ŞAHİN MUSAOĞLUNUN YARADICILIĞINA HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

“Keçmiş zabit olmur. Ehtiyatda olan zabit var, istefada olan zabit var. Zabit dediyin savaş adamı… onlar döyüşə bir bütöv tam olaraq girərlər.
Həm ruhları ilə həm xatirələri ilə həm də arzuları ilə təkcə “Vətən naminə”, təki “Vətən sağ olsun” deyə savaşarlar…” Şahin Musaoğlu

Şahin Musaoğludan yuxarıdakı sitatı əbəs yerə gətirmədim. Azərbaycan Ordusunun qurulmasında, möhkəmlənməsində Şahin Musaoğlunun əməyi, zəhməti, xidmətləri danılmazdır. O, çox nadir şəxslərdəndir ki, ordumuzun bütün mənsublarının, qazilərimizin, orduda xidmət keçənlərin doğmalarının bir sözlə cümlə vətənpərvər vətəndaşlarımızın qəlbində öz adı ilə, öz sözü ilə, öz bəstəsi ilə eyni dərəcədə rəğbətlə yüksələn uca taxt qurmuşdur. Ən çətin məqamlarda onun “İGİD ƏSGƏR MÖHKƏM DAYAN” nidası əsgərlərimizə necə dayaq olubsa, “HAY VER MƏNƏ CƏNAB LEYTENANT”ı da zabitlərimizə təpər, onların yolunu gözləyənlərə bir təsəlli olub.

Əsgərə dayaqdır, zabitə ilham,

Onun sayəsində belə gümraham!!!

Ali Hərbi Məktəbdə gələcəyin zabitləri ilə keçirilmiş bu tədbir olduqca təqdirəlayiq və vacib hadisədir. Görüşdə məktəbin komanda və müdavim heyəti ilə yanaşı ölkəmizin tanınmış incəsənət xadimləri də iştirak edib. İştirakçılar Şahin Musaoğlunun özünün və sənətçilərin ifasında əsərlərini dinləyib, maraqlı xatirələrlə tanış olublar. Sonda Şahin Musaoğluna fəxri fərman təqdim olunub və xatirə şəkilləri çəkilib.

ŞAHİN MUSAOĞLU HAQQINDA :

Şahin Musaoğlu — (Şahin Əbilov) Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri,İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü,MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laueratıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü.

Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Ş.Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayır. İlk təyinatı isə Biləsuvar rayonuna olur. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönür. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Ş.Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirir.

Ş.Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır.1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur “Əsgər marşı”ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı-“İgid Əsgər, Möhkəm Dayan! “ ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş “Qərib Karvan” , Milli Ordunun ilk batalyonu haqda yazılan “Birinci Batalyon” , “Cənab Leytenant” və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş.Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirir. Sözləri böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus “Bay yurdum” , həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı “Bismillah”, yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeri əsasında bəstələdiyi “Yalquzaq” poeziyamıza Bozqurd harayı gətirmiş Rüstəm Behrudinin məşhur “Salam Dar ağacı” şeirinin sözlərinə bəstələdiyi eyni adlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verir.

KİTABLARI: 

1.”İgid Əsgər Möhkəm Dayan” ,

2. “Yaşamaq gözəldir,Yaşatmaq sonsuz” ,

3. “Ağ Ümid” ,

4. “Cəng əsgəri – ييجيت سولدير الوقوف ثابتة”.

və onlarla bədii ,elmi məqalələrin müəllifi olan Ş.Musaoğlunun yaradıcılıq işi nəticəsində üç audio kasset- “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır” və “Bozqurd harayı” (sonuncu Almaniyada istehsal olunub) həmçinin “Öncə Vətəndir”, “İgid əsgər möhkəm dayan”,”Cənab Leytenant”, “Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləri dinləyicilərinin ixtiyarına verilib.

Indiyədək bəstələdiyi 30-dan çox mahnının əksər sözlərinin də müəllifi olan Ş. Musaoğlunun şeirləri müxtəlif şeir toplularında və mətbuat orqanlarında, o cümlədən xarici ölkələrin (İran,Türkiyə,Küveyt,Rusiya) populyar dərgi,qəzet və internet saytlarında işıq üzü görüb.

Hal hazırda Medservis özəl tibb mərkəzinin poliklinika müdiri və MedEra Hospital klinikasının dioqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.

Ailəlidir, iki oğlu var.

Şahin Musaoğlunun əsərləri və bəstələri 

  1. “İgid Əsgər Möhkəm Dayan”
  2. “Çağırır Vətən”
  3. “Vətən Əmanəti”
  4. “Öncə Vətəndir”
  5. “İstiqlal marşı”
  6. “And İçirik”
  7. “Cənab Leytenant”
  8. “Ağ Ümid”
  9. “Birinci Batalyon”
  10. “Səma Şahinləri”
  11. “Səfərbərlik Marşı”
  12. “Yurd həsrəti”
  13. “Azadlıq yanğısı”
  14. “Qəlbin Payızı”
  15. “Bismillah”
  16. “Yalquzaq”
  17. “Torpaq”
  18. “Salam,dar ağacı”
  19. “Yollar Yordumu Səni”
  20. “Bay Yurdum”
  21. “Türkün bayrağına”
  22. “Veteran marşı”
  23. “Çağırışçı marşı”
  24. “Elegiya”
  25. “Tanrımı apardı,özünmü getdin?”
  26. “Daha Ayrılmarıq”
  27. “Rəqqas insan”

Şahin Musaoğlunun esseləri 

  1. On altı ilin savaş hekayəsi 
  2. Bir əsrlik yaşam marşı və ya 100-cü doğum gününə iki ay qalmış susan ürəyin hekayəsi.
  3. Adları əbədi yaşayacaqdır” və ya “Yalnız Tanrı bilir
  4. Herkes ona “Bey” derdi
  5. Nizami Gencevi
  6. Adsız Qəhrəmanlar 
  7. Əmir Teymurun qılıncı.

TƏDBİRDƏN FOTOLAR:


Təqdim etdi:
 Zaur USTAC


ŞAHİN MUSAOĞLUNUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir