Bu gün istəsək-istəməsək də sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Hər kəs bu şəbəkələrdən bir cür istifadə edir, axı hərənin öz dünyası var. Biri daim xəbər, yenilik axtarışındadı, kimsə öz işinin reklamı ilə məşğuldu, kimi də, dostluq, yoldaşlıq arzusunda burada var-gəl edir. Bir qisim isə həyatda özünü tapmayan, dünyadan bixəbər burada ordan-burdan köçürdüyü fikirlərlə “filosof”a çevrilən və yorulanda da adamlara söz atan, öz yerini bilməyən zəhlə tökən adamlardı… İnsan həm də bir vətəndaş olduğu üçün öz yurdunun, ocağının təəssübünü çəkir. Axı sosial şəbəkələrdə təkcə həmyerlilərimiz deyil, bütün dünyadan insanlar bizi izləyir… Nə yaxşı ki, bu gün Azərbaycan vətəndaşı alnıaçıq, üzüağdı. Daha əvvəlki kimi heç bir ölkə nümayəndəsi qarşısında başı aşağı deyil. Ondan ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Azərbaycanın düşmənlə ədalətli müharibəsində biz qalib gəldik. Üzümüzü qara edən köçkün adından xilas olduq. İllərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Bu gün daha hüznlə işğal günlərimizi qeyd etmirik. Sosial şəbəkələrdə də qələbə sevincimizi paylaşırıq. Dövlətimizlə, Ali Baş Komandanımızla millətimizlə, müzəffər ordumuzla, şəhid və qazilərimizlə qürur duyuruq. Hamımız az qala gecə-gündüz “Vətən!” – deyirik. Amma, hə, hər işin də bir “amma”sı olmaya. Belə ki, uzun həsrətdən sonra doğma torpaqlarımıza möhtəşəm qayıdışımızla bağlı sevinclə, göz yaşlarıyla paylaşımlar edirik. Biz o sevincə qoşuluruqmu? Əlbəttə, buna hər kəs məcbur deyil. Heç bu paylaşımı edən də, bunu o məqsədlə etməyib. Amma biz Vətəni, Ali Baş Komandanımızı, Şəhidimizi, Qazimizi, dirçələn Qarabağımızı, qısası, dünyanı heyrətə salan möcüzələrimizi çox vaxt şəxsi münasibətimizə, göstərişə qurban veririk. Tutaq ki, o paylaşımı sənin xoşuna gəlməyən Vəli adında biri edib. Buna görə, indi Vətənimizin uğurlarına, möhtəşəm qayıdışımıza, illərlə arzuladığımız gözəl günlərimizə göz yummalıyıq. İçimizdəki bir-birinə olan o kin, nifrət, paxıllıq hissi o qədər güclüdü ki, elə bilirik biz Vəlinin sevincinə (halbuki bu hamımızın sevincidi) qoşulsaq, onun sevinci aşıb-daşar və biz bundan bədbəxt olarıq. Əslində biz elə öz sevincimizə sevinə bilməyəndə bədbəxt oluruq… Axı bu hamımızın sevincidi. Hərdən düşünürsən ki, görəsən, o paxıllıq nə olan şeydi ki, bu yaramaz çoxumuzun qəlbində kök salıb. Ali Baş Komandanımızı görəndə ətəyindən öpməyə hazır olanlar onunla bağlı paylaşımlara biganə qalırsa deməli, o münasibət səmimi deyil… Sən sevdiyini hər yerdə, hər gözəl paylaşımda əzizləyə bilmirsənsə onda sənin Vətən anlayışında problemlərin var… Bir də Vətəni sevmək həm də, imandandır axı. İctimai xadim, alim, həm də, dinimizin gözəl təbliğatçısı Siracəddin Hacının dediyi kimi, surələri əzbərləməklə, gecə-gündüz ibadət etməklə əsl insan, əsl mömin ola bilməzsən, bunu dərk etməklə, əməlinlə sübut eləməlisən… İllər əvvəl belə bir şeir də yazmışdım…
Ədalətsiz adamla Könlüm heç vaxt barışmır. Vətən sənin cibindi Bayraq sənə yaraşmır.
Vətən o şəhid olmuş Atamın torpağıdı. Qardaşımın savaşda Kəsilən qollarıdı.
Qəlbimizdən xəbərsiz, Tək nəfsini güdən, öl! “Vətən” deyib, bağırma, Sən özün də Vətən ol!
Açığını deyim, necə ki, qələm gərək doğrunu yazsın. Mən FB sosial şəbəkəsindən istifadə edincə adamları tanımağa başladım. Kaş tanımaz olaydım, İlahi, burada çox dəyərli, hörmətli insanlarımızla yanaşı, necə qədirbilməz, nankor adamlara rast gəldim, boğazdan yuxarı “Vətən!” qışqıran yerlibaz adamları tanıdım. Dünən haqqında yazdığın, bağrına basdıqların bu gün burada səni görməzdən gəlirlər… Həm də səni yox e, göz yaşıyla təbliğ, tərənnüm elədiyin doğma Vətəni… Sizcə, bu cür adamların Vətən sevgisinə, yurd təəssübkeşliyinə inanmaq olarmı? Hərdən öz-özümə deyirəm, sağ olsun, FB-u məni tanımadığım adamlarla tanış elədi…
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, qızıl döş nişanı ilə təltif edilmişdir. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2004-cü ildə Azərbaycan Respublikasının “qaqbaqcıl təhsil işçisi” döş nişanı, 2007-ci ildə “Qızıl qələm” Media Mükafatı Laureatı, “İlin Alimi” Media Mükafatı Laureatı və s. mükafatlara layiq görülmüşdür. 2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kaferasının müəllimi kimi fəaliyyətə başlamış, 2004-cü ildən baş müəllim, 2015-ci ildən həm Müasir Azərbaycan dili kafedrasının dosenti, həm də həmin ildən həmin kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professoru adını almışdır. Həmin ilin dekabr ayının 10-dan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. 2021-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə Prorektoru vəzifəsində çalışır. ADPU-nun müəllim və tələbələrin Orduya dəstək kampaniyasında fəal iştirakını təşkil etdiyinə görə 2020-ci il 4 noyabr Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi tərəfindən Milli Ordu-100 medalı ilə təltif edilmişdir. Eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri Üzvü adına layiq görülmüşdür. 2021 – ci ildə “Səməd Behrəngi” Beynəlxalq mükafatını almış və həmin ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. M.Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuşdur. “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” adlı layihə çərçivəsində Respublika daxilində və xaricdə xeyli məqalələr yazmış və dərc etdirmişdir. Euroasia Journal of Social Sciences & Humanities jurnalında redaksiya heyətinin üzvüdür. 2020-ci ildən “Linqvistika problemləri” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktorudur. “Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaksiya heyətinin üzvüdür. BDU-nun nəşr etdirdiyi “Türk filologiyası” jurnalının redaksiya heyətinin üzvüdür. “Türkologiya” jurnalının redaksiya heyətinin üzvüdür. M.Hüseynova 2021-ci ildən Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədridir. Elmi araşdırmaları ilə diqqəti cəlb edən Mahirə Hüseynova 2001-ci ildən Qərbi Azərbaycanın Dərələyəz mahalı üzrə tədqiqatlar aparmışdır. Həmin mahalın aşıq və el şairlərinin yaradıcılığı, onomastik vahidləri haqqında xeyli material toplamış, 2012-ci ildə başladığı işi uğurla davam etdirərək filologiya üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır. Bu məqamda o, həm görkəmli dilçi-alim Həsən Mirzəyevin filoloji görüşlərini, həm də Dərələyəzə aid olan dil faktlarını, poetik nümunələrini araşdırmışdır. Elə bunların nəticəsidir ki, o, 2017-ci ildə “XIX-XX əsr Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri” adlı dissertasiyasını yazmış və onu uğurla müdafiə edərək filologiya elmləri doktoru adını qazanmışdır.Alimin araşdırmalarının nəticəsi olaraq xeyli sayda kitab işıq üzü görmüşdür. Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən xanım Mahirə Hüseynova 28 elmi kitabın – monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 16 bədii (şeirlər) kitabın müəllifidir. Alimin Respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi məqaləsi çap olunmuşdur. Eynilə onun haqqında 300-dən yuxarı məqalə Respublika mətbuatında dərc olunmuşdur. Respublika mətbuatında onun kitabları haqqında 300-dən çox məqalə dərc olunmuşdur. Bir çox qrant layihələrin, elmi-publisistik məqalələrin müəllifi, bir sıra genişmiqyaslı tədbirlərin təşkilatçısıdır.
Fotoda görkəmli el aşığı Aşıq Ələsgərin gənclik illərində görüb bəyəndiyi, gözəlliyinə şeirlər, qoşmalar, gəraylılar ifa etdiyi Güləndam nənəni görürsünüz. Uşaqlıq və gənclik illəri Kəlbəcər dağlarında keçən Güləndam nənə nə az, nə çox, düz 140 ildən artıq (153 il) ömür sürüb. Adı Ginnesin Rekordlar Kitabındakı uzunömürlülər siyahısına düşüb. O, 1843 – cü ildə Kəlbəcər rayonunun Qaragüney kəndində anadan olub. Uşaqlıq illəri çətinliklərlə, maddi sıxıntılarla keçib. Dövrünün bir çox qızları kimi o da təhsil ala bilməyib. Görkəmli el aşığı Aşıq Ələsgər Güləndam nənəni iyirmili yaşlarında görüb bəyənmişdi, onun gözəlliyi Dədə Ələsgəri özünə heyran etmişdi. Aşıq Ələsgərin dillər əzbəri olan “Güləndam” qoşması da bu gözəlliyin qarşısında meydana çıxmışdı. Bu qoşma Güləndam nənənin gənclik gözəlliyinin sözə çevrilmiş halı idi.
Səni gördüm, əl götürdüm dünyadan,
Ala gözlü, qələm qaşlı Güləndam!
Alma yanağını, ay qabağını
Görən kimi ağlım çaşdı, Güləndam!
Güləndam nənənin sizə təqdim etdiyimiz hər iki fotosunun maraqlı çəkilmə tarixi vardır. Sənətşünas Telman İbrahimovun verdiyi məlumata görə, xalçaşünas Kübra xanım Əliyeva 1979-cu ildə, Güləndam nənənin 140 illik yubileyində Kəlbəcərdə olmuş və Güləndam nənənin fotosunu özünün toxuduğu xalça qarşısında, eləcə də at belində dayanarkən çəkmişdir. Kübra xanım bu görüş barədə təəssüratlarını Moskvada nəşr olunan məşhur «Декоративное искусство» jurnalında nəşr etdiyi bir məqalədə işıqlandırmışdır.
Hеç dеmirsən, Ələsgərim hardadı?
Səbəb nədi, gülün mеyli xardadı?!
Mənim gözüm sənin kimi yardadı,
Hər cəfası mana xoşdu, Güləndam!
Bir əsrdən artıq ömür yaşayan Aşıq Ələsgərin məhəbbət yolunda çox cəfa çəkib. İlk dəfə Səhnəbanu adında bir qıza aşiq olub. Ancaq onu Aşıq Ələsgərə verməyiblər. Qızın əmisi oğlu pullu Məhəmmədə veriblər. Bu hadisə Ələsgərin ürəyinə dağ çəkib. Gənc yaşlarından onu həyata, sevgiyə küsdürüb. Yaşı 40-a çatandan sonra Anaxanım adında hər şeyə deyinən – deyingən bir arvad alıb. Günü ah-vayla, qovğayla keçib. Deyilənə görə, Aşıq Ələsgərin el gözəllərinə tərif yazması, onların hüsnünə qoşmalar, gəraylılar ifa etməsi Anaxanımı özündən çıxarırmış. Bir gün dözə bilməyib əri Aşıq Ələsgərə deyir: – Ələsgər, gəzmədiyin yеr qalmadı, tərif dеmədiyin də gözəl. Nə olar, mənə də bir tərif dеyəsən! Aşıq Ələsgər zarafatla dеdi: – Anaxanım, tərif dеdiyim gözəllər mənə xələt vеrir; sənə tərif dеsəm, mənə nə vеrərsən? – Еvində nə var, ondan. – Onda dur, bir ballı qayğanaq bişir yеyim, huşum cəmləşsin, dеyim. Aşıq Ələsgər bеlə dеyən kimi Anaxanım yеrindən durdu, ocağı qaladı, bir tava qayğanaq bişirdi, dəridən bеçə balı çıxartdı, qayğanağın üstünə tökdü, külfətlikcə yеdilər. Çay gətirdi, içdilər, sonra sazı Aşıq Ələsgərə vеrdi. Aşıq Ələsgər sazı aldı, zilini zil, bəmini bəm, sinəsində müstəkəm еlədi, görək arvadını nеcə təriflədi: Ala gözlü, nazlı dilbər, Еlindən xəbərin varmı? Dörd bir yanın bağça, söyüd, Gülündən xəbərin varmı? Еlə ki, Aşıq Ələsgər sözün bu bəndini oxudu, Anaxanım iki dəfə “sağ ol!” dеdi. Aşıq Ələsgər gülümsündü: – Arvad, bu da olsun sənin tərifin. – A kişi, sözü yarımçıq qoymayacaqsan, ha! Hələ nə dеyibsən ki?! Qalanını dе! Aşıq Ələsgər gördü Anaxanım əl çəkmir, götürdü o biri bəndini: O zaman ki, gəldim sizə, Mayıl oldum qaşa, gözə, Zibilin çıxıbdı dizə, Külündən xəbərin varmı? – A kişi, dеyəsən axı, burasını yaxşı dеmədin? Zibil nə idi ortalığa qatdın?! – Arvad, söz düz gəlmirdi, ona görə еlə dеdim. – A kişi, sən Allah, sabah onun orasını düzəlt. Еl içinə çıxası dеyil… – Baş üstə! Sabah bir qayğanaq da bişirərsən, düzəldərəm. Ancaq gəlsənə daha dеmiyəm. Huşum yaxşı gətirmir, qorxuram yaxşı dеyə bilməyəm. – A kişi, qorxma dе. Amma bu dəfə yaxşı dе! Aşıq Ələsgər aldı o biri bəndini: O vədə ki gəlin oldun, Qabırğası qalın oldun, Qaynanana zalım oldun, Dilindən xəbərin varmı? Bu bəndi dеyəndə Anaxanımdan başqa hamı gülüşdü. Aşıq Ələsgər götürdü o biri bəndini: Daha düşübsən hənəkdən, Suyun qurtarıb sənəkdən, Məmən çıxıbdı köynəkdən, Tulundan xəbərin varmı? Bu bəndi dеyəndə yеnə bərk gülüşdülər. Anaxanım lap pərt oldu. Üst-başına baxanda gördü ki, uşağı əmizdirdikdən sonra köynəyinin yaxası açıq qalıb. Yaxasını düymələyəndən sonra acıqlı-acıqlı dilləndi: – Daha mən bu еvdə dura bilmərəm; kağızımı vеr (kəbin kağızını nəzərdə tutur), çıxıb gеdəcəm! Otuz ildir, sənə еv düzəldirəm, uşaq saxlayıram; Bu da mənim еvliliyimin əvəzi!.. Еvindən bir şеy də aparmaram; dədəm еvindən gətirdiyimi sabah bir ulağın bеlinə qoy, məni yola sal, gеdəcəm! Aşıq Ələsgər Anaxanımın xətrinə dəydiyini bilirdi. Amma onun bu sözlərini gеrçək hеsab еləmədi, aldı o biri bəndini: Ələsgərlə çəkmə dava, Ariflər baxsın hеsaba; Cеhizindir qırıq tava, Malından xəbərin varmı?! Sazını bir tərəfə qoyanda, Aşıq Ələsgər gördü ki, Anaxanımın halı hal dеyil. Dеdi: – Arvad, mən sənə dеdim ki, huşum gətirmir, razılaşmadın. Anaxanım dinib cavab da vеrmədi. Səhərisi küsüb dədəsi evinə getdi. Bir də aylar sonra qayıtdı.
Hacı Mirbağır Mirheydərzadə – Naxçıvan tarixşünaslığının unudulmaz siması Təəssüf ki, Azərbaycan tarixində böyük xidmətləri olan fədakar ölkəşünas Hacı Mirbağır Mirheydərzadə haqqında çox az məlumata sahibik. Halbuki o, Naxçıvanda ilk dövlət muzeyinin yaradılmasında mühüm rol oynamış, ziyalı və vətənpərvər bir şəxsiyyət kimi tariximizdə iz qoymuşdur. Mirbağır Mirheydərzadə 1877-ci ildə Ordubad rayonunun Nürgüt kəndində anadan olmuşdur. 1887-1896-cı illərdə Naxçıvan şəhər mədrəsəsində ilkin təhsilini almış, daha sonra 1899-cu ildə Təbriz ruhani məktəbində təhsilini uğurla başa vurmuşdur. Gənclik illəri çətin şəraitdə keçən Mirheydərzadə təhsilini başa vurduqdan sonra Naxçıvana qayıtsa da, uyğun iş tapa bilmədiyindən Tiflisə üz tutmuşdur. Burada o, inqilabi düşüncəli şəxslərlə tanış olmuş və onlarla daim ünsiyyətdə olmuşdur. 1917-1921-ci illərdə o, Naxçıvanda Eynəli bəy Sultanov, Hüseyn Cavid, Əziz Şərif, Behbud Şahtaxtinski, Əli Səbri Qasımov və başqa görkəmli ziyalılarla birgə fəaliyyət göstərmişdir. 1918-ci ildə erməni silahlı dəstələrinin Andronikin başçılığı ilə İrəvan-Naxçıvan-Culfa istiqamətində irəlilədiyi dövrdə, Xorazyants adlı şəxs Tiflisdən Naxçıvana göndərilmişdi. Onun məqsədi Culfa cəbbəxanasının silahlarını ələ keçirərək, silahlı qruplar formalaşdırmaq və Andronikin hücumlarını gücləndirmək idi. Bu arada Naxçıvanda yaradılan Erməni Milli Komitəsinin də əsas məqsədi yerli idarəetməni zəbt etmək və əhali arasında qorxu yaratmaq idi. Belə gərgin bir vaxtda, Mirbağır Mirheydərzadə yerli mübarizə yoldaşları ilə birlikdə dağınıq qüvvələri bir araya gətirərək ortaq düşmənə qarşı müqavimət təşkil etmişdir. Əgər bu cəhdlər olmasaydı, bölgənin taleyi daha faciəvi ola bilərdi. O dövrdə onun rəhbərlik etdiyi “Mücəddin” siyasi dərnəyi ziyalılar arasında böyük nüfuz qazanmışdı. Bu təşkilat Naxçıvanın gələcəyini Rusiyadan çox Türkiyə ilə birgə görürdü. Mirbağır Mirheydərzadə maarifçilik və mədəniyyət sahəsində fəal olmuş, tariximizin aydınlaşdırılması işinə ömrünün sonuna qədər töhfə vermişdir. O, Naxçıvanın tarixi abidələrinin, yer adlarının, arxeoloji tapıntıların və folklor nümunələrinin toplanması və araşdırılması ilə məşğul olmuşdur. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsində elmi katib kimi çalışmış, akademik Meşşaninov (1926), professor A. Müller (1927), Ə.Ələkbərov və Osman Həbibullayevin arxeoloji qazıntılarında fəal iştirak etmişdir. Əlyazmaları AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır. 1924-cü ildə təsis edilən Naxçıvan Dövlət Tarix Muzeyinin zənginləşməsində böyük rol oynayan “Tədqiq və Tətəbbö Cəmiyyəti” 1925-ci ildə yaradılmışdı. Cəmiyyətin sədri kimi Mirbağır Mirheydərzadə muzeyin inkişafına böyük əmək sərf etmişdir. Ağa Məhəmməd (Ərbab), Lətif Hüseynzadə, Z. Seyidov (Seyid Səbri), Hüseyn Cavidin böyük qardaşı Məhəmməd Rasizadə və başqaları da bu işdə fəallıq göstərmişlər. Muzeyin əsas fəaliyyəti 1926-1930-cu illərdə eksponat toplamaqdan ibarət olmuşdur. 1930-cu ildə Mirheydərzadə Naxçıvan MSSR Xalq Maarif Komissarlığının əmri ilə muzeyin direktoru təyin edilmişdir. Həmin dövrdə muzeyin adı “Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi”ndən “Naxçıvan Tarix-Diyarşünaslıq Muzeyi”nə dəyişdirilmişdir. O, 1944-cü ilə qədər bu vəzifədə çalışmışdır. Mirbağır Mirheydərzadənin ən mühüm işlərindən biri də epiqrafik abidələrin öyrənilməsi olmuşdur. 1928-ci ildə Qarabağlar türbəsindəki qoşa minarəli başdağın kitabəsində ərəb dilində yazılmış “Allahın bu nişanəsi türkman Quti xatındır” sözlərini oxumuşdur. Müsəlman kitabələri ilə bağlı çoxsaylı tədqiqatlar aparmışdır. O, həmçinin Şərq ədəbiyyatı, sufilik, təsəvvüf və hürufilik kimi mövzularla da dərindən maraqlanmış, milli folklorun ilk toplayıcılarından biri olmuşdur. Dil, elm və ictimai quruluşla bağlı yazıları da maraqlı araşdırmalar sırasındadır. Muzey direktoru kimi çalışdığı illərdə ədəbiyyat, mədəniyyət və tarix sahəsində mühüm tədbirlərin təşkilatçısı olmuşdur. Hacı Mirbağır Mirheydərzadə 80 illik ömründə xalqına və elmə xidmət etmiş, 10 yanvar 1956-cı ildə vəfat etmişdir. Onun haqqında ilk geniş məlumatları professor İbrahim Mollayev vermiş, daha sonra “Nuh yurdu” qəzetində alimin nəticəsi, tarixçi Şəhla Əliyeva maraqlı yazılar dərc etdirmişdir. Diqqətinizə çatdıraq ki, Mirheydərzadələr nəslinin kökü doqquzuncu məsum, yeddinci imam Museyi-Kazıma qədər gedib çıxır. Bu nəslin peyğəmbər soyuna mənsub olduğu 1890-cı ildə Qafqaz Şeyxülislamlığının rəsmi möhürü ilə təsdiq olunmuşdur… Qeyd: Məqalənin hazırlanmasında filologiya elmləri doktoru, dosent Fərman Xəlilovun “Fədakar ölkəşünas: Hacı Mirbağır Mirheydərzadə” adlı əsərindəki məlumatlardan istifadə olunmuşdur.
“Torpaq uğrunda ölən varsa, Vətən var”. Bəli, bu gün biz azad bir ölkədə rahat yaşayırıqsa, bunu şəhidlərimizə borcluyuq. Borcunu heç zaman ödəyə bilməyəcəyimiz insanlardan biri də Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya göz açan şəhidimiz Vüqar Mürsəlov Mirəzbər oğludur. O, 1993-cü il mart ayının 10-da ziyalı ailəsində anadan olmuşdur. Ailənin ikinci övladı idi Vüqar. İkinci olmasına baxmayaraq, hər zaman öz böyüklüyünü göstərirdi . Daxilən çox səmimi, mərd, ailəcanlı idi . Bütün müsbət keyfiyyətləri ilə sevilirdi. Vüqar Mürsəlov Göytəpə şəhərində 1 saylı orta məktəbə gedir. 1980-ci ildə həmin məktəbi bitirib, 67 saylı Bakı texniki peşə məktəbində təhsilini davam etdirir. Daha sonra isə Bakı Politexnik texnikumuna daxil olaraq əla qiymətlərlə təhsilini başa vurur. Artıq hərbi xidmətə yola düşmək zamanı gəlir. O, öz xidmətinə Belarusiyanın Brest şəhərində başlayır. Hərbi xidmətdə olduğu zaman da öz mərdliyi, cəldliyi və şücaətiylə seçilir. 1984 -cü ildə Vüqar Ordudan Qvardiya Baş Çavuşu və tankçı olaraq geri dönür. Və Göytəpə şəhərində ” Göytəpə Təmiri Zavodunda öz peşəsi üzrə işləməyə başlayır. Qara yellər əsməyə başlayırdı Vətənimizin üstündə. Torpaq sevgisi çəkib aparırdı oğulları cəbhəyə. Vüqar da dözə bilmirdi torpaqlarımızın işğal olunmasına. 1991-ci ildə Xüsusi Təyinatlı Polis dəstəsinə qəbul edilir və cəbhəyə yola salınır. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa , Ağdərə rayonlarının işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşür. Düşmən ordusuna ciddi itkilər verir .1992-ci Tərtər rayonunun Cəmilli kəndi ərazisində düşmənlə qızğın mübarizə gedir. Bu döyüşlərin birində ölümü deyil, yurdu sevgisini gözünə almış Vüqar qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikasının Prezidenti 1994-cü ildə Vüqar Mürsəlova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adını verir . Vüqar Mürsəlov Göytəpə şəhərinin ilk şəhidi idi . Qəhrəmanlıq nümunəsi idi gələcək nəsillərə. Tərtər rayonunda və Cəlilabad rayonunda adına küçə salınıb. Eləcə də təhsil aldığı 1 saylı orta məktəb də şahid Mürsəlov Vüqarın adınadır.
Səhərini günəşlə birgə açırdım, İşıqlarını bağrıma basırdım hər gecə, Üzüaşağı, uzüyuxarı ölçürdüm səni bina -bina , küçə -küçə. Sokakların udurdu addım səsimi, bir də kirpiklərimin kölğəsini. Yağışında islanırdı , küləyində sığallanırdı saçlarım, Dadını çıxarırdım bəxtəvərliyin. Havası qəhvə qoxulu, Səması qağayı sevdalı şəhər. İpək donlu, Yaşıl yaxalı , Dili dualı şəhər, Ürkək qız tək utancaq, Abırlı-həyalı şəhər . İstanbul! Səni dalğa -dalğa, ləpə -ləpə sevirəm, Dalanlarını , küçələrini , dağlarını , ormanlarını gözümə təpə -təpə sevirəm. Heç nədən yox, bircə unudulmaqdan qorxan şəhər, Çiynini qala divarlarına söykəyən, Tarixin qarşısına alnıaçıq , üzüağ çıxan şəhər. Bütün dünyanı başına yığan şəhər.. Səni Boğazdan seyr etmək var hələ .. Sularınla pıçıldaşmaq , dalaşmaq, Dalğalarla gözüdoyunca sevişmək , Dənizlə qucaqlaşmaq .. Bir də hay -küylü Taksimdə yorulunca dolaşmaq , Dolaşdıqca bütün dünyanı unutmaq, Unutduqca tanımadığın insanlara ürəkdolusu “Mərhaba” demək eşqi.. Sonra pay -piyada Eminönünə düşmək , Sərinləmək .. Balıq qoxan sahildə dayanıb gedən gəmilərə əl sallamaq həvəsi , Sonra növbə gözləmək , Sonra əlindəki smiti martılarla bölüşmək, Bölüşdükcə yüngülləşmək , Yüngülləşdikcə uçmaq, uçmaq.. Sonra da .. Sonra da yenə ayrılıq, Yenə xəyallar, Yenə təyyarə səsi, Yenə Xəzərin sahilində səninçün darıxmaq, darıxmaq..
******
Dağından qopan qartalın Qıyına yazığım gəlir. Naləsinə , harayına, Hayına yazığım gəlir.
Gedirik düzlə , yoxuşla, Yarı bəxt, yarı naxışla, İlahi , məni bağışla, Göyünə yazığım gəlir.
******
Gözlərindən eşq damırdı payıza, Qızınırdı sevdasında xəzəllər. Elə gözəl oxşayırdı könlümü O baxışlar , o sığallar , o əllər — Oyandım.
Heç bilmədim hara tutum üzümü, Hara getsəm həsrət məni izlədi. Baş götürüb nağıllara yol aldım, Gedəmmədim axıracan, dözmədim , Dayandım.
Var -gəl etdim payızla qış arası, Məni yordu bu kaşkilər , bəlkələr. Xəyallarım göy üzünə tələsdi, Bir mən oldum, bir də.. bir də kölgələr, Yubandım.
Tutammadım bir ümidin əlindən, Çiçək açmaq bu payıza yad imiş. Burda hər şey aldadırmış adamı, Burda hər şey ayrılığa ad imiş– İnandım.
******
Bu dolaşıq ömrümdə Yarımçıqdı nəyim var, (bircə göz yaşını çıx) –Kəsik -kəsik arzular, Qırıq-qırıq xəyallar, Dərə -təpə sevgilər, Dağ kimi ayrılıqlar. Vüsallar da natamam, Görüşlər də yarımçıq. Könlümün qapıları Bircə həsrətə açıq.. Ruhumda dəli sükut, Başımda qasırğalar, Çöldə ölüm havası.. ..Bu gün də gəlib keçdi, İçində payız rəngi, Bir də şənbə duası.. Bir ümid də yıxıldı Qaşla gözün arası..