Etiket arxivi: POEZİYA

ZAUR USTAC – YENİ ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

YAZ  SEVDASI  VAR
Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.
* * *
Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.
* * *
Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.
29.08.2021. Bakı.

MƏN BABƏKƏM
(“Uşaq boğçası”ndan bir şeir)
Babəkdir mənim adım,
Sırğa et qulağında!
Bir ömür xərcləmişəm,
Hürriyyət sorağında.
***
Bu yurd sənə əmanət,
Bəzz yanan ocağımdır.
Mayası qan lalələr,
İstiqlal sancağımdır!

AZƏRBAYCAN
(“Uşaq boğçası”ndan bir şeir)
Odlar yurdu deyir hamı,
Azərbaycan mənim adım!
Sağım, solum, dörd bir yanım,
Öz canımdan,  qol-qanadım!
***
Nazlı Araz kəmərimdir,
Xudafərin onun qaşı!
Birləşdirir ayrı düşmüş,
Dost-tanış, bacı-qardaşı!

HÜSNÜ PÜNHANA
(birinci şeir)
İsmipünhan deyib, yazıb şairlər,
Mənim müsahibim hüsnü pünhandı.
Səmimi, mehriban, həm zarafatcıl,
Mənim müsahibim hüsnü pünhandı.
* * *
Ürəyi yuxadı, xasiyyəti xoş,
Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”!
Camalın gizlədib, deyir:- “Nəğmə qoş”!
Mənim müsahibim hüsnü pünhandı.
* * *
İsmin bağışlayıb; “Nurlu ləçəkdi”,
Cənnət bağçasında şehli çiçəkdi,
Ustacam, bu iş də bir görəcəkdi,
Mənim müsahibim hüsnü pünhandı.
07.10.2021. Bakı.

BAYRAQ  BİZİM  BAYRAĞIMIZ!!!
Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.Bakı.

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.
07.11.2021. Bakı.

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

YEL
Kim üçünsə mələkdi,
Kim üçünsə fələkdi,
Nə mələkdi, nə fələk…
Küləkdi bu, küləkdi!
* * *
Arada küsər belə,
Hirs ilə əsər belə,
Ümidi kəsər belə,
Ələkdi bu, ələkdi!
* * *
Yenə əsdi, ələdi,
Acı fikrə bələdi,
Toxu dilək dilədi,
Diləkdi, bu diləkdi!
11.11.2021. Bakı.

NAZLI BALA
Alagözdür, verib Xuda,
Gözəl, göyçək Nazlı bala!
Maşallah olsun, namxuda,
Gözəl, göyçək Nazlı bala!
* * *
Gözü Göyçədən su içib,
Kökdən gəlib, çox yol keçib,
“Donun” Xaliq özü biçib,
Gözəl, göyçək Nazlı bala!
* * *
Ustac bağlı soya, kökə,
Nazlı balam bəyim, bikə,
Züryət hardan hara çəkə!?
Gözəl, Göyçək, Nazlı bala!
11.01.2022. Bakı.

USTACLIYAM
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYSU TÜRKEL – AZADLIQ AŞİQİ

AYSU TÜRKELİN YAZILARI

AZADLIQ AŞİQİ
Azadlıq eşqiylə alışıb yanan,
Bir şamı heç kimsə söndürə bilməz.
İstiqlal aşiqi olan bir kəsi,
Heç kimsə yolundan döndərə bilməz.
* * *
Çox ağır bəlalar çəksə də başı,
Tarixi yaşadır möhkəm yaddaşı,
İstiqlal, hürriyyət, budur sirr daşı,
Sirri heç bir ovsun dindirə bilməz.
* * *
On yeddi yaşında təşkilatlanan,
Otuz dörd yaşında bir dövlət quran,
Heç bir kimsə “bütövləşən, tam olan –
Sarsılmaz o ruhu öldürə bilməz”.
* * *
Bir kəlmə var ucalıqdan kam alan,
Uğrunda can verdik, yenə dedik can,
Bir kəlmə var yaddaşlarda kök salan,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xəyalə “Türk ədəbiyyatı” dərgisinin keçib gəldiyi 50 illik Yolun işığında Dərginin Ocak sayını vərəqləyir…

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI

Ədəbiyyat bütün zamanlarda cəmiyyətin mənəvi barometri, mənəviyyat aynası, dərsliyi olmuşdur. Cəmiyyətin sağlamlığı və ya ondakı mənəvi çatışmazlıqlar ədəbiyyata, ədəbiyyat isə insana, mənəvi mühitə daim təsir etmişdir. Zamanın tələbinə cavab verən ədəbiyyatı yaratmaq sözün əsl mənasında, qəhrəmanlıqdır. Bu günkü baxış bucağından bizə asan və ya sadə görünən işləri reallaşdırmaq tarixin çətin və ziddiyyətli dönəmlərində həqiqətən də böyük zəhmət və iradə hesabına başa gəlib. Ahmet Kabaklı ədəbiyyat dünyasının məhz belə fədakar şəxsiyyətlərindən olub. Cumhuriyyət dönəmində Türkiyənin əsas ədəbiyyatşünaslıq mərkəzlərindən biri olan və Türk dünyasının dörd bir yanından axışıb gələn ziyalıların müqəddəs ocaq bildiyi Türk Ədəbiyyatı Vəqfini yaratması və Vəqfin ayrılmaz bir parçası olan “Türk ədəbiyyatı” dərgisini təsis etməsi Ahmet Kabaklının ədəbiyyat və mədəniyyət tariximizdə gerçəkləşdirdiyi əvəzsiz xidmətlərindəndir. 15 Ocak 1972-ci il “Türk ədəbiyyatı” dərgisinin ilk sayının işıq üzü gördüyü gündür. Bu il ədəbi-fəlsəfi, elmi-publisistik yönləriylə Türk dünyasında milli düşüncənin gəlişməsində bir mərhələ, təmayül, məktəb yaradan dərginin yaranmasından 50 il ötür. Fuad Köprülü, Cəmil Meriç, Mehmet Kaplan, Erol Güngör, Niyaz Yıldırım Gençosmanoğlu, İsgəndər Öksüz, Əminə İşınsu, Ömər Lütfü Mete kimi milli düşüncəli aydınları öz ətrafında toplayan dərgi 50 ildir ki, kəsintisiz yayınlanmaqla türk mədəniyyətinə və ədəbiyyatına hizmətdə bulunmaqdadır. Türk Ədəbiyyatı Vəqfinin və eləcə də Vəqfin mətbu orqanı olan “Türk ədəbiyyatı” dərgisinin ədəbiyyat, sənət, mədəniyyət sahəsində göstərdiyi misilsiz xidmətləri təkcə Türkiyəni deyil, türk dili və düşüncəsi ətrafında birləşən qardaş türkdilli dövlətləri və o cümlədən, Azərbaycanı əhatə edir. Türk Ədəbiyyatı Vəqfi İstanbula gedən hər bir Azərbaycan ziyalısı üçün müqəddəs ocaqdır. Sözün bütün mənalarında, Vəqf bir yurd yeri, ata ocağı kimi hansı doğmalıqdadırsa, “Türk ədəbiyyatı” dərgisinin hər bir səhifəsi də bizlər üçün eyni doğmalığı kəsb etməkdədir. 

 Böyük mütəfəkkir Ahmet Kabaklı Haqqa yürüdükdən sonra dərgiyə İsa Kocakaplan, Bəşir Ayvazoğlu, Bəxtiyar Aslan baş redaktorluq etmişlər. Öz tarixi kökləri, gələnək və milli dəyərlərə bağlılığı ilə yaddaşlarda işığa çevrilən “Türk ədəbiyyatı” dərgisinin baş redaktorluğu kimi böyük ədəbi məsuliyyət və mənəvi missiyanı bu gün Türk dünyasının sevilən qələm adamı, istedadlı yazıçı, tərcüməçi İmdat Avşar ləyaqətlə yerinə yetirməkdədir. Şeyxülmühərririn başladığı qutlu yolun mənəvi miraslığını üstlənən İmdat bəyin bu zaman ərzində ortaya qoyduğu böyük işlər Onun ədəbi vicdanı, yoluna və qələminə ləyaqətlə bağlılığını, paradiqmatik düşüncə tərzini, milli və bəşəri məsələlərə yanaşma özəlliyini, dünyaya və xüsusən Türk dünyasına dair məsələlərə sərgilədiyi baxış obyektivliyini bir daha təsdiq etməkdədir. İmdat bəyin baş redaktorluğu ilə işıq üzü görən hər bir buraxılış uzun illərin sınağından çıxmış təcrübəyə əsaslandığı, kökə bağlı olduğu kimi, eyni zamanda yeni ruhu, yeni nəfəsi ilə həm Türkiyədə, həm də Azərbaycanda böyük rəğbət və maraqla qarşılanmaqdadır. Ahmet Kabaklı bir məqaləsində yazır ki: Düşüncənin milli oluşu geniş anlamda millətin milli zövqünün və milli həyatının əsəri olunuşundadır. Dil və düşüncə kökə söykənəndə milliləşir və daha da bütövləşir. Bu mənada, “Türk ədəbiyyatı”nın hər sayını vərəqlədikcə dərginin ədəbi-bədii, elmi-fəlsəfi mündəricəsi dəyərində həm də milli düşüncəyə köklənmiş mənəviyyat abidəsi olduğunu müşahidə etməkdəyik. Zəngin ədəbi ənənələrə və milli məfkurəyə söykənməsi, sözün həqiqi mənasında, dərginin daha oxunaqlı olmasını şərtləndirir. 50 yaşını tamamlayan “Türk ədəbiyyatı”nın 579-cu buraxılışı Ocak sayı da bu mənada maraqlı ədəbi-fəlsəfi mündəricəsi ilə diqqəti çəkməkdədir. Dərginin ilk səhifəsindən baş redaktor İmdat Avşarın “Həsbi-hal”ı, şeyxülmühərririn Ahmet Kabaklının 50 il bundan öncə ilk say işıq üzü görəndə qələmə aldığı “Çıxarkən” adlı müraciət yazısı, professor Emil Birolun “Bir fikir, ədəbiyyat və sənət dərgisi Türk ədəbiyyatı 50 yaşında” və professor “İsa Kocakaplanın “ 50 ildir yanan ocaq” məqalələri dərginin yarım əsr boyunca keçib gəldiyi keşməkeşli yola ayna tutur. Dəyərli İmdat bəy böyük təvazökarlıq və minnətdarlıq duyğusu ilə illərin maddi-mənəvi çətinliklərinə rəğmən dərginin işıq üzü görməsində özündən əvvəlki redaktorlar və yaradıcı heyətin fədakar əməyini vurğulamaqla bərabər bu il Türk ədəbiyyatının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İlin dərgisi” mükafatına layiq görülməsini bundan öncəki ədəbi nəsillərin və yönəticilərin uğuru hesab edir: “Dərgimiz bu sayı ilə yayın həyatındakı yarım əsrlik sürəci tamamlayır. 50 ilimizin ilk sayını çıxarmaq bəndənizə nəsib olsa da bu ehtişamın əsl memarları – başda qurucumuz, “yazarların mənəvi-başqanı” Ahmet Kabaklı və bu mənəvi estafeti ondan alan İsa Kocakaplan, Bəşir Ayvazoğlu və Bəxtiyar Aslandır. Bu uğurda – hər bir sayımızın işıq üzü görməsində zəhməti olan dəyərli böyüklərimizin, elm, mədəniyyət və sənət xadimlərinin, 50 ildir yazıları ilə ədəbiyyatımıza misilsiz xidmət edən yazarların payı böyükdür. Ədəbiyyat tariximizdə ən uzunömürlü dərgilərdən biri olan “Türk ədəbiyyatı”nın – bu müqəddəs ocağın məşəlini sönməyə qoymayan qəhrəmanlara minnətdaram. Vəfat edənlərə Allahdan rəhmət, həyatda olanlara sağlıqlı və uzun ömürlər diləyirəm. 50 illik böyük bir zamanda bir ədəbiyyat dərgisini yaşatmanın çətinliklərinə, sıxıntılarına bizdən öncəki nəsil mətanətlə sinə gərmişlər. Bu il Mədəniyyət və Turizm Nazirliyinin “Türk ədəbiyyatı” dərgisini “İlin dərgisi” mükafatına layiq görməsi, əslində, bizdən öncəki nəsillərin uğurudur. İmdat bəyin “Həsbi-hal”ından sonra dərginin ilk səhifələrində yer alan mütəfəkkir ziyalı, mərhum Ahmet Kabaklının “Çıxarkən” başlıqlı manifest xarakterli yazısı “Türk ədəbiyyatı”nın ətrafında cəmləşən qələm əhli üçün 15 yanvar 1972-ci ildən bugünə qədər və bundan sonra yol bələdçisi təsiri bağışlayır. 

 Professor Birol Emil “Bir fikir, ədəbiyyat və sənət dərgisi “Türk ədəbiyyatı” 50 yaşında” adlı məqaləsi ilə oxucunu 1971-ci illərə aparır, gənclik xatirələrini vərəqləyərək dərginin çıxacağı ərəfədə mərhum Ahmet Kabaklı ilə Mehmet Kaplanın söhbətlərini yada salır: “1971-ci ilin oktyabr ya noyabr ayı idi. Bir gün əziz müəllimim prof.dr. Mehmet Kaplan: “Birol, Ahmet Kabaklı bir dərgi çıxarmaq istəyir. Məni Cağaloğlundakı yerinə dəvət etdi. Gəl birlikdə gedək”, – dedi. Cağaloğlundan Sirkəciyə enərkən küçənin solunda üçmərtəbəli bir binanın ikinci mərtəbəsində çox sadə döşənmiş, əşyası bir masa, bir neçə stul, bir kitab rəfindən ibarət olan bir otağa girdik. Ahmet Kabaklı bizi həmişəki sayğı və mütəvaziliklə qarşıladı. Mən o zamanlar dr.assisent idim. İki müəllimin söhbətini diqqətlə dinləyirdim. Ahmet Kabaklı “Türk ədəbiyyatı” adıyla bir dərgi çıxarmaq arzusundan, Türk oxucusunu ədəbi-bədii səviyyəsi olmayan dərgi “hərc-mərcliyindən” qurtarmaq yolunda çabasından, layihəsini hazırladığı “Türk ədəbiyyatı”nın Türk ruhuna və milli şüuruna bağlı bir sənət toplusu olacağından söhbət açdı”. Professor Birol Emilin 50 il bundan öncəki xatirələri vərəqləməsi “Türk ədəbiyyatı”nın yayınlanmasının hansı zamanda necə bir mənəvi ehtiyacdan doğulduğunu oxucunun təsəvvüründə canlandırır: “Ahmet Kabaklı hocamız “Türkiyə Ədəbiyyat Cəmiyyəti”ni, Türk Ədəbiyyatı Vəqfini qurmaqla və “Türk ədəbiyyatı” dərgisini çıxarmaqla çox mühüm bir iş ərsəyə gətirmişdir. 1970-ci illərdə Türk cəmiyyətində dəyərini və etibarını get-gedə itirən Türk ədəbiyyatına əvvəlki dəyərini və etibarını qazandırmaq istəyirdi. O, bir ədəbiyyat tarixçisi olaraq gözəl bilirdi ki, Tənzimat dövründən etibarən Türkiyənin ən böyük mədəni dəyəri ədəbiyyatdır. Siyasi rejimlə yanaşı mədəniyyət və ədəbiyyat dünyasındakı dəyişikliklərədək hər şeyin təməl səbəbi milli mücadilədən doğur. Və bu milli mücadilənin Məhmət Akifin, Yahya Kamalın, Yaqub Qədrinin, Xalidə Ədib Adıvarın, Ruşən Əşrəfin, Falih Rıfqının və daha neçə yazarın yaradıcılığından qaynaqlandığını Ahmet Kabaklı hocamız çox gözəl bilirdi…” Professor İsa Kocakaplan “Əlli ildir yanan ocaq” məqaləsində “Türk ədəbiyyatı” ailəsinə qədəm qoyduğu illəri xatırlayır, dərginin yayınlanması ərəfəsində mərhum Ahmet bəyin necə zorluqlara sinə gərdiyini, hansı maddi-mənəvi yoxluqlarla üz-üzə gəldiyini və bütün çətinliklərə mətinliklə dözdüyünü qələmə alır: “Mənim “Türk ədəbiyyatı” dərgisində çalışmağa başlamağım təxminən 1979-cu ilin aprelinə təsadüf edir. Müəllimim Nuri Soydal bir dərgidə çalışırdı. Mənə söylədi ki, yanımda çalışmaq üçün bir kadra ehtiyacım var. Getdim. Vəqfin müdiri, dərginin də yazı işləri müdiri olan mərhum Niyazi Yıldırım Gənçosmanoğlu ilə söhbətləşdikdən sonra işə başladım. O zamankı şərtlərə görə dərginin işində xeyli axsamalar var idi. Satış çox azalmışdı. Dərginin cəmi 500 abunəsi var idi. O abunələr də mərhum Alparslan Türkeşin MHP təşkilatları idi. Qəribə burasıdır ki, kimsənin dərgiyə iltifat etmədiyi bir dönəmdə Türk ədəbiyyatına MHP təşkilatları abunə idi. Bunu Alparslan Türkeş sağlamışdı. Əlbəttə ki, böyük lider olmaq asan məsələ deyildi. Dərginin yayın işlərində maddi sıxıtılar Kabaklı hocayı son dərəcə narahat edirdi, bu durum 1981-ci ilin fevralına qədər davam etdi. Fevral aylarında Ahmet Hoca Kamal İlicakdan maddi dəstək istəmək məcburiyyətində qaldı. 48 səhifəlik bir dərginin rəhmətlik Kamal İlicak Tərcüman təsislərində heç bir təmənnasız 8 ay boyunca çap etdi. Dərgi bugünkü səviyyəyə gəlib çıxana qədər bunu bənzər xeyli çətinliklərdən keçib uzun bir yol gəldi” – deyə xatirələrini vərəqləyir İsa Kocakaplan. “İnsanlığın dirilişi”, “Zamana adanmış sözlər”, “Körfəz”, “Səslər”, “Ayinlər” kitabları ilə çağdaş türk poeziyasında mərhələ yaradan Sezai Karakoçun Haqqa yürüməsinin ardından “Türk ədəbiyyatı”nın bu Ocaq sayı onun sənət aləminə, yaradıcılıq dünyasına işıq tutması, sənətkarın əziz xatirəsinə həsr olunmuş yazıların bir-birilə vahid süjet əsasında bağlanması elə Sezai Karakoçun Türk mədəniyyətinə bəxş etdikləri kimi bütöv bir kompozisiya təsiri bağışlayır. Sezai Karakoç dosyasını hazırlayan Alim Kahramanın “Şeir və düşüncə evreniylə Sezai Karakoç”, Fatih Arslanın “Kölgənin hökmü Günəşə varana qədər”, Nuray Alpərin “Ənənə boxçasında müasir ilmələrlə toxunmuş bir şeir: Sezai Karakoçun “İlk” şeiri”, yazar-şair A.Yağmur Tunalının “Namuslu aydın” məqalələri bizim təsəvvürümüzdə Sezai Karakoçun sözün həqiqi mənasında bir rəssam həssasiyyəti ilə çizilmiş böyük İnsan, istedadlı şair və ən əsası ömrünü ləyaqətlə yaşamış, Yağmur Tunalının təbiri ilə desək, namuslu bir aydın obrazını yaradır. Professor Cemal Kurnazın “Türkün məktəbi Türkü məktəbi”, “Türkülərin gücü”, Türküdən şeirə” kitablarında olduğu kimi ruhumuzun, düşüncəmizin formalaşmasında misilsiz rolu olan türkülərimizdən bəhs edən professor Ömür Ceylanın “Ömürləşən şərqilər” kitabı və bu kitabla bağlı İmdat Avşarla etdiyi söhbətin Dərgidə yer aldığı səhifələr oxucunun böyük marağına səbəb olur. Baş redaktorun özünün də söylədiyi kimi ruhumuzu qanadlandıran söz və güftələri nəğmə-nəğmə uçuran sənətçilərimizin həzin hekayələri ilə bağlı müsahibə oxucuda həzin təəssürat oyadır. Türkülərdən, nəğmələrdən söz açmışkən, Saadet xanım Örməcinin türküləriylə könlümüzdə taxt quran “Muharrem Ertaşa sayğı gecəsi” adlı yazısı sadəcə bir anım günü, ədəbi-bədii gecə ilə bağlı xəbər yazısı deyil, həm də böyük sənətkarın xatirəsinə bir töhfə kimi oxucunun diqqətini cəlb edir. Nəsr bölümündə Ayşə Ünüvar “Dəlilik medalı”, Necdet Ekici “Ah Kofe Vah Karabaş”, Gün Marlen “Hüsniyyə” hekayələri ilə oxucuların görüşünə gəlir. Poeziya bölümündə Sezai Karakoçun “Yağmur duası” poeziya sevərlərə dəyərli bir ərməğan olur. Feyza Aras “Sanrı”, Mehmet Ali Kalkan “Qırmızılar”, İhsan Tevfik “Gərəyi düşünüldü”, Yasin Mortaş “Saklanbaç sözlüyü”, Hamit Oral “Ağac”, Hüseyn Çolak “Dünya ləkəsi” şeirləri ilə oxucuları salamlayır. Ramazan Kahramanın “2021-ci ilin indeksi” adlı biblioqrafik göstərici isə oxucuda Türk ədəbiyyatı”nın ötən ilki fəaliyyətini bütöv halda oxucunun gözləri önündə canlandırır və ədəbi ortamı izləməyə geniş imkan yaradır. Ötən ay Türk Ədəbiyyatı Vəqfi Başqanı əziz Sərhat Kabaklının və Türk Ədəbiyyatı Dərgisinin Baş redaktoru, Ədəbiyyatımızın fədakar təbliğatçısı İmdat Avşarın Bakıya səfəri çərçivəsində təltif olunduqları mükafatlar dərginin 50 illik yubiley ərəfəsinə bir ərməğan olmaqla yanaşı həm də mədəniyyətimiz və ədəbiyyatlarımız arasında mənəvi bağ oluşdurur. Ocak sayını oxuduqca Dərgidə yer alan araşdırmaların məntiqiliyi və elmi səviyyəsi, bir-birindən maraqlı informasiyaların dərin məna tutumu, bədii əsərlərin: hekayə və şeir güldəstəsinin poetik ifadə özəllikləri, elmi-publisistik mətnlərin, müsahibələrin xüsusi bir nizamla düzülüşü, dərginin məsuliyyətli baş redaktorla bərabər yüksək peşəkarlıqla çalışan yaradıcı heyətinin yorulmaz əməyini gözlərimiz önündə sərgiləyir. Bu, illər boyu da belə olmuşdur, bu gün də belədir, yarın da belə olacağı mütləqdir. Müxtəlif mövzulara müraciət etməsinə baxmayaraq araşdırılan hər bir mövzunun, aparılan hər bir müsahibənin, elmi-publisistik məqalənin, bədii portret yazının bütövlükdə maraqlı bir ədəbi mənzərə yaratdığı dərginin hər bir səhifəsində zərgər dəqiqliyi ilə çalışan yaradıcı redaksiya heyətinin gərgin əməyinin, yüksək həssasiyyətinin və böyük zəhmətinin uğurlu nəticəsi kimi “Türk ədəbiyyatı”nın bütün sayları kimi yubiley buraxılışı olan Ocak sayı da, gələcəkdə görüşümüzə gələcək Şubat sayı, Mart sayı, Nisan sayı da… ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına inanır, başda dəyərli böyüyümüz Sərhat Kabaklı, Ustadım İmdat Avşar olmaqla; bütün redaksiya heyətini – Prof.dr. Ömür Ceylan, prof.dr. Tuba İşınsu Durmuş, prof.dr. Mesut Şen, prof.dr. Alaattin Karaca, doç.dr. Gökhan Tunç, dr. Necati Tonga, yazar-şair A.Yağmur Tunalı, Saadet xanım Örmeci, Enver Uğur Aykol, Atilla Ceylan və Halit Baykalın şəxsində bütün dostlarımızı gönüldən təbrik edir, Azərbaycandan qucaq dolusu salamlar və sayğılar göndərir, dərginin gələcək fəaliyyətində başarılar diləyirəm! 

Müəllif: Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYSU TÜRKEL – ÖLÜMSÜZLÜK ŞƏRBƏTİ yaxud ŞÜKÜR UCALIĞI 

AYSU TÜRKELİN YAZILARI

ÖLÜMSÜZLÜK ŞƏRBƏTİ
yaxud
ŞÜKÜR UCALIĞI 

27 sentyabr… Ardı-arası kəsilməyən güllələrin səsi ilə açıldı səhər. Cəbhəyanı bölgələrdə yaşayan kənd sakinləri yenə də atəşkəsin pozulduğunu zənn etdilər.

Nəriman baba pəncərədən boylandı: – Yenə bu vicdansızlar, bu üzdəniraq kafirlər hücum etmək istəyirlər deyəsən. Kaş ki, Ali Baş Komandan əmr verərdi, şanlı ordumuz bu erməni dığalarını torpaqlarımızdan birdəfəlik süpürüb atardı, – deyə düşündü. Sonra üzünü nəvəsinə tutaraq: – Ay bala, ay bala, o televizoru aç görək. Bəlkə nəsə xoş bir xəbər eşitdik, dedi.

-Yaxşı baba, bu dəqiqə açıram, Nurlan cəld yerindən sıçradı. Nəriman baba zənnində yanılmamışdı, elə “Xəbərlər”in efir vaxtı idi. Atəşkəsin pozulduğu haqqında məlumat verilirdi. Xəbərlərin bitməsinə az qalmış aprıcı yeni məlumatların əldə edilməsini bildirdi və sevinc göz yaşları içində hıçqıra-hıçqıra: “Füzulinin dörd, Cəbrayılın isə iki kəndi işğaldan azad edilib” xəbərini çatdırdı. Xeyli vaxt idi ki, qulaqlar qələbə xəbərinə öyrəşməmişdi. Ona görə də hər kəs heyrət və tərəddüd içində idi. Doğrudurmu? – deyə inam və inamsızlıq içində bir-birini təbrik edir, sevincdən atılıb-düşürdülər. Amma bu bir həqiqət idi. Ordumuz sürətlə irəliləyir, illərdən bəri işğal altında inləyən kənd və qəsəbələrimiz düşmən caynağından qurtulurdu.

-Şükürlər olsun, şükürlər olsun ki, artıq igid əsgərlərimiz irəliləyib, işğal altında olan torpaqlarımızı azad etməyə başlayıblar, – Nəriman babanın gözlərindən od parladı. Elə bil yanağında bərq vuran sevinc yaşları yerə düşüb yox olmaqdan ehtiyatlanırdı.

Görəsən Şükür hansı bölgədə, hansı səngərdədir, neçə vaxtdır bir xəbər də eləmir, – Nəriman baba düşündü. Ciyərparası Əzizəyə, Nurlana, ömür-gün yoldaşı Könülə bir zəng də vurmur. Bəlkə də haqlıdır, axı Vətən, torpaq məhfumu hər şeydən üstündür?! 

Cəbhə bölgəsini, səngəri öz evi sanan Şükür Həmidov döyüşlərin ən fəal iştirakçısı idi. Ömrünü hərb sənətinə həsr etmiş bu cəngavər vətənin dar günündə onun imdadına çatmaqdan qürur duyurdu. O, hələ 4 il öncə Qarabağa gedən yolda atılan ilk addım olan Aprel döyüşlərində iştirak etmiş və misilsiz qəhrəmanlıq nümayiş etdirmişdir. O zaman Şükür Həmidov  Horadiz şəhərində “N” saylı hərbi hissənin komandiri idi. O, üzərinə düşən vəzifənin öhdəsindən məharətlə gəlmiş, gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelərini, strateji nöqtələri, o cümlədən Lələtəpə zirvəsinin işğaldan azad edilməsində böyük rol oynamışdı. Elə bu səbəbdən də son 17 ildə sağlığında ilk Milli Qəhrəman adını alan şəxs kimi tarixə düşmüşdü. Amma hazırda Qarabağ uğrunda gedən döyüşlərdə daha böyük qəhrəmanlıq göstərməli idi. Çünki bu, Qarabağın azadlığı uğrunda atılan ən böyük addım olacaqdı. Vətən onu imdada səsləyirdi.

Şükür Vətəni qanı, canı bahasına olsa belə qorumağı, “Vətən!” deyə hayqıran əsgərləri ilə birgə Qarabağı işğaldan azad etməyi qarşısına məqsəd qoymuşdu. Onun ən böyük amalı da elə bu idi. Döyüşə yollanmazdan əvvəl onlara tövsiyyələr verir, nəyin bahasına olursa-olsun döyüşdə bir addım da geriyə çəkilməyəcəklərini, illərlə ürəklərdə yığılıb qalan yurd həsrətinin bitməsi üçün qisas məqamının yetişdiyini bildirirdi:

-Şanlı Azərbaycan ordusunun yenilməz əsgərləri, 30 ildir biz itirdiyimiz yurd həsrəti ilə yaşayırıq! Artıq vətənə olan borcumuzu yerinə yetirmək zamanıdır! Sizə hücum tapşırığı gələndə qartal kimi şığıyıb düşmənləri məhv edib, o müqəddəs torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırmalısınız! Bu müqəddəs yolda şəhid də ola bilərsiniz! Hər bir igid getdiyi haqq yolunda şəhadətə hazır olmalıdır! Amma öncə ölmək yox, öldürməyi düşünməliyik.

Coşqun çay kimi kükrəyən kəlmələr əsgərləri nə qədər ruhlandırırdısa, bir o qədər də onların məsuliyyətini artırırdı. Döyüşə yollanan əsgərlər irəli atılanda komandirin söylədiyi kimi düşməni öldürmək üçün sanki yarışa çıxırdılar. Bu mübarizədən qalib çıxmaq üçün alternativ tədbirlərdən istifadə edir, düşməni aldadıcı zərbələrlə mühasirəyə salmağa çalışırdılar. Odur ki, cəsarəti, təpəri, əzmi ilə düşməni əzib keçməyi bacarırdı Azərbaycan əsgəri. Qisas hissi ilə alovlanan qəlbin qığılcımı idi igidlərə döyüşmək üçün güc verən. Şükür Həmidov da bu döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə idi.

Füzuli istiqamətində vəziyyət xeyli gərginləşmişdi. Ən ağır döyüşlərdən biri olacağını Şükür əvvəlcədən təxmin edirdi. Elə bu səbəbdən də o, əsgərlərinə ehtiyatlı olmağı və çevik tərpənməyi tapşırmışdı. Zaman keçdikcə döyüşlər daha da qızışırdı. Xeyli şəhid və yaralıların olduğunu nəzərə alan Şükür əmr etdi ki, cəsədləri də, yaralıları da təhlükəsiz yerə çəksinlər. Özü isə digər silahdaşları ilə birlikdə düşmənə tərəf irəliləməyə çalışdı. Düşmənin Füzuli istiqamətində ən güclü müdafiə olunan mövqelərini darmadağın edərək, Füzulinin bütün ərazisini işğalçılardan tamamilə təmizlədilər.

  • İgid əsgərlərim Füzulini işğaldan azad etməyi bacardıq! Gözümüz aydın! Biz bunu şəhidlərimizin, yaralılarımızın qanı bahasına qazandıq! Amma bu qələbəmiz bizi nə qədər sevindirirsə, bir o qədər də ruhlandırmalıdır. Çünki hələ irəlidə neçə-neçə azad olunası torpaqlarımız, neçə bayraq taxacağımız zirvələr var! Haydı, igidlər, irəli! – polkovnik Şükür Həmidov sözünü tamamlayıb cəng meydanına yenidən atıldı.

Günlər bir-birini əvəz edir və hər gün igidlərin yeni zəfər müjdələrini eşidirdik. Oktyabrın 20-si Şükür Qubadlı rayonu ərazisində döyüşlərə qatıldı. O bu istiqamətdə də məğrurluğu ilə əsgərlərinə örnək oldu. Həftələrlə uzanan döyüşlərin yorğunluğu Şükürü daha məğrur və yenilməz edirdi. Ac-susuz günlərin, yuxusuz gecələrin uzunluğuna baxmayaraq Şükür əzmlə, mətanətlə döyüşür, yorulmaq bilmirdi. Çünki başladığı işi sona çatdırmamışdı. Yorğunluq hissi də onun bu əzəmətli duruşu qarşısında aciz idi.

Qubadlı istiqamətində gedən döyüşlərdə 1 gün ərzində 12 yaşayış məntəqəsi işğaldan azad edildi. Şəhərin bir addımlığında yerləşən Mahmudlu kəndi uğrunda şiddətli döyüşlər səngimək bilmirdi. Təəssüf ki, bu döyüş Şükürün son döyüşü oldu. Yəqin ki, Şükürə elə burada şəhidlik şərbətin içmək nəsib imiş. Beləcə, o da Xarı bülbül ətrafında birləşən şəhidlər cərgəsinə düşdü. Ölümüylə, ölümsüzlüyə qovuşdu!

Nəriman baba bir qüllab vurub siqareti külqabında söndürdü. Bayaqdan bəri masa üstdə buxarlanan çay isə soyuyub buza dönmüşdü. Könül xanım canından artıq sevdiyi ömür-gün yoldaşına demək istədiklərini torpağa gömmüşdü o gün. Amma hər kəsin bir təsəllisi vardı. Şükür ən ali məqama – Tanrı dərgahına ucalmışdı. Və o, ölümü ilə hərb tariximizin şanlı səhifəsinə qəhrəmanlıq dastanını yazmışdı.

Televizor hələ də açıq idi, deyəsən “Xəbərlər” proqramı davam edirdi. Cəbhədən xoş xəbərlər gəlməkdə idi.

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

MÜQƏDDƏSLƏR
(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)
Səngəri məzarı olan qardaşım,
Hələ də bilinmir əhvalın sənin…
Dəfndən Məada Bərzəx deyirlər,
Məchuldur durumun, məqamın sənin…
* * *
Silahın pas tutub, daha heç atmaz,
Dəbilqən gəzsə də, çəkmən köç etməz,
Kəmər yox olsa da, toqqan heç itməz,
Qumquman olubdu kimliyin sənin…
* * *
Üç rəngli bayrağım süsləyən dağlar,
Hər zirvə minlərlə şəhidi ağlar,
Bənövşə çiçəyi qəlbimi dağlar,
Dağların ağ qarı kəfənin sənin…
* * *
Zaur buz bulaqdan içəmməz daha,
Bənövşə müqəddəs, dərəmməz daha,
Ağ qarı tapdayıb, gəzəmməz daha,
Bu yurdun nəyi var, ünvanın sənin…
09.05.2021. Bakı.

ATALAR
Atalar Yer üzündə Allahın kölgəsidir,
Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir.

* * *
Həm arxa, həm dayaqdı övlada varlı ata;
Uşaq var ata istər, uşaq da varlı ata…

* * *
İstəyirəm gorəsən, mümkün deyil danışmaq,
Belə olur atanın ətəyindən yapışmaq…

* * *
Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq,
Balaca yumruqlarla, “allahlarla” vuruşmaq …

* * *
Həm arxa, həm dayaqdı övlada varlı ata;
Uşaq var ata istər, uşaq da varlı ata…
13.06.2021. Bakı.

İLQAR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı sevgi idi,
Qonmuşdu nur üzünə.
* * *
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
* * *
Ananın sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası oldu xalqın,
Əritdi zin-zülməti.
* * *
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
* * *
Məzara düşən gün o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
* * *
İgidlər tutdu sözün,
Bir gündə döndü zaman.
Göstəriş verildi ki,
Düşmənə yoxdur aman!
* * *
Çin oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat…
21.06.2021. Bakı.

VƏTƏN DAŞI
“Yaşıl”ına yaşıl qatan,
Dizi yaşıl oğullar var!
“Göy”ün açıq olsun deyə,
Göydən buludu qovdular!
* * *
“Qırmızı”na qanın qatan,
Gözü yaşlı analar var!
Sən beləcə şax dur deyə,
Qəddini əydi atalar!
* * *
Haqqın yoxdur; nə solmağa,
Əyilməyə Vətən daşı!
Vətənimin sözüsən sən,
Yadelliyə Vətən daşı!
29.06.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

YARPAQ VƏ TORPAQ
Can verəni candan alı qoyarıq,
Unudur yarpağa möhtacdır yarpaq…
Torpağa su deyil, zəhər veririk,
Marağa məəttəl qalıbdır torpaq…
* * *
Xəzələ aman yox torpağa çata,
Qurumuş canıyla cana can qata,
Əbədi qanunla rahatca yata,
Süprülüb çöplüyə atılır yarpaq…
* * *
Torpağa ting deyil, sütun əkirlər,
Arx, kanal yerinə hasar çəkirlər,
Dəmirdən, betondan kəfən biçirlər,
Gözü baxa-baxa gömülür torpaq…
* * *
Bizə can verənin canın almayaq,
Bu iki aşiqin yolun burmayaq,
Yarpağı torpağa həsrət qoymayaq,
Yarpaq elə torpaq, torpaqdır yarpaq…
* * *
Ay Ustac, haqq deyən Nəsımı öldü,
Haqq bir damladır, batilsə göldü,
Qardaşlar tək gəlmiş Adəmi böldü,
Bizlər unutsaq da, unutmur torpaq…
31.01.2021. Bakı.

A SİMSAR
Salam olsun, sənə şanlı ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
Şükür, əlindədir külli-ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Nə deyim, a simsar, elə sim sarı,
Simsar sinsidərmi, belə simsarı,
Hələlik dönüş var, hələ sim sarı,
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Rəvamıdır, bu edilən Ustaca!?
Diqqət istər sim sarıyan ustaca…
Al dil ilə deyər halın ustaca,
Mizrab tutan əlin, qolun var olsun!
05.02.2021.  Bakı.

BƏRK YAPIŞ
Ay Zaur, deyirlər ən yaxşı vaxtdır,
Bir az daha qeyrət, güləş, bərk yapış!
“İgid odur, atdan düşə, atlana.”
Bu işdə dönüş yox, dirəş, bərk yapış!
* * *
“Kor qızın baxtı”ndan yeyindi baxtın,
İlikdən tacın var, sümükdən taxtın,
Olmasa da adan, ya da ki, “yaxt”ın,
Olanları qoru, çalış bərk yapış!
* * *
Ay Ustac, bilirsən, yastığın üç gül,
Göydə ulduz sayır basdığın müşkül,
Bir türlü dolmayır asdığın kəşkül,
Haqqın ətəyindən sallaş, bərk yapış!

SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR
Xoşbəxtlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
Ölməzlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Bu gün doğum günü, yaşar əbədi,
Eliynən bir ünü, yaşar əbədi,
Sonsuzluğa yönü, yaşar əbədi,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Zaur tək yüzləri bir çətən oldu,
Çoxu arzuladı, o yetən oldu,
Vətən torpağında o, bitən oldu,
Təqvimin bu günü İlqar günüdür!
08.05.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xəzər deltasında göyqurşağı. Zaur Ustacın yeni kitabı haqqında – Kənan HACI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
(Zaur Ustacın yeni kitabı haqqında)
Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır.
Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı.
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!

Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür.
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu:
Özün getdin yuxuya,
Milyonları oyatdın…

Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər.
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…

Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib.
Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır.
Xəzər deltasında göyqurşağı adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir.
Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac!
11.01.2022. Bakı.

Kənan HACI

Mənbə: edebiyyatqazeti.az Arxiv: archive.vn

Müəllif: Kənan HACI ,
Şair, yazıçı, tərcüməçi.

KƏNAN HACININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜN MÜBARƏK OLSUN, AYŞƏN BALA – AYTAC İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

AYŞƏN BALA

Şirindir şəkər kimi,
Saçları suray bala.
Özü aydan da gözəl,
Bizim bu Ayşən bala.

Ad günüdür bax bu gün,
9 yaşa qədəm qoyur.
Hələ körpə fidandır,
Böyüyəcək Ayşən bala.

Söz-söhbəti kəm şirin,
Küsəyən, kövrək bala.
İlk nübardır siz bilin,
İlkimizdir Ayşən bala.

Gülüşü dərdlər açar,
Evlərinə gül saçar.
bacısı Günel kimi
Dəcəldir Ayşən bala.

Dərslərində uğurlar,
Gələcəyi nur bala.
Mübarəkdir ad günün,
Ay səni Ayşən bala.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Həsəd çəkmədim heç vaxt” – Anar

ANAR

***

Həsəd çəkmədim heç vaxt,

Heç bir zaman heç kəsə.

Qısqanmadım kiminsə

şöhrətinə, dövlətinə, adına…

güclü istedadına

Ömrün son müddətində

İllər ötdüyü zaman

qısqanıram mən yaman

özüm bilmirəm haçan

gələcək Gələcəyə

Mənsiz keçən illərçün

qəribsəyirəm hər an.

Bir gün mən olmayanda

Necə yad edəcəklər,

nələr söyləyəcəklər?

İçində dərd çəkən kim?

Guya ki dərd çəkən kim?

Şux, şən zarafatları

yada salıb gülən kim?

Ayrılığa dözməyib

həsrətindən ölən kim?

Bəlkə də haqlıdırlar

Hindistan müdrikləri

Ölən insan da bir gün

Dönüb qayıdır geri,

Quş kimi, balıq kimi,

Ağactək, gül-çiçəktək.

Quşları ovlayırlar,

Balıqları tuturlar,

Ağacları kəsirlər,

gül-çiçəyi dərirlər,

yenə məhv olur dönən,

Mən hansıymışam görən?

Tutalım, lap belədir,

Dünyamı dəyişərkən,

Bir də dönəcəm geri

Kim tanıyacaq məni?

Dünya bir pəncərədir.

qapatma pəncərəni…

12 yanvar 2022

***

İtirdiyim dostlarla

yuxuda görüşürəm.

maska filan taxmadan

görüşüb-öpüşürəm.

Gündüz ölən dostlarım

Gecə yuxuma girir.

Mən burdan danışıram.

Soruram: orda nə var?

Cavab vermir heç biri,

Məlul-məlul baxırlar.

Oranın ünsiyyəti

bəlkə, susub baxmaqmış.

Görəsən, o dünyada

yuxular belə varmış?

Ordakı dostlarım da

Hərdən görürmü məni,

ordakı yuxularda?

Əslində, kim bilir kim,

Kimdi yuxulu, ayıq?

Bəlkə, onlardı oyaq

Biz burda yuxudayıq.

13 yanvar 2022

***

Asilərim elə hey məni dəfn eləyirlər

“tükənibdir” deyirlər.

Amma mən də beləyəm:

“Basdırılandan” sonra,

“tükənəndən” sonra da

On cild kitab yazmışam.

Bir gün əgər doğrudan

əcəl qapımı döysə,

Ölümə də hazıram.

Amma hələ ki, sağam

Yazmaqçün yaşayıram,

yaşamaqçün yazıram.

12 yanvar 2022.

İlkin mənbə:edebiyyatqazeti.az

Müəllif: ANAR

ANARIN DİGƏR YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“DƏRDİM, SEVİNCİM”

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

“DƏRDİM, SEVİNCİM”
(Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…)
I
Olmasın, olmasın sənsiz bir günüm,
Ancaq qucağında uyuyaram mən.
Kimə yetə bilər harayım, ünüm
Əgər sən olmasan, ey ana Vətən.

Qdludur torpağın əzəldən, başdan
Dağlarda qarın da qığılcım çaxar.
Sənin ürəyini döyündürən qan
Mənim də qəlbimdən dolanıb axar.

Nahaqdan qəlbimə dəyən olanda,
Payız səması tək qəlbim dolanda,
Ummuşam gülndən, çiçəklərindən.

Fikirlər uçdumu uzağı çəkər,
Görüb dərdlərini sızlasam əgər
Demə uşaq kimi ağlar, kürəm mən.

II

Demə uşaq kimi ağlar, kürəm mən.
Sənin çəkdiklərin tarixdə azmı.
Sökülən, danılan, dağ çəkdirilən
Bir ana övladı de, ağlamazmı?

Çiçəklər içində çiçəyin incə,
Nəğmən nəgmələrə ilk cığır açdı.
Elə bir ocağa döndü ki, Gəncə
Bütöv yer üzünə nurunu saçdı.

Dildən dilə düşdü şöhrətin, adın
Çoxları üstünə oynatdı atın.
O gündən qaraya tutuldu günüm.

Eh, bir də həyatda deyilki yalan
Pis gözə bıçaqdır qiymətli olan
Eşit, Azərbaycan, başına dönüm.

III

Eşit, Azərbaycan, başına dönüm,
Çiçəklər oxşayar, tikanlar dalar.
Yadından çıxıbmı “Məvailər”im…
Qiymətli zər kimi oğurlandılar.

Vətən yanğısıdır, Vətən yanğısı,
Insan ürəyində dərdin dərini.
Bəlkə də dönəndə durna sırası
Oxuyur onların nəğmələrini.

Dəyişən dəyişib, qalanlar qalır,
Kimi üz çevirib astarın salır.
Tarixsə dəyişməz həməndir, həmən.

Pərvanə vurğundur yanarsa şamda,
Bəzən qovurlanıb, sızıldasam da
Sənin şöhrətinlə öyünürəm mən.

IV

Sənin şöhrətinlə öyünürəm mən
Dillərdə əzbərin birmi, ikimi.
Saysız övladın var dillərdə gəzən,
Həsən oğlu kimi, Nizami kimi

Çoxu çiçək olub öz çəmənində
Olana olan tək qiymət verən az.
Qarşımda eşmirəm ocağı mən də
Sənin çiçəyindən gülündən olmaz.

Düşüb şerləri hey dildən-dilə
Sənin Nizaminin hikməti ilə
Ilkin açmadımı dünyada bahar.

Azmı çürüyübdür qılınclar qında,
Ulu əsrlərin ulu yolunda
Qartal duruşun var, qartal adın var.

V

Qartal duruşun var, ulu adın var.
Cır meyvə gətirməz cır deyilsə tum.
Doğuldun, bələyin oldu dümağ qar
Qurdu beşiyini Turan xatunun.

Qəlbinin mayası od idi deyə
Oğlun da, qızın da pir bildi odu.
Sənin sevincinə, yaşına yiyə,
Ağsaqqal seçdilər Dədəm Qorqudu.

Başsız el-obadan əksilməz qada,
Ixtiyar sahibi şah olubsa da,
Sözü ötən olub ağsaqqalının.

Bir alaq kökündən göyərər mini
Necə ki, görmədin Aruz kimini,
Başından aşıbdır dövlətin, varın.

VI

Başından aşıbdır dövlətin, varın
Var-dövlət daş-qaşdır, qızıldır məgər?!
Şerin var bir bəndi fateh şahların
Bütöv sərvətinə, zərinə dəyər.

Çox düşüb kəsərdən baş kəsən yaraq,
Kəsərdən düşməyib sözün sətiri.
Haq sözü daş-qaşdan üstün tutaraq
Dahi olmadımı oğlun Xəqani.

Nə olsun çoxları özündən deyib,
Həmişə başını aşağı əyib
Meyvəli ağaclar, ay gözümə nur.

Keçib qanımıza qəlbindəki köz,
Nahaqdan üzünə haqq dediyin söz-
Dünyanın özünə çıraq olubdur.

VII

Dünyanın özünə çıraq olubdur.
Bir el yolunda da çıraq yandıran.
Dilindən köz alıb, dağından qürur
Yoluna nur oldu Xətai balan.

Çox tapdaq olmuşdun düşmənə, yada
Boynu bükülüydü açan gülün də.
Həsrəti qürbətdə zoğ atdısa da
Füzuli axır ki, ötdü dilində.

Doğma havasını çalmaq dəmində,
Ötə bilərsə də özgə simində….
Daha gözəl ötüb öz simi tarın.

Demə ki, dərd deyil, dərdsə də azdır.
Şerini özgənin dilində yazdı
Sinəndə göz açan söz sərrafların.

VIII

Sinəndə göz açan söz sərrafların
Vaxt olub çiçəkcə anılmayıblar.
Dilləri dillərdə ötüb onların,
Ancaq haqq yolunda yanılmayıblar.

Fəzlullah Nəimin iki bölünüb,
Dözmüsən dərdini sən uda-uda.
“Ənəlhəqq” söyləyib Allaha dönüb,
Nəsimi – dərisi soyulubsa da.

Tarix canı deyib hər soyan kəsə
Ancaq görmüşük ki, soyulan isə
Haqqın yollarına şəfəq, nur salıb.

Onunla fəxr edib öyündüm ki, mən-
Talanıb, soyulub, danılsan da sən,
Çoxunun gözləri əlində qalıb.

IX

Çoxunun gözləri əlində qalıb
Baxma ki, çoxları daş atıb sənə .
Nadir əsərlərin azmı talanıb,
Dönüb özgələrin qiymətlisinə.

Söz də tarix deyil hər yetən dana,
Qarğa verə bilməz bül-bül yerini.
Məgər çıxmadımı, de öz adına
Bodenşted Vazehin nəğmələrini?…

Qələm dediyini deyə bilməz ox,
Bu həyat yolundsa çox görünüb, çox,
Talayan alçalıb, soyan alçalıb.

Elə soyulmağın dərddimi təkcə,
Yox, sənə can atıb yetişmədikcə….
Çoxunu dərd alıb, fikir-qəm alıb.

X

Çoxunu dərd alıb, fikir-qəm alıb,
Sən çiçək açdıqca, gətirdikcə bar.
Bəzən də illərcə qonağın qalıb,
Sənə quyu qazan, tor quran da var.

Yolunda keçsək də, bir, canımızdan,
Uyduq neçəsinin əməllərinə.
Özümüz sıyrılıb öz qınımızdan,
Qırdıq özümüzü düşmən yerinə.

Qeyrət məqamında uduzmuşuq biz-
Elə ki, bilinib kəramətimiz,
Səni döndəriblər yola, səkiyə.

Sənin çörəyini yeyənlər ki, var,
Çox məqam gözləyib, çox göz qoyublar,
Qızıl qanını da sorsunlar deyə.

XI

Qızıl qanını da sorsunlar deyə
Sərhədlər keçiblər, dağlar aşıblar.
Zoru keçməyəndə keçib hiyləyə,
Söz verib, and içib “qardaşlaşıblar”.

Eləı ki hiylənin yırtılıb qını,
Əvvəl qeyrətini veriblər bada.
Dartıb bədənindən şah damarını,
əmzik tək əmiblər onu sonra da.

Xəncər qayıdarmı sipər yoxdusa ,
Övlad ürəyində təpər yoxdusa…..
Ay anam, nə xeyri deyilən sözün.

Mənim də öz gücüm çatır dilimə,
Ay Vətən, günahkar özünsən demə.
Bil, alnın açıqdır, bil, ağdır üzün.

XII

Bil, alnın açıqdır, bil, ağdır üzün.
Səndə sınmaz olan duruşa əhsən .
Ay elim, ay obam, fikir ver özün,
Bu dərdə sənsən ki, tab gətirmisən.

Bir de hansı qartal uça bilərdi
Bircə qandıyla zirvə tənində.
De, hansı torpaqda çiçək gülərdi
Sənin torpağın tək darda, çətində.

Paklıq ələnibdir səndəki oda,
Bir gözün həmişə ağlayıbsa da
Əsrlər içində gülüb bir gözün.

Baxıb keçmişinə balan kimi mən,
Üz tutub deyirəm, inan, ürəkdən
Bütövdür yerişin, bütövdür sözün.

XIII

Bütövdür yerişin, bütövdür sözün
Belə bir gedişi ariflər anlar.
Qaranlıq uçruma bürünsələr də,
Büdrəməz heç zaman bütöv olanlar.

Mən də bir övladam yuxusu sərsəm,
Taleh gəncliyimlə oynadı oyun.
Adına zərrəcə ləkə gətirsəm,
Qoy gəlsin burnumdan çörəyin, suyun.

Özümə qənimmiş mənim bu andım….
Ömür yollarında sərtlik qazandım….
Alnımı daşlara hey döyə-döyə.
Iki yad ocağa bölünməz bir ev,
Ay Vətən, qəlbimdə bütövsən, bütöv,
Qəlbini bölsə də Araz ikiyə.

XIV

Qəlbini bölsə də Araz ikiyə,
Nəğməni bir tonda çalan tarın var.
Üz tutub o taya “Şəhriyar” deyə
Səsinə səs verən Bəxtiyarın var.

Bir ağac kökündən söylə bir mənə
Iki özgə ağac çıxa bilərmi?!
Bir çay əsrlərlə biri-birinə
Söykənən dağları yıxa bilərmi?!

Açdım əllərimi qucam mən səni
Tikanlı məftillər qoymur birini,
Biri də halsızdır başına dönüm.

Təki hürsün itin, yansın çırağın,
Təki məndən olsun gələn sorağın,
Olmasın, olmasın sənsiz bir günüm.

XV

Olmasın, olmasın sənsiz bir günüm,
Demə uşaq kimi ağlar, kürəm mən.
Eşit, Azərbaycan, başına dönüm
Sənin şöhrətinlə öyünürəm mən

Qartal duruşun var, ulu adın var.
Başından aşıbdır dövlətin, varın
Dünyanın özünə çıraq olubdur.
Sinəndə göz açan söz sərrafların.

Çoxunun gözləri əlində qalıb
Çoxunu dərd alıb, fikir-qəm alıb
Qızıl qanını da sorsunlar deyə

Bil, alnın açıqdır, bil, ağdır üzün.
Bütövdür yerişin, bütövdür sözün
Qəlbini bölsə də Araz ikiyə…

Müəllif: İldırım ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru