Rafiq Yusifoglu – DAĞLARA QAR YAĞIR.

DAĞLARA QAR YAĞIR

Gəldim bu yerlərə, şükür bu günə,
Həsrət göylərində solğun ayam mən.
Dursam da zirvəylə çiyin-çiyinə,
Ötən günlərimin yanındayam mən…

İçimi yurd edib həsrət qoşunu,
Yolları, izləri örtüb qalın qar.
Xatirə dünyama gedən maşının
Önündə sehrli şlaqbaum var…

Dağların həsrəti dağlayıb məni,
Heç kim ürəyimi kiridə bilmir.
Yaddaşım sırsıra bağlayıb mənim,
Günəş o buzları əridə bilmir.

Mənim könlümdəki səssiz harayı
Kaman bilməsə də, kamança bilər.
Qalıb qar altında həsrət sarayı,
Onun qapısını kim aça bilər?

Div yuxulu tarix çətin oyana,
Baxın bu yerlərə mənim gözümlə.
Qatar, maşın getməz burdan o yana,
Apara bilmirəm sizi özümlə…

Rəngi avazıyıb nədən günlərin?
Sıldırım gülünü kim dərə bilər?
Rəngini, ruhunu ötən günlərin
Axı məndən başqa kim görə bilər?

Dağlara qar yağır, itib dincliyim,
Qəlbim nə özündə, nə sözündədi…
Mənim uşaqlığım, mənim gəncliyim
Bu bəyaz örtüyün o üzündədi.

Xəyalım göylərin yeddi qatında,
Həsrətin qəlb yaxan həzin səsi var…
Kəfənə bənzəyən qarın altında
Gizli xatirələr xəzinəsi var…

Çox şükür, bu yerdən qovduq yağını,
Günəş də həsrəti əridə bilmir.
Dağlara qar yağır, könül dağının
Heyf ki, üstünü qar örtə bilmir…
26.01.2022.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir