Seyid Hüseyn (1887)

Fotoda: Seyid Hüseyn ailəsi ilə

Seyid Hüseyn

Tanıdığımız nə qədər istedadlı şairlər, yazıçılar var. Bəs sənəti ilə şəxsiyyəti bir-birini tamamlayan sənətkarlar necə? Seyid Hüseyn gün işığında əli çıraqlı axtardıqlarımızdan idi. Yazıçı, tənqidçi, pedaqoq Seyid Hüseyn. O, Cümhuriyyət dönəmində Parlament dəftərxanasının Azərbaycan dili üzrə redaktoru, “Yaşıl qələmlər” cəmiyyətinin sədri olmuşdu. Qadınların əlindən alınmış hüquqlarından, itirilmiş səadətindən çox yazardı. Yazardı ki, dünyamız daha gözəl, daha işıqlı olsun. Amma aprel işğalından sonra parlamentdəki fəaliyyəti, “Müsavat” partiyasının üzvü, M.Ə.Rəsulzadənin yaxın qohumu, bacanağı olmağı onun və bütün doğmalarının həyatını qaraltdı. Seyid Hüseyni 1937-ci ilin yayında M.Ə.Rəsulzadənin böyük oğlu Rəsulla eyni gündə bağ evindən aparmışdılar. NKVD-nin qara maşınlarından biri yol üstündə gördüyü uşaqlardan Seyid Hüseyni soruşmuş, oğlu Toğrul, sonradan Əməkdar incəsənət xadimi Toğrul Sadıqzadə onları atasının dostları bilib evi nişan vermişdi. Seyid Hüseyn o gedən oldu. Həyat yoldaşı, istiqlal şairimiz Ümmügülsüm (Rəsulzadə)Sadıqzadə özü sürgün edilənə qədər görüş, nə sürgündə olarkən ondan bir xəbər ala bilməmişdi. Çünki NKVD-nin qərarı ilə onu 1938-ci ilin yanvarında Qum adasında güllələmişdilər. İllər sonra oğlu Oqtay (xalq rəssamı Oqtay Sadıqzadə) onun bəraət kağızını alanda onunla bəlkə həmişəkindən daha çox qürur duymuşdu. Ağır işgəncələrə rəğmən Seyid Hüseyn heç kəsi satmamış, heç kəsin üzünə durmamışdı. Hakimiyyətə iltifat göstərib onun mərhəmətinə, himayəsinə sığınaraq yaxşı şair, yaxşı yazıçı, yaxşı adam olmağa nə var ki?! “O qələm və o barmaqlar qırılsın ki, bir qəlbin qırılmağına səbəb olmuşdur” deyən Seyid Hüseyn zəhmi dağlar yaran NKVD-nin səskeçirməz divarları arasında “sapı özümüzdən olan baltaların”, bəlli düşmənlərin amansız işgəncələri qarşısında da ləyaqətini! insanlığını! qoruyub saxlamağı bacardı. Hər kəsə nəsib olmayan ləyaqətlə yaşadığı ömrünü ləyaqətlə də başa vurdu. Amma belə gedişə ölüm yox, əbədiyyət deyərlər. Əbədiyyəti mübarək! Sevgi, minnətdarlıq və ehtiramla yad edirik. (Seyid Hüseyn 1887-ci ilin 25 yanvarlnda dünyaya gəlib, 1937-ci ildə həbs edilib,1938-ci ilin 5 yanvar günü güllələnib. 1956-cı ildə bəraət alıb) Təqdim olunan foto cox az sürən xoşbəxt günlərdən bir xatirədir.

Müəllif: Nəcibə Bağırzadə

Nəcibə Bağırzadənin yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir