
AZƏRBAYCAN BAYRAĞI
Vətənimə töhfəsən dahi Məmməd Əmindən,
Qopmusan, elə bil ki, Tanrının ətəyindən.
Sən bir daha ucaldın Şəhidlərin əlində,
Ey Oğuz ellərinin yanar, sönməz çırağı,
Azərbaycan bayrağı!
Savaşdan qalib çıxdı, bükülmədi bayrağım,
Şəhid qanı nahaqdan tökülmədi, bayrağım!
Dalğalanan dəniz tək al-əlvan göy qurşağı,
Düşmənə ox tək batan, zirvədəki göz dağı,
Azərbaycan bayrağı!
Tarixin dərgahından güclə qopmuş bayrağım,
Şəhidlərin qanına, gülə hopmuş bayrağım,
Şuşamın zirvəsinə uçub qonmuş bayrağım,
Zirvələrdə qal elə, ey hürriyyət mayağı,
Azərbaycan bayrağı!
Sən azad Vətənimdə məğrur dayan, bayrağım,
Hər səhər Şuşamızda azad oyan, bayrağım,
Zəfərlər müjdəsiylə nura boyan, bayrağım,
Sənə baxsın, sevinsin, başı qarlı Kirs dağı,
Azərbaycan bayrağı!
Təbrizimin boynuna sarılaraq dalğalan,
Zəngəzurun, Göyçənin yollarında dalğalan,
Zəfər çalmış ərlərin qollarında dalğalan,
Ey azad Vətənimin əbədiyyət sorağı,
Azərbaycan bayrağı!
İstiqlal qapısını nurla açan bayrağım,
Qaranlığa, zülmətə işıq saçan bayrağım,
Hürriyyət günəşi tək göydə uçan bayrağım,
Ay-ulduzlu hilalın sən üçrəngli növrağı,
Azərbaycan bayrağı!
Azadlıqla, qan ilə, istiqlalla yoğruldun,
Amma tarixlər boyu qatil əllə boğuldun,
Şuşanın zirvəsində sən yenidən doğuldun,
Gözüm üstə qoyacam sən doğulan torpağı,
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!
Müəllif: SEVDA SƏFƏRLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru