Pərviz Yəhyalı – Yanıq iyi

Yanıq iyi
(hekayə)
Mən yuyunmaq istəyirəm! Şəlalə gülüşünün qəhqəsində. Mən boğulmaq istəyirəm gözlərinin dərinliyində. Tutub əlindən uçmaq istəyirəm nəhayətsiz ənginliklərə. Birdəfəlik yox olub getmək istəyirəm sənlə günəşin ilk boyalandığı dağların arxasına, ya da qüruba əlimiz çatan uzaqlığa. Sahilində bir sınıq qayıq olmayan adada bir ömrü sənə həsr etmək istəyirəm. Hər səhəri o adanın ən gözəl, ən ətirli çiçəklərini üzüb ayaqların altında bəxtəvər etmək niyyətindəyəm. Yumub məni gözlərində uyğularının əbədi müsafiri olmaq keçir könlümdən.
Qorxunun içindən doğulmuşam. Qorxmuram daha. Bilirsən qorxusuzluq nədi? Sənə olan məhəbbətimin aydınlığı, pəmpəcə buludların bəyazlığında tərtəmiz yazıdı. Heç mürəkkəbi də qara deyil. Tanrının mübarək əlindən mürəkkəbi günəşin al şəfəqindən olan yazıdı. Bu yazının oxunuşu səmavi kitabların ayəsinin avazındadır. Bu ayələri oxumaqdan niyə də qorxmalıyam. Haqdan gələn nidalar heç bir qorxuya baş əyməz.
Ehkamlara hayqırıb, meydan oxuyuram. Əgər insanların düzüb-qoşduğu adət və nə deyərlər hücum çəksə üstümüzə, alıb səni qollarıma qaçaram bir kimsənin yaşamadığı məkana.
Bu nədi ağlayırsan? Bəlkə sən hələ biz getməmiş yerdə indiki yerimiz üçün qəribsədin. Hələ arxada buraxmadıqlarına acıdın?
Bəlkə etiraf edəsən! Nəyi?
Bəlkə deyəsən….. Yox nə sevmək, sadəcə sənə biganə deyiləm!
Yaxşı, bildim. Yanlış anlamışam. Mən sıradan bir dostammış. Lap olsun ən yaxın dostammış.
İnciyirsən? Küsürsən?
Bəs özün nə etdiyinin fərqindəsən?
Sinəm qalıb kənarda. Köksümdəki ürəyin üstünə dırnaqlarından şıram çəkirsən. Sonra da Masazır duzundan ovuclayıb basırsan üstünə. Bir andaca qoparıb salırsan ən qaynar island termalına. Ürəyin soymur ki… ordanda əsən rüzgarlara verib qovursan artika buzlaqlarına. Qəribəsi də odur ki, bütün bunları bir anda, bir göz qırpımında edirsən.
Heç nə etmirsən? Bu mənəm bir sözündən uçub günəşə çatan, ya bir incik dodaq büzməyindən buz bağlayan.
Bilirsən nə arzulayıram? Əlinlə ən acı bibəri dilim-dilim doğrayasan, yox eee.. nə bibər, zəhər verəsən bir içim. Qafqaz bal arılarının bənövşə ətirli balı kimi çəkərəm dodaqlarıma, Abşeron şanısının əldə sıxılan ən şirin salxımdan süzülən şirinlik bilərəm zəqqutun təmli zəhər şərbətini.
Qorxursan? Zərif çiyinlərin çəkə bilməz bu böyüklükdə sevgini? Çəkə bilməz mən böyüklükdə yükü? Yoxsa qorxursan çatdığın ocağın alovu qarsdırar üz-gözünü. Ya mən yanıb kül olaram. Bir dəli qara yel də gəlib külümü çırpar üzünə. Qorxudan tir-tir əsən uçuqlamış dodaqlarına, göz yaşının yanağındakı cığırlarına qarışan kül səni tanınmaz edər.
Qara yelin başının üstə oynatdığı kül burulğanını görüb, sənə başına kül olmuş deyərlər?

Bütün yazdıqlarını bir nəfəsə oxudu. Özü də bilmirdi nə köçürür kağıza. Məktubmu, rabitəsiz düşüncələrinin hıçqırıqlarınımı. Bir şey ki, onun özü üçün anlaşılmaz idi, bəs….. gözlərini döyə-döyə yazıya baxırdı.
Çəkindi, üşəndi. Duyğu bətnini tərk edən sözlərdən eyməndi. Dərhal kağızı kiçik hissələrə bölüklədi. Kibrit çalıb yandırdı. Həycandanmı, barmaqlarının titrəməyindənmi biləyi də azacıq yandı. Göynədiyini hiss edib, xəfifcə gülümsüdü də. Yazdığı bir vərəq kağız əlini belə göynədir, bəs büsbütün yanan vücudu… Yeri-göyü yandıraram ki…
Kağız yanığının iyi otağını bürüdü. Pəncərəni açdı. Hava küləkli idi. Ev telofonunun zəngi onu diksindirdi. Axırıncı dəfə onun dəstəyini nə vaxt qaldırdığını xatırlamırdı.
-Alo qonşu salam-deyən səsin sahibini tanıdı.
-Salam.

-Qonşu mobil nömrəni bilmirdim. Hava küləklidi. Yanıq iyi hiss etdim.Dedim görüm salamatçılıqdı?

-Salamatçılıqdı.
Bilmədi təəcüblənsin, ya….
Hissilərinin bircə vərəqlik kağıza köçəni dünyanın ən biganə və kobud qonşusuna tüstüsünü necə çatdırdı.

Sirenlərin həyəcanlı səsi hələ də açıq pəncərədən bütün otağı başına götürmüşdü. Əks tərəfdəki küçənin o başında tikintisi hələ başa çatmayan bina yanırdı.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir