Etiket arxivi: Təranə DƏMİR

“XƏZAN” jurnalının APREL 2024 sayı işıq üzü görüb.

“XƏZAN” jurnalının APREL 2024 sayı

“Xəzan” ədəbi-bədii jurnalının mart-aprel 2024 sayı çapdan çıxdı. Sayca 57-ci olan 128 səhifəlik jurnal 2016-cı ildən çıxır. Jurnalın səhifələri ədəbi nümunələrlə zəngindir.
Jurnalda MAHİR CAVADLInın 65, Şərqiyyə BALACANLI və Nəzakət EMİNQIZInın isə 75 yaşlarının tamam olması münasibətilə redaksiya heyəti adından təbrik mətnləri yerləşdirilib. Yubilyarlara can sağlığı, uzun ömür, bol-bol yaradıcılıq uğurları arzulanıb.
Bundan əlavə hələ də haqqında müxtəlif şayiələr dolaşan Mir Cəfər BAĞIROV haqqında araşdırmaçı jurnalist Füzuli BARATOVun təkzibolunmaz faktlara və məxəzlərə söykənən araşdırma yazısı da jurnalın bu sayında çap olunmuşdur.
Nəsrsevərlər Ayaz İMRANOĞLUnun “Uşaq ferması” romanının davamını da jurnalın bu sayında oxuya bilərlər.
Jurnalın YAZI DÜZÜMÜ aşağıdakı kimidir:

1.Redaktor guşəsi
-“Qərbdə elədir, bizdə belədir”
-Şərqiyyə Balacanlı – 75
-Nəzakət EMİNQIZI – 75
-Mahir Cavadlı – 65

2.Publisistika
-Füzuli BARATOV – “Mir Cəfər Bağırov”
-Sabir BƏŞİROV – “Qiyamətə qalan qisas”
-Röya TALIBLI – “Qərbi Azərbaycanda multikultiralizm”
-Sabir ŞİRVAN – “Məhəmməd Əlinin söz aləmi”
-Məhəmmədəli ZAMANOV – “Şair Sabir Şirvanın “Söz ömrü” kitabı haqqında düşüncələrim”
-Ruqiyə İSMAİLOVA – “Qərbi Azərbaycanın Atəşpərəstlik məbədi”
-Təranə DƏMİR – ““Sərhədçi zabitin etirafı” niyə ədəbi hadisəyə çevrilmədi?” (Əli bəy Azəri ilə müsahibə)
-Xatir ƏLİYEV – “Doğma yurdumuz Qərbi Azərbaycan”
-Mahir CAVADLI – “Ayaz gülüşünün yaz təbəssümü”
-Əli BƏY AZƏRİ – “Nazim Hüseynovun rəsm əsərləri – Zəngilanlıların yurd həsrətinin ifadəsi”
-Əli BƏY AZƏRİ – “Gözəl təşəbbüsün incə məqamları”

3.Poeziya
-Təranə DƏMİR – “Həyat bir cür unudulur”, “Özümə”, “Baxmayın”, “Bir”, “Göz arasında”, “Bu gün”, “Ocaq”, “Dağın vüqarı zirvədi” (şeirlər)
-Zeynalabdin NOVRUZOĞLU – “Yaşadım”, “Milli iftixarımız”, “Haqqı danmayın”, “Söz də metal kimi”, “Şair və şeir”, “Şükürlər olsun Allaha”, “Elə mənəm”, “Bizim şanlı ordumuz”, “O günah səninkidir” (şeirlər)
-Mübariz HÜSEYN – “Sular belə dənizinə qayıdır”, “Düzmü sandın, sən özünü, a dünya?”, “Can gedəndə”, “Bu gediş”, “Məni çox çəkirsən sınağa, dünya”, “Deyil”, “Görünür” (şeirlər)
-Qüdsiyyə QÜDSİ – “Badına getdi”, “Ağlamazdı”, “Sənsiz”, “Bəhanə”, “Asıb”, “Buludlar da”, “İndi”, “Hardadır?”, “Qığılcım”, “Sürüdüm”, “Ruhun fəryadı”, “Hələ” (şeirlər)
-Xatirə SƏFƏR – Poeziya çələngi
-Məhəmməd ƏLİ – “Gözəl”, “Yollar, ömürlər” (şeirlər)
-Arzu HEYDƏROVA – “Yaxşı adam”, “Səni aparan qatar” (mənsur şeirlər)
-Fazil AYDIN – “İtinə sahib çıx, ay it yiyəsi”, “Bir insan tapmıram bu yer üzündə”, “Sən Allah, siz mənə şair deməyin”, “Hara tələsirik?”, “Əllərini, əllərini ver mənə”, “O arzuma çatasıyam, çatası”, “Ağlayır qəbrimin baş tərəfində”, “Qayıdır Xan kəndinə”, “Şairin edam yerinə”, “Titrəyə-titrəyə”, “Mən kiməm?”, “Ürəyindən çıxart məni”, “Bu çörəyim daşdan çıxır” (şeirlər)
-Ziyafət YƏHYA – Qəzəllər
-Mehri VAHABQIZI – Poeziya çələngi
-Ağakişi ÇİNGİZOĞLU – “Deməyin mənə”, “Sonet”, “Ana”, “Sevgilim”, “Mən səni dost kimi görürəm axı” (şeirlər)
-Roza MƏSUM – “Ver mənə”, “Salatın”, “Mənəm”, “Dünyanın”, “Arasın məni”, “Dünya”, “Ötdü”, “Uşaqlar”, “Yaz”, “Bahar gəlir” (şeirlər)
-İlhamə KƏDƏR – “Biri mən”, “Kimi”, “O gündən ki”, “Darıxıram”, “Gülü”, “İlahi”, “Yaralar”, “Qar adamlar” (şeirlər)
-Yadigar TƏVƏKGÜL – “Ünvanlı şeir”, “Salam, ana”, “Azərbaycan qadını”, “Ay daş ürəklim”, “Adsız şeirlər”, “Dəli eşqi” (şeirlər)
-Aynurə İNCİ – “Özüm oldum”, “Darıxmaq”, “Küsdüm”, “Gözümdə səni”, “Şəhidlər”, “Köçündə məni”, “Nağıllar”, “Gecələr”, “Qəm əsəri”, “Qadın”, “Vətən”, “Vəfasız”, “Allahın əmanətidir” (şeirlər)
-Bahadur KƏRİM – “Məhtumqulu” (Türkmən ədəbiyyatı, dilimizə uyğunlaşdırdılar: Zəki BAYRAM YURDÇU, Rəhmət BABACAN)
-İltimas SƏMİMİ – “Güman yaşamaq”, “Nə halə salıb”, “Zaman”, “Yağış tək”, “Gümanla yaşayıram”, “Qış havası”, “Arzular boğulur”, “Gülüşlər çiçəklənir”, “Silmək olmur”, “İşıq axtarır”, “Ötər”, “Ağrısını” (şeirlər)

4.Nəsr
-Mahir CAVADLI – “Firuzun on bir yaşı” (hekayə)
-Ayaz İMRANOĞLU – “Uşaq ferması” (roman, davamı – əvvəli ötən sayda, ardı var)
-Damət SALMANOĞLU – “Bəddua” (hekayə)
-Xaliq AZADİ – “Fəlakət tək gəlmir” (hekayə)
-Zaur USTAC – “Santavik Əhməd” (hekayə)

Jurnalı KİTABEVİM.AZ kitab mağazasından əldə edə bilərsiniz.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Təranə Dəmir: – Ürəyimdə iyun həsrəti…

** ** **

Gecə yenə qaşqabağını töküb durub,
Kim bilir nə acığı var dünyaya.
Buludlar bir tərəfdə bardaş qurub oturub .
Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında .
Külək qudurub,
Gör necə ulayır gecənin başı üstündə ac yalquzaq tək.
Torpaq bir qat qabıqdan,
Ağaclar yarpaqdan çıxır.
Dəniz yaxasını açıb qaçır sahilə ,
Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə.
Bir şair tənhalığın acığını varaqdan çıxır .
Təzə abzasdan köhnə yaralar boylanır,
Hamısının da üstü açıq.
“Bircə səhər açılsaydı”-deməyə də adamın dili gəlmir.
Qaranlığın dibindən bapbalaca işıq süzülür alayarımçıq…
Nağıl kimi….

** ** **


Əynimdə dekabrdan qalma ömür,
Ürəyimdə iyun həsrəti.
Bircə çimdik ümidlə gedirəm üzüyoxuşa.
Çilik-çilik olmuş arzular baş-başa verib arxamca ulaşır.
Geriyə baxmağa nə gücüm qalıb, nə cəsarətim.
Dünən, bu gün mənimdi…hələ ki…
Bəs sabah?
…Gözümdə bütün rənglər bir-birinə qarışır
Budaq-budaq, yarpaq-yarpaq…

** ** **

Bir şeir asıb özünü hecadan,
Qafiyələr ağlaşır başı üstündə.
Ayağının altında varaq,
Boğazında qələm,
Nəfəsi kəsilir söz-söz, cümlə-cümlə.
Azadlığa açılır qapısı qorxuların.
Hardasa bir ütüsüz, bərsiz-bəzəksiz ,
Evsiz-eşiksiz sevgi yapışır gecənin yaş köynəyindən..

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Təranə Dəmir: – GÖY ADAMI

GÖY ADAMI

Siz Göy adamı ifadəsin eşitmisiz? Eşitməmisizsə, bu yazını oxuyun və görün ki, göy adamı necə olur? Özü də təpə-dırnaq . Yer günah yuvasıdı onunçun. Suyu günah, havası, dəni, işığı–hamısı kirlidi. Balaca da olsa hər şeydə günah var Yer üzündə. Günahkar da özümüzük. Onunçun göy üzü ən mübhəm, bakirə duyğuların məkanıdı. Sözün qanadında ruhu tez-tez göylərə uçur və paklanıb, durulub geri dönür. Ayı, ulduzu , buludları, səmanı özünə dost seçib deyə ürəyi rahatdı bir az. Qaldan, qeybətdən, paxıllıqdan uzaq bir dünyası var. Yurdu , yuvasıdı Göy . Yeri rahatdı yəni. Ürəyinin, ruhunun qapılarını hər adama açmaz. Heç özü də hər qapını döyməz. Şeirlərini pıçıldayar, səsə salmaz. Özünü öyməz, yazar sadəcə. Ürəyindən nə gəlirsə, Tanrı nə göndərirsə onu. Bir sözlə razıdı göyündən. Alqışı da şeirdi, qarğışı da. Qarğışı da alqışa bənzəyir. Uzaqbaşı “Mənim yaşıma çatasan” -deyər bir kəlmə. Vəssalam. Ürəyi gəlməz uzağa getməyə.
Heç kimdən gözükölgəli deyil. Ona görə yerişi də amiranədi. Polis polkovnikidi axı. Qanunlardan kənara çıxmağı sevməz. Elə sözü də qanundu onun. Ona görə sözü də qəlibdə saxlayar. Burda da qanunları, sədləri keçməz. Qafiyəbaz deyil. Qafiyə onu axtarıb tapır. Bu sarıdan kökünə bağlıdı. Ona görə də qol-budaq atıb. Sözü ilə işi birdi. Fəxrəddin Teyyubu deyirəm. Sözünün ağası şair Fəxrəddin Teyyubdu bu günkü qəhrəmanım. Onun sözünə ikinci sığalımdı mənim bu yazı. Tərifi çox sevmir deyə elə duyduqlarımı qələmə alıram . Bir də şairi şairdən gözəl kim duyar, tanıyar axı? Şairlər özlərini sözlərilə ələ verirlər. Onları tanımaqçun bircə misrasından tutmaq kifayətdi. Ağrıları , acıları, həsrəti , sevgisi, nifrəti, arzusu, ümidi -hamısı gizlənib o bircə misranın arxasında. Görmək, duymaq lazımdı sadəcə. Bir sözlə sözün ucundan tut, qaldırsın səni göyün yeddinci qatına. Çox hikmət var sözdə. Fəxrəddin Teyyub da sözüylə adamı göylərə qaldıran şairdi. Onun bioloji yaşında payız qışla savaşdadı. Ruhunun yaşı isə hələ bahardadı. Cismi ilə ruhu bir -biriylə yollaşa bilmir. Ruhunu cisminə geyindirə bilmir Fəxrəddin Teyyub. Dar gəlir. Neynəsə də əynindən çıxıb qaçır o çox sevdiyi göylərə. Qoşulur aya, ulduza, günəşə, səmaya. Dayanır Tanrısıyla üz -üzə. Cismi də yerdə tozla, torpaqla, otla, çayırla, yağışla, qarla əlləşir. Yazıq qalır ruhun dalınca baxa-baxa. Bu tərsmütənasiblikdə şair yorulur, inciyir ancaq dayanmır. Gözü dünya malında yoxdu. Bircə hörmətin, sevginin, qayğının, diqqətin acıdı. Hamını dinləyər, özü susar. Dərdini anlatmaz. Yükünü özü çəkməyə alışıb. Kimsə içindəki təlatümü görməz .Ruhunu kimsəyə əmanət etməz axı, bircə Tanrıdan başqa. Dost sözünə axıracan sadiq qalanlardandı . Küsməyi də şeir yazanacandı. Söz doğulan kimi ürəyindən tikan çıxar. Sözlə yaralanar, sözlə sarınar.
Mənim Fəxrəddin Teyyubla dostluğumun yaşı elə də çox deyil. İki il ola, ya olmaya. Ümumiyyətlə elə də çox dostum yoxdu axı. Bircə ovucun içinə sığacaq qədər. Kiminsə dostu olmaqdan da qorxmuşam ömür boyu. Bu boyda ağır yükün altına girmək hünər tələb edir axı adamdan. Deyilənə görə hünərliyəm. Bəlkə də…Bilmirəm.. Ömür boyu dostum daş, divar, qapı, pəncərə olub. Məhkumiyyətim azadlığımdı. Azadlığımın içinə sığacaq qədər dostum, yaxınım var.
Fəxrəddin Teyyubla aramızda bir fəsillik yol olsa da ruh yaşımız eynidi. Bahardayıq ikimiz də. Ruhumuzun götürdüyü yerə ayaqlarımız getməsə də ürəyimiz gedir. Ürəklə ” dostumdu” -deyə bildiklərimdəndi. Ərkim çatan qədər doğmayıq yəni. Saatlarla söhbət edirik. Sözdən, ədəbiyyatdan, yaradıcı adamlardan, dünyasını dəyişən ustadlarımızdan, klassiklərimizdən. Dünya ədəbiyyatına da baş vurduğumuz zamanlar az olmur. Heç kimin haqqına girmədən, heç kimin sözünə toxunmadan . Rəngsiz, boyasız fikirlərimizin işığında fikirləşirik ki, görən bütün yazarlar da bizim kimi görə bilirmi dünyanı? Aydın, ləkəsiz, rəngli…Kaş.. Bəlkə də.. Ola bilər…
Saatlarla danışığımızın sonunda yenə yarımçıq qalırıq. Sözdən doymaq olarmı?
Bəlkə də heç kim bilmir ki, Fəxrəddin Teyyub daim düşünür, axtarışdadı. Özü deməsə də bilirəm. Günün bütün saatlarında şeir havasındadı. Yazır, pozur, bir də yazır. Ta ki ürəyi soyuyanacan. Axırda da nə özündən razı qalır, nə sözündən. Hər gün nəsə tapır. Sevinir uşaq kimi. Sonra yazır. Bir də, bir də…Onunçun ağac, yarpaq, xəzəl, külək, yağış, torpaq-hamısı şeirdi. Bəlkə də ən yaxın dostları da onlardı. Şair gözlə görünən, toxunduğu hər şeyi dilləndirə bilir. Daşı da, qayanı da, dənizi də, buludu da…..Etdiyi yaxşılığı unudur. Ona edilən yaxşılığısa heç vaxt unutmaz.
Rahatlığı yoxdu. Həmişə narahatdı. Ata narahatlığı, övlad, yar, dost, qardaş, yoldaş narahatlığı var həmişə. Nəsə gəzir. Bəzən heç özü də nə istədiyini bilmir. Bu yaşında da anasını axtarır Fəxrəddin Teyyub. Uşaqlaşmaq, saflaşmaq, ovunmaq, yaşamaq üçün. Bir də görürsən bu həsrətin içində gözəl bir şeir dünyaya gəldi. Özü də şairin ürəyinə , sevgisinə , göz yaşına bələnmiş şeir..Gəl bu şeiri sevmə indi…
Darıxanda, özünə çəkiləndə təptəzə , işıqlı, tərtəmiz bir şeirlə dönür geri şair. Çox az hallarda ürəkdən gülür. Boğazdan yuxarı gülüşünü tanıyıram axı. Üzünə vurmuram… Utancaqdı…
Bağlı boxçadı ürəyi. Qıfılı özündədi. Özü küsər, özü də barışar…Kini yoxdu. Heç düşməninə də. Görəsən Fəxdəddin Teyyubun düşməni var? Maraqlıdı. İnanmıram. Amma onu sözünə, özünə rəqib bilənlər həddindən artıq çoxdu. Qoy olsun. Bu da bir uğurdu.
Dünyaya gəlişi ərəfəsində nəsə hədiyyə etmək istədim şairə. Bildim ki, o məndən ancaq söz istəyir bu günündə . Onunçun sözdən dəyərli heç nə yoxdu. Axı sözə əbədi vurğundu. Ürəyimdən keçənləri yazdım. Yazmadım əslində. Bu yazı da belə doğuldu. Bəs görəsən onun ürəyindən keçənlərdən xəbər verə bildimmi? Bilmirəm…Kaş..Bəlkə də….

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

YAXŞI Kİ, SABAHLAR VAR.

YAXŞI Kİ, SABAHLAR VAR.

Universitetə ilk qədəm basdığım gün heç yadımdan çıxmaz. Rayondan gəlmişdim. Adi kənd məktəbini bitirən arıq qız idim. Həm də utancaq. Utancaqlığım əynimdən, başımdan , üzümdən , gözümdən tökülürdü. Elə bilirdim ki, yollar, binalar, adamlar, səkilər, göyərçinlər, maşınlar- hamısı mənə baxır. Saçlarımı yığıb gizlətmişdim sancağın altında. Çantam böyrümə qısılmışdı, özüm də atama. Balaca kəndimizdən sonra Bakı mənə o qədər böyük və ucsuz- bucaqsız görünürdü ki, hər an itəcəyimdən, azacağımdan ehtiyyat edirdim. Yolları , döngələri gözümə yığırdım ki, dönəndə çaşmayım. Ürəyim nigaran, baxışlarım ürkək, addımlarım qorxaq idi. Qarşıdakı beş il gözümə dağ durmuşdu. Kim yaşayacaqdı bu qoca zamanı? Hər şeyi buraxıb qaçmaq istəyirdim kəndimizəcən. Həm də bu mənim ilk böyük ayrılğım idi.Anamdan, elimdən, obamdan, sinif yoldaşlarımdan , rəfiqələrimdən , hətta ömründə bircə kərə belə kəlmə kəsmədiyim adamlardan ötrü də burnumun ucu göynəyirdi. Qoxusu burnumdaydı ağacların, yolların, çiçəklərin, kolların. Bir himə bənddim. . Tək bir söz, bir işarə lazım idi ki, ürəyimin həsrətini boşaldım bu nabələd şəhərin qucağına.
Birinci universitetin həyəti qarşıladı bizi, sonra qapısı, sonra pillələri, sonra dəhlizi, sonra auditoriyası. Tamam yad mühit, yad adamlar, yad divarlar, yad güzgülər. Sıxıldım. Yenə qaçmaq istədim. Uşaqlığım yadıma düşdü. Qucaqlamaq istədim yaddaşımı. Xəyalımdakı özümə sarılmaq istədim. Yazıqlaşdım. Burdakı tənhalığımdan tutub boş skamyaların birində oturdum. Sonra bir oğlan mənə yaxınlaşdı. Ömründə üzünü görmədiyim, səsini duymadığım bu gənc məndən yanımda oturmaqçun icazə istəyirdi.Duruxdum. Başımla razılıq verdim. Sonra auditoriyadakı uşaqlar bir- bir yanıma gəldi. Salamlaşdıq. Min ilin yaxını kimi. Qaynayıb qarışdıq. Unutdum tənhalığımı. Yiyəsiz deyildim bu şəhərdə artıq. Bu uşaqlara güvənə bilərdim. Güvəndim də. Baxdım ki, daha ağlamağım da gəlmir. Sonra bu şəhər də, universitet də elə şirinləşdi ki mənimçün.. . Daha bu şəhərdən, bu adamlardan, bu küçələrdən, döngələrdən, bu göyərçinlərdən, bu dənizdən qorxmurdum. İsinişdim yavaş-yavaş kirayə evimə də, divarlarına da , pəncərəsinə, qapısına da. . Şəhər hopdu üstümə, saçlarıma, baxışlarıma, ovuclarıma. Xəzərlə yudum həsrətimi . Metronun havasına alışdım. Stansiyaları yığdım baxışlarıma. Əzbərlədim addım-addım şəhəri. . Elə şəhər də öyrəşdi mənə deyəsən. Səsimə, saçlarıma, gözlərimə. Addımlarımı saydı yollar. Yorğunluğumu daşıdı avtobuslar, tramvaylar. Sığındım Bakıya, jurnalistikanın işıqlı auditoroyalarına. Burda qəribliyimizi , tənhalığımızı , kimsəsizliyimizi ovutduq bir -birimizin. Arxalanmağı, ayaq üstə durmağı, mübarizəni, udmağı, uduzmağı öyrətdilər bizə. Elə sevib sevilməyi də. Kənddən şəhərə yol ölçdü ayrılıqlar. Dörd təkərin üstündə daşıdım arzularımı. Gah küsdüm, gah barışdım özümlə. Sözün əlindən tutub yeridim sabaha sarı. Arzularım da, ümidlərim də mənlə yeridi. Göz açıb yumunca bitdi tələbəliyim. Kitab-kitab xatirələr qaldı yaddaşımda. Bir də rəngli-rəngli xəyallar. Təkcə universitet yox, elə bu şəhər, bu binalar, bu yollar da mənə o ki, var dərs keçdi. İtirə-itirə qazandım, qazana-qazana itirdim. Amma dayanmadım. Hərə öz bəxtindən baxdı dünyanın sevincinə, kədərinə. Ata , ana oldu dünənin uşaqları.
Sonra zamana allandıq. Unutqanlığı öyrətdi həyat bizə. Hərə bir tərəfdə vaxtı ölçdü. Bu günə, sabaha atdıq istəklərimizi. Bir də baxıb gördük ki, bahar çoxdan gedib. Əlimizdə, ovcumuzda olanlara şükr etdik yenə . Elə payıza da. Bu şəhər də bizimlə birgə xəzəlləşdi. Binalar yekəldi, sevgilər kiçildi. Arzular doğuldu, arzular tükəndi.Hər dəfə də ümidə sığındıq…
Yaxşı ki, sabahlar var…

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Yeni yaşına salam olsun, Qəşəm Nəcəfzadə.

Yeni yaşına salam olsun, Qəşəm Nəcəfzadə.

Təxminən üç il bundan qabaq “Azərbaycan” jurnalına bir neçə şeir göndərdim . Xeyli vaxt gözlədim , amma şeirlərdən səs-soraq çıxmadı. Sonra dözməyib Qəşəm Nəcəfzadəyə zəng etdim ki, görüm şeirlərin aqibəti necə oldu. Allahtərəfi çox səmimi söhbətimiz oldu. Yaradıcılığımı ürəkdən təqdir etdi , uğur dilədi və söz verdi ki, tezliklə dərc olunacaq. Sakitləşib oturdum. Bir il beləcə keçdi. Amma nəticə olmadı. Hərdən xatırladırdım özünə, o da söz verirdi. Sonra Sumqayıt Poeziya Evində kitablarımın təqdimatı keçirildi və işinin , gücünün aşıb daşdığı vaxtda Qəşəm Nəcəfzadə imkan tapıb tədbirə gəldi. Elə bildim şeirlərim dərc oldu. Sevindim ( Özünə bildirməsəm də) . Orda da odlu alovlu çıxışından sonra bir də söz verdi ki, şeirlərin tezliklə işıq üzü görəcək. Artıq xeyli sakit idim. Qəşəm Nəcəfzadə sözünü götürüb gəlmişdi sözümün görüşünə. Bundan böyük uğur var idimi? Elə “Azərbaycan” jurnalında dərc olunmuş kimi vardım. Tədbirdə kiitabları vərəqlədikcə kəşf edirdi məni Qəşəm Nəcəfzadə sanki və kəşf etdikcə qəribə bir peşmanlıq da hiss edirdim səsində. Elə baxışlarında da. Hətta araya salıb üzr də istədi iştirakçıların içində. Məndən yox ha, sözümdən. Özümdə qəribə bir əminlik yarandı. Necə olmasa ədəbiyyatda sözünü deyən, dəst-xəttiylə seçilən şair mənə dəyər verib tədbirə gəlmişdi. Müəyyən yaşım olsa da, uşaqlıqdan ədəbiyyata gəlsəm də sən demə mənim də sözə ehtiyacım varmış. Hər halda məndən neçə bayram böyük şairin bu gəlişi böyük dəyəriydi sözə, poeziyaya.
Tədbirdən sonra yenə gözlədim. Yenə söz verildi,dərc olunmadım. Sonra bir də, bir də ..
Bu dəfəki telefon danışığımız əvvəlkilərə bənzəmədi. . Araya küskünlük düşdü. Çəkilib oturdu hərə öz sözündə. Nə o sözündən usandı, nə mən. Amma bütün bunlarla yanaşı billrdim ki, Qəşəm Nəcəfzadə küs adamı deyil. . Nəyi var dilindədi. Ürəyi başqadı. . Bir az qüruruna sığınandı. Amma içindəki təlatümü də ona dinclik verməz. Özü demiş şairi şairdən gözəl kim tanıyar? Qəşəmi də sözü ələ verir həmişə. Yazdıqlarından bilirəm , tanıyıram onu.
Sözü bişirməmiş çıxarar ağzından bəzən. Amma sonra…Sonrasını bir özü bilir, bir də Tanrısı. Bir az tör-töküntü, bir az köntöv fikirlərinin içində bir aydınlıq, işıq var. Qaranlığı yoxdu. Necə görünürsə ,elədi. Bəzən sonda deyiləcək sözü əvvəldə desə də özüdü.
Bir gün Qəşəm Nəcəgzadə Fəxrəddin Teyyubdan xəbər göndərdi ki, yeni şeirlərindən göndərim. Göndərmədim və əvəzində onun çox sevdiyim şeirlərindən birini səsləndirdim . Göndərdim özünə. Bilirəm axı sözə aldanan şairdi. Üsyankardı, bircə anda əsib coşandı. Amma bir sözə bənddi . Ürəyini bilirəm. Söz də söz olsun gərək amma. Çox sevindi . Səs atdı . Ürəyi sakit olmadı. Zəng etdi. Təşəkküründə də tayı bərabəri olmayan şairdi axı. Telefonun o tayında onun sevincini görə bildim . Səsindən.
Artıq “Azərbaycan” jurnalını da, ora göndərdiyim yazıları da yadıma salmırdım. Xasiyyətimə bələdəm axı. Güclə barışmışdıq.
Sonra AYB-nin Natavan klubunda yeni kitablarımın təqdimatı oldu. Dəvət elədim. Dedi ki, cənub bölgəsindıyəm və çalışacam ki, tədbirdə iştirak edim. . Bildim ki, gələcək. Az-çox tanıyıram axı. Gəldi də. Yorğun idi. Üstü, başı, saçları, gözləri, səsi -təpə-dırnaq yorğun görünürdü. Uzaq yoldan gəlmişdi . Həm də neçə günün narahatlığı çökmüşdü üstünə. Düzü narahat oldum onun bu pəjmürdə halına. Amma peşman da olmadım dəvət etdiyimçün. Danışdı.
Bir qədər sakit, yuxulu, yorğun. Burda da söz verdi ki, dərc edəcək şeirlərimi. Doğrusu dərc olunmaq həvəsim qalmamışdı daha. Bu sözü də dostlar aldılar onun ağzından bu dəfə . İkimizin ortaq dostlarımız. Daha heç yadına da salmırdım onun.Özü gəlmişdi . Bəs idi.
Sonra? Sonra dərc oldu şeirlərim. Xəbəri də özü verdi mənə. Qəribədi. Bu dəfə nə mən sevindim, nə də şeirlərim. Heç jurnalı axtarmaq həvəsinə də düşmədim. Sadəcə təşəkkür etdim. Vəssalam. Bu dəfə Qəşəm Nəcəfzadə sevinirdi mənim əvəzimə. Çiynindən dağ götürülmüşdü sanki. Onun sevincinə mən də sevindim .
Bu gün onun dünyaya gəldiyi gündü. Bu ağrılı, acılı, qanlı, qadalı dünyaya. Adamlıq, oğulluq, atalıq, dostluq, şairlik yükünü çəkə-çəkə bir ili də yola verdi. Şükür. Bilirəm ki, həyatı qova-tuta yaşayan bu yorğun şairin hələ həyata keçməyən çox arzusu var.Yazıb yaratmaq eşqi isə öz yerində. Təki sağlıq olsun . Köhnə yaş tarixdə qaldı. Yeni yaşın mübarək, Qəşəm Nəcəfzadə.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

İBRAHİM İLYASLININ YAZILARI

QULU AĞSƏSİN YAZILARI

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir yazır:

VƏTƏN QADIN

Xalam Məleykə Rəsulova pambıqçılıq briqadiri idi. Respublikanın qabaqcıl əmək adamlarındandı həm də. .Yaxası orden , medallı, adlı-sanlı, şöhrətli, şərəfinə və vicdanına söykənən qadından danışıram.
Özü də mərhum H.Əliyevin kadrı idi.
70 -80 -ci illərin əfsanələrindəndi. Respublika rəhbərinin şəxsi imzası ilə kolxoza briqadir təyin olunmuşdu. Rayona, kolxoza gələndə xalamla yaxından maraqlanırdı, görüşürdü, töfsiyyələr verirdi. Bu ötkəm, sözünün ağası, dilinə görə dilçəyi olan qadına bir ayrı hörmət edirdi ölkə başçısı. Kiminsə ətəyindən tutub yeriməyi sevməzdi xalam. Kimdənsə gözükölgəli qalmağı da özünə, mənliyinə sığışdırmazdı. Söz verdisə nəyin bahasına olursa olsun, onu yerinə yetirərdi. Dəfələrlə respublika səviyyəli yarışlarda birinci yerə çıxmışdı. O vaxtın adamları sözümü təsdiqləyə bilər. Əzmkarlığı çoxlarını xofa salmışdı. Hamı bu dəmir iradəli qadınla hesablaşmağa çalışırdı. Nöqsanlara göz yummazdı. Plenium və qurultaylarda odlu, alovlu çıxışları ilə yadda qalırdı. Haqsızlığa, ədalətsizliyə qarşı üsyankar idi. Yüz kişinin yükünü daşıyırdı zərif çiyinlərində. Yorulmadan, usanmadan, hətta böyük həvəs və şövqlə. Əlləri də onunla birgə danışardı. Baxışlarıyla deyərdi ürəyindən keçənləri çox vaxt. Bir sözlə əsl Azərbaycan qadını idi. Yerişi, duruşu, baxışı ilə özünü anladırdı Məleykə Rəsulova. İşləyə -işləyə oxuyurdu həm də. Kirovabad Kənd Təsərrüfatı İnistitutunda təhsil alırdı.( İndiki Gəncə Aqrar Universiteti) .Uğur qazanmaqçun özünü oda, közə vururdu. Xalamdı deyə demirəm. Həqiqətlərin üzərinə kölgəyə salanlardan zəhləm gedib həmişə. Yalançı tərifdən də çox uzağam. Tanıyanlar bilir. Xalama bənzəyirəm bu sarıdan.


Kimləsə rəqabətə girməyə çalışmırdı. Özüydü təpə-dırnaq. Mükəmməliyə can atırdı daim. Ana kimi, övlad kimi, xala kimi, bibi kimi, yoldaş kimi, nənə kimi, vətəndaş kimi – bütövlükdə mükəmməl idi. Bütün bunları bir ayada necə qoruyub saxlayırdı? Necə bacarırdı? Hamısının öhdəsindən necə gəlirdi? Necə çatdırırdı? Həmişə məni düşündürüb bu sual. Gözünün içinəcən çiçək kimi idi . Tərtəmiz. Ən əsas ruhundakı gözəllik idi onu mənə daha çox sevdirən. Sevgisi də mükəmməl idi. Həyat dolu, sevgi doluydu. Dünyanı gözəl tərəfdən görürdü, duyurdu. Həddən artıq elmli idi. Bütün elmlərdən haliydi. Hər şeylə maraqlanırdı. Bütün mövzularda insanla dialoqa girməyi bacarırdı. Gözəl diksiyası vardı. Əsl natiq idi. Səlis və qüsursuz danışığı ilə həmişə diqqət mərkəzindəydi. Elə özü də mərkəzdə olmağı sevirdi. Dik yerişli qadındı. Bir az da ötkəm, qürurlu. Kəlağayısının yeli vururdu adamı. Zəhminin özündə bir amiranəlik , eyni zamanda eşq vardı. Tanrı sevgisi isə bir ayrıydı. Şükranlıq vardı bu sevgidə. Məğrurluğunda gizlədirdi həyəcanını, sevincini. Uğurlarıyla öyünməzdi. Uğur da onu axtarıb tapardı həmişə.


Sevilirdi bu qadın. Sözüylə, yerişiylə, baxışıyla, işiylə, qadınlığı, ucalığıyla sevilirdi. Gözləri danışırdı adamla. İşiylə fəxr edirdi. Elə Vətəniylə, torpağıyla da . Öyünürdü Azərbaycanlı olmağı ilə. Eyni zamanda nizam-intizamlıydı. Gecikməyi sevməzdi. Gözləməyi və gözlətməyi də. Əzmkar idi. Çətinlikdən qorxmazdı. Elə ölümdən də . Ona görə də son anınacan mübarizə etdi. Həyata, sevdiklərinə tutuna-tutuna mübarizə etdi həm də. 65 illik həyatında 100 ilin işini gördü.


Sabirabad rayonunun Qələbə kolxozunun pambıqçılıq briqadiri Məleykə Rəsulovadan yazdım. Bir az öyünə-öyünə, bir az darıxa-darıxa , bir az oxşaya-oxşaya qələmə aldım ürəyimdən keçənləri. İstədim dünyalarca sevdiyim bu qadını siz də tanıyasız. Sözlə tablosunu çəkməyə çalışdım. Bəzəksuz, boyasız, pafossuz. Sadə dildə. Mürəkkəb cümlələr seçmədən. Elə qəhrəmanımın özü kimi. Nə qədər bacardım , bilmirəm. Bircə onu bilirəm ki, bu yazdıqlarım onun haqqında düşündüklərimin bapbalaca hissəsidi. Ürəyimsə onunla dopdoludu. Bu hələ son deyil. Təki sağlıq olsun.

TƏRANƏ DƏMİR: YENİ YAŞINDA YAZIÇI ANAR RZAYEV HAQQINDA DÜŞÜNDÜKLƏRİM.

YENİ YAŞINDA YAZIÇI ANAR RZAYEV HAQQINDA DÜŞÜNDÜKLƏRİM.

Mən Anar Rzayevin nə titullarını sayacam, nə kreslosunu öyəcəm, nə onunla yanaşı çəkdirdiyim şəkli paylaşacam( Çünki qoşa şəklimiz yoxdu) . Sadəcə sevdiyim və hörmət etdiyim bir yazıçı haqda düşündüklərimi qələmə alacam. Axı heç bu yazıçının mənim tərifimə və alqışıma da bir o qədər ehtiyyacı yoxdu. Zamanında( elə indi də) o ki var tərifləyiblər. Boğazdan yuxarı və ya sidq ürəklə, axır ki, öz haqqını, söz haqqını çoxdan alıb yazıçı. Özü də zəhmətiylə, işiylə, cild-cild əsərlərilə alıb. Yəni halal haqqını veriblər. Elə bizə də onun söz tərəfi, işıqlı tərəfi lazımdı.Yalançı tərifin əleyhinəyəm. Elə həqiqətlərə kölgə salanların da.
Az qala birnəfəsə oxuduğum kitabların müəllifini elə sözündən tanıyıb təqdir etmişəm həmişə. Özünüsə yaxından bircə dəfə görmüşəm . AYB -yə üzv olanda tədbirdə vəsiqəni mənə təqdim edəndə. Vəssalam. Sonradan nə o məni görüb, nə mən onun qapısını döymüşəm.( Kabinetinin qapısını) . Kiminsə ətəyindən tutub titul, kreslo eşqinə də düşməmişəm. Yaddaşımda da necə görmüşəmsə, elə də qalıb. Səmimi, təvazökar, mehriban. Bəlkə bir az da utancaq. Vəzifə tərəfindən bu qədər danışa bilərəm ancaq. Amma söz tərəfindən saatlarla, bəlkə lap günlərlə danışaram. Axı ən xırda hekayəsindən tutmuş, ən böyük romanınacan hamısı bir həyatdı yazıçının yazdıqları. Gündəlik qayğılarımız, ağrılarımız, həsrətimiz, ayrılıqlarımız, nisgilimiz, nöqsanlarımız, uğurlarımız yazıçı təxəyyülündə elə məharətlə cilalanıb ki…
Anar kökünə bağlı yazıçıdı. Sətir-sətir düşündürən, kitab-kitab anladan yazardı . Gəncliyim onun əsərlərinin arasında keçib. Gecələr lampa işığına , ay işığına oxumuşam kitablarını. Vərəq-vərəq anlamağa çalışmışam yazdıqlarını. Ürəklə, həyəcanla , acgözlüklə özümə diktə etmişəm yazarın düşündüklərini. Anlamadığımı təkrar oxumuşam. Bir də, bir də…. Yazıçı öyrədib, qoruyub , hifz edib məni dünyanın o biri üzündən. Anlamışam ki, beşmərtəbəli evin altıncı mərtəbəsi olmur. Lap özünü öldürsən də olmur. Əsmərin və Oqtayın timsalında əbədi sevgiyə inanmışam. Güvənə- güvənə , qoruya-qoruya, mübarizə edə -edə inanmışam həm də. Onların səhvlərindən nəticə çıxara-çıxara tutmuşam bir sevginin yaxasından. Geriyə dönüşü olmayan sevdaların bir ömür şikəst qoyduğu duyğulara yana-yana inandırıb məni tərtəmiz sevgiyə yazıçı. Yadımdadı onun “Sizsiz” əsərini oxuduqca necə ağrılı hisslər keçirmişdimsə uzun müddət özümə gələ bilməmişdim. Atasızlığı, anasızlığı elə o vaxt daddırmışdı bizə Anar. Yetimləşmişdim bircə anın içində ata-anam yanımda ola-ola. Bəlkə də o çağacan ölümün bu qədər yaxında olduğunu, əbədi ayrılığın ağırlığını bu qədər hiss etməmişdim. Heç o çağacan mən Anarı Rəsul Rzanın və Nigar Rəfibəylinin oğlu kimi də tanımamışdım deyəsən. Çünki yazıçı valideynlərinin kölgəsində yazıb yaratmırdı..Onu özü kimi sevirdik. Anar kimi. Sonra anladım onun soy-kökünə bağlılığını, sözünün çəkisinin hardan qaynaqlandığını. Amma yenə də o həmişəki Anar idi gözümdə. Mən onu Rəsul Rzanın oğlu olduğu üçün yox, yazıçı Anar olduğu sevirdim yenə də. Zərrəcən dəyişməmişdi duyğularım. Əvvəlki çəkisindəydi. Onun psixoloji sarsıntıları mənə də sirayət etmişdi. Neçə gün özümə gələ bilməmişdim. Demək yazıçı bacarmışdı duyğularını sözə çevirməyi. Özü də böyük ustalıq və məharətlə.
Onun ssenarısi əsasında çəkilmiş filmlər nə qədər həyati və mükəmməl alınsa da əsərin orjinal dili tamam başqaydı. Yazıçı ilə oxucu arasında təmas yarada bilirdi Anar Rzayev . Dialoqa girirdik hətta müəlliflə. Üz-üzə qoyurdu bizi qəhrəmanlarıyla. Əyinlərindəki paltarından tutmuş səsinə, baxışınacan xəyal edirdik onları. Nəfəslərini hiss edirdik yanımızda. Narazı qaldığımız, üsyan etdiyimiz vaxtlar da az olmurdu. Yazıçıdan küsürdük hətta neçə müddət. Sonra sakitləşirdik və anlayırdıq ki, elə belə də lazım imiş. Çünki həyatın reallıqları ilə barışmaq lazım olduğunu başa düşürdük. Demək Anar fikirlərini düzgün ifadə edə bilirdi. Eyni zamanda yazıçı bizi həqiqətlərlə üz -üzə qoymaqla gözəl həyat dərsi keçirdi bizə. Bu da bir məsuliyyətdi. Bu yükün altına girməkdən də qorxmurdu yazıçı. Təsadüfi deyil ki, teatr və kino tariximizdə ən gözəl filmlərin və tamaşaların çoxusu Anarın ssenarisi əsasında çəkilənlərdi. Onu daha çox sevdirən bilirsiz nədi? Yazıçı azadlığa çan atan duyğularını heç vaxt buxovlamırdı. Onun hissləri sərhəd tanımırdı. Qəhrəmanlarının gizli, mübhəm hisslərini pərdə arxasında gizlətmirdi. Ona görə də oxuduğumuz əsərlər saxta gəlmirdi bizə. Yazıçının əsərlərini elə ilk səhifədəcə özümüzünküləşdirirdik. Özü də sevə-sevə. Əsər bitsə də qarmaqarışıq duyğuların arasında neçə gün özümüzə gəlı bilmirdik. Dönə bilmirdik reallığa. Elə bilirdik ki, elə əsl həyat o kitablardadı. Bu da yazıçının uğuruydu.
Bəlkə də fikirlərimlə və düşündüklərimlə razılaşmayanlar da olacaq. Amma bütün bunlar mənim sevdiyim yaxıçı haqda düşüncələrimə xələl gətirməyəcək. Qəribədi. Hərdən fikirləşirəm ki, bütün gözəl yazarlarla mənim bir ruh bağım var. Özü də gizlin, gözəgörünməz yaxınlıqdı bu. İşıq seli qədər yaxın. Bəlkə bu ruh yaxınlığımızdı bizi Anar Rzayevlə doğmalaşdıran.
Ad günü ərəfəsində yazıram bu yazını. Özü də ay işığına. Bilmirəm heç doğum gününəcən çatdıracağammı? Amma əsas odu ki, yazıram. Özü də ürəklə yazıram. Təmtəraqsız və bəzəksiz. Düşündüyüm kimi. Nə qədər bacarıram , nə qədər yazıçıya layiqdir, onu da bilmirəm. Əsas odu ki, bu yazı doğulur . Özü də ömrünün 86 -sında. Bir də nə vaxt doğulacaq belə bir yazı? Allah bilir. Bircə onu bilirəm ki, mən onu “Dantenin yubileyi”-nə, ” Gürcü familiyası”-na”, “Təhminə və Zaur”-una, “Sizsiz”-inə , “Keçən ilin son gecəsi”- nə görə tanımışam. Bu tanışlığın içində dopdolu sevgi və şükranlıq var.
Təbrik edirəm .Yeni yaşın mübarək, yazıçı Anar Rzayev! Yolun çox uzun olsun!

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

İBRAHİM İLYASLININ YAZILARI

QULU AĞSƏSİN YAZILARI

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TANRI ÖMRÜNƏ BƏRƏKƏT VERSİN, İBRAHİM İLYASLI!

TANRI ÖMRÜNƏ BƏRƏKƏT VERSİN, İBRAHİM İLYASLI!

Tanrı dünyanı var edir, şairlərsə sözdən söz yoğurur. Demək ikisi də yaradıcıdı. İkisi də ali mərtəbədədi. Hər əlinə qələm alan da şair olmur ha. Tanrının diktəsilə yazanlardı əsl şairlər. Tanrı nəfəsi toxunmayan sözdən söz olmaz. Hər yetən qapını da çalmaz söz. Şairlər söz-söz yaxınlaşır dünyaya, ovudur, sığal çəkir, məlhəm olur, sarıyır. Söz açan qapını dünyanın ən böyük fatehləri açıb girə bilməz. Sözdəki qüdrəti görürsüzmü?
Bu gün də sözdən söz yoğuran, sözüylə sığal çəkən, ovudan , sarıyan şairlərdən biri- şair İbrahim İlyaslının günüdü. Sülh şairi, barış şairi, gözəllik, sevgi aşiqi, Vətən , bütöv Azərbaycan sevdalısı İbrahim İlyaslının dünyaya göz açdığı gündü. Yaşının hansı çağıdır, deyə bilmərəm. Ruhununsa bahar çağıdı .Bax bunu əminliklə deyirəm. Şeirləri elçiyə dönən, ocaq-ocaq gəzən, ev -ev, könül -könül dolaşan şairin yaşının üstünə bir yaş da gəlir bu gün . Sözününsə bir az da müdrikləşən, bir az da cilalanan çağıdı. Tanıyanlar bilir ki,mübaliğəni, yalançı tərifi, boğazdan yuxarı danışmağı sevmirəm. Sevdiklərimi məqsədsiz və təmənnasız sevirəm. Elə sevgilərin ən alisi də bu deyilmi? İbrahim İlyaslının imzasını çoxdan tanısam da özüylə dostluğumun yaşı elə də çox deyil. Amma mənə elə gəlir ki , onu min ildi tanıyıram. Min il yol getmişəm sanki şairlə. Sözünə, ərliyinə, dostluğuna güvənib deyirəm bunu. Bir -birimizlə söz ərkimiz , könül dostluğumuz var. Adamı incitməz. Sözünün havası uzaqdan vurar adamı. Könlündən keçəni şeirlə deyər. Qırmadan, üsulluca . Yorulduğunu hiss etdirməz. Heç küskünlüyünü də. Anlayan anlayar ancaq. Anlayançun ürəyinin qapıları taybatay açıqdı. Tərifi sevməz. Bir məsum , körpə utancaqlığı var. Sözünü urvatdan salmaz. Hansı sözü harda danışmaq lazım olduğunu gözəl bilir. Öz çəkisindədi, söz çəkisindədi həmişə. Könlüncə olmayan heç nəyi alqışlamaz. Sözü kimi dostluğu da möhkəmdi. Boynuna düşən hər işi layiqincə yerinı yetirər. Yorulsa da, usansa da edər. Sözünün yükünü hər yetən çəkməz həm də. Səbri özündən böyükdü. Elə sevgisu də. İşıqlıdı yazdıqları. Odu uzaqdan vurar adamı. Qaranlığı sevməz İbrahim İlyaslı. Sözlə dolaşar, sözlə gəzər. Şeir yazanda xoşbəxt olar bircə. Yükü azalar sanki. Mən belə tanıyıram onu

Mən sevə bilirəm ancaq,
Sevilmək? – o mənlik deyil

-deyən şairin sevənləri o bildiyindən də çoxdu. Sevilən şair olmağın özü böyük xoşbəxtlikdi. Bir də şairin məniylə istedadı üst-üstə düşəndə bir özgə aləm olur. Bu baxımdan İbrahim İlyaslı xoşbəxt yazardı. Özünə və sözünə hörmət edəndi .Heç kimdən heç nə ummaz, bircə sözündən savayı. Cild-cild əsərlərin arxasında gizlətməz adamlığını. Bircə misrasından tanıyarsan onu. Həm də çox həssasdı.Səsindən tutar nə demək istədiyini. Kədərini, dərdini( Tanrı dərd verməsin) , ağrısını da sevdirər. Dərdi sevə-sevə çəkən şairdi axı. Oxucunu ram edən qələmi var. Bir də bilirəm ki, onunçun özəl günündə sözdən gözəl təbrik ola bilməz. O söz də ki, dost payı ola, içdən gələ. O sözə ki, ürək qoyasan, onu kim sevməz? Bilirəm ki, bu yazını da oxuyub kövrələcək. Söz-söz, sətir -sətir, misra-misra kövrələcək. Bəlkə təzə şeir də doğulacaq bu yazının eşqinə. Gecənin qaranlığına işıq tutan söz həm də. Özü də şairin ürəyi boyda. Bilirəm. Amma kövrəldiyini heç kim bilməyəcək. Bircə ərk yeri, görk yeri Tanrısından savayı.
Yaşının üstə yaş gəlsə də, həsrətin bir buğda boy atsa da yenə də yaşamağa dəyər , şair. Bir daha günün mübarək . Allah ömrünə bərəkət versin. Özünün və sözünün varlığına şükür, İbrahim İlyaslı.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

İBRAHİM İLYASLININ YAZILARI

QULU AĞSƏSİN YAZILARI

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ MART – 2024 № 03 (39)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR”JURNALININ MART – 2024 N: 03 (39)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB: PDF: >>>>yazarlar-39

Görkəmli şair Ramiz İsmayılın  “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub.

>>>>BUDAQ TƏHMƏZ

>>>>>>ƏLİ BƏY AZƏRİ

>>>>>>RAMİZ İSMAYIL

Budaq Təhməzin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində  işıq üzü görmüş kitabın redaktoru və ön sözün müəllifi yazıçı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəridir.

Rafiq Əliyev haqqında kitab – PDF:

rafiq-aliyev-su-kimi-sakit-ve-guclu-e-standart

Download

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RƏQƏMLƏRLƏ DANIŞAN ADAM.

RƏQƏMLƏRLƏ DANIŞAN ADAM.

Bu dəfəki qəhrəmanım nə şair deyil, nə yazıçı, nə rəssam , nə musiqiçi.Nə sözü şeirə çevirəndi, nə səsin, nə rənglərin diliylə danışan. Bütün həyatını rəqəmlərin üzərində quran , elmlərin açarı sayılan riyaziyyatın nazını balası kimi çəkən, üstündə əsən , tətbiq və tədris edən elm fədaisidi eləcə. Pafosdan uzaq, tərifdən qaçan, təqdimatı sevməyən elm fədaisidi bir sözlə. Sakitdi. Eqosuz, bərsiz-bəzəksiz danışmağı sevir.Özünüreklamdan uzaqdı. Neynirsə ürəyinin diktəsilə edir. Sadədi, utancaqdı. Fikrini birnəfəsə deyir. İncitməkdən qorxandı. Dinləməyi gözəl bacarır. Sakitliyində bir təlatüm var . Sükutunun səsini duyan lazımdı sadəcə. İncikliyini də, sevincini də səsindən anlarsan. Dilə gətirməz. Vətən , el təəsübkeşidi həm də. Bu dünyanın adam yükünü çəkənlərdəndi eyni zamanda. Maraqlı adamdı, deyilmi? Həm də sirli. Sizi çox intizarda saxlamaq istəmirəm. Söhbət Feyruz Məmmədovdan gedir. Riyaziyyatçı Feyruz Məmmədovdan. Biz sözdən söz yoğururuq, o rəqəmlərlə oynayır. Yaradıcıyıq dolayısı ilə hər ikimiz. Bəlkə bu xüsusiyyətimizdi bizi elm adamlarıyla dost edən, yaxınlaşdıran. Feyruz müəllim ədəbiyyatı da sevir amma. Elə gözəl izahları və fikirləri var ki. Duyur ürəyimizdən keçənləri. Mən elə bilirdim ki, riyaziyyatçılar sərt və rəqəmsal olurlar. Yanılmışam. İnsanlığın heç bir elmlə bağlılığı yoxdu. İnsandı, vəssalam. Feyruz müəllim kimi. Dünənəcən müəllim kimi tanıyırdım onu sadəcə. Vicdanına və savadına söykənən müəllim kimi. Bu günsə 6 riyazi kitabın, testin , elmi araşdırmaların müəllifi kimi . Doğrusu ondan söz almaq da bir o qədər asan deyil.Dedim axı tərifdən qaçan adamdı, təvazökardı. Sakitliyinin özündə qəribə bir səs var. Bu qəribəlik oldu elə mənə bu yazını yazdıran da. Bu yazım da elə belə doğmadı ha. Tanrı göndərdi. Diktəsiz, sifarişsiz, filansız. Elə qəhrəmanım kimi. Axı Tanrıdan doğan yazıların içindəki işıqdan hər kəsə pay düşür. Göz qamaşdırmır, sadəcə nuru var. Mənə elə gəlir ki, hər kəs sözü boyda, əməli boydadı. Yəqin mənimlə razılaşarsız. Əminəm ki, bu çağacan Feyruz müəllimin ürəyinin və ruhunun işığından çox evə , çox ocağa pay düşüb. İnsanlığına, pedaqoqluğuna, peşəsinə hədsiz sevgisinə sığınıb deyirəm bunu. İndi gəlin bir az da yaxından tanıyaq bu sirli qəhrəmanı.
Məmmədov Feyruz Əliqulu oğlu 1953-cü ildə ,avqustun 17-də Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açıb.
Əslən Şamaxının Dağ Kolanı kəndindəndilər. Yəni tərəkəmədilər. (Soyumuz, kökümüz birdi .Həmişə bununla fəxr etmişəm) Əvvəlcə Salyan rayonunun Yolustü kənd səkkizillik məktəbində, sonra isə Kərimbəyli kənd orta məktəbində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1970 -ci ildə ADU -nun, indiki BDU-nun tətbiqi riyaziyyaz fakültəsinə daxil olub.1975-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və doğma elinə obasına qayıdıb. Müəllim kimi əmək fəaliyyətinə Salyan rayonu Yolüstü kənd orta məktəbindən başlayıb. Pedaqoji fəaliyyətində də el arasında böyük hörmət və nüfuz qazanıb.Şagirdləri respublikanın müxtəlif tədris ocaqlarında təhsillərini davam etdiriblər.Olimpiadaların qalibi olublar. Bir sözlə müəllimlərinin başını uca ediblər hər yerdə. Bu da bir uğurdu. 2002-2005 -ci illərdə Azərbaycan Müəllimlər İnistitutunun Salyan rayonu filialında baş müəllim kimi fəaliyyət göstərib həm də. Feyruz müəllim təkcə tədris və təlimlə kifayətlənməyib bu illərdə. Yazıb yaradıb. Elmə bir -birindən dəyərli töhfələr verib. Onun “Beşinci və altıncı siniflər üçün olimpiada məsələləri ” ,” Riyaziyyatda bəzi məsələlərin müxtəlif üsullarla həlli”, “1453- cü ilin riyaziyyat sərgüzəştləri”, ” Gənc riyaziyyatçı”,” Zəfər ilinin riyazi aləmi”,” Riyaziyyat__251 məsələnin 1170 həlli” adlı kitabların , 10- dan çox elmi məqalələrin müəllifidi. 2009-cu ildə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin tarixi sərəncamı ilə ” Tərəqqi” ordeni ilə təltif olunub.
Feyruz müəllim bu gün də sakit deyil. Elə gənclik şövqüylə axtarır, tapır, yazır, yaradır. Həm də xüsusi zövq və sevgiylə. Amma yenə də hay-küysüz, sakit. Özünü riyaziyyatda çoxdan isbat etsə də bu gün də axtarışdadı.Bu onun daxili təlatümündən irəli gəlir. İşinə, peşəsinə sonsuz sevgisidi onun dincliyini əlindən alan. Nə deyirik. Təki belə əməlisaleh elm fədailərimiz çox olsun. Dünya da bunun acı deyilmi? Elə biz də belə ruhun işığına can atanlardanıq.Bilirəm ki, Feyruz müəllim bu yazını oxuyub sakitcə “Çox sağ olun” -deyəcək. Amma bu sakitliyin içindəki şükranlığı bir mən duyacam, bir də Tanrı. Zehnin və ruhun həmişə açıq olsun, işıq adam!

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru