Bu gün sadəcə təqvimdə bir tarix deyil. Bu gün bir insanın varlığının kimlərinsə həyatına necə işıq saldığını xatırladan gündür. Hər kəsə yazılan sözlər var, bir də yalnız bir insana yaraşanlar — bu gün ikincilərdəndir. Bəzən insanın yaşı yox, izi artır. Bu gün sizin izinizin bir az da dərinləşdiyi gündür. Qoy yolunuz həmişə öz səsinə sadiq qalsın. Qalan hər şeyi isə həyat özü sizin üçün yerinə qoysun. Uğurlar sizin olsun dəyərli insan!
Yaşadığımız bu dünyanın — bu möhtəşəm kainatın — hər yerində ağaclar, dağlar, çiçəklər var. Amma doğulub böyüdüyümüz torpaq, vətən torpağı tamam başqadır. O torpaq içimizdə bir nəfəsdir — ondan ayrı düşəndə ruhumuzun bir parçası sanki susur. Həyatın ən dərin izləri bəzən bir ləçəkdə, bir qoxuda, bir səsdə gizlənir. Laçın işğaldan yenicə azad olunmuşdu. O vaxt həmin torpaqlara yalnız həkimlər, təsərrüfat işçiləri və xüsusi müxbirlər gedə bilirdilər. Elə həmin günlərdə iş yoldaşım mənə elə bir hədiyyə verdi ki, bu hədiyyə ömürlük qəlbimdə iz qoydu: su, kəklikotu və torpaq. Suyu qaynadıb, Laçından gələn o kəklikotunu dəmlədim. Su buxarlandı, kəklikotu yumşaldı, qoxusu otağa yayıldı…
O qoxu əllərimə hopdu — sanki vətən barmaqlarıma toxundu. Səssiz bir salam idi, uzaq dağlardan gələn bir nəfəs kimi.Sonra bir doğmam Laçından çiçəklər və alma gətirdi. Uşaqlığım gəlib gözlərimin önündə dayandı. Dəcəlliyimdən və ya sadəcə xoşuma gəldiyindən yığdığım o çiçəklər…Yetişməsini gözləmədən dərdiyim meyvələr… Şuşadan gətirilən şam ağacının budağını əlimə götürəndə də eyni duyğunu yaşadım — sanki o torpaq insanı tanıyır, qoxusu ilə qucaqlayırdı. İllər sonra özüm də Laçıma qovuşdum. Bir zamanlar lalə yığarkən yaşadığım hiss yenidən içimdə oyandı. Əlimdə qırmızı rəng qalmışdı — lalənin özü yox, sadəcə izi… O an anlamışdım ki, bəzən ən gözəl şeylər biz toxunan kimi solur. Bəzi anlar isə lalə kimi ruhumuza ilişib qalır — rəngsiz, amma dərin. Sonralar yenə lalə dərdikcə lalənin izi qaldı əlimdə. Amma bu dəfə başqa iz idi — ruhuma hopan görünməz izlərin yanına əlavə olunan, görünən bir xatirə. 44 günlük Vətən müharibəsində Qələbə üçün hər kəs əlindən gələni etdi.
Bu gün biz də Laçınımızda həmin Qələbənin ruhunu yaşatmaq, əhaliyə xidmət göstərmək üçün əlimizdən gələni edirik.
Bu gün – 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd edilir
Digər şəhər və rayonlarımız kimi Laçın rayonunun da işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib, igid əsgər və zabitlərimiz bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər.
Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də ermənilər tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 64 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.
Rayonun 65507 nəfər əhalisi öz dədə-baba torpaqlarından qovularaq respublikamızın 59 şəhər və rayonunda məskunlaşmağa məcbur olub.
Düşmənlə döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərmiş 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
İşğala qədər rayonda 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib.
Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılıb, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidə erməni vandalizminə məruz qalıb, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub.
Ümumilikdə, ilkin hesablamalara görə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.
Erməni işğalçılarının Laçın rayonunda törətdikləri dağıntılarla Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” (https://karabakh.center/az/c-16/lacin) saytında tanış ola bilərsiniz.
Məlumat üçün bildirək ki, Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
Laçın rayonu 1924-cü ildə təsis edilib. 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. Ərazisi 1.84 min km2 olan Laçın rayonu 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı) və 125 kənddən ibarətdir.
Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası (Qərbi Azərbaycan) ilə həmsərhəddir.
Əhalisinin sayı hazırda 80 mindən artıqdır. İşğaldan əvvəl əhali əsasən heyvandarlıqla məşğul olsa da, əkinçilik, arıçılıq, bağ-bostançılıq da inkişaf etmişdi.
Laçınlı qadınların hazırladığı toxuculuq məhsulları böyük şöhrət qazanmışdı. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada “Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.
Zəngin fauna və floraya malik təbiət muzeyi olan, qiymətli mineral suları ilə tanınan Laçın rayonu ərazisində dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, həddindən çox dərman bitkiləri və s. var.
Laçın dedikdə, onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. Mahalın aşağı hissəsində Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır, onlardan o tərəfdə Pirdavan, Qacaran, Kiqin dağları görünür. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür.
Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, kobalt, uran, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
Laçın rayonu tarixi və memarlıq quruluşu ilə seçilən abidələrlə və tikililərlə də zəngindir. Rayonda 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidəsi, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at və qoç fiqurları, süjetli daşlar var. Rayon ərazisində Ağoğlan məbədi, Cicimli kəndinin türbələri, Həmzə Soltan sarayı, Laçın Tarix və Diyarşünaslıq Muzeyi, Sarı Aşığın xatirə muzeyi və s. kimi tarixi muzeylərlər olub.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Ağır məğlubiyyətə uğrayan düşmən təslim olaraq ağ bayraq qaldırmağa məcbur oldu.
10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, dekabrın 1-də erməni silahlı birləşmələri Laçın rayonunu tərk etdi. 2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməklə Laçın rayonunun işğalına tamamilə son qoydu.
Laçının azad olunması təkcə hərbi-siyasi qələbə deyil, həm də 30 illik həsrətin bitməsi, doğma yurd yerlərinə qovuşmağın simvoludur. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində Laçın yeni simasına qovuşur, günü-gündən abadlaşır, inkişaf edir.
“📚 Kitabxanamıza dəyər qatan anlardan biri… Kitabxanamız fəaliyyətə başladığı gündən sevimli şair, tərcüməçi və yazıçı Zaur Ustac bizə onlarla dəyərli kitab hədiyyə edib. Lakin bu dəfəki təqdimat xüsusilə fərqli və yadda qalan oldu.
Oxucularımızdan biri – Rövşən Abdullaoğlunun kitabını arzuladığını Zaur müəllimə bildirdik. O isə bu istəyə sadəcə cavab verməklə kifayətlənmədi – kitabı tapıb şəxsən Laçına gələrək bizə təqdim etdi.
Bu diqqət və həssas yanaşmasına görə Zaur Ustaca dərin təşəkkürümüzü bildiririk. Oxucularımızın sevincinə səbəb olmaq, kitab sevgisini yaymaq adına atılan hər addım bizim üçün dəyərlidir.
Bu gün “Simurq” Kitabxanasının fonduna iki dəyərli nəşr əlavə olundu. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin kitabxanaya hədiyyə etdiyi “Musiqi dünyası” adlı fundamental əsər və “Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası” yalnız elmi biliklərin daşıyıcısı olmaqla kifayətlənmir, eyni zamanda ruhumuzu, milli kimliyimizi və mədəni irsimizi əks etdirən nadir mənbələrdir. Bu nəşrlər, “Simurq” Kitabxanasının maarifləndirici və milli-mənəvi dəyərləri qoruyub-yayan missiyasına yeni bir töhfə oldu.
Görüşümüzün mənəvi dəyərini daha da artıran digər bir önəmli hadisə isə tanınmış yazıçı, publisist və “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri və Azərbaycan Yazıçılar birliyinin sədr müavini Rəşad Məcid kitab hədiyyələri və onunla baş tutan səmimi, dərin məzmunlu söhbətlər oldu. Rəşad Məcidin ədəbiyyat, cəmiyyət və müasir düşüncə ilə bağlı fikirləri, onun zəngin intellekti və təvazökar şəxsiyyəti görüşə xüsusi ahəng qatdı.
Bu gün “Simurq” Kitabxanası yalnız kitablarla deyil, həm də fikir, ruh və dostluqla zənginləşdi. Hər bir belə görüş, elm və mədəniyyət mühitinin inkişafına töhfə verməklə yanaşı, həm də bizi bir-birimizə daha da yaxınlaşdırır. Fotolar:
Bu nəcib təşəbbüsə görə hər iki dəyərli ziyalımıza dərin təşəkkürümüzü bildirir, bütün işlərində uğurlar arzulayırıq.
“Danışır şeir!” Başlığı oxuyan kimi mətnlə tanış olub, şeirin nə danışdığını bilməyə tələsdim. Maraqla oxudum. O qədər gözəl yazıdır ki, təhlil etməyə, oxumayan oxuculara söhbətin nədən getdiyini xəbər verməyi qərara aldım. Kitabxanaçının vəzifəsi budur – yaxşı əsəri mütləq təbliğ edir. Odur ki, Pərvanə Bayramqızının “Danışır şeir!” adlı yazısını oxumağı hər kəsə tövsiyə edirəm.
Özünü “Yaza bilməyən yazıçı” adlandırır, amma o həm gözəl yazıçı, həm də peşəkar oxucudur. Mətni oxuyanda bəlli olur ki, Azərbaycan ədəbiyyatında demək olar ki, bütün şeirlərlə tanışdır. Şeir haqqında fikirlərini elə elə gözəl ifadə edib ki, onun mətnini oxuduqdan sonra adam gedib ordakı şeirlərin hamısını tapıb oxumağa çalışır. Şeirə münasibətini bu cür ifadə edir: “Ürəyin dolanda dərindən çəkdiyin ah kimidir şeir. Elə şerlər oxuyursan, elə bilirsən ki, düşüncələrini haçansa şairə söyləmisən, o da bunları öz adından yazıb”. “Quş dili bilən deyiləm, heç itin də dilin bilmirəm” deyən yazıçı bu dünyada bircə şeir dilindən anladığını yazır. Yazıda ən çox diqqətimi çəkən şeirlərin bir-biri ilə maraqlı formada əlaqələndirilməsi oldu. Pərvanə xanımın şeirə sevgisindən yazdığı bu yazı saytlarda, ədəbi dərgilərdə maraqla oxunur . M.F.Dostoyevski qadın psixologiyasını bildiyi kimi, şair də insan psixologiyasını gözəl bilir. “Söhbət şeirdən gedirsə Nüsrət Kəsəmənlisiz keçinmək olmur” yazır. Halbuki ilk sətirlərdə “Sən demə, yenidən sevmək olarmış” şerinə görə onu az qala düşmən elan etdiyindən bəhs etmişdi. Sonradan Nüsrət poeziyasından şerindən bir bəndi duyğuların sayəsində gözəl təhlil edib: Dəlitək daş atdıq,bir sakit gölə , O daşı geriyə qaytarmaq olmur . Bu bəndin əvvəlində və sonunda yazılan cümlələrə diqqət edək: “Təsəvvür edin sakit günlər keçirirsən, iş gücünlə məşğul olursan…beləcə yaşadığın sakit günlərin birində Nüsrət Kəsəmənlinin şerindən gələn şappıltıya diksinirsən … Sən də daş atırsan dəlitək. Atdığın daş hara düşəcək bilmirsən. Atılan daş geri qayıtmaz, yalnız topuğa dəymə şansı var”. “Daldan atılan daş topuğa dəyər” misalını yerində işlədən yazıçı Məmməd Arazı da unutmur: “Bir daş da var ey, nərdtaxtada olur. Onu da zərlə idarə edirsən. O zər qoşa düşməsə oyun daşını yerindən tərpətmək olmaz. Gölə atdığın daş da ona bənzəyir. Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da qoşa düşmərik . Bu iki şairin şerlərindən bəndi birləşdirməklə, “Məmməd Araz, sən bir zərsən” deməklə o zərin qədrini bilən zərgər rolunda olduğunu sübut edir. Əsasən məhəbbət mövzusunda şerlərə müraciət edən müəllif Cabir Novruzun “Ay gecikən Məhəbbətim”şerini təhlil etmək üçün çox uğurlu bənzətmə seçib: “Bir də məclisin sonunda gələn adamlar kimi ömürə gecikən sevgi də var. Necə ki gecikən adam gələndə diqqət ona yönəlir, eləcə də vaxtsız sevgi insanların marağına səbəb olur: Sən məni hec zaman görməyəcəksən, Mən səni hər zaman gözləyəcəyəm. deyir, sevimli şairimiz. Doğrudan da nə zaman gələcəyini bilmirsən, gözləyirsən və bir də görürsən ki, gəlib həyatına özündən xəbərsiz dünyanın ən ağır yükü sayılan gecikmiş məhəbbət”. Amma Kəmalə Abıyeva bunun əksini deyir: Axı sevgi ömrümüzün baharı, Nə vaxt gəlsə ömrümüzə bəzəkdir. Ürək ki var məhəbbətə möhtacdır, Hər vaxt hər an ona sevgi gərəkdir . Aydın Canıyevin fikri də diqqətimi çəkdi: “Ən gözəl sevirəm sözü hələ deyilməyəndir.Sevirsən (qadın kişini kişi qadını),ilahinin belə razı qaldığı təmənnasızlıqla,gözəlliklə,heyrətamizliklə.Fəqət heç vaxt sevgini sevirəm sözünə çevirmirsən.”Sevirəm”deyənlərin hamısını toplam yaşadığı xoşbəxtliyini hamının misli qədər artığıyla yaşayırsan,amma və lakin o sevgi sözə çevrilmir,heç bir halda!Təkcə son nəfəsdə əlin əlində deyirsən ki “səni sevirəm”, həyatında eşitdiyin son söz olur “O”ndan. Son nəfəsinəcən sevdiyindən əmin olursan və bilirsən, o indi hardadır. Cəmi bircə dəfə deyirsən sevirəm sözün, bir ömrün sevgi simfoniyası olur” . Şamil Ənvəroğlunun haqqında yazıçının dediyi sözləri də ürəkdən bəyəndim: “O da sanki özündən yox, başqasından yazır. Elə yazır ki, bizə təzədən nəsə deməyə söz qalmır… Varsa bu dünyada ,bir anlayanın, Demək danışmağa səbəbimiz var. Varsa bu dünyanın içində sevgi, Demək yaşamağa bəhanəmiz var.
Təhlil Ayaz Arabaçının şeri ilə bitir: Salxım gülüşlərini, Unuda bilər ləbin. Acısını dadmağa, Hazırsanmı bu həbin, Bir çevrədə zamanı, Qovan üç boz əqrəbin Heç ağlına gəlməyən, Anında ayrılıq var . “Şeirli gecələr, şeirli anlar uzaqda…indi şeir şeirlərinin zamanıdır. Bu şeirləri onda sevdim. Yazmaqla vidalaşmaq istəyəndə. O gecə saat beşə işləmiş bitdi son cümlə. Altı tamamacan yata bilmədim. Özümlə mübarizə aparırdım. Bacaracaqsan. Özümü inandırmağa çalıçdım. Elə bildim ki, etməyə məcbur olduğum işin öhdəsindən gələcəm. Yazmamağı deyirəm …” Olmayacaq, Pərvanə xanım. Yazı-pozu adamları yazmağı dayandıra bilməzlər. Axı onları yaşadan yazmaqdır. Və nəhayət son şerdən əvvəlki son cümlə: “Özümüz olsaydıq ən gözəl qismət yazardıqmı özümüzə? Xeyr, yaza bilməzdik, yazmağı hər kəs bacarmır. Ona görə başqalarının yazdığına möhtacıq. Yazıları anlamaq da hər hərf tanıyana məxsus qabiliyyət deyil. Yoxsa bu şeirlər insanların mənəvi dünyalarını gözəlləşdirərdi. Yoxsa hər kəs yaşadıqlarını özü şerləşdirərdi. O hissi özümüz yaşamırıqsa, oxuyaq və duyaq ! Yaza bilmiriksə, susaq və dinləyək! Danışır şeir!” Həqiqtən yazmağı hər adam bacarmır, Pərvanə xanım. Sizlər seçilənlərdənsiniz. Bizsə – yaza bilməyənlər isə sizin yazılarınıza möhtacıq. Siz yazın, biz oxuyaq. Yazınız şeiri mənə təzədən sevdirdi. Yaradıcılıq uğurlarınız bol olsun .
Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” adlı kitab təqdimatında iştirak etdik. Maraqlı görüş oldu. Elə o gün də kitabı oxuyub bitirdim. 20 Yanvar hadisələrindən bəhs edən kitabda diqqətimi çəkən bəzi məqamları qeyd etmək istəyirəm. İlk cümlələr diqqətimi çəkdi, oxuya -oxuya baxdım ki, axıra gəlib çatmışam. Qəribə olan odur ki, mən sənədli, ya memorial bir əsər gözləyirdim. Nigar isə o müdhiş gecəni bədiiləşdirmişdi. “Anam və nənəm sanki məni qoruyan mələkdi” cümləsin oxuyanda müəllifin özünə “Mələk” təxəllüsü burdanmı gəlir yazdım. Ən qəribəsi bir an məndə elə təsəvvür yarandı ki, sanki ordakı Nazənin obrazı ilə Nigar arasında çox oxşarlıq var. Orda diqqətimi çəkən ikinci bir məqam atasının qəbri üstünə qoyulan qərənfil dəstəsin görəndə yazdığı cümlə ilə bağlı oldu. Əslində belə bir cümlə oxumuşdum. Kiminsə dərdini özününküləşdirmək. Burda isə tam fərqli bir fikir çıxır ortaya: Kimsə acımıza şərik olmuşdu. Bu cümlə yaxşı mənada yox, acını təsvir etmək üçün işlənir. Bu əsərə film çəkilsə çox gözəl olardı. Sonda çəkilən tabloda da təsvir çox gözəl olduğu üçün diqqətimi çəkdi. Hətta müəllifə rəsm kursuna getməyi də məsləhət gördüm. Axırıncı yox axarıncı olsun! Uğurların bol olsun, Nigar xanım.
Mənə çox da qərib gəlməz suların yadı, Fırtınalar qərq olmağa doğma ad sayır. Adam var ki, başı batmış, adam var adı, Sinəm altda ürək dolu ağrı çağlayır.
Üzmək olmur sərt dalğalar önü kəsəndə, Ümmanların yaddaşında bəlkə də varıq. Bu qaydadır – istəsən də, istəməsən də, Biz qürubda unudulmuş son şüalarıq.
Əl-qol atmaq mənasızdır alatoranda, Nə fərqi var, qopsa tufan, yağsa qar daha. Yolu azmış bir gəmiyəm düşüb boranda, Göz qırpmaz gəlişimə mayaklar daha.
Bir arzu da suya düşdü ümid səfimdən, İstəmirəm nə danışa, nə dinə ağrı. Bir cərəyan ötüb keçdi sağ tərəfimdən, Sol yanımda ürək adlı bir sinə ağrı…
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
QISA ARAYIŞ: 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu.
Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.
Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.
Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.
Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.
Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib.
Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü kimi təsis edilib.
Şəhər günlərinin təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur.