
DOĞMA KƏNDİMƏ İTHAF
Əziz dostlar! Dəyərli oxucularım! Bu gün sizinlə növbəti görüşə gəlmişəm. “Yargun – Həzrə” kitabımın tirajinı təhvil almışam. Bakının “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış bu kitabımı respublikamızın əsrarəngiz guşələrindən biri olan doğma kəndimə həsr etmişəm. Onu ithaf da adlandırmaq olar. Çünki kitab ana yurduma böyük sevgimin nəticəsidir.
Nəinki Qusar rayonunun, o cümlədən Qafqazın qədim və iri yaşayış yerlərindən biri olan Həzrənin tarixini, onun maddi və mənəvi mədəniyyətini, yaddaşlarda iz qoymuş tanınmış insanlarının həyatını qələmə alanda mötəbər məxəzlərdən, arxiv sənədlərindən istifadə edərək doğma yurdumla bağlı maraqlı faktları üzə çıxarmağa şalışmışam. Kitabın redaktoru tanınmış şair-jurnalist Müzəffər Məlikməmmədov, korrektoru gənc yazıçı Sevda Əzizova, tərtibşisi istedadlı dizayner Ruslan Orucovdur.
Qeyd edim ki, “Samur” qəzetinə rəhbərlik etdiyim 27 il ərzində “Ləzgi kəndləri” rubrikası ilə silsilə məqalələr yazmış, eləcə də Yargunla bağlı xeyli araşdırmalar aparmış, müntəzəm olaraq oxuculara onlarca məqalə çatdırmışam. Amma “Yargun Həzrə” adlı ayrıca kitab nəşr etdirmək mənim çoxdankı arzum olub. Düşünürəm ki, belə kitabların yazılması vacibdir. Doğulduğu yerin tarixini dərindən öyrənmək və onu başqalarına da tanıtdırmaq hər bir qələm sahibinin mənəvi borcudur.
Kitab çapa getməzdən bir həftə əvvəl Həzrədə ağsaqqallardan biri canıyananlıqla mənə belə dedi: «Son illər sən bu kitabla bağlı azı 100 dəfə kəndə gəlmisən.” Düz sözə nə deyəsən? Bu kitaba uzun illər həsr etmiş, kitabxana və arxivlərdə günlərimi keçirmişəm. Bu gün ürəyimdə qəribə bir yüngüllük hissi var. İsti yay günündə piyada uzun yol qət etdikdən sonra sərinlikdə dincini alan yolçunun sevincini yaşayıram. Amma sevincimə məsuliyyət və həyəcan da qarışıb. Görəsən kitabım necə qarşılanacaq? Oxucular onu layiqincə dəyərləndirəcəklərmi? Əmin olmaq istərdim ki, çəkdiyim zəhmət, keçirdiyim yuxusuz gecələr əbəs olmayıb.
Kitabı “Samur” qəzeti redaksiyasından və Bakının kitab mağazalarından əldə etmək olar.
Kitabın təntənəli təqdimat mərasimi bu ilin noyabrın sonlarında Bakıda keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən 055 530 10 05 mobil nömrəsinə zəng çala bilərlər. Tədbirin dəqiq yeri və vaxtı barədə sizə ətraflı məlumat veriləcək.
Hörmətlə: Sədaqət Kərimova
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru