Etiket arxivi: Turan Uğur

Turan Uğur yazır

“Fədailərimizi tanıyaq!” rubrikası

Turan Uğur: – “Müəllifi olduğum “Fədailərimizi tanıyaq!” rubrikasının 13-cü hissəsi nəcib insanlar, fədailərimiz, şair Balaş Azəroğlu və onun ömür-gün yoldaşı, şair Mədinə Gülgünə həsr olunur.
Esse-hekayə şəklində çox böyük sevgi və şövqlə yazdığım bu yazı “Mənim bir gözəl nənəm vardı…” adlanır.
Xoş mütaliələr!”

Fədailərimizi tanıyaq!”
13-cü hissə
(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün fədailərimizə həsr edirəm)
BALAŞ AZƏROĞLU
&
MƏDİNƏ GÜLGÜN

“Mənim bir gözəl nənəm vardı…”
Güneyli-quzeyli yurddaşlarımızın el-oba həsrəti “Heydərbabaya salam” – ın yanğılı misraları fonunda, Rübabənin səsində necə eşidilir?
Səhər hər kəsdən tez oyanan, uca boylu, uzun hörüklü nənəm qulac-qulac qollarını gərəndə bir əli çaydana çatırdısa, o biri əli təndirə yetirdi.Saçları çoxdan bəyazımışdı , daha çox qızılıya çalırdı.Namazını oturub qılardı, “qılçalarım, dizim ağrıyır” deyə-deyə adda-budda giley-güzar da edərdi, lakin gileyini bir özü bilirdi, bir də Tanrısı, çünki biz çağaların, nəvələrin yeməyinə əl uzadanda elə qıvraq, elə yüyrək olurdu ki, gərək ağ çalmalı qara bulud olaydın ki, nənəmə yetişə biləydin, yoxsa işin fəna olardı.

Buludlar
Yenə ağ çalmalı Kəpəzin üstdə
Çətirtək durmusuz, qara buludlar.
Deyin, külək qovmuş, günəş dağıtmış,
Sizi kim gətirmiş bura, buludlar?

Niyə qaraldınız bu bahar çağı?
Sizdəmi gördünüz ayrılıq dağı?
Görünsə günəşin qızıl saçağı,
Hara gedəcəksiz, hara, buludlar?

Cənub ellərinə siz gedən zaman,
Bir sözüm çıxmasın qoy yadınızdan.
Məni xəbər alsa gülüzlü canan,
Salam deyərsiniz yara, buludlar.

Deyin, qəm çəkməsin siz ona, dözsün,
Dərdə, işgəncəyə, zindana dözsün.
Axı söz veribdir, hicrana dözsün,
Tapaq bu dərdlərə çara, buludlar.

Gözünüzdən axan qəlb sevincidir,
Bəlkə, həsrət yaşı, bəlkə, incidir?
Yəqin, bu ayrılıq sizi incidir,
Edir könlünüzü para, buludlar?

Yetər, ağlamayın bu gölün üstə,
Bu dağın, çəmənin, bu çölün üstə.
Günəş bayraq açıb bu elin üstə,
Bu torpaq bürünmüş nura, buludlar.

Gedin, o sahillər gözləyir sizi,
Yuyun göz yaşıyla, yuyun Təbrizi.
Nə düşmən ləpiri, nə də qan izi
Düşməsin bir daha ora, buludlar.
B.Azəroğlu
Bu gözəl dünyada mənim bir gözəl nənəm vardı…
Yox, dünyanın gözəl olduğunu dürüst bilmirəm, amma nənəm gözəl idi, gözəlliyi də nurunda idi.
Azərbaycan nənəsi, hamısı bir-birinə oxşayar,
ağır tərpənişi, titrək əllərinin nəvazişi, bir tabaq yoğurduğu xəmiri ilə bizim nənəmizdi hamısı.Nənələrimizə qurban olum.
-Dan söküləndə, yola salmağa kimi vardı nənəmin?
-Oğlumu?
-Xeyr!
Artıq oğlu ailəsi ilə güneydən üz tutmuşdu Bakıya.Əvəzində yola salmağa karvarqıran vardı.Hamıdan tez oyanan, fətir bişirən, çay qoyan nənəm. Bir əli çörəkdə, bir əli suda olan nənəm deyərdi ki:
-“Ay tənbəllər, durun ayağa”
-Bəs oyananlar kim idi?
-Neçə-neçə balalar.Balaların sırasında mən də varam.
Narın yağış-B.Azəroğlu
Sən narın yağış kimi
Elə hopmusan qəlbimə
Sakit-sakit,aram-aram
Yağış yağar, yer doymaz
Mən də səndən doymaram
Gözüm gözündən doymaz
Qulağım səsindən…
Sinəm nəfəsindən…
Deyirlər bu dünyada ən ülvi sevgi,
Səssiz, sözsüz məhəbbətdir…
Axı dilə-ağıza salmaz sevən-sevəni.
Mənə də sənin eşqin kifayətdir.
Nəyə lazım hamı bilə, sevirəm səni.
İstəmirəm şıdırğı yağış kimi,
Selə suya dönəsən…
Ya da şimşək olub,
Tez çaxıb, tez də sönəsən…
Mən də nə yağışına islana bilim,
Nə oduna yana bilim…
Neynirik nağıl olub,
Dillərə düşən şöhrəti…
Neynirik dağ çayına,
Dönən məhəbbəti…
Yamacda hay qopara
Səhrada nə səsi, nə izi qala.
Ürəklərə hopmuya,
Hər yanda sözü qala.
Sən elə narın yağış ol, əzizim,
Yağ sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram…
1921-ci il, 104 il öncə…
Abizadə Balaş Allahbaxış oğlu – Azəroğlu Balaş doğulur, yəni ki, yuxudan oyanır, nənəsinin onu haylamasına səs verir.Amma Bakıda artıq nənə yoxdu.Ata var, ana var, neft buruqları var, yeni hökumət var, “Şurəvidə krandan da süd gəlir”- deyib bura pənah gətirən həmşərilərimiz daha da çox olacaqdı.
Əvvəl-əvvəl Bakı əhli ilə düz gəlməyən həmşərilər Həmşəri palanında cəm olunana, yurdçu olana qədər döyüləcəkdilər, söyüləcəkdilər. Bakı oğruları erməni ilə birləşib ev yarmağa gedəndə bir həmşəri seçib ona gözətçi “vəzifəsi” də verəcəkdilər ki, “gör, gələn-gedən yoxdu ki?”
Bir hüzür yerində eşitmişdim bu söhbəti, həmşəri olduğumu bilməyən bu yad insan, keçmişində məhbusluq həyatı dadmış bu köklü Bakılı yalan-palansız, bəzək-düzəksiz, düz gözümün içinə baxaraq nəql edirdi. Yanımda əyləşən ondan soruşanda ki,

– “Həmşərini niyə gözətçi kimi qoyurdunuz?” sualına, qəribə cavab da eşitdim.

– “Alə, yiyəsi yox idi da həmşərilərin, ona görə”

Təəccüblü gəldi bu yiyəsizlik mənə.
Bəlkə Allah cahan qədər böyük bu gerçəkliyi bu sadə Bakılının dili ilə bizə dedizdirirdi?!
Bəlkə elə doğrudan da yiyəmiz yox imiş?
Necə yəni – ermənisi, yəhudisi, bəd ayaqda rusu Bakının ən gözəl yerlərində yaşayacaqdılar, ən nüfuzlu işlərində təmsil olunacaqdılar, ən mərkəzi küçələrində elədən-beləyə, belədən-eləyə səkəcəkdilər, onların yiyələri olacaqdı, ancaq biz həmşərilərin yox!
Bu tikanlı sözlər həqiqətə yamanca bənzəyirdi.Bəlkə də elə ona görə ildırım sürəti ilə qəlbimə toxundu. Bəs harada olmuşdu, harada ölmüşdü bizim “yiyələrimiz”.Bəlkə güneydəki “yiyələrimiz” Dövləti buna görə qurmaq istədilər ki, bir gün də biz yiyəli olaq? Ancaq 1 gün yox, 1 il sürdü yiyəliyimiz.
Gözü çıxsın gözündə bədnəzəri olanın, özü də ikisi bir deşikdən.
O yiyəsizlərdən biri də Balaşın ailəsi idi.1920 ci ildə Ərdəbilin Qışlaq kəndindən quzeyə üz tutan valideynlər vardı. Ta 1938-ci ilə kimi, güneyə qovulana qədər.”Pioner” qəzetində adda-budda çap olunan yeniyetmə Balaş şeiriyyatda hələ pioner idi, fəqət buna baxmayaraq Abdulla Şaiq çox bəyənirdi yeniyetmənin yazı-pozularını.Onu da deyim ki, Mədinə də doğulmuşdu artıq.O da Bakıda anadan olub.Bəd ayaqda lap qohum idilər Balaşla.Yəni ki, əminəvəsi idilər.
Vətən ola bilmirəm.M.Gülgün
Bir nəğməli bulağam,
Uca dağlardır arxam.
Hər an çağlayacağam
Səninçin.

Sevgim gəlməz hesaba,
Sevgim sığmaz kitaba
Ötərəm oba-oba
Səninçin.

Göytək halbahal ollam
Bir şirin xəyal ollam.
Dağlarda tonqal ollam
Səninçin.

Fəqət ola bilmirəm,
Könlün ala bilmirəm.
Vətən ola bilmirəm
Səninçin
Səninçin.

Mənim bir gözəl nənəm vardı…
Mədinəni də nənəsi oxutdururdu.Güneyə qayıtdıqdan sonra Balaşa olan ülfəti məhəbbətə dönəcəkdi.İnqilab vaxtı tez-tez nəşr olunan gənc Balaş Azəroğludan müsahibə götürməyə gəlir. Xeyir-duanı isə Ağayi Pişəvəri özü onlara verir. Hər iksinin könlü xoş olur. Xoş olmazmı?!

Acılı, iftixarlı, nisgilli, təlatümlü illəri məgər hər ikisi eyni dadmırdımı?
Təbriz Radiosunun sədr müavini olanda da Balaş Azəroğlu inqilabi şeirləri ilə “Vətən yolu” qəzetində tez-tez nəşr olunardı.Xalq, çox sevirdi Balaşı.Doğma türk dilində oxuduğu şeirləri 21 Azərin nəğmələrinə çevrilirdi.Kənddən-kəsəkdən gələnlər Balaşa üz tuturdular, Balaş isə Mədinəyə.
Mən inqilab şairiyəm-B.Azəroğlu
Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə zinət,
Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,
Nə qədim əsrləri yada salıb ağlayan,
Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,
Nə dövrün hakiminə şeir yazıb pul alan,
Nə cəlladlar önündə həyat üçün alçalan,
Nə peymanə, nə saqi, nə sərab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,
Nə saray məddahıyam dərgahlardan qovulam.
Mən ellərin oğluyam, ellər böyütmüş məni.
Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.
Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mənim könül dəftərim bənzəyir gülüstana,
Onda yer verilməmiş qarlı qışa, tufana,
Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də.
Mən əl açıb göylərdən diləmədim azadlıq,
Mənim arxalandığım onlardan daha artıq.
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Bir dəstə gül, qohum-əqrəba ilə tanışlıq, arxası ilə gözüyaşlı qalan Balaşın ilk izdivacdan olan kiçicik qızı.Sonra Arazın bu tayı, sonra xudmani, dostyana toy məclisi, sonra ilk güzarları Araz, 2 il sonra doğulacaq Etibar, sonra etibarsız, güneysiz illər.
Baxın, buna bilirsiz nə deyirlər?
Balaş Azəroğlu olsaydı: “O işıq haqqı Tale deyərdi” axı onun üçün ikidəbir işığa and içmək su içmək kimi bir şey idi.
Mənim bir gözəl nənəm vardı…
Mədinə isə artıq iki övlad böyüdən ana idi.İstiqanlı, güləş, yeri gələndə Balaşı cırnatmağı bacaran Mədinə.Balaşın dəftərini götürüb, ora öz şeirlərini yazan Mədinə, “dəftərimi korladın”- deyə bundan uşaq kimi küsən Balaş, yaxşı düşbərə, qutab bişirib hamını bir araya yığan Mədinə, sonra yenə barışıq.

Bilər-M.Gülgün
Həsrət ağrısını, vüsal qəmini
Ayrılıq oduna yananlar bilər
Dənizdə qərq olan tənha gəminin
Tənha fəryadını ümmanlar bilər.

Mənə söyləməyin az alışıb-yan,
İnanın, daşı da ağladar hicran,
Dağların ahıdır o çən, o duman,
Dağların dərdini dumanlar bilər.

Məni sorğulara tutma sən əbəs,
Arzumu qəlbimdə, baxışımda gəz,
Könlümü hər naşı oxuya bilməz
Onu dünya görmüş insanlar bilər.

İlk qazanclarına aldıqları yazı makinası var. Əllə yazmağı xoşlayan Balaş, ürəyini makinaya köçürməyi sevən Mədinə.Yay tətillərində Qubaya gedən gənc ailə.Axı Mədinənin rəfiqələri yaşayırdı orada, asudə vaxtlarda elə Mərdəkana da toplaşmaq olardı, dostanə məclislər nə çox idi.Nə çox idi Güneyin, Ərdəbilin, Təbrizin qoxusunu onlardan alanlar, nə çox idi!!! Nə çox idi Hökümə Billuridən, Həmzə Fəthi Xoşginabidən, Rübabə İşraqidən, Söhrab Tahirdən, Balaş Azəroğludan, Mədinə Gülgündən, Qulamhüseyn Beqdelidən, Qafar Kəndlidən Güneyin qoxusunu alanlar!!! Nə çox idi könül rübabını Rübabə ifasına kökləyənlər, qara gilənin eşqinə gözlərindən puçur-puçur, gilə-gilə yaş axıdanlar.
Hələ Rəsul müəllim və Nigar xanım da çox istəyərdilər bu ailəni.Elə R.Rza təsiri ilə sərbəst şeirə meyil göstərmişdi Balaş Azəroğlu.Gərək Nazim Hikmətin də bu işdə payını qeyd edək, ondan xeyli təsirlənmişdi gənc şair.Rəsul müəllimdən öyrənən Balaş, ona şeir hədiyyə edən Mədinə.
Təbrizim mənim
(R.Rza: Təbrizim-mənsizim)

Söylədin yuxuma girir arabir,
Sənin Təbrizinlə,Təbrizim mənim
Dərdini ahəstə danışır, deyir
Sənsizim, sənsizim, sənsizim mənim

Gəldi xatirimə “Didərginlər” in
Həsrətim də dərin, yaram da dərin
Oxşadı könlümü o həzin şeirin
Bildim sənsən doğmam, əzizim mənim.

Yandıqca olmusan elin ozanı,
Kədərin, sevincin, ulduzlar sanı
Unudan deyildir Rəsul Rzanı
Gözəlim, göyçəyim, gül üzüm mənim
Təbrizim, Təbrizim, Təbrizim mənim.

Mədinə yazdığı şeiri birinci Balaşa oxuyardı, Mədinə Təbrizim deyəndə, Balaş Ərdəbilim deyirdi, sonra əksinə, bir yerdə “Bütöv Azərbaycan” eşidilirdi həmin dodaqlardan.
Hər iksi Ərdəbildəki doğmalarını görmək istəyində alışıb-yanırdılar.Mədinə Gülgünə nəsib olmadı, “gənclik vəfasızdır, qocalıq isə vəfalı”- deyən Mədinəyə qocalıq da vəfasız çıxdı.Sərhədlər açıldı, Balaş Azəroğlu doğmalarını görməyə tək getdi.
Şair Balaş Azəroğlunun qəlbində bir muradı da vardı.
-“Bir kitabımız çıxaydı kaş, bir tərəfində mənim şeirlərim, o üzünü çevirəndə Mədinənin şeirləri olaydı, kaş ortada gəlib qovuşaydı misralarımız”
Balaş Azəroğlu, ilk bəşarətçiniz mən olum, arzunuza çatdınız.Bugünkü essemdə Balaş müəllim və Mədinə xanım, həmahəng, qoşa qanadsınız. Həyatda olduğunuz kimi. Şeirlərinizin qovuşduğu yer yazımdır, ruhunuzun birləşdiyi məkanı isə ulumuz Məhəmmədhüseyn Şəhriyar deyib:
-“Nisgillik var, ayrılıq var, ölüm var”…
Sonra yenə nənələrin dünyasına qayıdış olacaq.Yenə obaşdan karvanqıran yola salınacaq , yenə təndir bir yanda, yenə çaydan bir tərəfdə, yenə nənə nəvazişi, yenə nəvə ərköyünlüyü, yenə nənələr dağarcıqlardan çörək, qoz-fındıq çıxarıb verəcəklər nəvələrə, yenə nəvələr böyüyəcəklər, mühəndisi, müəllimi, xarratı, həkimi olacaq bu məmləkətin.Aralarında şairləri də tapılacaq.
Lap Balaş Azəroğlu təki, lap Mədinə Gülgün kimi.
Vaxt yetəcək, vədə çatacaq, onda hər kəs deyəcək ki:
“Mənim bu dünyada bir gözəl nənəm vardı…”

10 iyun 2025-ci il,
Bakı.
Turan Uğur
AYB-nin üzvü

“Fədailərimizi tanıyaq!” rubrikası

TURAN UĞURUN YAZILARI

SABİR RÜSTƏMXANLI-79

SABİR RÜSTƏMXANLI-79

Öncə söz vardı
29-cu hissə

Türk dünyasının böyük şairi, Milli azadlıq hərəkatının öncüllərindən olan, “Ömür kitabı” ilə ömrümüzə yazılan Xalq şairi Sabir Rüstəmxanlını mayın 20-də 79 yaşının tamam olması münasibətilə təbrik edirəm.Şadam ki, Sabir bəyin istiqlal ideyalarının gerçəkləşməsinə birgə tanıqlıq etdik və 44 günlük Zəfər savaşında fərəhli anları yaşamağımız hamımıza nəsib oldu.Qarabağın hürr günlərini görmək Rüstəmxanlının ən doğal haqqı olduğu kimi, Təbrizlə bağlı arzularının da reallaşmasına şahidlik edəcəyi günü görmək ən təbii haqqıdır. Düşünürəm ki, bu təmənna ilə yazdığım “Bakı-Təbriz şairi” essesini bölüşməyə dəyər!

BAKI -TƏBRİZ ŞAİRİ

Bu millətin Sabirləri…
Bu millətin Sabirləri bu millətin səbrindən doğulub.
-Neçə Sabiri var bu məmləkətin?
-Mirzə Ələkbər Sabir kimi şair Sabiri var, yazıçı Sabirləri var: Sabir Əhmədli, Sabir Azəri kimi. Bu günlərdə sinni 78-ə çatan daha bir Sabirimiz var: Rüstəmxanlı Sabir.Millətin səbrindən çıxan həmin Sabiri mən də tanıyıram.Elə tanıya-tanıya da ürək antenalarımı tuşlayıram:
-Londona?-Əsla!
-Parisə?-Heç vaxt!
-Madridə?-Məbadə!
-Bəs haranı verəcək bu dalğa?
-Hamarkəndi, Yardımlını.
Yardımlı yolları, Hamarkənd, Sarıbulağ, Haçayurd, Şahnişin, yamaclar, təpələr, dağlar, dərələr Sabirlə əl sıxmağa hazır görünürlər.Gedək Sabirin gəldiyi yerə, əbədi vətəninə-çocuqluğuna.
-O sirli dünyada zimistan dağlara çəkilərmi?
-Çəkilər, bəs sonra nə baş verər?
Yaz buta verər bağlara, hər il olan şeydi, nosun ki, nə var burada. Yox “nosun ki” deməyək, darqursaq olmayaq, gözləyək.
-Nəyi?
-1946-cı ili.
Mayın 20-sini, bu millətin Sabirinin doğulacaq gününü. Sabirlər bulağı qurumadığı üçün əvvəlcə izin verin bir az şadlıq eyləyim, əkin-biçinin şıdırğı vaxtında, şair gəlişindən məmnun olum.Xudu kişinin oğlunu Xudanın əlindən aldığımız üçün hətta sevinməli, sevinib öyünməli, sonra da baxmalıyıq ki, insanı ürək yerinə sinədən necə asanlar var şairlərimiz arasında.Ustalıqla, ehtirasla, lazım gəlsə lap amansızlıqla.
Cəllada baxeeeee.Cəllad şairə baxxxxx, Sabirə bax.
Səni Allahımın əlindən alıb
Asaram sinəmdən ürək yerinə.
Bu eşq soyumasın deyərəm heç vaxt
Yazsan günahımı mələk yerinə… S.Rüstəmxanlı

Şairin o kövrək qəlbinin titrək anları Hamarkəndə bağlıdır -desəm əcəb etmiş olaram.Hələ çoxuşaqlı ailənin, böyük bir külfətin ilkgüzarı Sabirdir-desəm, 9 qardaşın ağabəyi desəm, atasına “qağa”, anasına “bacı” deyən Sabirin çocuq vaxtlarından onlara hər işdə yardımçı olmağı varmış-desəm yenə dürüst alınar.Tiydaşdan su gətirən, təsərüffatda köməkçi olan 14 uşağın ən böyüyü idi Sabir.Sözün hər mənasında: həm yaşda, həm də başda.Tiydaş adını bihudə çəkmədim, ondan bica bəhs etmədim ki.Bu ocağın bütün uluları, güvəncləri, ağsaqqalları o bulağın suyunu içib sonra ömürlərini qalanlarına bağışlardılar.Dövransürmüşlər bir növ Tiydaşı aman yeri, özək yeri, təməl yeri biliblər. Həm də Rüstəmxanlıların “sağol” yeri, “xudahafiz” yeri olub Tiydaş. Ziyan etməz! Bunlar,
“Atam məni həyatı sevdirmişdi, ölümü də sevdirdi” -deyən Sabiri qorxutmaz.
Sabir riyaziyyatçı olmaq da istəmişdi, filoloq da. O dağları, gədikləri aşıb sonsuzluğa, nəhayətsizliyə üz qoymaq körpəlik arzusu olsun şairin.Cavad kişi də olsun bu arzunun ocağına kömür atan körükçü: Qazax elinin vicdanlı bir müəllimi:
Ay Cavad müəllim, nə yaxşı ki, yeniyetmə Sabiri rəqəmlərin əlindən alıb, verdiniz onun yaxasını sözün əlinə.İki əliniz bir yaxasında olsun!
Yurdun, uca Türkün sərhədlərinə yaxşı bələd idi gənc Sabir.Bizi güneydən ayıran Şahnişindəki tikanlı məftilləri onu hələ çocuq ikən dalamış, ağrıtmış, köksünə neştər kimi sancılmışdı.Ona görə də əli çörəyə çatanda, namı dillər əzbəri olanda türk ellərini qarış-qarış gəzəcək, Monqolustanda, Orta Asiyada türk torpaqlarında tikanlı məftillərin acığına Orxonla görüşə də çıxacaqdı.Fəqət öncə Bakıda didərgin ömrü yaşamaq vardı Sabirin tələbəlik illərində.
-Didərgin niyə?

-Didərgin deyildi, bəs nə idi? Başqa, yad xalqların evində, kirayəşin qala-qala doğma Bakıda illər uzunu evsiz olacaqdı.”Milyon-milyon yanan işıqlı evlərin arasında bəs mənim niyə çırağım yanmasın” -deyib giley-güzar edən də yenə şair Sabir olacaqdı.Neçə min kvadrat məmləkətdə yadların evi olsun, sənin yox-bu da ayrı bir dərd olsa gərək.Evi yox idi şairin, amma vətəni vardı.O vətən ki, özü demiş: 21 Azərin qanı ilə sulanırdı, o Vətən ki Cavad xanın qətl yeri idi.O vətən ki, Sabirin gözündə durnanın lələyi, bir əlçim bulud, bir ömür umud idi.
Bir əlçim buluddu,
Bir ömür umuddu,
Bir içim sudu.
Yandıqca odlanan ocaqdı,
Daddıqca dadlanan arzudu.
Bir dərə bahar leysanıdı
21 Azərin qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin “Fəxriyyə” şeiridi,
Dağları dumanda itən-
Vətən.. Vətən!
Şair Sabiri meydanlara aparan Cavad xanın portreti, əcdadlarımıza sayğısı və sevgisidir, bir şərtlə ki, meydanlardan ürəklərə gedən yollara nəzər salaq.O yolların sınandığı məqamlar da az olmayıb axı…
-Onda Sabir neynərdi?
-Küsərdi.Yolları çən bağlasaydı çəndən, işdi-şayət sən bağlasaydın səndən küsərdi.
Küsəndə qalaq-qalaq xatirələr başda tozanaq qoparar, rahat buraxmazlar şairi, gənclik xatirələri boy verər, bir saçıyoluğun, bir zülfü pərişanın dağınıq telləri Sabirin şux qamətinə əyilər, şairin baxımlı, səliqəli, gözoxşayan saçlarını darayar, həmin o görüşlər aranar, arandıqca çox göllərdə çox sular bulanardı.O bulanıq sular bəzən şərab yerinə içilər, bəzən göz yaşını əvəz edər:
-Əldə bir qədəh şərab onu əvəz edərdimi?
-Etməzdi!
-Şəkillərdə baxışı necə? Yox, amma şairin ana dilimizdə cəh-cəh vurmağı onu milyonların sevimlisi elədi.Hələ o dilin şəhdi-şirəsi şair dodağından süzülərdisə.
Görək hara tuşlanacaq, ürək antenamız.Hansı dalğanı tutacaq? “Ömür kitabı”-nı, “Qan yaddaşı” şeirini, “Ölüm zirvəsi” romanını, ilk müstəqil qəzetimizi “Azərbaycan”-ı, yoxsa dostlarla görüşləri tutacaq, Məmməd Aslanla görüşü tutacaq, Nüsrət Kəsəmənli, Fərman Kərimzadə, Sabir Əhmədli ilə görüşlərə tuşlanacaq. Məmməd İsmayıl, Çingiz Əlioğlu, Tofiq Hüseynlə dostluqları andıracaqmı bizə?
Hələ bəzilərini xatırladıqca üzümüzə təbəssüm də qonacaq.Məsələn, Heç olarmı şair Qabili xatırlayaq, amma dodaqlarımız qaçmasın, könlümüz açılmasın?!
Bir də Məmməd İsmayılla deyişmələri var şairin.Kolleqa iclaslarında baş redaktorlar oturardılar, sonra natiqləri dinləyərdilər, uzun-uzadı söhbətlərdən sıxılardılar, ahbablar usanardılar, bezərdilər, başlarmışlar xısın-xısın danışıb, bir-birilərilə xosunlaşmağa. Yerindəcə, bədahətən şeir qoşmağa başlardı Allahın bəlası Sabir.Gözünə döndüyüm Məmməd əmi də cavabsız qoymazdı onu.Eh nə günlər vardı, nə günlər!
Vaxtilə neçə ilin Vətən ağrısı şairin çiyinlərinə qurğuşun təki çökmüşdü. Belə günlər də vardı.Yediyi hər təamı zəhər bilərdi onda.”Bu qədər qaçqının ürəyi kabab ikən, neynirsən Bakıda kababxananı”-deyib şair toppuzunu arada-bir vurmağı da vardı, çünki vaxtilə Cıdır düzündə şeşələnən yağının xəbis niyyətini canına sindirə bilmirdi.
44 günlük Zəfər sevincimizdən qəlbi uçunan şairimizin indi çiçəyi çırtlayır, odur ki, ardı kəsilmədən qələbəmizə şeirlər, poemalar yazır. Bu dəm isə Sabir Rüstəmxanlı ürəyinin anteanları nə Londona, nə Madridə uzanır, heç Paris həndəvərinə də yan almır, ancaq Təbrizə sarı boylanır.

İpək nəğmələrim gülləbatmazdı
Qolunu qandalla bağlamaq olmaz.
Bu taydan o taya arxayın keçən,
O taydan bu taya arxayın keçən
Dilin sənədini yoxlamaq olmaz! S.Rüstəmxanlı
Şair arzusu budur,
Sabir arzusu budur:
O taylı bu taylı yurdumuzda ana dilimiz üçün sərhəd olmasın gərək! Sənədlər yırtılsın, havada uçuşsun, üfüqdə isə şirin, zəngin türk dilinin gözəlliklərini göstərən bu sözlər həkk olunsun:

BAKI-TƏBRİZ şairi!

Yardımlı yolunun, Sarıbulağın,
Hamarkənd tərəfdən aldım sorağın.
Neçə yaylaqların, aranın, dağın,
Dərədən düzəcən şairi sənsən!
Burdan Təbrizəcən şairim sənsən!

Anaya “bacı”-de, ataya “qağa”
Haçayurd gözləyir bir əl sıxmağa.
Ələkbər Sabirdən üzü bu yana,
Kürdən Arazacan şairim sənsən
Burdan Təbrizəcən şairim sənsən!

Sözün qılınc olub, işə yarısın
İnnən belə sənə Tanrı yar olsun!
Sevilən bir xalqın, sevən ulusun,
Orxondan bizəcən şairi sənsən.
Burdan Təbrizəcən şairim sənsən!

Atanın yaşına gəlib çatmısan,
Ana sevgisindən dastan yapmısan.
Aydanı deyəsən aydan tapmısan?!
Aydan ulduzacan şairim sənsən,
Burdan Təbrizəcən şairim sənsən!

Həyatda bəyimsən, sənətdə ağam,
Gərək mən də sözdən bir qala quram.
“Ömür kitabı”-ndan çıxan oğlanam,
Bahardan güzəcən şairim sənsən.
Burdan Təbrizəcən şairim sənsən!

Bakı

Turan Uğur

Turan Uğurun yazıları

“Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəsul Rza – 115

Rəsul Rza – 115
Dama-dama papaqlı, zolaq-zolaq köynəkli

Dama-dama papaqlı, zolaq-zolaq köynəkli…
Öncə söz vardı…
28-ci hissə
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr eidrəm)

Mayın 19-da Azərbaycanın Xalq şairi, şeirləri ilə çağdaş poeziyamıza böyük töhfələr bəxş edən Rəsul Rzanın doğum günüdür.Rəsul Rza şeirlərinin oxucusu, onun yenilikçi düşüncəsinə, özünəməxsus deyim tərzlərinə, zəngin poeziyasına bələd olduğumu söyləyə bilərəm. Şadam ki, müəllifi olduğum “Sətirlər” verilişinin bir buraxılışını vaxtilə
məhz Rəsul Rzaya həsr etmiş, şairin
“Qızılgül olmayaydı” poemasının motivləri əsasında
bədii-sənədli film üçün ssenari də yazmışam.Şairin
“Mən torpağam”, “ Məndə ixtiyar olsa”, “Dünyanın dərdi”, “Vətən”, “Rənglər” silsiləsi, “Çinar” kimi şeirləri poeziyamızın incisi sayılır. Rəsul Rzaya doğum günü münasibətilə həsr etdiyim “Dama-dama papaqlı, zolaq-zolaq köynəkli…” essemi məmnuniyyətlə sizə təqdim edirəm.

Mən istəyirəm;
buludlar ağlasın, uşaqlar ağlamasın-
analı, ya anasız!
Sabirdən səkkiz yaş böyüyəm,
Koroğludan on dörd yaş.
Ancaq hələ
nə Sabir deyəni
deyə bilmişəm,
nə Koroğlu eləyəni
eləyə bilmişəm.
Deyirəm,bəlkə
çatanda Nizami yaşına
mən də bir şey verə bildim
insanlığın
səadət uğrunda savaşına.
İndi ürəkdən ürəklərə, hətta ölkədən ölkələrə qədər rahat yollar uzanır. Bu gün informasiyamız kosmosu, səyyarələri də əhatə edir.O da bizə məlumdur ki, bu səyyarələrin ən kiçiyi Pluton 2006-cı ildə günəş sistemindən çıxarılıb. 9 planetin əvəzinə 8 planet qalıb.Yeri gəlmişkən, Məmməd Araz Rəsul Rzanı necə adlandırırdı?
-“Zəmanənin bir də yetirə bilməyəcəyi planet”.
Hörmətli, Nasa- “Milli Aeronavtika və Kosmos” idarəsinin 18 min əməkdaşı, vakant yer üçün sizcə düşünməyə dəyməzmi?!
-Dəyər!
O zaman hörmətli astrofizika alimləri düşünməkdə olsunlar, biz də Rəsul Rza planetinin həndəvərində, bioqrafiyasının kandarında gəzişək.
Mən istəyirəm;
güllər açılsın, güllələr açılmasın-
amanlı, ya amansız!
Mirzə İbrahimin oğlu idi Rəsul. Anası da Məryəm ana idi. Ağlınıza hansı Məryəm gəldi ki? Eyib etməz, Həzrəti İsanın anası Məryəmi də nəzərdə tuta bilərsiz. Zira şair anası olmaqla peyğəmbər anası olmaq arasında elə bir fərq yoxdur.
Hələ o şairin adı Rəsul –“Allahın elçisi” mənasını verərsə…
1910-cu ildə dağətəyi Şirvanda, qəşəngim Göyçayda doğulub Rəsul. Göyçay qəzasında nüfuz sahibi olan Məmmədxanlıların övladı kimi doğulub.Kənd mirzəsi olan atası Mirzə İbrahim qabaqcıl görüşlü insan sayılırdı. Anası Məryəm xanım yazmaq bilməsə də Füzulidən, Sabirdən, Natəvandan əzbər şeirlər söyləyər, balaca Rəsulu gələcəyə hazırlayırdı. Sonralar Rəsul ədəbi mühitlə Bakıda Abdulla Faruq vasitəsilə tanış olur, 20-ci əsr poeziyamıza qədəm qoyur. Ömrünün baharı-Nigar xanıma da rast gəldiyi şəhərin adı – Bakıdır.

İki ömür baharı (Məmməd Alim)
Bakıda görüşdülər
ömrün ilk bahar çağı
Rəsul Göyçay çinarı,
Nigar Göygöl qovağı.
Ata yurdundan gəldi
Qovağın son sorağı,
Çinar ora tələsdi
Heykəl gördü qovağı
Rəsulun gözlərində
Göygölün göy qurşağı
Göygölün üzərində
Nigar durna çırağı
Əbədi qovuşdurub
İki qəlbi Xanbağı
Şair ömrü yaşayır
iki dünya qonağı
Rəsul Göyçay çinarı,
Nigar Gəncə qovağı.
Nigar Gəncə qovağıydı, Rəsul Göyçay çinarı… Tənha günlərdə, məşəqqətli illərdə bir Gəncə qovağının munisi bir Göyçay çinarı olmazmı, əcəba?!… Olardı, amma 1930-cu ildən sonra. Dama-dama papaqlı, zolaq-zolaq köynəkli, 21 yaşlı, 42 manat maaşlı Rəsulun, “Sabir bağı” nın aşağı küncündə Nigarı gözləyəndən bəri.Təsadüfi tanışlığı sevməyən Nigar üçün növbəti məktub yazılan vaxtdan.
Sabah Müşfiqlə Dilbər,
Yeni tamaşaya gedirlər.
Bizi də dəvət edirlər,
Razı olsanız əgər.
Razı idi Nigar, amma o tamaşanı görmüşdü axı. Olsun! Öz yuxularında da Nigar xanım tamaşalar seyr edərdi.Daha xəyalpərvər, daha kövrək tamaşalar.Özü də o səhnələrin iştirakçısı olmaq şərti ilə.Yozduğuna və yazdığına görə durna olacaqmış yuxuda, çırpıb qanadlarını yerdən üzülən durna. Geniş-geniş havalarda səf çəkən durnaların qatarına düzülən Nigar -durna olacaqmış .Yuxusunda diyar-diyar uçub dağların başına qonaq olacaqmış, Nigar, tezliklə şair Rəsul evinin qonağı olduğu kimi.
Mən istəyirəm;
qapılar qapansın soyuq olanda hava-
gözlər qapanmasın,
sözlər qapanmasın!
1942-ci ilin yanvar günləri…
Müharibənin idbar vaxtında Rəsul-Nigar sevgisinin hərarəti o yanvar günlərinin şaxta, sazaq havasıyla necə də savaşa giriblər.Rəsul da cəbhədəydi o vaxtlar.Yazıçılar İttifaqının o soyuq, avazımış divarları bəzən Nigarın burada gecə saat 1-ə kimi növbədə qaldığına da tanıq olacaqdı.
Mən istəyirəm;
yanğınlar sönsün, ümidlər sönməsin!
Rəsul Rza ocağının əbədi sakini olmaq eşqiylə gənclər 1937-ci ilin fevralın 11-də ailə qurdular.44 illik möhkəm ailə həyatının rişəsində sevgi, duyğu, böyük hissiyatla yanaşı nikah üçün ödənilməyən “1 manat” da vardı.
Zatən Nigarların alın yazısıdır mətin, dözümlü olmaq.
Qılınc-qalxan cingilitisi, döyüş nərələri, mərdlik cəngləri, yürüş şeypurları, zəfər təbillərinin gur sədasında dastandakı Nigarımız Koroğlu üçün “kim” idisə, şair Nigarımız da Rəsul üçün “o” idi.
Rəsul üçün Nigar gözəl yardı. Bunu mən demirəm ki… ”Məktublar” şeir toplusu deyir. 30-cu illərdə 5 il müddətinə ərsəyə gəlib həmin şeirlər.Bu məktubları “Səndən-sənə” də adlandıra bilərik. Rəsulun misralarında 21 yaşlı bir gəncin 18 yaşlı başqa bir gəncə lətif duyğuları görünür. Təkcə görünmür ki, həm də sevən bir qəlblə etiraf olunur.”Tanış olaq” müraciətinin qarşılığını bir misra “nöqtə işarəsi” bəzəyəndə yəqin ki,
Rəsul müəllimin necə hisslər keçirdiyini anlamaq olar. Ancaq “nöqtə dolu sətirlər” dən sonra da Rəsulun Nigara olan kövrək hissləri öləzimədi, vaxt gəldi 1976-cı ildə “Sevinəndə sevincim” şeirini nəşr etdirdi.

Bir gün səni görməsəm, könlümdə tufan olur.
Səni qəmli görəndə ürəyim şan-şan olur.
Məhəbbətin yolunda qəm olur, hicran olur.
Sən məni bu sevdanın yollarına salansan,
Sevinəndə sevincim, ağlayanda nalamsan.
Gözlərini yumanda könlüm toranlıq olur.
Gülüşün, xoş baxışın nədən bir anlıq olur?
Həsrətindən gözümdə dünya qaranlıq olur.
Hər kəs üz döndərsə də, sən ilqarda qalansan
Sevinəndə sevincim, ağlayanda nalamsan.
Bilməyənlər də bilsin, mən sevmişəm tək səni.
Hamıdan yaraşıqlı, hamıdan göyçək, səni.
Dodaqları öpümlü, saçları ipək, səni.
Könlümün tellərini həzin-həzin çalansan
Sevinəndə sevincim, ağlayanda nalamsan.
Nigar ağlayanda da, ağrıyanda da, sızlayanda da naləsi, acısı oldu Rəsulun. 1981-ci ilin aprelin 1-də, Nigarın ağır xəstə olduğunu biləndən 3 saat sonra ürək çatışmazlığından dünyasını dəyişdi şair Rəsul Rza.
Yenə də ürək… yenə də şair… yenə də ayrılıq!
Nigar xanım 100 gün yaşadı Rəsuldan sonra.Əgər buna yaşamaq demək olarsa.Dünyadan köçmüş sevgisindən də xəbər tutmadı.Tərs kimi gənclik yuxusuna girən durnalar da vəfasız çıxmışdılar həmin an. Rəsuldan heç bir xəbər, heç bir soraq verə bilmədilər Nigara.
O sorağı biz almışıq. Nə imiş? Sən demə, durnalar da qıymamış sevənlərə…Sən demə, cəmi 100 gün içərisində sevənlərin bir-birinə qovuşmağından durnalar da hali imiş.Sən demə,
Mən istəyirəm;
sevinc, səadət bol olsun!
Ürəkdən ürəyə, ölkədən ölkəyə
açıq yol olsun!
-kimi şair arzuları təkcə ölkələr arası yox, həm də dünyalar arasında bir məhəbbət nağılına çevrilərmiş.
Mən istəyirəm;
sevinc, səadət bol olsun!
ürəkdən ürəyə, ölkədən ölkəyə
açıq yol olsun!

Düz tapdınız, dama-dama papaqlı, zolaq-zolaq köynəkli Rəsul Rza məhz belə istəyirdi.

Müəllif: Turan Uğur

Turan Uğurun yazıları

“Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…
(rubrika)
28-ci hissə

Ağa Bağır Şirvani – Klassik Azərbaycan şairi
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizin ruhuna ithaf edirəm)

BAĞRIMIZDAN QOPAN ŞAİR – AĞA BAĞIR ŞİRVANİ

Qış dağlara çəkiləndə, Yaz bağlara buta verəndə könlümüz də açılır, gözümüz də.Alacalanmış gözlərimizi iri açaq ki, gələcəyə baxa-baxa, mazimizdən də soraq alaq.Novruz bayramının sona çatdığı bir çağda pərişanlıq duymamaq mümkünsüz olsa da, qəribə bir ümid qığılcımı qəlbimi çulğayır.
-“Bayram bitdi, fəqət Yaz davam edir” təsəllisi dəmadəm üzümə təbəssüm etməkdədir.
Axı Yazın içində olmaq həm də özünü yazı-pozunun ağuşunda bulmaqdır.Soyuqdan, sazaqdan, xiffətdən qurtuluşun bir yolu da
Baharla qəlbini ovutmaqdan, Yazla ürəyini ovundurmaqdan keçib gedir.Bu saat “getmək” feilinə nifrət edirəm.Çünki sevimli Novruz bayramım gedir, gəncliyim gedir, ömrüm gedir, doğmalarım, yaxınlarım yaşayıb gedirlər.Nədənsə bu aralar gələnlərin müqabilində gedənlər daha çoxdur.
Gələnlərim seyrək, gedənlərim yüyrək olanda dilxor oluram.
Bəlkə elə bu səbəbdən Yazın gəlişinə şairlərimiz hər zaman şeirlər – əlvan-əlvan, çeşid-çeşid bahariyyələr qoşmuşlar ki, bir təsəlli bulsunlar.
Orxan Gəncəbay – Orxan baba demiş:

-“Bir təsəlli ver”

-Təsəlli?

-Təsəlli – bahariyyələrimizdir.
Yəni Baharın vəsfi ilə bağlı yazılmış şeir nümunələri.Qəzəl, məsnəvi, yaxud aşıq şeir formalarında rast gəldiyimiz bahariyyələr nə çoxdur.Nə çoxdur Şah Xətainin “Dəhnamə” sindən tutmuş Didənin misralarına qədər klassik poeziyamızda bu şeirləri sevə-sevə oxuyanlar, oxuya-oxuya sevənlər.
Birinə də klassik şairimiz Ağa Bağır Şirvanidə rast gəldim.Biri nədir, mininə rast gələrdim, şairin külliyyatı zamanında it-bat, çıx-daş olmasaydı.

Bir belə mövsümdə, bahar çağda,
Heyf deyil baş qala torpaqda?!
(Ağa Bağır)

təki bahariyyəsi olan Ağa Bağır kimiləri bizim üçün doğmalar doğması, əzizlər əzizidir.

-Kimdir Ağa Bağır?

-Nisbəsindən bəllidir ki, Şirvan torpağındandır.Mirzə Yusif Qarabaği onun Molla Pənah Vaqifin çağdaşı olmasını vurğulayır, elə dəyərli tədqiqatçımız Salman Mümtaz da bu fikri təsdiqləyib.Deməli, miladi təqvimlə 18-ci əsrdən boy verir Ağa Bağır.Hacı Səfəralı kişinin oğlu Bağırın çox güman ki, təxəllüsü də Bağır olub, amma “Şirvani” nisbəsi ilə yazıb.Şeirlərinin çoxu Nəsimi dəstiri yazılıb.Nəsiminin təsiri, Nəsiminin havası Ağa Bağırda apaydın cizgilərlə sezilir.Amma şairin hürufi olmağı ilə bağlı qənaətlərə misralarında rast gəlinmir.Görünür Nəsiminin şairə təsiri ideyadan ziyadə, sırf şeiriyyatla bağlı olub.
Bir sıra şairlərin isə Ağa Bağırdan təsirləndiyi şəksizdir.
Şəkili Kırim Ağa Fateh də təsirlənənlər sırasındadır.Ümumiyyətlə, Şəkidə də çox güclü ədəbi mühit olub ki, həmin şəxslərin Şirvan ədəbi məktəbindən bəhrələndiyini söyləmək mümkündür.Əhməd Əfəndini (Zövqi), Şəkili Racini
(Bu şair başqa Racidir, bildiyimiz Hacı Əbülhəsən Racinin və Raci Şirvaninin onunla əlaqəsi yoxdur) Məhəmməd Hüseyn xan Müştaq və başqalarını nümunə gətirmək olar.

Kərim Ağa Fatehin:
Əhli-zəmanə tərk qılıbdır rizai-həqq,
Üz döndərib təriqi-həyatdan yavaş-yavaş…

yaxud
Qasım bəy Zakirin:

Zur etdi dəhr möhnəti canə yavaş-yavaş,
Cism oldu tiri-çərxə nişanə yavaş-yavaş…

qəzəlləri Ağa Bağırın tısiri ilə yazılıb.

Ağa Bağır:

Bağlandı guş sovti-sədadan yavaş-yavaş,
Göz xirələndi düşdü ziyadan yavaş-yavaş.

Başqa şairlərin də, məxsusən Şirvan mühitindən olan Nəsrulla bəy Didənin də Ağa Bağırdan bəhrəlındiyini görə bilərik.
Görə bilmədiyimiz başqa məqamlar isə könül dağlayandır, zira Ağa Bağır kimi klassiklərimizin 300 illlik məsafədən üzü bu yana, əlimizə vur-tut 1-2 şeirinin çatmasıdır.Yox olan əlyazmalarından savayı, neçə-neçə poeziya aşiqlərimizin hafizəsində hifz olunmuş həmin şeirlər çoxdandır ki, torpağa gömülüb.Məhz buna görə “yazmaq” hər şeydən əfzəl, hər bir işdən qutsaldır.Vaxtında yazılsaydı, köçürülsəydi, saxlansaydı Ağa Bağır Şirvani kimi klassiklərin irsi ilə indi üzbəüz qalardıq.Tarixlə üzbəüz qalmaq isə istənilən halda müqəddəsdir.Elə bil ulu babalarınla görüşə getmisən, elə bil gizəmli, sirli bir xeybərin qapısını bulmusan.Elə bil bir mənbərə yüksəlmisən ki, oradan göyə ancaq mübarək sözlərin pərvazlanır.İraq Ağa Bağırın bu giley-güzarlı misralarından, əl-həzər şairin bu qeyzli iradlarından.

Mənbər ki, onda xütbə deyib paki-maklər,
Mütrüblər indi orda oxurlar qəzəl-məzəl.
(Ağa Bağır)

Qış dağlara çəkiləndə, Yaz bağlara buta verəndə könlümüz də açılır, gözümüz də.Ormanlar başına yaşıl börk keçirəndə, sən də keçmək istəyirsən özündən.Yenicə uğurladığımız Novruz bayramına beləcə dillənmək ehtiyacını duyursan:

-“Xoşca qal, sağlıqla qal, əziz Novruz bayramı, ömrünü bahariyyələrlə, yaz ovqatlı şeirlərlə uzatmağıma kim mane olacaq, kim?!
Hələ-hələ bağrımızdan qopan şair Ağa Bağır Şirvani kimilərinin bahariyyələri var olduqca”

Turan Uğur
30 mart 2025-ci il.
Bakı.

(Məqaləmdə Mirzə Yusif Qarabağinin,
Salman Mümtazın faktlarına və şəxsi araşdırmalarıma söykənmişəm
)

Turan Uğurun yazıları

“Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MÜHACİR ÖMRÜ – ŞAHİ ŞƏRQİ

Öncə söz vardı…
(rubrika)
27 – ci hissə
ŞAHİ ŞƏRQİ – Klassik Azərbaycan şairi, türkcəmizin zirvə şairlərindən.

MÜHACİR ÖMRÜ – ŞAHİ ŞƏRQİ
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)

Bakı bəyaza bürünmüş,
Bakı bəyaza…
Yerlər qarla oynayır, Göylər Günəşlə.Ayağı Yerdə olanın başı yer eşərsə, zülm olar.Gərək baş uca ola, ucada ola! Başın işi-gücü Göylə uğraşmaqdır.Doğma türkcəmizdə yazıb-yaradanlar üçün Göy qutsaldır.Gəldiyimiz yerdir Göylər, həm də gedəcəyimiz yer.Oğuz Xaqandan bu yana könlümüz Göylər üçün qubar bağlayır.Bəlkə elə səmavi dinlərə bağlılığımız da elə Göy Tanrılığımızdan irəli gəlir?!
Göydən Yerə enənlər də mühacirdir, Yerdən yerə köç edənlər də.Deməli, azacıq olsa da hamımız mühacirik.Daha bir mühacir həyatı yaşamış şairimizdən, türk oğlu türkdən yazmaq istədim sizə.
Bu an düşünürəm ki, nə çoxdur mühacir ömrü yaşamış şairlərimizin sayı.Saysaq saya gəlməz, ancaq saya, sıradan bir ömür olmayıb heç birininki. Nə klassiklərdən Hamidi, Cəlili, Süruri, Bəsiri, Həbibi, Azəri Çələbi, Dirili Qurbani, Haşimi, Sadiqi sıradan ömür yaşayıb, nə də müasirlərdən Almas İldırım saya həyat sürüb.Heç biri – mühacirəti dadmaq, həsrət, hicran, hüsran badəsindən nuş eləmək könül yolçusu olmaqdır.
Azərbaycan şairi Şahi də mühacir həyat sürənlərin lap önündə gəlirdi.Əsl adının məchul qaldığı şairimiz, Şahi Şərqi, yaxud Əcəm Şahi kimi tanınıb.Şairlərin sultanı Həbibinin müasirlərindən olduğu isə dəqiqdir.O da bizə məlumdur ki, Şahinin Şah babamız Xətaiyə böyük rəğbəti və sevgisi varmış.
Onu da ərz edim ki, Şahi həm də Osmanlı dönəmində silah kimi – top növü və Səfəvi çağında dövriyyəyə buraxılmış gümüş sikkənin adı olub.Ömrünü Səfəvi-Osmanlı arasında keçirmiş, iki arada bir dərədə qalmış şairin adının, yaxud təxəllüsünün, yaxud ləqəbinin cızdığı sərhədə baxın.
-Pul – top – şeir.
Mən 3 -cünü seçirəm.Ona görə şair Şahidən yazıram.
Şahinin təvəllüdü və doğulduğu konkret məkanı barəsində mənbələr susur.Mənbələrə, məxəzlərə isə susmaq yox, danışmaq yaraşır.Onda danışaq: Yox, əvvəlcə, özü qəzəli ilə danışsın, sonra biz:

Qönçeyi-gül bülbülün qəsdinə peykan eyləmiş,
Qönçə açılğan güli yüzünə qalxan eyləmiş.

Qönçənin peykanını tiz etmək üçün şaxi-gül,
Cismin başdan-ayağa şəkli-suhan eyləmiş.

Gül ərusun sübhdəm bülbül nikah etmiş məgər,
Kim özün yaşıl dodaq altına pünhan eyləmiş.

Dəhr ara hər bir buzəq divar görsən şöyə bil,
Bir Süleyman mülküdür çərxi-anı viran eyləmiş.

Mehrinə aldanma Şahi bu fələyin kəm günü,
Göyə yetirmiş yenə xak ilə yeksan eyləmiş.

Bəzən “eyləmiş” rədifli qəzəli Füzulinin adına çıxıb və belə də yayıblar.Hətta Füzulinin “Divan”ı basılarkən Şahinin Füzuli ilə dəyişdirildiyi faktı da ortadadır.

Ey Füzuli, mehrinə aldanma çərxin gərdişi,
Göyə yetirmiş vəli xak ilə yeksan eyləmiş.

Məhəmməd Tahir də aldanaraq “Müntəxəbati-məsarih və əbyat” adlı risaləsinə bu qəzəlin bir beytini digər şəkildə köçürərək Füzuliyə isnad verib və beləliklə Füzuli qəzəli kimi tirajlanmağa başlayıb.
Bu məqamda yenə ehtiyatlı davranmağı üstün tutaraq, qəzəllərin necə səhv düşdüyü epizoduna toxunmuram.Sadəcə klassik ədəbiyyatda Caminin Nəvai adına, Şahinin Xətai adına çıxılan şeirlərə və yüzlərlə bu sayaq nümunələrə rast gəldiyimizi vurğulaya bilərəm.
Ancaq çox doğrudur ki, cahanı fani sananlar dünyanın mehrinə aldanmazlar.Yazıb-yaradar, tikər-qurar, adından iz qoyarlar gələcək nəsillərə,
lap Şahi təki.
Şah İsmayılın yetimlərindən sayılan Şahinin İstanbula nə səbəbdən üz tutduğu bəlli deyil.Bəlli olan budur ki, bu, Sultan Səlim zamanında baş verib.Bu səbəbdəndir ki, Rumelində və çağdaş Türkiyədə də ədəbi cameədə məşhur olanlar sırasındadır şairimiz.Türkiyədə Lətifi kimi tanınan təzkirəçi Əbdülətif Kastamonlu əfəndi öz
təzkirəsində sonralar belə yazacaqdı:

“Şahi Şərqi sərhədə qərib yerdən gələn Şah yetimlərindəndir.İsmayıl Ərdəbilinin (Şah İsmayılı nəzərdə tutur) müridi və müqərribi və şüəarasının əşəri və əqləbi idi”
Təzkirəçi “qərib yer” deyəndə böyük ehtimalla Güney Azərbaycanı nəzərdə tutub.

Müxtəlif məcmuələrdə Şahinin mənzumələri də yer alıb.Onun məhəbbət mövzulu şeirləri də az deyil. “Gəldim” rədifli şeiri Ələvi – Bektaşilər arasında çox məşhurdur.Əslində, Şahinin Bektaşiliyə mənsub şair olması haqqında mülahizələri qüvvətləndirən başqa arqumentlər də var.Şahinin bir sıra şeirlərində Bektaşiliyə aid terminlərə, istilahlara yayğın şəkildə rast gəlirik.
“Qurban tığlamaq”, “dörd qapı”, “rəhbər”, “dar” kimi terminlər buna nümunədir:

Əvvəl eşiyinə qoydum başımı,
İçəri aldılar tökdüm yaşımı.
Ərənlər yolunda gör savaşımı,
Canü-baş qoyaraq qurbana gəldim.

Dörd qapıya salam verib aldılar,
Pirin hüzuruna çəkib gəldilər.
El-elə, əl Haqqa olsun dedilər,
Hənüz məsum olub cahana gəldim.

Yolumuz On iki İmama çıxar,
Mürşidim Məhəmməd Əhməd i – Muxtar.
Rəhbərim Əlidir sahib-Zülfüqar
Qulundur Şahi də, divana gəldim.

(Osmanlı türkcəsindən doğma türkcəmizə uyğunlaşdıran – Turan Uğur)

Şahi şeirlərinin Türkiyədə osmanlıca tanınması onun qardaş məmləkətdə uzun dönəm yaşamasına dəlalət edir.Hər halda, bu, mənim məntiqimdən gələn qənaətdir.Əcəm Şahi ləqəbini də şairimizə məhz Osmanlıda verildiyini güman etmək olar.
Şahinin bir özəlliyi ondandır ki, əruzla yanaşı hecada və aşıq şeir qəliblərində də lətif nümunələr yaradıb.Bir məsələni də yəqin bilirəm ki, mübarək Ramazanın ilk günündə məhz könlümün Şahi haqqında yazmaq istəməsi İlahi bir diktədir.Əsərləri və həyat yolu Hz. Məhəmməd Mustafaya (əs), İmam Əliyə (əs) təriflərlə keçən birisinin öncə tərifini Allah vermiş.Allah vermiş ki, Şahi Şərqi haqqında dürlü-dürlü kalamlarım qəlbimdən qələmimə, qələmimdən də yazıma süzülmüş oldu.

Göydən Yerə enənlər də, ana bətnindən bu cahana atılanlar da mühacirdir, bir yerdən başqa yerə köçənlər də.Hamımız bir tikə, bir parça, bir əlcə də olsa mühacirik.Şair Şərqi də mühacir idi.Bizim doğma türkcəmizdə də yazıb-yaratmış mühacir.

Bakı bəyaza bürünmüş, Yerlər qarla oynayır, Göylər Günəşlə.Ayağı yerdə olanın başı yer eşərsə, faciə olar.Baş gərək uca ola, ucalarda ola!
Göy – gəldiyimiz yerdir, həm də gedəcəyimiz yer.

Bakı bəyaza bürünmüş…
Bakı bəyaza…
Bakı

Turan Uğur
01 mart 2025

(Araşdırmamda Şövkət Beysanoğlunun, Sadəddin Nüzhət Ergünün, Mustafa İsənin, Vəsfi Mahir Qocatürkün, İsmayıl Özmənin, Salman Mümtazın, Əbdülətif Kastamonulunun təzkirə və faktlarına, habelə öz mülahizələrimə istinad etmişəm).


08 dekabr, 2024-cü il,
Novxanı

Turan Uğurun yazıları

“Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YURDDAŞ İNSAN – SADIQ MURTUZAYEV

“Öncə söz vardı…” rubrikası
26 -cı hissə
Sadıq Murtuzayev – Dövlət xadimi, Ali Sovetin deputatı, yazıçı, alim, Zaqatala, Abşeron, Şəki, Ağdam Rayon Partiya Komitələrinin birinci katibi.

(Bu rubrikanı sözü qutsal sayan yazıçılarımıza ithaf edirəm)

YURDDAŞ İNSAN – SADIQ MURTUZAYEV

Dilboz atını göy çəmənlərdə, yaşıl oylaqlarda elədən beləyə, belədən eləyə, üfüqidən şaquliyə, şaqulidən üfüqiyə doğru çapan var.
Bəyaz kətan köynəyinin yaxası açıqdır geniş ürəyi təki, sol əli siyah şalvarının cibində, sağ əli bəyaz atının yüyənində, qaməti düz, qəddi şux, saçları qara, alnı isə ağappaq, tərtəmiz, ləkəsiz.Dilboz atının belindən seyrangaha zillənən gözlər ətrafda boz rəngdə heç nəyi görməzdi.Alimliyindənmi, yazıçılığıdanmı, səriştəli rəhbər olmağındanmı
hər tərəf şəffafa bürünüb, görünən və görünməyən nə varsa, pərquvaridir, aydındır. Necə mənzərədir?
Bəndənizdə var Sadıq müəllimin belə fotosu.Deyin görək, ləlöyün təki tamarzı qalmağın yeri var, yoxsa yox?!
Səhv etmirəmsə, dilçi-alim, professor
Əbdüləzəl Dəmirçizadə İlisu kəndini Dədə Qorqud, Oğuz yadigarı kimi nadir ləhcəsini qoruyub saxlayan bir kənd adlandırırdı.Şeyx Şamilin ən qüvvətli naiblərindən biri yeddi minlik müridlər ordusu ilə çar ordusu üzərində zəfərlər qazanmış Danyal bəyin ismini tələffüz etməyim də gəldi içimdən.O qədər deyiləcək sözüm var ki, bilmirəm haradan, kimdən başlayım?
-Harası bəlli – dörd tərəfdən əzəmətli dağlarla çevrələnmiş İlisudan başladım.
“Kimdən?” sualına isə cavabım belə olacaq: adı Məhəmməd olandan başlamaq gərəkdir ki, yazım da mübarək olsun.Yəni əsl adı Məhəmməd Sadıq olan – Sadıq Murtuzayevdən.O zaman mürəkkəb adlara qarşı mübarizə başlamışdı deyə Kənd sovetində “Məhəmməd” adını ixtisar edirlər.Müqəddəs peyğəmbərimizin unudulması naminə bütün cəhdlərə baş qoymuşdu sovet hökuməti.Əvvəla ad əndrəbadi, yaxud mürəkkəb idisə, niyə Məhəmməd çıxarılırdı elə Sadıq adını çıxardardınız, məsələ həll olunardı.
-Xeyr!
-Gərək “Məhəmməd” ixtisar olunaydı.Xoflandıqları adların başında məhz bu ad gəlirdi.”Mamed” kimi, “Məmiş” kimi qısaltmaların başlıca məqsədi
“rahat təbir” yaratmaq yox, ululuarımızın bostanına “daş atmaq” mənasını daşıyırdı.
Bəs “Murtazayev” nə üçün “Murtuzayev” ə çevrilir? Birnicisi imperiyanın qamçısı səbəbindən doğurdusa, ikincisi şəxsi bədxahlıq nəticəsində idi.Maraqlı tarixçəsi var bu vəziyyətin:
Pedaqoji İnstitunun 1-ci kursuna kimi Sadığın soyadı “Murtazayev” olub.Qaxda oxuduğu orta məktəbin direktoru Aslan Zeynalov Sadıqla oxuyan qızı Nəcibəni qızıl medaldan məhrum edən müəllimlərin acığına yeniyetmə Sadığı da medalsız qoymaq qərarına gəlir.İmtahan işlərini Maarif Nazirliyinə gətirib orda fəaliyyət göstərən komissiya ilə “dil tapıb” “Murtazayev” familiyasını “Murtuzayev” düzəltdirərək, yazı işini “dörd” ə endirməyə nail olur.Beləliklə Sadıq həm soyadından, həm də medaldan məhrum olur.Ancaq həyatla mübarizəsi daha erkən çağlardan başlayan birisi üçün atasız-anasız qalmaq yanında, medalsız qalmaq nə idi ki?! Min orden, on min medal qurban olsun bir ata mərhəmətinə, bir ana şəvqətinə.Kaş Sadığın medalları yox, atası, anası sağ-salamat olaydı.
Əvvəlcə ondan başlayım ki, Sadıq Murtuzayevin ismi bəndəniz üçün doğmadır.Sadıq müəllim haqqında ailədə eşitdiklərim şübhəsiz ki, bu doğmalığın rəhnində dayanan faktorlardır.Rəhmətlik Cavid əmi (Cavid Axundov) Sadıq Murtuzayevin ən yaxın dostlarından idi.Bu haqda Sadıq müəllim özü də yazıb:

Sadıq Murtuzayev:

“Mərhum Cavid Axundovla 40 ilə yaxın dostluğumuz olub.Çox gözəl kənd təsərrüfatı mütəxəssisi olmaqla gözəl və poetik dünyası vardı”

Cavid əmi də öz növbəsində ona borclu qalmayıb.

“Mətanətdə, cəsarətdə, dostluqda, həyati təcrübədə böyük keyfiyyətlərlə mənə örnək olan qardaşım Sadıq Murtuzayevə xoş arzularla və təşəkkürlərlə”
(“Fəzilət işığı” kitabı, müəllif Sadıq Murtuzayev,
səh, 284)

Onların 40 illik dostluqları fonunda çoxlu xatirələrim közərir. Sadıq müəllimlə bağlı bu yazımda həmin xatirələrə yer ayırmaq niyyətindən saqınır, yalnız 14-15 il öncəki bir xatirəmizi yazıram.
Firəngiz xanım Qaxa gedəndə israr etdi ki, Sadıq müəllimə baş çəkməliyəm.İlisuda Sadıq müəllimin ömür-gün yoldaşı Kəlimət xanım bizimkiləri sıcaq qarşılayır, özü isə artıq yataqda idi.Onda 2007-ci ildə çapdan çıxmış “Fəzilət işığında” kitabını Firəngiz anaya bağışlayır, Bakıdakı şəhər nömrələrini, vizit kartını bizə verir.Artıq qocalmış, yaşı 80-i haqlamışdı.Onunla belə, səlis şəkildə ürək sözlərini yazmağa, Cavid əmini xoş xatirələrlə xatırlamağa macal tapır.

Elə isə biz də xatırlayaq!
Atası Nəbi İlisunun Bəytabun adlanan obasında Quzaylılar məhəlləsində doğulub.Murtuza və Qızyetərin 6 övladından biri idi Nəbi.Nəsil çoban nəsli idi.Atası Nəbi də çocuqluğundan çobanlığa getmiş, qısa müddət milis orqanlarında çalışmasına rəğmən yenidən çobanlıq sənətinə geri dönmüşdü.Səbəbi isə çox sadə: mülayim təbiəti ilə bu orqana qəti uyğun gəlmirdi.Qonşusu Tavatcah ilə ailə qurub.Övladları Qızyetər, 7 ildən sonra 1927 – ci ilin iyulun 25-də isə
Sadıq doğulub.Daha sonra Zahid, Hədiyyə, Nadir.Kolxozlaşma başlayanda 13 qoyunları, bir keçi və bir öküzləri vardı.Nəbinin 42 illik ömrü də, ölümü də Sadığın beyninə elə həkk olunmuşdu ki, ən xırdaca məqamı belə xatırlayanda yanıb-yaxılardı.

“Nəbinin əcəli Balağ otundan olur” desəm yanılmaram.
Heyvanların çətin yedikləri balağ otunun kolorisi də aşağı olur.Tez saraldığı üçün mal-qaranın demək olar ki, onu yemək şansı da olmur.Kökü kəsilsin deyə çobanlar qış-yay mövsünü bitən kimi ona od vururlar.Nəbinin işlədiyi qoyun briqadası yaylaqdan enərkən belə bir sahəyə od vurulmuş, rayonun hüquq-mühafizə orqanları fərqinə varmadan, çobanlardan 5-10 qoyun qoparmaq niyyəti ilə cinayət əməli kimi uçota almış, Ağyazı qışlağında olan Nəbini şahid sifəti ilə çağırmışlar.
Qışın sazağında Nəbi qışlaqda yenicə doğmuş inəyi də gətirib Qaxa gəlir, orda izahat verib kəndə geri qayıdır.İnək atın yedəyində, buzov da xurcunun bir gözündə olub.Nəbi gecənin ənginliyində Ulu körpüyə yetmiş yolu-izi ağ örpəyə bürünən yolda min ənvai-müsibətlə evə çatmışdı.Yerinə uzanandan sonra şaxta aparmış ayaqlarının hissiyatını itirdiyinin fərqinə varır.Beləcə 40-cı ilin qışı quş qanadındaca Nəbini aparır.Əcəl öz missiyasını artıqlaması ilə görəcək hələ.Hələ harasıdır? Bir evi tanımasın Əzrayil, tanıdımı, dadandımı vay gününüzə!
Atasından sonra anasının da qara günləri başlayır.Sadığın yeznəsi Mahmudun sayəsində yetimlik bir qədər yaddan çıxdı.Amma İkinci Cahan savaşı yaddan çıxanları xatırlatmağa pərgar idi.
-“Mən yadınıza salaram” dedi.
Mahmudu da ağuşuna aldı müharibə, neçə min Vətən övladı kimi.
Sadığın anası Gəray Fəzlinin anası Nazlı ilə gecəyarısına kimi tomat bişirər, gündüz isə uşaq evində çalışardı.Qara qızdırmadan ya da ki mininkiddən yatağa döşənir.Əqli müvazinətini tamam itirir.Həkimsiz, dava-dərmansız Haqqa qovuşur.Sadıq belə xatırlayır o ağrılı günləri:

“Bədbəxt anam da, atam kimi arzuları gözündə əzablı dünyasını tərk etdi.Bacımın da ah-naləsi göylərə yüksəlirdi, mən də için-için ağlayırdım.Nadir qardaşım isə hələ bu itkinin ağırlığını hiss etmir, bizə baxıb ağlayırdı.
Anamı Qax qəbiristanlığında dəfn etdik.Sonralar mən Zaqatalada işləyən vaxt qəbirqazan Nəzir kişinin köməyi ilə qəbrini tapıb Əfəndi müəllimin məsləhəti ilə sümüklərə dəymədik, ruhunun qəbir torpağında olmasına dair mülahizəsi ilə bir qədər torpağı kəfənləyib İlisuya apardıq.Bakıda mərmər lövhədə aşağıdakı sözləri yazdırıb gətirdim:
“Əziz ata-ana! Siz nakam getdiniz, amma arzularımızda yaşayırsınız”

Sadıq da yaşamalı idi, oxumalı, böyüməli idi.Sözün bütün mənalarında böyüməyə nail olduğu üçün bacısı Qızyetərə borclu idi.”Ana əvəzidir böyük bacı” deyənlər necə də haqlı çıxırlar.Hələ-hələ o bacı ki tək murazı Sadığın ali təhsil alması, oxuyub bir mərifət kəsb eləməsi idi.7 yaş böyük bacının muradını qəlbində qoymayacaqdı ki Sadıq?! Müharibədən sonrakı səfalət illərində oxuyacaqdı da, yoldaşlarından fərqlənəcəkdi də.O zamankı gənclərin alnına yazılan nəsnələrdən yaxasını kənar çəkmək isə mümkün deyildi.
İlisudan gətirdikləri qoz, fındığı da, Yaşıl bazarda üstünə qurd daraşan motal pendiri də satacaqlar, Gəray Fəzli ilə minbir müsibətə sinə gərəcəklərdi.
Qıtlıq dövrü idi.1947-ci ilin qış günləri…Qış tətilindən qayıdarkən 3 kisə fındıq əldə edən tələbə Sadıq kisələri vaqonun girəcəyindəki tambur
adlanan küncdə üst-üstə yığır, özü də axırıncı kisənin üstündə yatır.Yevlax stansiyasından bəri kisələrə göz qoyan bir neçə cənə-cünə adamın nəzəri Sadığı səksəndirməyə bilməzdi.Ləki stansiyasına az qalmış kisələrin birinin yerlə sürükləndiyini görür və tez yerə atılır.3 banditlə əlbəyaxa qalır.Ya onlara verən Allah, ya Sadığa.Nə isə, hər şey yaxşı qurtarır.Dəmiryol xəttinin kənarındakı çuxura yumalanır, ancaq burnu da qanamır.
Sadığın belə sərgüzəştləri bəs qədər olub.

O çağlar Şəki kələğayısı Tiflis bazarında yaxşı qiymətə gedərdi.Beş-on kəlağayı alıb Tiflisə gedən Sadıq onları satıb bir çamadan monpası alır.Bəs bu çamadanı necə gətirməli?
Diribaş, sərhesab Sadıq paravoz sürücüsü ilə danışıb çamadanı ilə onun yanında lövbər salır və ocağa daş kömür atmağa başlayır.Poylu stansiyasında bir milis işçisi paravoza yaxınlaşıb yuxarı boylanmağa başlayır.Pişik çevikliyi ilə Sadıq birinci vaqonun damına hoppanır.Şirnini çətinliklə Qaxa çatdırıb ikisini 1 manatdan satıb, vəsait toplayan da yenə Sadıq olur.
Yataqxana yoldaşları ilə pendir də satırlar, teatr bileti də.Həyat onları necə öyrədirdisə, onlara necə müəllimlik edirdisə, o cür də öyrənməyə məcbur qalırdılar.Bir də İnstitut müəllimləri vardı Sadığın.Hərəsi bir elm dəryası, hünərin var bu dəryadan bir parç su götür, həyatın özünə də dərs keç!
Akademik Əlisöhbət Sumbatzadə, professor Əhməd Seyidov, professor Əli Sultanlı, professor Cəfər Xəndan, professor Mikayıl Rəfili, professor Əbdüləzəl Dəmirçizadə, professor Əhməd Zəkuzadə, dosent Həmid Əfəndiyev, baş müəllim Mirzə Cavad Bağırov.

Mirzə Cavad Bağırovdan Mir Cəfər Bağırova kimi yollar uzanır.Mir Cəfərlə ilk dialoqdan məğruranə ayrılmaq aldığı dərslərin fəzilətindən idi:
M.Bağırov siyahıya göz gəzdirir.
Üzünü Sadıq Murtuzayevə tutaraq:

-Cavan oğlan, sən haradan gəlmisən?
-Zaqataladan, yoldaş Bağırov.
-Neçə yaşın var?
-24, yoldaş Bağırov.
-Nə vəzifəyə göndəriblər?
-Təşkilat şöbəsinə müdir.
-Bacara biləcəksənmi, axı çox cavansan?
-Etimad göstərsəniz, bacararam, yoldaş Bağırov.
-İrəli gəl görüm.
Üzünü digərlərinə tutub dedi:
-Bax, içərinizdə hamıdan cavanı budur.Hamınızın əvəzinə onun əlini sıxıb təbrik edirəm, gedin, qeyrətlə işləyin.

Başqalarını bilmirəm Murtuzayev bu öyüdə 94 illik ömründə əsla xilaf çıxmadı.
1959-62-ci illərdə Zaqatalada, 1963-70 ci illərdə Abşeronda, 1970-80 ci illərdə Şəkidə,
1980-88-ci illərdə Ağdam,1989-90-cı illərdə Abşeron Rayonlarının birinci katibi işləyəndə vəzifəsini ləyaqətlə yerinə yetirdi.Yeniliklərə açıq oldu, Azərbaycandan kənarda gördüyü çağdaş texnologiyaları işlədiyi rayonlarda tətbiq etdi.31 il müddətində fasiləsiz olaraq Raykom katibi işləyən yeganə rəhbər idi Murtuzayev.Hətta şöhrəti respublikada dolaşan Rüstəm Səfərəliyev də bu rekorda çata bilmədi.Səfərəliyev Sosialist Əməyi Qəhrəmanı olmasına baxmayaraq 28 il raykom katibi işləyə bilib, həm də 7 illik fasilə ilə.Onu iki dəfə-əvvəlcə Vəli Axundov, sonra da Kamran Bağırovun dövründə vəzifədən uzaqlaşdırıblar.

-Bəs Sadıq Murtuzayev fenomenin sirri nədə idi?
-Yenilikçilik?
-Bəlkə də!
Sadıq Murtuzyevin şəxsi təşəbbüsü ilə Ağdamda tikilən istirahət ocaqları, mədəniyyət sarayı, üzümçülərin yaraşıqlı klubu, böyük ticarət mərkəzi, Muğam məktəbi, SSRİ-də ilk, dünyada 2-ci olan (Ulm şəhərindən sonra) Çörək muzeyi, Ağdam Çay Evinin tikilməsinə imza atdı.27 yaşında filologiya elmləri namizədi, alimlik dərəcəsi adını alan Murtuzayevin onlarla bədii-publisstik əsərləri, hekayələri bizə bəxşişdir.İmam Mustafayevlə müştərək yazdıqarı “İmam Şamil” əsəri, habelə ömrünün 80 ci ilndə, ahıl çağında yazdığı
“Fəzilət işığında” avtobiorofik əsəri bizi
Sadıq müəllimin mənalı ömründən hali edir.
Onun haqqında Gəray Fəzli, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Abbas Abdulla,
Bayram Bayramov, Vidadi Babanlı, Qabil, Qulu Xəlilov, Əzizə Cəfərzadə, Əlfi Qasımov, Əliağa Kürçaylı, Cavid Axundov (Salmanoğlu), Əfqan,
Əli Səmədli, Abbas Abbasov, Məmməd Murad, Osman Sarıvəlli, Sabir Rüstəmxanlı, Rəsul Həmzətov xoş sözlər söyləmişlər.
Elə övladları Nizami, Tavat, Nəbi də Sadıq müəllimi ucadan uca tutmuşlar.Kəlimət xanım isə onun Sadıq Murtuzayev zirvəsinə gedən ən böyük bələdçisi olub.Bolqarıstanın Razqrad şəhərinin “Fəxri vətəndaş” ı olan Sadıq Murtuzayevə daha çox “Yurddaş insan” ifadəsini yaraşdırıram.

Ara-sıra Maestro Niyazi ilə nərd atsın yurddaş insanımız.
Şair Bəxtiyar Vahabzadə tamaşa eləsin bu mənzərəyə.

-Şeş – cahar
-Pənc – sə

Ehhhh, günlər o günlər, dəmlər o dəmlər idi.
Bir Sadıq Murtuzayev vardı.94 yaşında, 2021-ci ilin fevralın 4-nə kimi həyatda dolaşırdı, fevralın 4-dən bəri isə könüllərdə.
O gündən bəri işində, əməlində özünü xeyli ötüb keçən insanları “Sadıq müəllim” deyə çağırmağım gəlir.Bizdən alim-alim, yazıçı-yazıçı azalanları
“Sadıq müəllim” kimi səsləməyim gəlir.Hər sabah xeyirxahlığı, mərhəməti ilə bəndənizlə döş-döşə gələn yurddaşları “Sadıq müəllim” deyə haylamağım gəlir.
-Ehhheyyyy, Sadıq müəllim!!!
O gündən bəri göy çəmənlərdə, yaşıl oylaqlarda Dilboz atını çapanlara, ağ kətan köynəyinin yaxasının ilk düyməsini açanlara, sol əlini cibinə, sağ əli ilə atın yüyənindən yapışanlara, şux qamətli siyah saçlı kişilərə “Sadıq müəllim” deyə səslənməyim gəlir.

  • Eheey Sadıq müəllim, eheeey!

(Portret-essedə yazıçı Sadıq Murtuzayevin,
şair Cavid Axundovun, Firəngiz xanım Axundovanın, yazıçı Seyran Səxavətin,
redaktor Ağalar İdrisoğlunun faktlarına, habelə şəxsi araşdırmalarıma söykənmişəm).

Turan Uğur
08 dekabr, 2024-cü il,
Novxanı

Turan Uğurun yazıları

“Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fədailərimizi tanıyaq – MƏHƏRRƏM DANAYİ

FƏDAİLƏRİMİZİ TANIYAQ!
12-ci hissə

İKİ SAHİLİN BALASI – MƏHƏRRƏM DANAYİ

Məhərrəm Danayi – “21 Azər” hərəkatının fəalı, inqilabçı, Xalq artisti, gözəl sənətkarımız
Valeh Kərimovun atası.

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə, həmşərilərimizə ithaf edirəm)

Bir payız axşamı…Teymur Salahovun
(Xalq rəssamı Tahir Salahovun atası) ömür-gün yoldaşı Sona xanımın mənzili…Məhərrəm Danayi ilə Sona xanımın mənzilində qədim ailə dostlarının ürəkodlayan, canyaxan, qəlbsızladan görüşü…Vaxtilə Teymur Salahovla dostluq edən, sovetlərin ilk dönəmlərində müxtəlif vəzifələrdə çalışanların aqibəti fərqli olmuşdu.Teymur Salahov repressiyanın qurbanı olarkən, Məhərrəm Danayi canını qurtarıb gəldiyi yerə – Güney Azərbaycana sığına bilmişdi.
Gəlin ondan başlayaq ki, bu tayda Seyfulla Kərimov kimi tanınan, Məhərrəm Danayi hələ gənc yaşlarından quzeyə pənah gətirib. Sovetin ilk dövrlərində milis orqanlarında çalışan müxtəlif rayonlarda – Laçında, Ağsuda sistem işçisi – milis rəisi kimi fəaliyyət göstərən Məhərrəm Danayi “Fədailərimizi tanıyaq!” rubrikasının baş qəhrəmanıdır.Stalin repressiyalarının “Trotskiçi” “pantürkist”, “panislamist”, “Kirov qatili”, fəhlə ya mühəndis, şair ya alim – ağına- bozuna baxmayıb hər kəsi xışlayanda Məhərrəm başa düşür ki, azacıq da geciksə, onu da göndərəcəklər gedər-gəlməzə.Danayi soyadlı Məhərrəm kişi elə soyadına layiq – əsl alim kimi, arif kimi davranır.Teymur Salahovun həyat yoldaşı Sona xanımın bu sayaq xəbərdarlığını qulaqardına vurmur:

-“Teymuru apardılar.Özünü qoru!”
Prokrorluq binasının axasınca, evlərin damları ilə, “asta qaçan namərddir”- deyibən yollanır düz Biləsuvara, ordan da Güney Azərbaycanına – gəldiyi yerə qayıdır.Məhərrəm kişi gəldiyi yerə getməyində olsun, biz onun həyat tarixçəsini səhifələyək!
Quzeydə Seyfulla Kərimov, güneydə Məhərrəm Danayi – Belə ikili ömrü iki sahilin balaları çox yaşayıblar. Biz – həmşərilərə tanış ömürdür bu ömür.Gündüz bir adda, axşam bir adda yaşamaq, könlünü hürriyyətə bağlayanların bəzən adəti olmuş, bəzən səadəti.
Əsas odur ki, içimdən hayqırmağım gəlir:
-“Yaşasın İnqilab!”

-Yaşasın!

-Yaşasın!
-Yaşasın da, amma öz balalarını yeməsin.
-Necə? Axı “inqilab” deyənin daha qulağın kəsmirlər, bilmərrə yox edirlər.Yoxluq yoxdur, varlıq var, yaşamaq var!
Yaşamaq üçünsə öncə doğulmaq lazımdır.
Məhərrəm Danayi 1905-ci ildə Güney Azərbaycanın Sərab mahalında doğulub.Kipriyi ilə od götürüb yeniyetməliyindən, zülm-zillət, İranın təbəddülatlı dövrü, müxtəlif ictimai-siyasi formasiyaların bir-birini əvəzləməsi, güneydəki aclıq, səfalət Məhərrəmə də təsirsiz ötüşmür, ancaq günlər sürətlə ötüşürdü.Güclü iradəli, çevik təfəkkürlü Məhərrəmin əyninə üsyanlar biçilmişdi.Sığmırdı Səraba, gəlir şimala sarı.Axı guya şurəvidə krandan su əvəzinə süd axırmış, çoxu aldanır bu şirincə nağıllara, guya dağarcıq çuvaldan böyük olmuşdu.Guya güneydə tapmadıqlarını quzeydə bulacaqdı Məhərrəm.Amma qonaq umduğunu deyil, bulduğunu yeyər.Məhərrəmin bulduğu isə qorxu oldu, hürkü oldu, təlaş oldu, təşviş oldu.
Dediyim kimi, tutatut və qaçaqaç zamanı şimaldan qaçır Təbrizə.O zaman yeniyetməliyini sovet Azərbaycanında keçirən istənilən yurddaşımız
“21 Azər” hərəkatına asanlıqla qoşulurdu.Çünki dünyanınn gərdişindən hali idilər.Ona görə belə inqilabçılar – Əli Tudə, Balaş Azəroğlu, Mədinə Gülgün və başqaları Pişəvəri üçün əsl göydəndüşmə idilər.Amma onlar zənbillə göydən düşməmişdilər.Min bir ənvai-müsibətlə yetişmiş, püxtələşmişdilər.Məhərrəm də olsun onlardan biri.Əvvəlcə Miyanə şəhərində kök salırlar.Elə Valeh Kərimov da həmin şəhərdə, 1944-cü ildə anadan olub.Sonra digər fədailər kimi Danayi ailəsinin də taleyi Təbrizlə bağlı olur.Zira Təbriz inqilab mərkəzi kimi hərəkata yön verir, bütün məmləkəti idarə edirdi.Məhərrəm Danayinin digər oğlu Sabir elə Təbrizdə doğulur.Bəli, həmin çağlarda Təbrizin çiçəyi çırtlayırdı, günü-gündən Demokratik Hökumət güclənməkdə idi.Bir gündə 14 min fəalın Demokratik Firqəyə qoşulması güneylilər üçün böyük xülyalar yaratmışdı.Kim deyərdi ki, bir il sonra, yarandığı gün süqut edəcək Pişəvəri Hökuməti? Asılanlar, kəsilənlər, öldürülənlər, məhbəsdə çürüdülənlər, ayağına at nalı vurulanlar, Gülüstan xiyabanında asılanlar, ehhh daha kimlər, kimlər… Asılmaqdan söz düşmüşkən, Firudin İbrahiminin asılmağını gözləri ilə görmüşdü Danayi ailəsi.
(Valeh müəllimin anası bu olayın şahidi oub)
12 dekabrın səhərisi gün isə Məhərrəm yoxa çıxır.Fəal kimi qanına qəltan olunacağını düzgün proqnozlaşdıraraq dübarə quzeyə pənah gətirir.
2 yaşlı Valeh, qardaşı Sabir, anası Nəcibə xanım(burada Xanım kimi tanınır) bir müddət Tehranda yaşamalı olurlar.O məşəqqətli günlərdə Valehin dayısı onlara hamilik edir.

Qeyd: Xalq artisti Valeh Kərimov indi də arabir çocuqluq xatirələrini körükləyir və Tehranda yaşadıqları evi yadına salır:
“Balaca, xudmani bir ev idi.Evin qarşısında dəmiryolu var idi.Yadımdadır ki, yanımızda çit fabriki və karxana da işləyirdi.Onu da xatırlayıram ki, yayda qapı-qapı gəzib buz gətirib camaata satırdılar.Bəzən dünənki hadisə yaddan çıxır, amma uşaq ikən Tehranda dayımgildə qaldığım günləri yaxşı xatırlayıram.Bəlkə bu xatirələri unutmağa həyəcanımız, yaşadıqlarımız qoymayıb.”

Məhhərəm Danayinin ailəsi isə 4 il sonra – yalnız 1950-ci ildə quzeyə keçə bilir.Dövlət sərhədini pozduqları üçün Məhərrəmin qardaşı, həyat yoldaşı və oğlanları 3-4 ay müddətində məhbəs həyatını da dadırlar.Masallı ilə Cəlilabad arasında, indiki Göytəpə adlanan kənddə həbsdə qalıblar.Sonra məhbəsdən qurtulub Samuxa göndərilirlər.Samux rayonunun Qaraarx kəndində birotaqlı mənzillə təmin olunurlar.Məhərrəm Danayinin Seyfulla Kərimova dönüşü yenidən başlayır.Stalinin ölümünə kimi gizli ömür yaşayır, gizlincə evdən gedir, səssizcə, kirimişcə gecənin gec vədəsində evə dönürdü.Stalinin ölümündən sonra Məhərrəmin başı üzərindəki qara buludlar rəngini dəyişir, təhlükə peydərpey sovuşur.Məhərrəm kişi Demokratların Daşkəsəndəki, Bərdədəki komitələrində sədr kimi işləyir.
Valeh Kərimovla dialoqumuzda bir az da məhrəmanə söhbətlər edir, o əsnada daha da doğmalışırıq.Doğma ünvanlar biz həmşərilər üçün birdir – keçmiş “İskra” küçəsi – 6
Nizami metrosu yaxınlığında, Karamel fabriki tərəfdəki doğma komitəmiz.
-Bəli sizi – “Paydarlar”- ı da tanıyıram söyləyir Valeh müəllim.Xeyli danışdıqdan sona Çavuşinin, Rübabə Muradovanın (İşraqinin), Siyavuş Kəriminin də həmin ünvanlarda olduqlarını söyləyirik.Valeh müəllim Çavuşnin adını unudur, onun yadına salıram: “Mir Mehdi idi”
Dərhal yadına düşür.Sonra Göyçayda da komitə sədri işlədiyini vurğulayır.Mən də onun Quba həyatından danışıram.
Yeri gəlmişkən, Qulam Yəhya ilə atasının, əsas da əmisinin dostluq etdiklərni də vurğulayır.Həsən Əblucla bir kursda oxuduğunu, dost olduğunu, həmçinin şair Məhəmməd Biriya, Söhrab Tahirlə olan ülfətindən danışır.Hətta gəncliyində Şamaxıda, 6 – cı sovxozda qastrol səfəri zamanı Biriyanın orada olduğunu bilib, onunla görüşə də getdiyini də xatırladı gözəl sənətkarımız.
Bu insanların haqqını vermək naminə demək olar, çox fədainin adını çəkir, maraqlı söhbətimiz uzandıqca uzanırdı.Bəs necə olub ki, bu qədər keşməkeş içində Məhərrəm Danayi sağ qalıb? Maraqlı sualdır, fəqət cavabsız deyil.
Ölümə meydan oxuyan inqilabçını Haqq özü qoruyurmuş.Necə də gözəl deyib İmam Əli (əs) : “Haqlısansa, Haqq səni qoruyar!”
Fədaimizin haqqa qovuşma anı isə belə olub:
Dost-aşnanın dostanə şəkildə “Məhi” çağırdıqları – fədai Məhərrəm Danayi 83 yaşında – 1988-ci ildə Bakıda vəfat edib.Dəqiq gününü də deyim sizə – avqustun 29 -da.Sağlam kişi idi, heç nəyindən şikayətlənmirdi, gecə yatır səhər durmur.Yəni mərəzi filan yoxmuş.
-Əcəba, səmimiyəmmi bu qənaətimdə?
-Əsla!
-Necə yəni mərəzi yoxmuş? Necə yəni şikayət eləmirmiş? Güneydə doğulub, “21 Azər” hərəkatının şanını görənin, şöhrətini dadanın, arzusu, murazı, idealı hürriyyət olanın ən böyük mərəzi xiffət deyilmi, hicran, hüsran deyilmi?!
-Necə yəni ağrımırdı?
-Necə yəni sızlamırdı?
Bəs Təbrizdə yarımçıq qalmış ideyaları?
Ürəyi göyüm-göyüm göynədən, sızladan Təbriz həsrəti Məhərrəmin boğazına əngəl-kələf olmamışdımı?!
-Elə olmuşdu!
O tayda doğulanların bu tayda vəfat etmələri epizodunu görəndə babam İsmayılın aqibəti və minlərlə güneylimizin qədəri, taleyi yadıma düşür.Həmin insanların həyat kitabçaları ancaq bu adla başlayır: İKİ SAHİLİN BALASI.
Siz də bu cür oxumağa başlayın.
-İKİ SAHİLİN BALASI – MƏHƏRRƏM DANAYİ
Ağrılı-acılı, fərəhli-sevincli bu kitabı birnəfəsə, fasiləsiz oxuyacağınıza tam əminəm. Yeri gəlmişkən, bu kitabın səhifələrində əlfəcinə rast gəlməyəcəksiz.
Çünki bir udum su kimi içilən ömür kitablarına əlfəcin qoyulmur!

(Bu araşdırma-yazıda Məhərrəm Danayi – Seyfulla Kərimovun oğlu – Valeh Kərimovun xatirələrinə, habelə şəxsi faktlarıma söykənmişəm)

Dərin hüznlə: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zülfüqar Rüfətoğlu haqqında

Öncə söz vardı…” rubrikası
25-ci hissə

Zülfüqar Rüfətoğlu

OXUNMAYAN BİR NƏĞMƏ

Zülfüqar Rüfətoğlu – şair, ssenarist, jurnalist, publisist, “Qızıl qələm” mükafatçısı

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə ithaf edirəm)

Hirslənmə, lap uzun yaşayaq getsin,
Qalmasın bir arzun yaşayaq getsin,
Qoy olsun bu şeir başayaq getsin.
(Z.Rüfətoğlu)

Nə vaxtsa şair Zülfüqar Rüfətoğlunun bu misralarını oxuyanda güman etmişdim ki, bəlkə onun dürlü-dürlü şeirlərinin gücü çatacaq ki, bir zərblə ölümü başayaq eləsin.Şeirin, ədəbiyyatın indiyə kimi nəyə və kimə gücü çatmayıb ki?! Zülfüqar Rüfətoğlunun ölüm xəbəri məni sarsıdanda ilk əlimi atdığım pənah yeri müəllifin bu misraları oldu.
O mübhəm suala cavab verməyə tələsmədim, indi də tələsmirəm.Zülfüqar kişinin o mübarək adının hər zərbəyə gücü yetəcəyi hissi içimi çoxdan çulğayıb.Mən bilən, İmam Əlinin (əs) məşhur qılıncının adını daşıyanın əlbəttə ki, sözü də qılınc kimi kəsərli olmalıdır.Elə də var!
Ondan başlayım ki, Zülfüqar Rüfətoğlu çocuq yaddaşımda lətif, həzin sevgi şeirlərinin müəllifi kimi qalıb.Ona görə də Zülfüqar Rüfətoğlu publisist, jurnalist, ssenarist kimliyindən öncə mənim üçün şairdir.
-Özü də necə şair!

İllər keçdi biz varmadıq fərqinə,
Yarpaq-yarpaq düşdü ömrün illəri.
Səadət də mindi vaxtın tərkinə,
Dəli kimi qamçıladıq yelləri.

Bu sevdadan dad almadıq, dad oldu,
Səni sevdim, qohum-qardaş yad oldu.
Bu sevgimiz ad üstünə ad oldu,
Nə qınarsan ad eləyən elləri?

Mənə soyuq özgələrə istisən,
Kimsə bilməz, sən ocaqsız tüstüsən.
Saxlayarsan axan seli istəsən,
Hünərin var, saxla yaman dilləri.

Yaz dumanı bar gətirər, çən deyil,
Bahar – gənclik, ömür hələ tən deyil.
Şabalıdı saçlarında dən deyil,
Vaxtsız açıb şabalıdın gülləri.

Zülfüqar Rüfətoğlu şairlik təbindən çox, şair, ictimai-siyasi xadim olan Zülfüqar Əhmədzadənin adından pay almışdı.Üstəgəl yazıçı, şair atası Rüfət Əhmədzadənin ağrılı-acılı uşaqlıq illəri sonrakı yaradıcılıq ironiyası ilə qovuşanda bir tufan olacaqdı. Bütün bu yaradıcı mühitin ahənrüba kimi nəvə Zülfüqarı özünə çəkməsi tam təbii idi.
Ərz edim ki, biz uşaq ikən yazıçı-dramaturq, satirik şair Rüfət Əhmədzadənin əsərlərinə televiziyada tez-tez rast gələridk.Elə gənc Zülfüqarın da şeirlərinə bizim nəslin uşaqları geninə-boluna aşina idi.Bir də həmin kövrək şeirlər radio dalğalarından o çağın ustad qiraətçilərin həlim ifalarında duyulmazmı?!
-Bəh-bəh!
-“Yaşasın poeziya!” Əsl hayqırılası mənzərədir.
Zülfüqar da hayqırardı. İki sahilin balası kimi
“Biri Bakı, biri Təbriz” deyəcəkdi:

Deyilməyən bir nəğməyəm,
Ötsəm də yarı qalası.
Açılmayan bir kitabam,
Oxusan gözün dolası.

Bir yuxuyam yozulmayan,
Bir düyünəm çözülməyən.
Bir şeirəm yazılmayan,
Səsim Təbrizdən gələsi.

Nəğmə deməm yara-yaza,
Anamı qəm üzə-üzə.
Nə qədər baxsın Araza,
İki sahilin balası.

Səsi Təbrizdən gələsi idi, dəyişdi çərxi-gərdun, uzaq Londondan gəldi.İki sahilin balası daha da böyüdü, tək Azərbaycanda yox, ölkədən kənarda da tanındı.Tərcüməçiliyi, jurnalistliyi hərdaim şairliyi ilə yarışa girdi.Bu yarışma şairin özü ilə yarışması sayıla bilərdi ki, belə yarışmaların da qalibi nə şair Zülfüqar olur, nə jurnalist Zülfüqar.Belə yarışmanın qalibi oxucudur, auditoriyadır.Həmin auditoriyanın lütfü idi ki, tez zamanda “Qızıl qələm” mükafatına layiq görüldü Zülfüqar bəy. “Röyter” agentliyindən dəvət almağı ilə BBC Azərbaycan xidmətində çalışmağı karyera yüksəlişində ard-arda sıralandı.
-Yenə yarış?
-Yenə rəqabət?
-Bəli.
Təkcə Vətən onun üçün keçilməz bir qala idi.
Təkcə Qarabağ onun üçün bir sevda idi. Qarabağ savaşından silsilə radiooçerklər hazırlaması qəlbini göyüm-göyüm göynədirdi.Daha doğrusu, içdən göynəmədən o oçerkləri hazırlamaq mümkün deyildi.Hələ-hələ o yerləri gedib gözləri ilə görmək necə bir səadət idisə, o qədər də böyük müsibət idi. Elə çox illər öncə Şuşa yağı tapdağı altında olanda bu misraları qələmə alan Zülfüqar Rüfətoğlu idi.Elə Şuşa üçün ağlayanda,
Şuşa üçün ağrıyanda dadına bu misralar gələrmiş.Daha doğrusu, öncə “Google” yetişirdi imdadına.”Barı xəritədə də olsa, gedim dayanım Şuşanın düz ortasında” – deyirdi.

Hər gün Şuşaya gedirəm,
Google-un xəritəsində.
Gözlərimlə dayanıram
Düz Şuşanın ortasında…

Qərib London gecələrində isə təkcə Şuşa üçün yox, anası üçün də qəribsəyirdi.Qəribsəyəndə tanış qaranlıqlarda, bir siqaret tüstüsündə itməyi də bacarırdı.Daha qürbət də Vətənləşmişdi Zülfüqar üçün, daha Liverpulla Bakının, Kent ilə Yasamalın fərqi də aradan qalxmaqda idi.Sən demə, uzun müddət insan yad məmləkətdə yaşayanda onda qəribliyə qarşı immunitet də yaranır.


Ancaq biz mütləq maraqlanırdıq onun səhhəti ilə. Ara-sıra Vətənə gələndə qardaşı Rəşad bəyin həyat yoldaşı Səidə xanımdan şairin sağlamlığı ilə bağlı məlumatlar alırdım.Müəllifi olduğum “Sətirlər” verilişinin bir buraxılışını bir neçə dəfə onun yaradıcılığına həsr etmək istəsək də, gah Londonda olduğunan, gah da başqa səbəblərdən bu niyyətimiz alınmırdı.Redaktorum Azər Qismət də hər dəfə deyirdi:
“Zülfüqar müəllim Bakıdadır, mütləq çəkək, Turan” Təəssüf ki, olmadı, ancaq Zülfüqar Rüfətoğlunun şeirlərini “Sətirlər”- in “Nobel mükafatçıları” rubrikasında İsveç yazıçısı Pyer Laqerkvist haqqında hazırladığımz verilişdə verməyə nail olduq.
Bu azmış kimi bütöv verilişin süjetini şairin “Gecəyarı qapılar döyməyin” şeirinin motivləri üzərində qurdum.

Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.

Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır,
Oğul var ki, başa çatıb xidməti.

Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ.
Bu dünyadır, vallah-billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq.

Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!” – deyən var.
Gecəyarı evinizə tələsin,
-Bəlkə sizin qapınızı döyən var.

Şadam ki, mən də şairin şeirlərini dəfələrlə demişəm.Gərək indən belə şairlə bağlı ən böyük təsəllim bu olsun! Bir də söylədiyim şeirlərin şərh bölümündə qoyduğu “ürək” işarəsi.Vaxt qonaq, bivaxt qonaq, haçansa gecəyarı qapılarımızın döyüləcəyi və şair Zülfüqar Rüfətoğlunun bir nəğmə qanadında gələcəyi ümidi ilə…
Çünki oxunmayan bir nəğmə idi,
Zülfüqar Rüfətoğlu, səsi Təbrizdən gələsi.

Turan Uğur
09 noyabr, 2024-cü il,
Novxanı

Turan Uğurun yazıları

Öncə söz vardı…” rubrikası

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tarix daman gözlər – NƏSİMAN YAQUBLU

Tarix daman gözlər – NƏSİMAN YAQUBLU

“Bu kommunistlər yaman hücuma keçiblər, axşam baxdınız?”
Televiziya kanallarının birində keçirilən bir tok-şounun səhərisi günü Nəsiman müəllim növbəti dəfə müsahibim olmuşdu.Bu kübar, təmkinli insanı ilk dəfə idi ki, hiddətli görürdüm.Müəllifi olduğum “Çıraq” verilişində növbəti dəfə dəyərli faktlarını bizimlə bölüşəcəkdi.
Salam verər-verməz, dedi ki:

– “Axşam baxdınız, bu kommunistlər yaman hücuma keçiblər”
Məsələni göydə tutdum, amma Nəsiman müəllim Yerdəki haqsızlıqdan bəhs edirdi, Göydəkindən yox!Zatən Göydə nə haqsızlıq olacaq ki?! Haqsızlıq limitini Yer kürəsi çoxdan doldurub.
Onu deyirdim axı…Millətimiz üçün əlamətdar sayılan günlərin birində tok-şou təşkil olunmuşdu ki, peşəkar, adlı-sanlı tarixçilərimiz
bir ağızdan sözləşibmiş kimi kommunist təəssübkeşliyi ilə danışsınlar.Daha doğrusu, bolşevik rəhbərimizdən birini dağın başına qoysunlar.
-Ancaq nəyin hesabına?
-Qurucu babalarımızı təpədən aşağı salmaq bahasına.
Əl-qərəz, həmin verilişi izləyərkən adlarını Cümhuriyyətçi qoyan, fəqət Cümhuriyyət qurucularımızın əməllərini kölgədə qoyan çıxışlar sərgiləyənləri görcək, mənim də dalağım sancmışdı.Sözün həm məcazi, həm həqiqi mənasında.Həmin məqama kimi dalağımın yerini sorsaydılar qara ciyərimi göstərərdim, ancaq kommunistlər mənə dalağımın yerini də “tanıtdırdılar”.Nəsiman müəllimin qeyzi, əsəbi isə daxilinə deyil, üz cizgilərinə yansımışdı.Bir jurnalist kimi deyil də, bir yurddaş kimi bağırtısı qulaqlarımda cingildəmişdi həmin görüşdə.
Bayaq professorun həlak olması xəbərini duyanda isə qulaq cingiltilərim yerini verdi ürək sızlamasına.Sarsıldım…Axı Nəsiman müəllim, müəllifi olduğum verilişlərdə dəfələrlə müsafirim olub.Tarixi gerçəklərimiz, Cümhuriyyət tariximiz, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində təşəkkül tapmış mədəni – maarif cəmiyyətlərmiz haqqında dəyərli fikirlərini bölüşüb.Mənə kitablarını hədiyyə edib, mütəmadi olaraq yazılarını “VatsAp” ıma göndərib.Maarifçilik təmayüllü “Çıraq” verilişində elmi məsləhətçi olmasını israrla rica edəndə, tərəddüd etmədən qəbul edib və məsləhətlərini verməkdən usanmayıb.Faktlarla bağlı əmin olmadığı məqamlarda isə jurnalist peşəkarlığını, jurnalist etikasını əsla əldən verməyib.Ancaq biz Nəsiman müəllimi əldən də verdik, eldən də.
Məhəmməd Əmin Rəsulzadə irsinin layiqli araşdırmaçısı, əminəm ki, bundan sonra da kədərli, məlul gözlərinizdən tarix sızacaq, tarix damacaq.
Türkün öz tarixi, gerçək və göyçək tariximiz!

25.08.2024

Dərin hüznlə: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Nəbi Xəzri

Öncə söz vardı…
22-ci hissə
Nəbi Xəzri – Azərbaycanın Xalq şairi, yazıçı, dramaturq, ssenarist, ictimai xadim

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)

ÖMÜR ÇƏHLİMİ – NƏBİ XƏZRİ – 100

Tık, tik, tık…Pəncərəmi döyən külək, pəncərəmə qonan külək.Məni oyadan, məni ovudan külək.Axır ki, bayırda yelləncək kimi yellənən ağac budağından bu nagahan, biqəfil müsafirin kimliyini sordum.Səsimi duymaq istəyən bu xətakar rüzgarın çağırışına məhəl qoydumsa, deməli, ərdəmimiz yerində, kamalımız yolunda, ümidimiz yarındadır. Arzularımın ağırlığından bu rüzgarın qanadları qırılsın, beli bükülsün, burnu pərələnsin, sifəti büzüşsün, məni zərif kürəyinə alıb aparsın 17 yaşın alatoranlığına, yeniyetməliyimin həndəvərində saxlasın, boynumu-boğazımı busəyə qərq eləsin, çılğınlığımdan nəsibini alsın, sıcaq öpüş yerindən məhrəm ana qoynuna götürsün, tumarlasın, əzizləsin, saçlarımı qarışdırsın, ruhumu oxşasın, biraz da mənə oxşasın.Axı bir vaxtlar mən də günəş, dəniz, zirvə, bulaq olmaq istəyirdim, insan oldum.Yolumu azdımmı, ya yoluma qayıtdımmı, deyə bilmərəm.Lakin bəd ayaqda, bərk ayaqda nəğmə olsaydım, pis olmazdı.Görən indi də zümzümə etmək olarmı, 17 yaşın nəğməsini?

Dəniz olmaq istəyirəm, ay ana,
Öz sinəmi göylər üçün açaram.

Yox, ay bala, anan qurban boyuna,
Dəniz olsan, necə səni qucaram?

Zirvə olmaq istəyirəm, ay ana,
Ucalardan hər an səni araram.

Yox, ay bala, anan qurban boyuna,
Necə onda saçlarını dararam?

Günəş olmaq istəyirəm, ay ana,
İşıq alsın məndən torpaq, asiman.

Yox, ay bala, anan qurban boyuna,
İşıq verib sən özün də yanarsan.

Bulaq olmaq istəyirəm, ay ana,
Dağdan axım bağçaya mən, bağa mən.

Yox, ay bala, anan qurban boyuna,
Özün dağsan, sığarmısan dağa sən?

Nəğmə olmaq istəyirəm, ay ana,
Mən səslənim, batma dərdə, qəmə sən!

Ol, ay bala, anan qurban boyuna,
Sən onsuz da mənə sonsuz nəğməsən.

Bu şeir 17 yaşlı oğulun, bir şair övladının anasıyla xəyali söhbəti kimi qələmə alınıb.Arzu adlı övladın bir ümman arzusu kimi.Ariflər anladı ki, bugünkü yazımın baş qəhrəmanı Nəbi Xəzridir.Şair Nəbi Xəzri şeirlərinin sevdalısı olmuşuq, əgər ola bilmişiksə…Ağıl misraları ilə ürək misraları arasında var-gəl etmişiksə, Nəbi müəllimin həzin şeirlərindən bir buğum ciyərimizə çəkib, nələrisə əxz edib, görə-görə gəlib, götürə-götürə bir məqama yetmişiksə, o zaman illərimizi bihudə verməmişik.Yetər ki, ürəyə bir əlcə ağıldan, ağıla bir çəngə ürəkdən pay verən tapılsın.Tapılsın da tapınım ona Tanrım kimi.
1924-cü ilin bəxtinə yazılıb şair.Taleyinə təqvimin 1924-cü ilinin dekabrı düşüb.Lakin baharı çox sevirdi.O qədər çox sevərdi ki:

Bu gün yaşıd olur, gündüzlə gecə,
Dağa duman çöküb, çən yeridikcə.
Dərin dərələrdə sel daşan gündür,
Uca zirvələrdə, qar əridikcə,
Damlalar dəryaya qarışan gündür.

Nəbinin də xəmiri Bakının, Abşeronun mayasına qarışır. Xırdalan kəndində bu həyata göz açır.Yazdığı “doğma kəndim, doğma limanım” şüarlarında Xırdalanı xırdalaya-xırdalaya yox, böyüdə-böyüdə vəsf edib. Odur ki, yazdıqları sayalı, urvatlı oldu.Hər gün böyüdü Xırdalan, şəhər oldu.Nəbi Xəzrinin limanı kimi böyüdü.
Gün içində gün kiridirdi atası Ələkbər kişi.Tacir ailəsindən idi Kəbleyi Ələkbər, amma kipriyi ilə od götürərdi.Zarafat gəlməsin sizə, bir ildə üç övlad itirmişdi ata Ələkbər.Nəbi 9 yaşında ikən atası bu dünya ilə vidalaşdı.Ürəyi dözməz oldu bala dərdinə, daha doğrusu, balaların dərdinə.
Lakin bir yeyib, beş sadağa verən “Babayevlər ailəsi” başını itirmədi, özlərinə gəldilər.Balaca Nəbi də ömür çəhlimini, yolun izini azmadı.Dikbaş, rəhimsiz çərxi-fələk onu diksindirmədi, səksən min dərd verib səksəndirə bilmədi.Nəbi addım-addım addımladı, 7 yaşında ilk şeirini yazanda da, inşa yazısında “şair olacağam” deyib sinif yoldaşlarını güldürəndə də, qorxu-hürkü bilmədi.21 yaşında Yazıçılar İttifaqına üzv seçildi.Səməd Vurğun gənc Nəbiyə hamilik etdi.
Peyğəmbər mənası verən “Nəbi” ismini daşıyan Nəbi Babayevə heç çox da yol göstərməyə hacət yox idi.Özü bilirdi yolun çəmini, özü tutmuşdu yolun ağını, “yol tutan bal tutar”, “yolun azanın qazanı boş qalar” – deyibən yollandı Moskvaya, elm ardınca.
Bakıda 2 il Dövlət Universitetində, sonra keçmiş Leninqradda, ardınca Moskvada “Qorki” adına İnstitutda təhsil alır, necə deyərlər, bərk yapışır təhsilin ətəyindən.
-Nataraz anları, narahat məqamları olmamışdımı?
-Olmuşdu.
Az müddət keçməmiş İnstitutdan qovulan Nəbi olur.Qrup qızlarına kənardan “söz atan” bir başılovlunun aşının suyunu verdiyi üçün.Yamanca əzişdirib onu, dərsini verib, ona cayıl olmağın cahilliyini başa salır.Buna görə gənc şairi uzaqlaşdırırlar təhsil ocağından.Yataqxanaya da buraxmırlar.İki gün çöldə gecələməli olur.Yenə yıpranmadı, taleyini qarğımadı Nəbi, əksinə, bəlkə də ürəyindən bu misraları keçirtdi:

Sağ olsun, düşmən,
Qoymadı düşəm.

-deyib təhsilinə davam etdi, düşmən xalqın nümayəndəsinə – həmin o tələbəyə gücünü göstərdi.Biləyinin gücünü təbii ki, fəqət şeirinin gücünü göstərməyin hələ zamanı deyildi.Axı Qaçaq Nəbinin yox, şair Nəbinin taleyi gözləyirdi onu.O çağ da uzaqda deyildi.Gün o gün gələcəkdi qələmi ilə qələmdaşlarını dönükdürəcək, hər kəsi heyran qoyacaqdı.O gün gələcəkdi bütün ağaclardan tökülən sapsarı yarpaqlar Nəbinin qəlbi olacaqdı.

  • “Bəzən bir toxumdan bitən bir ağac, görürsən, yaşadı əsrlər boyu” – deyən Nəbi Xəzri ilk şeirləri ilə ədəbi cameədə maraq doğurur. “Günəş” adlı ilk şeiri ilə tanınanda, çoxu anladı ki, təbiət vurğunu Vurğundan savayı da vurğunlarımız olacaq…
    …Və onlardan biri Nəbi Babayev Nəbi Xəzriyə kimi yol gedəndə hələ neçə-neçə illər ötəcəkdi.1958-ci ildə Xəzərin Xəzrisi onun təxəllüsü, sonra xasiyyəti, sonra isə taleyi olacaqdı:

Gəl bölək dünyanı ikilikdə biz,
Dərə mənə düşsün, dağı sən götür.
Qalsın Yer üzündə qoşa izimiz,
Qara mənə düşsün, ağı sən götür.

Şair sözü dənizin dibində əridib, çuxurunda çalxayıb, dürlü-dürlü kəlamlarını poeziyaya çevirəndə təbii alınırdı.Gülarə xanıma olan təbii məhəbbəti kimi.Övladlarının anası kimi, Arzusunun arzusu kimi sevirdi ömür-gün yoldaşını.Onu itirəndə də məhz şeirlərində sevgi izharını azaltmadı, onunla yaşadı göz yaşı kimi.

Nəbini ah boğar, aman ağladar,
Həsrət də, nisgil də yaman ağladar.
İnsan qədir bilməz, zaman ağladar,
Gözün nə günahı, yaş tökülərsə.

Nəbi Xəzri torpağa bağlı şair idi.Bakı bağlarına bu qədər bağlanmaqmı olar, ilahi? Hər il iyunun 27-i və 28-i bağa gedəndə 3 gün Xəzri əsərmiş.
-Adaşını salamlamağamı çıxarmış?
-Bilmirəm.
Bildiyim budur ki, şair küləfrəngi sərinindın, Abşeron hənirindən çıxmışdı.
Oxunaqlı şair idi.Davamlı kitabları nəşr olunardı.Vəzifə pillələrində yüksələrkən şəxsi eqosu bu pillələrlə dırmanmazdı.Təvazökarlıq biçilmişdi adına.Yazıçılar İttifaqının katibi olanda da, Tele-Radio Komitəsinin sədr müavini, Mədəniyyət nazirinin müavini işləyəndə də mütəvazi idi.Tamahı əsla şeş vurmazdı.Ustad şairimiz Məmməd İsmayıl həmişə onu nəcib, xeyirxah birisi kimi qələmə verib.

  • “Başqaları mane olsa da, Nəbi Xəzriyə Allah qəni-qəni rəhmət eləsin, bizə kömək edib hər zaman.O nəsildən mənə ən çox dəstək olan rəhmətlik Nəbi Xəzri idi” – deyər Məmməd İsmayıl.Təkcə Məmməd bəy yox, neçə-neçə şairlərimiz onun köməyindən yararlanıb.
    Nəbi Xəzri həm də yurddaş şair idi.Biganə qalmırdı ulusumuzun ağrı-acısına. “Kiçik təpə” poemasına görə təzyiqlərə də məruz qalır.Bəy obrazını sovet dönəmində qəhrəman kimi vermək çoxunun xoşuna gəlmirdi.Heç gəlməsin! “Gürzəni mirzə, dinməzi hərzə” bilənlərin qoparağını yaman götürmüşdü Nəbi müəllim.Zatən o “kiçik təpə” böyük imperiyanın içində balaca məmləkətimizə nişanə idi.
    1982-92 ci illərdə yazdığı “Peyğəmbər” əsərində İslam peyğəmbərinə – Hz.Məhəmmədə (əs) ehtiramını bildirir, adınım borcunu qaytarmağa qayrət göstərirdi.Pyeslərində də dəyərlərimizə qahmar çıxırdı. “Sən yanmasan”,” Mirzə Şəfi Vazeh” dediyimə nümunədir. “Burla xatun”,” Torpağa sancılan qılınc” pyeslərində Dədə Qorqud motivlərinin səhnədə yeni təcəssümünü görürük.
    Dramaturq 1937-ci il qurbanlarının da xatirəsini unutmamış, “Gecə döyülən qapılar” tamaşasını onlara ithaf etmişdi.
    Hər şeyə sinə gərən şairi təkcə ömür-gün yoldaşı Gülarənin ölümü yaman sarsıtmışdı.

Sən getdin, dünyanın
dərdli çağında,
Bir çaya döndüm ki, sısqa axıram.
Sənsiz bir otağın tənhalığında,
Şəklinə baxıram,
yenə baxıram.

Yenə baxır Nəbi Xəzri, övladlarının timsalında görünür, nəvələrinin ədasında, oxucularının könlündə ömür sürür.Qızları Pərixanımın, Güləsərin, oğlu Arzunun arzularında yaşayır.
Arzu bəyi mən də yaxşı tanıyıram.Məclislərdə, konsertlərdə görüşüb, hal-əhval tuturuq.Onun cüssəli, azman görünüşündə sanki atasının nəhəng yaradıcılığı, çöhrəsində Nəbi müəllimin cizgiləri cızılıb.Arzu Babayev bu gün də şairin irsini layiqincə təbliğ edir, şeirlərini sosial şəbəkələrdə paylaşır, atasından xatirələr yazır. Ayrıca ikinci kitabımın – “Tale şairi: Məmməd İsmayıl” romanının təqdimat mərasiminə təşrif buyurduğu üçün Arzu bəyə minnətdarlığımı bildirirəm.
Hərgah bu dəm Nəbi Xəzridən yazdımsa, deməli, aynamı döyən rüzgar Gilavar yox, Xəzri imiş.Pəncərmi döyür ki, Nəbi Xəzri şeirlərindən bir çələng hörsün.Məramı yurd olan şairin bizə sovqatı isə “Azərbaycan” dır. Siz onun adına “baharlı yurdum” da deyə bilərsiniz.Xətriniz necə istəsə, o cür də deyin.Bir də bu çağlar evinizin aynasından göz-qulaq olun, lütfən!
Bəlkə sizin də aynanızı döyən var?!
-Öz aramızdır, zarafat deyil, bu, Nəbi Xəzrinin ömür çəhlimidir, şairin bir nəğmə qanadında hara varacağını kimsə bilməz!

(Yazımda müəllifi olduğum “Sətirlər” kitabındakı faktlara söykənmişəm)


Bakı

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru