İsmayıl Şıxlının “Dəli Kür” əsərində qadın obrazları
(resenziya)
İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunəsidir. Əsər 1957-1967-ci illər aralığında yazılmışdır. Ədib romanın üzərində illərlə çalışmışdır. İsmayıl Şıxlı “Dəli Kür” romanında XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərədə geniş şəkildə toxunmuşdur. Ədib əsərində Azərbaycan xalqının həyatında baş verən əsaslı dəyişikliklərdən geniş şəkildə bəhs edir. İsmayıl Şıxlının “Dəli Kür” romanı Kürün sahilində yerləşən Göytəpə kəndinin təsviri ilə başlayır. Ədib əsərində çox güclü peyzaj nümunələri yaratmışdır. İsmayıl Şıxlının “Dəli Kür” romanında insan psixologiyası ən dərin qatlarına kimi yazıçı tərəfindən təsvir olunmuşdur. Əsərdə təsvir olunan qadın obrazları hər biri öz-özlüyündə böyük bir yükü daşıyır. Yazıçı bu qadınların iç dünyasını əsərdə çox dolğun bir şəkildə əhatəli təsvir etmişdir. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Zərnigar xanım, Şahnigar, Mələk, Salatın, Güləsər kimi qadın obrazları yaratmışdır. Bu qadın obrazların hər biri öz xarakterinə görə bir-birindən fərqlənir. Bu qadın obrazlarının hər biri əsərdə öz talehini yaşayır. Ədib hər birinin xarakterik xüsusiyyətlərini dolğun şəkildə əks etdirmişdir. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının hər biri Cahandar ağanın ailə üzvüdür. Zərnigar xanım həyat yoldaşı, Şahnigar bacısı, Mələk götürüb qaçırtdığı qadın, Salatın qızı, Güləsər gəlinidir. Əsərdəki bütün qadın obrazlarının hər biri Cahandar ağaya bağlıdır. Cahandar ağanın birinci həyat yoldaşı olan Zərnigar xanım əsilli bir nəslə mənsub ailədən idi. Zərnigar xanım Cahandar ağanın onun üzərinə günü gətirilməsini heç cür qəbul edə bilmirdi. O, qadınlıq qürurunu tapdaladığı üçün Cahandar ağanı heç cür bağışlaya bilmirdi. Zərnigar xanıma Cahandar ağanın bu hərəkəti o qədər pis təsir etmişdi ki, o hətta oğlu Şamxalın adam öldürməsinə belə razı idi. Gözlərinə artıq heç nə görsənmirdi. Zərnigar xanım oğlu Şamxaldan Mələyi xəncərlə vurub öldürməsini tələb edir. İsmayıl Şıxlı “Dəli Kür” romanında bu səhnəni elə dolğun bir şəkildə təsvir edir ki, oxucunun gözü qarşısında bu qüruru ayaqlar altına atılmış qadının bütün hisləri canlanır. Zərnigar xanıma ən çox təsir edən o idi ki, Cahandar ağanın onun üzərinə günü kimi gətirdiyi qadın başqasının arvadı idi. Cahandar ağa Zərnigar xanımın üzərinə günü gətirməklə ona özünün gözəlliyini, gəncliyini, təravətliliyini itirdiyini bildirir. Zərnigar xanıma ən çox təsir edənlərdən biri də o idi ki, Cahandar ağa başqasının arvadı olan Mələyi onun xanımlıq etdiyi evə gətirmişdi, həm də o evə ki, orada onun evlənməli yaşda olan qızı və oğlu yaşayırdı. Bu məsələdə Zərnigar xanım çox aciz idi. Onun düşdüyü vəziyyət olduqca ağır idi. Gəlin gətirmək istədiyi evə əri günü gətirmişdi və bu günü başqasının arvadı idi. Başqasının arvadını qaçırtmaq düşmən qazanmaq demək idi. Ona görə də, Zərnigar xanım oğlu və qızı üçün çox qorxurdu. Zərnigar xanım bu məsələdə tamamilə günahsız idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin qadın obrazlarından biri də Mələk idi. Əsərdə Mələkdə talehsiz qadın kimi təsvir olunur. Mələyin əri olan Allahyar ona sözün əsl mənasında gün verib işıq vermirdi. Evində yaxşı gün görməyən Mələk Cahandar ağanın onu götürüb qaçmasından olduqca məmnun idi. O, ümid edirdi ki, qaçırıldığı evdə xoş bir gün görəcək. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın bacısı olan Şahnigar xanımdır. Şahnigar xanımın çox ağrılı-acılı həyatı olub. O, həyat yoldaşını itirəndən sonra qardaşı Cahandar ağanın evində yaşamağa başlayır. Şahnigar xanım xasiyyətcə şən, deyib-gülməyi sevən bir qadındır. O, qardaşı Cahandar ağanın evində yaşadığı müddətdə onun qanunları ilə yaşayır. Lakin Cahandar ağanın düşməni olan Molla Sadığın oyununun qurbanı olur. Belə ki, Cahandar ağadan qisas almaq istəyən Molla Sadıq onun bacısı Şahnigar xanımı aldadıb, mürid məclisinə aparır. Cahandar ağanıda ora çağırıb, Şahnigar xanımın ölümünə səbəb olur. Bacısı Şahnigarı bağışlamayan Cahandar ağa onu Kürdə boğub, öldürür. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Şahnigar xanımın öldürülməzdən əvvəl gözü önündən keçən görüntülərin təsvirində çox güclü psixologizm yarada bilmişdir. Bacısından namus tələb edən Cahandar ağa özü bütün tabuları, qandan gələn ata-baba qaydalarını, namus məsələsini ayaqlayıb, başqasının arvadını götürüb, qaçırtmışdı. Cahandar ağa özü çox yaxşı bilirdi ki, bacısı Şahnigar xanımı ondan qisas almaq üçün tora salıblar, lakin o yenə də bacısını öz eqoizminin qurbanı edir. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın qızı Salatındır. Salatın xasiyyətcə şıltaq, saf, mehriban, təmiz qəlbli gözəl bir qızdır. Salatın əsərdə evlənmək yaşındadır. Onun bu yaşında ailəsində yaranan gərginlik ona çox pis təsir edir. Zavallı qız anası ilə atası arasında yaranan bu uçuruma görə çox böyük stress keçirir. Salatının gəlin köçmək yaşında başına gələn bu müsibət ona çox ağır gəlir. Anasının bütün günü dərd, qəm çəkməyi, qardaşının evdən baş götürüb getməsi, atasının başqasının arvadını qaçırdıb, özünə düşmən qazanması zavallı qızı məhv edirdi. Salatının həyatı Zərnigar xanıma təsəlli verməklə keçir. Zavallı qız özündən çox atasının başqasının arvadını qaçırdığı üçün bunun qisasını qardaşı Şamxaldan alacaqlarından qorxub, qayğı və düşüncə içində məhv olurdu. Zavallı Salatın atasının başqasının arvadını qaçırtmasının qurbanı olur. Onu atasının qaçırtdığı qadının əri olan Allahyar qaçırdıb, zavallı qızın namusunu ləkələyib, atası Cahandar ağadan qisas almaq istəyir. Beləliklə, Salatın Cahandar ağanın səhvinin qurbanı olur. Salatını qaçırmağa nail olsa da, Allahyar iyrənc planını həyata keçirə bilmir. Allahyarın Salatını qaçırdığı ev Cahandar ağanın dostunun evi olur, məsələdən agah olan ev sahibi qızı qoruyub, atasına təhvil verir. Bacısı Şahnigar xanımı Kürdə boğub, öldürən Cahandar ağaya atalıq duyğusu qalib gəlir və o qızı Salatını öldürə bilmir. Cahandar ağa qızı Salatının rüsvay olmasında, bacısı Şahnigar xanımın ölümündə birbaşa günahkar idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının digər biri isə Cahandar ağanın böyük oğlu Şamxalın həyat yoldaşı Güləsərdir. Güləsər kasıb bir ailənin qızıdır. Onu Cahandar ağa kasıb bir ailənin qızı olduğu üçün böyük oğlu Şamxala layiq bilmirdi. Güləsər çox təmiz, saf qəlbə sahib gənc bir qız idi. Cahandar ağa kasıb bir ailənin qızı olan Güləsəri özünün zəngin mülkədar ailəsinə layiq görmürdü. Güləsər əsərdə dözümlü, iradəli, ailəsinə bağlı bir qadın kimi təsvir olunub. İsmayıl Şıxlının bir yazıçı kimi böyük şöhrət qazanmasında “Dəli Kür” əsərinin çox böyük rolu vardır. Ədibin əsərdə yaratdığı qadın obrazların müsbətidə, mənfisidə olduqca canlı qələmə alınmışdır. İsmayıl Şıxlının “Dəli Kür” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Budur: o yenə də arzuolunmaz bir vəziyyətə düşmüşdü. Min dəfə öz-özünə demişdi ki, daha avtobusa minəndə yox, düşəndə pul versin. Amma yenə də bacarmırdı. Bundan əvvəl dəfələrlə eyni vəziyyətə düşmüş, sürücü ilə tutaşmışdı. Ən yaxşısı, pulu gedəcəyi yerə çatanda avtobusdan düşməmiş vermək idi. Bir müddət elə bu cür də etmişdi. Amma bu dəfə, axırıncı dəfə… Dayanacaq tünlük idi. Bir neçə nəfərlə birlikdə qaçaraq tələsik avtobusa minmişdi. Ondan solda iki nəfər oturmuşdu. O sağdan birinci oturacaqda idi. Üstündəki ən xırda pul iki lirə yarımlıq idi. O biri sərnişinlər gedişhaqqını verəndə o da onlara baxıb iki lirə yarımlığı sürücüyə uzatmışdı. Sürücü pulu alıb, o biri sərnişinlərin iki lirə yarımlıqlarının, beş lirəliklərinin qalığını qaytarmışdı, onunkunu isə… Bu zaman ən sağdakı sərnişin düşüb, başqa biri minməsəydi sürücü yəqin ki, pulun qalığını verəcəkdi. Hər halda o sürücünün davranışından bu qənaətə gəldi. Amma sərnişin Cağaloğluda saxlayın deyəndə sürücünün başı sərnişinlə danışmağa qarışmış və iki lirə yarımlığın qalığını qaytarmağı unutmuşdu. İndi nə etməli idi? “Ay qardaş, iki lirə yarımlığın qalığını qaytarmaq yadınızdan çıxdı” desə sürücü bəlkə də “nə bilirsən ki, yadımdan çıxıb” deyə kobud cavab verə bilərdi. Elə etməsə belə, avtobusdakı sərnişinlərin ürəklərində “nə pulgir adammış” dedikləri baxışlarından oxunardı. Həm özü haqqında başqalarının bu cür düşünmələrini istəməz, həm də öz düşüncələrini kəc baxışlarla bildirənlərə nifrət edər, cin atına minərdi. Sağ tərəfdəki sərnişinə baxdı. İri burunlu, sallaq buxaqlı şişmanın biriydi. Necə deyərlər, nə ət idi, nə balıq. Belələri özündənrazı, yekəxana olurlar. Hər şeyə burunlarını soxurlar. Mübahisəyə can atırlar. Həqiqətən də, o sürücüyə “Ay qardaş, iki lirə yarımlığın qalığını verməyi yadınızdan çıxartdınız” desə bu iri burunlu, sallaq buxaqlı şişman o cür kəc baxışlarla baxacaqdı. “Gözünü zilləyib nə baxırsan?” deyə soruşsa “Baxmaq qadağandır?” deyə bir cavab verəcəyi gün kimi aydın idi. Həmin adamı yenidən süzdü. Sanki “Baxmaq qadağandır?” cavabını almış adam kimi əsəbləşdi, ürəyində “bəli” dedi. Sonra “yox canım?” cavabını alıbmış kimi daha da qəzəbləndi. Yenə ürəyində bu cür mübahisə etməyə başladı: -Canın yoxdursa necə yaşayırsan? -Paho, nə bayağı zarafatdır. Ay bala, zarafat etmək üçün ağıllı olmaq lazımdır. Sən isə… -Mən nə? -Əşi, axmağın birisən e. Elə bu arada ondan soldakı sərnişin də düşmək üçün sürücüyə səsləndi, avtobus dayandı və sərnişin düşdü. O isə həmin sərnişinin yerinə keçdi. İri burunlu, sallaq buxaqlı şişman da ortada oturdu, ən sağda isə yeni sərnişin əyləşdi. O da Cağaloğluya gedəsiydi. Təkliyi uzatdı. Sürücü əlli qəpiyi onun çiyninin üstündən ən sağdakı sərnişinə verdi. Belə görünürdü ki, sürücü onun iki lirə yarımlığını tamam unutmuşdu. Birdən sürücüyə demək istədi ki, mənim pulumun qalığını unutdunuz. Lakin sonra bu fikrindən daşındı. Sürücü bəlkə də belə cavab verərdi: “Nə pul? Pul zad nədir?” Qan beyninə sıçradı. Sürücüdən bu cavabı alıbmış kimi sinirləri gərildi. Ürəyində : -Avtobusa minəndə vermişdim axı. -Yadıma düşmür. -Necə yadına düşmür? Mən yalan deyirəm? -Məgər mən yalan deyirəm? Bu yollarda sənin kimilərini saçımın tükü sanı görmüşəm. Onda o dözə bilməz, dəli olardı. – Deməli məni onlara tay edirsən. Sürücü bəlkə də arxaya dönüb deyərdi: -Kimsən ki? Gədənin biri gədə. Dələduzların heç birisi dələduzluğunu boynuna almaz, üstəlik adamı borclu çıxararlar. -Yəni -Yəni deyil gicbəsər. Görəsən, sürücü ilə bu cür mübahisə etsələr axırı necə olardı. Polisəmi düşərdilər? Birdən gözü avtobusun salonundakı müşahidə güzgüsünə sataşdı. Deyəsən sürücü sərt adam idi. Üstəlik nazik bığı və üzünün soyuq ifadəsindən itsifət adama oxşayırdı. Əgər mübahisə etsələr sürücü avtobusu saxlayıb sükanın arxasından enər, onun yaxasına yapışar, bəlkə də bir kəllə, bir yumruq… Dərindən ah çəkdi, bu necə də arzuolunmaz idi. Əli-üzü qan içində, üst-başı toz-torpaq… Bu vəziyyətdə polis idarəsinə gedib sürücüdən şikayətçi olsa ondan sağda əyləşən sərnişinlər və hətta sürücünün yanındakılar da yəqin ki, sürücüyə tərəf çıxardılar. Onda sürücü polisə təhqir edildiyini deyər, mübahisəni özünə sərf etdiyi kimi anladar və sərnişinlər də onun tərəfini saxlayardılar. Həm iki lirə yarımlığın qalığı qalar, həm də sürücünü təhqir etdiyi üçün istintaqa cəlb oluna bilər, astarı üzündən baha başa gələrdi. Ona görə də fikrindən daşınmalı, hətta iki lirə yarımlığı dilinə belə gətirmədən sürücüyə yenə əlli qəpik verməli idi. Aydın idi ki, sürücü ondan aldığı iki lirə yarımlığı unutmuşdu. O şalvarının xırda pulları qoyduğu cibindən iki dənə sarı iyirmi beşlik çıxarıb ovcunda saxladı. Bir az sonra Cağaloğluya çatanda düşəcək, düşərkən də pulu verəcəkdi. Amma niyə? Nəyə görə əlli qəpiklik yolu üç yüz qəpiyə gəlməli idi. Bəyəm axmaq idi. Pulu yenidən cibinə qoyarkən fikrindən yenə dava-dalaş, polis idarəsi, sərnişinlərin şahidliyi keçdi. Elə buna görə də, pulu cibinə qoymaq fikrindən daşındı. Günahkar olsa da, olmasa da polisə düşsə təqsirli sayıla bilərdi, hələ üstəlik sürücünü təhqir etmək məsələsi də ortaya çıxanda nəinki üç lirə, Allah bilir neçə üç lirələr lazım olacaqdı. Gözü yenidən sürücünün güzgüdə əks olunan it sifətinə sataşdı. Ürəyində “Allah bəlanı versin, heyvan oğlu heyvan üzündən nə zibil olduğun görünür, haram xoşun olsun. Heç yeməyəsən, dərmana xərcləyəsən, həm də əgər uşağın varsa ən əziz uşağına dərman pulu verəsən” deyə qarğış etdi. O Cağaloğluya çatdıqları zaman sürücüyə səsləndi: -Mümkünsə münasib bir yerdə saxlayın. Sürücü cavabında dedi: -Oldu, qardaş! Sürücü avtobusu kənara çəkib saxladı, o ovcundakı əlli qəpiyi vermək istəyirdi ki, sürücü iki lirə yarımlığın qalığını uzatdı. -Buyurun, qardaş, iki lirənizi! O pulun qalığını götürdü, bir-birinə dolaşan ayaqları ilə sürətlə oradan uzaqlaşdı. Üzü qıpqırmızı alışıb yanır, özü-özündən utanırdı.
BRAYL ƏLİFBASI Səni sevmək Brayl əlifbasını öyrənmək kimidir… Napoleonun əsgərləritək qaranlığın səssizliyində pıçıltısız oxumaqdır səni sevmək. Sadəcə nöqtələrə toxunaraq xəritələri zehnimə köçürməkdi Səni sevmək… Əllərim gözlərini əzbərləyib, əlifbamın sual işarəsidir gözlərin. Ovuclarımın içi yanaqlarını qucaqlamağı sevir, dodaqlarım burnuna toxunanda əlifbamın nöqtəsini oxuyuram. Kəpənək çiçəyə toxunduğu tək nəfəsini qoxulayıram. Zərif qulaqlarını oxşayanda vergülü duyuram. Əlifbamın məchul X hərfi dodaqlarında gizlənib. Səni A-dan Z-yə sətir-sətir, misra-misra təkrarlayıram. Səni sevmək Brayl əlifbasını öyrənmək kimidir… Gecənin bir aləmi əlimdə vərəq Yorğun əsgər kimi yuxulayıram.
SƏN KİMSƏN? Sən kimsən? Bəlkə günəşin qürub çağı küləyin qucağında yatmağa hazırlaşan dənizin özüsən təlatümlü, köpüklü dalğalarınla… Mənsə qollarının arasında ayağı yerdən üzülmüş naşı üzgüçü… köksünə sığınıb sənə qərq olanda bir anlıq nəfəsim dayanır güclü bir dalğanın sahilə çırpılıb sonra yenidən dənizə qayıtması kimi… Sən kimsən? Bəlkə qayıqdakı balıqçı… Yox, səndə balıqçı ürəyi yoxdu axı toruna düşən balıqları kövrəlib dənizə qaytararsan bilirəm… qıymazsan çarəsiz balıqlara Sən kimsən? Bu qədər mərhəmətli, bu qədər həlim Sən kimsən? Nəfəsi eşq qoxuyan ruhu sevgi toxuyan baxışları körpə təbəssümü kimi sevimli və məsum Sən kimsən? Züleyxanın köləsi Yuzarsif yoxsa Erosun kölgəsi?
ZÜLMKAR Ağla gələn başa gələr deyirlər Ağlıma sən gəlirsən… Dərdlə dərman qoşa imiş deyirlər Zərdə qoşa gəlirsən… Gündüzlər xəyalıma gecələr yuxuma gəlirsən Gözüm tora dirənir, başucumda bir hörümcək yol qurur… Axşamın sərin mehində boynuma nəfəsin dəyir Bir də görürsən ki, durduğum yerdə qulağıma səsin gəlir Qatar-qatar xatirələr yoluma çıxır Bir də görürsən ki, yağışın hər damlası arı kimi sancmağa üstümə gəlir Həsrətin qor yükü bağrımı dəlir… Bir də görürsən ki, bir sincabın gözündən baxışların boylanır Sənə doğru getdiyim yollar Cırtdanın nağılındakı kimi haçalanır, qollanır… Səni necə sevdiyimi bilirsən Belə olmaz, zülmkar, Özün nə vaxt gəlirsən?
ƏZİZİM Deyirsən ki, yatammıram gecələr, bilirəm ki sıxır səni nə edimlər, necələr Həyatdı bu zaman keçər, sevinc qəmə güc gələr, yorğun ruhun bircə şirin yuxu ilə dincələr Eh… bu dünya belə gəlib beləcə də gedəcək, yaşa ömrü əvvəl- axır bitəcək. Hər açılan günəş üzlü sabahın haqqını ver gözlərinə gülümsə, gecələri qəti qara basmasın, yat yuxunu doyunca keşik çəksin mələklər… Ölüm səni qorxutmasın gecələr, gec ya da tez əcəl ömrə tən gələr Bir də gördün kəfən cismə gen gələr Həyatdı bu zaman keçər, görərsən ki, sevinc qəmə güc gələr, yorğun könlün bircə şirin yuxu ilə dincələr…
ŞƏKİLLİ KİTAB Şəkilli kitab kimisən Oxumaq olmur Tikanlı gül kimisən Qoxulamaq olmur Bürkülü yay kimisən Yuxulamaq olmur Nədi bu əlimdən Çəkdiyim zülüm Alovum sönübdü Sovrulur külüm…
ƏRİKLİ Uzaqlardan çox uzaqlardan dumanlı, yuxulu tarix boylanır… Azğın düşmən hiylə ilə talan etmiş obasını, elini. Alov tutmuş dağlarında durnaların telini. Bulandırmış Əriklinin çayını, duymamışlar harayını, hayını. Zəngəzurdan köç eyləmiş Laçına Əriklinin ərənləri, ərləri məskən salmış, oba qurmuş zəhmət ilə ömür sürmüş atı, öküzü arıq, itləri yallı ruhu gözəl adamlar… Çox görmüşlər bu hüzuru yağılar… yenə də hücum etmiş Can Laçına rus köpəyi dığalar yenə viran qalmış eli, obası Bakıya pənah gətirmişlər ərənlər zəhmətkeş arıların gözü tox olar amma bal arısının yuvasına baldan ötrü çomaq salan çox olar Və beləcə yara olmuş yar Laçın Bax, beləcə yetim qalmış Ərikli… İllər keçmiş zaman yetmiş qisasını yaman almış ərənlər əhsən demiş igidlərə görənlər Yenə qartal qanad çalır havada, yenə bülbül cəh cəh vurur yuvada Uzaqlardan çox uzaqlardan Ərik çiçəklərinin zərif qoxusu gəlir qələbədən xumarlanan könlümün xəyallarda dumanlanan beynimin Ərikli, çiçəkli yaylaq eşqilə həzin yuxusu gəlir…
QIZIM Qoxusu ətir nəfəsi meh göz yaşları şeh qızım Qolları çərpələng kiprikləri çətir qızım Apar məni uşaqlığıma bir az gizlənqaç bir az bənövşə-bənövşə, bir qucaq gülüş gətir qızım… Saçları kömür gözləri ömür qızım Bugünüm, sabahım sevgim, sınağım… körpə sonam, son nəfəsimdə anam qızım…
19 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair İlham Qazaxlının 50 illik yubileyi və “ZƏFƏR SEVİNCİ” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Rəşad Məcid, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisit Zaur Ustac və digər tanınmış qələm adamları iştirak ediblər. Fotolar:
“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac “Zəfər sevinci”nin işıq üzü görməsi və 50 illik yubileyi münasibəti ilə şair İlham Qazaxlıya “İsa Muğanna” diplomunu tədim edərkən. (19.05.2023. Bakı şəhəri. Azərbaycan Yazıçılar Birliyi. Natavan klubu.)
İlham Qazaxlı məclis iştirakçılarına təşəkkürlərini belə çatdırıb: – “Dəyərli dostlar, 19 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 50 illik yubileyimin və “ZƏFƏR SEVİNCİ” adlı şeirlər kitabımın təqdimatının keçirilməsində yaratdıqları şəraitə görə birliyin sədri Anar müəllim başda olmaqla birliyin bütün əməkdaşlarına, tədbirdə iştirak edən qələm dostlarıma, əziz oxucularıma, məni təbrik edənlərə, tədbirimə üzürlü səbəbdən gələ bilməyib, xoş arzu-diləklərini, xeyir dualarını çatdıran, sevincimə şərik olub mənimlə sevincimi bölüşən dostlarıma, tədbiri işıqlandıran Mədəniyyət TV kanalının rəhbərliyinə və bir sözlə poeziya sevənlərin hər birinə öz sonsuz təşəkkürümü və sayğımı bildirirəm!
ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Müxtəlif sənət növlərinin insana xüsusi təsir vasitələri var. Musiqi isə uşağa ilkin mərhələdə təsir etmək qabiliyyətinə malikdir. Sübut edilmişdir ki, hətta prenatal dövr də insanın sonrakı inkişafı üçün son dərəcə vacibdir: gələcək ananın dinlədiyi musiqi uşağın rifahına təsir göstərir.
Müasir elmi araşdırmalar göstərir ki, musiqi qabiliyyətlərinin inkişafı, musiqi mədəniyyətinin əsaslarının formalaşması yəni, musiqi tərbiyəsi məktəbəqədər yaşdan başlamalıdır. Musiqi nitqə oxşar intonasiya xarakteri daşıyır. Nitqin mənimsənilməsi prosesi kimi, uşaq da müxtəlif dövrlərə və üslublara aid musiqi əsərlərini qavramaq təcrübəsinə malik olmalı, onun intonasiyalarına öyrəşməli, əhval-ruhiyyə ilə empatiya qurmalıdır.
Musiqi inkişafı ümumi inkişafa əvəzsiz təsir göstərir: emosional sfera formalaşır, təfəkkür təkmilləşir, sənətdə və həyatda gözəlliyə həssaslıq tərbiyə olunur. Yalnız uşağın duyğularını, maraqlarını, zövqlərini inkişaf etdirməklə onu musiqi mədəniyyəti ilə tanış etmək, onun əsaslarını qoymaq olar. Musiqi mədəniyyətinin daha da mənimsənilməsi üçün məktəbəqədər yaş son dərəcə vacibdir.
Musiqi təhsili ilə məşğul olaraq, uşaqların ümumi inkişafını xatırlamaq vacibdir. Məktəbəqədər uşaqların real həyatda mövcud olan insan hisslərini təmsil etmək təcrübəsi azdır. Bütün hissləri və onların çalarlarını çatdıran musiqi bu fikirləri genişləndirə bilər.
Uşaqların ətraf aləmi dərk etməsində, klassik musiqi zövqünün formalaşmasında uşaq balet tamaşalarının rolu danılmazdır. Böyük təkamül və inkişaf yolu keçən balet sənəti olduqca çətin, incə, zərif hərəkətlər, plastika tələb edən bir sənətdir. Baletdə hadisələri musiqinin müşayiəti ilə sözlər deyil, hərəkətlər, jestlər, rəqs elementləri deyir. İdeya, bədii fikir, hadisə rəqs elementləri ilə ifadə edilir.
Musiqi uşağı zehni olaraq da inkişaf etdirir. Musiqi haqqında idrak əhəmiyyəti olan müxtəlif məlumatlarla yanaşı, onun haqqında söhbət emosional və obrazlı məzmunun təsvirini ehtiva edir, buna görə də uşaqların lüğəti musiqidə çatdırılan hissləri xarakterizə edən obrazlı söz və ifadələrlə zənginləşir. Melodiyadakı səslərin hündürlüyünü təsəvvür etmək və bərpa etmək bacarığı həm də zehni əməliyyatları əhatə edir. Müqayisə, təhlil, yan-yana yerləşdirmə, yadda saxlama, bu da təkcə musiqiyə deyil, həm də uşağın ümumi inkişafına təsir göstərir. Fəaliyyət sosial təcrübənin, mədəni nailiyyətlərin mənimsənilməsinin aktiv prosesidir. İnsan həyatı boyu müxtəlif fəaliyyət növlərinə yiyələnir, bunun nəticəsində onun psixi keyfiyyətləri və şəxsiyyət xüsusiyyətləri formalaşır. Onlardan bəziləri xüsusi əhəmiyyət kəsb edir və uğurla davam edir. Seçki münasibətlərində müəyyən fəaliyyət növlərinə meyllər, insanın şəxsi keyfiyyətləri özünü göstərir. Fəaliyyətdə qavrayış, yaddaş, təfəkkür, təxəyyül, hisslər yaxşılaşır. Hər hansı fəaliyyət prosesində uşaq müəyyən xarici nəticəyə gətirib çıxaran müəyyən hərəkətləri və psixi inkişafın məzmununun əsasını təşkil edən daxili, zehni hərəkətləri (qavrayış, təfəkkür, təxəyyül, yaddaş) mənimsəyir. Eynilə, musiqi fəaliyyəti də çoxsaylı hərəkətlərdən ibarətdir. Məsələn, mahnını mənimsəyərkən uşaq mahnının girişini diqqətlə dinləyir, onu vaxtında başlamağa çalışır, verilən tempi tutur, ifa olunanda sadə çalarları əks etdirir, həmyaşıdları ilə eyni vaxtda ifanı bitirir. Gördüyünüz kimi, hərəkətlər xarici, obyektiv ola bilər: uşaq oxuyur, hərəkət edir, aparır, alətdə ifa edir və s. Bir hərəkət dəfələrlə təkrarlanırsa, o, tədricən mənimsənilir və bir bacarıq olur. Bu bacarıqların birləşməsi uşağa daha sonra yeni, daha mürəkkəb hərəkətlərin öhdəsindən gəlməyə imkan verir.
Uşaq mahnıları bu işdə daha çox səmərə verir. Uşaq mahnıları vasitəsilə bədii tərbiyənin yolları geniş inkişaf olunmuşdur. Kiçik yaşlı uşaqların bədii zövqünün formalaşması musiqi tərbiyəsinin ən mühüm, eyni zamanda ən çətin məsələlərindən biridir.
Uşaqların musiqi tərbiyəsində musiqi fəaliyyətinin aşağıdakı növləri fərqləndirilir: qavrayış, ifaçılıq, yaradıcılıq, musiqi və təhsil fəaliyyəti. Onların hamısının öz növləri var. Beləliklə, musiqinin qavranılması müstəqil fəaliyyət növü kimi mövcud ola bilər və ya digər növlərdən əvvəl və onları müşayiət edə bilər. İfaçılıq və yaradıcılıq oxumaqda, musiqi və ritmik hərəkətlərdə və musiqi alətlərində ifa etməkdə həyata keçirilir. Musiqi təhsili fəaliyyətinə musiqi sənət növü kimi, musiqi janrları, bəstəkarlar, musiqi alətləri və s. haqqında ümumi məlumatlar, həmçinin ifa üsulları haqqında xüsusi biliklər daxildir. Öz xüsusiyyətlərinə malik olan hər bir musiqi fəaliyyəti növü uşaqların həmin fəaliyyət üsulları ilə mənimsənilməsini nəzərdə tutur, onsuz həyata keçirmək mümkün deyil. Bu isə məktəbəqədər uşaqların musiqi inkişafına xüsusi təsir göstərir. Buna görə də hər cür musiqi fəaliyyətindən istifadə etmək çox vacibdir.
Məktəbəqədər uşaqların musiqi fəaliyyətinin növləri bunlardır: dinləmək üçün xüsusi yaradılmış musiqinin qavranılması; musiqinin onun ifası ilə bağlı qavranılması; musiqili və didaktik oyunlar; mahnı oxumaq; musiqi və ritmik hərəkətlər; musiqi alətlərində çalmaq; mahnı yazmaq; musiqi – oyun və rəqs yaradıcılığı; xüsusi olaraq dinləmək üçün yaradılmış musiqinin qavranılması üçün oyun; musiqinin onun ifası ilə bağlı qavranılması; musiqili və didaktik oyunlar; mahnı oxumaq; musiqi və ritmik hərəkətlər; musiqi alətlərində çalmaq; mahnı yazmaq; musiqi – oyun və rəqs yaradıcılığı. Bütün növlər uşaqların musiqi təhsili və inkişafı vasitəsidir.
Məktəbəqədər yaşlı uşaqları dinləmək üçün nəzərdə tutulmuş əsərlər müxtəlif hissləri, əhval-ruhiyyəni, ətrafdakı reallığın çoxsaylı hadisələrini əks etdirir, lakin uşaqların qavraması üçün əlçatandır. Şifahi texnikalar, musiqi əsərlərinin dərindən qavranılmasına kömək edərək daha da detallaşır (https://ikisahil.az/post/249776-ushaqlarin-heyatinda-musiqi-terbiyesinin-ve-tedrisinin-ehemiyyeti).
Beləliklə, məktəbəqədər uşaqların musiqi fəaliyyətinin mahiyyəti aşağıdakı kimidir. Musiqi ümumi inkişafa təsir göstərir: emosional sfera formalaşır, təfəkkür, estetik hisslər yaxşılaşır. Uşaqların musiqi fəaliyyəti musiqili və didaktik oyunlardan ibarətdir; mahnı oxumaq; musiqi və ritmik hərəkətlər; musiqi alətlərində çalmaq; mahnı yazmaq; musiqi – oyun və rəqs yaradıcılığı; xüsusi olaraq dinləmək üçün yaradılmış musiqinin qavranılması üçün oyun; musiqinin onun ifası ilə bağlı qavranılması; musiqili və didaktik oyunlar; mahnı oxumaq; musiqi və ritmik hərəkətlər; musiqi alətlərində çalmaq.
Qavrayış insan analizatorlarına təsir edən cisim və hadisələrin beyin qabığında əks olunmasıdır. Qavrayış insan beyninin gözünün qabağında olanların və ya qulağının eşitdiklərinin sadəcə mexaniki, güzgüdə əks olunması deyil. İdrak həmişə aktiv prosesdir, aktiv fəaliyyətdir. O, düşüncə prosesinin birinci mərhələsidir, ona görə də bütün növ musiqi fəaliyyətini qabaqlayır və müşayiət edir.
Musiqinin qavranılması artıq uşaq musiqi fəaliyyətinin digər növlərinə daxil edilə bilməyəndə, digər sənət növlərini hələ dərk edə bilmədikdə həyata keçirilir. Musiqinin qavranılması məktəbəqədər uşaqlığın bütün yaş dövrlərində musiqi fəaliyyətinin aparıcı növüdür. Musiqini eşitmək, qavramaq onun xarakterini ayırd etmək, obrazın inkişafını izləmək deməkdir. Musiqi qavrayışı baş vermiş qavrayışı hiss və mənalı adlandırır. “Musiqi qavrayışı, musiqinin bir sənət kimi, reallığın əks olunmasının xüsusi forması kimi mənaları dərk etməyə yönəlmiş qavrayışdır. Əks halda, musiqi səs siqnalları kimi, eşidilən və eşitmə orqanına təsir edən bir şey kimi qəbul edilir.
Gənc uşaqlar tərəfindən musiqinin qavranılması qeyri-iradi xarakter, emosionallıq ilə xarakterizə olunur. Tədricən, müəyyən təcrübə əldə etməklə, nitqi mənimsədikcə, uşaq musiqini daha mənalı qavrayır, musiqi səslərini həyat hadisələri ilə əlaqələndirir, işin xarakterini müəyyənləşdirir. Məktəbəqədər yaşlı uşaqlarda həyat təcrübəsinin zənginləşməsi, musiqi dinləmə təcrübəsi, musiqinin qavranılması daha müxtəlif təəssüratlara səbəb olur.
Lakin musiqinin qavranılma keyfiyyəti təkcə yaşla bağlı deyil. İnkişaf etməmiş qavrayış səthidir. Yetkinlərdə də ola bilər. Qavramanın keyfiyyəti əsasən zövq və maraqlardan asılıdır. Əgər insan “qeyri-musiqili” mühitdə böyüyübsə, onda çox vaxt “ciddi” musiqiyə qarşı mənfi münasibət formalaşır. Əgər insan uşaqlıqdan onda ifadə olunan hisslərlə empatiya qurmağa öyrəşmirsə, belə musiqi emosional reaksiya doğurmur.
Sənət əsərlərinin qavranılmasında həm duyğular, həm də təfəkkür iştirak edir. Musiqi dinləyərkən emosional komponentin rolu xüsusilə böyükdür. Əgər insanın qavrayışı inkişaf etmişsə, o, bir dinləmə ilə belə musiqinin mənasını dərk edir. Təkrar dinləmə ilə qavranılan musiqi obrazı dərinləşir, əsər yeni cəhətlərlə açılır. Uşaqlıqda, musiqini qavramaq təcrübəsi hələ kiçik olanda, bir qayda olaraq, əsərin qavranılmasının daha mənalı və hiss olunması üçün bir neçə dinləmə tələb olunur. Buna görə də, məktəbəqədər uşaqların musiqi qavrayışını inkişaf etdirmək, onu öyrətmək çox lazımdır.
Hər hansı bir dilin mənimsənilməsi erkən uşaqlıqdan başlayır. Musiqi dili də istisna deyil. Müşahidələr göstərir ki, gənc uşaqlar İ.S.Bax, A.Vivaldi, V.A.Motsart, F.Şubert və digər bəstəkarların qədim musiqilərini – sakit, mehriban, oynaq və şən dinləməkdən həzz alırlar. Ritmik musiqiyə qeyri-iradi hərəkətlərlə reaksiya verirlər. Musiqinin qavranılması təkcə dinləməklə deyil, həm də musiqi ifası – oxumaq, musiqi və ritmik hərəkətlər, musiqi alətlərində ifa etməklə həyata keçirilir.
Musiqinin nüanslarındakı fərq uşaqlarda kiçik yaşlardan formalaşır. Buna görə də musiqi qavrayışının inkişafı bütün fəaliyyət növləri vasitəsilə həyata keçirilməlidir. Musiqi dinləmək hər şeydən əvvəl gəlir. Mahnı və ya rəqs etməzdən əvvəl uşaq musiqiyə qulaq asır. Uşaqlıqdan müxtəlif musiqi təəssüratları alan uşaq xalq klassik və müasir musiqisinin intonasiya dilinə öyrəşir, üslubuna görə fərqli musiqini qavramaq təcrübəsi toplayır, müxtəlif dövrlərin “intonasiya lüğətini” dərk edir.
Məktəbəqədər uşaqlıq dövründə tanış intonasiya dairəsi genişlənir, möhkəmlənir, üstünlüklər üzə çıxır, musiqi zövqünün və bütövlükdə musiqi mədəniyyətinin başlanğıcları formalaşır.
ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!