Cənab Həsən Əli Mustafa Əlvəhdni Beynəlxalq Sülh Liderləri İnstitutunun İordaniya üzrə Qlobal Sülh Səfiri təyin edildi
Beynəlxalq Sülh Liderləri İnstitutu (IIPL) Alnasser Group Jordan şirkətinin sədri, hörmətli Cənab Həsən Əli Mustafa Əlvəhdninin İordaniya üzrə Qlobal Sülh Səfiri təyin olunduğunu elan etməkdən qürur duyur. Bu nüfuzlu təyinat 30 yanvar 2025-ci il tarixində Türk Ticarət Mərkəzi, Bakı, Azərbaycan şəhərində keçirilən IIPL Mükafatlandırma Mərasimi və EcoVision Qlobal Pakt Konfransı zamanı IIPL-in sədri Məhəmməd Əttaur Rəhman tərəfindən rəsmi olaraq elan edildi.
Tədbir zamanı IIPL sədri Məhəmməd Əttaur Rəhman, cənab Həsən Əli Mustafa Əlvəhdnini IIPL loqosu ilə təltif edərək, onun sülh quruculuğu, qlobal əməkdaşlıq və dayanıqlı inkişafa verdiyi töhfələri təqdir etdi. Hörmətli iş adamı və lider kimi o, beynəlxalq biznes və humanitar sahələrdə mühüm nailiyyətlər əldə etmiş və bu səbəbdən İordaniya və dünyada sülh və sosial harmoniya təşviqi üçün mükəmməl bir nümayəndədir.
IIPL Mükafatlandırma Mərasimi və EcoVision Qlobal Pakt Konfransı sülh, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq üçün çalışan qlobal liderlər, diplomatlar, siyasətçilər və dəyişiklik yaradan şəxsləri bir araya gətirdi. Tədbir, bu sahələrdə görkəmli töhfələri tanımaq və qlobal tərəfdaşlıqları gücləndirmək üçün mühüm bir platforma oldu.
Bu təyinatla Cənab Həsən Əli Mustafa Əlvəhdni, IIPL-in Qlobal Sülh Səfirləri sırasına qoşulur və institutun sülh, dayanıqlı inkişaf, insan hüquqları və qlobal əməkdaşlıq sahəsindəki missiyasını daha da irəli aparacaq. O, İordaniya və beynəlxalq səviyyədə sülh təşəbbüslərini irəlilətmək, maraqlı tərəflərlə əməkdaşlıq etmək və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG-lərin) həyata keçirilməsinə töhfə vermək üçün çalışacaq.
Beynəlxalq Sülh Liderləri İnstitutu Cənab Həsən Əli Mustafa Əlvəhdnini ürəkdən təbrik edir və onun bölgədə sülh və rifahın inkişafına yönəlik əhəmiyyətli liderliyini görməyi səbirsizliklə gözləyir.
Şair yaxşı söyləyib: “Dünya sənin, dünya mənim, dünya heç kimin”. Artıq əbədiyyətə qovuşan Gülhüseyn Kazımovu yaxşı tanıyırdım. İçi dolu, məzmunlu və dəyərli dostlarımdan biri idi. Kim deyibsə düz deyib, həqiqətən də insanlar işdə, vəzifədə, fəaliyyətdə bir-birini əvəz edə bilsələr də, amma həyatda heç kim əvəz olunmur. Barmaq izləri bir-birini təkrarlamadığı kimi, insanlar da bir-birini təkirarlamırlar, fərqli-fərqli təyinatları icra edirlər. Onun da öz təyinatı vardı, varlığına biçilən, taleyinə yazılan İlahi təyinat…
1950-ci il fevralın 4-də Cəbrayıl rayonunun Kavdar kəndində dünyaya gəlmişdi. Dörd ali təhsili vardı. Muzey işçisi də olmuşdu, redaktor da işləmişdi, dövlət qulluğunda da çalışmışdı. Üstəlik dövri mətbuatda xeyli elmi-publisistik yazıları da çap olunmuşdu. Filologiya elmləri namizədi idi…
Deyirdi ki,- “Hara getsəm də filologiya, jurnalistika sahəsində qazandığım təcrübə həmişə əlimdən tutub. 10 il Nazirlər Kabinetinin redaktə qrupunun rəhbəri işlədim, hökumət sənədlərinin dil-üslubuna, orfoqrafiyasına baxırdıq. Bir neçə il Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri işlədim, orada da təxminən bu işlərlə məşğul idim, sənədlərin tərtibatı, sənəd dövriyyəsi, ərizə və şikayətlərə baxılması, kollegiyaların keçirilməsi və s.. Reyestr Xidmətində işlədiyim müddətdə mülkiyyət hüquqlarının qediyyatı haqqında qanunvericiliyi, torpaq qanunvericiliyini mənimsədim, bizim qanunvericiliyə görə əmlak üzərində olduğu torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qediyyata alınır, bunları öyrənməsəydim, nə işçilərlə, nə də müraciət edən şəxslərlə işləyə bilərdim. Xidmətdə çalışdığım müddətdə Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı tarixi ilə bağlı da müəyyən araşdırmalar aparmışam. Milli arxivimizdə bu sahədə xeyli bəlgələr var. Gözəl bir doktorluq işinin mövzusudur, həvəs göstərib yazan olsa, kömək etməyə hazıram. Mülkiyyət hüquqlarının tarixi xalqımızın ümumi tarixinin ayrılmaz tərkib hissəsidir. Bu sahənin tədqiqinə çox ciddi ehtiyac var. Ümumiyyətlə, mən təbliğatçı olmuşam, təbliğatçı qulluq etdiyi dövrün, zamanın ideologiyasını təbliğ etməlidir. Təbliğatçı bir günə yetişmir, nəyisə təbliğ etməyin özü də böyük bir istedaddır. Təbliğ edən təbliğ olunanı inandıra bilmirsə demək təbliğatçı deyil. Ona görə işlədiyim illərdə çalışmışam ki, təbliğatı elə aparım ki, insanlığa yönəlmiş təbliğat olsun”…
Şair, yazıçı, ictimai xadim Gülhüseyn Kazımov çox işgüzar adam idi. Yaşı yetmiş dördü keçsə də bir yerdə dayanmağı xoşlamırdı, necə deyərlər, civə kimi qaynayırdı. Son illər özünü Azərbaycan musiqisinin şahı- muğama həsr etmişdi. Tez-tez korifey muğam ustalarının həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil edirdi. Doğrudur, bu tədbirləri Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində icra edirdi, amma böyük ürəklə, xüsusi həvəslə həyata keçirirdi. İndiyədək Bülbülcanın, Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, məşhur qarmon ifaçıları Kor Əhədin, Teyyub Dəmirovun və s. sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələr təşkil etmişdi. Onların arasından Kor Əhəd və Bülbülcan haqqında iki kitab da ərsəyə gətirmişdi…
1978-ci ildən üzü bəri ona yaxın həm nəsr və həm də nəzm kitabı işıq üzü görmüşdü. Şeirlərinə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar mahnılar da bəstələmişdi. Bu mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova və başqa tanınmış sənətçilər ifa etmişdilər…
Marqlı insan idi. Səyahət etməyi xoşlayırdı. Ömrü boyu otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olmuşdu. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alırdı. Muğamın vurğunu idi. Dinlədikcə vəcdə gəlir, gözləri yaşarırdı. “Muğam mənim yaralı yerimdir”- söyləyirdi.
Arzuları çox idi. İstəyirdi ki, ata-baba yurdu Cəbrayıla rahat gedib gələ bilsin…
Deyirdi ki:- “Mən qarabağlıyam. O torpaqlar mənə çox əzizdir. Babalarımın ruhları orada toxtaqlıq tapıb. Kaş biləydiniz, dogma Cəbrayılım üçün nə qədər darıxıram. Ömrümün bir hissəsi orada qalıb. İnanın ki, Cəbrayıl, eləcə də doğma kəndim Kavdar məndən ötrü Məkkə-Mədinə qədər müqəddəsdir…”
Bəli, hər kəs öz varlığına biçilən taleyi yaşayır. Gülhüseyn Kazımov da öz taleyini yaşayıb, sonda əbədiyyətə qovuşdu. Heyf ki, ondan bir də olmayacaq. Yeri behişt olsun! Allah rəhmət eləsin!
Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır
Dünən ölkəmizdə “Gənclər günü” qeyd edildi. Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncamı ilə hər il olduğu kimi yenə də bir qrup gənci mükafatlandırdı. 2020-ci il sentyabrın 27-də başlanan və böyük qələbəmizlə başa çatan 44 günlük Şanlı Vətən Müharibəsindən sonra Azərbaycan gənclərinin özünə inamı daha da artdı. Bunu gənc jurnalist, AZƏRTAC-ın Video informasiya şöbəsinin əməkdaşı Fərid Səlimovla söhbətimizdə bir daha hiss elədim. Jurnalist olmağı arzulayırdım
Fərid İlham oğlu Səlimov əslən Kəlbəcər rayonundandır. O, 2002-ci il aprelin 28-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Laçın rayon 15 nömrəli tam orta məktəbdə birinci sinifə qədəm qoyub. Onun ailəsi Kəlbəcər rayonunun Çıraq kəndindən keçmiş məcburi köçkündür. Fərid deyir ki, məktəbdə sinif yoldaşlarının çoxu məcburi köçkün idi. Onlar yay tətilini baba evində keçirə bilməyən bir nəsil kimi böyüyüblər. Amma o inanırdı ki, bir gün doğma yurduna – Kəlbəcərə qayıdacaq… Fərid deyir ki, həmişə məktəbdən evə qayıdanda çalışırdım, elə edirdim ki, televiziyada axşam xəbərlərini izləyə bilim. Bu vərdişim mənim gözümdə əlində mikrafon xəbər çatdıran jurnalistləri qəhrəmana çevirmişdi, böyüyüb jurnalist olmağı arzulayırdım. Ali məktəbə qəbul zamanı Sumqayıt Dövlət Universitetinin filologiya (Azərbaycan dili və ədəbiyyat) fakultəsinə qəbul olundum. Birinci kursu başa vurmamış qərar verdim ki, mən mütləq jurnalist olmalıyam. Ona görə də, elə ilk kursun sonunda Azərbaycan Dillər Universitetinin filologiya fakultəsinin jurnalistika (tədris ingilis dili) ixtisasına qəbul olundum. Artıq bütün daşlar yerinə otururdu elə bil, dərslər mənə daha maraqlı gəlirdi.
AZTV-də sevdiyin işin çətinlikləri ilə tanış oldum
3-cü kursda oxuyanda Azərbaycan Televiziyasında ilk təcrübəyə başladım. O zaman AZTV-də “Çıxışa doğru” adlı bir veriliş yayımlanırdı. O veriliş üçün müxbirlik edirdim. Həmin vaxtlar mənə çox maraqlı gələn sahənin çətinlikləri ilə tanış oldum. İlk çəkilişim bugünkü kimi yadımdadır. Həmin gün Elmlər Akademiyasının qarşısında insanlarla sorğu aparmalıydım. Mikrafonu görənlər elə qaçırdı ki, bizdən. Amma çətin olsa da o gün verilən tapşırığı yerinə yetirdim. 9 aylıq təcrübə dövründə dövlət televiziyamız olan AZTV-dən çox şey öyrəndim. “Jurnalist kimdir?”, “ Necə maraqlı mövzu tapmaq olar?”, “Xəbərin doğruluğunu necə bilməliyik?” kimi sualların cavabını qismən də olsa öyrəndim.
AZƏRTAC-da işimin necə məsuliyyətli olduğunu anladım
Fərid deyir ki, 4-cü kursun sonunda qocaman agentlik olan AZƏRTAC-a yolum düşdü. Qeyd edir ki, bu il 105 yaşı tamam olacaq bu agentliyin tarixi nə qədər qədim olsa da, müasirliyin tələblərinə gözəl cavab verir. Burada 1 ay 15 günlük təcrübədən sonra rəsmi olaraq Video informasiya şöbəsində işə başladım. AZƏRTAC dövlətin rəsmi informasiyalarının dərc olunduğu agentlik olduğundan burada işim daha da məsuliyyətli idi. Sözün əsl mənasında xəbər dəqiqliyin süzgəcindən keçməli idi. İşimi sevirdim, buna görə də xoşbəxt idim. Məncə, əsas şərt də elə budur. Xoşbəxt olmaq üçün sevdiyin işi görməlisən…
Ən sevdiyim reportajım…
Fərid bildirir ki, çalışdığı müddət ərzində bir çox videoreportajlar hazırlayıb. Amma onların arasında ən sevdiyi reportajı atası və nənəsi ilə birlikdə Kəlbəcəri ziyarət etməyi və doğmalarının yurduna qovuşduğu o unudulmaz anları kameranın yaddaşına köçürmək olub. O gün 3 nəslin nümayəndəsi Kəlbəcərə yollanıb. Nənəm, atam və mən. Viran qalan doğma yurdu görəndə nənəm gənclik illərindən, atam uşaqlığından danışırdı. Hər kəs qürurluydu. Mən də bir gənc olaraq həyatda ən qürurlu anımı yaşadım bəlkə də, o gün Ali Baş Komadanımızla qürur duydum, dövlətimizlə, ordumuzla fəxr elədim… Mənim babalarımın hər ikisinin evi Kəlbəcərin Çıraq kəndindəydi. Həmin evləri eyni vaxtda rahat görə biləcəyim bir yüksəklik tapdım. Ora çıxıb o iki evə doyunca baxdım. Mən bu evləri görməyin xəyalını hələ məktəb vaxtından qurmuşdum. Mənim “ev” deməyimə baxmayın, onlardan yerdə ancaq daşlar qalmışdı… Amma indi bu torpaqlarda evlərimiz yenidən tikilir. Kəlbəcər yenidən qurulur. Bu torpaqlara qayıdan hər bir sakin ora yeni bir nəfəs verir. İşimlə əlaqədar demək olar ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə olmuşam. Doğma yurdun hər yanı ayrı bir gözəlliklərlə doludur. Burada həmsöhbət olduğum insanlar da çox mehriban və istiqanlıdırlar…
Arzum Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır
Onunla gənclər günündə görüşürdük. Fərid deyir ki, bu gün mən bir gənc kimi çox qürurluyam. Dövlətimizin dəstəyini daima hiss etmişəm, buna bir çox misallar çəkə bilərəm. Məsələn, mən ali məktəbdə ödənişli ixtisasda oxuyanda bu xərc dövlət tərəfindən qarşılanıb. Ali Baş Komandanımızın gənclərimizə böyük qayğısı, bu sahədə yürütdüyü siyasətin nəticəsidir ki, mən 4-cü kursu bitirən kimi özümə belə iş tapa bilmişəm. Bu siyahını çox uzatmaq olar. Düşünürəm ki, hər bir Azərbaycan gənci azərbaycanlı olduğu üçün fəxr etməlidir. Ən böyük arzum gündən-günə gözəlləşən doğma torpaqlarımızda aparılan quruculuq işlərindən süjet və reportajlar hazırlamaq və Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır.
Beynəlxalq Sülh Liderləri İnstitutu Bakıda (Azərbaycan) EcoVision Qlobal Saziş Konfransına və IIPL Mükafat Mərasiminə ev sahibliyi edir Bakı, Azərbaycan – 30 yanvar 2025-ci il: Beynəlxalq Sülh Liderləri İnstitutu (IIPL) AlNassar Group Jordan, Azərbaycan Milli Aviasiya Akademiyası, Səudiyyə Ərəbistanı AlAhsa Readymix və Türk Ticarət Mərkəzi Bakı Azərbaycan ilə əməkdaşlıq edərək EcoVision Qlobal Saziş Konfransını uğurla təşkil etdi. və IIPL Mükafat Mərasimi, Cümə axşamı, 30 Yanvar 2025. Nüfuzlu tədbir Bakıda, Azərbaycanda, Türk Ulduzu Konfrans Salonunda və ekoloji davamlılığa və qlobal sülhə həsr olunmuş beynəlxalq ekspertlər, sülh tərəfdarları və görkəmli şəxsiyyətlərdən ibarət hörmətli bir panel topladı. Qlobal Vizyonerlərin Toplantısı Konfransı Azərbaycan Milli Aviasiya Akademiyasından Həcər Məmmədova aparıb, o, məruzəçiləri təqdim edib və tədbirin rahat keçməsini təmin edib. O, açılış nitqində qeyd etdi: “Qarşıdakı gün iki əsas sessiyaya bölünür. Bugünkü tədbir sadəcə bir konfrans deyil; bu, əməkdaşlığın və dialoqun gücünün sübutudur. Bu, yeni ideyaları alovlandırmaq, fikir mübadiləsi aparmaq üçün platformadır. daha güclü şəbəkələr yaradır və sərhədləri, inancları və mədəniyyətləri aşan birlik ruhunu qeyd edir”. Konfransın Baş Qonağı AlNassar Group İordaniya və BƏƏ-nin sədri cənab Həsən Əli Mustafa Əlvəhdni olmuşdur. Tədbiri görkəmli natiqlər qrupu bəzədi, o cümlədən: Muhammad Atta Ur Rehman – Beynəlxalq Sülh Liderləri İnstitutunun (IIPL) sədri Dr. Camal Hüseynov – Milli Aviasiya Akademiyasının müəllimi, Azərbaycan Caroline Laurent Turunc – Qlobal Sülh Səfiri, IIPL Fransa; Türk, fransız və ərəb dillərində şairə və yazıçıdır Sebahat Adalar – Türkiyə üzrə Qlobal Sülh Səfiri; Türk Film və Dram Sektorunun Tanınmış Aktrisası Zəhra Lakhani – IIPL ABŞ-ın İcraçı Direktoru Joao Bernardo Vieira – Qlobal Sülh Səfiri, IIPL Qvineya Bisau Dr. Əhməd Alwakeel – Yaxın Şərq üzrə Regional Direktor, IIPL; Baş redaktor, JordanZad, İordaniya Dahoua Anica – Qlobal Sülh Səfiri, IIPL Əlcəzair Zaid Tayem – Qlobal Sülh Səfiri, IIPL Hollandiya; Ərəb əsilli müğənni, yazıçı və sənətçi Prof. Dr. Muhammed Ali Abdullah Shah – Professor, Arid Agriculture University Ravalpindi, Pakistan ZİNİN YEVGENİY – GSSE Limited şirkətinin icraçı direktoru, Bakı, Azərbaycan İqlim Dəyişikliyi və COP29 Nəticələrinə diqqət yetirin Konfransın birinci yarısı, EcoVision Qlobal Saziş Konfransı COP29-un nəticələrini müzakirə etmək və ekoloji davamlılığa, iqtisadi inkişafa və qlobal sülhə aparan yolları araşdırmaq üçün kritik platforma rolunu oynadı. Tanınmış natiqlər iqlim dəyişikliyinin azaldılması strategiyaları, davamlı inkişaf məqsədləri (SDG) və daha yaşıl planet üçün beynəlxalq əməkdaşlıq haqqında fikirlərini bölüşdülər. IIPL-nin sədri Muhammad Atta Ur Rehman bütün hörmətli qonaqları səmimiyyətlə salamladı və aktual ekoloji problemlərin həllində qlobal tərəfdaşlığın əhəmiyyətini vurğuladı. O, “Biz COP29-dan sonra irəliləyərkən, dövlətlərin, sənayelərin və icmaların iqlim dəyişikliyini azaltmaq və gələcək nəsillər üçün davamlı gələcəyi təmin etmək üçün əməkdaşlıq etmələri zəruridir” dedi. Dr. Camal Hüseynov davamlı inkişaf səylərinin inkişafında akademik institutların rolunu vurğulayaraq dedi: “Təhsil və tədqiqat ətraf mühitin mühafizəsi üçün innovativ həllərin işlənib hazırlanmasında mühüm rol oynayır. Milli Aviasiya Akademiyası qlobal iqlim problemlərinə dair bilik və məlumatlılığın artırılmasına sadiqdir”. Caroline Laurent Turunc ehtirasla ədəbiyyat və incəsənətin sülh quruculuğundakı rolundan danışıb: “Sözün ruhlandırmaq və müalicə etmək gücü var. Bir şair və yazıçı kimi inanıram ki, ədəbiyyat mədəniyyətlər arasında körpü ola bilər, qarşılıqlı hörmət və anlaşmanı gücləndirə bilər”. Sebahat Adalar əyləncə sənayesinin sosial dəyişikliyə təsirindən danışıb: “Film və televiziya qavrayışları və münasibətləri formalaşdırır. Sənətçilər olaraq sülh, tolerantlıq və ekoloji şüur mesajlarını təbliğ etmək öhdəliyimiz var”. Zəhra Lakhani davamlılıq səylərində liderliyin vacibliyini vurğuladı: “Daha yaşıl planetə doğru səyahət bütün sektorlardan güclü liderlik və öhdəlik tələb edir. Birgə səylər vasitəsilə biz mənalı dəyişikliklərə səbəb ola bilərik.” Joao Bernardo Vieira kütləvi fəallığın əhəmiyyəti haqqında fikirləşdi: “İcmalara hərəkət etmək səlahiyyəti verilməlidir. Ekoloji problemlərdən birbaşa təsirlənənləri cəlb etmədən davamlı inkişafa nail olmaq mümkün deyil.” Dr. Ahmed Alwakeel iqlim dəyişikliyi ilə bağlı ictimai rəyin formalaşmasında medianın rolu haqqında danışıb: “Jurnalistika və media platformaları ictimaiyyətin iştirakını və siyasət islahatlarını təşviq etmək üçün ekoloji problemləri dəqiq və təcili şəkildə işıqlandırmalıdır”. Dahoua Anica sülh quruculuğu sahəsində qlobal əməkdaşlığa müraciət edib: “Sülh və davamlılıq bir-biri ilə əlaqəlidir. Biz harmoniya və təbiətə hörmətə əsaslanan gələcək qurmaq üçün sərhədləri aşmalıyıq”. Zaid Tayem incəsənət və mədəniyyət diplomatiyası haqqında fikirləşdi: “Musiqi və incəsənət dil baryerlərini aşır. Onlar iqlim hərəkətinin və sosial ədalətin aktuallığını çatdırmaq üçün güclü bir vasitə təklif edirlər.” Prof. Dr. Muhammed Ali Abdullah Şah iqlim dəyişikliyi ilə bağlı elmi araşdırmalar haqqında məlumat verdi: “İqlim dəyişikliyi ilə mübarizədə innovativ texnologiyalar və elmi tədqiqatlar əsasdır. Siyasətçilər uzunmüddətli təsir üçün tədqiqata əsaslanan həlləri dəstəkləməlidirlər.” ZININ YEVGENIY korporativ davamlılıq təşəbbüslərini müzakirə edib: “Bizneslər ekoloji məsuliyyətə üstünlük verməlidirlər. Davamlı biznes modelləri təkcə etik deyil, həm də iqtisadi dayanıqlıq üçün vacibdir”. Məhəmməd Səid Qaimxani Pakistanda Beynəlxalq Sülh Liderləri İnstitutunun fəaliyyəti ilə tanış olub. Tədbirin ikinci yarısı sülh quruculuğuna, humanitar xidmətə və davamlı inkişafa əlamətdar töhfələr vermiş görkəmli şəxslər və təşkilatları təltif edən IIPL Sülh Mükafatlarına həsr olunub. Hörmətli Baş Qonaq, cənab Həsən Əli Mustafa Əlvəhdni, dünya miqyasında sülhün, sosial ədalətin və ekoloji məsuliyyətin gücləndirilməsinə göstərdikləri fədakarlıqları nəzərə alaraq, görkəmli namizədlərə mükafatlar təqdim etdi. Mərasimin diqqətəlayiq məqamı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından Miss Fərqanə Zülfüqarovanın IIPL üzvlüyünə dair müraciəti olmuşdur. Sülh və liderliyə sadiqliyinin tanınması üçün o, İnstituta rəsmi mənsubluğunu simvolizə edən IIPL loqosu ilə bəzədilib. EcoVision Qlobal Saziş Konfransı və IIPL Mükafat Mərasimi dünyanın ən aktual problemlərinin həllində qlobal əməkdaşlığın gücünün sübutu oldu. Tədbir daha yaxşı gələcək üçün davamlı həll yollarını müzakirə etmək üçün iqlim ekspertlərini, siyasətçiləri, rəssamları, alimləri və sülh səfirlərini uğurla birləşdirdi. Beynəlxalq Sülh Liderləri İnstitutu davamlı səyləri ilə qlobal sülhün, ətraf mühitin davamlılığının və sosial bərabərliyin inkişaf etdirilməsinə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycanda, Bakıda keçirilən tədbir IIPL-in dialoq, innovasiya və kollektiv fəaliyyətə əsaslanan dünyanı təşviq etmək səyahətində daha bir əlamətdar hadisə oldu. Tədbirdən fotolar:
Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin “Xəyanət sənin adındadır” adlı yeni kitabı işıq üzü görüb. Kitabı kitab mağazalarından və internet üzərindən sifarişlə əldə etmək olar.
Bəzən uşaqlar valideynlərinə və ya digər doğmalarına düşündürücü suallar verirlər. Uşağın kiçik təfəkkür dünyasının maraqlı suallarından birini türk şairi Faruq Nafiz Camlıbel “Mələk “ şeirində görək necə cavablandırıb:
Ənvər Çingizoğlunun “Təbriz xanlığı” adlı yeni kitabı işıq üzü görüb
Ənvər Çingizoğlunun “Təbriz xanlığı” adlı yeni kitabı işıq üzü görüb. Bu, tanınmış yazarın vəfatından sonra çap olunmuş dördüncü kitabıdır.
Məlumat üçün bildirək ki, mərhum yazıçı Ənvər Çingizoğlunun vəfatından sonra oğlu Erkin tərəfindən kitabları çap olunmağa başlayıb. Erkin bəyin verdiyi məlumata görə Ənvər Çingizoğlunun 100-dən çox əsəri işıq üzü görməyib. 100-ə yaxın kitabı dərc edilən yazarın oğlunun ən böyük istəyi atasının bütün kitabları çap etdirməkdir.
Ustad yazarı rəhmətlə anır, oğluna boynuna götürdüyü bu şərəfli və məsuliyyətli işdə uğurlar arzulayırıq.
Fuadımın böyük qardaşı Vüqarımın əziz xatirəsinə. Hiss etdiklərim və yaşadıqlarım..
O gecə saatın əqrəbləri 2 -nin üstündə ilişib qaldı, Tutub çəkə bilmədim səhərə sarı. Adını pıçıldadım Göy üzünə ən azı min kərə o gecə, Səni Tanrıya, ulduzlara , aya , səmaya tapşırdım , Səsim göy üzündə azdı. Başımın üstündə dayanıb sakit-sakit üzümə baxdı qaranlıq, Kimsə Göy üzünə daş atmışdı deyəsən, O gecə pəncərəmdən işıq düşmədi. Kölgə xatirələr boylandı zülmətin dörd tərəfindən , Dolandım yarımçıq arzularının başına, Çıxa bilmədim sənsizlikdən. Qaldım gecəylə səhərin arasındakı alatoranda, Ümidlərim çilik -çilik olub töküldü sənin otuz üç yaşına.
ƏDƏBİYYAT SEVDALILARI Atlaz Rzayi və Rüfət Abbasovun söz dünyası
Yaddaşımızda Rəsul Rza və Nigar Rəfibəyli ədəbiyyat sevdalısı olan cütlük kimi yaşayır. Buna qədər belə bir ənənə olubmu, daha doğrusu, klassik ədəbiyyatda ailə sütununu təşkil edən ərlə arvadın birlikdə şeir, yaxud hekayə yazması faktı ilə qarşılaşmışıqmı? Bəlkə də olub, amma yaşam qazana bilməyib. Bu yaşamı Rəsul və Nigar ədəbiyyata gətirdi. Bir nəsildə bir neçə mərhələ ədəbiyyat adamı yetişə bilir, məsələn, Səməd Vurğundan sonra övladlarından biiri –Yusif nəsr əsərləri yazdı, digər oğlu – Vaqif isə gözəl lirik nümunələr yaratdı. Böyük şairin qızı Aybəniz də ədəbiyyata biganə deyildi, məqalələr yazırdı. Amma ədəbiyyat sevdalı cütlüklər az olub. Belə cütlüklərdən biri haqqında söhbət açmaq istəyirəm: Atlaz Rzayi (Abbasova) və Rüfət Abbasov. Atlazla Rüfət 2022-ci ildə ailə həyatı qurub, Elif adlı övladları var. Atlaz Rzayi 26 oktyabr 1991-ci ildə, Rüfət Abbasov 30 oktyabr 1989–cu ildə dünyaya göz açıb. Hər ikisi Əqrəb bürcü altında doğulub. Əqrəblər mövqelərini güzəştə getməyən, lakin qarşı tərəflə razılaşa bilən şəxslərdir, həmişə nail olduqlarından daha böyük arzularla yaşayırlar. Atlaz Rzayinin ata yurdu Cəlilabaddır, lakin o, valideynlərinin işlədiyi Salyanın Yenikənd yaşayış məntəqəsində anadan olub. İndi ailəsi ilə birlikdə Bakıda yaşayır. Rüfət Abbasov Lənkəranda doğulsa da, Bakıda tam orta məktəbi bitirib. Atlaz yaxşı qiraətçidir, öz şeirlərini məharətlə səsləndirir. Çoxlu şeirinə musiqi bəstələnib. Atlazı həmkarlarına və oxucularına sevdirən çağdaş poeziya nümunələrini öz ifasında internet səhifələrində yayımlamasıdır. Gənc xanım şairin “Atlaz sətirlər” adlı ilk poetik toplusu “Gənclik” nəşriyyatında işıq üzü görüb. Kitabın redaktoru və korrektoru Sevil Gül Nur, ön sözünün müəllifi Gün Ay Ümiddir.
Fırtına qoynunda sevginin ətəyindən yapışmaq da hünərdi. çarpışmaq da hünərdi. Qəhrəman əsgər kimi nifrətimlə döyüşdüm ən sonuncu görüşdə. Özümə qalib gəldim, ürəyimi dəyişdim. o sonuncu döyüşdə Gedən çox şey öyrədir arxada qalanlara…
Şeirə bu cür təlatümlü, üsyankar fikirlərlə gələn Atlaz xanımın qınaqları da sərtdir. “İnsafsız” şeiri iddialar və ittihamlar üzərində qurulub:
Yaman insafsızsan, mənə bir iynənin ucu qədər ümid vermədin sənə gələn o qaranlıq yollarıma şam olsun. Qoymadın ki, öz ömrümü yaşayım, mənimçün də gündüz olsun, axşam olsun. Əvvəllər hansı üzlə insafına and içmişəm? Səni kimim bilmişəm? Hələ sənə “sevgim” deyə ad seçmişəm. Yerdə yeriməyə ayağımı qırarkən mən kor olmuş səni uçmağa qanad seçmişəm. Sevgi yelləncək kimi… mən də uşaq, əyləncə kimi alıb göyə çırpdı yerə. Sevən ürək qanadı. ürkək-ürkək qanadı. Sənin könül pəncərəndən qara pərdə asılıb O pərdələr indi mənə dərd olub, mənim gözəl arzularım həmin dərdə asılıb.
Atlas xanımın şeirlərindəki sərt üzün arxasında həyat acıları, ağrıları durur. Xanım olaraq çiyinlərini verdiyi yükün ağırlığını çəkməkdən çəkinmir, dərdini çəkənlərin qayğısını çəkir. “Biz bir şəhərə sığa bilmədik, bir şeirə sığdıq” deyir, qəmini öz acılarında gizlədir:
Bir ürəyə sığdıq. Kamına çatmayan arzularımızı gizlətmək üçün göz yaşına yığdıq. Gizləndik öz acılarımızda kimlərisə sevindirməmək üçün özümüzü şad göstərdik. Hamının yanında özümüzü özümüzə yad göstərdik. Rəngimiz bir heyva misalı, asıldı payız vaxtı budaqdan. Yaza çıxa bilmir əhvalımız o vaxtdan..
Sən demə, hicranın odunda dəmlənən çay imiş bu sevgi… Amma haçansa “əllərinin içindən qızıl günəş doğulur”, həsrəti, hicranı, ağrılı yaşantıları ana sevgisi əvəzləyir. Qadın narahatlığı ana qüruru ilə kədərə-qəmə meydan oxuyur:
Bir ana sevgisinə sığışıbdı bu aləm, Bir na baxışında yox olur dərd-qəm.
Böyük sevgi həyat eşqidir, həyat eşqi bəhrə versin deyə yaşam ruhu yüksək olmalıdır. Adi sözlə ifadə edilməyənlər incə, zərif misralara köklənəndə şeir də “kövrək” olur:
Əllərindən uçmağa Ruhum kəpənək deyil. Belə yemə ömrümü Yağlanmış çörək deyil.
Yolların da uzunu, Yolların qısası var. Elə ayağının da Səndə öz qisası var.
Hara getsən dalınca Çiyin-çiyin yük verər. Bir baş hədiyyə vədin Əvəzinə tük verər.
Taleyim qarğa deyil Gəlib qonsun çiyninə. Sevgimi libas etsən, Böyük olar əyninə.
Atlazdan fərqli olaraq, Rüfət nəsrlə məşğuldur və kiçik hekayələr yazır. Rüfət də yaxşı qiraətçidir, hekayələrini səsləndirib internet çəbəkələrində yayımlayır. Qələmə aldığı yazılarda günümüzün actual mövzularına toxunur, cəmiyyətin narahatlığına səbəb olan mövzuları qabardır. Bəri başdan deyim ki, bəzən həcmi bir səhifəni aşmayan bu hekayələrdə iri həcmli romanların mövzusu qoyulur və məharətlə xırdalanır. Belə kiçik hekayələr oxucu səbrinə hesablanır, desəm, yanılmaram. “Qapı zəngi” hekayəsində yeni ili tənha qarşılayan Kamala qonşunun qızı Aysel şirniyyat payı gətirir və anasının göndərdiyini bildirir. Kamal bağlamanı açanda içərisindən bir vərəq də çıxır. Vərəqdə isə Kamalın nəinki ovqatını, hətta həyat haqqında düşüncəsini dəyişən bir cümlə yazılmışdı: “Həyatda hər qapını açmaq üçün sevgi ən güclü açardır”. Açığını deyim, bu hekayə məni kövrəltdi. Səbəbi budur ki, oxşar anları mən də yaşamışam. Evdə tək olduğum hallarda qonşularımın biri çörək, o biri yemək, hətta süd, qatıq göndərib. Humanist münasibətlərin ölmədiyi cəmiyyət ən güclü cəmiyyətdir. İlk anda hekayə oxucuya və dinləyiciyə yarımçıq görünür, birdən birə tamamlanır, halbuki oxucu bağlama əhvalatından sonrakı hadisələr üçün müəllif şərhi gözləyir. Bu gözləmə ənənəsi klassik nəsr ənənəsindən gəlir. Rüfət bu ənənəni pozur, oxucuya imkan verir ki, baş verənlərin gerisini özü üçün götür-qoy etsin. İnternetdə “Bir hekayə dinlə” rubrikasında təqdim olunan hekayələr qısa olsa da dərin mənalıdır. “Ata mirası” hekayəsində Orxan illər sonra boş qalmış ata evinə dönür, mizin üstündə atasının onunçün yazdığı vəsiyyətnaməni görür və oxuyur. Cəmi bir neçə cümlə sözdən ibarət ümidverici və inamverici mətn Orxanın həyatını dəyişir. Vəsiyyətnamə-məktub bu cümlələrlə başlayır: “Əgər bu dəftəri oxuyursansa, demək, mən həyatda yoxam”. Orxan başa düşür ki, atası ona mal-mülk miras qoymağı deyil, aldığı tərbiyəni üstün tutur. Rüfətin “Sual”, “Qırmızı şərf”, “Bir an”, “Cəsur sərçə”, “Şəhidlərin səsi”, “Gecələr kraliçası”, “Bir qəribə hədiyyə”, “Qəfil zəng”, “Qəribə tanışlıq”, “Yeni kitab” və başqa hekayələri də belə yığcam məzmunludur. Ən təsirli hekayələrdən biri “Son görüş” adlanır. Tanıdığı Lalə adlı tələbə qızın birdən-birə çəkilib getməsi, yoxa çıxması hekayənin qəhrəmanının narahatlığına səbəb olur. Həmişə gözlərindən kədər oxunan Lalənin həyat haqqında sualları da düşündürücüdür. Lalənin həmsöhbəti Kamranın cavabı isə mükəmməldir: “Bir gün Lalə qəfil dedi: -Kamran, səncə, insan həyatda həmişə xoşbəxt ola bilərmi? Kamran gülümsədi: -Həmişə yox. Amma bəzən bir anlıq xoşbəxt olmaq da bəs edir”. Gözlərini dənizə dikən Lalə susur. İllər sonra Kamran Laləni xatırlayır və həmişə onunla dənizkənarı gəzintidə olduğu yerə gedir və Laləni burada görür. Lalə də Kamranı görəndə donub qalır. Son görüşdə Lalə Kamrana xəstə olduğunu deyir və bildirir ki, onu görməyinə xoşbəxtdir. Sonra Lalə çıxıb gedir və izdihamın içində yox olur. Həmin gecə Kamran onun adını internetdə axtarır və görür ki, Lalə on il bundan qabaq xərçəng xəstəliyindən dünyasını dəyişib. Onu fikir götürür, bəs bu gün görüb-danışdığı kim idi? Müəllifin sualı oxucunu da düşündürür: “Ölmüş biri ilə danışmaq mümkündürmü?” Rüfət Abbasovun hekayələri bir az da folklor motivlidir, məsəlləri xatırladır. Amma kontominativ xarakterlidir, hadisə nağıl olunur, mühakiməsi oxucunun ixtiyarına verilir. Sonda oxucu kimi bir münasibətimi də bildirmək istəyirəm. Əlbəttə, ədəbiyyat sevdalısı olan bu cütlüyün yaratdıqları şedevr deyil, çağdaş ədəbi proseslə ayaqlaşa bilən nümunələrdir. Mənə maraqlı gələn isə ciddi iş yerləri olmayan, açığını deyim, bir qədər də ehtiyac məngənəsində vurnuxan, üstəlik, hələ dil açmamış körpənin qayğısını çəkən bir ailənin hər iki başçısının romantik dünya yaşaması, birinin şeir, o birinin hekayə yazması və hər ikisisinin öz əsərlərini mükəmməl səviyyədə səsləndirib internet məkanında yayımlamasıdır. Təqdirəlayiq işdir. Şübhəsiz, ədəbi yaradıcılığa meyil edən digər cütlüklər də var. Necə deyərlər, romantik bir dünyanın təmsilçiləri olan, lakin realda romantik həyat yaşamayan belə yaradıcı şəxslərə oxucu auditoriyası da ehtiramla yanaşmalı, ən azından, layiq olduqları dəyəri verməlidir.
Bilal Alarlı (Hüseynov), ADPU Cəlilabad filialının müəllimi, NDU-nun elmlər doktorluğu üzrə dissertantı, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyin üzvü, “Qızıl Qələm” və Beynəlxalq Rəsul Rza mükafatları laureatı
İslam Ələsgərov: “Babamın əsərlərini toplamağım nəvə istəyi ölçüsündən çıxdı, yurdumuza, elimizə gərək oldu”
Ələsgər bir məclisə düşəndə dalbadal onlarla şeir deyər və oxuyarmış
Uğur
Azərbaycan aşıq sənətinin inkişafında Aşıq Ələsgərin müstəsna xidmətləri olub: fitri söz qoşmağı, iti hafizəsi, ustadlığı bu gün də dillər əzbəridir. Bugünlərdə dövlət səviyyəsində 190 illiyi qeyd edilən aşığın irsi Azərbaycan ruhunun aşıq sənətində ifadəsinə ən gözəl misaldır. Aşıq Ələsgərin nəvəsi, folklorçu İslam Ələsgərovu Azərbaycan ictimaiyyəti Aşıq Ələsgər irsinin toplayıcısı və araşdırıcısı kimi yaxşı tanıyır. O, deyir: “Hələ ağlım kəsməyən vaxtlar evimizdə saz havası səslənərdi, sonradan aşıq sənətinə ciddi şəkildə bağlandım, təbii ki, burada gendən, nəsildən gələn ənənənin təsiri olmamış deyildi. Aşıq Ələsgərin şeirlərindən bir neçəsilə tanışlıqdan sonra bu qənaətə gəldim ki, babamın irsini toplamalı, soydaşlarımıza çatdırmalıyam. Hər halda babamın əsərlərini toplamağım istədim-istəmədim nəsil çərçivəsindən, bir nəvə istəyi ölçüsündən çıxdı, beləliklə də yurdumuza, elimizə gərək oldu. Aşıq Ələsgər irsinin həm toplayıcısı, həm də tədqiqatçısı olmuşam. Bu zəngin irsi topladıqca və araşdırdıqca həmin dövrü, eləcə də Azərbaycan aşıq sənətinin tarixini, ondan sonrakı aşıq mühitini diqqətlə öyrənməli oldum. Əks təqdirdə Aşıq Ələsgərin Azərbaycan ruhunda, aşıq sənətindəki mövqeyini qiymətləndirmək mənim üçün çətin olacaqdı. Təvazökarlıqdan uzaq olaraq deyə bilərəm ki, babası aşıq olmuş bir şəxsi bu qədər cidd-cəhdlə, ardıcıl şəkildə araşdıran bir şəxsəm. Bilirsiniz ki, Aşıq Ələsgərin ustadı Aşıq Alı olub. Ancaq onun nəslindən şeirlərini toplayan, ictimaiyyətə çatdıran, tədqiq edən təəssüf ki, olmayıb. Əlimdən gələni etdim ki, Aşıq Ələsgərlə bağlı olan bütün soraqları toplayıb sabaha çatdıram”. İ.Ələsgərov uzun müddət Göyçə aşıqları və şairlərinin şeirlərini toplamaqla məşğul olub. 1999-cu ildə “Sazlı-sözlü Göyçə” adlı kitab nəşr etdirib, 34 aşıq və el şairinin həyatı və əsərlərindən nümunələr verib: “Bir daha mənə yəqin oldu ki, Göyçə aşıq mühitinə Aşıq Ələsgərin son dərəcə böyük təsiri olub. Aşıq Ələsgər Azərbaycanın böyük şəxsiyyətlərindən biridir, belə nadir şəxsiyyətlər az-az doğulur. İnanın, bu fikri deyərkən qohumluq amilinə qətiyyən söykənmirəm. Aşıq kimi onun misli-bərabəri yoxdur. Habelə də əvəzsiz ifaçı olub. Burada onun şairliyinin də başqalarından tamamilə fərqli olduğunu görmək mümkündür. Bir şəxsiyyət olaraq Aşıq Ələsgərdə elə keyfiyyətlər var ki, bunu ancaq övliyalarda görmək mümkündür. Aşıq Ələsgər üz-üzə söhbət elədiyi adamın ürəyindən keçənləri, yaşadığı ərazidən kənarda baş verəcək hadisələri əvvəlcədən duyurmuş. Şeirlərini bədahətən deyərmiş. Onun alqışı da, qarğışı da təsirsiz ötüşməzmiş. Hansısa işdən narazı qalsaydı, o iş baş tutmazmış”. Aşıq Ələsgərin şeirlərini oxuyanda onların elmliyini görməmək olmur. O deməkdir ki, ustadın fitrəti elmilikdən xali deyilmiş. Hər halda dövrünün elmlərindən xəbərdar olması poeziyasında aydın görünür. Tarixə, dini kitablara bələdlik bu qəbildəndir. İ.Ələsgərov deyir: “Babamın əsərlərini topladıqca diqqətlə onları araşdırmışam və müəyyən qənaətlərə gəlmişəm. Aşıq Ələsgərin çox güclü hafizəyə malik olması haqqında onu tanıyanlar heyranlıqla danışırdılar. Bir dəfə eşitdiyi şeiri ömürlük yadında saxlayarmış. Digər tərəfdən də Aşıq Ələsgər daim oxumuş, elmli adamlarla ünsiyyətdə olub. Getdiyi yerlərdə həmişə kitab oxutdurar, onlara diqqətlə qulaq asarmış. Deməli, Ələsgər şeirlərini şifahi şəkildə yaradıb, şübhəsiz, özü bunları daim yadında saxlayarmış; maraqlıdır ki, ustadın şagirdlərinin çoxu savadsız olub. Atam da yazı-pozu bilməyib. Şagirdləri də fitri yaddaşlarının köməyilə bu şeirləri hafizələrində saxlayarmışlar. Danışırlar ki, Ələsgər bir məclisə düşəndə dalbadal onlarla şeir deyər və oxuyarmış. O, hədsiz geniş yaradıcılığa malik şəxsiyyət olub, aşıq şeirinin bütün şəkillərində nümunələr yaradıb. Əgər o dövrdə bu şeirlərin heç olmasa, yarısı köçürülsəydi, indi bu qədər əziyyət çəkməzdik. Təəssüf ki, Aşıq Ələsgərin yaradıcılığının çoxu it-bata düşüb. Aşıq Ələsgərin bizə yazılı şəkildə bir şeiri belə gəlib çatmayıb. Hə toplamışamsa, onun şagirdlərindən, eləcə də Aşıq Ələsgəri görmüş şəxslərdən eşitmişəm”. Aşıq Ələsgərin irsinin yazıya alınması, toplanması və tədqiqatı məsələləri ilə bağlı danışan araşdırmaçı deyir ki, Aşıq Ələsgərin yaradıcılığının yazıya alınması keçən yüzilin 30-cu illərindən başlayır: “İlk dəfə onun şeirlərini həyatdan çox cavan getmiş mərhum folklorçu Hümmət Əlizadə yazıya alıb, bu şeirləri bir neçə dəfə çap etdirib. Həmin toplularda Ələsgərin çox şeiri yoxdur. 1937-ci ildə çıxan kitabda olan səhvlər indiki kimi yadımdadır, o zaman 4-cü sinifdə oxuyurdum. Atam şeirləri oxutdurdu, başını buladı. Məlum oldu ki, Hümmət Əlizadə həmin dövrün ab-havasına uyğun olaraq Ələsgərin şeirlərindəki dini adları, ifadələri dəyişdirməli olub. Elə bundan sonra Aşıq Ələsgərin irsilə özüm də bilmədən məşğul olmağa girişdim. 1946-cı ildə folklorçu-alim Əhliman Axundov Göyçəyə gəlmişdi. Müəyyən şeyləri atamdan soruşdu, öyrəndi, yazdı. Sonradan “Aşıq Ələsgərin yaradıcılığı” adlı dissertasiya müdafiə elədi. Həmin dissertasiyada kifayət qədər səhvlər var. Düzdür, Ə.Axundov Ələsgər irsinin öyrənilməsində xidmətlər göstərib, ancaq həqiqəti demək lazımdır. Məsələn, Aşıq Ələsgərin hərfi mənada ailəsinə – qadınına müraciətlə yazdığı şeiri əslində birbaşa onun ailəsinə aid deyil. Burada ustad “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” prinsipinə əsaslanıb. Hənəmi görənlərdən soruşmuşam, o, Aşıq Ələsgərin adına layiq mərifətli, nəcabətli, ləyaqətli bir qadın olub. Şübhəsiz, gərək belə məsələlərdə tədqiqatçı çox diqqətli olsun”. Aşıq sənətində türkün ucalığı, tanrısına sevgisi həm havacatlarda, həm də ki, aşıq oxumalarından açıq-aydın sezilir. “Yanıq Kərəmi”də türkün həm zərifliyi, həm də döyüşkənliyi ifadəsini tapıb. “Misri” havası başdan-ayağa döyüş ruhundadır. Aşıq poeziyasında işlədilən ərəb-fars kəlmələrinin, rəmzlərinin sənətə nə dərəcədə ziyanı barədə araşdırmaçının qənaətləri maraqlıdır. Aşıq poeziyası xalq ruhunu, dilimizin bütün çalarlarını özündə ifadə etməli ikən ərəb-fars sözlərinin təsiri istər-istəməz onun təbii imkanlarını məhdudlaşdırıb: “Dilimizə ərəb-fars sözlərinin gəlməsi, işlənilməsi bədii ədəbiyyatımızda daha çox ifadəsini tapıb, sonradan bu, təbii olaraq aşıq poeziyasına da təsir edib. İndi aşıq sənətində ərəb-fars sözləri nə dərəcədə yerinə düşür, ya düşmür; bu, başqa. Hər halda bu cəhət aşıq poeziyasına da ədəbi bir ənənə kimi keçib, uzun müddət təsirini göstərib. Ancaq Aşıq Ələsgər şeirlərində ərəb-fars sözlərini elə işlədib ki, onu demək olar, hər bir soydaşımız xüsusi çətinlik çəkmədən anlaya bilər”. Aşıq Ələsgərin sağlığında az qala əfsanələşməsi şəxsiyyətinə, yaradıcılığına olan böyük sayğıdan irəli gəlir. Ustadın haqqında topladığı müxtəlif soraqlarda Ələsgərin ömrü, reallıqla danışılanlar arasında təzada çoxmu rast gəldiyini deyən araşdırmaçı danışır ki, real hadisələrə, olmuşlara əsaslananları, digər tərəfdən də rəvayətlərə söykənənləri ayırıb: “Folklorda rəvayətləşdirmək meyli hədsiz güclüdür. Elə rəvayətlər var, bunlarda Aşıq Ələsgərin şəxsiyyətinə toxunan məqamlar açıq-aydın sezilir. Hər halda belə uydurma məqamların geniş şəkildə intişar tapmasına imkan vermək olmaz. Aşıq Ələsgərin həyat və yaradıcılığı ilə bağlı xalq arasında müxtəlif məzmunlu söz-söhbətlər mövcuddur. Bunların bir qismi Ələsgərin həyatında baş vermiş hadisələr və bu hadisələr səbəbilə deyilmiş şeirlərdən ibarətdir. Dastan söyləyən aşığın bir az bəzək-düzəyi olsa da, bunlar sənətkarın həyat və yaradıcılığını öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir. Bu əhvalatlar Ələsgərin gənclik illərindən başlayaraq xronoloji ardıcıllıqla ömrünün son illərinə qədər onun həyatının müəyyən məqamlarını əks etdirir. Aşığın həyatı ilə əlaqələndirilərək söylənilən hadisələrin bir qismi isə reallıqdan çox uzaqdır. Burada nağıllanan əhvalatlar ağlasığmayan uydurmalardan quraşdırılıb. Bunların bir çoxunda hamıya məlum olan hadisələr bilərəkdən təhrif edilib. Təəssüf ki, belə qəbuledilməz söyləmələrdən çoxu müxtəlif mətbuat səhifələrində özünə yer tapıb”. Tədqiqatçı Aşıq Ələsgərin həyatı və yaradıcılığı ilə bağlı yaranmış söyləmələri iki qismə ayırır: real həyat hadisələri əsasında yaradılmış dastan-rəvayətlər, xəyalən yaradılmış “dastanlar”: “Aşıq Ələsgər o qədər də uzaq keçmişin adamı deyil. Onun barəsində söylənilənlərin həqiqəti ilə yalanını biri-birindən asanlıqla ayırmaq mümkündür. Unudulmamalıdır ki, yazdıqlarımız bugünkündən daha çox gələcək nəsillər üçündür. Gələcək nəsilləri isə bugünün həqiqətləri daha çox maraqlandıracaq. Araşdırılmalı bir məsələdir ki, Ələsgərin haqq aşığı olması fikri elə-belə yaranmayıb. Ustad deyəndə ki, “Ələsgərəm, hər elmidən halıyam”, bu elə-belə deyildi”. Ələsgərin doğulub boya-başa çatdığı torpaq əzəli türk məskəni olan Azərbaycan torpağıdır. Bu gün həmin torpaqlar ermənilərin tapdağı altındadır: “Şübhəsiz ki, təbiəti zəngin olan həmin torpaq, yəni ki, dağlı-daşlı, çaylı, əngin səmalı, bulaqlı Göyçə Ələsgərin fitrətinin inkişaf etməsində əvəzsiz rol oynayıb. Yeri gəlmişkən deyim ki, Aşıq Ələsgərin babaları Güney Azərbaycandan gəlmədirlər. Həmişə Ələsgər deyərmiş ki, bizim babalarımız Arazın o tayından gəlib. 1988-ci ildə biz elliklə Ermənistandakı dədə-baba torpaqlarımızdan çıxmağa məcbur olduq. O hadisələrdən bir neçə il sonra eşitdim ki, babamın məzarı olduğu kimi durur. Təəssüf ki, sonrasından xəbərim yoxdur. Babamın ölümü də çox maraqlı olub. Danışırdılar ki, ölümünü əvvəlcədən duyubmuş. Evdəkilərə deyir ki, bəs hazırlıq görün, bu yaxında öləcəyəm. Deyirlər ki, nədən öləcəyini bilirsən. Deyir neçə il qabaq qaçqın düşən vaxtı Allaha yalvardım ki, mənə möhlət versin, indi isə dünyadan getməyin vaxtıdır”.