Qədim Yunanıstanda Sokrat müdrikliyə görə böyük şöhrətə malik idi. Bir gün bir nəfər böyük filosofu tapmağa gəlib ona dedi:
– Bilirsən, dostun haqqında nə eşitmişəm?
“Bir dəqiqə” deyə Sokrat cavab verdi. “Mənə deməzdən əvvəl mən onu üç ələklə yoxlamaq istərdim.”
“Üç ələk?”
– Bəli, – Sokrat davam etdi. “Başqaları haqqında danışmazdan əvvəl, nəyi nəzərdə tutduğunuzu süzgəcdən keçirməyə vaxt ayırmaq vacibdir. Mən bunu üç ələk sınağı adlandırıram. Birinci ələk HƏQİQƏTdir. Mənə deyəcəyiniz şeyin doğru olub-olmadığını yoxladınızmı? “
– Yox, indicə eşitmişəm.
“Çox yaxşı! Deməli, bunun doğru olub-olmadığını bilmirsən. Keçək ikinci ələyə, XEYİRLİYƏ. Dostum haqqında mənə demək istədiyin şey yaxşı bir şeydirmi?”
“Oh, yox! Əksinə.”
“Deməli,” deyə Sokrat soruşdu, “sən mənə onun haqqında mənfi bir şey söyləmək istəyirsən və bunun doğruluğuna belə əmin deyilsən? Bəlkə hələ də üçüncü ələkdən, FAYDALILIQ sınağından keçə bilərsən. Mənim üçün faydalıdırmı? Bu dost haqqında mənə nə deyəcəyinizi bilirsinizmi?
“Yox, əslində yox.”
“Ona görə də, – Sokrat yekunlaşdırdı, – sənin mənə deyəcəklərin nə doğru, nə yaxşı, nə də faydalıdır.
Bu günkü qəhrəmanım xeyli gəncdi. Amma çiynində min ilin yükü var– Söz yükü. Sözündə Vətən boyda, torpaq boydadı. Məsuliyyətli və dəqiqdi. Arxasında durandı sözünün- Hər mənada. Yaşına görə çox bilir. Elə çox da görüb məncə. Çətinliyin və ağrıların içindən keçib. Həyatda bişənlərdəndi. Ona görə də özünə arxayındı . Elə sözünə də. Aramızda bir fəsillik yol var. O bahardadı, mən payızda. Hərə öz pəncərəsindən baxır dünyaya. Əsas odu baxmağı bacarır. Hərdən sözü adama payızdan boylansa da əhvalına bağışlayırsan duyğularını. Hər məqamda özüdü. Ərklə sözünün qapısını açdığım gənc dostlardandı. Elə hər mənada arxalana biləcəyimiz gəncdi. Gözəl vətəndaşdı, gözəl oğuldu, gözəl atadı, gözəl yoldaşdı, gözəl dostdu. Bu gözəlliyin içində istedadlıdı həm də. Ürəklə “şairdi” deyə bildiklərimdəndi ən əsası:
Bu dünyaya mən dan yeri söküləndə gəlmişəm. Tanrının dərgahından bu bəxtəvər dünyanın Qapqara saçlarına İşıq rəngli ləl-cəvahir Töküləndə gəlmişəm –deyir bu günkü qəhrəmanım—Taleh Mansur. Mənsə –nə yaxşı ki, gəlmisən bu ağlı,qaralı dünyaya. Nə yaxşı sözün qulpundan yapışmısan . Nə yaxşı ki, sözə qahmar çıxanlardan olmusan –deyirəm. Qəlbiylə sözə sarılanlardan pislik gəlməz dünyaya. Safdılar. Qələm sözünə baxmayanda da sözə tutunmağın bir ayrı hikməti var. Hələ sözlə əl ələ verib bu dünyaya meydan oxumağın özü bir qəhrəmanlıqdı. Qəhrəman olmağın özü də bir igidlikdi. Talehin qələminə Tanrı sığal çəkib . Göy üzündən gələnlərdəndi. Bu çoxluğun içində özünü isbat etmək, seçilmək elə də asan deyil. Hərdən Talehdən daha ağır , daha dərin söz, fikir gözləyirəm. Sonra dönüb yaşına baxıram. Yaşına bağışlayıram o vaxt duyğularından asılan gənci. İçindəki atəşinə, oduna bağışlayıram. Yaşıdlarından tez böyüyən adına bağışlayıram . Mənə görə şairi sözündən tanıyırsansa , demək şairdi. Öz cığırı , öz yolu varsa , demək ,özünə sadiqdi . Talehdə də bir qəribə özünəmənsubluq var. Bu heç də özünü bəyənmə deyil, özünə inamdı, özünə güvəndi. Onun bircə şeiri də boğazdan yuxarı yazılmayıb. Kökü var. Havadan asılmayıb. Aydınlığında durulub paklana bilir oxucu. Dağa , daşa salmır adamı, düz yola çıxarır. Ruhunun yolçusudu Taleh. Sözün dalınca düşənlərdən deyil. Söz onun yaxasını buraxmır. Yaxşı mənada:
Şeir qəlbi şah tutasan, şah qala, Söz başını düz önündə əyəsən. Qoşulasan İlahi bir xəyala, Aradabir gedib ərşə dəyəsən.
Sözü İlahiyə ucaltmaq Eşqi duyulur bu misralarda . Bu baxımdan Talehdə özünə özündən baxmaq fəlsəfəsi güclüdü. Nə olursa olsun , ən əsası hər məqamda içindəki sevgini qoruyub saxlamağın bir adı da müdriklikdi . Taleh də gənc müdriklər siyahısındadı bu sarıdan. Bu da bir məsuliyyətdi. Hərdən bu yükün ağırlığından doğulan şeirlər gələr dünyaya. Sonra hamınınkı olar bu dərd. Dərdin böyüklüyünə sarılarsan. Özününkü edərsən. Deyərsən bax budu hər şeydən ucada dayanan Söz. Nə qədər gizlətsə də şairi sözündən tutarsan. Şair sözüylə ələ verər özünü. Elə Taleh Mansur kimi:
Göyün xəyalımdı, Yerin yuxumdu. Sən olan yuxular dərin yuxumdu…. …Bir də ki , sən özün yaxşı bilirsən Sənli yuxuların dayazı olmur, Yağış , qar töksə də ayazı olmur. Nə qışı, nə də ki , payızı olmur. Həsrətə bələnmiş sətirlər ruhuna hopur adamın. Bürünürsən şeirə. Hopur canına ayrılıq. Unudursan sətirlərin arasında bu günü. Dünənə qayıdırsan. Ordan sabahdakı özünə boylanırsan. İtib batırsan dünəndə. Bu günə dönməyə gücün qalmır. Şeir də bu deyilmi?
Döndü göz yaşına gülən sevdalar, Bir də doğularmı ölən sevdalar? Ay mənim başıma gələn sevdalar Başımdakı ürək deyil , ağıldı.
Bilə -bilə ki, sevdaların hamısı hisslərin məhsuludu , yenə də ağılla sevməyin tərəfdarıdı bu gənc həmkar.
..Vəcdə gəldim söz əlindən danışdım, Qəşəngindən, gözəlindən danışdım, Mən dünyanın əvvəlindən danışdım, Sonrasını bilirsən də, nağıldı.
Axıcı misralar duyğulara sığal çəkir. Fikirləşirsən ki, onsuz da hər şey nağıldı. Təki yaşamağı bacarasan. Taleh həm də sözündə özünü göstərənlərdəndi. Heç kimin fikirlərinə söykənmir . Özünə bağlıdı. Eqosu yoxdu. Tanrının çaldığı ilə oynayır. . Dayaz şeirlərin içində boy verir sözüylə. Cılızlıqdan qaçandı . Qəribə sadiqiyi var arzularına. Ümiddən yapışandı. Bir az da üsyankardı. Səbrsizliyi başına bəladı. Arxayınlaşmaz heç nəylə. Heç razılaşmaz da. Sözündən tanıyıram axı. Bir “Ulduz” sevdası da var onun. Ustadı Qulu Ağsəsin yükünə yoldaş olmaqdan da usanmaz . Sevə -sevə çəkər yükü. Quludan dərs alıb axı. Biz müəlliflərin də yazılarının nazını çəkmək var öhdəliklərində. Ərkimizin, görkümüzün yiyəsidilər həm də. Sözlərinin də. Elə Qulu Ağsəs də mənim kimi Talehdə başqalarından fərqli nəsə görüb ki, bu yaşda bu boyda məsuliyyəti onun boynuna yükləyib. Tanrı kömək olsun! Bizdənsə bu gənc dostumuza bolluca səbr, dözüm və uğur arzulamaq qalır. Sözü və yolu həmişə açıq olsun.
9 iyul yazıçı-publisist, geoloq, böyük yazıçımız Süleyman Rəhimovun oğlu Şamo Rəhimovun doğum günüdür. Xatırlayaq. Ruhu şad olsun.
O, 1931-ci ilin aprelində Xalq yazıçısı Süleyman Rəhimovun ailəsində anadan olmuşdu. Ömrü çox qısa olub – cəmi 34 il! Arzuları içində vulkan kimi püskürsə də, ömrü şeh kimi qısa oldu…
Flora XƏLİLZADƏ, Əməkdar jurnalist:
Orta məktəbdə oxuduğu illərdə şeirə maraq göstərər, ara-sıra ürəyindən keçənləri misraların dili ilə qələmə alardı. Amma atası sevimli oğlunun ədəbiyyat sahəsinə gəlməsini istəmirdi. Süleyman Rəhimov Şamonun fizika-riyaziyyat kimi dəqiq elmlərdə böyük qabiliyyəti olduğunu hiss etdiyindən, təbliğatını həmişə bu istiqamətə yönəldirdi. Şamo atasını eşitdi, amma ilhamına da biganə qalmadı. Hələ məktəbli vaxtlarından şeirlər yazan Şamo Rəhimov gəncliyində də bu sevimli vərdişini davam etdirib. Təqribən 2.000 misradan çox şeir yazmışdı. Bəzən də şeirlərini Kəskin təxəllüsü ilə qələmə alırmış. İndi ondan yadigar qalan şeir dəftərçələrini və vəfatından bir neçə il sonra çap edilmiş “Ayrılıq” adlı kitabını vərəqlədikcə, məni ən çox heyrətləndirən məktəbli gəncin ölüm barəsindəki düşüncələridir: “Ayrılıq nə vaxtdandır oxuyur nəğməsini”. “…Zamanın əsən küləyi ömür çəmənimi tapdayıb biçir” söyləyən xiffətli Şamonun 24 yaşında yazdığı şeirdən bir parçaya diqqət edək:
İstərəm qəlbimə səs verə-verə, Dilim öz halını desin bəşərə. Halım elə səda salsın hər yerə, Nəhrlər, dalğalar, sellər ağlasın, Tufanlar, ormanlar, göllər ağlasın!!.
Həyat eşqli, yaşamaq arzulu bir gəncin şeirlərindəki ölüm hökmünün addımları nədən belə tez görünüb, məni xeyli düşündürdü. Bu dərəcədə hər şeyi əvvəlcədən duymaq hansı hissin təsiridir? Şamonun şeirlərində həm də sevən bir gəncin duyğuları da dil açır, amma bütün sonluqlarda əbədi ayrılığın rüzgarı əsməkdədir:
Yer fırlanır, günəş batır, dayanmadan külək əsir, Kainatı dərk etməyə insan oğlu hey tələsir. Karvan gəlir, karvan gedir, təbiət şən, zaman yorğun, Əlvidalıq yeli əsir, insan isə ömrə vurğun.
Onun erkən yaşlarında yazdığı şeirlərdə zamanın, quruluşun gerçək sifəti də görünür. Çox güman ki, bu da ailə mühitindən, atasının söhbətlərindən, ətrafda olan müzakirələrdən yaranırmış. Cəmi 14 yaşında yazdığı misralara fikir verin: Xalqın mərd oğulları zindanlarda çürüyür, Ölüm vəhşi qurd kimi insanlığa yüyürür.
Məşhur alimlərin səhv etdiklərini aşkarladı Şamo Rəhimov orta məktəbi qızıl medalla bitirdikdən sonra Moskvada M.V. Lomonosov adına Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. Sonra SSRİ Elmlər Akademiyasının Fizika İnstitutunun seysmologiya üzrə aspiranturasına daxil olub. 1958-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb Onun haqqında çox mükəmməl bir məqalənin müəllifi olan profesdor Qulu Xəlilov yazırdı: “Hələ ali məktəbdə ikən öz parlaq istedadı və cəsarətli mühakimələri ilə fərqlənən Şamonu akademik Otto Yulyeviç Şmidt və professor Yevgeni Fyodoroviç Savaranski kimi görkəmli alimlər yüksək qiymətləndirmiş və xəbərdarlıq etmişlər ki, Qafqaz oğlu, böyük bir döyüşə atılırsan”.
Yer quruluşunun və qabığının öyrənilməsi sahəsində tədqiqatlar aparmaq üçün böyük ingilis fiziki Reley tərəfindən kəşf edilmiş metod uzun illər (80 ildən çox) əsas götürülürdü. Şamo Rəhimovun seysmologiya sahəsinə gətirdiyi yeniliklər nəticəsində isə bir çox məşhur alimlərin səhv etdikləri də aşkarlandı. Gənc seysmoloqun şöhrəti təkcə Qafqaza, Rusiyaya deyil, bütün dünyaya yayıldı. Şamo Rəhimov seysmologiyaya yeni anlayış- “qlobal dalğalar anlayışı” gətirmişdi. Bu qlobal dalğalar bu gün də bütün dünyanaın seysmik stansiyalarında qeyd edilir. Azərbaycan aliminin elmi kəşfi dünya alimlərinin diqqətini çəkirdi. Hətta onu Amerikaya da dəvət etmişdilər. Sovet hakimiyyətinin qadağaları nəticəsində Şamo Rəhimov okeanın o tayında keçirilən konfransa buraxılmadı… Doğrudur, Şamo Rəhimovun əsərləri xarici ölkələrdə çap olunurdu, məşhur alimlər tərəfindən yüksək qiymətləndirilirdi. Amerikalı professor Elvari Filin Şamoya yazırdı: ” Çox təəsüf ki, Sizin dili bilmirəm, Lakin mütləq öyrənəcəyəm. İstəyirəm Sizə doğma dilinizdə təşəkkür edəm. Tədqiqatlarınız gözəl nəticə vermişdir. Bundan sonra Yer qabığının quruluşunu daha asanlıqla öyrənmək olar.”
“AZƏRBAYCANIN SEYSMİK ULDUZU” Azərbaycan seysmoloji elminin banilərindən sayılan Şamo Rəhimovun bu istiqamətdəki axtarışları, tapıntıları barəsində dünya mətbuatında maraqlı məqalələr də dərc edilirdi. Hind mətbuatında Şamo Rəhimovu “Azərbaycanın seysmik ulduzu” adlandırırdılar. Onun 40-dan artıq elmi əsərinin şöhrəti sərhədləri çoxdan aşıb və müxtəlif dillərə tərcümə edilərək bu gün də qiymətli kəşf kimi istifadə olunur. Onun seysmologiya elmindəki kəşfləri ildırım sürətilə bütün dünyanı dolaşdı . Azərbaycanlı alimin kəşfindən sonra bir sıra xarici ölkə alimləri də istifadə etdikləri metodlara tənqidi yanaşmağa başladılar. Uzun illər bütün dünya tərəfindən qəbul olunmuş, ötən əsrin ortalarına qədər də tətbiq edilmiş və Amerika alimi M. Yunq tərəfindən irəli sürülmüş faza sürətlərinin təyinetmə metodundakı yanlışlıqları elmi dəlillərlə əsaslandıran Şamo Rəhimova ABŞ prezidentinin elmi katibi , professor Fyodr Press tərəfindən dəvətlər, məktublar gələrdi. Hətta öz kitablarını da Şamoya hədiyyə göndərərdi. Bundan başqa, seysmologiya ilə bağlı çap etdikləri bülletenləri də Azərbaycana – Şamo Rəhimova göndərərdi. Şamonun ölümündən sonra da bu ənənənə 11 il davam etmişdir. Amerikada elmi problemləri öyrənən cəmiyyətin orqanı “Nauka” jurnalının naşiri Filip Eybelsonun məktubundan: ” Əziz həmkar! Bizim jurnalımız… elmin və texnikanın, həmçinin elmi cəmiyyətlərin qarşılıqlı əlaqə və problemlərinin müzakirəsi üçün Beynəlxalq forum rolu oynayır. Sizi bu cəmiyyətin üzvü olmağa və bizim elmi səylərimizə kömək etməyə ürəkdən dəvət edirik. Əgər siz bizim jurnalın səhifələrində dünyanın bir sıra, eləcə də Amerika alimlərilə elmi əlaqə saxlasaydınız, çox şad olardıq.” Arxivində dünyanın bir çox ölkələrindən gəlmiş belə məktublar çoxdur.
“Şamo Rəhimov respublikanın geniş seysmostatistika məlumatına əsaslanaraq, Yer qabığını öyrənmək üçün yeni metod hazırlayıb tətbiq etmişdir. Yeni metod zəlzələnin əhatə etdiyi sahədə zəlzələ gücünün dəyişilməsi qanunauyğunluqlarını öyrənmək əsasında Yer qabığındakı yarıqları və eyni tipli sahələri ayırmağa imkan verir. Müəllif geologiyanın bir çox məsələlərini də tədqiq etmiş, yeni söz demişdir. O, qeyri-adi güclü zəlzələlərin nəticələrinə görə, ərazilərin seysmik mikrorayonlaşdırılması metodunu irəli sürmüşdür. Bu seysmik mikrorayonlaşdırma metodu seysmologiyada indi mövcud olan bütün metodlardan daha səmərəli və daha sərfəlidir. ” ( “Kommunist” qəzeti,21 iyul 1966).
Ermənilərin xisləti heç xoşuma gəlmədi Yer qatının xüsusiyyətlərini öyrənmək üçün Şamo Rəhimov Qafqazın bütün yaşayış sahələrində tədqiqatlar aparardı . Belə elmi araşdırmaların növbəti ünvanı İrəvan şəhəri olub. Oradan qayıtdıqdan sonra hansı elmi nəticəyə gəlib? Bu barədə elmi bülletenlərdə rəylər var. Diqqətimi çəkən Şamonun dəftərçəsinə yazdığı qeydləri oldu: “Ermənilərin xisləti heç xoşuma gəlmədi. Onlar əhalidən pul toplamaqla məşğuldurlar. Silahlanırlar. Ürəklərindən Dağlıq Qarabağ keçir. “Bizimdir” deyirlər…” Şamo Rəhimov tərəfindən bu xəbərdarlıq diqqət edin, görün nə vaxt -1960-cı ildə qələmə alınıb. Təəssüf ki, amansız əcəlin qara caynaqları Şamonun başının üstünü çox tez aldı. Neçə-neçə arzusu yarımçıq qaldı. Şamo ailə də qurmamışdı. Cəmi 34 il yaşadı. Bütün ömrünü elmə həsr edən bu istedadlı alim neçə kəşfini, yaradacaqlarını özü ilə apardı. Şamodan sonra nələr baş verdi?. Qardaşı adının əvvəlinə onun ismini yazaraq doğmasını bu şəkildə yaşatmağa çalışdı: Şamo Arif. Cild-cild romanların müəllifi Şamo Arif. Atası Süleyman Rəhimov ömrünün sonuna kimi “Şamo” epopeyasının üzərində işlədi. Yoxluğu onu tanıyanları yandırıb-yaxdı. Toy üstündə olan oğlunu itirən Aşıq Şəmşir görün Dədə Süleymana nə yazırdı:
Yanmalıdır yaralıya yaralı Ürəyim alışdı ürəyin kimi. Uzaq olsun qalanların canından, Dirəyim çəkildi dirəyin kimi.
“Biləyim sınıbdır biləyin kimi” deyən Şəmşirin şərikləri çox olub. Məmməd Rahim, Ramiz Heydər, Feyruz Məmmədov kimi şairlər məhz öz sarsıntılarını şeirlə dilə gətiriblər. Şamo Rəhimov Azərbaycanın seysmorayonlaşdırılmasının xəritəsini yaradan əsas müəlliflərdəndir. Şamo Rəhimov seysmologiyaya yeni anlayış “qlobal dalğalar” gətirməklə, bunun əsasında Yer quruluşunun bütünlüklə öyrənilməsinin son dərəcədə səmərəli üsulunu kəşf etmişdir. Mütəxəssislər dəfələrlə qeyd və etiraf edirlər ki, gənc Azərbaycan aliminin bu elmi kəşfi daha dəqiq və sabit elmi nəticələr çıxarmağa imkan yaratmış, Yer kürəsinin quruluşunu daha dərindən öyrənilməsi işinə təkan vermişdir. Onun gördüyü məhsuldar və faydalı işlər müasir seysmologiya elminin inkişafına səbəb olmuşdur. 2 aprel Şamo Rəhimovun doğum günüdür. Heykəltəraş Ömər Eldarovun böyük ustalıqla yaratdığı qəbirüstü abidə elə canlı və mükəmməldir ki…Bir qədər diqqətlə baxdıqda, sanki Şamonun öz səsini eşidirsən: Qəlblərdə sönməyən xatirə qoydum İndi xumar-xumar rahat uyuyum.
Xan Şuşinskiyə – Xan əmiyə hər konsertdən çıxanda deyərmişlər ki: -“Maşallah, əla oxuduğunuz, Xan əmi” Xanəndənin cavabı belə olarmış: -“İndi görən Allahyara (Xan əminin qardaşı, tarzən) bir ad verərlər? Qardaşının ad almağını elə çox arzularmış Xan əmi.
Mənə də hər dəfə deyəndə ki, “Yazıçılar Birliyinə üzv ol” birinci deyirdim ki, görən Vasif nə vaxt üzv olacaq? Bu gün ağabəyin (atamın təbiri ilə onu belə çağırıram, hərçənd həmşərilər böyük qardaşa “dadaş” deyərlər) Yazıçılar Birliyinə üzv olması məni sevindirdi. Onun şöhrətə can atmasını, iddialı olmasını, bir qədər də dünyagir olmasını tam təbii sayıram.Canındakı şöhrət damarını torpaq ünsürünü daşıması, ayağını Yerə bərk dayaması, Qız bürcündən olması ilə izah edərdim.Elə təxəllüsü də bircəcik qızı – Ayanın şərəfinədir. Olsun! Böyük fransız yazarı Lui – Ferdinand Detuş da sevimli nənəsinin adı – Selin təxəllüsü ilə tanınırdı. “Gecənin sonuna səyahət”, “Cəsədlər məktəbi” , “Ölüm və borc” əsərləri ilə fransız nəsrinə böyük qatqılarda bulunan (baxmayaraq ki, nasizim dəstəkçisi idi) Selin xalqının çatışmazlığını gözəl tənqid edirdi, nəinki tənqid, hətta cəmiyyətə həqarətlər yağdırar, yeri gələndə isə söyərdi.Amma orijinal söyərdi, gözəl söyərdi, sevdiyindən, dərdinə yandığından elə söyərdi ki, fransızların dəymişi qala-qala, kalı tökülərdi. Vasifin də qələminin Selin kimi püxtələşməyini arzu edirəm, çünki Vasif Ayan da cəmiyyət naqisliyini, nöqsanlarını geninə-boluna tənqid etməkdə pərgardır. Mənfi hallarla üzləşəndə əsəbiləşir, özündən tez çıxır, hətta üsyan edir. Bu, həm də onun sərbəstliyini, daxili azadlığını, bəzən komplekssiz olmasını şərtləndirir.Onun sakit görünüşünün arxasında həmşəri tərsliyini, inadkarlığını sezmək çətin deyil. Haqsızlığa əsla biganə qalmır, bu da onun yurddaş kimi mövqeyindən irəli gəlir.Ortabab yazarları, bəzən “3” qiymətində olan sənət adamlarını “əfsanə”, “dahi” adlandırması millətini böyük görmək istəyinin göstəricisidir.Tində dondurma, ya tum satacaq səviyyədə olan kino, televiziya işçilərini, sənət adamlarını “fenomen” çağırmasını insanlığa aşırı mərhəməti, dolu sevgisi ilə izah edirəm. Bəlkə dadaş Rəsul Rzanın “insanda insanı oyadın!” misrasını məndən daha tez əzbərləyibmiş, deyə bilmərəm.
Bir şeyi deyə bilərəm ki, Göyçay ədəbi məktəbi – Həbibi, Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, İsgəndər Coşqun, Əli Səmədli, İbrahim Göyçaylı, Əkbər Əlioğlu bulağı indi də çağlamaqda davam edir.Bu vəsiqəyə atılan Anar imzasının bir Göyçaylının başqa bir Göyçay mühitində yetişən yazara deyil, bütün yurddaş, vətəndaş yazarların gələcək uğurlarına atılan imzası olacaq! 08.07.2024.
BİR YAZI YAZMAQ İSTƏYİRƏM.. Bir yazı yazmaq istəyirəm… Səmalarda qərar tutsun, heç enməsin yerə, yerdən baxmasın göyə… Torpaqda ilişib qalmasın, üst-başı tozlanmasın… Böyük dar ağacı, görünsün dünyanın hər yerindən… Bir günahkar asılsın hərfindən, hər sözündən… Bir yazı yazmaq istəyirəm, ocaq olsun, yığışsınlar istisinə… Kasıblara yaxın olsun. Elə ocaq ki, qızışdırsın arzuları, xəyalları. Üfürənlər kor olmasın minnətinə, nazına, buruq- buruq tüstüsünə… Biri məndən soruşur: – Nəsrəddini tanıyırsan? Deyirəm, xeyir! Əşşi, necə naxçıvanlısan ki, tanımırsan? O da yerlindi, sizinkidir, bizimkidir… Pomprokurordur, dekan, ya da rektordur… Bir yazı yazmaq istəyirəm, deyim qardaş, heyifdir sənə o boyda baş.. Mən ağacları, canlıları tanıyıram.. Vəzifə, gəvəzəliklə maraqlanmıram, Günəş altında işıq- İnsan axtarıram. Mən tək Naxçıvan deyiləm, Şuşayam, İrəvanam əsirlikdəyəm, Xocalıyam canımdan asılmışam göylərdən, qan damızdırıram vicdanlara, üşüyürəm baxanda insanlara, zəqqum dadızdırıram milli qeyrətlərə, heyrət göstərirəm süni heyrətlərə.. Borçalıyam,Təbrizəm, Dərbəndəm qəribdəyəm, Əlincə boyda azadlıqdayam, qələm ucunda işıq, qılınc ucunda qanam, böyük Azərbaycanam!! Bir yazı yazmaq istəyirəm, deyim-hacı sənin gözlərinə eynək lazım, yaxını görmür… Daha İbrahim kəbələr hörmür… Kəbənin daşları səpələnib yer üzünə, hər səfil bir pay götürüb özünə… Niyə yaxın kəbələri ziyarət etmirsiz, doğma anan evinə illərlə getmirsiz? Bir uşağın gözündəki sevinc, bilirsiz nədir? Sizi ərşə apara biləcək zərif gücdədir… Mələklər uçuşur kasıb süfrəsinin cənnət səmalarında… Qismətdir, olasan yanlarında. Soğan, lavaş, pendir- çox sadə, hörməti var yeddi qat göydə… Hələ demirəm ki, həcc pulu haralıdır, kimlərdəndir, onlarla təhsil haqqı yetərindədir… Bəsdir Haci, özünü bicliyə qoyma, özün- öz imanının qabığını soyma… Xarici görürlər, ürək gedir, yorğa yeriş, ürkək gedir… Ya bir deputat, nazir görürlər, pərvanəyə dönürlər… Bir yazı yazmaq istəyirəm, deyim- yoldaş, ən uca qürur dağı, mənəviyyatın gülüstani- irəm bağı, insanlığın ulduzları bizdədir, böyüklüyümüz özümüzdədir, Azərbaycandadır, sərvətimiz qandadır… Hazıra, nazirə pərvanə olmayın, oz kölgən, sənindir, ən böyük qiymətin, ləyaqətindir… Elə bilirsən dağla şəkil çəkdirəndə dağ olursan? Bəlkə o fonda daha solğun, qarışmış rəngdə, gözlərə dolursan.. Baxıram yazılara, oxumuram. Baxıram danışırlar, siyasətçilər, əyalətçilər, şohrət atı minməyə çalışanlar, su içində quru qalıb, alışanlar… Qulaq asmıram. Çatmır mənə nə deyirlər, yalan yeyib, gop içirlər.. Bir yazı yazmaq istəyirəm deyim- vətəndaş, bu xalqın gözü tərəzidir, sözü tərəzi daşı. Dovşana şir, tülküyə pələng deməz, çörəyi qulağına yeməz.. İtirməz yaxşılığı, pisliyi, əbədidir qan yaddaşı.. Əbəs yerə rola girmə, camaatı bezdirmə,qulaqları dəng etmə… Şöhrət atı özündən aparar səni, bir səhrada yovşan üstə yıxar səni.. Dünyaya baxıram, bir böyük qazan… Nələr qaynamır içində, odu özündən, közü sözündən.. Çölü bumbuz, içi qaynar, varlısı donar, kasıbı yanar… Bir yazı yazmaq istəyirəm deyim: – İnsan, yuxulu- yuxulu hara gedirsən, haqqı kal- kal üzürsən.. Bu dünyada oturub o dünyanın zəri ilə oynayırsan, ocaq özün, odun özün, öz günahınla qaynayırsan… Bir yazı yazmaq istəyirəm, asım səmalardan hər kəs görsün… Bəlkə haqqa, düzə dönsün. Kim istəsə bir sözündən asılsın, günahları yellənərək, mənə qalsın… 19.05.2020
Təzə uşaq kitabının çıxması dünyaya təzə uşaq gəlməsi kimi fərəhli hadisədir. Ayaq açanda ilk yerişi ilə doğmaları sevindirən, qəribə hərəkətləri ilə yadda qalan uşağın özü kimi uşaqlar üçün yazılmış kitabın da maraqlı, təzə səhifələri yadda qalmalıdır. Mən Rafiq Yusifoğlunun uşaqlar üçün yazdığı “Ətirli düymələr” kitabını belə bir maraqla oxudum. Kitabda toplanan şeirlərin əsas qisminin mövzusu uşaqları müşahidədən, onların aləminə yaxınlıqdan alınmışdır. Səmimi ifadəsi ilə seçilən şeirlər təzə qol-budaq atan ağacın yaşıl yarpaqları arasından görünən çiçəklər kimi kitabın müxtəlif səhifələrinə səpələnmişdir. Şeirlər kitabda dörd bölmədə – “Çəmən çiçəyi ilə, insan əməyi ilə”, “Ukraynada keçən günlər”, “Ağacın kökü torpaqda, insanın kökü eldədi”, “Hamısı göyçək balalar, kəlməsi çiçək balalar” başlıqları altında toplanmışdır. Başlıqlar özü müəllifin məqsədini, uşaqlara hansı mətləblərdən söz açacağını bildirir. Torpağa məhəbbət, uşaqlara qayğı, dostluq, balacaların hazırcavablığı, əyləncəli şən dünyası Rafiqin şeirlərinin qayəsidir. O öz fikirlərini əsasən uşaqların dilindən verməyə çalışmış, onların maraqlı müşahidələrini şeirlərinin obyektinə çevirmişdir. Biz uşaqların özünü də bu şeirlərdə görürük. Həmin uşaqlar bəzən çox fərəsətli və bacarıqlı, bəzən də sadəlövh görünürlər. “Araba”, “Antena”, “Sevincimdən uçuram” şeirlərindəki uşaqlar həm müşahidələrini söyləyirlər. Həm də diribaş uşaqlardır. “Araba” şeirini misal gətirirəm: Qızınırıq qışda biz Ağacların oduna. Ay araba, araba, Get meşəyə oduna!
Tez elə, uşaqların Yerə salma sözünü. Əgər əliboş dönsən, Yandırarıq özünü…
“Qəfəsdə tək qalan bülbül” şeirində də uşaq fərasətlidir. Tayı ölüb qəfəsdə tək qalan bülbül darıxmasın deyə uşaq qəfəsə güzgü qoyub. Bülbül qəfəsdəki güzgüdə öz əksini görüb, elə bilir taylıdır. Mahnı oxuyur. Uşaq da öz əməlinə sevinir. Çünki qoçaqdır, ağıllıdır. Rafiq Yusifoğlunun “Usta külək”, “Buldozer”, “Balığın pulu” şeirlərindəki müşahidələr də maraqlıdır.
Rafiq Yusifoğlunun “Ətirli düymələr” kitabı əsasən həssas müşahidələrin məhsuludur. “Bizim dağlar”, “Yaşıl körpü”, “Şirin yağış”, “Pənsərədən baxan güllər”, “Saat”, “Dəniz neftçiləri”, “Araz üstündə körpü”, “İşığın yolu”, “Güllər sakitlik sevir” şeirləri idraki əhəmiyyətli, sadə və aydın şeirlərdir. Dil və ifadə, sözləri mənalandırmaq cəhətdən “Saat”, “Sokirnoda səhər”, “Küknar meşəsində yağış”, “Mavi küçə”, “Su”, “Alaq və balaq” kitabdakı uğurlu şeirlərdəndir. “Alaq və balaq” həm də şən şeirdir, oxuyana təbəssüm bəxş edir:
Bostanın ortasına Buraxmışam balağı, Mənə kömək eləsin, Gedib yesin alağı.
Babam deyir: – Ay dəsəl, Korlamısan aləmi. Alaq qalıb kənarda, Balaq yeyib kələmi…
Rafiq Yusifoğlunun “Saat” şeiri də uğurludur. Yığcam, mənalı, axıcıdır. Uşaq şeirindən də tələb olunan birinci bu xüsusiyyətdir.
Gecə-gündüz işləyir, Bu nə yaxşı saatdı. Əqrəblərin hərəsi Elə bil köhlən atdı.
Irəliyə can atır, Gedir səs sala-sala. Minib əqrəb atlara Zaman çapır dördnala…
Bu kitab göstərir ki, Rafiqin “Ətirli düymələr”i təravətlidir, ətirlidir. Uşaq aləminə səmimiyyətlə yanaşan, ona mülayim və xeyirxah bələdçi olan gənc qələm dostuma arzum budur ki, gələcək uşaq kitablarında açılmayan düymələr qalmasın, hamısı xoş ətri ilə bizi və balasa oxucuları sevindirsin.
İlyas TAPDIQ “Ədəbiyyat və incəsənət” qəzeti, 15 avqust 1986-cı il.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yazarlar” və “Carçı” jurnallarının əməkdaşı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyyətinin sədri, yazıçı-publisist Nəzakət Əhmədova (Eminqızı), DAMM-nin Birinci vitse-prezidenti Ruhiyyə Poladova, DAMM-nin Vitse- prezidenti Ramil Məlikov, “Carçı” jurnalının təsisçi və baş redaktoru Gülnarə Əmirquliyeva “Simurq” kitabxanasında qonaq olmuş, kitab bağışlama çərçivəsində kitabxanaya kitablar və jurnallar hədiyyə ediblər. Onlara və təşəbbüskar Zaur Ustaca təşəkkür edirik. Fotolar: