Ziyadxan Budaq – Mən yazmadım, Tanrı yazdı bu şeri…

Bir ömür də belə keçdi

İllər ötdü göz açınca,
Cığır salıb iz açınca.
Yaşamaqdan söz açınca
Bir ömür də belə keçdi.

Ötən günlər qınaq oldu,
Gələn günlər sınaq oldu.
Əzabına qonaq oldu,
Bir ömür də belə keçdi.

Çox ələndi ələk kimi,
Seçilmədi mələk kimi.
Qəfil əsən külək kimi
Bir ömür də belə keçdi.

Özül oldu, divar oldu,
Ölçü oldu,civar oldu.
Məramına süvar oldu,
Bir ömür də belə keçdi.

Qaynar oldu qucaq kimi,
Alovlandı ocaq kimi.
Öləziyən çıraq kimi
Bir ömür də belə keçdi.

Sevgi dolu ürək oldu,
Bir gözələ gərək oldu.
Boyu bircə çərək oldu,
Bir ömür də belə keçdi.

Yoxu varda ibrət bildi,
Varı yoxda qüdrət bildi.
İnsanlığı fitrət bildi,
Bir ömür də belə keçdi.

Gileyini ələmədi,
Umu – küsü eləmədi.
Bir kömək də diləmədi,
Bir ömür də belə keçdi.

Dünya ilə barışmadı,
Tale ilə yarışmadı.
Haqq deyənə qarışmadı,
Bir ömür də belə keçdi.

Məni məndə döyən olar,
Tərifləyib öyən olar.
Məndən sonra deyən olar:
Bir ömür də belə keçdi.

***

Uşaqlıq geriyə çağırır məni

Nəfəs daraldıqca təngiyirəm mən,
İstəyin yolunda ləngiyirəm mən.
Yox! Yox! Yağış kimi səngiyirəm mən,
Uşaqlıq geriyə çağırır məni.

Şübhələr içimdə kalandı daha,
Hay düşüb, ömrümdə talandı daha.
Yollar da tükənib dalandı daha,
Uşaqlıq geriyə çağırır məni.

Deyəsən yorulub ömrün atı da,
Salıb itirmişəm son inadı da.
Tapmışam özümü bir bayatıda,
Uşaqlıq geriyə çağırır məni.

Hisslər yumağını çözəmmir daha,
Duyğular halıma dözəmmir daha.
Qələm də sözlərlə bəzəmmir daha,
Uşaqlıq geriyə çağırır məni.

Gümansız gəlirsə açılan sabah,
Bu da son taledir, burda nə günah?
Yaşamaq necə də şirindir, Allah!
Uşaqlıq geriyə çağırır məni.

Dözdümmü illərin sınağına mən?
Gəldimmi zamanın qınağına mən?
Dönmüşəm ən əziz qonağına mən,
Uşaqlıq geriyə çağırır məni.

Orda yaz qoxulu bir nəsim qalıb,
Boyuma çatmayan bir səsim qalıb.
Orda bir yaşamaq həvəsim qalıb,
Uşaqlıq geriyə çağırır məni.

Şirin balaların acı göz yaşı,
Yığır dörd yanıma dostu, yoldaşı.
Dibindən oyulur yarğanın qaşı,
Uşaqlıq geriyə çağırır məni.

Bir yatmış tufanam,dinməyim çətin,
Xəyalam, göylərdən enməyim çətin.
Baxma ki, geriyə dönməyim çətin,
Uşaqlıq geriyə çağırır məni.

***

Tanrının yazdığı şeir

Yaylaqlarda görünmürdüm nə vaxtdı,
Gəlişimə yer boylandı,göy baxdı.
Təb qaynadı, ilham coşdu, söz axdı,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Sığal çəkdim,tumarlandı duyğular,
Xoşhal oldu,xumarlandı duyğular.
Qəlibləndi,hamarlandı duyğular,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Hisslərimə bəzək oldu çiçəklər,
Gözəlliyi başa çəkdi göyçəklər.
Xəyalımdan boylananda gerçəklər
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Necə deyim tale mənlə öc gəldi,
Hər nə gəldi yad hisslərə kəc gəldi.
İlahidən qələmimə güc gəldi,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Nələr gördüm düşüncənin yönündə,
Çaşbaş qaldım fikirlərin önündə.
Bir şairin hay – haraylı günündə
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Şairliyin öz ülgüsü budurmu?
Ruh çözümü, söz bölgüsü budurmu?
Üstümdəki Haqq vergisi budurmu?
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Qaynar eşqin yaxasımı söküldü?
Çayım axdı saflığına töküldü.
Gördüklərim heyrətimə büküldü,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

Gəl,oxucum, bu ümmana,nəhrə bax,
Şerimdəki gül nəfəsli mehrə bax.
Hikmətə bax,ovsuna bax,sehrə bax,
Mən yazmadım, Tanrı yazdı bu şeri.

***

Dünya haqqında şeir

Məchul dünya görən harda itibdir,
Bilən varmı uçub hara gedibdir?
Yox, deyəsən özü bəyan edibdir,
Tordan gəlib tora gedir bu dünya.

Ha yeridim,ha yüyürdüm,çatmadım,
Bir istəyin nur selinə batmadım.
Şirinini,şərbətini dadmadım,
Hardan gəlib,hara gedir bu dünya?

Baxdım, elə gözlərimdə dar oldu,
Ha səslədim, eşitmədi kar oldu.
Axır gördüm saçlarımda qar oldu,
Qardan gəlib qara gedir bu dünya.

Üzə çıxdı son fitnəsi,fəsadı,
Bir gün gördüm əlimdəki əsadı .
Yolları da ömür kimi qısadı,
Burdan gəlib bura gedir bu dünya.

Bu da belə bir səfərdi,güzardı,
Məndən olsa ömür yolu azardı.
Son addımda son mənzili məzardı,
Gordan gəlib gora gedir bu dünya.

Bir nağıldır,rəvayətdir ömürdə,
Özü boyda hekayətdir ömürdə.
Bu da belə qiyamətdir omürdə,
Surdan gəlib sura gedir bu dünya.

Müəllif: Ziyadxan Budaq

Ziyadxan Budağın yazıları

Günnur Ağayevanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir