
“Belə demişdi Vaqif Səmədoğlu…” kitabı işıq üzü gördü…
Xalq şairi Vaqif Səmədoğlunun 125 aforizmi və çəkdiyi 78 fotonun toplandığl “Belə demişdi Vaqif Səmədoğlu…” kitabı çap edilib. Azərbaycan Yazıçılar Birliyinin nəşri kimi “Mütərcim” nəşriyyatında işıq üzü görən, maraqlı tərtibatla hazırlanmış kitabda şairin aforzimləri üç dildə-Azərbaycan, ingilis (tərcümə: İan Peart) və rus (tərcümə: Nicat Məmmədov) dillərində təqdim olunub.
Kitabın tərtibçisi Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri, şairin həyat yoldaşı, yazıçı-publisist Nüşabə Babayeva-Vəkilova, dizayneri Cavid Kişiyev, nəşriyyat direktoru prof. Telman Vəlixanlı, fotolar üzrə məsləhətçi Rauf Umudov, korrektoru Məlahət Qənbərovadır.
Kitab yazıçı və iş adamı Rüstəm Dastanoğlunun dəstəyi ilə çap olunub.
Kitabın redaktoru və naşiri Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğludur.
Səlim Babullaoğlu bizə eksklüziv açıqlamasında bunları bildirib:
“28 yanvar tarixi böyük şairimizin anım günüdür. Vaqif Səmədoğlu, mənim fikrimcə, Azərbaycan sərbəst və heca şeirini yeniləmiş böyük şairdir. Və o özündən sonra sərbəstdə və hecada yazan bütün yenilikçi şairlərimizin müəllimidir. Allah ona rəhmət eləsin. Çox yaxşı ki, Vaqif Səmədoğlu Mərkəzi, Mərkəzin rəhbəri, unudulmaz Vaqif müəllimin vəfalı ömür-gün yoldaşı Nüşabə xanım onun irsini yaşadır və Vaqif müəllimin aramızda olmadığı 10 il ərzində çox böyük işlər görüb, görməkdədir. Həm Bakıda, Azərbaycanda yeni-yeni kitablar çap olunub, həm xaricdə şairin irsi təbliğ olunub, əsərləri tərcümə edilib. Müsabiqələr, poeziya gecələri keçirilib, filmlər çəkilib. Bu həm şairin bədii irsinə, həm bütövlükdə ədəbi prosesə verilən töhfədir.
Son kitab da Nüşabə xanım təşəbbüsü və bizim iştirakımızla ərsəyə gəlib. Mən yazıçı, iş adamı Rüstəm Dastanoğluna kitabın nəşrindəki iştirakına və köməyinə görə minnətdaram, çox sağ olsun.
Bilirsiz ki, ötən Vaqif Səmədoğlunun yubiley ili idi və elə ötən ilin yanvar ayının 28-dən etibarən yubiley tədbirlərinə start verilmişdi. Şairin şeirlərinin qiraəti müsabiqəsi keçirilmişdi. Opera-studiyasında “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyevanın aparıcılığı və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın iştirakı ilə şairin 85 illik yubileyinə həsr olunmuş maraqlı yaradıcılıq gecəsi təşkil olunmuşdu. Milli Kitabxanada şairin yubileyinə həsr olunmuş kitab sərgisi açılmışdı, Qulu Ağsəsin təşəbbüsü, rəhbərliyi ilə “Ulduz” jurnalı “Vaqif Səmədoğlu-85” poeziya müsabiqəsi keçirmişdi. Xəyal Rzanın təşəbbüsü ilə AMEA-nın bağında təşkil olunan “Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı”nda bir gün “Vaqif Səmədoğlu günü” elan olunmuşdu, Fərid Hüseynin iştirakı ilə Türkiyədə şairin “Mən burdayam, ilahi!” şeir kitabı işıq üzü görmüşdü və İstanbul Beynəlxalq Kitab Yarmarkasında kitab təqdim edilmişdi. Və ən nəhayət konorejissor, əməkdar incəsənət xadimi Elçin Musaoğlunun çəkdiyi “Şeir kimi yaşamaq” filmi ötən ilin dekabr ayında “Nizami” konoteatrında təqdimatı keçirildi.
Bu kitabın nəşri isə ötən 28 yanvardan bu yana düz 1 ərzində keçirilən silsilənin, yubiley tədbirlərinin sonuncusudu.
Kitab, ona müəyyən mənada kataloq da demək olar, böyük şairimizin maraqlı fikirləri, deyimləri, həmçinin müxtəlif vaxtlarda çəkdiyi fotolardan ibarətdir. Deyimlər, aforizmlər bir ayrı süjey xəttinə malikdir, fotolar bir ayrı, iki müstəqil, üst-üstə düşməyən xətt üzrə təqdim ediliblər.
Burda şairin Allah, həyat, ölüm, poeziya, musiqi, bütövlükdə sənət, qadın, intihar və b. mövzularda düşüncələri var, eyni zamanda şairin ailə üzvləri, yaxınlaı və dostlarının portretləri, peyzaj, şəhər təsvirləri, uşaqlar, çoxlu fərqli, belə deyək mövzularda fotoları var.
Bu kitab şairin yaradıcılığına və şəxsiyyətinə fərqli bucaqdan baxmağ imkan verəcək.
Ruhu şad olsun!”
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru