Əgər sizə heç bir medal verməyiblərsə, demək, bütün yaxşı şeylərə layiqsiniz.
Maarifçilər öz zamanlarında qiymətləndirilmirlər. Bu cür insanları ya ruhdan salıb mənən öldürdükdən, ya da cismən itirdikdən sonra anlayırlar. Onlara qoşulan olmaz, daş atanlarınsa sayı hesaba gəlməz. İdeyaları həmin vaxt qəbul edilməz, açdıqları izlə sonralar addımlayarlar. Özlərini yox edib sözlərini yaşadarlar. Əslində, onları yaşadan xalqın qədirbilənliyi deyil, cəmiyyətə məxsus olan əbədi əyrilikdir.
Gözlərinizin qarşısında dincliyini insanların problemi ilə pozan, özünü özgələrin dərdi ilə yükləyənləri görmürsünüz. Görənləriniz də dəyərləndirmirsiniz. Başqası üçün zəhmət çəkənə, təmənnasız işləyənlərə “əfəl” deyirsiniz. Onlar isə buna əhəmiyyət vermədən çalışırlar.
Böyük ideyalar eşqinə hər çətinliyə dözməyə güc tapmaq, yaşamaq olur.
Onlar yaşayırlar… amma necə?
Xoşbəxtliklərindən özgələrə pay verməyə hazır olaraq, bacardıqlarını edib, bacarmadıqları üçün üzülərək. Əli-qolu bağlı…
Çabaları – bu millətə nəyimi qurban versəm, o var olacaq?
Qayələri də bu!
Görməzdən gəlin, məhv etməyə çalışın, nə edirsiniz edin. Onlardan nəsə qalacaq!
Onlar bir günlük sevinci, bir günlük dincliyi qəbul etmirlər. İstəyirlər, bir gündə duyulan bütün xoş hisslər əbədilik olsun!
Darmadağın dünyada tamlığını qoruyan, parçalanıb yan-yörəyə “tökülmüş” ölkədə bütöv Vətən eşqiylə yaşayan, problemi çox olan millətin içində özünün dərdini gizlədib canını dişinə tutub, cəmiyyətin yükünü çiyinlərinə götürən, öz dincliyindən çox gələcək nəsillərin rifahını düşünən, abır-həyasından keçməyib istəklərini ürəyində öldürüb arzusuna çatmayan, başqalarının uğurundan şadlanan xoşniyyətli adam, (lar) millət sizlə millət olur.
Gül-çiçəyin, yaşıllığın mövsümü yaz-yay fəsilləri olduğundan dekabr ayında açan qızılgül diqqət çəkməyə, xoşa gəlməyə bilməz. Ən qalın geyimlərə “sığındığımız” vaxtda üzə gülümsəyən ləçəklər çətin anlarda ümidini itirməyən, hər şeyə rəğmən pozitivliyini qoruyan, ruhu cavan, həyat eşqi güclü olan insanları xatırladır. Mühit nə qədər sıxsa da ətrafındakılara kin bəsləməyən, heç kəsə nifrət püskürməyən insanlara eşq olsun. Onlar da həyatın çiçəkləridirlər. Qoxuları, gözəllikləri ilə ruhumuz dincəlir.
SERGEY JİTOMİRSKİNİN “SİRAKUZLU ALİM” TARİXİ ROMANI YAYINLANIB
Bu günlərdə tanınmış rus yazıçısı Sergey Jitomirskinin tarixi mövzuda yazdığı “Sirakuzlu alim” romanı nəşr olunub. Qədim yunan mütəfəkkiri Arximedin həyat yolundan bəhs edən romanı Azərbaycan türkcəsinə yazıçı VAQİF SULTANLI çevririb.
Qeyd edək ki, “Srakuzlu alim” romanı Azərbaycan oxucularına ilk dəfə ötən əsrin səksəninci illərinin sonlarında təqdim edilib. “Kritika” yayın evinin illər sonar romanı təkrar nəşr etməsi əsərin mövzu-problem baxımından aktuallığından qaynaqlanır.
Əsərlərini daha çox sənədli-bioqrafik və elmi-fantastik üslubda yazmış Sergey Jitomirskinin (1929-2004) “Yaradılmış maşınlar” (1977), “Monqolustan və Tibet tədqiqatçısı P.K.Kozlov” (1989), “Lənətlənmiş Atlantida” (1992), “Qədim astronomiya və orfizm”, “Epikur” (2001), “Romul və Rem” (2003), “Misir hökmdarı” (2005) kimi roman və povestləri geniş oxucu kütləsinin marağını çəkmiş, ədəbi tənqid tərəfindən yüksək dəyərləndirilmiş və müxtəlif dillərə çevrilmişdir.
Sergey Jitomirskinin ilk dəfə 1982-ci ilə yayınlanan “Sirakuzlu alim” tarixi romanı onun yaradıcılığında önəmli yerlərdən birini tutur. Arximedin həyat yoluna işıq tutan əsər sadə, çəkici bir dillə yazılmış, alimin riyasiyyat və fizika sahəsində qazandığı elmi uğurlar bədii səpkidə canlandırılmışdır. Romanın mühüm özəlliklərindən biri burada yalnız baş qəhrəman kimi seçilmiş Arximedin həyat yolunun deyil, bütövlükdə antik dönəmin əfsanə örtüyünə bürünmüş tarixi mənzərəsinin yaradılmasıdır.