Həyat kredosu ləyaqət və dürüstlük olan bu xanım, bütün ömrünü mütaliə və yaradıcılığa həsr edirdi. Haqsızlığa qarşı amansız, cəsarətli idi. Ölkədə ədəbiyyat tarixini və nəzəriyyəsini dərindən mənimsəyən, müasir ədəbi tənqidin parlaq simalarından biri kimi tanınırdı. Ədəbiyyatşünas alim kimi bir çox həlli vacib olan problemlərin mövcudluğunu gündəmə gətirməyi bacarırdı…
“Dil məsələsi, ədəbi dilin korlanması, Bakı küçələrindəki yazı dilimizin düşməncəsinə biabırçı hala salınması siyasəti haqqında müxtəlif dövrlərdə ziyalılarımız, filoloqlarımız tək-tək də olsa yazıb, danışıb, etiraz edib. Şəxsən mən dəfələrlə müsahibələrimdə, televiziya çıxışlarımda, sosial şəbəkə statuslarımda narahatlığımı faktlar əsasında ifadə etmişəm. Lakin, bilirsiniz, istənilən fundamental problem haqqında reaksiya və cavab tədbirləri olmayanda adam öz mövqeyinə belə şübhə edir. Özünü inandırmağa çalışırsan ki, bu, ciddi dərd deyil. Dərd olsaydı, hökumət və xalq bu boyda biabırçılığa susmazdı…”- söyləyirdi.
O, Azərbaycan, o cümlədən dünya ədəbiyyatı, tərcümə problemləri, repressiya tarixi ilə bağlı fundamental silsilə araşdırma məqalələri ərsəyə gətirərək ortaya qoyub. Təhsil, tədris məsələləri ilə bağlı vəsaitlər çap etdirib. Ədəbi prosesləri mütəmadi izləyərək, müxtəlif rəy və resenziyalar yazıb…
Deyirdi ki:- “Dərsliklərin vəziyyətini, ədəbiyyatşünaslığın daşlaşmış problemlərini bu sahəyə aid olan adamların hamısı bilir, görür. Sadəcə ucadan demək istəyən azdır və ya yoxdur. Guya dosta-yoldaşa, həmkara sədaqət nümayiş etdirirlər. Minlərlə tələbəni kor qoyan dərsliklərə etiraz etmirlər. Amma bu adamlardan birinin bircə məqaləsini həmin dərslik müəllifi tənqid etsə, qələm yox, az qala qılıncla cavab verərlər. Deməli, şəxsi, subyektiv mənafe və iddia ictimaidən, millidən, ümumidən daha üstün hesab edilir bu məmləkətdə. Mən ziyalılarımızdan çox şey umuram və düşünürəm ki, onların özlərinə aid sahələrdəki biganəliyi, buqələmunluğu, liberallığı onların şəxsi problemi hesab edilməməlidir. Ziyalılıq xüsusi bir statusdur ki, cəmiyyətin qaranlığa qərq olmuş düşüncəsinin səbəbkarlarını mühakimə edəndə “cinayət” ziyalıların boynunda qalır. Bu gün insanlar çox kiçik qəhrəmanlıqların ümidinə qalıb. Adicə bir istedadsızı da tənqid etmək, ya müdirə iclasda etirazda bulunmaq, sanki “igidlik” kimi dəyərləndirilir. Mən ədəbiyyat və təhsil adamıyam. Mənim mücadiləm daha çox bu sahələrə aiddir. Ona görə sizin dediyiniz tənqidlər də bu aspektlidir. Və düşünmürəm ki, hünər göstərirəm, sadəcə dərk etdiyimi ifadə edəndə səmimi olmağa çalışıram. Bir də yeri düşüb, deyim. Bu illərdə bircə məsələyə xüsusilə təəccüblənmişəm. Mən təqdir ya tənqid etdiyim müəlliflərdən 10-dan 9-nu şəxsən tanımamışam, hətta həyatda belə görməmişəm. Amma bəzən “qərəz”, “qəsdlə yazılmış yazı” və bu kimi böhtanlar da eşitmişəm, təəccüblənməmişəm. Amma kimsə deyəndə ki, “İradə xanım, qorxmursunuz, filankəsin romanını ya tərcümə qüsurlarını tənqid edirsiniz?” – Bax o zaman çox təəccüblənmişəm. Yarızarafat-yarıciddi demişəm ki, “qoy məhkəməyə məni versin ki, onun cümləsinin qrammatik cəhətdən yanlışlığını göstərmişəm və ya obrazlarını, süjetini, mətnini tənqid etmişəm…” Gülüncdür bu cür yanaşma. Bu cür təfəkkürlə böyük yaradıcılıq haqqında xəyala dalmaq belə mümkün deyil…”
O, bu problemləri elə-belə sadalamırdı, içində ağrı-acısını yaşayıb, haray çəkirdi. Düşünürdü ki, bu sahədə susmaq olmaz. Amma nə olsun, bədxahları da az deyildi. Kimisi- “Bu kimə arxayındır?”, “Onun arxasında kim dayanıb?”, kimisi də “Hamıdan fərqlənmək üçün belə yazır” və ya “Öyrədiblər!”- deyə, onu suçlamağa səy göstərirdi…
“Əlim qələm tutandan ədəbiyyat və ədəbiyyatşünaslıq naminə bacardığım qədər mücadilə etdim. Dostlarla belə aramız dəydi. Çünki ədəbiyyat mənim üçün çox müqəddəsdir. Amma öz ağılları və eybəcər xislətləri ilə yozanlar bu yanaşmaya gah “Şəxsiqərəzlik”, gah da “Qısqanclıq” dedi. Cəhənnəmə desinlər, onsuz da ciddiyə almıram. Məni ağrıdan başqa məsələdir. Yastı Salman kimi saman altdan su yeridən və ədəbi mühitdə iyrənc oyunlar oynayan, Hüseyn Cavidin “yanıqlı” tədqiqatçısı kimi göz yaşı axıdan buqələmunlar, C. Məmmədquluzadə haqqında kitablar yazan və yazdırıb öz adına çıxan Xudayar katdalar bizə – ədəbiyyatın həqiqi təssübkeşlərinə qalib gəldi… Qorxu və yaltaqlıq böyuk tarixi olan ədəbiyyatımızı tənəzzülə gətirdi… Heyf ədəbiyyatımıza, heyf bizə…”- söyləyirdi.
BDU-nun filologiya fakültəsini bitirmişdi, filologiya elmləri doktoru alimlik dərəcəsinədək yüksələ bilmişdi. Ünsiyyətdə mehriban və xoşrəftardı. Ürəyi ipək kimi yumşaq idi, heç kimə pislik arzulamazdı. İşində çox tələbkardı və mükəmməlliyi sevirdi. Səhvləri bağışlamağı xoşlamırdı. Zəhmli və iradəli idi…
Bəli, haqqında söhbət açdığım İradə Musayeva ən xoş sözlərə layiq alimlərimizdən biriydi. Heyf, çox heyf ki, amansız ölüm onu bizdən tez ayırdı.
Yunus Oğuzun “Çinqizxon və Jaloliddin” adlı kitabı Özbəkistanda işıq üzü görüb
Yazıçı-publisist, “Olaylar” qəzeti və eyniadlı agentliyin baş redaktoru Yunus Oğuzun özbək dilində yeni kitabı işıq üzü görüb. Nəfis şəkildə tərtib olunan “Çinqizxon və Jaloliddin” adlı kitab Özbəkistanın “BAYOZ” MMC şirkəti tərəfindən çap edilib.
2025-ci ilin ilk “Söz”ü Jurnalist-publisist Sevda xanım Əlibəylinin baş redaktor olduğu “Söz” jurnalının 2025-ci ildə ilk sayı işıq üzü görüb. Jurnalın bu sayı ilk poliqrafçı alim Şəddat Cəfərovun 85 illik yubileyinə həsr olunub. Baş redaktorun təbriki ilk səhifədə yer alıb.Sonrakı səhifələrdə tanınmış söz-qələm sahiblərinin, elm adamlarının, ictimai xadimlərin Şəddat müəllim haqqında ürək sözləri, yubiley təbrikləri, həmçinin jurnalist Gülnar Əsədlinin yubiley tədbirindən hazırladığı foto-reportaj verilib. Jurnalın bu sayında yazarlardan Mülayim Vəliyevanın, Sevda Əlibəylinin, Xatirə Xatunun, Esmira İsmayılovanın, Leyla Məcidovanın, Qafar Cəfərlinin, Zahid Səmədovun müxtəlif mövzularda yazıları, Oqtay Səmədovun “Düyün” essesi, şair Əhməd Haqsevərin yeni şeirləri dərc olunub. Bu, qısa xatırlatma, tanıtım idi. Nəfis tərtibatlı “Söz”ün bu sayı da rəngarəng məzmunu, forma tərtibatı ilə seçilir. Oxumağa gecikməyin… Mənə gəldikdə ilk oxuduğum Oqtay Səmədovun “Düyün”ü oldu. Gözəl duyğuların səmimi əksi. Bəyəndim…
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
04.02.2025 tarixində Sumqayıt Şəhər Əlillərin Bərpa Mərkəzində əlillərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə təşkil olinmuş əlillərin şair Qabil Nabi ilə görüşü keçirilmişdir. Tədbirin qonaqları qismində şair Qabil Nabinin dostları tanınmış şair Süleyman Abdulla, şair-rəssam Sehran Allahverdi, gənc rəssam-dizayner Nigar Nəbiyeva da iştirak etmişlər. Əsasən səmimi söhbət əsnasında keçirilən tədbirdə vətənpərvərlik haqqında, fiziki qüsurlu insanların normal həyata inteqrasiyası, boş vaxtlarının səmərəli istifadəsi və onları maraqlandıran digər mövzular haqqında danışıldı. Müəlliflərin ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Mərkəzdə müalicə alanlar arasında şair Qabil Nabinin şeirlərini səsləndirənlər də oldu. Tədbirin gedişatı zamanı rəssam Sehran Allahverdinin canlı olaraq Qabil Nabinin portretini çəkməsi hamıda maraq doğurdu. Nigar Nəbiyevanın tədbir gedə-gedə çəkdiyi “Lalələr” rəsmi isə müəllif tərəfindən Bərpa Mərkəzinə hədiyyə edildi. Sonda tədbirin bəzi iştirakçılarına imzalı kitablar təqdim olundu. Xatirə şəkli çəkdirildi.
İLYAS İSMAYILOV: “SƏMƏD VURĞUN AZƏRBAYCAN XALQININ MİLLİ SƏRVƏTİDİR!” Mən Baş Prokuror olarkən Mikayıl Müşfiqin cinayət işinin materialları ilə şəxsən tanış olmuşam. Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərindəndir. Əslində o, bizim milli sərvətimizdir. İlhamı bulaq kimi çağlayan, hətta bir neçə gün ərzində böyük poema yazacaq qədər mahir sənətkar olan bu adamın yeganə bədbəxtçiliyi sovet hakimiyyətinin ən repressiv dövründə yaşamamış olmasıdır. Bununla belə, bütün çətinliklərə baxmayaraq o, ədəbiyyat xəzinəmizə misilsiz əsərlər vermiş, ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz xidmət göstərmişdir. Xüsusilə, II Dünya müharibəsi dövründə onun qələmə aldığı əsərlər bütün dünyanın mübarizə apardığı alman faşizminə qarşı mübarizədə sözün həqiqi mənasında ideoloji silaha çevrilmişdir. Təsadüfi deyil ki, onun müharibə illərində yazdığı “Ukrayna partizanlarına” şeirinin mətni dərc edilərək təyyarədən Ukrayna meşələrinə səpələnib partizanlara çatdırılmışdır. Səməd Vurğunun şan-şöhrəti yalnız keçmiş sovet məkanı sərhədləri daxilində qalmamış, bütün dünyaya yayılmışdır. Hətta o vaxt SSRİ ilə əks qütbdə dayanan qüvvələr belə ideoloji fərqliliklərə baxmayaraq Səməd Vurğun poeziyasının böyüklüyünü etiraf etmək məcburiyyyətində qalmışdılar. Bunun ən bariz nümunəsi kimi1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış dəyərli əsərlərin müsabiqəsini göstərmək olar. Həmin müsabiqədə Səməd Vurğunun “Ananın öyüdü” şeiri 20 ən yaxşı əsərdən biri kimi qiymətləndirilib və Nyu-Yorkda çap olunaraq hərbçilər arasında yayılıb. Bütün bunlar Səməd Vurğunun necə bir şair olduğunu sübut edir. Sovet hakimiyyəti də onun dahi bir şair olduğu qənaətində idi və buna görə də 1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəsi ilə çıxış etmək ona tapşırılmışdı. Kimlərinsə Səməd Vurğunu bu cür qiymətləndirməsi, görünür, onun tarixi şərait və ədəbi yaradıcılıq əlaqələrini nəzərə almamasından irəli gəlir. Ümumiyyətlə, bu zərərli tendensiya yalnız bir nəfərə aid olan məsələ deyil, bir çoxlarında belə yanlış düşüncə var. Bütün cəmiyyətimiz nədənsə, tarixi şəxsiyyətlərə qiymət verərkən məsələlərə bu günün nöqteyi-nəzərindən yanaşırlar. Bu da şəxsiyyətlərin doğru qiymətləndirilməsində yalnış nəticələrə gətirib çıxarır. Məsələn, öz əqidəsi uğrunda nəinki ölümü, hətta dərisi soyula-soyula qətlə yetirilməyi belə gözə alan Nəsimi yazdığı “Dərdmənd etdin məni, ey dərdə dərman erməni, Olmuşam eşqin yolunda bəndə-fərman erməni”- şeirinə görə bu gün bizə azərbaycançılığı, müqəddəs dəyərləri bir erməni gözəlinə satan vətən xaini kimi görsənə bilər. Eynilə, S. Vurğunun “Vaqif” poeması da bu gün bəziləri üçün türkəsilli Qacara qarşı həqarət yağdıran ədəbiyyat nümunəsidir. Yazıldığı dövrdə isə Azərbaycanın İran istilasına, şahlıq üsul-idarəsinə qarşı dirənişin tərənnümü kimi dərk olunurdu. Səməd Vurğun da onu yazanda sözsüz ki, öz millətinin içərisindən çıxmış tarixi qəhrəmanı inkar etmək məqsədi güdmürdü. Məqsədİ fars şovinizminin Azərbaycan xalqını assimilyasiya uğratmaq istəməsinə etiraz etmək idi. Və əsərdə bu tezis olduqca aydın şəkildə öz əksini tapırdı. Vaqifin Qacarla qarşılaşdığı səhnədə İran şahının Azərbaycan dilində şeir yazmağa ironiya ilə yanaşmasına verdiyi cavab bu mənada diqqətə layiqdir. Bu faktın özü də sübut edir ki, Səməd Vurğunun Şah Məhəmməd Qacara düşmən münasibətinin əsası heç də vətənə, millətə barmaqarası baxmağından irəli gəmirdi. Əksinə, Səməd Vurğun dövrün tələblərindən istifadə edərək Azərbaycan ədəbi dilinin formalaşmasında misilsiz xidmətlər göstərməyə çalışır, bunu həm əsərlərində təbliğ edir, həm də yazdığı şeirlərlə nümunələr yaradırdı. Tarixi şəxsiyyətləri qiymətləndirərkən tarixi şəraitin nəzərə alınmaması hər şeydən əvvəl demokratik dünyagörüşə də zidd hadisədir və keçmişi inkar fəlsəfəsinə əsaslanır. Keçmişin inkarı cəmiyyətlərin dəyişilməsi üçün ən vacib şərtlərdən sayılsa da bunun həddən ziyadə olması nəticə etibarilə vulqarizmə aparır ki, bu gün bir çoxlarının haqlı olaraq bəyənmədiyi sovet nəzəriyyəsi belə vulqarizmdən qaçmağa çalışırdı. Xüsusilə ədəbiyyat və mədəniyyət nümunələrinə münasibətdə bunu aydın şəkildə sezə bilərik. Sovet dövründə bizlərə öyrədilən Füzulinin, Nizaminin poemaları mətləbə keçməzdən əvvəl Allahın, peyğəmbərin tərifiylə başlayır, dövrün hökmdarlarının mədhiyyəsiylə davam edirdi. İdeoloji dünyagörüşünə görə ateist olan SSRİ bütün bu əks fikirlərə baxmayaraq onları anti-sovet şair adlandırıb məktəblilərdən uzaq tutmağa çalışmırdı. Əksinə təbliğ edir, elm ocaqlarında həmin tarixi şəxsiyyətləri tədqiq edən mərkəzlər yaradırdı. Çünki bu şairlərin dövrün tələbinə görə yaşayıb yaratdıqlarını qəbul edirdi. Səməd Vurğun da öz dövrünün şairi idi. Bəzi məqamlarda öz fikirlərini dövrün tələblərindən irəli gələn prinsiplərin əsasında çatdırır, oxucularda milli-mənəvi ruhun formalaşdırmağa çalışırdı. Hətta bu xüsusiyyətinə görə onun az qala repressiyaya uğraması təhlükəsi belə yaranmışdı. Xüsusilə, 1953-cü ildə şairin üzərinə hücumların artığı bilinən həqiqətlərdəndir. Həmin ildə şairin yazdığı “Aygün” poeması ciddi tənqid olunur, Azərbaycan Yazıçılar İttifaqı onu millətçilikdə günahlandıraraq haqqında Moskvaya məktublar göndərirdi. Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirmişdi. Hətta bir ara kitabları kitabxanalardan, dramlar əsərləri səhnədən uzaqlaşdırılmışdı. Müasirlərinin bildirdiyinə görə şairə şəhərdən çıxmaq belə qadağan edilmişdi. Hər kəs repressiyanın növbəti qurbanının qətlə yetiriləcəyini gözlərkən şairi xoşbəxt bir təsadüf xilas etdi. Bu təsadüf Stalinin ölümü və yerli rəhbərliyin dəyişilməsi idi. Yəni, qələmə aldığı “Vaqif” əsərində Vaqifi qurtaran eyni tale Səməd Vurğunun da üzünə gülmüşdü. 1954-cü ildən sonra Səməd Vurğunun yenidən yüksəlişinin ikinci dövrü başlasa da bu intibah da uzun sürmədi. O dövrün repressiyasından sağ qurtulmasına baxmayaraq, bu repressiya təhlükəsinin gətirdiyi mənəvi gərginliklər onun çox yaşamasına imkan vermədi. 1956-cı ildə dünyasını dəyişən Səməd Vurğunu da bu mənada repressiya qurbanı saymaq olar. Mən əslində cəmiyyətimizdə bəzən dəyərli tarixi şəxsiyyətlərə qarşı bu cür mövqe sərgilənməsini, hardasa, başa düşürəm. Böyük şəxsiyyətlər haqqında hansısa qüvvələr tərəfindən cəmiyyətə təlqin olunan dezinformasiyalar istər-istəməz vətəndaşlarımızı bu cür düşünməyə yönləndirir. Səməd Vurğun haqqında belə məqsədli dezinformasiyalar isə daha çox yayılıb. Hələ Azərbaycanın Respublika Prokroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şaiyələr yayılmışdı. Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim. Cinayət işiylə tanış olduqda deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm. Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq edə bilər. Səməd Vurğun dahi şair olmaqla bərabər həm də böyük vətəndaş idi. O, bir çox kimsəsiz insanlara bacardığı qədər kömək etmiş, hətta qardaşaına yazdığı məktublardan birində özünü əzilənlərin hamisi olduğunu və bunu əsrin bəbəyinə sancacağına and içmişdi. Müasirləri onda həqiqətən də bu xüsusiyyətlərin mövcud olduğunu bildirirlər. Qısacası, ölkəmizin görkəmli şəxsiyyətləri haqqında cəmiyyətimizdə yayılan bu cür informasiyaların heç bir əsası yoxdur və onların qəsdən yayıldığını, tarixi şüurumuza zərbə vurmaq məqsədilə daşıdığını, əsli olmayan bir millət olduğumuza bizi inandırmaq məqsədi güddüyünü düşünürəm. Belə zərərli fikirləri ifadə edərkən hər kəsi ehtiyatlı olmağa çağırıram”.
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Milli Kitabxanada Azərbaycan bəstəkarı, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlunun anadan olmasının 80 illik yubileyi münasibətilə “Xalq artisti Polad Bülbüloğlu” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, fotolar, təltiflər, məhşur Azərbaycan bəstəkarı, müğənni və ictimai xadim Xalq artisti Polad Bülbüloğlu haqqında dövrü mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Polad_Bulbuloglu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Ənənəvi sərgidə isə rəsmi sənədlər, bəstəkarın musiqi notları, qramplastinkaları, həyat və yaradıcılığı, mədəniyyətinin inkişafında böyük xidmətləri və səmərəli ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
SƏMƏD VURĞUN HAQQINDA DÜŞÜNCƏLƏR Nə qədər çalışıram, Səməd Vurğunu gördüyümdən ayrı cür təsəvvür edə bilmirəm. Mənə elə gəlir ki, o, heç vaxt yorğun, düşgün qoca olmazdı. Yetmiş yaşında da eləcə: 1950-55-ci illərdə gördüyüm kimi, səsi xitabət kürsülərini titrədən, odlu-alovlu, məntiqi aydın, qeyri-adi təfəkkür tərzi ilə ədəbiyyatda toxunulmamış səhifələri açır, fiziki cəhətdən bir ordunu yürüşə aparmağa qadir görkəmdədir. Bəzən özümü məcbur edib taleyin belə bir xoşbəxtliyinə nəsib olmaq istəyirəm. Səməd Vurğunun qocalığını təsəvvürümə gətirirəm: qeyri-adi xarici görkəm yalnız iki işıqlı planeti xatırladan – daha heç bir şeylə müqayisə edə bilmədiyim gözlər! Bircə o gözlərə baxmaq bəsdir ki, deyəsən: bu insan bir xalqın müdrik cəhətlərini özündə cəmləşdirən ağsaqqaldır. Onun yerişi yer titrədir, onun duruşu daima yanan vulkan dağını xatırladır. O, şer oxuyur, çaylar, bulaqlar, quşlar, ağaclar nəfəsini içinə çəkib, ildırımlar qəzəbsiz, buludlar hikkəsiz, dənizlər fırtınasız. Bir neçə dəfə yaxından görmüşəm, çıxışlarını dinləmişəm. Xüsusilə, 1952-1955-ci illərdə Yazıçılar İttifaqının «Natəvan» adına klubunda odlu-alovlu çıxışlarını dinləmək mənə də nəsib olub. Mərhum alim Cəfər Xəndan məruzə elədi, məruzə ətrafında qızğın mübahisə başladı. Səməd Vurğun şerimizin ümumittifaq miqyasında yerindən, çəkisindən və bəzi qüsurlarından danışdı. Bəzi çıxış eləyənlərə üzünü tutub dedi ki, balam, aladağdan-qaradağdan misallar gətirirsiniz, bizim poeziyamızın uğurlu addımları azmı, niyə bunlardan bizim cavan yazıçılar öyrənməsin? (Bir neçə qələm dostumun adını çəkdi və sonra dedi: qoy bir dəfə qeyri-təvazökarlıq edim). Axı bu poeziyanın Səməd Vurğunu da var, «Vaqif»i o yazıb. O vaxt nəynən əlaqədarsa bu aforizm dilindən qopdu. İndiki kimi yadımdadır: «Kiçik xalqın böyük şairi olunca, böyük xalqın kiçik şairi olasan». Bəli, Səməd Vurğun bunu dedi. 1954-cü ilin iyun ayında V.İ.Lenin adına APİ-də olan bir görüş də tam dəqiqliyi ilə yadımdadır. Mən o vaxt APİ-nin coğrafiya fakültəsini bitirmişdim. Dövlət imtahanlarını vermişdik. Diplomun yazılıb verilməsini gözləyirdik. İnstitut S.Vurğunu görüşə çağırmışdı. Mehdi Hüseynlə ikisi gəlmişdi. Akt salonu ağzınacan dolu idi. Cərgələr arasında tələbələr ayaq üstə durmuşdular. Salonun qapısını bağlamaq mümkün deyildi. Dəhlizdə bəlkə salondakından çox tələbə var idi. Bütün institut axıb gəlmişdi. Hamı böyük sənətkarı görmək, səsini eşitmək istəyirdi. Milis nəfərlərinin gəlişi də içəri girmək istəyən axının qarşısını ala bilmədi, nəhayət, deyim ki, qapını birtəhər bağladılar. Lakin dəhliz və pilləkənlərdən içəri gəlmək istəyənlərin zərbindən nəhəng qoşa qapı çərçivəsindən çıxdı. Bundan sonra Rəyasət Heyətində oturan institut rəhbərlərinin narahatlığına baxmayaraq, hamı sakitləşdi. «Günahkarlar» yığıncağın sonuna qədər dəhlizdə ayaq üstə dayanıb salonu dinləyir, içəridə olan xoşbəxtlərlə birlikdə əl çalırdılar. Müxtəlif çıxışlar, hətta uzun-uzadı məruzələr də oldu. Məncə, bu uzun gecə heç kəsi yormamışdı. Gecəni institutun ilk partiya təşkilatının katibi, görkəmli alim, mərhum Tələt Əfəndiyev idarə edirdi. Axırda, Səməd Vurğundan əvvəl Mehdi Hüseynə söz verildi. Onun bir sözü indiyə qədər beynimdə həkk olunub qalır. Altmışıncı illərdə (daha dəqiq 1961-ci ildə) Mehdi müəllimə APİ-dəki hamin çıxışını xatırlatdım. Dedi ki, «Görüş yadımdadır. Nə dediyim yox». Mehdi Hüseyn demişdi: hər bir xalqın ədəbiyyatında elə yazıçılar var ki, birdən onların bir neçəsini ədəbiyyatdan götürsən, qətiyyən yeri görünməz. Lakin elə tək-tük sənətkarlar var ki, onların birinin yoxluğu ilə bir xalqın ədəbiyyatında uçurum əmələ gələr. Bizim müasir Azərbaycan ədəbiyyatı üçün Səməd Vurğun belə sənətkar, belə şəxsiyyətdir. Onsuz bizim ədəbiyyatdan danışmaq mümkün olmazdı. Çıxışının bir yerində dedi: «Mən dostumun sənət yolunda ağarmış saçlarına baxıb fəxr eləyirəm». S.Vurğun söz atdı: Ayə, mənim saçıma baxıb özünün qara saçınla fəxr eləmə. Məndən ikicə yaş kiçiksən. Şair «Avropa xatirələri»ndən oxudu. Mənim zənnimcə, heç bir aktyor Səməd Vurğun şerlərini onun özü qədər gözəl oxuya bilməz. Böyük sənətkarın gözəl kişi görkəmi, nurani siması, heç kəsə bənzəməyən səsi də şeri doğmalaşdırırdı. Ona çoxlu suallar verilmişdi. Sualın biri üzərində ətraflı dayandı. Bir həvəskar gənc şair üçün bunlar bir müəllim söhbəti idi. Şübhəsiz, yaddaşıma yazılmalı idi. Sual belə idi: Siz niyə müasir mövzuda pyeslər yazmırsınız? Ustad sualı oxuyub üzünü salona tutdu: Siz müasir mövzu nəyə deyirsiniz? İşıq yandı-söndü, səhnə açıldı. Təzə bir mədəniyyət evinin tikilişi göründü, budurmu müasirlik? S.Vurğun üçün böyük hadisələrsiz, böyük xarakterlər toqquşmalarından kənar mövzu yoxdur. «Vaqif» niyə güclü çıxıb? Və indi də müasir deyilmi? Çünki buradakı hadisələr böyük mübarizə meydanında baş verir. İki briqadirin səhnədə şerləşməsindən də pyes yazmaq olar. Ancaq hünər lazımdır. Mövzunun təzəsi, köhnəsi yoxdur. Yazıçı münasibətinin təzə-köhnəliyi var. Axşam saat 12-yə işləyirdi. Heç kəs görüşün qurtarmasını istəmirdi. Şairin tələbələrə müraciətlə deyilən ata məsləhətindən təkrar-təkrar dinləməkg Heyif ki, o zaman maqnitofonum yox idi. Nə qədər müdrik kəlam yazılmamış qaldı. Sənətkarın şəxsiyyəti ilə yaradıcılığının vəhdətindən çox yazılıb. Bunlar ayrılıqda bir körpünün bu və o biri sahilə birləşən uclarıdır. Əslində, elə körpü bu birləşmə deməkdir. İki sahili birləşdirən keçid körpüdür. Bu, şəxsiyyətlə istedadın vəhdətinə tətbiq edildikdə sənətkarın yaradıcılıq həyatıdır. Böyük sənətkarda (o cümlədən Səməd Vurğunda) bunların arasında suayrıcı çəkmək çətindir. Şəxsiyyət dağdır – ondan çaylar baş götürür. Dağ çayı dağın fiziki-kimyəvi əlamətlərini götürüb gedir. İnsan cavanlığa qayıtmır, dağ çayı da dağa. Çay uzanıb gedir. Şəxsiyyət zaman keçdikcə qocalıb ömrünü tapşırır. Artıq yeriyən, danışan-gülən fiziki varlıq-sənətkar yoxdur. İkinci, əsl ömür, yaradıcılıq ömrü başlayır. Burada yada duşur: «Məni yelkən kimi qərq etsə dəryada zaman, Vurğun öldü deməying» Onun bütün şerlərini, poema və pyeslərini, adi çıxış və müsahibələrini bir də gözdən keçirin. Onun çəkinə-çəkinə, qorxa-qorxa dediyi söz yoxdur. Onun sənətinin bünövrə daşı inam və cəsarətdən ibarətdir. Poeziya, ümumən sənət çox mətin bir varlığın övladıdır. Burada fiziki güc və cəsarətdən söhbət getmir. Çox div gövdəlilərin özləri ağırlığında zəif əsərlər yazdığına misallar gətirmək mümkündür. Söhbət sənətkar cəsarətindən, sənətkar şəxsiyyətindən gedir. S.Vurğunun bircə çıxışını dinləmək bəs idi ki, deyəsən: O, dünyanın xitabət kürsüsündən danışır. O, çiyinlərini Yer kürəsinin məhvərinə söykəyib. Poeziyası şəxsiyyətini, şəxsiyyəti poeziyasını hafizəsində saxlayırdı. Övlad ata-ananı necə təqlid edə-edə böyüyür, bu təsir altında formalaşır və müstəqilləşirsə, təzəcə qələm götürən gənc yazıçı da elə gəlir, elə addımlayır. Səndən əvvəl açılmış yolla getməlisən. Hər kəs bu yolla «hansı» yüklə çıxır, əsas məsələ budur. İlk cızma-qaralarımda çox şairdən təsirlənmişəm. Ancaq doqquzuncu sinifdə «İstiqbal təranəsi» kitabı əlimə düşdü. Bunun təsiri daha böyük oldu. Xatirimdədir, kitabı necə açdımsa, ilk qarşılaşdığım şer «Dilican dərəsi» oldu. Yenə səni gördüm, Dilican dərəsig Bundan sonra hiss elədim ki, insanı əhatə edən ətraf mühit poeziya materialı ilə dolu imiş. Mən onu kitablarda axtarırdım. 10-cu sinfi bitirəndə S.Vurğunun çap olunmuş əsərlərinin, demək olar, hamısını oxumuşdum. Çoxunu da bir oxudan sonra heç bir xüsusi cəhd göstərmədən əzbərləmişdim. Ona məhəbbətimi şairin əlli illiyi ərəfəsində, daha doğrusu, 1956-cı ilin may ayında çap olunan «Sən tələsmədin» adlı şerimdə ifadə etmişəm. O vaxt S.Vurğunun dostu, hörmətli xalq şairimiz S.Rüstəm qəzet redaktoru idi. Şeri oxuyub bəyəndi və dedi ki, yubiley nömrəsi üçün toplanan şerlərin sayı-hesabı yoxdur. Böyük müsabiqə var. Zənn edirəm ki, müsabiqədən keçərsəg Hamıya məlumdur ki, şair ağır vəziyyətdə yatırdı. Yəqin ki, yubiley nömrələrinin heç birini oxuya bilməzdi. O vaxt ürəyimdən bircə hiss keçirdi: kaş Səməd Vurğun mənim şerimi oxumuş olaydıg Şairin ölümünə bir neçə şer həsr eləmişəm. Bunlar mənim «Sevgi nəğməsi» adlı (1959) ilk kitabımda çap olunub. Bəzən ədəbiyyata təzən gələn gənc şairlər sual verirlər: S.Vurğundan nəyi öyrənməyi məsləhət görərdin? Bu bir az çətin məsləhətdir. Böyük sənətin coğrafiyası da böyük olur. Kimə nəyi necə sevdirmək məsələsində heç bir vahid dərs kitabı ola bilməz. Burada fərdi yanaşma, fərdi öyrənmə əsasdır. Lakin bu «fərdi sevgidə» Vətən sevgisi ilə üzləşmirikmi? Bəs Səməd Vurğun yaradıcılığı, bu sevginin rəngləri göz-könül oxşamırmı? Baxın səhərlərin yaqut rənginəg Bəzən təbiətə, ictimai mühitə, bu günə, dünənə, sabaha şirin sətirləri arasından baxın. Bir zümzümə daxili bir təkan yaradacaq: nifrət, məhəbbət, heyrət təkanı. Misra çaylar gözünüzə görünəcək: Özüm də bilmirəm bu axşam nədən Şerdən sənətdən uzaq kimiyəmg Çünki Vaqif-heykəl baş əymir. Buna görə də bu heykəli «uçurmaq» istəyirlər. Çünki komsomolçular güllə qabağına gedir. Və bəlkə də təzəcə bir misra boy atır: Onun gözlərində dünya bir rəngdir, Elə bil hər şeydən süd əməcəkdir. «Mən havanı sevirəm, suyu sevirəm», «günəşli gündüzü, ulduzlu gecələri sevirəm» deyən adama hamı dəli kimi baxardı, elə deyilmi? Xalqın övladı pasportu almış sənətkarların yaradıcılığı da hava, su kimi bütün adamlar üçündür. Deyə bilərsiniz, ulduzlu gecədən heyrətlənməyən, dağ çayı ilə bulanıq arx suyuna fərq qoymayan, bulağa sadəcə su kimi baxanlar azmı? Çoxdur, siz gördüyünüzdən çoxdur. Taxıl zəmilərində də alaq çox olur. Becərilən, biçilən, döyülən taxıldır. Yer kürəsinin bütün əhalisi şer oxumaqla məşğul olsaydı, onda sənətin kütləvilik keyfiyyətinə «hamılıq» deyərdilər. Bu da, məncə, sənəti qiymətdən salardı. Mətləbdən uzaqlaşdım deyəsən. Mən Səməd Vurğunu təkrar-təkrar oxumağı məsləhət görərdim. Ondan nəyi öyrənməyi o özü daha dəqiq deyəcəkdir. Səməd Vurğun haqqında çox yazılıb. Yazılanlar təbiidir ki, ayrı-ayrılıqda onun böyüklüyünü göstərməyə qadir deyil: Lakin indiyədək yazılanları götürüb «nisbilik tərəzisi»ndə çəksək, kəmiyyətcə narazı qalmağa dəyməz. Bəs keyfiyyətcə? Əlbəttə, yaxşı əsərlərlə yanaşı, «şair demişdir», «yazmışdır», «qələmə almışdır» təhlilli yazılar da çoxdur. S.Vurğun yaradıcılığı çox dərin tədqiqat, bədii-estetik təhlil üçün material verir. Bu da böyük istedad, dərin fəlsəfi bilik tələb edir. Bəlkə heç narahat olmağa dəyməz. Səməd Vurğunşünaslıq indi yaranır. Bu səbrli zaman üçün 50 il nədir ki? Hələ neçə qələm sahibi bütün bu yazılanlara təzədən baxacaq, bəzilərini kənara qoyacaq, bəzilərinə «yeni nüfuz nişanı» verəcək. Bir tarix, bir Səməd Vurğun, bir də tədqiqatçı üz-üzə dayanacaqg Kimlərə, nələrə münasibət məsələsində obyektivlik, dürüstlük öz həqiqi təhlilini tapacaq. Bu, tarixin görəcəyi işdir. Bizsiz də bu işi görəcəkdir. Ancaq mən istərdim: bizim gözümüzün qabağında, nə qədər ki, Səməd Vurğunla sənət yolu keçmiş yazıçılarımız sağdır, nə qədər ki, Səməd Vurğunun səsini eşitmiş nəslin yadındadır onun insani keyfiyyətlərindən, torpağa, xalqa bağlılığından, vətəndaş qayəsindən daha çox yazılsın. «Vaqif»i yüz ildən sonra da təhlil edəcəklər. Ancaq yüz ildən sonra Səmədin Muğanda kimə qonaq olması, Talıstana neçə dəfə getməsi və s. səfərləri, yazılmamış çıxışları ali riyaziyyat kimi bir şey olacaq. İndilikdə Səməd Vurğunun ayaq basdığı hər hansı bir guşə öyrənilməsə, bu barədə yazılmasa, sonrası məlumdurg Səməd Vurğun haqqında xatirələr kitabında, mənim zənnimcə, xalqın səsi azdır. Bu kitabı çox yaxın vaxtlarda təzələmək, ona əlavə kimi, ikinci kitab kimi yenidən nəşr eləmək mümkündür və lazımdır. Mən deyərdim: gəlin həcm məhdudiyyəti qoymadan «El bilir ki, sən mənimsən» başlığı altında 5-6 şairin ürək sözündən ibarət bir kitab buraxaq. Şərt qoyaq ki, S.Vurğunun bircə misrasının da məzmununu danışmadan bu misraya münasibətini bildir. Gəlin elə bir jurnalist tapaq ki, qoy, o, ovçu S.Vurğunun həyatından yeni səhifələr açsın. Eləcə də deputat Vurğun, eləcə də akademik, prezident müavini Vurğun. Sizi inandırıram: burada elə naməlum nöqtələr var kig Bu mövzularda yazılıb da. Ancaq hələ də gözəl mövzular yaranmamış qalır. Şairin öz misraları neçə belə kitaba başlıq olur: «ovçuluğa meyl saldım». Gözünü yum-aç, budur, bəşəriyyət Səməd Vurğunun anadan olmasının yüz illiyini qeyd edir. İndikindən daha geniş, daha təntənəli. Yeni nəsil gözünü ekrana tikib, 40-cı, 50-ci illəri, bu günü görmək istəyir. Mənə elə gəlir ki, o gün üçün hazırlaşmalıyıq və təntənə üçün müəyyən qədər cavabdehik. S.Vurğundan uzaqlaşdıqca onun yaradıcılığından danışmaq bəlkə də asanlaşacaq. Çox məsələlərin şərhində isə təbiidir ki, çətinlik yaranacaq. İllər arxasından baxan nəsil Muğanda-Mildə, İstisu yaylaqlarında, London, Bratislava kürsülərində «Səməd Vurğunu görmüşəm» deyənləri görə bilməyəcək. Bu, hələ o zamankı çətinliyin bir hissəsidir. Səməd Vurğunla bağlı nə varsa bu gün mümkün qədər genişliklə ekrana keçməlidirg Burada mən özümə belə bir sual verərdim: Poeziyanın ömrü nə qədərdir? Sonra duruxar, belə bir sualı verib-verməməyin mümkünlüyünə dair sualla üz-üzə durmaq istərdim. Məndən asılı olmadan qələmim belə bir sual verdi. Bu sual məni qəribə suallar qarşısında qoydu: Buludun ömrü nə qədərdir? İşığın ömrü nə qədərdir? Gecənin, gündüzün, yağışın, küləyin?.. Bunlar da elə veriləsi, cavab axtarılası suallardır. Nizami kəlamını xatırladım: Kainatda hər şey cəzbə bağlıdır, Filosoflar bunu eşq adlandırır. Yəqin ki, bəşəri cazibəsində yaşadan amillərdən biri də yaşamaq, yaratmaq, sevmək, ucalmaq duyğusudur. Bunun da ən yaxşı ifadəsini insan poeziyada tapmırmı? Bəşərdən nəğməni almaq ondan səsi almaq deməkdir. Deməli, poeziyanın ömrü səsin ömrü qədərdir. Əgər gələcəkdə insan ünsiyyətində söz-danışıq gərəksiz olacaqsa, onda poeziya da gərəksizdir. Ancaq xatirimə Xaqaninin də beyti düşdü: Yerin dairəsi əyridir bir az, Bu əyridən düz iş gözləmək olmaz. Bəşər yerüstü həyat üçün «bu əyriliyə», Yerin öz oxuna meylli olmasına minnətdardır. Bunsuz fəsil təsəvvüründən danışmaq qeyri-mümkündür. Görünür, Xaqani dövründə ictimai haqsızlıq, bərabərsizlik o qədər ağır idi ki, bunu heç bir «tərəziyə» qoymaq mümkün deyildi. Əlbəttə, zamanın əyri tərəzisini Yerin öz oxuna əyriliyi yaratmışdı. Xaqani təfəkkürü zamanın əyriliyinə balta vurmuşdu, qeyz-qəzəb zərbəsi daha dərinə getmişdi. Səbəbi görmədən nəticə çıxarmışdı. Ancaq o zaman bu əyriliyi görüb elmi-fəlsəfi izahını vermək çox böyük addım idi. İndi kainatın yeganə yaşıl planetində – Yer kürəsində bu əyriliyin yaratdığı çox düzgün iqlim relyef şəraitini saxlamaq çox ciddi siyasi, ictimai-ekoloji problemdir. Poeziyanın ömrü nə qədərdir? – sualına cavab axtararkən bu problemi çözələməyə dəyərmi? – Dəyər, bəli, dəyər! Bir anlığa gözünüzü yumub açın, hansı qüvvəsə sizi xəyali orbitə çıxarmışdır. Oradan Yer kürəsinin «hər iki üzünü» çox aydın görürsünüz. Birdən sizə elə gəlir ki, meşələr gözünüzün qabağındaca seyrəlir, seyrəlir və yox olur. Dağların əbədi qarı-buzlağı əriyib itir. Çayların yerində quru yataq qalır. Təbiət latın dilindən – külək nəğməsindən məhrum olur. Bəşər artıq keçmişə qayıda bilməz. Ancaq təbiətin keçmişini saxlamaq bu günü saxlamaq deməkdir. Bütün bu problemlərin həllində və ya izahında poeziyanın da üzərinə məsul vəzifələr düşür. Poeziyanın ömrü təbiətin, onun övladı olan insanın ömrünə bağlıdır. Bu mənada S.Vurğun poeziyası bir kərpicini təbiətdən, bir kərpicini cəmiyyətdən götürmüş sənətkarın möhtəşəm qalasıdır. Bu qaladan baxıram: Zümrüd qayaların döşündə meşə, Qayalar yüksəkdən baxır keçmişə. misrası ilə başlanan bir nəğmə oxuyuram. Önümdə uca dağlar, dərin dərələr, geniş düzənlər açılır. Uca zirvələrin birində dayanıb fikrə dalmış şairin səsi diqqətimi bir daha yüksəklərə çəkir: Bir də sizi hansı şair yazacaq