
Absurdun Səssiz Qəhrəmanı
Albert Kamyu (1913–1960) XX əsr Avropa ədəbiyyatının və fəlsəfi fikrinin ən özünəməxsus simalarından biridir. Onun əsərlərində ölüm, üsyan, həyatın mənasızlığı və insanın ona qarşı duruşu dərin poetik-fəlsəfi dillə əks olunur. Kamyu nə ekzistensialist olduğunu qəbul edirdi, nə də nihilist sayılmaq istəyirdi. O, özünü “absurd filosofu” adlandırmağı daha uyğun görürdü.
Əslən Əlcəzairliydi – Fransız diliylə yazan Şimali Afrikalı
Kamyu Fransız ədəbiyyatının ulduzu sayılsa da, o, Əlcəzairdə, yoxsul bir ailədə doğulmuşdu. Atası I Dünya Müharibəsində öldükdən sonra, anası onu yoxsulluq içində tək böyütdü. Kamyu uşaq yaşlarından əməkçi təbəqənin çətinliklərini yaşamış, bu təcrübə onun yazılarında tez-tez öz əksini tapmışdır. Əlcəzairin yandırıcı günəşi, dənizi və sakit küçələri onun estetik dünyasını formalaşdırmışdır.
Futbol Kamyu üçün sadəcə idman deyildi
Gəncliyində qapıçı kimi futbol oynamış Kamyu deyirdi:
“Mən futboldan ədəbiyyatdan öyrəndiyimdən daha çox şey öyrəndim.”
Ona görə, futbol ədalət, kollektiv ruh və məğlubiyyəti qəbul etməyi öyrədirdi – bu da onun həyat və absurd haqda düşüncələrinə birbaşa təsir etmişdir.
Kamyu üçün “absurd” nədir?
Kamyuya görə absurd, insanın sonsuz mənalı həyat axtarışı ilə dünyanın səssizliyi arasındakı uçurumdur. İnsan həyatın məqsədini axtarır, amma kainat cavab vermir. Bu qarşıdurma “absurd vəziyyət” adlanır. Onun məşhur “Sizif əfsanəsi”ndə olduğu kimi, insan daş daşısa da, hər gün yenidən başlasa da, o işi davam etdirməklə azad olur.
Nobel mükafatını ən gənc alan yazarlardan biri
1957-ci ildə, cəmi 44 yaşında Kamyu Nobel Ədəbiyyat Mükafatına layiq görüldü. Bu, o dövrdə böyük sensasiya doğurmuşdu. Kamyu Nobel nitqində yazıçıların vəzifəsini belə ifadə edirdi:
“Həqiqətə və azadlığa xidmət etmək.”
O, heç vaxt özünü “elitist” yazıçı hesab etmədi – onun üçün ədəbiyyat mübarizə aləti idi, səsizlərin səsi olmaq idi.
Sartrla yolları niyə ayrıldı?
Jean-Paul Sartre və Kamyu bir dövr yaxın dost olsalar da, ideoloji baxımdan ciddi ziddiyyətlərə sahib idilər. Sartr marksizmi və inqilabı müdafiə etdiyi halda, Kamyu totalitarizmin hər növünə qarşı idi. O, insanların məcburi şəkildə “xoşbəxt” edilməsinə qarşı çıxırdı. Bu ziddiyyət onların yollarını ayırdı və Kamyu tək qaldı – öz sükutunda, absurdun içində.
Kamyu 1960-cı ildə avtomobil qəzasında faciəvi şəkildə vəfat etdi. Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl o, dostuna belə demişdi:
“Ən axmaq ölüm maşın qəzasıdır. Mən qatarla gedəcəm.”
Ancaq son anda fikrini dəyişdi və dostunun maşını ilə yola çıxdı…
Albert Kamyu öz dövrünün vicdanı idi. Onun qəhrəmanları – Meursault, Ryu, Sizif – sakit, dərin və inadkar surətlərdir. Onlar nə dünyanı dəyişir, nə də özlərini. Sadəcə dururlar və müqavimət göstərirlər – mənasızlığa qarşı, ölümə qarşı, soyuqluğa qarşı. Və bəlkə də bu duruş – ən böyük mənadır.
Müəllif: Mirzə Alik
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru