BELƏDİR İnsan robot deyil ki, Həmişə düz işləsin. Sadə məntiq deyir ki, Səhvi olur hər kəsin. * * * Bu səhvlərin içində İtib-batan çox olar. Hamısı bir biçimdə, Olmur, çaşan yox olar. * * * Çalışırıq hamıda Qüsur tapaq, səhv tutaq. Ağzımızda tamı da Az qalır ki, unudaq. * * * Bu dünyanın gərdişi Bizi maraqlandırmaz. Bir insanın səhv işi Qəti bizi yandırmaz. * * * Acımasa xəmiri, Küt gedəcək kündələr. Yola verər ömürü, Saf, əlacsız bəndələr. * * * Ağıllı baş seçilər, Düz əməli, işiylə. Yaşandıqca kiçilər Dərd, ağıllı kişiylə. * * * Bu dünya hamı üçün Gör-götür dünyasıdı. Baxın, yaşayın, keçin, Həyat ömrün yasıdı.
AQİL ABBAS – 70 Günəşə at çapan oğlan… Balacalar mətbəxdə qurdalanırlar yanımda. Qurdalanmaq həm də onları maraqlandıran suallar yaranıb deməkdir… Hər şey haqqında – atasının, əmisinin uşaqlığından, özlərinin evə gətirilməyindən, bizim onları nə qədər sevməyimizdən və… Birdən soruşurlar ki, babaları mənə evlənməyi necə təklif edib… Və harda? Niyə belə təfərrüatlar maraqlandırır onları? Mən də xatırlaya-xatırlaya danışıram… *** Universitetin uzun dəhlizi gəlir gözlərim önünə – pəncərəyə söykənib söhbətləşirik tələbə yoldaşlarımla… Boylanıb bizə baxan oğlan çəkir diqqətimi. İri gözlü, uzun qara kirpikli və bir az da yekəxana görkəmli… İlıq oktyabr ayıdır… 1979-cu ilin oktyabrı… Evimiz o zaman Lenin prospekti adlanan yerdə idi – indi o bina yoxdu. Söküblər… Axşam çağı ev telefonuna zəng gəlir (Zatən, o vaxtlar mobil rabitə mövcud deyildi). Tələbə yoldaşımdı – Mənsur Vəliyev – deyir ki, mümkündüsə yarım saatlıq aşağı, həyətə düşüm. Deyir ki, işi var mənimlə, söhbəti var… Atam rayona gedib, problem olmaz aşağı düşmək. İzah edim ki, mənim gənclik və yeniyetməlik dövrüm ağır məhbusluq zamanı idi. Əlbəttə, zarafatdı – amma hər zarafatın həm də bir həqiqət payı da var… Yəni, atam evdə olsaydı, mənim axşam vaxtı evdən aralanıb kiminləsə söhbət eləmək imkanım olmazdı, yəni, icazə verməzdilər. Anama deyirəm ki, tələbə yoldaşım gəlib, həyətdə gözləyir, işi var mənimlə. Enirəm həyətə və görürəm ki, həmin o iri gözlü, yekəxana görkəmli oğlan da Mənsurun yanında durub. Çox mütaliə etdiyimiz vaxtlar idi – Mənsur “Ədəbiyyat və incəsənət” qəzetində bir hekayə də göstərmişdi mənə “Şirinlik” adında. Müəllifi də Aqil Abbas idi. Belə tanımışdım iri gözlü oğlanı… İndi də bir anlıq tutuldum və baxışdıq. Yenə yekəxana ədayla Mənsura “Sən get” – dedi. “Bizim söhbətimiz var…” Həəə, o söhbətə başlayan davam edirik indiyə qədər… Noyabr ayında, ad günümdə (20 yaşım olurdu) qapının zəngini çalıb bir dəstə gül yapışdırıb qaçmışdı qapının dəstəyinə… Gülü götürdüm, anam tərs-tərs baxdı üzümə, qorxudan atdım balkona… Neçə gün qaldı orda… Aqilin də 26 yaşı vardı… Və gizli-aşkar görüşlərimiz də başladı o gündən sonra. Aqil də Kommunist küçəsinin o biri tərəfində “Elm və həyat” jurnalında işləyirdi. Mən dərsdən çıxanda baxırdım ki, hardadı? Bir də görürdüm özünü çatdırdı. Kommunist (indiki İstiqlaliyyət) küçəsində dərsdən çıxıb Lenin prospektinə evə gedirdik, pay-piyada… Yəni, birlikdə olmağa çox vaxtımız olsun deyə. Vaxt ən qiymətli anlam imiş. O vaxt anlamırdıq… *** İndi balacalar bəzi xatirələri canlandırdılar. Yadıma düşdükcə çoxunun da canlı olmadığını düşünürəm… Daha doğrusu, xatirələr canlıdı. İnsanlar sağ deyil, diri deyil. Elçilik, nişanımız, toyumuz… Evimiz olmasa da, evləndik. Ritualları yada saldıqca cəmiyyətin qiymətli, dəyərli insanları gəlir gözümün qabağına… Şair Şahmar Əkbərzadə, professor Firidun Hüseynov, yazıçı Faiq Dərgahov, Vaqif Bayatlı, Akif İslamzadə… İnqilab havası gəldi məmləkətə… Elçibəyi tanıdıq, İskəndər Həmidovla rastlaşdığım günü xatırlayıram… Aqillə İskəndər lap gənc yaşlarından dost idilər… İllər uçdu və vaxtı yeyilən ailələrdən biri də Rəna-İskəndər cütlüyü idi… Kitablar gəlməyə başladı evə – əvvəlcə jurnallarda çap olundu… “Ulduz”, “Azərbaycan”… Hə, bir də heç unutmuram, yeni romanını, “Ən xoşbəxt adamı” lap mətbəədən çıxardı çapdan baş redaktor… Xoşbəxtliyi çöndü elə bil. Sındı… Belə pərt görməmişdim. Zamanla çox oldu əlbəttə. Bilirsiz kim idi baş redaktor??? Əkrəm Əylisli! Həmin əsər bir neçə ildən sonra Respublika Komsomol mükafatına təqdim olundu və aldı da. Amma qəribədir, hamı hücum çəkəndə başını sığalladıqları susub dayandılar… Sınmağını da biz unutmuruq!!! Bir ömrü bir yazıya sığdırmaq nə çətin imiş… Fraqmentlər gəlir göz önünə… *** Sonra, sonra, sonra müharibə başladı və vaxt ora xərcləndi… 79-dan 89-a qədər nisbətən rahat yaşaya bildik. Nisbətən… Ev yox, pul-para yox, amma müharibə də yox idi… Qucağımda körpələrlə Ağdama gedişimizi xatırladım və Rəşad Məcidlə ilk tanışlığımı. Və o vaxtdan indiyə kimi bütün ağrılı və xoş günlərimizdə birlikdə oldular… Müharibənin acılarını da yanaşı yaşadılar… Müharibə isə vaxtımızı yedi, həm də Qarabağı – yerini-yurdunu bu qədər sevən biri üçün böyük yara idi. Az qala hər həftə Ağdama gedən bir insan, hər addımın, daşın-qayasın tanıyan bir insan 93-cü ildən ta İkinci Qarabağ savaşına qədər oraları görmədi… *** …Deyir, xəbər gəldi Ağdam işğal olunub, çıxıram rayona, zəng vurdular. Dedilər ki, camaat yollarda acından, susuzluqdan mələyir… Getdim çörək işinə baxan böyüklərin yanına, dedilər ki, ora yaxın zavodlara göstəriş verək, ordan götür… Getdim deyir həmin rayona, indi heç kim Ağdama getmək istəmir. Qorxurlar. Böyük pul təklif elədim, razılaşdı şofer. Evinə getdi, gəldi… Mənim də deyir dişim bağırsağımı kəsir… Nəysə getdik, bu şofer də nə tanıyır Qarabağı, aldatdım apardım ki, hələ Ağdam deyil… Çoxlu peçenye, su və çörək… Çatdıq Qərvəndə, gördük ki, Qərvənd-Bərdə yolu adamlar çılpaq, ayaqyalın, ac-susuz… Dünyanın ən Varlı Şəhərinin adamları mələşir… Gördük bir-bir paylaya bilməyəcəyik, başladıq maşından atmağa… Adamlar da havada tutur nə atırıqsa… Bunları hər xatırlayanda ağlayır… Uzaqlaşaq ağlamaqdan – məzəli söhbətlərimiz də çox olur… Deməli, bir hadisəni nəql eləyəndə o qədər təfərrüat qatır ki, söhbətə… Mənim iki dəqiqəyə anladacağım nəyisə o iyirmi dəqiqəyə danışır. Bayaqdan yol gedirik – qatarda unutduğu pencəyin xatirəsin danışır. Deməli, provodnik kupenin qapısını neçə dəfə döyüb, çayı nəynən gətirib, hansı stansiyada neçə dəfə dayanıb… Mən onun kimi danışa bilmərəm eeee… Hövsələm daraldı dedim – sonun danış görüm axırda nooldu??? Küsdü, susdu bir xeyli… Sonra yadından çıxdı ki, küsüb, yenə xatirə danışmağa başladı… Yol gedirdik… “Yoldu dana, uzanıf gedir…” Ələt postuna yaxınlaşanda uzaqdan gördüm ki, yəni, hiss elədim ki, bu serjant bizi saxlayacaq… Yoxsul göründük gözünə. Saxladı… Başladı əlindəki o nə deyirlər ona – orda qurdalanmağa. Biz də sakit baxırıq. Məşədi danışdı axır ki: – Ay oğul, nə axtarırsan? – Adın niyə burda yoxdu? – Maşın İradə İbrahimovanındı. – Həə? Sənin familiyan İbrahimovdu? Paaa, Məşədiyə belə söz haa? Sürdü getdi. Serjant da, qışqırır arxadan – əmi, dayan!!! Nəysə getdik, getdik, çatdıq Yevlax postuna. Təbii ki, saxladılar. Bir göyçək, tombuş, qırmızıyanaq serjant idi bu da. Məşədi soruşdu ki: – Nə qüsurum var, niyə saxladın? – Dayı, sənədləri yoxlayıram. Bu moment arxadan biri özünü hövlnak çatdırdı. – Aqil müəllim, fəxrimizsiz, bir qulluq, sağ-salamat, yaxşı yol… Bir xeyli iltifatlar… (Qanun pozmamışdıq haa, elə kefi istəyib saxlamışdı…) Yəqin, yuxarı heyətdən idi, ola bilər leytenant-filan… Yuxarı heyət adamları tanıyır adətən… Bəzən serjantlar da tanıyır, amma paxıllıqdan tanımayanlara yardım etmirlər… Deyirlər, qoy problem yaşasın… Hə, bir də əyalət serjantları “əmi, dayı, ağsaqqal” müraciətlərindən qurtula bilmirlər… Və əhalinin hamısı deputat deyil… Məşədi müraciəti təəccüb yaratmasın – sosial şəbəkələrdə Aqil Abbasa Məşədi deyirəm. Yəni, obrazın ismi Məşədidir… Məşədi danışıb mənə – deyir, Ağdamda “Qaz-51” şoferi vardı, axşam işdən sonra arvadını oturdurdu yanında, rayonda gəzdirirdi (Yəqin, qaranlıqda gəzdirirmiş). Bir gün də pambıq vaxtıymış, iclas gedirmiş, görüblər bir maşın siqnal verə-verə mədəniyyət evinin qabağından o baş-bu başa gedir. Soruşublar kimdi? Deyiblər filankəsin qardaşı (böyük vəzifədə işləyirmiş qardaş). İndi Məşədiynən Badamdardan Vergilər Nazirliyinə qədər gedib-gəlmişik. Sadəcə, siqnal vermədən. Ağdama kənddən ilk gəlişin danışıb – atam xalamgilə apardı, o da uşaqlarıyla birgə göndərdi uşaq bağçasına… Sən demə, orda da uşaqları zorla yatırtmaq kimi bir qayda varmış. Atam dalımca gələnə kimi ağladım deyir… Məzəli xatirələrə də ağlamaq qarışır, deyəsən… *** Yaralı xatirələr. Sevmirəm… Kütləvi olanda heç yox, ayrı-ayrılıqda… Ağaclar, kollar, duman basmış dağlar… Arada gözə dəyən əsgər, polis nəfəri… Tam şəkil yaranmır… Hava da sərindi – gəndalaş, itburnu, böyürtkən… Təbiət də vəhşiləşib… Və bizim doğma hesab etməyimiz üçün, xatirələrə qucaq açmağımız üçün orda, o xatirələrin içində doğma adamlar boy göstərməlidir… Gülablıya yol aldım – xaraba qalmış təbiət. Axmayan su… Dərilməyən meyvələr… Etiraz edir hər şey… Və bu etiraz diskomfort yaradır… Doğmalıq yaranmır… Ekskursiya yaxşıdı, amma yaralıdır… Kütləvi yaralı… Sınıqdı… Və həddindən artıq çoxdu… Hər gedib əl uzadanda yad görünür… Fikirlərim də dolaşıqdı…Uzun illər gərəkəcək bu dolaşığı çözmək… Evlərin tikilməyindən çox, minaların təmizlənməyindən çox… Məzarlıqda nə anasının, nə də qardaşının qəbrin tapa bilmədi… Müharibə onun xarakterində də başqa keyfiyyətlər yaratdı – elə bil, unutmaq istəyindən doğan və məni çox tədirgin edən. Fərqinə varmadan qadınlara və içkiyə meyil. Hərə bir yolla unutmağa çalışır… Qəribədi, heç getmək istəmədiyim bir yer idi ora… Amma ağrısını çox çəkdiyim. Yəqin ağrıdan bezmişəm. Ağrıdan qorxuram – başlayan kimi ağrıkəsici dərmanla qorunuram. Səhər ayıldım, hazırlaşmağa başladım. Evliliyimizin 40 ilin qeyd etmək, 40 ilin sərgərdanlığın silmək, 40 ilin olan-keçənlərin, ya da keçməyənlərin xatırlamaq… Ordan keçib harasa getdiyimi yadıma salıram. Sonra beynim imtina edir xatirələrdən. Körpənin birini qucağıma götürüb, o birini arabaya otuzdurub dalan uzunu getdiyim də gəlir gözümün qabağına, qonşunun qapını açıb mənə baxdığı da. Bayaq bu dağılmış küçənin, dağılmış dalanın, dağılmış barının, divarların yaxınlığında yol boyu gördüyüm şəhid şəkillərin də göz önünə gətirirəm. Üşəndirir bu mənzərə… Olmayan küçələr, olmayan evlər, olmayan şəhər. Adı qalıb ancaq… Bir də 40 illik ömür, toy günümüzdən bu günə qədər yaşatdığım, ya da içimdə dəfn etdiyim. Əslində, bu təsvirləri çox gördük, çox oxuduq. Olmayan olanlar… Olanı sevməyə nə var ki? Olmayanı nə edək? Yenidən yaranacaq, amma bu yeni şəhər olacaq. Yeni insan nəslinin yeni şəhəri. Hələlik isə dünyanın hər yerindən gələn qonaqlara köhnədən qalan türbələri, məbədləri göstərə bilirik. Deməli, tarix vacibdi. Tarixdə boşluq yarananda elə viranə evlərin boşluğundan bir fərqi yoxdu. Ağrı verir bu boşluq. Tarixin ağrısın kəsmək üçün qanın torpağa qarışmağı gərəkir… Ağ damır gözlərə ağrı çoxalanda… ***
Səyahətlərimiz çox olub… Bircə gəmiylə gəzməmişik… Avropanın, Asiyanın görməli yerlərində… İsveçrədə dağlarda şəlalələrə baxanda dedi ki: – Kəlbəcərə oxşayır… Mızıldandım, dilimi sürüyüb – həəə, – dedim… Yəni, Aqil üçün hər yer öz yurduna-yuvasına bənzəyişlə gözəldir… Mənimçün isə yaxın adamlarımla həmin yerlərdə keçirdiyim günlərlə… Sinqapurda onların yeməklərin yeyə bilmirdi – arıqladı bir xeyli qayıdanacan… Dedim bəlkə tısbağa yeyəsən??? İndi bu tısbağa sözü zarafat olub aramızda… Monteneqroda, əksinə, xoşuna gəlmişdi yeməklər – yəqin, türk nişanəsi çox idi, ondan… …İndi qeyd etməyə hazırlaşdığım 70 illikdə düşünürəm ki, vaxtımızı yeyən bu ağır dövrlərdə qarşımıza çıxan yaxşı insanlar da çox olub… Yollarımız çox olub… Gözəl yollarımız… Arzum budur – yollarımız bitməsin, yaxşı insanlar tükənməsin… Hər zamanın yeni insanları çıxır qarşımıza. Zarafatla deyirlər ki, Məşədi patronu (yəni, məni) yanıbalalı alıb, bizi də yük edib özünə… Yazının adın qoymağa da onlar kömək etdilər. Dedilər, onun obrazıdır…
Ad gününü qeyd etdiyimiz günlərdən biri idi – bacım zəng elədi, dedi ver telefonu Aqili təbrik edim… Telefonu götürən kimi – Şəlalə, bax, yaxşı ki, doğulmuşam. Yoxsa bacın qalardı evdə – dedi… Əlbəttə, yaxşı ki, doğulmusan… Böyük bir ailənin, tayfanın, yurdun ağsaqqalı… İri gözlü, uzun kirpikli oğlan… Allah möhlət versin – Ağdamda qəhərlə yox, ürəyi şad rəqs edəsən… Balacalar böyüsün!!! Günəşə at çapan oğlan!!!
İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti”
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İlyas Əfəndiyevin yaradıcılığında qadın azadlığı, qadınlıq duyğuları və onun daxilində baş qaldıran saf, pak sevgi hislərinin təsviri xüsusilə diqqəti çəkən məqamlardan biridir. Yazıçı oxucu düşüncələrini dilemma qarşısında qoyaraq, “əsərin baş qadın qəhrəmanı haqlıdır mı?” sualına yönləndirmiş, insan xislətində yaranmış spesifik cəhətlərə “Körpüsalanlar” romanında aydınlıq gətirmişdir. Əsərdə hadisələr əsasən, kənd mühitində cərəyan edir və 2 təhkiyəçinin dilindən verilir. Həmin təhkiyəçilər əsərin baş qəhrəmanları olan Səriyyə və Adildir. Yazıçı əsərin digər qəhrəmanı olan Qəribi də təhkiyəçi qismində verə bilərdi mi? Bəli, fəqət görünür, yazıçı Səriyyə-Adil xəttindəki konflikti daha qabarıq şəkildə təsvir etmək, onların daxili aləmini oxuculara açıq, aydın şəkildə çatdırmaq üçün belə bir mövqe tutur.
Səriyyənin qəlibləşmiş arzuları. Əsərin baş qadın qəhrəmanı Səriyyə zavod çilingərinin bir qızı idi. O, kənd mühitində böyümüş, yol texnikumunu bitirmiş, ali təhsilə yiyələnməmişdi. 19 yaşında tale onu Adillə qarşılaşdırmış və bu iki gənc ailə həyatı qurmuşdu. Baxmayaraq ki Səriyyə Adili sevib evlənmişdi, (bəlkə də sevmirdi) bu birillik izdivac yenicə çiçəkləndiyi kimi çox erkən də soldu, Səriyyə özü də bilmədən, Qəribə qarşı qəlbində saf duyğular bəsləməyə başladı. Onun hər hərəkətinə diqqət yetirir, hətta paltarına da nəvaziş göstərirdi. Səriyyənin daxili aləmində azad hislər yaranmışdı, onun özü də azadlıqsevər idi. “Körpüsalanlar” romanında bu, onun dilindən açıq-aşkar şəkildə verilir.
Səriyyə Adilə öz xoşu ilə ərə gəlmişdi, öz həyatından maddi cəhətdən məmnun idi. Kübar ailə mühitinə düşmüş gənc qız ərinə qarşı sadiq və hörmətli olmağa çalışırdı, ərinin ona verdiyi tövsiyələrə əməl edirdi, çünki özünü bu yeni kübar mühitində necə aparmağı dərk edə bilməmişdi. Adil onun hər bir kiçik səhvini duyub dərhal ləğv edirdi. Onun aləmində “ər” anlayışı ərinə qulluq etmək onun hər bir ehtiyaclarını qarşılamaq, sözündən çıxmamaq ona lazımi dərəcədə hörmət göstərməkdir. Həyat yoldaşı ailə qurduğu qadından onun mövqeyinin tələb etdiyi yüksəklikdə dayanmasını istəyirdi, lakin Səriyyə bunu bacara bilmirdi. Adillə arasında əsl eşqdən əsər-əlamət yox idi, onun fikri, diqqəti sadəcə bütün deyilənlərə robot kimi əməl etməklə yekunlaşırdı, çünki bu həyatı özü seçmişdi. Bəzən seçdiyi bu həyata layiq olmadığını düşüncələrindən keçirir, yoldaşının ondan daha yüksək mövqedə durmasını dilə gətirirdi. Amma hər şey Səriyyənin istədiyi kimi davam etmədi. İkiüzlü davranmaq istəmirdi. Yoldaşından bir şeyi, hətta hislərini belə gizlətmək ona ağır gəlirdi. Fikrimizcə, Səriyyə öz duyğularını tez bir zamanda müəyyən edib həyat yolunu seçməliydi və seçdi də…
Təəssüf ki Səriyyə labirintlərlə aşıb-daşan ailə mühitinə düşmüşdü. O, arzuladığı həyatı yaşaya bilmədi,öz seçimində yanıldı və bunu anlayaraq, öz sevgisinin arxasınca getdi. Qəriblə qarşılaşmaq onun yalnız daxili aləminə ruhuna qəlbinə deyil, xarici görünüşünə də sirayət etmişdi. Səriyyənin qəlbinin ehtiyaclarını ödəyən onu ehtirasla, pak hislərlə sevən, qadınlığına dəyər verən, qayğı göstərən bir adamı seçməklə həyatını, eyni zamanda ruhunu dəyişdi. Bunu onun cismi deyil, ruhu, qəlbi arzulayır, tələb edirdi. Başqa sözlə desək, azad olmaq istəyi…
Azadlıq anlayışının 3 tipi məlumdur: cismani, hissi və ağıllı azadlıq. Səriyyə hissi azadlığına qovuşdu, onun qəlbi sanki buxovlanmışdı, heç kəsin girə bilməyəcəyi qalaya çevrilmişdi. Onun bu solmuş, tükənmiş hisləri Qəribi görəndən sonra canlandı və o bu arzuolunmaz sevginin qarşısını ala bilmədi. Səriyyə axtardığı sevgini Adildə deyil,adi bir buldozerçidə tapdı.
Səriyyə nə üçün ona “sən” deməyə ərk eləmirdi? Bu utancaqlığın, çəkingənliyin əlaməti idi mi? Yoxsa Səriyyəyə qarşı yaranan bu doğmalıq, bu istilik, ya da Qəribin “yad qadına” qarşı soyuq davranışı mı onların arasında sərhəd yaradırdı ? Yoxsa daha da yaxınlaşdırırdı ? Səriyyə özü də bu sualın çətinliyi qarşısında qalmışdı. Bəlkə də gizli doğmalıq buna səbəb olmuşdu. O, özündə yaranan cəsarətli, ülvi hisləri dəf edə bilmirdi, özünə bəraət qazandırır, haqlı hesab edirdi. İnsanın bəzən sevdikləri ilə arasında müəyyən sərhəd olur və həmin sərhədi qarşı tərəf də gözləyir. Bəlkə də qarşılıqlı hislərinin arasındakı süni sərhəddir?
Digər tərəfdən belə bir sual yaranır. Səriyyə nə üçün günlük yaşamını, xüsusilə də Qəribli dəqiqələrini ən çox gecələr düşünürdü? Gecələr insan qəlbilə baş-başa qalır, qəlb nə istəyir, ağıl hansı yolu göstərir, qəlbin istədiyi şeyi ağıl idarə edir. İnsan gecələr özü ilə baş-başa qalır və ünsiyyət qurur. Səriyyə qəlbinə doğru irəliləyir, onunla bacarmırdı. Həyat yoldaşının acı taleyi Səriyyəni çox qorxudurdu . O ərinin “əsarəti” altında sıxılırdı, zincirlərdən yaxa qurtarmaq istəyirdi. Adilin ona izah etdiyi “xoşbəxtlik məfhumu”nu anlaya bilmirdi. Səriyyənin arzuladığı həyat ,istəkləri, xəyalları tamamilə Adildən yad və kənar aləmə yönəlmişdi.
Səriyyəni yelbeyin, ağılsız hesab etmək olar mı? O, vicdanı qarşısında hesab verirdi mı? Fikrimizcə, Səriyyə ailə ocağına atılmış bir “körpə”dir. Onun düşüncələrini duyğularını Adil anlamırdı. Bəlkə də qarşılıqlı münasibətdə bu yaş fərqi rol oynamırdı deyil. Bu fərq düşüncə tərzinə, dünyagörünüşünə ,sözsüz, təsir göstərirdi. (Səriyyə 19 ,Adil 31 yaşında idi) Amma insanın ağıl yaşı böyük olarsa, bioloji yaş evlilikdə rol oynamaz. Səriyyənin də ağıl yaşı Adillə müqayisədə çox az idi, ərinin düşüncələri ,arzuları, istəkləri ilə Səriyyənin xəyalları tam təzadlıq təşkil edirdi. Səriyyə Adilə sadəcə hörmət edirdi, əri onun özü ilə hesablaşmasını istəyirdi, əgər yoldaşı səssizcə narazılıq edirdisə, xanımı bunu anlamalı, özü ilə hesablaşmalı idi. Burada əsl sevgidən söhbət gedə bilməzdi. Səriyyə qəlbindəki mənəvi boşluğunu, mənəvi ehtiyaclarını Qəriblə qarşılamağa can atdı. Qərib sanki onun gözünü açdı, onun yatmış qəlbini coşa, ehtirasa gətirdi. Xoşbəxtliyin, əsl sevginin 3 açarı- qayğı diqqət və hörmətdir.
Adilin ziddiyyətli mövqeyi. Adil əsərdə ziddiyyətli mövqe tutan baş qəhrəmanlardan biridir. Ali təhsilli, ziyalı bir ailədə böyümüş, savadlı gəncdir. Səriyyəni sevib evlənmişdi. Həyatı boyu ideal bir ailə, müqəddəs həyat yoldaşı arzulayırdı. Adil istəsəydi, xanımından daha yaxşısı ilə evlənərdi, amma onun nəzərində “yaxşı” anlayışı Səriyyənin bütün varlığı ilə bağlıdır. Adilin fikrincə qızın oğlandan bir pillə aşağıda olması uğurlu evlilik həyatını şərtləndirən əsas amildir. Onun ailəsi bu izdivaca qarşı çıxsa da o öz sevgisinin arxasınca getmiş və məqsədinə nail olmuşdu. Lakin Adilin daxili aləmində yaranmış ziddiyyətli xarakter gənc mühəndisi ailə səadətindən tezliklə məhrum etdi. Adilin xarakterində müsbət keyfiyyətlər də vardı, amma onun xudpəsənd, şöhrətpərəst xüsusiyyətləri yaxşı cəhətlərini kölgədə qoyurdu. Onun bu xarakterini formalaşdıran, şübhəsiz, gördüyü ailə mühiti olub. Adildə olan neqativ keyfiyyətlər onu Səriyyədən daha da uzaqlaşdırırdı. Riyakar davranışlar, süni münasibət , məqsədli hərəkətlər Səriyyə üçün dözülməz oldu. Adilin aləmində xoşbəxtlik məfhumu tamamilə fərqli məna kəsb edirdi. O, Səriyyənin xırda “körpə” düşüncələrini cılızlaşdırır, önəmsəmirdi və ağılla, düşüncə ilə danışsa da xanımının ürəyindəki ehtiras qığılcımını alovlandırmağı bacarmırdı. Əksinə bu onda soyuq, anlaşılmaz bir hissə çevrilir və tezliklə hafizəsindən silinirdi.
Adilin ona qarşı qoyduğu qadağalar, qısqanclıq duyğuları, göstərdiyi diqqət və nəvaziş niyə Səriyyəni özündən çıxartdı? Onun axtardığı bu deyildi mi? Adilin Səriyyəyə münasibətində tutduğu mövqe düzgün deyildi. Onun ikiüzlü, saxtakar davranışları bu münasibəti uçuruma doğru gətirib çıxardı və ərinə qarşı Səriyyədə kin, nifrət yaranmağa başladı . O ,Qəribin sağlamlığı naminə Adili bağışlayacağını (onu müqəssir hesab edirdi) güman edirdi, lakin taleyin ona nələr vəd etdiyindən xəbərsiz idi.
Adil qorxaq idi mi? Adil qorxurdu, Səriyyəni itirməkdən, öz sevgisinin, ailə həyatının faciə ilə bitməsindən daha çox şöhrətini ,karyera həyatında tutduğu mövqeyini itirməkdən qorxurdu. Bu qorxu onun ruhuna da hakim kəsilmişdi və o manqurt, absurd düşüncələrindən xilas ola bilmədi, özü sanki öz taleyini yazdı. O sırf Səriyyəni əldən buraxmamaq üçün saxta və yalançı mövqedə dayanmışdı. Gözünün önündə baş verən hadisələrə nəzər salaraq, sanki ayıldı və yoldaşını itirmək qorxusu yaşadı. Onun sevgisi də, qısqanclığı da özü kimi eqoist idi, yoldaşını və buldozerçini öldürmək də ağlının ucundan keçmişdi, onun hər davranışının, atdığı hər addımın, ağlından keçən hər düşüncənin altında bir “mən” – eqo yatırdı. Səriyyə də bu eqoistik sevginin fərqində idi. Burada möhkəm və sevgi dolu ideal bir ailədən söhbət gedə bilməzdi. Adilin bu hərəkəti Səriyyəni daha da qəzəbləndirdi və o, öz kartlarını ortaya qoydu.
Adilin Səriyyəyə qarşı münasibətində bəslədiyi hislərin adı nə idi? Adil sevirdi, lakin qürursuz sevirdi. Səriyyəni heç vaxt onu itirməyəcəyini ağlının ucundan belə keçirməyərək, sevirdi. Səriyyəni sanki canlı bir əşya, özünü də sahibkar hesab edərək, sevirdi. Adil ona cismən yaxın, qəlbən uzaq idi. Adil Səriyyənin özü kimi düşünməsini istəyirdi, Adil özünə uyğun biriylə evlənməmişdi, həyat yoldaşı zavod çilingərinin qızı idi. Xanımından özünün istədiyi kimi davranmasını tələb edə bilməzdi. Buna haqqı yox idi. Fikrimizcə, Adil ilk növbədə Səriyyəyə azadlıq, sərbəstlik verməli idi. Digər tərəfdən, əgər özünə uyğun birini istəyirdisə, ziyalı ailənin qızı ilə ailə qura bilərdi. Özünün əvəzinə Qəribdə günah axtarır, çıxış yolu kimi onu işdən uzaqlaşdırmağa çalışırdı. Qəribin yerinə Səriyyənin qarşısını vaxtında almalı, sözlə deyil də, hansısa hərəkəti, atdığı addımı ilə yoldaşının səhvini başa salmalı idi. Adilin buldozerçinin yerini dəyişməsi hadisələrin daha da mürəkkəbləşməsinə gətirib çıxardı. Adil nə nəcib, nə də alicənabdır. Qadınına qarşı sevgi və sahiblənmək hissini özündən dəf edə bilmir, özü ilə bacarmırdı. Onun varlığından elə bil indi xəbər tutmuşdu. Gücsüzlüyünü acizliyini başa düşürdü. Kənardan gülünc və istehzalı görsənirdi, çıxış yolunun ayrılıqda axtarsa da, qısa müddətdə bu fikrindən vaz keçdi. Həm karyera həyatını fikirləşir, həm yoldaşını başqası ilə bölüşmək istəmirdi. Səriyyənin buldozerçilərə olan meylini dərk edirdi. Həm də ən əsası zəif iradəsi bu sevgidən imtina etməyə imkan vermirdi.
Gənc Adil iş həyatı ilə ailə həyatını qarışıq salır, bütün sevgisini işinə verir. Onu ən çox acıdan Qərib kimi özündən “aşağı” olan birinə qarşı sevgi hislərinin bəslənməsidir. O, insanlıqla vəzifəni səhv salırdı. Vəzifə cəhətdən Adil yüksəkdə dura bilər, yol rəisi ola bilərdi, amma əfsuslar olsun ki ailəsinin, evinin rəisi ola bilmədi, bacarmadı. Qəriblə müqayisədə əslində o aşağı pillədə dururdu. Qəribin varlığı belə Adildə nifrət yaratmışdı və o yalnız Qəribə deyil, öz xanımına da ölüm arzulayırdı, başqasına , əsas da Qərib kimi “aşağı pilləli” birinə sahib olmasını qəbul edə bilmirdi. Adilin etdiyi bir səhv bütün həyatını məhv edir. Onda olmayan saf, ülvi hislər, adicə bir təbəssüm belə Səriyyəyə əzab verirdi, onun əsəblərinə toxunurdu. Səriyyə,yoldaşı tennis oynamağa, ova gedəndə və hətta onun şərab içməsini biləndə heç bir irad bildirmədi. Adil Səriyyənin yanlışlarının özünün dərk etməsinin istəyirdi. Əldə etdiyi qazanc, gəlir Səriyyənin yalnız qarnını doyuzdurmağa, əynini geyindirməyə çalışırdı. Bəs qəlbdə yaranan ehtiyac? Adilin evə gətirdiyi qazanc mənəvi ehtiyacları qarşılamağa bəs etdi mi? Etmədi! Səriyyəyə nə ər, nə pul, nə geyim, nə yemək lazım idi.
Səriyyənin Qəribə qədər Adilə münasibəti necə idi? Səriyyə Adillə birillik evlilik həyatında ancaq ərinə xidmət edib onun yaşam və düşüncə tərzinə uyğunlaşmağa çalışırdı. Onun həyatı yoldaşına hörmət etmək, qayğısına qalmaq, ehtiyaclarını qarşılamaqla keçib. O, Adillə sevgi dolu məhəbbət macəraları yaşaya bilməyib. Həyatından məmnun qaldığını düşünən gənc texnik yeni bir aləmə daxil olur və əsl xoşbəxtliyin, əsl ailə səadətinin nə olduğunu indi anlayırdı. Qəribin onunla qarşılaşması, həyatına daxil olması Səriyyəni ərindən soyutmadı, əksinə bağlı gözlərinin açılmasında bir vasitə rolunu oynadı.
Adilin həyatındakı əsas planları nədən ibarət idi? Adil öz taleyindən razı idi, onun gözlərində qarşıdan gələn gələcək fəaliyyətin təntənəsi canlanmışdı. Eyni zamanda Adil üçün ön planda ilk növbədə uğurlu karyera həyatı dururdu. Digər tərəfdən iş və ailə həyatına düzgün vaxt ayıra bilmir, bu iki məfhumu qarışıq sanırdı.
Adilin seçimində etdiyi səhv nə idi ? Yoxsa özü bu səhvin meydana gəlməsində vasitəçi olmuşdu? Adil zaman keçdikcə seçiminin yanlış olduğu qənaətinə gəlirdi, anasının “yaxşı ailədən olan yaxşı təhsil görmüş qız ” fikirləri onun xatirələrində təzələnir, ona rahatlıq vermirdi. Adil düşünürdü ki, bəlkə də öz tipinə uyğun biri ilə ailə həyatı qursaydı, həyatın bu cür çətinlikləri ilə qarşılaşmazdı. Onun Səriyyə ilə eyni pillədə, mövqedə olmaması sanki Adil üçün bir avantaj ? oldu. Adil xanımına zor tətbiq edə bilməzdi , istəyirdi ki, hər şeyi onun özü anlasın, dərk etsin, başa düşsün. Xanımı həmişə onunla qürur duysun. Lakin gənc rəis ,kübar, təhsilli bir ailədə böyüsə də əslində öz qadınının nə istədiyini anlamır və öz sevgisində uduzur, əsl mənəvi itkini bu zaman yaşayır.
Buldozerçi sevgisi. Əsərdə ön planda ikili mövqe tutaraq oxucu kütləsini öz gizli dünyası ilə təsir altına salan növbəti obraz Qəribdir. (Qəribcan da desək səhv etmərik) O, hərbi xidməti yenicə başa vurmuşdu, istefaya çıxmış kiçik leytenant idi. Kənddə buldozerçi kimi çalışırdı. Bu işdə də təkbaşına deyildi, onun çoxlu buldozerçi dostları vardı. Qəribin daxili dünyasını müşahidə etmək çətindir,ancaq hadisələrin inkişafında görürük ki, o, sevginin, sədaqətin daşıyıcısı kimi təmsil olunur. Qəribin dilindən təhkiyə verilməsə də onun baxışlarında bir vüqar, əzmkarlıq hissi, hər an öz sevgisinə sədaqət nümayiş etdirə biləcək gizli bir dünyanın mövcudluğunu görürük. Səriyyənin ona qarşı göstərdiyi diqqət, qayğı sanki Qəribdə də yeni hislər yaradır. Onun səmimi olması fədakarlıq göstərməsi (xəstəxanaya çatdırılması) Qəribə təsir etdi, amma Səriyyə bu cür davranmasa idi belə yenə də istədiyini əldə edəcəkdi, Qəribə qovuşacaqdı . Onun yerinə Adil olsa idi, Səriyyə ərinə qarşı bu cür fədakar davranmazdı. Adilin nə varlığı, nə də yoxluğu onun üçün bir önəm kəsb edirdi. Onun yaralanması bir kənara ona bir şey olsa idi ,bu, həyat yoldaşının umrunda belə olmazdı.?
Qəriblə yol rəisi Adil arasında tez-tez mübahisələr olurdu. Rəisin Qəribin yerini dəyişmək istəməsi onda Adilə qarşı nifrət hissi oyatdı, “bomba” kimi partladı. Qəribin nifrətinin artmasının əsas Adili bir kişi olaraq , aciz, qorxaq hesab etməsi idi , yəni Adil həyat yoldaşının qarşısını almaq əvəzinə, acığını Qəribdən çıxır, başqa sözlə desək, öz evinə rəislik edə bilmir, şəxsi münasibətlərlə ictimai münasibətləri qarışdırırdı. O, ilk tədbiri Səriyyəyə qarşı görməli idi. Fikrimizcə, buldozerçinin komandadan ayrılmaması, öz yerində qalması, briqada heyətinin ilk qələbəsi kimi insanları dəyərləndirilir, bundan sonra körpü sürətlə tikilməyə başladı. Yol rəisinin bu zəhmətinə laqeyd münasibəti , işçilərə əhəmiyyət verməməsi ən çox Səriyyəni üzürdü.
Qərib olmasaydı, Səriyyə bu nəvazişi, bu istiliyi başqasına göstərərdi mi ? Başqasını seçərdi mi? Qərib Səriyyənin qəlbində yatmış vulkanı oyatdı, ora nüfuz etdi. Səriyyə anladı ki, onun axtardığı əsl sevgi Qəribdədi, onda əsl cəsarəti gördü. Qəribin ağır daşı şücaətlə qaldırması Səriyyənin qəlbini daha da coşa gətirdi, sanki ona heyranlıqla baxan gənc qıza Qərib baxışları ilə cəsarətli olduğunu sübut etməyə çalışır, gözlərilə deyirdi ki, “yəni mən səni sevməyə də qadirəm, məndə səni sevmək cəsarəti də var”. Başqası olsa, eyni hisləri o da gənc qıza yaşatsa idi, Səriyyə yenə də eyni addımı atardı yenə də gedərdi. Amma əsla Adilə qarşı fədakarlıq etməz, onun cəfasını çəkməzdi. Qərib onu bəlkə də sevirdi ,lakin bu duyğularını açıq-aşkar ifadə edə bilmirdi. Bəlkə də evli bir qadınla bu cür münasibətin gerçəkləşməsi mümkün olmaz deyə düşünür, addım atmaq istəmirdi. Bəlkə də sevgisinə qarşılıq almamaqdan qorxurdu. Qərib istəsə, Səriyyə ilə gizlin eşq yaşayar, xanımının verdiyi dəyəri qiymətləndirər, sui-istifadə edərdi, amma Qərib daim baxışlarını ondan yayındırır, hislərini gizlədirdi.
Səriyyə Qəribi sevirdi, onun vüqarını ,əzmkarlığını saf sevgi hislərini, onun həyat tərzini, gözlərindəki cəsarət dolu gizli baxışlarını sevirdi. Ona bəzən bu doğmalıq yaxın tanışı belə olmadığı halda gənc buldozerçiyə bəslədiyi qəribə münasibət təəccüblü gəlirdi. Qəribin çətin vəziyyətə düşməsi , ayağının kəsilməsinə dair həkimin qoyduğu diaqnoz onu narahat etdi. Səriyyə artıq səadət məfhumunu dərk etməyə başlayırdı. Onun əsl səadəti buldozerçinin ayağa qalxması idi. Qəribin ona yönəlmiş ötkəm baxışları Səriyyəni yuxudan oyatdı. Ona düşən bu sevgi payından hissə-hissə özünə pay götürdü və dünyaya başqa gözlə baxmağa başladı. Sanki gənc qız illərdir ,bu sevginin arzusunda idi. Sanki həmişə onun yolunu gözləyirdi. Və nəticədə Səriyyə öz səadətinə qovuşdu. İnsan həyatında elə anlar yaşayır, gözünün önündə elə xatirələr canlanır ki, ömrü boyu o xatirələr ona əzab verir, qarşılaşdığı hər şirin, ləzzətli günə bir damla zəhər qatır. Səriyyənin elə bir xatirəsi yox idi . Adildən ona qalan yeganə xatirə yalnız qəlbində çəkdiyi iztirablardır. Onun həyatı süniliklə, yeknəsəkliklə zəngin idi. Ona görə də unudulmaz hesab etdiyi heç nə olmadığı üçün Adildən asanlıqla vaz keçə bilərdi və keçdi də.. Hər halda əsərin gənc qadın qəhrəmanı belə düşünürdü…
Qəriblə Səriyyənin aqibəti bəlli olmasa da, fikrimizcə Qərib ona sahib çıxdı. Səriyyə Qəribə qarşı fədakarlıq göstərmişdi. Onun Səriyyəyə hər şeydən öncə can borcu vardı. Qərib Səriyyəyə ilk növbədə azadlıq verə bilərdi. Səriyyə həm azadlıq ,həm də xoşbəxtlik axtarırdı.
Səriyyə haqlı idi mi? İlyas Əfəndiyev Səriyyə obrazını yaratmaqla, ədəbiyyata yenilik gətirdi. Bu obraz sosialist tipli, kübar ailə mühitindən çıxmış vəzifəli ərindən imtina etdi. Bununla göstərməyə çalışdı ki, əsl ailə səadəti nə pulda, nə də vəzifədə deyil. Həqiqi sevgini bunların arasında deyil, qəlbdə axtarmaq lazımdır. Söhbət mental dəyərlərə vurulan zərbədən gedə bilməzdi. Səriyyə nə hislərini, nə də hərəkətlərini yoldaşından gizlədirdi. Hətta bunu etməkdən utanır, peşmançılıq çəkirdi. Əlbəttə, Səriyyənin seçimi mühiti üçün qəbuledilməz və yolverilməz idi. Səriyyə bütün Azərbaycan qadınlarının ümumiləşdirilmiş simasıdır. Səriyyə sırf parazit psixologiyası ilə yaşayan biri ilə yollarını əbədi birləşdirməyə, bu yolda addımlamağa davam gətirə bilməzdi. Ona yoldaşı nə azadlıq ,nə sərbəstlik verirdi. Digər tərəfdən o heç vaxt arzuladığı hisləri yaşaya bilmədi. Səriyyə yoldaşının daşlaşmış , patriarxal düşüncələrindən xilas olaraq, bu addımı atmaqda tamamilə və qismən HAQLI idi. Adilin səhvləri onu qismən haqlı çıxardır. Təbii ki, onun bu addımı Azərbaycan qadınlarına xas cəhət deyildi. Səriyyə işləmək istəyirdisə, əri onun körpüdə işləməsinə mane ola bilərdi. Yazıçı öz qəhrəmanını haqlı çıxardaraq, ona bəraət qazandırır və Səriyyənin daxili gizli psixologizmini, ona məxsus hər bir xarakterik cəhəti ustalıqla qələmə alır.
Əsərdə “müsbət qəhrəman”axtarışı və gənc qızın ikili mövqeyi. Əsər boyu oxucuları daha çox düşündürən müsbət qəhrəman problemidir. Səriyyənin müsbət qəhrəman olması ziddiyyətlidir. Digər tərəfdən onun sevgi görməməsi, mənəvi azadlığının əlindən alınması, yoldaşına qarşı etdiyi hörmətsizlik və məcburi olaraq, alçaltmasıdır. Ona görə də İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında Səriyyəyə münasibətdə ikili vəziyyət yaranır. Bizim fikrimizcə, əsərdə əsas müsbət qəhrəman Adilin anasıdır. Adilin anası ali təhsilli ,dünyagörüşlü, təcrübəli qadındır, övladına bağlıdır və dünyagörmüş, müdrik qadın ilk günlərdən Adillə Səriyyə arasındakı uyğunsuzluğu hiss etmiş və iradını bildirmişdi. Onların bu yolda birlikdə addımlamağın mümkünsüzlüyünü və evliliyin uğursuz olacağını əvvəlcədən duyurdu. Məsəl var ki, ata-ana övlad üçündür, övlad da özü üçün. Adilin anası oğlunun seçiminə hörmətlə yanaşmalı oldu. O, övladının yaxşı təhsilli, namuslu ailənin qızı ilə ailə qurmasını arzulayırdı. Səriyyə ən azından yaxşı təhsil görsə idi, heç meşəyə getməyə- yoldaşı ilə çadırda yaşamağa belə razılıq verməzdi. Anası olacaqları qabaqcadan duyurdu, buna rəğmən oğlu sevgisini seçdi və nəticə artıq bəlli idi. Necə deyərlər, “anasız görülmüş iş danlaqsız bitməz”.
Burada iki manikürçü qadınları da müsbət qəhrəman hesab etmək olar.
Səriyyənin inqilabi “xəyanəti”. Səriyyənin bu addımı “xəyanət” sayılır, lakin “inqilabi xəyanət”…“açıq-aşkar xəyanət”. Bu xəyanətin özəlliyi bundan ibarətdir ki, şəraiti öz əri yaradır və hətta bu “xəyanət”inə ərini də ortaq edir, motosikletin tərkinə minib Qəribi işə qaytarmağa can atması onun ərinə bir kişi kimi zərrə qədər hörmət etməməsinin dəlilidir, əri də bu “xəyanət”ə dəstək olur, şərik çıxır, Öz acizliyinə boyun əyir, Səriyyəyə deyil də, Qəribə qarşı yönəlir, yalnış tədbirlər görür. Buldozerçini öz işinin başına qaytararaq, Səriyyəyə rahat şərait yaradır .Adil hər şeyin fərqində idi və artıq o indi “hərəkətə keçmişdi”, Səriyyəni indi itirə biləcəyindən, onu əslində nə qədər çox sevdiyini anlaması və ondan vaz geçə bilməməsindən qorxurdu , onun doğru addımlar atmaması Səriyyəni ondan daha da uzaqlaşdırmağa gətirib çıxardı ,o öz xanımına mane olmaq əvəzinə Qəribi kənarlaşdırmaq istədi və bu da ona baha-başa gəldi.
Səriyyə-Adil kontrastı. “Ailə”də yaranan soyuq münasibət Adilin sanki bütün damarlarına kimi işləmiş, qanını dondurmuşdu. Qəlbində küləklər əsir ,boranlar qopurdu, o indi əzab çəkirdi və bunu indi anlayırdı, ancaq hər şey üçün çox gec idi. Bu qəhrəmanın düşüncə tərzi, daxili təlatümləri, keçirdiyi böhranlı vəziyyəti onu Kareni (Tolstoy “Anna Karenina”)obrazı ilə yaxınlaşdırır: hər ikisi qadın xəyanətinin günahkarlarıdır; iztirab içərisində qıvrılır, əzab çəkirlər; öz sevdikləri qadına ölüm arzulayır; şan-şöhrət həvəskarı olur, karyera qurbanına çevrilir, nəticədə ailə həyatından məhrum olurlar.
Səriyyə heç vaxt işləməsə, yaxud Qəribcana rast gəlməsə, o zaman necə davranardı? Adili yenə də tərk edərdi? Gənc qız əgər eyni duyğuları yaşasaydı ,axtardığı xoşbəxtliyi ona bəxş edə biləcək biri ilə qarşılaşsaydı, o yenə də bu addımı atırdı . O bunun çıxış yolunu tapar və bu yalançı mühitdən uzaqlaşardı . Onun övladı belə olsa idi, o işləməsə idi, yenə də gedərdi. Ona nə ailə ,nə ər, nə övlad ,nə uğurlu karyera həyatı lazım idi. O Adilin maddi zənginliyinə aldanıb gəlmişdi , sonradan dərk etdi ki, hər şey pulda deyilmiş, Adilin mənəviyyatı kasıb idi və zaman keçdikcə pula, var-dövlətə olan sevgisi bitir, əsl zənginliyi anlayır. O ,sevgi qıtlığı, bolluq içərisində aclıq yaşayırdı, mənəvi ehtiyaclarını qarşılamağa can atan birini axtarırdı. Adil isə iş həyatı ilə ailə həyatını səhv saldı, sevgisinə nə vaxt ayıra bildi ,nə də bunu qadınına hiss elətdirə bildi. Bütün fikrini, enerjisini vəzifəsinə yönəltdi və bu da onun ailə faciəsinə gətirib çıxardı.
Səriyyənin Adili sevməsinə Adilin özü izn vermədi, o buna şərait yaratmadı, xanımını saymadı, onun varlığından xəbərsiz oldu. qoymadı Səriyyə onu sevə, ona qəlbi isinə ,xanımını pulun, vəzifənin əsirinə, oyuncağına çevirdi, onun robot, cansız bir əşya kimi davranmasını istədi, daim baxışları ilə hərəkətlərilə onu təqib etdi, ona sərbəstlik vermədi. Səriyyənin qəlbi əsarət altında idi. O, bu buxovdan azad olmaq istəyirdi. Səriyyə xəyallar aləminə qapılmışdı tələbəlik həyatından danışan zaman yoldaşının ona adi gülüşü absurd gəlmişdi, bəlkə də bunu qəlbində qəbul edə bilməmişdi, Adilin səhvi ilk növbədə özünə uyğun birini tapmaması , öz dəngində olmaması sevgisinə aldanıb onun arxasınca getməsi idi. Digər ən böyük səhvi Səriyyə kimi cavan, hələ püxtələşməmiş bir qadını meşədə 3 kişinin arasında buraxmağı idi. Qaçaq Nəbi-Həcər məhəbbəti dillər dastanıdır , baxmayaraq ki Həcər o qədər kişinin içərisində baş çıxardır, daim ərinə dəstək olurdu, ancaq Nəbi Adillə müqayisədə hər zaman yoldaşının yanında olub. Adil isə öz namusunu deyil, işini düşündü və bunun qurbanı oldu, qısqansa da bunu açıq şəkildə bildirmirdi, çünki o qətiyyətsiz idi, qadınını itirəndən sonra onun dəyərini anlayır ,çox peşman olurdu. O həmişə öz aləmində sağlam və möhkəm ailə yaratmağa çalışır, özünü düşünür, özünə haqq da qazandırır, günahının nə olduğunu anlaya bilmir və həmişə “niyə” sualları ilə baş-başa qalırdı. Öz dünyasında ailəsinin maddi vəziyyəti üçün çalışırdı. Digə tərəfdən mənəvi vəziyyətini kölgədə saxlayırdı. Sevgi və hörməti biz saxsı qabdakı dibçək güllərə bənzədirik, gül solmuşsa ,diqqət etmək lazımdır ki, bəlkə saxsı qab sınıb, suyu saxlaya bilmir .Eyni zamanda arada hörmət, pərdə qalmayandan sonra sevgidən söhbət gedə bilməzdi. Əgər sevgi tükənmişsə, qadını dörd divar arasında saxlasan da o gedəcək.
Epizodik qəhrəmanlar. Qəribdən başqa çalışan digər buldozerçilər- Soltan və Kərəmxan da birlikdə çiyin-çiyinə verərək, isti havada tər tökür, əziyyətə qatlaşıb böyük bir körpününü tikintisini yekunlaşdırmağa səy göstərirdilər. Aralarında ara-sıra xırda konfliktlər də yaranırdı. Buna baxmayaraq, bu üç yoldaşı birləşdirən ortaq cəhətləri də vardı: zəhmətkeş, çalışqan, pul, şan-şöhrət həvəskarı olmamaq, əzmkarlıq. Öz halal zəhmətlərilə çalışan zəhmətkeş işçilər əsər boyu diqqəti çəkir. Bu mühitdə özünü rahat və xoşbəxt hiss edən Səriyyə də kollektivin bir hissəsinə çevrilir və çiyin-çiyinə “körpüsalanlar”- Soltan ,Kərəmxan, Qəribcan və Səriyyə Zoğallı körpüsünü salmağa müvəffəq olurlar.
Əsərdə digər qadın obrazları içərisində iki manikürçünü də qeyd edə bilərik. Ana-bala olan bu xanımlar əsərdə pozitiv davranışları ilə yadda qalır. Onlar humanist, müsbət mövqedə dayanırlar. Səriyyə onların yanında özünü rahat hiss edir ,onun düşdüyü bu yeni mühitdəki saflıq, dürüstlük həyatında yenilik yaradır. Onlarla yenicə tanış olmağına baxmayaraq, Səriyyə qısa müddətdə tanış olduğu xanımlara , alışır və dəyər verir. Səriyyədən fərqli olaraq, bu qadınlar onu xoşbəxt hesab edir, ərini tərifləyirlər, lakin Səriyyənin daxili iç dünyasından agah deyillər. Adilin belə “ucuz” insanlardan tərif eşitdiyini deməsi Səriyyəyə ağır gəlir, ona getdikcə nifrət etməyə başlayır.
Əsərin ideya xətti. Qadınla incə rəftar etmək ,onun duyğularını anlamaq ,onu saymaq, hislərinə hörmətlə yanaşmaq və bunu düzgün qiymətləndirmək lazımdır, eyni zamanda kobud olmamaq və sevdiyin qadına xanımın, övladının anası kimi dəyər vermək gərəkdir. Qadın hər şeyi yoldaşına bağışlayar, hər şeyə güzəşt edər, ancaq yad ,soyuq münasibəti, diqqətsizliyi, sevgisizliyi əsla bağışlamaz.
Əsərin simvolikası. Bizim fikrimizcə Səriyyə ilə buldozerçilərin, xüsusilə də Qəribin tikdiyi bu körpü ,sanki onların münasibəti arasında bir “körpü” rolunu oynadı. Onlar bu körpünü tikməklə bərabər həm də aralarında möhkəm bir “körpü” yaratdılar və heç bir qüvvə bu “körpü”nü dağıtmağa müvəffəq ola bilmədi.
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustadan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
“Bayatılar”, “Əliş və Anna”-dan sonra “Yulğun çiçəyi” də əski əlifba ilə Cənubi Azərbaycanda çap oluncaq. Bu barədə öz sösilal şəbəkə hesabında paylaşım edib:
“… “Bayatılar”, “Əliş və Anna”-dan sonra “Yulğun çiçəyi” də əski əlifba ilə Cənubi Azərbaycanda çap oluncaq. Məncə ən gözəl Bayram hədiyyəsidir. Əməyi keçən hər kəsə təşəkkürlər! …” Mənbə: Zaur Ustac
Bu münasibətlə YAZARLAR adından Zaur müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Zaur müəllim!!!
1185 il öncə bugünkü gün Samirə şəhərində Ərəb Xilafəti böyük Azərbaycan sərkərdəsi ulu Babəki edam etmişdir. Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşayıb ölməyi üstün tutan cəsur sərkərdənin mübarizəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir.
2013-cü ildə yazıb çap etdirdiyim “Azman” kitabında yeni din tətbiqi adı altında Azərbaycana qarşı işğalçılıq yürüşləri aparan Ərəb Xilafəti ilə mübarizədə xalqı səfərbər etmiş və güclü Azərbaycan dövləti yaradaraq, 22 il yadelli işğalçılara müqavimət göstərmiş qüdrətli hökmdar, yenilməz sərkərdə Babək Hürrəminin edam səhnəsi ətraflı əks olunur.
“…838-ci il martın 14-də Ərəb Xilafətinin mərkəzində, Xəlifənin hüzurunda, ali ruhani şəxslərin və mömin müsəlmanların gözü qarşısında günahı yalnız öz vətənini azad görmək olan Azərbaycanın qəhrəman sərkərdəsi Babək dinə, imana, insanlığa yaraşmayan vəhşi bir üsulla qətlə yetirildi. Azərbaycanlı Azman igidin vahiməsi o dərəcədə böyük idi ki, ürəyi onu sadəcə öldürməklə soyumayan düşmən Babəkin qollarını, ayaqlarını, başını kəsdi, qarnını doğradı və bədənini çarmıxa çəkib od vurdu. Amma yenə də vahimədən qurtula bilməyən cahillər zaman-zaman onun parlaq obrazına da ləkə yaxmaq üçün qələm çaldılar…
Babəklə bağlı mənbələrin əksəriyyəti ərəb-fars tarixçilərinin yazdıqlarıdır. Bu mənbələrdə qərəz, böhtan, saxtalaşdırma açıq-aydın hiss olunur. Odur ki, “orta əsrlər mənbələrinə” istinad edərkən, o “faktları” yazan qələmin kimin əlində olduğunu unutmamaq lazım. Məntiqli oxucu dərhal bilir: ərəb yazarı Ərəb Xilafətini 22 il lərzəyə salmış bir qəhrəman haqqında təbii ki mədhiyyə qoşmayacaq, əksinə, onun haqqında hikkə dolu hərzə-hədyanlar uyduracaqdı. Xəlifənin sarayında oturan ərəb səlnaməçisi dövrün hadisələri barədə, xüsusən qatı düşmənləri haqqında həqiqəti yaza bilməzdi… “
Əgər ərəb-fars mənbələrində göstərildiyi kimi Babəkin şəxsiyyəti və mübarizəsi “əhəmiyyətsiz” olsaydı, o zaman nədən Xəlifə Mötəsimbillah Babəki tora salıb ərəblərə təhvil verən satqın Səhl Sumbata bu xidməti müqabilində fəxri xələt, patrik tacı verib onu xəracdan azad edirdi? Üstəlik Səhlin özünə “min dəfə min kşir gümüş, bir də yüz min” qızıl pul – yəni milyon dirhəm, oğluna isə yüz min dirhəm pul mükafatı verirdi?!
Əlbəttə, “Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir qəhrəman idi…” – Tarix Babəki yadında belə saxladı.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında Sərəncam imzalamışdır.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.