Hissin dəli tufana dönə dodaqlarında.
İçini parçalayan qaranlıqlar dağıla,
Bugecəki görüşdən bir şeir də doğula.

Oxşayıb şeirlərin gah misra, gah beytini,
Ona pıçıldayasan hər şeirin şah beytini.
Yenidən eşq alovun sancasan yaxasına,
Gedəsən milyonillik məhəbbət yuxusuna…

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir