
Dünyadı
Dünyadan nə diləyirsən,
Yetişməz kara dünyadı.
Təzim edib baş əyirsən,
Etmə, bekara dünyadı.
Əvvəli var, sonu yoxdu,
Bir biçimdə donu yoxdu.
Axtarma, qanunu yoxdu,
Çıxmaz aşkara dünyadı.
Bələd olan tinətinə
Qəlb qızdırmaz biətinə.
Müxənnətin niyyətinə
Gələn şikara dünyadı.
İxtilafı hər üzündə,
Cəhənnəmi yer üzündə.
Arif olanın gözündə
Açıq- aşkara dünyadı.
Etmə həsbi- hal yanında,
Onun fikri mal yanında.
Zalıma qul, qul yanında
Dönən sərkara dünyadı.
Mahirə halına talıb,
Qəmnən başqa nəyi qalıb.
Becə yerə ömür alıb,
Verən rüzgara dünyadı.
2017- iyul-İlisu.