
YAMAN OLUR YURD İTKİSİ
Bir neçə gün əvvəl yola çıxıb, mənzil başına vaxtında çatmaq üçün bir taksiyə əyləşdim. Salamımı nəzakətlə alan sürücü Qərbi Azərbaycan İcmasına getdiyimi biləndə mənimlə həmsöhbət oldu. Xəbər aldı ki, orada işləyirsiniz? Yox, – dedim, İcmada bir nəfərlə görüşməliyəm. Sürücüdən ikinci sual gəldi:
– Siz də Qərbi Azərbaycandansınız?
– Bəli, köküm İrəvandandır, valideynlərim 1950-ci ildə “könüllü köçürülmə” siyasətilə ilan mələyən Mil düzünə, Beyləqana gəliblər.
Onun növbəti sualı bu gün bəlkə də yerindən-yurdundan didərgin olan bütün Qərbi Azərbaycanlıların ürəyini göynədən həsrətin açıq-aşkar ifadəsiydi:
– Görəsən, yurdumuza qayıda biləcəyikmi? Televizorda bu barədə elə hey danışırlar, kəndlərimizi göstərirlər, doğma yurd yerlərimizi görəndə gözlərim dolur. Amma nə vaxtsa elimizə qayıdacağıma heç inanmağım gəlmir…
– Nahaq inanmırsan. Çoxumuz Qarabağımızın, ona bitişik yeddi rayonumuzun, ələlxüsus da Şuşanın, Xankəndinin, Xocalının erməni tapdağından azad olacağına inanmırdıq. Bayraqlarımızın o yerlərdə dalğalanacağını ağlımıza belə gətirmirdik. Şükürlər olsun ki Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun sücaəti, igid oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu… Biz mütləq Qərbi Azərbaycana da qayıdacağıq. Bu məsələ nə vaxtdır beynəlxalq müstəvidə ən aktual mövzu olaraq müzakirə edilir…
Sürücü susdu, amma hiss etdim ki, dediklərim illərdir doğma yurduna həsrət qalmış bu insanda azacıq da olsa, ümid yaratdı və bu inamın işığında xəyallara daldı. Handan-hana araya çökmüş sükutu da elə özü pozdu…
Sürücü bildirdi ki, o da Qərbi Azərbaycandandır, özü də Ləmbəlidən. Mənə yurdundan, tərcümeyi-halından danışdı. Altmış yaşlı Yaqubun səsindəki kədər, həsrət, nisgil qəlbimi üşütdü:
– 36 ildir ki, gözüm yollardan yığılmır. Yuxularımda elə hey Ləmbəliyə, evimizə sarı yol gedirəm, gedirəm, amma çata bilmirəm. Və qəflətən ayılıram… Allah baisin evini yıxsın, oturmuşduq allı-güllü yurdumuzda. Meyvəçiliklə məşğul olurduq. Bağlarda elə dadlı, ətirli şaftalı yetişdirirdik ki, yedikcə dadından doymaq olmurdu. Yalan olmasın, 2-si, 3-ü bir kilo gəlirdi. Hələ almanı, armudu demirəm. Sərin bulaqlarımız, Çubuqlu kimi yaylağımız vardı. Camaatımız çox qoçaq, qürurluydu. İnandığımız haqqı, ermənilər bizdən çəkinirdilər. Öz qaydalarımızla yaşayırdıq. Hə, meyvə bağlarımızın arasında qonaqların dincəlməsi üçün böyük, yaraşıqlı besetka vardı. Meyvələrin yetişən vaxtı Ermənistanın o vaxtkı I katibi Dəmirçiyan şaftalıdan ötrü bu bağlara gələrdi, ağacların arasında gəzər, özü budaqdan şaftalı dərib yeyərdi. Gedəndə də iri səbəti meyvəcatla doldurub maşınına qoyardılar. Burunlarından gəlsin əməyimiz..
Yaqub kişi köksünü ötürdü, deyəsən, bütün ruhuyla Ləmbəlidəydi, həyətində, bağında gəzirdi…
– Deyirəm, görəsən indi barından budaqları torpağı öpən o meyvə bağlarımız dururmu, bulaqlarımızın dişgöynədən suyu yenə də şırıltıyla axırmı… Növrağımızı pozdular, bizi ağacı dibindən qoparan təki yurdumuzdan çıxarıb qovdular…
Ürəyimdə deyirdim, eh, Yaqub qardaş, bu hisslər mənə elə tanışdı ki! Yurd itkisinin acısı valideynlərimin qanından, canından keçmişdi yaddaşıma. Əzab-əziyyətlə özlərinə çiy kərpicdən ikimərtəbəli ev tikdirən ata-anam rayonda oturuşub, müəllim kimi elin hörmətini qazansalar da yurd itkisinin nisgili həyatları boyu gözlərindən çəkilmədi. Anam deyirdi, yatanda da üzümü Ləlvər dağımıza sarı çevirirəm ki, yuxumdasa yaylağımızı, Qarabulaq meşəsini gəzim…
Allahdan möhlət istəyirəm ki, Qərbi Azərbaycana ləyaqətli qayıdışımızda ata yurdum İrəvana, anamın doğulduğu Allahverdi rayonunun Böyük Ayrım kəndinə gedə bilim. Ata-baba torpağımızı ayaqlarım tutunca gəzim, görüm, bu ziyarətimlə Beyləqanda uyuyan valideynlərimin ruhunu şad edim…
Mənzilbaşına çataçatda Yaqub qardaşdan xəbər aldım:
– Dədə-baba yurdumuza, qədim torpaqlarımıza dönüşümüzdə Ləmbəliyə qayıdacaqsanmı?
Səsindəki həsrətin odu elə bil üzümü qarsdı:
– Hələ bir soruşursan da! Qayıdaram nədi? Dizin-dizin sürünüb gedərəm. Torpağımı, bağımızdakı ağacları bir-bir öpərəm. O gün gəlsin, həyətimdə gözü qara, dizi qara bir qoç da qurban kəsəcəm…
Xudahafizləşdim:
– İnşallah, Ləmbəlidə görüşənədək!
Bu, mənim Yaqub kişi ilə ötənilki söhbətimdən qalan bir xatirə yazısıdır. Bu bir ildə nə qədər sular axdı, qabağını kəsən daşı-kəsəyi, kol-kosu yuyub apardı… sular duruldu. İndi dünyanın tarixi, mənəvi yaddaşında bir oyanış, tərpəniş yaranıb. Dillərdə “Sülh” kəlməsi dolaşır. Bütün xalqlar müharibədən, didərginlikdən bezib, öz torpaqlarında rahat yaşamaq istəyir. Nə xoş ki Qərbi Azərbaycana qayıdış məsələsi Beynəlxal müstəviyə gətirilib. Soydaşlarımız 1988-ci ildən üzü bəri dədə-baba torpağına qayıtmağın intizarındadır.
Nəhayət, Azərbaycanla Ermənistan arasında bağlanacaq sülhün astanasındayıq. 8 avqust 2025-ci ildə ABŞ-ın köməkliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh memorandumu imzalandı. Düşünürəm ki, bu sülh müqaviləsi yaxın vaxtlarda həyata keçəcək. İndi biz qədim Oğuz yurdlarımızdan olan Qərbi Azərbaycan torpağının astanasındayıq…
Ləmbəli elinin övladı, Yaqub kişi, yəqin Sülh söhbəti meydana gələndən sənin də sis-duman içində itən ümidlərin yenidən göyərməyə başlayıb. Hazırlaş, eloğlu, elinə, yurduna, kəndinə qayıdacaqsan…
Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist











