Kateqoriya arxivləri: “QIZIL QƏLƏM”

ZAUR USTAC – QIRMIZI YARPAQLI AĞAC

 Zaur Ustacın hekayəsi

QIRMIZI YARPAQLI AĞAC
(hekayət)
2021-ci ilin adi payız günlərindən biri idi. Əslində bəlkə də bu gün heç adi gün deyil, sadəcə belə deməyə öyrənmişik. Payızın artıq son günləri olmasına rəğmən günəşli gün idi. Kimlər üçünsə gün hələ indi başlasa da mən onu artıq demək olar ki, tamamlamışdm. Dünən axşamdan iş başındayam. Artıq yorulduğumu hiss edib telefonda saata baxdım. 03.12.2021 Cümə günü 10:01. Mən yazı masamın arxasında oturanda hələ 02.12.2021 idi. Artıq buz kimi olmuş çayımın son damlalarını da udumlayıb, masadan qalxdım. Əlimdə fincan mətbəxə keçdim. Fincanı yaxalayıb, başı aşağı mətbəx masasındakı məcməyiyə qoydum və pəncərədən küçəyə, daha doğrusu havaya baxmağa başladım. Hava adama gəl-gəl deyirdi. Nazik qara yelliyimi geyinib aşağı düşdüm. Hava o qədər xoş idi ki, başıma nəsə qoymağa ehtiyac duymadım. Gəzə-gəzə gəlib Akademiya Bağına çatdım. Bura demək olar ki, Bakının gözü sayıla biləcək əsas xiyabanlarından birinin başlanğıcında yerləşən böyük bağdır. Həm Elmlər Akademiyası metro stansiyası, həm də Elmlər Akademiyası özü və bir çox institutları bu ərazidə yerləşir. Səhər-axşam bu bağda çoxlu sayda insanların gəzişdiyini görmək olar. Pandemiya ilə əlaqədar sərt karantin günlərində bağa giriş yasaqlansa da hal-hazırda elə bir qadağa yoxdur. İnsanlar yenə səhər-axşam maneəsiz olaraq burada öz ehtiyaclarını ödəyirlər. Necə deyərlər şəhərin ən ucqar guşələrindən maşınlarla bu bağda gəzməyə gələnlər də daxil olmaqla yaxın ətrafda yaşayan insanlar bu bağda gəzməyi sözün əsl mənasında hələ anasının qarnında öyrənir və uşaq arabasından başlamış ta əlil arabasına qədər bütün həyatı boyu davam edir. Bu bağda adax-çiçək eləməyi, qaçmağı, şeir əzbərləməyi, sevişməyi, şeir yazmağı, qocalmağı öyrənirlər. Bir sözlə bu bağ elə əsl həyat məktəbi, akademiyasıdır. Mənim də digər insanlardan elə bir fərqim yoxdur. Ən azı gündə bir dəfə, ya səhər, ya da axşam bu bağda təxminən 2 saat gəzməsəm olmaz. Müxtəlif səbəblərdən əgər bu gəzinti alınmasa, sanki həmin gün tamamlanmamış qalır. Adətim üzrə Texniki Universitet tərəfdən bağa girib öz marşrut istiqamətimdə hərəkətə başladım. Adətən bağa girən kimi telefonda saata baxıram, 10:20 idi. İynəyarpaqların altından keçəndə payız hiss olunmasa da, tut, palıd, qaraağaclar olan hissəyə çatanda günəş şüaları altında daha da cazibədar görünən sarılı, qırmızılı müxtəlif rəngli yarpaqlar insanın ruhunu oxşayır. Qeyri-iradi nə vaxtsa yazdığım şeirdən “Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl…” misralarını xatırladım. Payızın qıpqırmızı yarpaqlarla bəzəyib amansız qışın görüşünə hazırladığı orta boylu bir ağacın altında dayandım. Hələ məktəbli vaxtlarımdan botanika və coğrafiya fənlərindən həmişə “5” alsam da bu ağacın adını yadıma sala bilmədim. Sadəcə onun görünüşü, bu halı diqqətimi həmişə cəlb edirdi. Mən də onun yanından keçəndə ayaq saxlar, səsizcə iki doğma şəxs kimi dərdləşər, sonra da sükutla, bir az da hüznlə ayrılardıq. Son günlər, yəni yarpaqları qızarmağa başlayandan hər bu ağacı görən kimi artıq uzun müddət üzərində işlədiyim, bir türlü bitirə bilmədiyim “Generalın ölümü” povesti, daha doğrusu oradakı ümumiləşdirilmiş zabit obrazı gəlib durur gözümün qabağında… Qarlı qışı qarşılamağa qırmızı yarpaqlarla bəzənib-düzənmiş halda hazırlaşmış, yaşıl vaxtlarından daha ötkəm, daha qürurlu olan bu ağacı əsərimin qəhrəmanına bənzədirdim. “Deyirəm, bu zabit peşəsi də çox qəribə peşədir, bir ömür boyu əlləşib-vuruşub, min bir əziyyət bahasına nə vaxt səni haqlayacaq güllənin görüşünə hazırlaşırsan… Eynən amansız qarlı qışın görüşünə qırmızı yarpaqlarla bəzənib-düzənib hazırlaşan bu adsız ağac kimi…” – düşünə-düşünə adsız ağacdan aralanıb yoluma marşrut üzrə davam edirdim ki, ani olaraq gözümə sataşan mənzərə diqqətimi cəlb etdi. Orta boylu dolu bir oğlan ondan nisbətən hündür şumal digər bir cavanın əlindən tutub addım atmasına, yeriməsinə yardım etməyə çalışırdı. Əslində buna əlindən tutmaq demək olmazdı. İkisi də hardasa yaşıd olardılar. Orta boylu oğlan bütün bədəni və var gücü ilə ucaboylu oğlana dayaq olmağa çalışsa da bu onda yaxşı alınmırdı. Açıq-aydın hiss olunurdu ki, gücü çatmır. Qardaşa da oxşamırdılar. Tamam fərqli fizionomiyaya malik iki şəxs idi. Hətta elə ilk baxışdaca ayrı-ayrı millətin nümayəndələri olduğu aydın sezilirdi. Nə qədər arıqlamış olsa da qarabuğdayı hündür oğlanın şux qaməti, əzələli bədənli, bir az da zəhimli görünüşü sarıyanız ortaboylu, dolu bədənli oğlandan çox fərqlənirdi. Sarıyanız oğlanın “…ha qeyrət, ha qeyrət qardaş” kəlmələri aydın eşidilirdi. Qarabuğdayı hündür oğlan isə böyük tərəddüdlər içərisində nə qədər addım atmağa çalışsa da bu onda heç cür alınmırdı. Yaxınlıqda ağ maşın dayanmışdı. Sarıyanız ortaboylu oğlan arada qanrılıb maşına tərəf baxır nəsə narahat görünürdü. “Yəqin ki, ondan düşüblər” fikri keçdi eynimdən. Onların tuşuna çatana qədər:
“Qazi qardaş, səndələmə, mətin ol,
Bu torpağın altı, üstü sənindir!
Addımını ürəklə at, şax yeri,
Bu torpağın altı, üstü sənindir!
* * *
Altda qalan, “üzü bərkdir” deyilən,
Yerli-yersiz harda gəldi söyülən,
Dağı, daşı “əppək” kimi yeyilən,
Bu torpağın altı, üstü sənindir!”
Bu misralar süzülüb keçdi ruhumun süzgəcindən. Sarıyanızın “Qardaş, qardaş”- deyə məni haylaması ilham pərisini hürkütdüyünə görə şeir yarımçıq qaldı. Oğlanın yəqin ki, artıq üçüncü “Qardaş”ı idi ki, məni sanki yuxudan oyatdı. “Qardaş, zəhmət olmasa yardım et.”- mən onların tuşuna çatıb dayananda sarıyanız oğlan bir daha mənə müraciət etdi. Cəld dönüb onlara tərəf getdim. Və çata-çata: “Salam! Allah köməyiniz olsun! Necə yardımçı ola bilərəm?”- deyə soruşdum.
– Zəhmət olmasa, siz qardaşın qolundan ikicə dəqiqəlik tutun, mən maşının yük yerindən bir-iki şey götürməliyəm. Həm də hələ qapıları bağlamamışam. Maşın sovetin istehsalı olan ağ rəngli “06” idi.
– Buyurun. – deyə ucaboylu oğlanın qolundan yapışdım. Və elə o an belə saxlaya bilməyəcəyimi anlayıb eynən sarıyanız oğlan kimi bütün bədənimlə dayaq duraraq bu işgəncənin nə vaxt bitəcəyini gözləməyə başladım. Oğlanın nə qədər zəif və gücsüz olmasına baxmayaraq, hazırlıqlı adam olması hər halından bəli idi. Məlum döyüşlərdə yaralanıb-yaralanmadığını dəqiqləşdirmək istəyim nə qədər güclü olsa da, marağımı boğurdum. Ancaq oğlanın üzündəki ifadə sadəcə: “Dost, niyə belə üzgünsən?”- ifadəsinin lap deyə dilimdən çıxmasına səbəb oldu.
– Deyiləsi dərd deyil, müəllim. Boş ver. – dedi və çətinliklə olsa da yavaş-yavaş addımlamağa başladıq.
– Yenə də. – deyə sözgəlişi yenə soruşdum. Müsahibim arada yüngülcə səndələsə də getdikcə addımlarını yeyinləşdirir, daha ürəkli təsir bağışlayırdı.
– Nə bilim, Vallah.
– Allah köməyiniz olsun. Özünüzü sıxmayın. Həm də paylaşmaq adama yüngüllük gətirir. Bir də görürəm, hərbçiyə oxşayırsınız. Allah bütün mərd oğullara kömək olsun.
– Nədən bildiniz ki, hərbçiyəm?
– Sizdə zabit qaməti var. Hərtərəfli hazırlıqlı adama oxşayırsınız.
– Bəli, zabitəm.
– Rütbəniz?
– Kapitan.
– Məlum hadisələrdə hansı tərəfdə idiniz?
– Füzuli cəbhəsində idim. Elə ilk gün yaralandım. Heç nə edə bilmədim. Neçə illər əziyyət çək, əlləş-vuruş gözlə və o gün gəlsin sən heç nə edə bilmə. Tam səmimi deyirəm. Yaralanmağıma, bu halıma deyil, məhz belə alınmasına çox üzülürəm.
– Buna görə belə dilxorsunuz? Bir ildən çox vaxt keçib. Şükür Allaha torpaqlarımız qayıdıb. Siz iştirak edə bilməsəniz də, sizin zabitlər, əsgərlər bu məsələni həll etdilər. Üzqaramızı təmizlədilər. Bir də hərənin öz missiyası var bu həyatda, üzülməyə dəyməz.
– Tək o deyil. Yəqin, xəbəriniz var helikopter qəzasından?
– Bəli, əlbəttə. Çox üzüldüm. 14 şəhidimiz və 2 yaralımız var. Bəzi xəbərlərdə 4 yaralı da deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
– Amin. Bu televiziya, mətbuat adamı lap dəli edir.
– Nə olub ki? – dolayısı ilə də olsa özümü bu tayfadan hesab etdiyimə görə iradın üzümə deyiməsi məni lap müttəhim yerinə qoymuşdu.
– Yəqin, fikir vermisiniz, siyahıda hərbçilərin arasında lap sonda işçi deyə təqdim olunan bir nəfər var?
– Bəli, soyadını unutdum, ancaq belə bir adam var. Özü də deyirlər məşhur adam olub. Polkovnikdir.
– Bəli, polkovnik. Qəhrəman. Mərd. Qorxmaz. Bilirsiniz, belə insanları olduğu kimi təqdim edib tnıtmağa heç doğru-düzgün söz də yoxdur. Bəlkə də var mən bilmirəm.
– Haqlısınız. Hərdən belə məsələlər olur. Yəqin, tələsik siyahı istəyəndə rəsmi məlumatlar əsasında belə tərtib olunub. Bunu ancaq belə izah etmək oar. Deməli, əsl narahatçılığınız bu səbəbdəndir? – Bu vaxt sarıyanızın yük yerini tappıltı ilə örtməsi ikimizin də eyni vaxta maşına tərəf baxmağımıza səbəb oldu. Onun bir əlində “06” nın yük yerindən çıxardığı qatlama kətil, digərində top və çiynində yüngül yorğan kimi bir örtük var idi. Sarıyanızın əllərinin dolu olduğundan kapitana bir az da yoldaşlıq etməli oldum. Sarıyanız gəlib bizə çatanda kapitan sözünə davam etdi:
– Xeyr. Təsadüf deyil… Bax, görürsünüz bu qatlama kətili? 1 ildən artıq vaxt keçib. Allahın əlil arabasını ala bilməmişik. Əlil demişkən. Hələ heç əlillik də təyin olunmayıb. Ancaq, bilirsinz məni üzən, qorxudan əsas məsələ bunların heç biri deyil.
– Bəs nədir sizi belə narahat edən?
– Qorxuram ki, sabah Allah eləmımiş bir şey olsa, məsələn, lap elə bu bağda yıxıldım başım dəydi səkiyə, və ya – bu vaxt bağın içndəki yolda döngəni sürətlə dönüb siqnal verən xarici markalı maşını işarə edərək – maşın vurdu öldüm. Onda deyəcəklər bu gün Elmlər Bağında bir “əlil” ölüb. Hə, mütləq əgər xəbər verən olsa, bax belə verəcək. “Əlil” ölüb. Həlak olanlardan biri “işçi” olub… nəsə, boş ver müəllim. Sizi də yordum. Haqqınızı halal edin.
– Bu nə sözdür, cənab kapitan, borcumuzdur. – Hiss etdim ki, “cənab kapitan” ifadəsi qarabuğdayı oğlanın ürəyinə yağ kimi yayıldı. Bəti-bənizi açıldı. – Buyurun. Halal, halal xoş. Allah köməyiniz olsun. Bu ara qatlama kətili yerə qoyub telefonla rus dilində danışan sarıyanıza işarə edərək:
– Dostum deyəsən rusdur? – deyə soruşdum.
– Bəli. Atası da anası da rusdur. Bakılıdır. Uşaqlıqdan bir məhlədə böyümüşük. O qədər dost-tanışdan ən çətin günlərimdə mənə dayaq olan, həmişə yanımda olub dəstək verən təkcə bu oldu. Adı İqordur.
– Bəs sizin adınız necə oldu? Bayaqdan gəzirik heç soruşmadım.
– Adım Çingizdir. Çingiz.
– Çingiz, üzr istəyirəm. Bəlkə yersiz sualdır. Qardaşınız yoxdur?
– Xeyr . Tək uşağam. Bilirsiniz atam da hərbçi olub. O da kapitan rütbəsində Birinci Qarabağ Müharibəsində yaralanmışdı. Mənim 7 yaşım olanda rəhmətə getdi. Uşaq olsam da onun yaralarına görə acılar içində necə əzab-əziyyət çəkə-çəkə necə yaşadığını, can verdiyini unuda bilmirəm. Deyəsən məni də eyni aqibət gözləyir.
– Hansı idə anadan olmusunuz, Çingiz müəllim?
– 20 yanvar 1990 – cı il. Özü də bilirsiniz harada?
– Harada?
– Kamçatkada. Atam orada xidmət edirmiş. 20 yanvar hadisələrindən sonra mən lap körpə olanda qayıdıb Bakıya. Sonra da müharibə. Və sizə danışdığım kimi. Bax belə, müəllim. Bəs sizin adınız necə oldu? Yəqin daha burada tez-tez rastlaşacağıq.
– Mənim adım Vahiddir. Vahid Dilsiz.
– Hə eşitmişəm. Deməli Vahid müəllim sizsiniz. Çox sağ olun! Yenə siz arada-bərədə hərbçilərin problemlərindən yazırsınız. Allah sizdən razı olsun.
– Minnətdarm. Siz sağ olun. Sizin etdiklərinizin yanında bizimkilər heç nədir.
– Elə deməyin. Bayaq siz özünüz dediniz axı, hər kəsin öz missiyası var.
– Elədir. – Bu vaxt telefonla danışıb qurtaran İqor qatlama kətili yoldan bir az kənarda ağacların altında açaraq, çiynindəki örtüyü də üstünə atıb bizə tərəf yaxınlaşdı. Çingizi İqora təhvil verib: – Hələlik. Siz demiş yəqin tez-tez burada görüşəcəyik. – deyib marşrut üzrə dövrə vurmağa başladım. Mən dövrə vurduqca “əlil” və “işçi” kəlmələri də burğu kimi beynimə işləyirdi.

Son.
03.12.2021 – Bakı ş.


Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Zəfər günü” tədbirləri davam edir – Nəzakət Kərimova (Əhmədova)

“ZƏFƏR GÜNÜ” TƏDBİRLƏRİ DAVAM EDİR
Azərbaycan- İraq Mədəni Əlaqələr İB-nin sədri, Dünya Sülh səfiri, BMT-nin üzvü Tahirə xanım Məmmədovanın təşəbbüsü ilə İB-in ofisində “Zəfər günü” keçirildi. Görüşdə vaxtilə SSRİ Ali Sovetinin deputatı olmuş” Qırmızı Əmək Bayrağı” və “Oktyabr İnqilabı” ordenləri ilə təltif olunmuş əmək veteranı Zivər Əli qızı Səfərova Ümummilli Liderimiz Heydər Əliyevlə olan şəxsi görüşlərindən, ona adi bir fəhlə olaraq verdiyi dəyərdən, Ali Sovetə deputat seçildiyindən çox həyəcanla, xoş günlərindən gözəl görüş iştirakçılarına məlumat verdi. O, danışdıqca həmin anları bizə də yaşatdı. Bayram münasibətilə hamını təbrik etdi. Görüşdə Moskvadan dəvət olunmuş İlqar İsmayılovun da çıxışı maraqlı oldu. O, ölkəmizdən kənarda müxtəlif ölkə və şəhərlərin diasporlarındakı görüşlərindən, çıxışlarından böyük maraq və həyəcanla danışdı. Təşkilatdan faydalı məsləhətlər aldı. Yaşadığı Şuşa şəhərindəki uşaqlığından Füzulinin Horadiz qəsəbəsindəki xoş günlərindən söhbət açaraq oraya gedəcəyini bildirdi. Təşkilatın sədri Tahirə xanım xatirə olaraq ona özünün yazdığı “Qarabağ dünən və bu gün” kitabını və “Güllələnmiş ,Viran edilmiş Qarabağ mədəniyyəti” sənədli filminin diskini hədiyyə olaraq təqdim etdi. Görüşdə Püstə Rəvan “Həkəri” qəzetinin baş redaktoru ,Azərbaycan İraq Mədəni Əlaqələr İB-nin mətbuat xidmətinin rəhbəri Rauf İlyasov, ”Elm və təhsil” jurnalının baş redaktoru tanınmış jurnalist Pərixanım Mikayıl qızı Muradova, Nəcibə Ağamalıyeva və başqa qonaqlar maraqlı çıxışları ilə yadda qaldılar. “Təzadlar“ qəzetinin məsul işçisi Elçin Məmmədli Söhrab Tahirlə olan görüşündən kadrları nümayiş etdirməklə Məmməd Arazın ”Ana“ şeirini coşğu ilə söylədi. Pərixanım Muradovanın “Şəhid mundiri” və Firudin bəy Köçərliyə həsr etdiyi kitabların təqdimatı oldu. Onun 109 şəhidə həsr etdiyi 22 bənddən ibarət şeirindən bir parçanı sizlərlə bölüşmək istəyirəm:
“Adları düzülüb baxın yan yana,
Can qurban etdilər Azərbaycana.
Hansını söyləyim,hansını deyim,
Gör neçə igidim susuz verib can.
Hansı şəhidimdən, qazimdəm yazım?
Xudayar, Cəbrayıl, Daşqınmı deyim,
Yoxsa ki, Teymuru deyim, ağlayIm?
Hansı qəhrəmanının adını çəkim?
Azər, Muxtar, Munis, Rəşadmı deyim?
Babaxan, Asiman, Elşadmı deyim?
Səyyad, Rufizim, Cavidan balam,
Nakam iki qardaş İmanla Bəhram.
Dünyaya bir gəlib, bir də getdilər,
Analar qəlbini viran etdilər.
Ruslan, Ramil, Nicat, Abbas, Elməddin,
Elnur, Yasər, Qüdrət, Mənsur, Tacəddin.
Elməddin, Nurlan, Mirzə, Kamil, Hafiz, İntiqam ,
Dönmədi geriyə dedi qana – qan.
Bilmirəm hansının adın söyləyim,
Başıma haranın külün ələyim?
Vüsalı, Elvini, Ceyhunu deyim?
Yoxsa Kamran, Həmdəm, Şahmurad deyim?
Hər şəhid evində ana ağlayır.
Nakam qız, gəlinlər şəhidlərinə
Saçların ağardıb, qara bağlayır. “
Sonda Tahirə xanım Zivər xanıma və Pəri xanıma təşkilatın üzvlük vəsiqəsini təqdim edərək tədbir iştirakçılarına minnətdarlığını bildirdi. İNK-nın sədri, ictimai xadim Rasim Məmmədov tədbir iştirakçılarını salamlayıb onlara işlərində uğurlar dilədi.


Müəllif:
 Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

İNK-nın Abşeron rayonu üzrə sədri,  “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

“The Gift of the Magi” – O. Henry

“THE GİFT OF THE MAGİ” – O. HENRY


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSTAFA MÜSEYİBOĞLU

MUSTAFA MÜSEYİBOĞLU

Bu gün Mustafa Müseyiboğlunun doğum günüdür…

Mustafa Müseyiboğlu – Mustafayev Mustafa Müseyib oğlu 1 dekabr 1952 – ci ildə Ağdam rayonun Yusifcanlı kəndində anadan olub. Keçmiş ittifaqın müxtəlif təhsil müəssisələrində təhsil alıb. Uzun illər sənaye və kənd təsərrüfatı sahələrində müxtəlif vəzifələrdə çalışıb. Dəfələrlə xalq deputatları Sovetinin deputatı seçilib. Keçmiş ittifaqın ilk icarədarlarından biri kimi 40 hektar torpaq icarəyə götürərək müstəqil idarə etdiyi özünün təsərrüfatını yaratmışdır. Demək olar ki, mətbuat yayımı kataloqundakı bütün nəşrlərə abunə olar, yeni nəşr olunan kitabları birinci çapından mütləq əldə edərdi. Daim axtarışda olan, eksperimentdən qorxmayan yenilikçi idarəçi kimi tanınıb. Ədəbi yaradıcılıqla məşğul olub. Gizir ədəbi təxəllüsündən istifadə edib. Məlum hadisələr nəticəsində ədəbi irsi Ağdam rayonu, Yusifcanlı kəndində qalaraq məhv olmuşdur. Yazdıqlarından Zaur Ustacın şəxsi arxivində məktubları və sadəcə iki şeiri qorunub saxlanılır. Ağdamın, Qarabağın işğalı ilə heç cürə barışa bilmirdi. 29 dekabr 2018-ci ildə Bakı şəhərində vəfat edib. Ağdam rayonu, Yusifcanlı II kənd qəbiristanlığında (Əfətli) dəfn olunub. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

MUSTAFA MÜSEYİBOĞLUNUN YAZILARI


“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN” JURNALININ 36 – CI SAYI İŞIQ ÜZÜ GÖRÜB

“Xəzan” jurnalı

“XƏZAN” – 36
Jurnalın növbəti – noyabr (oktyabr-noyabr, 2021) sayı… İlk dəfə oxuyacağınız bədii əsərlər, ədəbi şərhlər, publisistik təhlillər…
“XƏZAN” ədəbi-bədii jurnalının oktyabr-noyabr, 2021 sayı çapdan çıxıb. Sıra sayına görə 36-cı nömrəsi hesab olunan 130 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Jurnalın redaksiya heyəti şair Şahməmməd Dağlaroğlunun 65, yazıçı Mahir Qabiloğlunun 55 yaşının tamam olması münasibətilə onları təbrik edib. Bu münasibətlə Şahməmməd Dağlaroğlunun yaradıcılığına işıq salan Hacıməmməd Məmmədovun “Sənətkar ömrü, vətəndaş taleyi, qibləsini sevgisində tapan şair” və Mahir Qabiloğlunun yaradıcılığından bəhs olunan ədəbi tənqidçi Vaqif Osmanovun “Ədəbi mühitdə Mahir Qabiloğlu dəsti-xətti” yazıları jurnalda yer alıb. Eyni zamanda Şahməmməd Dağlaroğlunun 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Döyüşən sətirlər” kitabı haqqında Hacıməmməd Məmmədovun “Öz izi, öz yolu olan şair” yazısını da bu qəbildən hesab etmək olar.
Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Quyruqlu hərif” məqaləsində son dövrlər müasir Azərbaycan ədəbiyyatına ipucu verə biləcək şüuraltı mesajlar mövcuddur.
Rəna Mirzəliyeva “Möcüzəli Tanrı payı – Musa Yaqub” məqaləsində xalq şairinin ildönümündə təəssüratlarını bölüşüb, qismən də olsa xalq şairinin yaradıcılığına nəzər salıb. Nəcibə İlkinin “Tarixi qələbəmizin ədəbi irsi” məqaləsində Naibə Yusifin “Gülün yarpıza dönsün” romanı haqqında qeydləri yer alıb. Zaur Ustacın “Nuranə Rafailqızının sözünün nuru” və Vaqif Osmanovun “Soy-kökə söykənən poeziya, Gülnarə İsrafil yaradıcılığına bir baxış” məqalələrində hər iki şairin yaradıcılıqlarından bəhs olunur. Əli bəy Azərinin “Keşməkeşli taleli şair – Bəxtiyar Kavanlı” məqaləsində isə 29 ildir ki, doğma yurdundan didərgin düşmüş bir şair-müəllim-döyüşçünün keşməkeşli həyatından söhbət açılır.
2021-ci ilin Nizami Gəncəvi ili elan olunmasına rəğmən Əsmər Cəfərlinin “Nizami Gəncəvi məktəbi” məqaləsində dahi mütəfəkkirin yaradıcılığı və cəmiyyətin müsbət yönümdə inkişafına böyük töhfə olacaq məsələlər işıqlandırılıb. Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması istiqamətində jurnalda yer alan Şəlalə Nəsirlinin “Aşıq yaradıcılığında Aşıq Ələsgər zirvəsi” məqaləsində böyük sənətkarın keçdiyi yaradıcılıq yolundan və onun keşməkeşli həyatından bəzi məqamlar qeyd olunur.
Poeziya bölməsində şair Süleyman Abdulla, Şahməmməd Dağlaroğlu, Hafiz Əlimərdanlı, Xaliq Azadi, Ələsgər Talıboğlu, Vüsal Ağayev, Şərqiyyə Balacanlı, Mahir Cavadlı, Ramiz İsmayıl, Bəxtiyar Kavanlı, Əbülfəz Muxtaroğlu, Röyal Məmmədovun şeirləri və Budaq Təhməzlə Ələddin İncəlinin deyişmələri jurnalın bu sayına rəngarənglik qatıb. Ağdam Ədəbi Mühitinin təqdimatında Almaz Alıqızının, Nadir Ağdamlının, Nizami Kolanılının, Nazilə Nihanın və Mehri Ağdamlının şeirləri də jurnalda yer alıb.
Nəsr bölməsində çox güclü, hətta demək olar ki, müasir Azərbaycan ədəbiyyatının incilərindən hesab olunacaq əsərlər yer almışdır. Dostəli Nərimanoğlunun “Bir kişi ömrü” elegiyasında Dədə Qorqudsayağı haray çəkilir. Hələ də müəyyən bölgələrin düşmən əsarəti altında olduğu Vətənin qurtuluşuna diqqət çəkilir. Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” hekayəsində Azərbaycanlı oğluna ərə gələn erməni qızının dəhşətli fitnə-fəsadlarından bəhs olunur. Naibə Yusifin “Üşüyürəm, ana” hekayəsində bir şəhidin həyatına nur salınıb. Fərhad Əsgərovun (Ramizoğlunun) “Demokratik iclas” və “Vicdanlı baba”, Sülhiyyə Musa qızının “Yuva” və Əli bəy Azərinin “Quş südü” hekayələrində milli problemlərimizdən, insan-zaman-yaşam faktorunun incə məqamlarına toxunulub.
Jurnalda elmi araşdırma, tədqiqat materiallarının nəticəsi kimi elmi məqalələr də yer alıb. Buna Dilbər Rzayevanın ““Arı” jurnalının nəşri tarixi və ədəbi-ictimai mənzərə”, Orxan Əhlimanlının
“Atəşgah məbədi – keçmişdən bu günə”, Sevda Rüstəmlinin ““Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun inkişaf mərhələsi” və Abutalıb Turabovun “Müasir Azərbaycan təhsilinin tarixi Azərbaycan Xalq Cümhuriyyəti təhsili tarixinin davamıdır” məqalələri buna əyani sübutdur.
Hacıməmməd Məmmədovun Eldar Əliyevlə birgə hazırladığı “Həyata ürəyi ilə baxan adam” məqaləsində bir el ağsaqqalından danışılır.
Aida Qasımovanın “Şuşam mənim” və Natəvan Quliyevanın “Ömrə yazılan 44 gün” məqalələrində 44 günlük Vətən Müharibəsinin xatirələri qeyd olunur.
Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.
Xoş gəlib.

“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ayxan Hüseynli – Şeirlər

Ayxan HÜSEYNLİ – şair.

Dua elə…

Bir gün tək qalanda,

          bir vərəq götür, bir də ki qələm…

Aç sinəni, bax qəlbinə

             gördüklərini başla,

                           vərəqə köçürməyə.

Gördüklərin həqiqətdir,

                  həqiqəti təsvir elə.

Bütün qəlblər bir ziynətdir,

                    zərgərini təsvir elə.

Orda vicdan görəcəksən,

                    yeri, yurdu bəlli deyil.

Orda insaf görəcəksən,

                    sağı, solu bəlli deyil.

Mərhəmət, ləyaqət,

                      mətanət görəcəksən,

Dağılıbdır, hərəsi bir tərəfə,

Vəfa gizlənibdir, deyə

                       yer tapmırlar özlərinə.

Səni möhkəm üzəcəkdir,

                        məhəbbətin acizliyi,

saxta hisslər hökmrandır,

                         bəzəyibdir səadəti.

Yaz bunları o vərəqə,

                     vərəqə bax, dua elə…

Qalibi mən, məğlubu mən…

Mən yazmışam…

Həqiqəti yalanların arasında incə-incə

Oxumuşam doğruları,

              yalnışların arasında bircə-bircə.

Mən bilmişəm…

                  ədalətdə tərəzinin haqq tərəfin

Mən görmüşəm…

Mən etmişəm…

Niyə axı hər cümlədə “mən” demişəm.

Mənsiz olmaz bu fikirlər?!

Yazırmışlar həqiqəti

               yalanların arasında incə-incə,

Oxumuşlar doğruları

                 yalnışların arasında bircə-bircə.

Bilirmişlər…

                ədalətdə tərəzinin haqq tərəfin.

Görürmüşlər…

Edirmişlər…

Demək mənsiz

                         yazılarmış həqiqətdə,

                         bilinərmiş ədalətdə.

Onda niyə gərək,

            bu qədər məndən demək???

Bəlkə vardır daxilimdə,

Məni məndən sorğulayan.

Müsbət məni, mənfi məndən

                    ayırd edib vurğulayan.

Qoy savaşsın daxilimdə

                           mənlər daim,

qalibi mən, məğlubu mən

                               olum qaim…

                                                                                                        

Müəllif: Ayxan HÜSEYNLİ

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, Doktorant.

AYXAN HÜSEYNLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – Həyat dərsi

Leyla YAŞAR – yazar.

HƏYAT DƏRSİ
Bəzən bezərsən ,bəzən yorularsan, səssizcə için – için aglıyarsan, yorularsan ,doyarsan ,amma əl çəkə bilməzsən !
Təkliyə çəkilib düşünərsən, dagı.arana, aranı daga daşıyarsan ,xəyallara dalarsan ,xatirələrlə dalaşarsan ,yenə də sakitləşib susarsan.
Bəzən hər şeydə özünü ,bəzən də başqalarını günahlandırıb taleyindən küsərsən.
Axtararsan – axtararsan çıxış yolu tapmazsan,ümüdsüzlüklə çırpışarsan, göz yaşlarını sel kimi axıdarsan qəhərdə bogularsan ,yenə də güclənib ayaga durarsan.
Çox qəribədi , dostum , həyatla dalaşa – dalaşa ,onu pisləyə – pisləyə sevərsən.
Səni agladar,amma yenə də yüyüyrüb onu qucaqlayarsan.
Heç buraxmaq istəmızsən onu, o səni buraxsa belə.
Birdən o qədər yorularsanki ,keşkə ölsəm canım qurtara deyərsən, amma barmagına bir tikan batan kimi tez çıxardıb sarıyarsan.
Ölümdən o qədər qorxarsanki ,həyatın yaşatdıqlarını bir saniyədə unudarsan.
Sevgidə xəyanət görərsən ,dostdan xəyanət görərsən , dogmalardan pislik görərsən ,amma yenə də həyatdı deyib keçərsən.
Əzilərsən,əyilərsən ,amma sınmazsan .
Büdrəyərsən, yıxılarsan ,qalxıb axsayarsan, sonda yüyürməyi bacararsan .
Həyat bir dünyadı , səni yaşadan dünya. Səni var edən dünya!
Həyat səni agladar dostum, aglıyarsan, göz yaşın qurumamış silərsən gülümsünərsən..
Həyat aglamaqdı ,həyat yıxılmaqdı , əzilməkdi ,düşməkdi ,qalxmaqdı dostum!
Yıxılarsan yenidən durarsan ,yenidən yıxılarsan ,yenidən tutunarsan durarsan …
Həyat sevməkdi ,sevgidi dostum!
Həyat xəyanətdi ,yara üstündə qaysaqdı ,dostum!
Həyat unutmaqdı,unudulmaqdı,xatırlamaqdı, xatirədi ,dostum!
Həyat boşluqdu,həyat xəyaldı,həyat ümüddü ,həyat çıraqdı, dostum!
Həyat mübarizədii, həyat iradədi ,həyat dözümdü, dostum!
Görəcəyin heç nədən qorxma ,dostum.
Bezəcəksən ,yorulacaqsan susacaqsan ,qışqıracaqsan , yıxılacaqsan ,duracaqsan amma yaşayacaqsan ,dostum!
Həyat devizin bu, nə qədər küssəndə ,aglasan da ,bezsən də mübarizəni yanından heç yerə buraxma.
Ürəyində sevgi ,yanında ümid ,üzündə sevinc ,amacın yaşamaq olsun , dostum !

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İmdat Avşar – ƏJDƏR OLUN AZƏRBAYCAN VƏ TÜRKİYƏ SEVGİSİ

ƏJDƏR OLUN AZƏRBAYCAN VƏ TÜRKİYƏ SEVGİSİ

Azərbaycana bağlılığım, Azərbaycan ədəbiyyatına sevgim ilk gənclik illərimdən başlayıb. Təbii ki, o dövrdə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etmək bizim üçün olduqca çətin idi. Üstəlik əlimizdə olan əsərlər kiril əlifbası ilə çap olunduğundan oxumağımı daha da çətinləşdirirdi. Elə buna görə 1987-ci ildə universitetə ​​qəbul olduğum ərəfədə oturub bir həftə içində kiril əlifbasını öyrəndim. Bu əlifba ilə oxuduğum ilk əsər “Çağdaş Azərbaycan povesti” adlı maraqlı bir kitab idi. Orada Anar, Mövlud Süleymanlı, İsi Məlikzadə, Elçin və başqa yazıçıların hekayələri toplanmışdı. Əlifbanı təzəcə öyrəndiyim üçün ibtidai sinif şagirdi kimi hecalaya-hecalaya oxuduğum  “Quyu”, “Dəyirman” və “Dantenin yubileyi” adlı əsərlər hələ də xatirimdədir.

O illərdə Türkiyədə yayımlanan, indi mənim baş redaktoru olduğum “Türk ədəbiyyatı” və “Qardaş ədəbiyyatlar” dərgilərində şeirləri dərc olunan Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza, Məmməd Aslan, Məmməd Araz, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub kimi şairlərin bir çox şeirlərini də əzbərləmişdim.

Bizim nəslin tələbəlik çağı – universitet illəri Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrə, siyasət və iqtisadiyyat baxımından keşməkeşli illərə təsadüf edib. Həmin dönəmdə Azərbaycanda baş verən hadisələri, Birinci Qarabağ müharibəsi ilə başlayan fəlakətləri ürək ağrısı ilə izləyirdim. O illərdə Azərbaycana dəstək üçün təşkil etdiyimiz mitinqlərdə  atəşli nitq söyləyənlərdən biri də mən olmuşam.

Azərbaycana, Azərbaycan ədəbiyyatına sevgim sonsuz idi. Azərbaycanı heç görməsəm də, hekayə və romanlarda təsvir olunan yerlərin adlarını, xüsusiyyətlərini, tarixini, hətta  taleyini belə öyrənmişdim. İçərişəhər, Sınıq minarə, Xəzər, Bakı bulvarı, Qız qalası, Atəşgah, Yanar dağ, hətta Neft buruqları… Qalaaltı, Narın qala, Xudafərin körpüsü, Ağdam, Füzuli, Şuşa, İsa bulağı, Cıdırdüzü, Gəncə, Cavad xanın şəhid olduğu Gəncə qalası, İmamzadə məscidi, Şamaxı, Gülüstan…  Dəli Kür, Xan Araz, ceyranların su içdiyi bulaqlar, Qəçrəş meşələri…

         2000-ci illərdə isə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etməklə yanaşı, demək olar ki, bir çox yazıçı və şairlərin ən azı bir-iki əsərini oxumaq, hətta çox sevdiyim və yalnız adını eşitdiyim yazıçılar, şairlər, alimlərlə yaxından tanış olub dostluq etmək nəsibim oldu. Anar, Elçin, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub, Sabir Sarvan, Fikrət Qoca, Abbas Abdulla, Fikrət Sadıq, Ramiz Rövşən, Rəşad Məcid, Səlim Babullaoğlu, Aslan Quliyev, Elçin Hüseynbəyli, Eyvaz Zeynalov kimi şair və yazıçılar; İsa Həbibbəyli, Kamal Abdulla, Rahid Ulusel, Abuzər Bağırov və başqa elm adamları…

Bütün bunlarla yanaşı, Əjdər Olun  mənim ürəyimdə çox xüsusi və əvəzolunmaz bir yeri var. Əjdər Ol mənə Azərbaycanı qarış-qarış gəzdirdi, adını andığım bütün şəhərlərə, qəsəbələrə, hətta kəndlərə apardı…  Mən ondan Azərbaycanın tarixini, taleyini, etnoqrafiyasını, Azərbaycan xalqının başına gətirilən müsibətləri öyrəndim. Onun bələdçiliyi ilə etdiyimiz səfərlərdə Azərbaycan təbiətinin bütün gözəlliklərini seyr etdim. O, mənə Azərbaycan şairlərini misra-misra; Azərbaycan yazıçılarını sətir-sətir oxutdu…

Mən Nizamini, Xaqanini, Nəsimini, Füzulini, Sabiri, Vahidi onunla səfərlərimizdə yol boyu əzbərdən söylədiyi və şərh etdiyi beytlərlə daha dərindən dərk etdim. Onun nəql etdiyi səhnələrlə Azərbaycanın teatr xadimlərinə, rəssamlarına, onların sənət əsərlərinə aşiq oldum. Onun sayəsində çağdaş Azərbaycan poeziyasının və nəsrinin dərinliklərinə bələd oldum. O, mənə Azərbaycan musiqisini, təsviri sənətini bütün incəlikləri, təfərrüatı ilə tanıtdı. Onun izahları ilə aşıq havalarını və muğam sənətini bir-birindən ayıra bildim. Onun köməyi ilə Habil Əliyev kimi ustad bir sənətkarla tanış oldum. Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib” povestini və  komediyalarını Əjdərin dəstəyi və təşfiqi ilə türk dilinə çevirdim.

Azərbaycanın sovet dövründəki mürəkkəb ictimai tarixini, müstəqillik dövründəki siyasi hadisələrin arxa fonunu onun son dərəcə dəqiq və yerində təhlilləri ilə  kəşf etdim. Mən Ulu Öndər Heydər Əliyevin dühasını, onun siyasətinin incəliklərini Əjdən Oldan öyrəndim.

Onun bir çox dilə, o cümlədən türkcəyə çevirdiyim “Əjdər Olun Kitabı” (Azərbaycan lətifələri) başda Heydər Əliyev olmaqla, Azərbaycanın ictimai-siyasi xadimlərinin müxtəlif hadisələrlə bağlı aforizmlərini; Azərbaycan şair, yazıçı və incəsənət adamlarının zərif yumoristik məqamlarını; Azərbaycan xalqının müdrik şəxsiyyətlərinin hazırcavablıqlarını və rəngarəng Azərbaycan mənzərələrini oxucuların gözü qarşısında sərgiləməkdədir.

“Portret Hekayələri” kitabında işıq üzü görən əsərlər isə bir çox yazıçı, şair və incəsənət xadimlərini müxtəlif maraqlı yönləriylə təqdim edən möhtəşəm hekayələrdir. Klassik ədəbiyyatımızda təzkirə ənənəsini davam etdirən Əjdər Olun “Portret hekayələri” sanki çağdaş-satirik təzkirələr silsiləsidir…

Onun türkcəyə çevirdiyim “Səhra Komandirinin meymunu” və “Tütün limanı” adlı kitablarında yer alan hekayələri son dövr Azərbaycan ədəbiyyatının ən gözəl nəsr nümunələridir. Əjdər Ol bu hekayələrdəki obrazlar, bəhs etdiyi mövzular, təsvir etdiyi sosial-ictimai məsələlərdə Azərbaycan mühitinə xas insan mənzərələrini bədii boyaların ahəngində bir rəssam incəliyi ilə yaratmışdır.

Onun türkcəyə tərcümə etdiyim, lakin hələ çap etdirmədiyim “Lo” romanında hadisələr 1986-cı ildə baş vermiş və SSRİ-nin dağılmasına səbəb olan Çernobıl faciəsinin təsviri ilə başlayır. Siyasi hadisələri özündə ehtiva edən, Azərbaycanın müstəqillik yolundan bəhs edən bu roman o dövrün sosioloji mənzərələrini son dərəcə realist prizmadan əks etdirir. Bu roman müstəqillik dövrü Azərbaycan tarixinin ən yaxşı portretidir. Sənədli roman xüsusiyyətini daşıyan bu əsər oxucuya o dövrün siyasi hadisələrini, şəxsiyyətlərini düzgün qiymətləndirmək imkanı verir. “Lo” romanını oxuyandan sonra mən bir həqiqəti öyrəndim və dərindən dərk etdim ki, hadisələr və şəxsiyyətlər xarici aləmdən, kənardan göründüyü kimi deyil. Məsələlərin daxili mahiyyəti, batinindəki məna kənardan zahiri görünənlə həmişə eyni olmur.

Əjdər Olun nəsrini bilməyənlər onu Türkiyədə daha çox şair kimi tanıyır. Əjdərin şeirləri Türkiyədə onlarla jurnalda dərc olunub. Mən onun şeirlərindəki vətən, millət sevgisini, misralarındakı poetik sadəlövhlüyü dərindən duyuram. Həssas oxucu onun şeirlərindəki birinci Qarabağ müharibəsində işğal olunan, itirilən torpaqların acısıyla, vətənin dərdindən, kədərindən doğan ağrılarını görə, duya bilir. Əminəm ki, indi o, böyük zəfərlə, qələbə ilə azad edilmiş vətənin azadlığını, millətin sevincini tərənnüm etməkdədir…

Biz Əjdərlə ildə bir dəfə Azərbaycanı, bir dəfə Türkiyəni gəzirdik. Azərbaycanın hər rayonunu Əjdərin bələdçiliyi ilə tanıdığımı demişdim. Etiraf edim ki, Türkiyənin bəzi şəhərlərini də onun sayəsində tanıdım. Əjdər hər gələndə bir rayon seçər, ən azı bir həftə o rayon və şəhərlərə birgə səyahət edərdik. Mən daha öncə heç görmədiyim Urfa, Mardin, Diyarbəkir, Qaziantep, Kilis, Osmaniyə, Hatay, Təkirdağ və Ədirnə şəhərlərini Əjdər Ol sayəsində gəzdim, gördüm.

Türkiyənin bu gözəl şəhərləri haqqında Əjdərin  çoxlu xatirə yazıları, ürəyaçan misraları var. İndi bir əhvalatı xatırlayıram. Bir yay günü Sivasa – Qazi Bürhanəddinin qurduğu dövlətin paytaxtına səfər etmişdik… Oradakı memarlıq abidələrini gəzdikdən sonra bir qədər söhbət etdik. Sözün açığı, onun Qazi Bürhanəddin haqqında bildiyi, danışdığı, tuyuğlarından əzbər dediyi parçalar  məni çox təəccübləndirdi…  Ramazan ayı idi, şam yeməyi ərəfəsində bir restorana girdik. Şəhər əhalisi şəhər meydanına toplaşmışdı.  Restoranlarda böyük sükut hökm sürürdü. Oruc tutmasaq da, yeməyə başlamaq üçün hamı kimi iftar topunun atılmasını, axşam azanının oxunmasını gözləyirdik. Birdən top atıldı və azan səsləndi. Elə bir təlatüm yaranmışdı ki, boşqablara toxunan qaşıq və çəngəl  səsləri bütün səsləri boğurdu. Əjdər Olun bu səhnə qarşısında zarafatla dediklərini heç vaxt unutmuram: “Buna bax, ee! Üç yüz min adamı olan şəhər yemək-içmək üçün  mollanın azanına bənd imiş! Hələ bu səslərə bax! Eşidən də deyər ki, Əmir Teymurla Qazi Bürhanəddinin qoşunları vuruşur!”

Əjdər OL Türkiyəni də, Azərbaycanı da, bütövlükdə Türk Dünyasını çox sevən adamdır. Birlikdə Kiprə, Qazaxıstana, başqa türk ellərinə səfərlərimiz zamanı getdiyimiz hər yerdə onunla türk yurdları, türk tarixi, türk mədəniyyətləri haqqında dərindən söhbətlər etmişik.

Əjdər Olun əsərləri Türk dünyasında böyük mükafatlara layiq görülmüşdü. Türkiyədə “Qəzənfər Müəllimgilin Şuşa yürüşü”  hekayəsi ilə  “II Beynəlxalq Kaşğarlı Mahmut Hekayə Yarışması”nda birincilik qazanmışdı. O qədər vicdanlı, xeyirxah və yardımsevər bir dost idi ki, həmin yarışmada aldığı pul mükafatının böyük bir hissəsini Türk Dünyasının müxtəlif ölkələrindən gələn tələbələrə və oradakı azərbaycanlılara bağışlamışdı.

Azərbaycan, Türkiyə və Türk Dünyası sevdalısı Əjdər Olun bu il Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk Dünyasına Üstün Xidmət Ödülü”nə layiq görülməsi təsadüfi bir məqam deyil, onun çoxşaxəli yaradıcılığının, gördüyü əvəzsiz işlərin və işıqlı fəaliyyətinin nəticəsidir.

Müəllf: İmdat AVŞAR

İMDAT AVŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİM – SALAM, PAYIZ!

Aytac İBRAHİM– şair, yazar.

SALAM, PAYIZ!
Salam, payız!
Yenə bizə xoş gəlmisən!
İstin yoxdur,
Soyuqlarla bol gəlmisən!
Mənə danış,
Sarı, ölmüş yarpaqlardan.
Xəzəl olub,
Ayaq altda qalanlardan.
Külək vurub,
Sındırılmış budaqlardan,
Canı yanmış,
Tənha qalan qadınlardan!
Danış mənə, şairlərdən,
Gecəyarı sərxoş olub,
Yuxarıya deyənlərdən.
Əcəl olub yuvamızda,
Şirin-şirin gülənlərdən!
Söylə mənə kimliklərdən,
Beş köpüklük mütilərdən!
Səsin yoxdur, a payız,
Bilirəm ki, gəlməyəcək.
Sənə yazdım gördüyümdən,
Ölə-ölə, bilə-bilə
Damarıma gömdüyümdən…
Di gəl, payız,
Ağrın alım…
Onsuz sən də gedəcəksən!
Salamat ol, qal hələlik
Bir gün sən də bezəcəksən…

ƏZİZİM
Daha yazılmır, əzizim,
o çiçəkli, böcəkli şeirlər …
Daha göylər də ağlamır,
quruyur həyətimizdəki güllər.
Mürəkkəb əvəzinə qan axır,
tökülür asta-asta mərmilər..
Söz deməyə dil axtarır,
bir busəyə ad axtarır.
Xoş görməyə göz axtarır,
ölür burda nakam şeirlər…
Yarısı yazılır, başdan pozulur
cırılıb atılır, qələm yorulur.
Hisslər donur, qəm sovrulur
doğulmadan ölür körpə şeirlər….
Kimlər ölmür ki, gün işığım,
kimlər getmir ki, bircəciyim …
Hamı gedir, sən getmə,
Hamı bitir, sən bitmə
Hamı ölür, sən ölmə…
Qoy sağalmasın şairlər,
Heç tükənməsin şeirlər…

KİM
İndi kimsəsizəm,bir az da cəllad,
İçimdəki fəryadı boğmağım gəlir.
Gözlərim kövrəlib,damlalar durğun,
Çıxıb hər kəsimdən getməyim gəlir.
* * *
Əllərim boş qalıb,gözlərim sərxoş,
Güzgüdən əksimə gülməyim gəlir.
Nə pismiş fələyin qisas oyunu,
Torpaqla qol-boyun yatmağım gəlir.

ELƏ BİL Kİ…
Elə bil ki,
Milyon ilin ölüsü uyuyub içimdə,
Paltarlarım təptəzə, asılqandan asılmış
Geyinməyim yox,
Nemətlər düzülmüş sıra ilə önümdə,
Yeyib-içməyim yox.
Ayaqqablarım gəzilməyə hazır,
Düz pilləkənin dibində,
Getməyim yox.
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.
* * *
Hardan gəlib tapdı məni bu mirət
Tank kimi üstündən keçdi ömrümün
İliklərimə qatışıb, qandı bu mirət
Axır ki sonuna çıxdı ömrümün.
* * *
Tənhalığın ipin çəkdim, atdım ocağa
Ki bəlkə şadlığımı mənə qaytara
Bəlkə sıxıntıdan yaxam qurtara
Döndüm ki,çarə yox, döz, a bəxti qara!
* * *
Yarımadım dostumdan,nə tanışımdan
Bezmişəm dünyanın pis axışından.
Hər kəsimin yerinə utanıram yaşımdan
Neçə zillət çəkmiş bu səbirsiz başımdan.
* * *
Gəl,
Gəl dəymə bu bəndənin xətrinə
Səndən ömür istəmirəm,gün istəmirəm
Bircə harayına yetiş duamın
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zərövşən Babayeva – TƏHSİLDƏ STEAM METODUNUN TƏTBİQİ PERSPEKTİVLƏRİ

Zərövşən Babayeva, Naxçıvan Dövlət Universitetinin dosenti, dr.zarifbabayeva@yahoo.com

TƏHSİLDƏ STEAM METODUNUN TƏTBİQİ PERSPEKTİVLƏRİ

Rəqəmsal həyat tərzinin üstünlük təşkil etdiyi bu günlərdə artıq baza bilikləri ilə dünyaya çıxa bilmərik. Həyatın bütün sahələrində işlər: maddi-texniki baza, banklar, təhsil sahəsi, tibbi qurumlar, iqtisadi münasibətlərdə yeni dünya düzəninə uyğun qurulmalıdır. Bunun üçün əsas yük orta və ali məktəblərin üzərinə düşür. Çünki cəmiyyəti idarə edənlər və edəcək insan potensialı, mütəxəssis kadrları məhz təhsil sahəsinin nailiyyətləri kimi qiymətləndirilməlidir. Son illər yaşadığımız gözlənilməz hadisələr, fəlakətlər insan və cəmiyyət həyatında uzaqgörən dəyişikliklər edilməsini zərurətə çevirmişdir.

Yeni dövr artıq hazır bilikləri əzbərləməklə inkişafa nail olmağın qeyri-mümkünlüyünü göstərir. İndi cəmiyyət –

  • coğrafi xəritədə ölkələrin əhali sayını bilən, yerləşməsini göstərən;
  • bioloji bilikləri, canlıların anatomik-morfoloji quruluşunu sadəcə öyrənən;
  • ədəbiyyatdan yazıçı, şairlərin həyatını, əsərlərini oxuyan gəncliklə: şagird, tələbə, magistr, doktorantla yeni həyata ayaq uydura bilməyəcək.

XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, öyrəndiyi biliklər bazasından istifadə edərək yeni biliklərin kəşfinə yönəlmiş, analiz-sintez qabiliyyəti, fərqli fəaliyyət potensialına sahib olan, xəyal qurmağı bacaran və ona çatmağa çalışan mütəxəssislərlə ciddi rəqabətə davam gətirərək Ayda və Marsda yeni həyat qurmağı düşünürlər. Lakin bütün səviyyələrdə istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiyaların tətbiqi kifayət etmir. Təhsildə, cəmiyyətdə keyfiyyət dəyişikliyinə nail olmaq üçün İnsan amilini yüksək qiymətləndirmək, təhsil taksonomiyalarından düzgün istifadə etmək vacibdir. Təhsil işçilərinə, öyrədənlərə sərbəst fəaliyyət imkanlarının verilməsi, lazımi maddi-texniki bazanın təmin edilməsi də nəzərdən qaçırılmamamlıdır.

 Əsas məsələlərdən biri bütün sahələrdən olan aparıcı mütəxəssislərin işini qiymətləndirmək, gənc nəsli daha yaradıcı olmağa istiqamətləndirmək, bunun üçün münbit şərait yaratmaq, öyrənənlərin öyrəndiklərinə tənqidi yanaşma bacarığı formalaşdırmaqdır. Bu işdə öyrədən-öyrənən münasibətlərindən çox şey asılıdır. Müəllim öz peşəsini sevərək, gələcəyin yaradıcı insanını yetişdirməyə maraqlı olmalıdır. Analitik düşünməli, idrak fəallığını artırmaq üçün bütün yollardan istifadə etməlidir. Bilik dediyimiz məfhum sorğulanarsa inkişaf edəcəkdir. Belə olmasaydı qədim dövrlərdən əsası qoyulan biologiya elmi günümüzdəki inkişafına çata bilməz, həmçinin tibb elmi özünün pik səviyyəsinə çatmaz, qədim, orta və intibah dövrlərində müxtəlif bioloq və həkimlərin əməyi boşa çıxardı. Təkcə insan orqanizminin anatomik-morfoloji quruluşunun öyrənilməsi, daxili orqanlarının həcmi və formasının öyrənilməsi üçün biologiya elmi ən çətin, qanlı, keşməkeşli yollardan keçmişdir. Vaxtilə bu sahəyə maraq göstərən o zamankı araşdırmaçılar həyatları bahasına biologiya elminə, tibb sahəsinə möhtəşəm töhfələr vermişlər. Qan köçürmənin tarixi isə özünəməxsus çətinliklərlə, etaplarla indiki 4 qan qrupunun kəşfinə qədər uzun yol keçmişdir. Ölməkdə olan insana quzu qanı köçürüb ölümdən xilas edən də, sonrakı cəhdlərin uğursuz alınmasına görə qanköçürməni qanunla qadağan edən də indi sahib olduğimuz dünyanın o zamankı hər şeyə maraqlı, xəyalpərəst, tənqidi-yaradıcı düşünən insanları olmuşdur. Məlumdur ki, bütün elm sahələrində müxtəlif maraqlı faktlar vardır. Bu faktlar İnsan oğlunun bitib tükənməyən marağının qarşısında durula bilinməyəcəyini göstərir.

Son illər həyatımızda, bütün fəaliyyət sahəsində baş verən yeniliklər (texnologiyalar, müasir metodlar və s.) həyatın sirlərini öyrənməklə məhdudlaşmayıb, öyrənməni daha cazib hala gətirmişdir. Bu layihələrdən biri də STEAM layihəsidir. STEM ingilis dilində Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyat (Math) sözlərinin qısaltmasıdır. Termin ilk dəfə ABŞ Milli Elm Qurumu (U.S. National Science Foundation) tərəfindən 2001-ci ildə SMET olaraq bir neçə fənn və bacarığın inteqrasiyasından ibarət olan peşələri ifadə etmək üçün istifadə olunub. Daha sonra bioloq Cudit Ramili (Judith Ramaley) tərəfindən STEM olaraq dəyişdirilib (Hallinen, 2016). Qısaltmaya daha sonra incəsənət/sənət ənasına gələn “Art”-da əlavə olundu (STEAM və ya STEM+A). STEM və STEAM arasındakı əsas fərq, STEM elmi anlayışlara daha çox diqqət yetirir. STEAM -də elmi anlayışları araşdırır, lakin bunu yaradıcılıq prosesində istifadə edilən sorğu və problemə-həll etməyə əsaslanan təlim metodları vasitəsilə edir (Wade-Leeuwen, 2018).

STEM tədris metodu ad olaraq yeni olsa da, təhsil sahəsində yeni bir yanaşma deyil və tədris-təlim məşğələlərinə yaradıcı yanaşan yenilikçi metodistlər tərəfindən  müxtəlif platformalarda təbliğ edilmiş, hazırda təkmilləşdirmə mərhələsindədir. İnteqrasiyalı təhsil yüksək peşəkarlıq tələb etdiyindən yalnız  XX əsrin 80-ci illərində qabaqcıl ölkələrdə tətbiq edilməyə başlandı. STEM-i əsas populyarlaşdıran isə 2009-cu ildə ABŞ-ın STEM təhsil formasını strategiya kimi qəbul edib bu sahəyə böyük investisiya qoyması ilə başladı. Nəticədə qeyd olunan sahə üzrə elmi tətqiqatların və məhsulların sayı artdı və böyük kütlələr üçün əlçatan oldu. Əksər peşələr birdən artıq fənn/sahə üzrə bilik tələb etdiyindən orta əsrlərdən etibarən ali təhsil verən müəssisələrdə fənlər əlaqəli olaraq tədris edilməyə çalışılırdı. 2000-ci illərin başlanğıcından Naxçıvan Dövlət Universitetində elmi tədqiqatlarımızın bu istiqamətdə  – biologiyanın tədrisində fənlərarası, fənndaxili, nəntiqi-tənqidi təfəkkürün inkişafı, yaradıcı tətbiqetməyə üstünlük verilmişdir (Babayeva Z). 2017-ci ildə Fəlsəfə doktorluğu, 2017-ci ildə elmlər doktorluğu dissertasiyasında bioloji təhsildə, ümumiyyətlə təhsil sahəsində baş verən keyfiyyət dəyişikliklərinin düzgün istiqamətdə tətbiqi imkanlarını işləyib hazırlamış, dərslik, dərs vəsaiti, monoqrafiyalar hazırlamışıq. Bu illər ərzində Naxçıvan Dövlət Universitetində yaradılmış yüksək keyfiyyətli təhsil təminatı sayəsində əvvəllər çətinlik çəkdiyimiz sahələrdə geniş imkanlar qazanaraq XXI əsr təhsil sferasına uyğun fəaliyyət planına sahib olmuşuq.

STEAM metodu – Layihə əsaslı öyrənmə – PBL (Project Based Learning), Fənlərarası inteqrasiya və fənlərararası öyrənmə (Interdisciplinary&Cross-dissplinary), Araşdırma əsaslı öyrənmə (Inquiry Based Learning),  Oyun əsaslı öyrənmə (Gamification), Analogiyaya əsaslanan öyrənmə (Learning by Analogies), Mobil əsaslı öyrənmə (Mobile learning), Tinkering- kiçik dəyişikliklər etməklə, düzəltməyə əsaslanan öyrənmə metodları ilə təhsil sahəsində öyrətmə-öyrənmə prosesini durğunluqdan çıxarıb yaradıcılıq fəaliyyətinə çevirməyə xidmət göstərir. 2019-2020-ci tədris ilinin əvvəlindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə tətbiqinə başlanılan “STEAM” layihəsinin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşüncə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir: “STEAM metadologiyalarının əsasında duran Layihə əsaslı öyrənmə (PBL), təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif  həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır.

Artıq Yeni Dünya Düzənində baza təhsili ilə gözlənilməz sürprizlərdən sığortalanmaq üçün cəmiyyətlərə hər vəziyyətdən çıxma yollarını düşünüb tapa bilən, aldığı nəzəri bilikləri düzgün, insanlıq naminə tətbiq edə bilən mütəxəssislər hazırlamağa məhkumuq. Dünyada baş verən son hadisələr bunu sübut edir.

Hazırkı təhsil sistemində STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutan təhsil sisteminə/metoduna verilən addır. STEAM təhsil metodu 5 əsas meyarın birgə təşkilidir: Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyat (Math). STEAM məhz bu meyarların birgə və inteqrasiya olunmuş formada tədrisi ideyası üzərində qurulub.

            STEM təhsil metodunun müsbət cəhətləri – STEM təhsil metodu/sistemi düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir:

  • Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar  vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür (Leite, Walter L.; Svinicki, Marilla; Shi, Yuying (April 2010).
  • Yaradıcılıq – «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, biz övladlarımıza onları maşınlardan fərqləndirəcək nəsə öyrətməliyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qalma şansları olacaq» (Whiting, 2019). Yaradıcılıq insanı digər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır.
  • Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miqyaslı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
  • Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar formasında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda yoldaşlarının işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırırlar. Bundan başqa, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
  • Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layihənin nəticəsi ilə bağlı hesabat və ya prezentasiya (təqdimat) ilə yekunlaşır.
  • Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksiyasını da yerinə yetirir, qrupa/layihəyə rəhbərlik edir, qərarlar alırlar. Nəticədə şagirdlərdə liderlik bacarıqları inkişaf edir.
  • İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır. Yuxarıda qeyd edilən bütün bacarıqlar şagirləri səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlamış olur.

Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətiirilən yeniliklərin tətbiqi də müəyyən problemlərlə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də vardır:

  • Sahə üzrə önə çıxan çətinliklərdən, əsasən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar.
  • STEM dərslərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir. Təəssüf ki, nəinki Azərbaycanda, hətta bir çox qabaqcıl ölkələrdə belə qeyd olunan problem var. Nəticədə STEM tədris metodunu bütün yaş qrupları üzrə tədris proqramına cəlb edən dövlət yoxdur.

Əlavə olaraq, STEM tədris metodu şagirlərlə yanaşı, valideyinlərin də prosesə aktiv iştirakını tələb edir. Dərslər sinif otaqlarında yekunlaşmır. Məsələn, valideynin şagirdin evdə tapşırıq olaraq həyata keçirdiyi müşahidə və ya təcrübəyə qoşulması, onunla müzakirə aparması tələb oluna bilir. Valideyn olaraq təhsil və iş sahəsində baş verən IV sənaye inqilabına biganə qalmaq olmaz. Şagirdlərin, xüsusi ilə də, azyaşlıların qazanacağı bacarıqlar onlara iş həyatında daha sağlam mövqe tutmağa imkan verəcək. Bəs valideynlər bu istiqamətdə hansı işləri görməli:

  1. peşəkar STEM dərsləri tədris edən müəssisələrdən dəstək ala bilər;
  2. sahə ilə bağlı araşdırmalar edib müəyyən qədər övladı ilə fərdi məşğul ola bilər.

Müasir dövrdə məktəb-ailə işbirliyi qaçılmaz olmuşdur. Dəyişən Dünya düzəninə ayaq uydurmaq üçün məktəblə şagird arasındakı ünsiyyət azlıq edir, bu zəncirə ailəni, ətraf mühiti də əlavə etməklə kompleks yaradıcı əlaqə əldə etməliyik. Bunun üçün də hərtərəfli bilik-bacarığa, yaradıcılığa malik insan potensialının yetişdirilməsi üçün hər gün dəyişən texnologiyaları, metod və üsulları tətbiq edə bilən mütəxəssislər hazırlanmalıdır. STEAM təhsili də bütün bunları özündə cəmləyərək təhsilə interaktiv təlimlə gətirilən canlılığı, yaradıcılığa, kreatif fəaliyyətə, məntiqi-tənqidi düşüncənin inkişafına yönəltmişdir.

Artıq öyrənilən hər hansı bilik, bacarıq və metoda etalon kimi baxılmamalıdır – deyə düşünür və daim audi­to­­­riyalarda təkrarlayıram. Hər bir var olana məntiqi-tənqidi yanaşma bacarığı həm öyrəni­lə­nin mahiyyətinə varmağa, həm də yaradıcı tətbiqetməyə imkan yaradacaqdır. Həm­çinin təlim fəaliyyət prosesi olduğu üçün bu prosesdə öyrədən və öyrənən arasında xü­susi ünsiyyət modelləri yaranmalıdır. Buraya 3 A texnikasını aid etmək olar:

  •  Anlamaq; Anlatmaq; Anlaşmaq.

Yəni hər bir fəaliyyət prosesində anlaşmaq üçün ilk növbədə anlatmaq istədiklərimizi özümüzün anlaması əsas şərtdir. Bunun üçün  -Təhsil; Tərbiyə – nəticədir; İnkişaf.

Yəni – təlim – təhsil – tərbiyə = inkişafdır.

Konfusinin fikrinə görə: “oxumaq, oxumaq və tərəddüd etmədən təkrar etmək” daha verimli təlim hesab edilirdi. Hazırda isə o təlim səmərəli hesab olunur ki, nəinki elmi bilikləri öyrənmək, həmçinin öyrədilənlərin yaradıcı tətbiqi vacib sayılır. Müasir dövr öyrənənləri biliklərin saxlanıldığı papka formatından çıxarıb tədris prosesinin fəal iştirakçılarına çevirmək, biliklərin həyata tətbiqində perspektivli hesab edilir. Xüsusilə də “Canlı müşahidədən mücərrd təfəkkürə, sonra təcrübədə tətbiqetmə” biologiyanın tədrisində xüsusi əhəmiyyət kəsb edir. Təhsilalma və təhsilvermə elə bir prosesdir ki, burada bir neçə komponent bir­lik­də iştirak etməlidir: bilik, bacarıq, vərdiş. Bunların bir-biri ilə əlaqəsi isə nəti­cə­də arzuolunan təhsili formalaşdırır.

        STEAM təhsili 2021-2022-ci tədris ilində ölkə üzrə 302 ümumtəhsil məktəbi və  15 STEAM Mərkəzindən ümumilikdə 100 minə yaxın şagirdi əhatə edəcəkdir: “Qeyd olunan ümumtəhsil məktəblərindən 6-cı siniflər üzrə 37087, 7-ci siniflər üzrə 18468, 8-ci siniflər üzrə 6995 şagird olmaqla ümumilikdə 62550 şagird “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş  aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə STEAM dərslərinin tədrisinə cəlb olunacaqlar.

            STEAM metodunun geniş yayılıb səmərəliliyinin artırılması üçün beynəlxalq və respublikadaxili treyninqlərin keçirilməsi, müəllimlərin bu layihədə iştirakı həm təcrübə mübadiləsi üçün şərait yaradır, həm də dünyagörüşün zənginləşməsi, təhsil müəssisələri işçilərinin müzakirələrdə fikirlərinin alınması təhsil sahəsinə öz töhfəsini verir. Bu sahədə işlər davam etməkdədir. Perspektiv plan kimi “STEAM Mərkəzlərinin yerləşdiyi ərazi, həmçinin ətraf regionlarda sıxlıq nəzərə alınmaqla hər bir mərkəz üzrə 1000-3000, ümumilikdə il ərzində 34000 şagirdin prosesə cəlbi nəzərdə tutulmuşdur. Ümimilikdə, STEAM tədris prosesinə cəlb olunmuş müəllim və şagird fəaliyyətinin izlənməsi, tədris materiallarının həmçinin bu istiqamətdə istifadə edilə bilinəcək müxtəlif resursların toplandığı Vahid Elektron Sistem (VES) vasitəsilə həyata keçiriləcəkdir. STEAM layihəsinin fəaliyyəti steam.edu.az portalı, eləcədə layihənin rəsmi  sosial şəbəkə səhifələri vasitəsilə izləyicilərlə əlaqə yaradır.

            Naxçıvan Dövlət Universiteti ilklərə imza atması ilə, yeniliklərə hər zaman açıq olması ilə hər zaman fərqlənmiş, bu sahədə işlərini davam etdirir. Bu ildən STEAM metodu seçmə fənn kimi tədris yükünə daxil edilmiş, universitetdə STARTAP, ENACTUS kimi layihələrin davamı olaraq sınaqdan keçirilərək tələbələrin böyük marağına səbəb olmuşdur. STEAM metodunun ali məktəbdə tədrisi, düşünürük ki, istər müəllimlik ixtisası tələbələri, istərsə də digər ixtisasda təhsil alanlar üçün gələcək işlərində yeni layihələr üzərində işləmək üçün stimul, motivasiya rolunu oynayacaq. Universitetin nəzdində dövlətimizin xüsusi qayğısı ilə STEAM mərkəzinin tikilişi və bu sahədə aparılan işlər, universitet rəhbərliyinin universitetdəki yenidənqurma, təhsil-tədris prosesinin keyfiyyətinin qaldırılmasındakı səyləri də xüsusi qeyd edilməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 7 iyun tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu tədris metodunun məqsədi şagirdlərin bacarıqlarını düzgün istiqamətə yönəltmək, fənlər arasındakı fərqi aradan qaldırmaq və bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməkdən ibarətdir. Dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən STEAM təlim metodu 2020-2021-ci tədris ilindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində də tətbiq olunur. Bu məqsədlə STEAM kabinələri yaradılır, müəllimlər STEAM təlimlərinə cəlb olunur. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb və mərkəzin təqdimatı keçirilib.

Mərkəz müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 10 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro:bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və digər materiallarla tam təmin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrini genişləndirilərək dünyanın 130-dan çox universiteti ilə həmçinin, Türkiyənin 80-dək ali təhsil ocağı ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılmışdır. Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili öz müsbət bəhrələrini verir. Naxçıvan Dövlət Universitetində yeniliklərdən biri də ingilis dilində İqtisadiyyat ixtisasının tədrisi uğurla nəticələnmiş, ingilis dilində yeni yaradılacaq Tibb ixtisası üçün də ikili diplom proqramının təşkil edilməsi isə müzakirə olunan məsələlərdəndir.

Naxçıvan Dövlət Universitetinin bu yaxınlarda dünyanın ən yaxşı universitetləri sırasında yer alması da təsadüfi deyildir. Azərbaycan Respublikası rəhbərliyinin, Naxçıvan Ali Məclisi Sədrinin birbaşa qayğısını öz üzərində daim hiss edən universitet kollektivi Qarabağ Zəfərimizin 1-ci ildönümündə öz işlərini bundan sonra da layiqincə yerinə yetirmək əzmindədir. Yaxın gələcəkdə Şuşada, Ağdamda konfranslarda, simposimlarda yeni layihələrlə iştirak etmək üçün dünya standartları səviyyəsində təhsil mühiti yaratmağa çalışan Naxçıvan ziyalıları gündən-günə inkişaf edən Azərbaycanın cənnət diyarında hələ Azərbaycan elminə, təhsilinə, dövlətçiliyinə çox töhfələr verəcəkdir.

Müəllif: Zərövşən BABAYEVA

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru