Vaqif Səmədoğlunun xatirəsinə

Vaqif Səmədoğlunun xatirəsinə

Mənə görə Vaqif Səmədoğlu poeziyada perspektiv ustasıydı. Məsələn, necə ki, Stenli Kubrikin “Odissey: 2001” filmindəki məşhur səhnədə səmaya atılan iri sümük parçası aşağı düşərkən kosmik şattla çevrilir, Səmədoğlu da ən sadə şeirində belə bu cür plandan plana keçirdi. Sadə bir şeirinə baxaq:

“Mənim ünvanım:
Nəhayətsizlik.
Zaman.
Məkan.
Dünən, bu gün
və sabah.
Görünən,
görünməyən.
Eşidilən,
eşidilməyən Qalaktika.
Günəş sistemi.
Yer kürəsi.
Torpaq.
Bir az Avropa.
Bir az Asiya.
Böyük ölkə.
Doğma yurdum Azərbaycan.
Bakı.
Sakit bir küçə.
Ev dörd, mənzil otuz yeddi.
Otaq.
Üçbucaq masa.
Kağız və qələm.
Şeirlər…”

Təsvirin vektoruna nəzər yetirin, kosmik plandan, hələ dünyaya gəlmədiyi məqamdan şeirlərin balaca bir otaqda dünyaya gəldiyi məqama pillə-pillə keçid… Bu sadə görünən pilləkənvari sadalama bizə astaca sezdirir ki, baxır, gördüklərinə hansı ölçüdən, hansı perspektivdən yanaşırsan.
Vaqif Səmədoğlu itki haqqında şaxseysiz yazmağı bacarırdı. Qardaşı Yusifə ithaf etdiyi, atası böyük Səməd Vurğunun ölümüylə bağlı şeirdə itki hissi haqqında danışmır, (eynilə Pasternak kimi) onu predmetlərə proyeksiya edir, poetik analogiyalar vasitəsilə göstərir; qantel-telefon dəstəyi arasında qurulan analogiyanın inkişafına fikir verin:
“Bilirsiz qantel nədir?
Çuqundan tökülmüş,
Uzun bel səkkizə bənzər
əzələ bərkidən.
Mən bir dəfə
dünyanın ən ağır
qantelini qaldırdım:
telefon çağırdı məni,
götürdüm dəstəyi,
səs gəldi:

– Özünü ələ al,
öldü…
Qüvvəm çatmadı,
düşdü əlimdən
dünyanın ən ağır qanteli…”

Vaqif Səmədoğlu bəlkə də şeirşünaslığımızda hələ narrativ şeir anlayışı olmayanda hekayəsi, novellavari sürpizləri olan şeirlər yazmışdı.

“Hər gün
səhər altıda
Süd! Süd! Süd! bağırır
həyətdə kiminə səsi.
Bu səhər
üşüyə-üşüyə
həyətə düşdüm.
İstədim soruşam,
hardan tapır bu adam
səhər tezdən
bu cür qüvvətli səsi?
Nə boydadır zalımın nəfəsi,
böyük bir evi
səsiylə yuxudan qaldıra bilir?
Gördüm, qarıdır,
gözlərindən yuxu tökülür…”

Fikir verin, elə bil, yer üzündə heç bir bənzətmə, təşbeh qalmayıb, birbaşa əhvalatın özü təqdim edilir, ancaq “ş”-ların və “s”ların ustaca təkrarı hesabına adi bir həyat mənzərəsi şeirləşir.

Xatirəsinə böyük ehtiramla: Qismət

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir