Dünyanı dərk eləyəndən
İlk sözümüz minacatdı.
Qəlbim nələr istəmədi? –
Arzularım minə çatdı…
Düşdüm yolların ağına,
Dırmandım hikmət dağına,
Baş qoyub yar ayağına
Axır ki, murada çatdım.
Məcnun tək səhraya düşdüm,
Sevgi ocağında bişdim,
Qismətimə hicran düşdü,
Sevən ürəyim çat-çatdı…
Qəlbi daşmış o yarın da,
Mən keçmişdə, o yarında,
Şeir-sənət diyarında
Bəlkə yolum sona çatdı?
Yazdım, pozdum, fikrə getdim,
Yaralı bülbül tək ötdüm,
Əlimdən gələni etdim, –
Neynim, gücüm buna çatdı…
03.05.2024
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru