Səadət Qərib (Səadət Arif qızı Rzayeva) – 10 iyun 1970-ci ildə Goranboy rayonunun Dəlməmmədli qəsəbəsində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmiş, 1986-cı ildə Qəmbər Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Məktəbinin (indiki Musiqi Kollecinin) fortopiano şöbəsinə daxil olmuş, 1991-ci ildə təhsilini tamamlamış, musiqi müəlliməsi, konsertmeyster ixtısasına yiyələnmişdir. O, 1987-ci ildən Moskvada yaşayır. Ailəlidir, 3 övladı var.
Səadət xanım həm də gözəl şairə kimi tanınır. Onda şeirə, ədəbiyyata həvəs 12-13 yaşlardan başlamişdır. 2016-cı ildə Türkiyədə Hatay ESA (Ədəbiyyat və Sənət Akademiyası) Dörtyol Bələdiyyəsinin keçirdiyi Türk Dünyası Şeir yarışmasında dərəcəyə girmiş 300 şairin qatıldığı müsabiqədə “Şəhidlər” şeiriylə 5-ci yeri qazanmış, yüksək mükafata layiq görülmüşdür. Səadət Qərib Türkiyədə təşkil olunan bir çox şeir festivallarinda iştirak etmiş, uğurlar qazanmışdır. Onun şeirləri 2016-cı ildən etibarən Azərbaycan və Türkiyə qəzetlərində, dərgilərində, almanaxlarda, internet saytlarında və sosial mediada dərc olunur. Bir çox şeirlərinə mahnilar bəstələnib.
GƏNCLİYİM UZAQDAN BAXIB KÖVRƏLİR Əllinin əlindən tutub gedirəm, Gəncliyim uzaqdan baxıb kövrəlir. Ömür kirpik-kirpik qəmli gözünü Saçımın ağında sıxıb kövrəlir. * * * Götür könül – könül oxşa əllimi, Qəlbimin səsində, ürək səsimdə. Gəncliyin istisi gülür üzümə, Bu hicran duyğulu ürkək səsimdə. * * * Arzular ümüdlə səsləyir məni Sevginin dilində, eşqin dilində Ara ətir-ətir baxışlarımı, Sevdanın gülündə, sevgi gülündə. * * * Bir həzin nəğmədi kədər avazlı, Üzümnən boylanan ömür yoxuşu. Baxıb qırış – qırış gələn qismətə, Alnımda kövrəlir ömür naxışı. * * * Ayların illərin qözündə qaldı, O şıltaq çağımın, sığallı günü. Əridi zamanın ac dodağında, Sürməli taleyin o ballı günü.
İSTƏDİM Həsrətin bıçaqtək səbrim kəsəndə, Zamanın dərisin soymaq istədim. Mənə bic-bic baxan fələyin hərdən, O bic gözlərini oymaq istədim. * * * Qəlbimin içində bərq vurub sancım, Sürünüb ardımca kölgətək acım, Bəzən də, bir başqa yananda canım, Biryolluq dünyadan qaçmaq istədim. * * * Qaşların hey çatıb ağlama könlüm, Bu zalım dünyada mən nələr gördüm. Bəzən üsyan etdim, bəzən də küsdüm, Ürək danışanda, susmaq istədim. * * * Hər kəs yazısıyla dünyaya gəlib, Bir gözüm ağlayıb, bir gözüm gülüb, Dəliqanlı qəlbim onu çox sevib, Sevgim sevinəndə uçmaq istədim. * * * Haçansa bitəcək bu iztirablar, Yenidən ruhumda olacaq bahar. Yaxşı ki həsrətin ümid yolu var. Ayaq səslərini duymaq istədim.
İNSAN ÖMÜR BOYU YIXILIB QALXAR Bir gündə yaşarsan bəzən dörd fəsli, Bir anda ömründə şimşəklər çaxar. Bitməz ki həyatın fırtınaları, İnsan neçə dəfə yıxılıb qalxar? * * * Susasa ürəyin zəmzəm suyuna, Dumanlı bir hava çöksə ruhuna, Hay verməzsə ümid, əğər hayına İnsan neçə dəfə yıxılıb qalxar? * * * Fərq etməz ömrünün hansı yaşında, Səbr bardağın hey ,dolub daşanda, Çarəsiz olmağa məruz qalanda, İnsan neçə dəfə yıxılıb qalxar? * * * Çiynindəki yükün ağır olduqda, Haqsızlıq içində duyduqlarında, Məcbur susduğunda, susduqlarında, İnsan neçə dəfə yıxılıb qalxar? * * * Dünya boyda dərdi daşıyır insan, Yıxılsa da qalxıb yaşayır insan, Bəzən də yenidən başlayır insan, İnsan ömür boyu yıxılıb-qalxar.
MƏN BİR HƏYAT HEKAYƏSİ Mən bir həyat hekayəsi, yazılmamış bir əsərəm, oxunmamış bir ürəyəm, Açılmadan solan çiçək.. * * * Mən bir həyat hekayəsi… bu həyatla nə dostlaşa, nə düşmən ola bilirəm. Nə sevgiylə, nə sevgisiz Nə sənsiz qala bilirəm… * * * Acılara alışmışam, sarsılmışam, Od-alova sarılmışam çox yanmışam… * * * Mən bir həyat hekayəsi… Neçə-neçə kədər yatır, ürəyimin ilğım-ilğım görünməyən tərəfində. Həsrətimin parçalanmış baş daşını gizlətmişəm gözlərimin açılmayan duman dolu səhərində. * * * Mən bir həyat hekayəsi… gecə gündüz çeynədiyim, nə uda, nə də unuda bildiyim vüsalının əsiriyəm. Nə Leyliyəm nə Əsliyəm, Mən yeni sevgi nəsliyəm. * * * Mən bir həyat hekayəsi… Öz içində dustaq olan heç vaxt yaza bilmədiyim eşqin bulanıq tamıyam. Bu qaranlıq zil gecənin İlıq baxışlarındakı soyuq sevgi dastanıyam. * * * Mən bir həyat hekayəsi… Yıpranmamış həsrətimin qəhərini uda-uda, Taleyimin tellərinə sığal çəkib oxşamışam, İçimdəki duyğulara ürəyimdə məzar qazıb sevgi dolu şeirləri , bircə-bircə basdırmışam. * * * Mən bir həyat hekayəsi… Odu sönmüş tənha ocaq… Bu gün məni duymayanlar, bir gün məni oxuyacaq. Oxuyacaq, anlayacaq… Amma onda gec olacaq… Amma onda gec olacaq… Mən bir həyat hekayəsi…
“Yazarlar” kollektivi adından bir daha Səadətxanımı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Səadətxanım! Jurnalımızın İyun 2023 N: 06 (30) nömrəsinin üzqabığında Səadt Qəribin fotoları yer alıb.
AJB-nin üzvü, DAMM-nın Ekspertlər Şurasının sədri,“Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, SİM İB -in Fəxri üzvü.