ŞƏHİD MAYORUN ADINA SİNİF

ŞƏHİD MAYORUN ADINA SİNİF

Xətai rayonu 263 saylı tam orta məktəbin 1 “A” sinfinə şəhid mayor Vüsal Vəliyevin adı verilməsi münasibətilə bağlı tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan 1“A” sinfinin rəhbəri Gülbəs xanım qonaqları salamlayaraq bildirib ki, böyüyən uşaqların və yeniyetmələrin milli ruhda formalaşması hər bir pedaqoqun müqəddəs vəzifəsidir. Bakı şəhəri 263 saylı məktəbdə də şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunur və qəhrəman şəhidlərin xatirəsi daim uca tutulur.

Sonra mayor Vüsal Vəliyevin həyatı və döyüş yolu haqqında məlumat verilib. Mayor Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Lisey və Ali Hərbi Məktəbdə təhsil alıb, 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib. 2009-cu ildən Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Murovdağ istiqamətlərində müxtəlif komandir vəzifələrində xidmət edib və mayor rütbəsinədək yüksəlib. 44 günlük Vətən müharibəsində həmlə taborunun komandiri kimi Murovdağdan Şuşayadək döyüş yolu keçib. 9 noyabr 2020-ci ildə Şuşa döyüşlərində şəhid olub və Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Vüsal Vəliyevin xatirəsinə “Səs” tamaşası səhnələşdirilib, “Qisas 44” və “Vüsalın dastanı” kitabları çap olunub. Doğulduğu Dizə kəndində “Şəhid Vüsal bulağı” abidə-kompleksi və ev muzeyi yaradılıb, bir çox məktəb siniflərinə və hərbi posta onun adı verilib.

Məktəbin direktoru Nurqələm xanım rəhbərlik etdiyi təhsil ocağının vaxtilə burada oxumuş, sonradan doğma torpaqların azadlığı uğrunda canını fəda etmiş A.Xəlilovun adını daşımasını böyük qürur hissi ilə vurğulayaraq, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərə ayrıca guşə ayrıldığını diqqətə çatdırıb. O bildirib ki, 1 “A” sinfinin şəhid mayor Vüsal Vəliyevin adının verilməsi də müəllim və şagird kollektivi üçün həm məsuliyyət, həm də fəxr mənbəyidir. Nurqələm xanım çıxışında qeyd edib ki, mayor Vüsal Vəliyevin Vətən müharibəsində göstərdiyi şücaət, vətən sevgisi və döyüş əzmi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Onun şərəfli həyat yolu və qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub, həmçinin şagirdlərin hazırladıqları təsirli səhnəciklər nümayiş etdirilib. Çıxışlar və təqdimatlar tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Çıxış edən şəhid qardaşı Şahin Məmmədov, Qarabağ müharibəsi veteranı, polkovnik şair Mahir Cavadlı şəhidlərin adını daim uca tutan, onların xatirəsini yaşadan və belə möhtəşəm tədbiri ərsəyə gətirən hər kəsə təşəkkürünü bildirib.

Şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyevə verilib. O, ailəsi adından çıxış edərək qardaşının xatirəsinə göstərilən yüksək ehtirama görə məktəbin direktoru Nurqələm xanıma, tədbirin təşkilatçıları Gülbəs xanıma, UBTR Aynur xanıma, 1 “A” sinfinin şagirdlərinə, valideyn komitəsinin rəhbəri Zəkirə xanıma və tədbirin təşkilində əməyi olan bütün valideynlərə dərin minnətdarlığını bildirib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar məktəbdə yaradılmış “Şəhidlər lövhəsi”ni ziyarət edib, qəhrəmanların adını daşıyan sinif otaqlarına baxış keçiriblər. Sonda tədbir iştirakçıları bu unudulmaz gündən xatirə şəkilləri çəkdiriblər.

Mahir CAVADLI,

AMEA Folklor Institutu

Gövhər Cəfər (2000)

Gövhər Cəfər

Cəfərova Gövhər Arif qızı 16 avqust 2000-ci il tarixində Şamaxı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri Suraxanı rayonu 327 nömrəli tam orta məktəbdə almışdır. 2017-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil olmuş, 2021-ci ildə bitirmişdir. 2021- 2023-cü illər ərzində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə oxuyub bitirmişdir.
2023-cü ildə Bakı şəhəri Xəzər rayonu 262 nömrəli tam orta məktəbdə, 2024-cü ildə Bakı şəhər Xəzər rayonu 324 nömrəli tam orta məktəbdə müddətli olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləmişdir. 2025-ci ildən isə Bakı şəhəri Xəzər rayonu 256 nömrəli tam orta məktəbdə müddətsiz əsaslarla müəllim vəzifəsində çalışır.
Kiçik yaşlarından etibarən hekayələr, romanlar, dram əsərlərinə olan marağı onun ilk qələm təcrübəsinin yaranmağına səbəb oldu. 2025-ci ildə ilk əsəri “Həyatın oyunu”romanını yazdı. 2026-cı ildə romantik-psixoloji mövzulu bu romanı nəşr olundu.
Gənc yazıçı belə deyir: ” Əsər yazmaqla şeir yazmaq tamamilə fərqli duyğular bəxş edir. Özüm də şeirlər yazsam da, əsər yazmaq, o duyğuları ətraflı şəkildə oxuculara çatdırmaq məni daha rahat hiss etdirir. Çünki şeir anlıq bir partlayışdır, qəfildən gələn və insanı sarsıdan bir duyğu selidir. Amma əsər (roman) yazmaq mənə o duyğunun içində yaşamaq, hər bir xarakterin ruhuna toxunmaq imkanı verir. Şeirdə misralara sığışdıra bilmədiyim o böyük dünyanı, romanda sətir-sətir, obraz-obraz böyüdürəm. Bu, təkcə yazmaq deyil, həm də öz daxili fırtınalarıma geniş bir sığınacaq tapmaqdır.”
“Şeir oxucuya bir anlıq hiss bəxş edir, amma böyük bir nəsr əsəri onu tamamilə başqa bir aləmə aparır. Mən istəyirəm ki, oxucu qəhrəmanlarımla birlikdə sevsin, onlarla birlikdə kədərlənsin və eyni suallara cavab axtarsın. Duyğuları tələsmədən, bütün rəngləri və çalarları ilə bədii şəkildə işləmək, oxucunun qəlbinə gedən o uzun və incə yolu kəşf etmək mənə böyük bir mənəvi zövq verir.”

Məlumatı hazırladı: Bahar Bəxtiyarqızı

Bahar Bəxtiyarqıznın yazıları

Gövhər Cəfərin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Namiq Müslümov – Ağla, tarım

Namiq Müslümovun yazıları

Ağla, tarım
(hekayə)

Hava artıq qaralmışdı. Nübar tarın yanıqlı səsinə gözlərini açdı. Hər şey ona bulanıq görünürdü. Baxışları tavanda, divarlarda dolaşıb nəhayət başı üstündə dayanmış ağ xalatlı qızın üzündə dayandı. Pıçıltılı səslə: “Mən hardayam, bura haradı?”- deyə soruşdu. Qız gülümsədi:
– Siz xəstəxanadasınız. Narahat olmayın. Hər şey yaxşıdır.
– Bəs bu tar səsi hardan gəlir?
– Həkimin məsləhəti ilə qoymuşuq. Səni dünən gətiriblər. Elə hey “Ağla, tarım… ağla, tarım…” deyirdin. Həkim də valideynlərindən bir maqnitofon, bir də tar ifası olan kaset istədi.
– Anamgil hardadır bəs?
– Çöldədirlər. İndi çağıraram.
Bunu deyib ağ xalatlı qız otaqdan çıxdı. O, yenidən gözlərini yumdu və xatirələrin qoynuna sığındı…

Bakıya gəldikləri 10 ay olardı. Çox ağır günlər keçirmişdilər. Ermənilərin qəfil hücumu onları hazırlıqsız yaxalamışdı. Doğma el-obalarından ayaqyalın, başı açıq didərgin düşən camaat ölkənin müxtəlif rayon və şəhərlərinə səpələnmişdi. Atası ilə dayısı da özünümüdafiə batalyonunda döyüşmüş, dayısı şəhid olmuş, atası isə yaralandığı üçün tərxis olunmuşdu.
Əvvəlcə aran rayonlarından birində bir neçə həftə qalmışdılar. Dolanışıq olmadığından Bakıya üz tutmuşdular.
Bakını ilk dəfədir görürdü. Geniş küçələrdən keçib, darısqal, nahamar yollarla Papaninə – qalacaqları yerə çatanda əvvəl elə bilmişdi ki, bura Bakı deyil. Hər tərəf bir-birinə qısılıb qalmış bir mərtəbəli kiçik evlərdən ibarət idi. Üfunət qoxusu ətrafa yayılmışdı. Maşından düşüb ensiz qapıdan kiçik həyətə girdilər. Bura atasının əmisi oğlunun idi. Özləri Rusiyada yaşadıqları üçün kirayəyə verirdilər evi. Yay tətili olduğu üçün kirayəçi də çıxmışdı. Həyətdə ayaqyolu, hamam, bir də küncdə qaz sobası, yanında da kiçik masa vardı. Bəlli ki, bura evin mətbəxi idi. Qaz sobasının yanındakı qapıdan evə daxil oldular. Mənzil iç-içə 2 otaqdan ibarət idi. Divarlar kiflənmiş, bəzi yerlərdə yapışdırılan kağızlar qopmuşdu. İçəridən də kəskin rütubət qoxusu gəlirdi. Nübar kənddəki evlərini xatırladı; geniş həyətləri, hündür, işıqlı 4 otaqlı evləri var idi. Tövlələri belə bu mənzildən daha geniş, daha işıqlı idi. Atasının “Burda qalacağıq” deməsi onu xəyallardan ayırdı. Anası yarızarafat, yarıincik şəkildə söyləndi:
– Ay Səttar, sən Allah, buralar nə gündədir? Necə yaşayırlar burda? Sonra da kəndə gələndi fors edirlər ki, biz Bakıdan gəlmişik.
– Neynək, ay Gülsüm? Elə bilirsən mənim xoşuma gəlir? Məcburuq da, çöldə qalası deyilik ki… Yenə sağ olsun əmioğlu. Dedi, özünüzü toparlayana qədər qalın, pul zad da lazım deyil.
– Sağ olsun. Allah ermənilərin də bəlasını versin.
Tezliklə atası da, anası da tikiş fabrikində işə düzəldi. Nübar bu il 11-ci sinfi bitirmişdi. 10 və 12 yaşlarında iki qardaşı da var idi. Valideyinləri səhər işə gedir, Nübar ev-eşiyi təmizləyir, yemək bişirir, hərdən də küçəyə çıxıb qardaşlarına nəzarət edirdi. Günləri belə keçirdi. Artıq bu həyata öyrəşirdilər.
Sentyabr ayı gəlmişdi. Qardaşları yaxınlıqdakı məktəbə gedirdilər. Onları məktəbə aparıb gətirməyi valideynləri Nübara tapşırmışdı. O da qardaşlarını səhər məktəbə aparar, günorta yenidən gedib gətirərdi. Sonra da ev işləri görər, qardaşlarına dərslərində kömək edərdi. Axşam da valideyinləri gəldikdən sonra birlikdə yeməklərini yeyər, bir az söhbət etdikdən sonra yatardılar.
Son günlər axşam düşəndə hardansa tar səsi yüksəlirdi. Kim idisə, elə kövrək və ustalıqla çalırdı ki, insanın ruhuna işləyirdi. Nübar da yatağına uzanandan sonra bir müddət o səsi dinləyər, tarın həzin ahəngi altında yavaş-yavaş yuxuya gedərdi.
Nübar qardaşlarını səhər məktəbə aparanda bir oğlan da onlarla eyni vaxtda yola çıxar, arxalarınca dayanacağa qədər gələrdi. Qızın diqqətindən yayınmayan bu oğlan əvvəllər ona bir az şübhəli gəlsə də, sonradan onun qonşuluqda yaşadığını bilib rahatlaşmışdı.
Günlərin birində Nübar qardaşlarını məktəbə qoyub təzəcə aralanmışdı ki, həmin oğlanı gördü. Öz-özünə düşündü ki, nə əcəb burdadır. Axı o hər gün dayanacağa qədər gələr, ordan da avtobusa minib gedərdi. Yanından keçəndə oğlan çəkinə-çəkinə, “Salam. Bir dəqiqə olar sizi?” dedi. Nübar bir anlıq duruxub qaldı, nə deyəcəyini bilmədən oğlanın üzünə baxdı. Oğlan udquna-udquna sözə başladı:
– Çox üzr istəyirəm. Məni tanıyırsız yəqin ki. Qonşuluqda qalıram. Adım Səməddir. Siz Allah, narahat etdimsə, bağışlayın. Neçə vaxtdır sizi görürəm, qardaşlarınızı məktəbə aparırsız deyəsən. Adınızı bilmək olar?
Nübar donub qalmışdı. Ürəyi şiddətlə döyünürdü. Gözləri oğlanın mavi gözlərinə sataşanda ürək döyüntüləri bir az da artmağa başladı və üzündəki istilikdən hiss etdi ki, yanaqları qızarıb. Tez başını yerə dikərək cavab verdi:
– Nübar.
– Çox şad oldum. Çox sağ olun. Bir daha üzr istəyirəm. Neçə gündür sizə yaxınlaşmaq, tanış olmaq istəyirdim, ancaq cürət eləmirdim. Siz çox gözəlsiniz və mənim xoşuma gəlirsiz. Mən də sizin qonşuluqda kirayədə qalıram. İncəsənət İnistitutunda, 3-cü kursda oxuyuram. Özüm də Göyçaydanam.
Oğlanın həyəcanla, birnəfəsə söylədiklərinə Nübar bilmirdi ki, nə cavab versin. Özü də çox həyəcanlanmışdı. Sanki ağzını açsa, ürəyi çölə çıxacaqdı. Dərin bir nəfəs alıb; – mən də çox şad oldum, dedi və yavaş-yavaş addımlamağa başladı. Səməd sözünə davam elədi:
– İcazə verirsiz, heç olmasa dayanacağa qədər söhbət edə-edə gedək?
– Olar.
– Çox sağ olun. Ordan sonra yolun o biri tərəfinə keçərəm. Bu gün sizinlə danışmaq üçün birinci dərsə girmədim.
– Dediniz, incəsənətdə oxuyuram. Nə üzrə oxuyursuz?
– Musiqi sənəti fakültəsində, tar sinfində.
– Axşamlar tar səsi gəlir. İfa edən sizsiniz?
– Bəli. Dərs tapşırıqlarını öyrənirəm. Sizi narahat eləmir ki, səs?
– Yox. Əksinə, çox gözəldir. Hətta bəzən mahnılar yarımçıq qalanda öz-özümə deyirəm, kaş axıra qədər ifa edərdi.
– Bəyəndiyinizə sevindim. Hansı mahnını xoşlayırsız? Sizin üçün ifa edim hər gün.
Nübar hiss etdi ki, yanaqları yenə qızardı. Utana-utana cavab verdi:
– Fərqi yoxdur. Özünüz hansını istəsəniz.
– Yenə də…
– Biz Qarabağlıyıq. Babamgilin evində də tar var idi. Babam özü toylara gedib o vaxtlar. Ona görə tarı, kamanı, muğamı çox sevirəm. Kəndimizi xatırladır. Hətta bəzən sizin ifanız ağladır məni.
– Aaa… Çox üzr istəyirəm. Bunu düşünməmişdim. Bir də ifa etmərəm.
– Yox, yox… O mənada demədim. Əksinə çox xoş olur. Ağlasam da, ruhum sakitləşir sanki. Həm də həmişə ağlamıram ki.
Nübar bunu deyib dayandı və Səmədin üzünə baxıb gülümsəyərək, “dayanacağa çatdıq,” – dedi. Səməd: “Çox sağ olun, Nübar xanım. Çox şad oldum sizi tanımağıma. Hələlik.” dedi və ondan ayrılıb yolun digər tərəfinə keçdi. O axşam Səməd tarda Qarabağ şikəstəsini elə ifa etdi ki, Nübar ömründə bu qədər təsirlənməmişdi.
Növbəti gün Səməd səhər-səhər Nübarı məktəb yaxınlığında gözləməyə başladı. Bu dəfə bir saata yaxın söhbət elədilər. Daha sonra Səməd avtobusa minib dərsə getdi.
Günlər keçdikcə Nübar Səməd üçün darıxır, onu görməyə can atırdı. Bir dəfə də Səməd onu dənizkənarı bulvara aparmışdı. Bulvarı ilk dəfə idi görürdü. Hələ üstəlik Səməd onun əlindən də tutmuşdu. Sevinci həyəcana qarışmış, özünü xoşbəxt hiss etmişdi. O gündən sonra görüşəndə əl-ələ tutub gəzirdilər. Ancaq yenə də dayanacaqdan sonra Səməd yolun digər tərəfinə keçirdi. Nübar Səməddən nə qədər ayrılmaq istəməsə də, qonuşuların görməsindən çox qorxurdu. Dayanacaq onların həm “birləşmə”, həm də “ayrılma” nöqtələri idi.
Beləcə bir neçə ay keçdi. Artıq havalar soyumuş, qış qapıya dirənmişdi. Məktəblər qış tətilinə çıxdığı üçün Nübar evdən çıxa bilmirdi. Ona görə Səmədi görmürdü. Ondan otrü çox darıxmışdı, dərslərin bir an öncə başlamasını istəyirdi. Axşamlar Səmədin tarının səsindən təskinlik tapırdı. On günlük tətil Nübara 10 il kimi gəldi. Nəhayət, yanvar ayında orta məktəblərdə dərslər başladı. İnstitutlarda isə fevralda başlayacaqdı. Səməd də dərsə getmir, imtahanlara hazırlaşırdı. Ona görə bir yerdə çox vaxt keçirirdilər. Demək olar hər gün səhərdən günortaya kimi gəzir, gülüb-əylənirdilər. Nübar Bakının bir çox gəzməli, görməli yerlərində olmuşdu. Bakı onun üçün doğma şəhərə çevrilmişdi, çünki burda sevdiyini tapmışdı. Səməd də Bakıda yaşamaq istədiyini demişdi. Çox gözəl tar ifaçısı olduğu üçün müəllimləri ona rayona getməməyi, burda qalıb yaradıcılıqla məşğul olmağı tövsiyə etmiş, “Sən Azərbaycan musiqisinə, mədəniyyətinə böyük töhfələr verə bilərsən, biz səndə bu potensialı görürük,” demişdilər. Nübar ilə Səməd əl-ələ tutub Bakı küçələrində gəzərkən xəyallarında hər küçədən bir “ev alırdılar”.
Bir gün yenə Nübar Səmədlə məktəbə, qardaşalarını götürməyə gəlirdi. Artıq neçə vaxtdır ki, Səməd Nübarı məktəbin yanına qədər gətirər, sonra kənara çəkilib gözləyər, Nübar qardaşlarını götürdükdən sonra onların arxasınca evə gedərdi. Nübar birdən əlini çəkdi. Səməd, “nə oldu?” dedikdə, bir kəlmə, “anam” söylədi. Nübarın anası məktəbin qapısının yanında durmuşdu və onlara tərəf baxırdı. Səməd addımını yavaşlatdı və ağacın arxasına keçdi. Nübar yaxınlaşıb “Nə olub, ana, sən xeyir ola burda?” dedikdə, anası qəzəblə soruşdu:
– Hardan gəlirsən?
– Evdən…
– Yalan deyirsən. Evdən gələn mənəm. Evdə yox idin. Uşaqları məktəbə aparandan çıxmısan evdən. Haralardaydın?
– Axı nə olub? Nəsə baş verib? Yoxsa atama nəsə olub?
– Sən yaxşı bilirsən nə olub. Burda camaat var. Evə gedək, nə olduğunu sən deyərsən. Bir bu qalmışdı…
Nübar başını aşağı dikdi. Pərt olmuşdu.
Sən demə qonşulardan kimsə gəncləri görmüş və Nübarın anasına demişdi. Anası da həmin gün qızını yoxlamaq üçün işdən icazə alıb gəlmişdi. Nübar evdə deyildi. Anası məktəbə gedib qızını orada gözləməyi qərarlaşdırmışdı. Bir müddət sonra qızını oğlanla əl-ələ görən ana bərk əsəbləşmişdi.
Evə girər-girməz anası Nübarın qolundan tutub o biri otağa apararaq qəzəblə soruşdu:
– Hardaydın?
– …
– Səndən söz soruşmuram? Hardaydın? O oğlan kim idi?
– …
– Niyə dillənmirsən? Utanmırsan? Biz səhərdən axşamadək qul kimi işləyirik. Evi, uşaqları qoyub gedirik ki, böyük, ağıllı qızımız var. Biz olmayanda qardaşlarına sahib çıxacaq, evi çəkib-çevirəcək. Sən demə qızımız özü sahibsiz qalıb, yolunu azıb. Kimdir o gədə? Nəsə olub aranızda? Cavab ver!
– Yoox. Nə olacaq ki?
– Nə bilim? Sən bilərsən. Nəsə olubsa mənə de.
– Heç nə olmayıb, ay ana. Sadəcə 1-2 dəfə şəhərə çıxmışıq.
– Utanmırsan? İki gün deyil Bakıya gəlmisən, əl-ələ tutub gəzirsən. Nə tez tapdın? Hardan tapdın?
– Ana, mən onu sevirəm.
– Qələt edirsən sən! Tanıyırsan onu? Dədəsin kimdir, nənəsi kimdir, bilirsən? Özbaşınasan sən? Səni Qurbangil oğluna istəyirlər. Ona verəcəyik.
– Qurban kimdir? Nə Qurban?
– Bu evin sahibi. Atanın əmisi oğlu. Moskvada yaşayırlar, imkanları da yaxşıdır. Bu ev də oğlunundur.
– Ana, mən onu tanımıram, görməmişəm. Necə yəni səni veririk Qurbanın oğluna?
– Sənin görüb-görməməyin vacib deyil. Görüb neyniyəcəksən ki? Budur e, gördün… Tanımadığın, bilmədiyin birinin əlindən tutub küçələrdə veyillənirsən. Hələ qoy atan gəlsin… Sən elə bilirsən biz boş yerə burda pulsuz qalırıq? İndiki zəmanədə kim kimə evini müftə verər?
– Ana, qurban olum, demə atama. Axı mən pis bir iş tutmamışam. Sevmişəm də…
Nübar ağlaya-ağlaya anasının əllərindən tutdu. Anası qızının bu halını görüb, bir az yumşaldı. Əslində qızına çox inanırdı. Bu günə kimi bir sözünü iki eləməmişdi. Evin biş-düşündə, yır-yığışında kiçik yaşlarından anasına kömək edərdi. Çox ağıllı, səliqəli və tərbiyəli qız idi Nübar. Amma bura da şəhər yeridir. İnsanları tanımaq olmur. Kənddən gəlmiş saf qız uşağını aldadıb yoldan çıxarmağa nə var? Qızının göz yaşını silə-silə dedi:
– Bax, qızım. Bura şəhər yeridir. İnsanlar bir-birini tanımır. Sənin kimi saf qızları yoldan çıxaran o qədər biqeyrət var ki. Mənim ağıllı balam, özün görmədin, bu neçə ayda biz nə qədər zülüm çəkdik? O boyda ev-eşiyimiz, həyət-bacamız, mal-qaramız qaldı orda. Atan da, mən də gecəmizi gündüzümüzə qatırıq ki, balalarımız korluq çəkməsin, ac qalmasınlar. Kimsə bizim qapımızı döyüb, bir loxma çörək verib bu günə qədər? Əgər aranızda heç nə olmayıbsa, atana bir söz demərəm. Bir səhvdir, eləmisən. Bir daha da eləməzsən, keçib gedər. 1-2 aya Qurbangil elçi gələcəklər. Yəqin ki, yaya da toyunuz olar. Sağ olsunlar, cehiz-zad da istəmirlər. Oğlan səni götürüb aparacaq Moskvaya. Biz də görək neyniyirik. Qardaşların da məktəbi oxuyub qurtarsınlar. Əsas onların təhsilidi. Biz də ağ günə çıxarıq İnşallah.
– Ana… Axı mən Qurban əminin oğlunu tanımıram, görməmişəm, heç adını da bilmirəm… Səməd pis oğlan deyil, ana. Göyçaydandır, institutda oxuyur, özü də Bakıda qalmaq istəyir.
– Ceyhundur Qurbanın oğlunun adı… Qızım, mən demirəm Səməd pis oğlandır, ya yaxşı oğlandır. Amma sən uşaqsan hələ. Çox şeyi dərk eləmirsən. Qurban əmingili mən tanıyıram. Özü də, yoldaşı da çox yaxşı adamlardır. Belə ata-anası olan oğlan da əlbət yaxşı olar. Bir də ki, indi çox pis zəmanədir, qızım. İnsanlar güclə özlərinə çörək pulu tapırlar. Yaşamaq üçün, ailə saxlamaq üçün tək sevgi kifayət eləmir. İndi 3-5 gün göz yaşı tökəcəksən, amma gün gələcək mənim haqlı olduğunu görəcəksən. Onda deyəcəksən ki, anam düz deyirmiş. Mən səni düşünüb deyirəm. Elə eləmə ki, atana deyim. Bir daha bu söhbətə qayıtmayaq. Səməddir, nədir, o oğlanla görüşməyəcəksən!
Nübar heç nə deyə bilmədi. Atasının, anasının nə qədər zülm çəkdiklərini görürdü, dərk edirdi. Bir anda evsiz-eşiksiz, pulsuz-parasız qalıb, çöllərə düşən ailəsi üçün atasının nə qədər əziyyət çəkdiyini bilirdi. Neçə dəfə evdə ailəliklə yemək yeyərkən atasının “mən toxam, çöldə yemişəm” deyib, sual dolu baxışlarla baxan anasınin qulağına “qoy uşaqlar doysun” pıçıldamasını eşitmişdi. Belə atanı necə incidə bilərdi? Axı Qurban əmigil onlara evlərini vermişdilər. Ən azından kirayə pulu vermirdilər. Ata-anasının maaşı yeməklərinə güclə çatırdı. Digər tərəfdən də Səmədi düşünürdü. Axı onun yanında çox xoşbəxt olurdu. Bütün dərdini unudurdu sevdiyi oğlanın mavi gözlərinə baxdıqca. Çox çarəsiz idi. Elə bil onu görünməz bir uçurumun kənarına sıxışdırmışdılar. Düşünürdü ki, indi susub özünü fəda etməlidir, təki ailəsi pərişan olmasın. Bu fikir içini didib-parçaladı. Üzü üstə yatağa uzanıb hönkür-hönkür ağladı.
Martın 8-i idi. Nübargilin evində canlanma vardı. Bu gün ona elçi gələcəkdi. Eıçilik deyəndə ki, əslində böyüklər öz aralarında söz kəsmişdilər. Bu gün üzük gətirəcək, elçiliyi bir növ rəsmiləşdirəcəkdilər. Qurbangil bir neçə gün idi ki, Bakıya gəlmişdilər. Hələlik başqa qohumlarıgildə qalırdılar. Hamının üzündə sevinc var idi, bircə Nübardan başqa. Hər gün Səmədi düşünürdü. Anasının sözündən sonra Səməddən ayrılmışdı. Onu da sözlə deyə bilməmişdi. Uzun-uzadı məktub yazıb, Səmədi görən kimi ona verib qaçmışdı. Ondan sonra da bir daha görməmişdi oğlanı. Bu Nübarın işini bir az rahatlaşdırsa da, qəlbində böyük nigarançılıq yaratmışdı. “Görəsən Səməd hardadır indi?” sualı içini gəmirirdi. O gündən tar səsi də gəlmirdi. Bilirdi ki, Səməd imtahanlardan sonra 15-20 günıük rayona gedəcəkdi. İndiyədək isə çoxdan qayıtmalı idi. Amma heç qarşılaşmamışdı onunla. “Bəlkə də evini dəyişib…”, “Bəlkə də heç Səməd sevmirmiş məni…”, “Bəlkə elə anam deyən kimi imiş, yoldan çıxarmaq istəyirmiş məni…”. Suallar beynini yorur, cavabını isə tapa bilmirdi. Bildiyi tək bir şey var idi; Səməd üçün çox darıxmışdı. Anası dediyi kimi olmadı, 3-5 gün ağlayıb, sakitləşmədi. Hər gecə yerinə girib səssiz-səssiz göz yaşları tökdü. Qapı taqqıltısı onu xəyallardan ayırdı. Qohumlardan kimsə “Ay Gülsüm, deyəsən gəldilər,” dedi və həyət qapısına doğru addımlamağa başladı.
Səttarla Gülsüm elçiləri qapıda qarşıladılar. Elçilər gətirdikləri hədiyyələri ev sahiblərinə verdikdən sonra göstərilən yerdə əyləşdilər. Qadınlar öz aralarında “oğlan niyə gəlməyib?” deyə pıçıldaşmağa başladılar. Oğlanın anası üzünü Gülsümə tutub, “eşitdik ki, buralarda “oblavadır”, cavan oğlanları küçədə tutub Qarabağa aparırlar, biz də ona görə Ceyhunu gətirmədik”, dedi. Ortaya dərin sükut çökdü. Bu söz hamıya pis təsir eləmişdi. Necə yəni, bəs torpaqları kim azad edəcək? Axı Ceyhun özü də Qarabağda doğulmuşdu. Kəndlərindən, elə öz qohumlarından neçə şəhid var idi, neçəsi hələ də cəbhədə vuruşurdu. Ceyhunun onlardan nəyi artıq idi ki? Qurban hiss elədi ki, arvadının yersiz sözü hamiya pis təsir edib, ortalığı toparlamağa çalışdı:
– Əslində gələcəkdi, amma işdən icazə ala bilmədi. Nəsə yoxlamaları var. Bileti belə öncədən almışdıq, sonra qaytarmalı olduq.
Qurbanın yalan danışdığı aydın hiss olunurdu. Səttar onları utandırmamaq üçün “eybi yoxdur, canınız sağ olsun. İndi pis zəmanədir, insanlar güclə iş tapıb bir loxma çörəyini qazana bilirlər” dedi. Bundan sonra ortalıq bir az yumşaldı. Qadınlar süfrəni bəzəyir, Səttar da Qurbanla söhbət edirdi. Bir müddət sonra məclis şənləndi, hamı deyib-gülürdü.
Nübar yatağında oturub barmağındakı brilliant qaşlı üzüyə baxırdı. Qonaqlar artıq getmişdi. Qurbangilin gətirdikləri hədiyyələri hər kəs bəyənmişdi. Hiss olunurdu ki, çoxlu pul xərcləyiblər. Ən çox sevinən Nübarın qardaşları idi. Üzünü görmədikləri, dadını bilmədikləri cürbəcür şokoladlardan, konfetlərdən yemişdilər. Hamının kefi kök idi, bir Nübardan başqa. Səmədi unuda bilmirdi. Əvvəllər düşünürdü ki, elçiliyə Ceyhun da gələcək, onu yaxından tanıyacaq, şəhəri gəzəcəklər, bir neçə günlük də olsa başı qarışacaqdı. Bəlkə sevməyə də başlayacaqdı Ceyhunu. Şəklini görmüşdü; pis oğlana oxşamırdı, üstəlik yaraşıqlı idi. İndi isə düşünürdü, qorxusundan nişanlısına üzük taxmağa gələ bilməyən oğlan onu necə xoşbəxt edəcək? Öz dədə-baba yurdunu qorumayan Nübarı necə qoruyacaq? Nübarın sabaha olan ümidləri, bütün xəyalları alt-üst olmuşdu. Qurbangil yayda toy etmək istədiklərini bildirmişdilər. Toyu da Moskvada edəcəkdilər. Belə çıxır ki, Nübar 3-4 aydan sonra yaxınlarını, doğmalarını tərk edib uzaq, qərib yerdə həyatına davam edəcəkdi. Səməddən sonra demək olar şəhərə çıxmırdı. Həyat onun üçün çox darixdirici olmuşdu. Qürbət yerə gəlin köçəcəyi onu qorxudurdu. Ən pisi isə heç tanımadığı insanla ailə qurması idi. Bütün bunları düşündükcə göz yaşlarını saxlaya bilmirdi və özünü çox çarəsiz hiss edirdi.
Gülsüm qızının halını görürdü. Nübar gecələr nə qədər səssiz ağlasa da anası duyurdu. Bu günə qədər düşünürdü ki, zamanla hər şey düzələcək, qızı keçmişi unudacaq. Amma nişana Ceyhunun gəlməməsi onu da pərt etmişdi. Hiss edirdi ki, bu hal Səttarın da xoşuna gəlməyib.
May ayının sonu idi. Havalar isinməyə başlamışdı. Axşam Səttargil ailəliklə yemək masasının ətrafına toplaşmışdılar. Televizorda xəbərlər gedirdi. Diktor xanım növbəti süjetə şeirlə keçid elədi:

Bir gözələ vurulmuşdum,
O sevgidə ilk nübarım.
Eşqimdən göylərdə uçdum,
Sonra sındı qanadlarım…
Ağla, tarım… Ağla, tarım…

Arzularım yarım qaldı,
Onu məndən kimlər aldı?
Sağalmaz bir dərdə saldı,
Bitmədi ki, ahu-zarım,
Ağla, tarım… Ağla, tarım…

Göz yaşlarım dayanmadı
Ölmüş ruhum oyanmadı.
Mən çox yandım, o yanmadı?
Vəfasızmış demə yarım,
Ağla, tarım… Ağla, tarım…

Qəhrəman bir əsgərimizin ürəyinin dərinliyindən süzülüb axan bu kəlmələr hər kəsi duyğulandırdı. Həkimlərin dediyinə görə əməliyyat zamanı əsgər durmadan bu şeiri oxuyurmuş. Biz də qəhrəmanımızı tanımaq üçün yolumuzu hərbi hospitaldan saldıq. Səməd Məmmədov İncəsənət İnistitutunun 3-cü kursunda oxuyurdu. Təhsilini yarımçıq qoyub könüllü cəbhəyə getmiş və qəhərmanlıqla döyüşərək yaralanmışdır…”
Bunu eşidən Nübarın baxışları anasının baxışları ilə toqquşdu. Qızın ürəyi sıxıldı, gözləri qaraldı və müvazinətini itirib yerə yıxıldı.

Qapı açıldı və bayaqkı ağ xalatlı qız astanada göründü: – Nübar, gör sənə kimi gətirmişəm?! deyərək qapını açıq qoyub təkrar dəhlizə çıxdı və əlil arabasını sürə-sürə Nübarın yanına gətirdi. Nübar gözlərinə inanmadı. Arabada əyləşən Səməd idi. Heyrətlə, “Səməd, bu sənsən?” – dedi. Səməd gülümsəyərək cavab verdi:
– Oxşamıram?
– Oxşayırsan. Nə yaxşı gəldin?
– Eşitdim, burdasan, gəldim. Necəsən? Yaxşısan indi?
Nübar kövrək səslə, “hə” cavabını verdi.

Nübarın televizordakı xəbərləri eşidib huşunu itirməsindən peşman olan anası onu xəstəxanaya yerləşdirdikdən sonra hospitala getmiş, orada Səmədi taparaq baş verənləri danışmış, günahkar olduğunu etiraf etmiş və üzr istəyərək qızının müalicə aldığı xəstəxanaya gəlməsini xahiş etmişdir. Səmədin müharibəyə könüllü gedərək savaşması və yaralanması bir şəhid bacısı kimi Gülsümə çox təsir etmişdi.

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Qələm.

QƏLƏM
“O, qələmlə (yazmağı) öyrətdi.”
Ələq surəsi (96/4)

Silikon vadisinin neon işığında
bir uşaq barmaqlarıyla gələcəyi sürüşdürür ekranda,
amma dünyanın taleyi hələ də
köhnə bir qələmin mürəkkəbində yatır.
Bir ata oğluna “Oxu!” — deyirsə,
Deməli kitab var,
Qələm yaşayır.

Çünki, ilk fikir
serverlərdə yox,
insanın ruhunda yazılmışdı.
Daşa qazılmışdı,
gilə yazılmışdı…

“O, qələmlə yazmaq öyrətdi…” —
səmanın sonsuz bulud yaddaşından
yer üzünə endirilən ilk məlumat kimi.
“Oxu” dedi, “yazmaq öyrətdi”…
Nicat bundadır dedi.

Qələm —
sadəcə taxta, dəmir, mürəkkəb deyil,
o, zamanın onurğasıdır.
Bir alimin min il əvvəl titrəyən əli
bu gün mənim düşüncəmə toxunursa,
deməli, qələm ölməyib –
Xəzərin sahilində dəniz dalğaları
sahilə data kimi çırpılır,
insanlar süni intellektdən danışır,
amma heç bir algoritm
anasının laylasını yazan əlin yerini vermir.
Hanı Nəsimi? Hanı Üzeyir!?

Dil külək kimidir —
eşidilər və itib gedər.
Qələm isə daş kimidir —
əsrlərin daş yaddaşında qalır.
Həsənoğlunun bir beyti kimi,
Əl-Xarəzm, Əl-Biruni, Tusi elmi kimi,
İbn Sinanın tibbi — icadları kimi…
Mucidləri qələm yaşadır,
alimləri qələm yaşadır,
şairləri qələm yaşadır…
Çünki, qələm min illərin yaddaşıdır…

Bir kitab rəfdə susur,
amma içində imperiyalar danışır.
Bir cümlə sərhədləri keçir,
dinləri, qanunları, elmləri
bir nəsildən o birinə daşıyır.
Tarix, coğrafiya kitablarda yaşayır…

Əgər qələm olmasaydı,
bəşəriyyət hər səhər
öz tarixini yenidən icad edərdi.
Hamı mucid olardı — olardımı!?
Bəşər hələ də İbn Sinanın maqqaşına möhtac!
Acdır, ac — insan oğlu yeniliyə ac…

İndi isə gecənin bulvar işıqları altında
bir şair yazır:
Xəzər, ey Xəzər, mavi gözlüm,
İnsan fanidir,
mürəkkəb yox.
Yaxşı ki, qələm nə vaxtsa yazıb:
“İnsan çiy süd əmib”…

Çünki, dünya dəyişsə də
Tanrının ilk universiteti
hələ də
qələmdir, qələm!
Son müraciəti isə “Oxu!” olub.

Yağış yağır,
Bakı suyun içindədir…
Artıq hava işıqlaşıb.
Şair hələ yerindədir;
Xəzərin su sahilində,
Bakının şıx bulvarında,
işıq dirəyi altında…
İşıq sönüb,
Abajuru çətir bilir,
şeiri qoynunda gizlədir;
yumasın yağış yazısın,
çünki, o hələ təzədir —
mürəkkəbi qurumayıb…
Qələmi də bərk-bərk tutub,
Köynəyinin döş cibində…
Kağız, qələm sinəsində,
Könlü fərah islanır o —
bu gün Bakı küçəsində…
Fəqət, ruhu Hələbdədir;
Nəsiminin yanındadır —
orda dinir, şeir deyir
Türkün qədim ləhçəsində…
Yaşa, Qələm!
Yağ, ey yağış!
Gücün çatır, di yu getsin min illərin yazısını!
Əbəs yerə deməyiblər,
— həm də tarixdən bilirik —
qoşa qanaddır:
qılıncla qələm…
Ruhuna min rəhmət,
Ulu şah babam,
Ələsgər dədəm!
Dünya durduqca yaşayacaq söz,
Yaşarsa, qələm!
17.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sərvaz Hüseynoğlu: “Nazim Əhmədlinin çəhrayı yuxuları”

Sərvaz Hüseynoğlu: “Nazim Əhmədlinin çəhrayı yuxuları”

Tanınmış şair-publisist Sərvaz Hüseynoğlunun “Nazim Əhmədlinin çəhrayı yuxuları” kitabı işıq üzü gördü. “Nazim Əhmədlinin çəhrayı yuxuları” kitabı şair Nazim Əhmədlinnin yaradıcılığına həsr olunmuşdur. Kitab 31 mart 2026-cı il tarixində “İmza” Nəşrlər evi tərəfindən çap olunmuşdur.

Yeni nəşrdə müəllifin yaradıcılıq dünyası, poetik düşüncələri və ədəbi fəaliyyəti geniş şəkildə təhlil olunur. Kitabın ərsəyə gəlməsi müəllifin yaradıcılığına verilən dəyərin və ədəbi mühitdə ona olan marağın daha bir göstəricisi kimi qiymətləndirilir.

Müəllif kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirir. Xüsusilə, kitabın müəllifi Sərvaz Hüseynoğluna və “İmza” nəşriyyatının direktoru Səbuhi Aslana minnətdarlıq ifadə olunmuşdur.

Müəllif və mənbə: imza.info

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I