ƏNVƏR ƏHMƏDİN ŞEİRLƏRİ

Ənvər ƏHMƏD

Bu zülmü mənəm ki çəkirəm, ana!

Yoxluğun əriyib gözümdən axdı,
Ölümün öldürdü mən qara baxtı.
Hönkürüb, hönkürüb bu gecə vaxtı
Qəbrini bağrıma bükürəm, ana!

Donub ruhum, canım sal buza dönüb,
Taleyim kor olub, ulduzum sönüb,
Üstümə bir dünya ağrılar enib,
Dağ kimi önündə çökürəm, ana!

Ağrınam, acınam, sızlar yaranam,
Bağrımın başında bir damla qanam,
Qıymazdın bu sayaq alışıb yanam,
Bu məhşər odudu, çəkirəm, ana!

Tanrım bu dərd-qəmi ömrümə yazdı,
Diriykən yanında qəbrimi qazdı,
Bu ağrı, bu acı bəlkə də azdı,
Qan-yaşdı gözümdən tökürəm, ana!

Ənvər gecə-gündüz qarğar fələyi,
Dönməz bu ölümə şair ürəyi,
Qəbrinin üstə ki, otu, çiçəyi,
Vallah, göz yaşımla əkirəm, ana!

Gəlmişəm

Xocalı adlı balamı,
Qana bələyib gəlmişəm.
Uçurub könül qalamı,
Canımı oda sərmişəm.

Göz yaşım daş üstə bitib,
Şuşa boyda ömrüm itib.
Yaram məni boyda ötüb,
Dərdi gözümlə dərmişəm.

Yazım açmadı bir çiçək,
Dərdim qanımda bitəcək.
Ömrüm canımda itəcək,
Yaram üstə söz sərmişəm.

O daş yollar məni yedi,
Fələk səbr et, döz-döz dedi.
Gördüm Vətən can üstədi,
Bir də baxım göyərmişəm!

Ağlayır

Ötsün asta-ata segah, şikəstə,
Od yağdı Vaqifin qəbrinin üstə,
Dağıldı yurd-yuva, torpağım xəstə
Qan sızır yaramdan gözüm ağlayır.
Yas tutdu Natəvan, hönkürdü Bülbül,
Olub Qaryağdının naləsi dil-dil,
Yoxdur Qarabağım, fəryad et könül
Sönüb od-ocağım, gözüm ağlayır!

Gəzdiyim oylaqlar geyindi qara,
Çəkildim Şuşada gözümdən dara
Vuruldu sinəmə əbədi yara,
Bulaqlar üstündə izim ağlayır.

Ay Ənvər, fələyin min bir oynu var,
Hanı gurşad səsli, qartallı dağlar,
Elə bil yoxmuş o gözəl çağlar,
Uçdu qəsri qallam, sözüm ağlayır!

Bilmirəm

Geyib ayağıma bu sərt yolları,
Arzumun səddinə çata bilmirəm.
Bu boyda dünyanın ağırlığını,
Götürüb çiynimdən ata bilmirəm.

Öldü bu dünyanın gədası, şahı,
Nəydi dəlilərin günahı, ahı?!
Dünya inqə deyir, anası zahı,
Ləlimi, gümüştək sata bilmirəm!

Bir ovuc torpaqda bir dünya dərd var,
Canımın gözündə qan damar-damar.
Fələk ömrümüzlə oynayır qumar,
Başımı heç nəylə qata bilmirəm!

Zaman daşa basdı, qəddimi əydi,
Taleyin yumruğu başıma dəydi.
Neynim, aman Allah, axı, bu nəydi,
Yaramın üstündə yata bilmirəm!

Ənvər, bu ağrıyla bağrın talandı
Beləmi yazılıb, tanrımın andı?
Canım çırtdaq-çırtdaq od tutub yandı,
Qəvvasam, dərdimdə bata bilmirəm.

Sən olum

Göy qurşağı üzüyünün qaşıdır,
Buz bulaqlar gözlərinin yaşıdır.
Baxışın könlümün məhək daşıdı…
Ərit məni gözlərinin odunda…
… Ya ömrünü ömrüm ilə başa vur,
Ya ömrümü tufana sal, daşa vur.
Ya bahar ol, gül üstündə şeh olum,
Ya könlünü sərinlədən meh olum.
Ya günəş ol, zərrəciyin olum mən,
Ya payız ol, yanağında solum mən.
Ya səhər ol, qızıl nurtək çilənim,
Ey qədrimi insan kimi bilənim!
Ya nəğmə ol, qəlb oxşayan söz olum,
Ya alov ol, qor altında köz olum.
Ya zirvəm ol, duman olum, çən olum!
Ya dünyam ol, mən sənləşim, sən olum!

Çəkinə-çəkinə

Bir az çəkinə-çəkinə
Mən səni atdım
Yoxluğun içinə.
Daha dünənki
Gün kimi yoxsan,
Sabaha çatmaz əlin
Əriyər gözündə
Yoxluq heykəlin.
Sındı qanadın,
Gedişin getdi,
Gülüşün itdi.
Üç nöqtə qoyuram,
Bu şeirim bitdi…

İtir

Ömrüm bu yollarda itir,
Ağla  məni gültək bitir,
Öldür məni yerdən götür,
Sıxma məni qanım çıxır.

Özüm özümdən düşmüşəm,
Küləm közümdən düşmüşəm.
Yaman gözümdən düşmüşəm,
Budaqla yarpaq kimiyəm
Bir ovuc torpaq kimiyəm.

Əlim çatmaz keçən günə,
Ürəyimdən keçən günə,
Dərd-qəmimi seçən günə,
Allah, bu səs, bu ün mənəm,
Dünənim yox, bu gün mənəm!

Üzüm-gözüm qırış-qırış,
Tale deyir: et yır-yığış,
Yaman soyuq gəlir bu qış,
Qaraltma sən gəl qanımı,
Özün oxu Quranımı!

Ölüm-olum arası az,
Dünya gödək, qəbir dayaz.
Ənvər şeiri dərdinlə yaz,
Dünya sığmır dünyasına
Dünya ağlar öz dünyasına.

Kimi

Bu dünyanın üzü qara
Gecə üzündə xal kimi
Ölüm-itim, hamısı var
Bu həyat bir xəyal kimi.

Baş kəsilir, qan tökülür
Gedirəm, dizim bükülür.
Tanrının evi sökülür
Keyləşmişəm bir lal kimi.

Kim köç edir, kim yurd seçir,
Fələk enib kəfən biçir,
İnsan ağlı qanın içir,
Qalmışam bir sual kimi.

Ömrümə

Göz yaşımla bitən gülsən,
Dil-dil olub ötən dilsən.
Bəlkə bir bulud gölüsən
Yağış kimi yağ ömrümə.

Kipriyimin ucunda qəm,
Gözüm dolu, kədər, ələm.
Doğulmaram hələm-hələm,
Çəkmə, çəkmə dağ ömrümə.

Səhər köçdü, axşam düşdü,
Ayaq dünyadan sürüşdü.
Fələklər baxdı, gülüşdü
Mənim üzü ağ ömrümə.
Dərk et, ömür əfsanədir,
Gülləri seç, ara bir-bir.
Dur get Quran xətm elətdir,
Baxa-baxa sağ ömrümə.

Şəkərim var…

Şəkərim var, şəkərim,
Şəkər mənim şakərim.
Şəkər yeyir canımı,
Çox qaraldır qanımı.

Həkimlərin hərəsi,
Bir cür resept yazır.
Bu reseptlər elə bil,
Canıma qəbir qazır.

Onları qınamıram,
Hər nə yeyirsən zəhər.
Çoxu deyir ay şair,
Çalış yaşa birtəhər.

Əlacım yeriməkdi,
Canımı sürüməkdi.
Həsrətəm ətə-yağa,
Bala, südə-qaymağa.

İnsaf yoxdu həkimdə,
Gerilik var çəkimdə…
Tez-tez söyləyir mənə,
Dostum, deyirəm sənə.
Şirin şey qəti olmaz
Pəhriz saxla sən bir az!
Yeyəsən qara çörək,
Əməl edəsən gərək
Həkimin hər sözünə.
Qəsd edirsən özünə…
Böyrəklərin işləməz
Gözlərin yaxşı görməz
Papirosda çəkmə sən
Araq, çaxır içmə sən.

Su iç gündə 3-4 litr,
Şəkərini bir az itir.
Dedim pəhriz saxla sən
Az-az yeyə bilərsən
Toyuq əti, dana əti
Göy-göyərti
Həftədə bir yumurta
Ayrı yemək yemə, ta…

Gözün tikir gözümə,
Mat-mat, baxır üzümə
Yazım tez iynəyə keç,
Təzə həyat tərzi seç
Əlavə amaril at
Çarəsiz deyil həyat…

Barışdı

Eh əcəlin gözü kordu,
Kor gözüylə məni yordu.
Hər bir kəsin sonu kordu,
Yaram canıma darışdı.

Ha qaçdım mən ora-bura,
Dözdüm bu sərt vurhavura,
Loğmanım yox, ruhum yara,
Ömrüm əzabla barışdı.

Dərd-qəmimə bata-bata,
Sarındım ilan həyata,
Vaxt çürütdüm yata-yata.
Qanım dərdimə qarışdı.

Kim yoğurdu, kimsə yaptı,
Kimi yağlı kökə tapdı,
Həyat yolu çapa-çapdı,
Ram ol, könül bu yarışdı.

Yolçu

(Özümə)

Yolçu, yolun uzundu,
Çarıq geyin dəmirdən
Bu yolların saçını
Bəyaz qartək ərit sən.

Qarşında dağ görünür,
Zirvəsi çox ucadır?
Bəlkə sənin ömrün
O dağlardan qocadır?!

Yoluna ilan çıxar,
Yolunda qurd ulayar.
Yolunda mənfur həyat,
İttək quyruq bulayar.

Fikir vermə, yeri, get,
Yolunda daşa dönən
Hər kəsə sən nifrət et
O sərt ölüm yoludur,

Sınmır, fələk qoludur
O yolun sön nöqtəsin
Ayağın tapa bilməz.
Get, get yolçu yolunla,
Ölümsüz bir dünya gəz.

Dedilər ölübdür, üçüdür bu gün

Zəng etdim… halını soruşmaq üçün,
Dedilər ölübdür, üçüdür bu gün…
Söz də dəli olar belə xəbərdən
Yığıb bəbəyinə tozlu yollan
Köz də dəli olar belə xəbərdən.
Dünən var, bu gün yox olursa insan
Bir zərif yarpaqtək solursa insan.
Doğulmaq bir azca ar gəlir düzü
Doğulub, yaşayır, ölübdür sözü.
Dəhşətlə səslənir ölüm, qan, qada
Üç gündür o yoxdur, yoxdur dünyada…
… Dərd sənin köksünü eşəsi olsa.
Dərd sənin köksünü deşəsi olsa
Bir azca ağlamaq xoş olar vallah,
Bir azca hönkürmək gərəkdir, Allah!
Dərd duman deyildir külək dağıda
Kədərin dağı da, qəmin dağı da
Birdən çəkiləndə sinənin üstə
Yığılıb diz üstə düşürük xəstə…
Ölübdür sözünün acı zəhəri,
Üçüdür sözünü ahı, qəhəri,
İşləyir iliyə, damara, qana.
Ağır yuxu kimi gəlir insana
İnsanın yoxluğu, əbədi gediş
Amansız bu ağı, dözülməz bir iş,
Varlığın yoxluğu, sənsiz bir həyat
Boğur insanlığı, baxırıq mat-mat
… Zəng etdim… ölü bir ağrı dinlədim.
Ağrıya qoşulub dərdtək inlədim!
Zəng etdim halını soruşmaq üçün
Dedilər ölübdür, üçüdür bu gün!…

Bu gecə

Bu gecə nə gözəl gecədir, könül,
Bu gecə ay necə bədirlənibdir.
Dünya süd gölündə çimir elə bil,
Elə bil üfüqlər yerə enibdir.

Gecə ağ duvaqlı nazlı gəlintək,
Açıb saçlarını yuyur sularda.
Yaylıqtək asılıb ağacdan külək,
Dünya nə gözəlmiş bu ilk baharda…

Bəlkə ikimizik dünyada oyaq,
Bəlkə bu gecənin gəlişi haqdır.
Sən mənə səhərin gözləriylə bax,
Bəxtim günəş kimi doğulacaqdır.

Ulduzlar torpağa tökülür dən-dən,
Çiçək yağışında yuyulur gecə.
Torpağın əliylə yazıla bilən
Gözəl şeir kimi duyulur gecə.

Uzansın bu gecə… Sökülməsin dan,
Bu gecə huşumu başımdan almış,
Utansın bu gecə yanaqlarından,
Bu gecə üzündə bir qara xalmış…

Sən ölsən, gözlərində…

Gözlərin tabutumdur,
Göz yaşında yu məni
Bəlkə nə vaxtsa doğub,
Gözündəki su məni.

Bir damla göz yaşına,
Qərq eləmə özünü.
Ağlama, buludların,
Ahı tutar gözünü!

Sənin günəş üzündə,
Zülmət buzum əriyər.
Mənim kür, çılğın könlüm,
Gözlərində kiriyər!

Sən ölsən, gözlərində
Şair qəbri qazılmaz.
Sənin cəllad gözünə,
Bir də şeir yazılmaz.

Üşüyür

Bu bir tanrı qarğışıdı,
Dərdim canımın yaşıdı,
Dondum, ömrümün qışıdı
Əzabım, cəbrim üşüyür.

Batmamışam günahıma,
Allahım batar ahıma.
Alov tökün görgahıma,
Yetimdi, qəbrim üşüyür.

Boğdu məni bu dərd-ələm,
Nəsə yaman tələsirəm.
Qultək dərdimə əsirəm,
Tələsir, səbrim üşüyür.

İlkin mənbə: 525.az

Müəllif: Ənvər ƏHMƏD

ƏNVƏR ƏHMƏDİN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – MUSTAFA KAMAL ÇANAQQALA DÖYÜŞLƏRİNDƏ

 ÇANAQQALA ZƏFƏRİNİN 107-ci İLDÖNÜMÜ

Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən dəniz və quru müharibəsidir.  Bu qanlı savaşda  minlərlə azərbaycanlı iştirak etmiş, üç mindən çox azərbaycanlı  şəhid olmuşdur.

  Çanaqqala döyüşlərində Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazını keçilməz etmişdir.

AKİF ABBASOV

MUSTAFA KAMAL ÇANAQQALA DÖYÜŞLƏRİNDƏ

                (“Samsundan başlanan yol” romanından)

Mustafa Kamal vaxt itirmədən Gelibolu yarmadasına yola düşdü. 1915-ci ilin yanvar ayının ortaları idi. O, yarımadada yerləşən Tekirdağ şəhərinə gəlib on doqquzuncu diviziyanı təşkil etməyə başladı.

 Fevral ayının 25-də bu diviziya yerini dəyişib Maydosa (Ejeabada) köçdü. Bu şəhərlər yarımadada Dardanel (Ağ dəniz) boğazı hövzəsində yerləşirdi. Burada Mustafa Kamal sərəncamında olan diviziyadan başqa həm də ikinci piyada alayını və bir sıra topçu birləşmələrini də tabeçiliyinə aldı. Beləliklə, o, Maydos hərbi dairəsinin komandanı oldu.

Yarımada narahat günlərini yaşayırdı. Martın 18-də ingilis donanması Çanaqqala  boğazını keçməyə cəhd etdi. Bunu görən sahil topçuları onları şiddətli atəşə tutdular. Düşmən ağır itki verdi, lakin öz niyyətindən əl çəkmədi. İngilislər yarımadaya desant çıxarmaq fikrində idilər. Türk ordusu bundan vaxtında xəbər tutdu.

            Geliboluda beşinci ordu yaradılmış və alman generalı Liman fon Sanders ordu komandanı təyin olunmuşdu. O, ingilis həmlələrinin qarşısını almaq üçün ordu qüvvələrini üç qrupa bölmüş və onları təlimatlandırmışdı.

Mustafa Kamalın komandanlığı altında olan birləşmələr ehtiyat qüvvə kimi dayanıb dururdu. Baş plana əsasən, Mustafa Kamalın diviziyası aprelin 18-də Tümeni və Bıqalı şəhərlərinə doğru hərəkət etdi.

         İngilislər axır ki, öz planlarını həyata keçirdilər və aprelin 25-də Çanaqqalada Səddülbahir və Arıburnu bölgəsində desant çıxardılar. İlk desant dəstələri Mustafa Kamalın ordusu yerləşən ərazidə gözə dəydi. Bunu görən Mustafa Kamal tez qoşunları Bıqalıdan Conkbayıra köçürdü. İngilis ordusu Arıburndan Conkbayıra doğru irəliləyirdi. Lakin elə həmin gün bu qüvvələr on doqquzuncu diviziyanın həmləsinə tuş gəlib geri oturduldu. Ordu komandanı general Liman fon Sanders əməliyyatı müvəffəqiyyətlə həyata keçirdiyi üçün Mustafa Kamala öz təşəkkürünü bildirdi. İyun ayında Mustafa Kamala albaylıq  rütbəsi verildi.

Atatürk Çanaqqala döyüşlərinin qəhrəmanı Koca Seyidi yadına saldı. Koca Seyid evli idi, bir qızı da doğulmuşdu. Qayğıya ehtiyacı olan qoca ata-anası vardı. Bir sözlə, evdə-eşikdə lazım idi, öz ailəsinin, arvadının, körpə qızının yanında olmaq, valideynlərinə həyan durmaq üçün. Fəqət Osmanlı Türkiyəsi ağır gündə idi. Belə bir zamanda evdə, isti ocağın qırağında oturub qızınmaq kişilikdən deyildi. Odur ki Koca Seyid könüllü orduya yazılıb, cəbhəyə yollandı. Bu, 1909-ju ilə təsadüf edirdi. Üst-üstə doqquz il orduda xidmət etdi. Düz doqquz il evindən-eşiyindən ayrı düşdü, ailəsində baş verənlərin birindən xəbər tutdusa, digərindən xəbər tuta bilmədi, başqa bir xəbəri də ondan gizlətdilər.

         Bu doqquz ilin içində neçə dəfə yır-yığış elədi ki, tərxis olunub evə qayıdır, hər dəfə bir iş çıxdı və o, əsgəri xidmətini başa vura bilmədi. Gah Balkan müharibəsi, gah Ədirnə fəthi oldu. Nəhayət, gəlib min doqquz yüz on dördüncü il yetişdi. Birinci dünya müharibəsi başlandı. Belə məqamda ordudan tərxis oluna bilərdi?! Çanaqqala qan ağlayırdı. Koca Seyidi Çanaqqalaya göndərdilər: “Orada sənin kimi igidlərə ehtiyac var. Get, düşmənin anasını ağlat!” – dedilər.

Çanaqqala cəhənnəmi xatırladırdı. Fransız qoşunları, ardınca da ingilis ordusu boğaza girmişdi. Ətrafa od saçırdılar. Bu dövlətlərin nə qədər desən silahı, topu-tüfəngi, canlı qüvvəsi vardı. Saya-hesaba gəlməzdi. “Kraliça Yelizaveta” və “Okean” hərb gəmiləri atəşə ara vermirdi. Türk əsgərləri və zabitləri düşmən donanması ilə qeyri-bərabər döyüşdə müqavimət göstərməkdə idilər, geri çəkilmək barədə fikirləşməyi belə özlərinə ar bilirdilər. Bu zaman bir top mərmisi döyüşçülərin lap yaxınlığında partladı. Havaya sovura bildiyini havaya sovurdu, sovura bilmədiyini yerə çırpdı. Yerin altı üstünə çevrilmişdi. Türk topları və əsgərlər torpağın altında qalmışdılar.

Onbaşı Koca Seyid özünə gələndə gördü ki, onu yarıyadək batdığı torpaqdan dartıb çıxarmaq istəyirlər. Özü də hərəkətə gəldi və birtəhər qurtuldu. Koca Seyid nə hadisə baş verdiyini anlamaq iqtidarında deyildi. Ətrafa baxdı. Nə əsgərlər, nə də zabitlər gözə dəyirdilər. Gözlərini dolandırıb yerdə uzananlara və şiddətli ağrıdan qıvrılanlara nəzər saldı. Saymağa başladı. Artıq döyüş yoldaşlarından on dördü həlak olmuşdu. İyirmi dörd yaralı vardı. Toplar torpağın altında qalmışdı. Bu cəhənnəmin içərisində fransız və ingilis donanması ilə üzbəüz vur-tut üç nəfər döyüş qabiliyyətli adam qalmışdı: biri batareya komandiri yüzbaşı Hilmi bəy, biri Niğdeli Əli, biri də Koca Seyid.

Fransızların “Okean” hərbi gəmisi atəş açmaqda davam edirdi. Türklərin topları sıradan çıxmışdı. Onbaşı Koca Seyid gedib birər-birər yoxladı. Yalnız bir top salamat qalmışdı, fəqət onun da vinci qırıq idi. Koca Seyid dilxor oldu, lakin inamını itirmədi, Allahdan imdad dilədi.

Bir qədər aralıda top mərmiləri vardı. Amma onun hər hansı birini qaldırmaq tək adamın işi deyildi. Yoldaşlarında da hey qalmamışdı ki, mərmiyə yaxın düşə bilsinlər. Gözlərinin qarşısında neçə-neçə say-seçmə igid, cavan əsgər yoldaşının öz canını tapşırması, o birilərinin isə yarımcan uzanıb yerdə qalması, Vətəninə olan sonsuz sevgisi, düşmənə nifrəti Koca Seyidin damarlarında axan qanı coşdurdu, ona sanki əlavə can, güc və qüvvət verdi. Ata-anasını, balaca qızını, arvadını gözləri önünə gətirdi: “Bu ingilislər, bu fransızlar basa-basa o uzaqlıqda yolu ona görə gəliblər ki, torpaqlarımızı tutub, bizi özlərinə kölə etsinlər? Ay siz öləsiniz!”

            Onbaşı Koca Seyid irəli yeridi. Yüzbaşı Hilmi bəy onun niyyətini başa düşüb:

– Seyid, tək nəfərin işi deyil, – dedi. – Özünü gücə salarsan, belin sərpər, ömrün boyu sürünə-sürünə qalarsan. Çəkil, onsuz da qaldıra bilməyəcəksən. Əli ilə mən də yaralı, əlimizdən bir iş gəlmir.

Koca Seyid özünə inamlı:

– Siz narahat olmayın. Hər halda cəhd eləyim, bəlkə alındı. Həm də gözümüz baxa-baxa necə yol verə bilərik ki, düşmən torpaqlarımıza soxulsun, arvad-uşağımıza əl atsın, babalarımızın gorunu söysün. Allah mənə o günü göstərməsin. Düşmən yalnız mənim meyitimin üstündən keçib Vətən torpağına ayaq basa bilər.

Top mərmilərinin hər birinin ağırlığı 275 kiloqram olardı. Koca Seyid bir anlığa yerində dondu. Anasından öyrəndiyi duaları oxudu, Allahını səslədi, ona güc-qüvvət verməyi xahiş etdi. Sonra yerə əyilib top mərmisini qaldırdı. Hiss etdi ki, sümükləri şaqqıldayır. Fikirləşdi ki, indi sümükləri bir-bir qırılacaq. Fəqət onların heç biri sınmadı. Koca Seyid gözlərini qaldırıb Vətənin göylərinə, gözlərini endirib Vətənin torpağına baxdı. Necə də böyük, qüdrətli, gözəl, füsunkar, doğma idi Vətən! Koja Seyid güc aldı, qüvvə topladı: “Ya Allah!” – deyib mərmini qaldırdı. Topa sarı gedib yerində oturtdu. Atəş açdı.

Fransız gəmisi qəh-qəhə çəkir, onun acizliyinə gülürdü. Koca Seyid ikinci mərmiyə güc elədi. Zor-bəla ilə, ayaqları bir-birinə dolaşa-dolaşa topa sarı apardı… Atəş açdı. Bu səfər ingilis gəmisi şaqqanaq çəkirdi.

Yüzbaşı Helmi:

– Seyid, özünü həlak edəcəksən!

Niğdeli Əli də öz növbəsində:

– İndi buraya bir mərmi atarlar, bizi də göyə sovurar, – dedi.

Koca Seyid hirsindən qaraldı:

– Deyirsən can bəsləyək?

O, israrlı idi. Top üçüncü mərmini də ağuşuna aldı. Yüzbaşı Helmi ilə Niğdeli Əli təəcüb qalmışdılar. Koca Seyiddə bu qədər güc haradan idi?

          Onbaşı Koca Seyidin artıq nə qollarında, nə ayaqlarında, nə də dizlərində taqət qalmışdı. Bir anlığa dincini aldı, əlinin ardı ilə tərini silib, yenə böyük yaradanı köməyə çağırdı: “Ya Allah!!!”

Atəş açdı.

Fransızların nəhəng gəmisi dənizdə ləngər vururdu. Onu alov bürümüşdü, göyərtədə bir çaxnaşma düşmüşdü ki, gəl görəsən. Gəmi yerində fırlanır və ətrafa atəş yağdırırdı. Atəş açdınca ətrafdakı fransız gəmilərinə itkilər verirdi. Bir müddət sonra yavaş-yavaş batmağa başladı.

Təhlükə sovuşdu. Cəbhədə dönüş oldu. Koca Seyidin qəhrəmanlığı dillərə düşdü. Dəniz donanması komandanı Cavad paşa düşmənə sarsıdıcı zərbələr vuran Məcidiyə batareyası döyüşçülərinə baş çəkməyə gəldi. Onlar bir neçə nəfər idi. Özləri ilə fotoqraf gətirmişdilər. Şəhidlərin dəfni ilə bağlı göstəriş verildi. Yaralılar dərhal hərbi xəstəxanaya yola salındılar. Cavad paşa yüzbaşı Hilmi bəy Əli və Koca Seyidlə görüşdü. Üzünü Koca Seyidə tutaraq:

– Seyid əfəndi, indi anlat o ağırlığında top mərmilərini necə qaldırıb atəş nöqtəsinə gətirə bildin?

Koca Seyid çiyinlərini çəkdi:

– Bilmirəm, paşam, vallah bilmirəm.

Cavad paşa fotoqrafa işarə etdi ki, yaxın gəlsin:

– Seyid əfəndi, indi o mərmilərdən birini qaldır, sənin şəklini yapsın. Xalqımız da, düşmənlər də görsün ki, bizdə necə igid oğullar var.

           Koca Seyid nə qədər əlləşdisə, mərmini yerindən tərpədə bilmədi. Pərt oldu, tər onu basdı. Belini dikəltdi. Əllərini yanlara açdı, yəni bacarmadım.

Cavad paşa:

– Bir daha, yenə cəhd et, – deyə dilləndi.

Fəqət yenə alınmadı.

Cavad paşa təəccüb içərisində soruşdu:

– Bu nədən olur, Koca Seyid? Mərmini qaldırırdın, indi isə qaldıra bilmirsən. Bunu necə başa düşək? Bəs sənin şəklini necə yapaq? Əcəb işdir…

Koca Seyid yadına salmağa çalışaraq:

–  Paşam, həmin hissləri yenidən yaşasaydım, mərmini bir daha qaldıra bilərdim. Sirr bunda imiş…

Həmin gün Koca Seyid mərmini yenidən qaldırıb əllərində tutdu. Onun şəklini çəkdilər. Fəqət mərminin içərisi boşaldılmışdı ki, onu qaldırmağa Koca Seyidin gücü çatsın…

Mustafa Kamal xəyaldan ayrıldı. Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı dizinin üstündə idi. Vərəqləyib 23-cü səhifəni açdı və oxumağa davam etdi. O, Çanaqqala döyüşlərindən əvvəl “Çalıquşu” romanını mütaliə edərdi.

Vaxt gələcəkdi alman ordusunun şanlı-şöhrətli generalı Liman fon Sanders öz ixtiyarında olan bütün hərbi qüvvələrin komandanlığını Mustafa Kamal paşaya təslim edəcəkdi. İndi isə hələlik Otto Liman fon Sanders buralarda at oynadırdı.

Müəllif: Akif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAHİD XƏLİL VƏ ANAR

ANARZAHİD XƏLİL

ANARZAHİD XƏLİL

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” şeirlər kitabı nəşr olunub


VÜQAR ƏHMƏDİN YAILARI

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” şeirlər kitabı işıq üzü görüb. Kitab Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin xətti ilə çap olunub.

Şeirlər toplusunun redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Ədəbiyyat İnstitutunun əməkdaşı İbrahim Yusifoğlu, “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri filologiya elmləri doktoru, professor Akif İmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlıdır.

Kitab Azərbaycan musiqisinin qüdrətli sənətkarı, xalq mahnılarımızın və muğamlarımızın bənzərsiz ifaçısı Xan Şuşinskinin “Şuşanın dağları başı dumanlı…” misraları ilə başlayan məşhur mahnısının, zəfər salnaməmizin zirvəsini təşkil edən, mədəniyyət və gözəllik beşiyi Şuşanın işğaldan azad olunması və erməni vandalizmi üzərində tarixi qələbəmizin şərəfinə belə adlandırılıb.

Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusunda qələmə aldığı şeirlərini iki mərhələyə bölmək olar. Əgər Birinci Qarabağ savaşına aid şeirlərdə qəm, kədər, qüssə, həsrət kimi həzin, kövrək hiss və duyğular aparıcıdırsa, İkinci Qarabağ savaşında isə bu hüznlü notlar qəhrəmanlıq, cəsurluq, mərdlik, düşmənə meydan oxumaq kimi mənəvi ucalığa, qalibiyyətə, azadlığa çağırış harayı ilə əvəz olunur və onun əbədiliyinə nikbin bir inam hissləri ifadə edilir.

“Ali Baş Komandanım”, “Qarabağ Azərbaycandır”, “Qələbə ətirli Qarabağdayam”, “Şəhidlər”, “Vətəndir”, “Vətənimdir”, “Azərbaycan bayrağı”, “Torpağımız alınandan”, “Vətən bayatıları”, “Cənnət Qarabağ”, “Vətənimi qorumağa”, “Əsgərə məktub”, “Zəfər marşı”, “Qarabağ haqqında esse”, “Vətən torpağımın şanı, şöhrəti, bax, şair eylədi Vüqar Əhmədi” və s. şeirlərinin hər biri məna tutumu, bədii sənətkarlıq məziyyətləri ilə diqqəti cəlb edir. Torpaqlarımız işğaldan azad olunduğu zaman şairin yazdığı bu şeirlər həm düşündürücü, həm də səfərbəredicidir.


VÜQAR ƏHMƏDİN YAILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN “45” ŞEİRLƏR KİTABI SATIŞDA

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ZAUR USTACIN “45” ŞEİRLƏR KİTABI SATIŞDA

BURADAN SİFARİŞ EDİN: >>>> kitabal.az

Arxiv: archive.vn

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – Ulduzların “işığında”

Leyla YAŞAR
  • Ulduzların “işığında”.
    Qəfil başını qaldırıb, ayın nura boyadığı səmaya baxdı. Göy üzünün gözəlliyi göz qamaşdırırdı.
    Ağappaq pambıq kimi buludların arasında gizlənən ulduzlar, cənnət mələkləri kimi hər tərəfə səpələnmişdilər.
    Xatirələr “qonağı” idi yenə.
    Mart yenicə girmişdi. Yazın bihuşedici ətri hiss olunmaqda idi. Qaranquşlar gözə dəyməyə başlamışdı. Qışdan ayrılığa tələsən ağaclar öz cücərtilərini göstərirdilər.
    Nərgiz gülünün xoş ətri həyəti bürümüşdü.
    Yazın gəlişinin müjdəçisi təbiət,həmişəki kimi insanları özünə cəlb etməyi bacarmışdı.
    – Mətləb?
    Səsə diksindi. Arxaya çevrilib Nicatı gördü:
    – Gəl, Nicat, xoş gəldin.
    -Hamı yatıb, mənim yuxum gəlmədi. Dedim bir az hava alım.
    Sən nə yaxşı yatmamısan?
    – Mənim də yuxum gəlmək istəmədi.- deyib Mətləb gülümsündü.
    Nicatla əmioglu idilər. 2-3 gün olardı ailəsi ilə qonaq gəlmişdi. Şəhərdən kəndə gəlib istirahət etməyin ləzzəti bir ayrıdı axı.
    Nicat onun yanında oturdu. Bir müddət sakit dayandılar. Sükutu Nicat pozdu:
    – Görürsənmi, göy üzü nə gözəldi?
    – Hə, Nicat.
    – Şəhərdə ulduzlar bu qədər görsənmir.
    – Onlar bizim ulduzlardı. Şəhərdə niyə görsənsinlərki?.- deyə Mətləb zarafat etdi.
    – Nicat?
    – Bəli, Mətləb.
    – Bayaqdan xatirələrə dalmışam. İstəyirəm keçmişə qayıdam.
    Nicat anladı ki, Mətləbin yaraları təzələnib. İstədi məsələdən uzaqlaşa, maraq həmişəki kimi “qələbə” çaldı.
    -Ehh.
    -Ahın dağlara, qardaş.
    Mətləb gözünü göy üzünə dikib xəyallara daldı. Bir müddət keçdikdən sonra danışmağa başladı.
    – Məktəb illərim yadıma düşüb, ay Nicat. Bilirsən də oxumağa marağım nə qədər böyük idi. Atam mənim həyatımı məhv etdi.
    Qoymadı sevdiyim sahənin dalıyca gedəm.
    Arzumu bilən kimi:
    – Bircə artistim çatmır.
    Özünə iş tap deyib məni həvəsdən saldı.
    – Bilirsən, Nicat o qədər çox həvəsli idim ki…
    O vaxt kəndə teatr gələrdi. Bizdə sevinə- sevinə gedib baxardıq. Artistlər rolları o qədər təbii oynayırdılar ki,
    adam tamaşanın bitməsini istəmirdi.
    Mən də onlara baxıb həvəslənirdim.
    Məktəbdə qısa səhnəciklər göstərərdik. Baş rolları mənə tapşırardılar. Özümü lap kino artisti kimi hiss edirdim. Hələ də müəllimlərim məni görəndə istedadımı itib- batdırdığıma görə heyfislənirlər.
    – Nə deyək, qanadı qırılmış taleyə?
    Nicatın siqaretinin tüstüsünə uzun-uzadı baxan Mətləb gözündən qeyri-adi axan yaşı sildi.
    -Mətləb, bir sual verim incimə.
    – Buyur, qardaş.
    – Əmimi müalicə etdirə bilmərik?
    Mətləb başını buladı.
    – İndən belə onun müalicəsi nəyi dəyişəcək? Bizim hamımıza müalicə lazımdı. Hamımızın həyatını məhv etdi.
    -Bilirəm, Mətləb, bilirəm.
    -Onu bu vəziyyətə gətirənə nə deyim?
    – heç nə qardaş, deyiləsi nə varki?
    -Nicat, vallah mən onu qınamıram. O zəhirmara qalmış içki onun həyatını, daha doğrusu bizim həyatımızı qaraltdı.
    -Yadımdadı, uşaq idik. Heç vaxt yadımdan çıxmaz. Həyətdə uşaqlarla oyun oynayırdıq. Birdən bizim evdən səs gəldi.
    -Mətləb, bəlkə danışmayasan. Narahat olursan. Onsuzda hamı bilirki, o dəhşətli acını uşaq vaxtı yaşamısan.
    Bir qədər susan Mətləb:
    -Danışacam. İllərdi ürəyimi “deşən” sirri danışacam.
    Səsi titrəyən Mətləb Nicatdan bir siqaret istədi.
    Başını göyə qaldırıb ulduzları saydı.
    – 1,2,3,4… 10.. Həmən gündə belə idi . Ulduzlar barmaqla sayıla biləcək qədərdi.
    – Hə, onu deyirdim axı, səs küyə evə qaçdım. Onsuzda evimizdə xoş gün yox idi. Ürəyimiz səksəkədə idi. Atam o zəhirmarı içən kimi şirə dönüb hücum edirdi bizə, əsas da mamama. Anam qabarlı, zəhmətkeş əllərini qabağa verib bizi qorumağa çalışırdı.
    Amma nə fayda? Yumruqla anamı vurduqca, yerə yıxılır, yenidən qalxıb bizi qucaqlayırdı. Demək olarki, mən anamın üz- gözünü heç vaxt qaraltısız görməmişdim.
    -Mətləb, bəs niyə anan atandan ayrılmırdı?
    – Elə bilirsən, asan idi?
    Ayrılacam deyən kimi atam balta gətirib qoyurdu stolun üstünə. Deyirdi həmən günü bax bununla heç kimə lazım olmayan başını kəsəcəm. O da yazıq susub dururdu. Sonralar nənəmdən eşitdim ki, anam biz yetim qalmayaq deyə ayrılmırmış.
    -Anam çox əziyyət çəkdi, Nicat.
    -Mətləb, bilirəm sənin üçün də çətindi. Lamiyə əmidostumun birdən- birə yoxa çıxması illərdi ürəyimizdə bir yaradı.
    Mətləb başını aşağı saldı. Nicata sezdirmədən gözlərindən axan yaşı sildi.
    -Günahkar mənəm, Nicat.
    -Mətləb, elə demə.
    – Nicat, əslində hər şey bildiyin kimi deyil. Söz ver, bu sirri heç kimə açmayacaqsan.
    – Mətləb, yat dincəl, çox gərginsən.
    – Yox, illərdi ürəyimi deşib, çölə çəxmaq istəyən “ dərdi” azadlığa buraxmalıyam.
    Bu gecə ulduzlar buludların arxasından boylanıb, danış deyə mənə dəstək olurlar. Mənim şahidimdi o ulduzlar.
    Həmən gecədən 12 il keçir. Atam yenə də içkili gəlmişdi evə. Əslində içkinin ona bu qədər güc verdiyinə hələ də inana bilmirəm. Həyətə girən kimi səs-küy qalxdı:
    – Çölə çıx, bu gecə sənin son gecəndi. Sözləri başa düşmək çətin olsa da, hədə dolu olduğu açıq- aydın görsənirdi.
    Anam yazıq, büzüşüb yumağa dönmüşdü. Divara qısılıb əlləri ilə üzünü qapamışdı. Atamda ona qarşı bu qədər kin nifrəti yaradan səbəbin nə olduğunu bilmirdim.
    Atamın səs küyü yavaş- yavaş azalmağa başladı. Çox sevindik. Bir az keçmədi evin qapısı səssizcə açıldı.
    Atam başını içəri salıb, bizə nəzər yetirdi. Anamı səslədi:
    -Lamiyə, uşaqları yatır gəl, səninlə işim var.
    Anam robort kimi ayağa qalxıb, yerlərimizi açmaq üçün yataq otağına keçdi. Atamın birdən- birə dəyişməsinin səbəbini anlaya bilmədim. Amma nə gizlədim, çox sevindim.
    O gecə qəribə bir yuxu gördüm. Yuxunun təsirindən hələ də çıxa bilmirəm.
    – Anam məni köməyə çağırırdı. Böyük bir gölə düşmüdü. Boğulmaq üzrə idi. Məni nə qədər haraylasa da, ona cavab verə bilmirdim. Səsim batmışdı. Qorxudan tir- tir əsirdim. Gölün yanında durub, gözləri bərəlmiş halda ona baxırdım. O isə çabalaya-çabalaya nəsə deyirdi. Birdən var gücü iıə qışqırdı:
    -Mətləb, məni xilas et.
    Mən gölün lap yaxınlığına gəldim. Əlimi uzatmaq istəyəndə kimsə əlimdən tutub məni geri çəkdi. Atam idi. Yuxudan dəli kimi ayıldım. Suyun içində idim.
    Ətrafa baxdım. Sakitçilik idi. Ayağa qalxıb aynabəndə keçdim. Keçməz olaydım.
    -Mətləb, sakitləş.
    -Yox, qardaş, necə sakitləşə bilərəm? İllərdi bu acını təkbaşına yaşayıram.
    Aynəbənddən mətbəxə keçib su içmək istəyirdim. Qaranlıqda gözüm ayağımın altını görmürdü. Hamı yatdığı üçün işığı yandırmaq istəmədim. Elə bu anda xırıltı eşitdim.Fikir vermədim. Yəqin atamdı deyib keçib getmək istədim. Bir tərəfdən yuxunun təsiri, bir tərəfdən evdəki vəziyyət məni keyləşdirmişdi. Birdən ayağım nəyəsə ilişdi. Şappıltı ilə üzüstə yerə yıxıldım. Xırıltı get- gedə azalırdı.
    Birtəhər ayağa qalxıb işığı yandırdım. Gözlərim kəlləmə çıxdı.
    -Nicat, bilsən nə gördüm? Görməz olaydım.
    -Nə, Mətləb?
    Mətləb qışqıraraq ağlamağa başladı:
    -Mənəm günahkar, mənəm!
    – Özünə gəl, Mətləb. Sən nə edə bilərsənki?
    – Soruşmadın axı nə gördüm?
    – Toparlan, danışarsan.
    Mətləb siqarət yandırıb, tüstüsünə ” büründü”.
    Yenidən ulduzlara baxıb köks ötürdü.
    -Hə, Nicat, bəzi şeylər varki sən nə qədər çabalasan da vicdan əzabında ” boğularsan”.
    İşığı yandırandan sonra arxaya çevrildim. Gördüklərim məni yerimdəcə dondurdu.
    -Anam yuxarıdan asılı vəziyyətdə sallanırdı. Ayağının altındakı stol qıraqda idi. Ən çox sevdiyi, anasından qalan kəlağayısı ilə özünü asmışdı.
    Nicat gözlərini bərəldib Mətləbə baxırdı.
    -Mətləb, sən nə danışdığının fərqindəsən? Yuxu görmüsən deyəsən? Lamiyə əmidostu itgin düşüb, özündə bilirsən, bəlkə bir xəbər çıxacaq?
    – Nicat, mən nə danışdığımı yaxşı bilirəm. Anam həmən gecə həyatın boyunduruğunu boynuna dolamışdı.
    Onun bu qədər aciz olduğunu ağlımın ucundan belə keçirtməzdim.
    Bizi tərk edib necə gedə bilərdi axı?
    Nicat qorxmağa başlamışdı. Mətləbin danışdıqları dəhşət saçırdı. Əgər doğurdanda Lamiyə əmdostu ölübsə, nədən illərdi onun itgin düşdüyü deyilir?
    Atasının son zamanlar dediyi sözü xatırladı;
    – Bala, mənim bu Nəsibdən gözüm su içmir. Lamiyənin heç adını çəkmir.
    Hamı bir ağızdan:
    – Onun içkidən başı açılır ki, kimsə yadına düşə? – dedi.
    Atası başını buladı.
    – Deməkki işin içində iş varmış.
    Fikirli- fikirli Mətləbə baxdı.
    Mətləbin rəngi “ qaçmış” dı sanki. Ağır- ağır nəfəs alırdı.
    – Ay Mətləb, sənə noldu?
    – Heç ay Nicat. Bilirsən, mən niyə artist olmaq arzusundaydım?
    – Niyə?
    – Bədbəxtlik saçan həyatımı “xoşbəxtlik” adlı adada
    “ yaşadardım”.
    -Mətləb, danışdıqların doğrudu?
    – Qulaq as, nələr olduğunu bilsən mənə nifrət edərsən.
    Kaş o gün mən öləydim.
    – Elə demə, Mətləb.
    – Hə, anamın intiharı məni dəliyə çevirmişdi. Nə edəcəyimi bilmirdim. Qaçıb atamı çağırmalı idim. Əsərin qəhrəmanı heç nə olmamış kimi yerində yatmışdı. Nədənsə mənə elə gəldi ki, o oyaqdı.
    – Otağa daxil olub qışqırmağa başladım.
    -Aaaanam özüüünü aaasıb. Kəkələyə-kəkələyə dediyim sözlərə atam biganə şəkildə reksiya verdi. Otağa keçib anamı qucağına götürüb deyinə- deyinə yerə qoydu.
    -Lamiyə, bu nə işdi başımıza açdın? Ölüm çıxış yolu deyildi axı.
    Atam heç kimi çağırmağa qoymadı. Bacım yatmışdı.
    Həyətə düşüb, dalınca getmək əmri verdi. Ona görə əmr verdi deyirəm ki, o heç vaxf bizə xoş söz deməzdi. Ya söyər, ya da əmr edərdi.
    Atamın dalıyca düşüb nələr baş verəcəyini bilmək üçün gedirdim.
    Atam beli özülə götürmüşdü. Həyətin girəcəyində mal tövləmiz vardı ha, yadındadı, bax burda.
    Onun yanına çatıb, beli yerə qoydu.
    Nə etmək istədiyini bilmirdim.
    Anamın cansız bədənində bərələn gözləri, çölə çıxıb salanan dili gözümün önündən getmirdi. Bir tərəfdən də ata “qorxusu” məni məhv etmişdi.
    – Oğlum, ( ilk dəfə idi belə müraciət eşidirdim), gəl səninlə bir oyun oynayaq.
    Dilim əsə-əsə:
    – Nə oyun?.-dedim.
    – Sirr saxlama.
    Sən bu haqda kiməsə nəsə desən mən səni öldürəcəm, yaxud əksinə.
    – Eşitdin?
    Qorxa- qorxa hə dedim.
    Beli götürüb dərin bir quyu qazdı. Qaranlıqda sakitçiliyin vahiməsi basmışdı məni.
    Düşünə bilmirdim.
    Səsə diksindim.
    – Gedək, gətirək.
    Elə bil məni ildırım vurdu. Dodağımın altında:
    – Nəyi.-dedim.
    -Səninlə oyun oynayırıq dedim axı.
    Cavab vermədim.
    Evə gedən yol mənə ilə bərabər oldu. Yolboyu o qədər arzu etdim ki, keşkə qayıdıb anamı sağ görəm. Evə necə çatdığımı hiss etmədim. Anamın üzünə baxa bilmirdim. Onun öldüyünə inana bilmirdim.
    Başının üstündə oturub əlimi üzünə vurdum. Buz kimi soyuq idi.
    Atam gəlib gözlərini bağladı. Məni uzaqlaşdırıb üstünə ağ parça saldı.
    Bir müddət mənə, sonra anama baxıb;
    -Axır ki, ağıllandın dedi.
    Sözün kimə aid olduğunu anlaya bilmədim.
    Sonra mənə fənəri yandırıb evdən çıxmağı tapşırdı.
    Fənərin işığında mən qabaqda, o da arxada getməli olduq.
    Atam anamı arabaya qoymuşdu. Hərdən yorulub dayanır, anamı söyürdü.
    Güc bəla ilə həmən yerə çatdıq. Atam anamı bir lazımsız əşya kimi quyuya tulladı.
    O vaxtı ürəyimin içindən bir bağırtı qopdu.
    Özümü quyuya tullayıb, anamın üstünə yıxıldım.
    Ayılanda özümü tozun- torpağın içində quyunun kənarında gördüm.
    Atam əlindəki bellə quyuya torpaq atır, həm anamı, həm də məni söyürdü.
    Sonra məni yerdən qaldırıb üst- başımı təmuzləyib, sirr oyunu davam edir.- dedi.
    Heç nə eşidəcək halda deyildim. Bütün bədənim tir- tir əsirdi.
    Əlimdən tutub evə gətirdi. Qorxudan evə girmək istəmirdim.
    Çöldə də qala bilməzdim.
    Hava çox soyuq idi.
    Birtəhər yataq otağımıza keçib yerimə uzandım.
    Sonralar eşitdim ki 3 gün yuxudan ayılmamışam.
    Nicat ona səbrlə qulaq asıb:
    -Bəs indiyə kimi niyə kimsəyə heç nə demədin?
    Sirr oyununun cəzası baltayla ölüm idi.
    Qorxurdum. Atam hamıya:
    – Lamiyə evdən qaçıb dedi. Hər kəs də inandı. Çünki atamın işgəncələri dözülməz idi.
    Anamın bədənində söndürülmüş siqarətin, basılan şişin izləri bir nişanə idi.
    – Nədən əmim bu qədər nifrət dolu imiş görəsən?
    -Sonralar hər şeyi öyrəndim, Nicat.
    – Sakitləş, qardaş, sonra danışarsan.
    -Bir fincan su gətirərsən?
    -Yaxşı, Mətləb.
    Nicat gedəndən sonra Mətləb üzünü əllərinin arasına alıb, gözlərini yumdu.
    O gecəni xatırlayıb qeyri-ixtiyari yellənməyə başladı.
    Nicat suyu gətirib Mətləbə uzatdı. Mətləb birnəfəsə suyu içib davam etdi:
    – Hə, Nicat, anamı basdırdığım yerə gedə bilmirdim.
    Elə bilirdim ora gedən kimi anam duracaq məni danlayacaq, küsəcək, ağlayacaq.
    Atam öz işində idi. Elə bil evdə belə bir hadisə olmayıb. Məni hədələməyindən də qalmırdı. İllərlə belə bir tufanı içimdə yaşatdım. Bu gün artıq dözə bilmədim.
    – Bayaq demişdin atanın anana nifrətinin səbəbini bilirsən.
    – Hə Nicat, sən demə cavan vaxtlarda atam anamı dəlicəsinə sevirmiş. Anamın ona qarşı istəyinin olmadığını bilən atam inadından əl çəkmiyib. Hər gün elçi göndərən atamın geri çəkilmədiyini görən anamın valideyinləri bu məsələyə razı olublar.
    Anam atamı heç vaxt sevməyib. Bu da atamda ona qarşı şübhələr yaradlb. Bu məsələ şübhədən nifrətə, nifrətdən ölümə qədər uzanıb.
    >>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
    -Ananın intihar məsələsi nəsə qəribə gəldi. O çox dözümülü qadın idi. Birdən- birə nə baş verə bilərdi, ananı son yola əl atmağı üçün?
    – Nicat?
    – Bəli.
    – Mən çox sonralar hər şeyi olduğu kimi öyrəndim.
    – Yəni?
    – Anam ölmüyübmüş, öldürülübmüş.
    – Sənə nə olub Mətləb
    – Nicat, onu atam öldürübmüş. Şübhə yaratmamaq üçün səhnəciyi qurubmuş.
    Deməli anam Həsrət əmimlə evlənməyə hazırlaşırmış.
    Əmimlə bir- birini çox sevən cütlüyün atamın hisslərindən xəbəri yox imiş. Atamın anama etirafından sonra, əmim ondan kiçik olduğu üçün, həmçinin atamdan qorxduğu üçün geri çəkilib. Əslində atamda bu məsələdən bixəbər imiş.
    Ailə qurandan sonra anam onu sevmıdiyini, məcbur olub evləndiyini deyəndən sonra atam ona qarşı qəddarlaşır.
    Olmazın işgəncələr başlayır.
    İçki zəhirmara da o vaxtdan qoşulur atam.
    Anamın intiharı günü isə Həsrət əmi bizə gəlmişdi. Bilirsən o heç vaxt bizə gəlməzdi.
    Atamı bir az danladı:
    – Məndən böyük də olsan ay Nəsib, bir az məni dinlə. Yazıqdı axı, o. Olmazın işgəncə verirsən. Uşaqlar da yazıqdı, qorxu altında böyüyürlər.
    Atam başını aşağı salıb heç nə demədi.
    Sən demə atam anamın Həsrət əmimə qısqanırmış. Əmim gələn günü anam çıxıb xoşgəlmisən dəyibmiş. Atam deyirki;
    -Ananın gözlərindəki o işıltını illərdi həsrətin çəkmişdim. Bir dəfə də olsun anan mənə qarşı o sevgiylə baxmayıb.
    Elə həmən günü planı cızıb, axşam da həyata keçirib.
    Bir sevgi qığılcımı alova çevrilib anamın ömrünə son qoyub
    – Bəs bunu hardan öyrəndin?
    – Atam danışdı. İnan o hələ də peşman deyil. Sirr oyununu pozmamağı bərk-bərk tapşırdı.
    Amma artıq bacarmıram.
    İllərdi bu tərəfliyə gəlmirəm.
    Nicat üşəndi.
    – Niyə? Olmuya?
    – Hə, Mətləb, yaxınlıqdakı
    o təpəcik atamın “məharətinin göstəricisidi”.
    – Bu gün bu sirri açma səbəbim ulduzlar oldu. Onların “işığında” son dəfə görmüşdüm anamı.
    Gözəl anamı.
    – Görürsən, uzaqdan sirrimi ört- basdır edən ulduzlar, illər sonra
    Sirr oynunu pozdular. Atam qədər,bəlkə də çox,mən günahkaram.
    Yığ məlumat ver,gəlib aparsınlar məni.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURAN DƏRSİ 34

QURANİ KƏRİM

QURANI OXUMAĞI ÖYRƏN

BÖYÜK İDĞAM

Bu elə bir iğdam növüdür ki, onda mudğam hərfi mutəhərrikdir. Əgər sonrakı hərfi idğam eləsək onda mudğam hərfi əvvəl sakin eləyək və sonra ikinci mərhələdə olduğuna görə ona böyük idğam deyilir.

Məkkənni – مَكَّنَّئ

Qurani kərimdi böyük idğamlar yazılı şəkildə öz əksini tapıb. Məqsəd odur ki, biz kəlmələrin əslini bilək və necə idğam olduğundan xəbərdar olaq, bu idğamın mahiyyətini bilək.

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəşad Məcid və Anar Cıdır düzündə

Rəşad Məcid və Anar Cıdır düzündə (Şuşa – 2021)

Rəşad Məcid və Anar Cıdır düzündə (Şuşa – 2021)

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONET ÇƏLƏNGİ – İLDIRIM ƏKBƏROĞLU (FÜZULİ)

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

“DƏRDİM, SEVİNCİM”
(Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…)
I
Olmasın, olmasın sənsiz bir günüm,
Ancaq qucağında uyuyaram mən.
Kimə yetə bilər harayım, ünüm
Əgər sən olmasan, ey ana Vətən.

Qdludur torpağın əzəldən, başdan
Dağlarda qarın da qığılcım çaxar.
Sənin ürəyini döyündürən qan
Mənim də qəlbimdən dolanıb axar.

Nahaqdan qəlbimə dəyən olanda,
Payız səması tək qəlbim dolanda,
Ummuşam gülndən, çiçəklərindən.

Fikirlər uçdumu uzağı çəkər,
Görüb dərdlərini sızlasam əgər
Demə uşaq kimi ağlar, kürəm mən.

II

Demə uşaq kimi ağlar, kürəm mən.
Sənin çəkdiklərin tarixdə azmı.
Sökülən, danılan, dağ çəkdirilən
Bir ana övladı de, ağlamazmı?

Çiçəklər içində çiçəyin incə,
Nəğmən nəgmələrə ilk cığır açdı.
Elə bir ocağa döndü ki, Gəncə
Bütöv yer üzünə nurunu saçdı.

Dildən dilə düşdü şöhrətin, adın
Çoxları üstünə oynatdı atın.
O gündən qaraya tutuldu günüm.

Eh, bir də həyatda deyilki yalan
Pis gözə bıçaqdır qiymətli olan
Eşit, Azərbaycan, başına dönüm.

III

Eşit, Azərbaycan, başına dönüm,
Çiçəklər oxşayar, tikanlar dalar.
Yadından çıxıbmı “Məvailər”im…
Qiymətli zər kimi oğurlandılar.

Vətən yanğısıdır, Vətən yanğısı,
Insan ürəyində dərdin dərini.
Bəlkə də dönəndə durna sırası
Oxuyur onların nəğmələrini.

Dəyişən dəyişib, qalanlar qalır,
Kimi üz çevirib astarın salır.
Tarixsə dəyişməz həməndir, həmən.

Pərvanə vurğundur yanarsa şamda,
Bəzən qovurlanıb, sızıldasam da
Sənin şöhrətinlə öyünürəm mən.

IV

Sənin şöhrətinlə öyünürəm mən
Dillərdə əzbərin birmi, ikimi.
Saysız övladın var dillərdə gəzən,
Həsən oğlu kimi, Nizami kimi

Çoxu çiçək olub öz çəmənində
Olana olan tək qiymət verən az.
Qarşımda eşmirəm ocağı mən də
Sənin çiçəyindən gülündən olmaz.

Düşüb şerləri hey dildən-dilə
Sənin Nizaminin hikməti ilə
Ilkin açmadımı dünyada bahar.

Azmı çürüyübdür qılınclar qında,
Ulu əsrlərin ulu yolunda
Qartal duruşun var, qartal adın var.

V

Qartal duruşun var, ulu adın var.
Cır meyvə gətirməz cır deyilsə tum.
Doğuldun, bələyin oldu dümağ qar
Qurdu beşiyini Turan xatunun.

Qəlbinin mayası od idi deyə
Oğlun da, qızın da pir bildi odu.
Sənin sevincinə, yaşına yiyə,
Ağsaqqal seçdilər Dədəm Qorqudu.

Başsız el-obadan əksilməz qada,
Ixtiyar sahibi şah olubsa da,
Sözü ötən olub ağsaqqalının.

Bir alaq kökündən göyərər mini
Necə ki, görmədin Aruz kimini,
Başından aşıbdır dövlətin, varın.

VI

Başından aşıbdır dövlətin, varın
Var-dövlət daş-qaşdır, qızıldır məgər?!
Şerin var bir bəndi fateh şahların
Bütöv sərvətinə, zərinə dəyər.

Çox düşüb kəsərdən baş kəsən yaraq,
Kəsərdən düşməyib sözün sətiri.
Haq sözü daş-qaşdan üstün tutaraq
Dahi olmadımı oğlun Xəqani.

Nə olsun çoxları özündən deyib,
Həmişə başını aşağı əyib
Meyvəli ağaclar, ay gözümə nur.

Keçib qanımıza qəlbindəki köz,
Nahaqdan üzünə haqq dediyin söz-
Dünyanın özünə çıraq olubdur.

VII

Dünyanın özünə çıraq olubdur.
Bir el yolunda da çıraq yandıran.
Dilindən köz alıb, dağından qürur
Yoluna nur oldu Xətai balan.

Çox tapdaq olmuşdun düşmənə, yada
Boynu bükülüydü açan gülün də.
Həsrəti qürbətdə zoğ atdısa da
Füzuli axır ki, ötdü dilində.

Doğma havasını çalmaq dəmində,
Ötə bilərsə də özgə simində….
Daha gözəl ötüb öz simi tarın.

Demə ki, dərd deyil, dərdsə də azdır.
Şerini özgənin dilində yazdı
Sinəndə göz açan söz sərrafların.

VIII

Sinəndə göz açan söz sərrafların
Vaxt olub çiçəkcə anılmayıblar.
Dilləri dillərdə ötüb onların,
Ancaq haqq yolunda yanılmayıblar.

Fəzlullah Nəimin iki bölünüb,
Dözmüsən dərdini sən uda-uda.
“Ənəlhəqq” söyləyib Allaha dönüb,
Nəsimi – dərisi soyulubsa da.

Tarix canı deyib hər soyan kəsə
Ancaq görmüşük ki, soyulan isə
Haqqın yollarına şəfəq, nur salıb.

Onunla fəxr edib öyündüm ki, mən-
Talanıb, soyulub, danılsan da sən,
Çoxunun gözləri əlində qalıb.

IX

Çoxunun gözləri əlində qalıb
Baxma ki, çoxları daş atıb sənə .
Nadir əsərlərin azmı talanıb,
Dönüb özgələrin qiymətlisinə.

Söz də tarix deyil hər yetən dana,
Qarğa verə bilməz bül-bül yerini.
Məgər çıxmadımı, de öz adına
Bodenşted Vazehin nəğmələrini?…

Qələm dediyini deyə bilməz ox,
Bu həyat yolundsa çox görünüb, çox,
Talayan alçalıb, soyan alçalıb.

Elə soyulmağın dərddimi təkcə,
Yox, sənə can atıb yetişmədikcə….
Çoxunu dərd alıb, fikir-qəm alıb.

X

Çoxunu dərd alıb, fikir-qəm alıb,
Sən çiçək açdıqca, gətirdikcə bar.
Bəzən də illərcə qonağın qalıb,
Sənə quyu qazan, tor quran da var.

Yolunda keçsək də, bir, canımızdan,
Uyduq neçəsinin əməllərinə.
Özümüz sıyrılıb öz qınımızdan,
Qırdıq özümüzü düşmən yerinə.

Qeyrət məqamında uduzmuşuq biz-
Elə ki, bilinib kəramətimiz,
Səni döndəriblər yola, səkiyə.

Sənin çörəyini yeyənlər ki, var,
Çox məqam gözləyib, çox göz qoyublar,
Qızıl qanını da sorsunlar deyə.

XI

Qızıl qanını da sorsunlar deyə
Sərhədlər keçiblər, dağlar aşıblar.
Zoru keçməyəndə keçib hiyləyə,
Söz verib, and içib “qardaşlaşıblar”.

Eləı ki hiylənin yırtılıb qını,
Əvvəl qeyrətini veriblər bada.
Dartıb bədənindən şah damarını,
əmzik tək əmiblər onu sonra da.

Xəncər qayıdarmı sipər yoxdusa ,
Övlad ürəyində təpər yoxdusa…..
Ay anam, nə xeyri deyilən sözün.

Mənim də öz gücüm çatır dilimə,
Ay Vətən, günahkar özünsən demə.
Bil, alnın açıqdır, bil, ağdır üzün.

XII

Bil, alnın açıqdır, bil, ağdır üzün.
Səndə sınmaz olan duruşa əhsən .
Ay elim, ay obam, fikir ver özün,
Bu dərdə sənsən ki, tab gətirmisən.

Bir de hansı qartal uça bilərdi
Bircə qandıyla zirvə tənində.
De, hansı torpaqda çiçək gülərdi
Sənin torpağın tək darda, çətində.

Paklıq ələnibdir səndəki oda,
Bir gözün həmişə ağlayıbsa da
Əsrlər içində gülüb bir gözün.

Baxıb keçmişinə balan kimi mən,
Üz tutub deyirəm, inan, ürəkdən
Bütövdür yerişin, bütövdür sözün.

XIII

Bütövdür yerişin, bütövdür sözün
Belə bir gedişi ariflər anlar.
Qaranlıq uçruma bürünsələr də,
Büdrəməz heç zaman bütöv olanlar.

Mən də bir övladam yuxusu sərsəm,
Taleh gəncliyimlə oynadı oyun.
Adına zərrəcə ləkə gətirsəm,
Qoy gəlsin burnumdan çörəyin, suyun.

Özümə qənimmiş mənim bu andım….
Ömür yollarında sərtlik qazandım….
Alnımı daşlara hey döyə-döyə.
Iki yad ocağa bölünməz bir ev,
Ay Vətən, qəlbimdə bütövsən, bütöv,
Qəlbini bölsə də Araz ikiyə.

XIV

Qəlbini bölsə də Araz ikiyə,
Nəğməni bir tonda çalan tarın var.
Üz tutub o taya “Şəhriyar” deyə
Səsinə səs verən Bəxtiyarın var.

Bir ağac kökündən söylə bir mənə
Iki özgə ağac çıxa bilərmi?!
Bir çay əsrlərlə biri-birinə
Söykənən dağları yıxa bilərmi?!

Açdım əllərimi qucam mən səni
Tikanlı məftillər qoymur birini,
Biri də halsızdır başına dönüm.

Təki hürsün itin, yansın çırağın,
Təki məndən olsun gələn sorağın,
Olmasın, olmasın sənsiz bir günüm.

XV

Olmasın, olmasın sənsiz bir günüm,
Demə uşaq kimi ağlar, kürəm mən.
Eşit, Azərbaycan, başına dönüm
Sənin şöhrətinlə öyünürəm mən

Qartal duruşun var, ulu adın var.
Başından aşıbdır dövlətin, varın
Dünyanın özünə çıraq olubdur.
Sinəndə göz açan söz sərrafların.

Çoxunun gözləri əlində qalıb
Çoxunu dərd alıb, fikir-qəm alıb
Qızıl qanını da sorsunlar deyə

Bil, alnın açıqdır, bil, ağdır üzün.
Bütövdür yerişin, bütövdür sözün
Qəlbini bölsə də Araz ikiyə…

Müəllif: İldırım ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan ədəbiyyatında işlənmiş alınma lirik şeir janrlarından biri-sonet

Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan ədəbiyyatında Şərq şeir janrları ilə yanaşı, bir neçə Avropa şeir şəkillərindən də istifadə olunmuşdur. Bu janrların ədəbiyyatımıza kütləvi şəkildə ilk gəlişinin tarixi əsasən XX əsrin əvvəllərindən başlanır. XX əsrin Azərbaycan şairlərindən M.Ə.Sabir, H.Cavid, A.Şaiq kimi söz ustalarının yaradıcılığında mülli şeir formaları ilə yanaşı epiqram, epitafi,  parodiya, marş, sonet kimi alınma nəzm biçimlərindən ustalıqla istifadə olunmuşdur. 

***

Epiqram-qısa,maraqlı və yadda qalan satirik şeir,həcvdir.

Var aləm ara şöhrəti İslambulun,


Həddən füzun dövləti İslambulun.


Başdan ayağa gözəllərin yığnağı,


Maskov ola bilməz …. islambulun. (S.Ə.Şirvani)


***

Epitafi-qəbir daşı üərində mərhumun əxlaqi xüsusiyyətlərini ehtiva edən bir və ya bir neçə yadda qalan şeir  Azər Abdulla.  

 Akif Mirili üçün epitafi 

Uzaqlardan, Mirilərdən gəlmişdi,

Bu dünyada yaxşılığı yaymağa.

Yüz elədi, min elədi, bəlkə çox,

Oğul gərək sonalayıb saymağa.

Azərbaycan oxucularına bu janrlarda yazılmış şeirlərin təqdimatı ən çox milli mətbuat və rus dili dərslikləri vasitəsilə daxil olmuşdur. Onu da deməliyik ki, bu janlara aid Şərq ədəbiyyatından gəlmə nümunələr də var. Azərbaycan ədəbiyyatında onet janrından söz düşəndə Abdulla Şaiqin yazdığı bir sonet yada düşür. Bu sonet “Məktəb məcmuəsi” dərgisinin yeganə nömrəsində (“Məktəb məcmuəsi” dərgisi,1925, N1, səhifə 3 – redaktoru  milliyyətcə başqırd olan Şərif Manatovdur. Ş.Manatov -görkəmli partia işçisi, ADPİ-nun rektoru,Xalq Maarif Komissarlıının şöbə müdiri idi). Azərbaycan ədəbiyyatında H.Cavid, C.Cabbarlı, M.Müşfiq və  digər şairlər yaxşı sonet yazmağa cəhd göstərmişlər. Sonet ən çox Avropa ölkələrində yayılmışdır. Həcmi 4 bənd olur, birinci və ikinci bəndlərinin hərəsində dörd misra olur. Şeirin sonrakı 2 bəndinin hərəsi 3 misra olur. Qafiyələnməsində müxtəliflik var. Yaranma məkanına və qafiyələnməsinə görə sonetin bir neçə növü var.

                          Fransız soneti  

   ***                   

abba abba cdd  dd

абба+абба+ввг+дгд

                                                                                          абаб+абаб+ввг+ддг.

                                                                                            абба+абба+ввг+ддг.

                          İtaliya soneti                  

***                    

abab  abab sds  dsd;

                          Şekspr  soneti                  

***                    

abab  sdsd  efef  gg

Dünyada  sonet yazan çox olmuşdur: Halyada Yakopo, Padon Antonin, Vilyam Şekspir   və  başqaları. Abdulla Şaiqin “Centlmen bir xanəndəyə” sərlövhəli soneti fransız soneti növünə aiddir. Qafiyələnməsi abba abba add  dda kimidir.

Nədir, nədir o gözəl səsdə titrəyən fəryad

Ki, hər təranəsi  ruhumda bir fəğan oyatır?…

O hıçkırıklar , aman kimdən istəyir imdad

Ki, qəlbimin içini hər zaman qanatır..

***

Niçin, niçin dodağından uçan fəğanlardan

İçimdə  dalğalanır  pək acıqlı  duyğu,kədər?..

Niçin, niçin o səni  inlətən amanlardan

Önümdə canlanur bir yəğin səfil  yüzlər?..

***

Niçin, niçin bu səfil fəğanlar “aman”lar həp anlat,

Zavallı xəlqimizin  əksi dərd – ü  matəmimi?..

O inlətən səni də  ruhimi  ya   qan ğəmimi?..

***

Unut o keçmişi  hayqırma  bitsin əfğanlar,

Bir az da gurlasın  artıq səsində üsyanlar,

Bir az da nəğmənə  qüvvət, bir az da atəş qat!

 Uzun müddət Abdulla Şaiqin bu sonetinin kimə həsr edildiyi bilinmirdi. Sonetin ilk dəfə çap olunduğu jurnalda da bu barədə heç nə göstərilməməmişdir. Sonrakı tədqiqattlardan centlmen  müğənninin kim  olduğu müəyyən edilmişdir. Sən demə, centlmen müğənni Avropanın vokal sənət beşiyində oxuyan Bülbül- Murtuza Məmmədov imiş. Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər.Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Abdulla Şaiqin “Centlmen bir xanəndəyə” soneti  bu vaxtlarda,təxminən 1924-cü ilin payızında yazılmışdır. Məzkur -haqqında danışılan sonetin yazılma tarixi üçün əhəmiyyətini nəzərə alıb,  Bülbül haqqında məqsəddən xali olmadığı  üçün bir bir neçə söz söyləməyi də 
vacib hesab edirik.Bu, onun musiqi dünyası və centlmenliyi haqqında oxucuya müəyyən məlumatları çatdıra bilər.

 Bülbül fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında oynamışdır. Bübül 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasındadərs deməyə başlamışdır.

1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası  nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılmışdır. Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənması ilə məşqul olmuşdu. Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranmışdı. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.

1937-ci ildə Moskvada Bülbülün təşəbbüsü ilə Ümumittifaq vokal konfransı keçirildi. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış etmişdir.

Bülbül aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır. Bülbül 1938-1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin müəllifidir.Bülbül Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. Bülbül parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçırılməsinin təşəbbüskarıdır.Bülbül 1940-cı ildə Moskvada çağırılmış Ümumittifaq vokal konfrasında maraqlı məruzə ilə çıxış etmiş və bir sıra mühüm məsələlər irəli sürmüşdür: “Vokal kafedrasında elmi tədqiqat və elmi-metodiki iş aparmağın zəruriliyi, milli müğənnilərin hazırlanması, bütün qardaş respublikalarda Ümumittifaq Teatr Cəmiyyəti şöbələrinin təşkili, SSRİ xalqları yaradıcılığının öyrənilməsi üzrə Mərkəzi İnstitutun yaradılması”.

1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.

1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti idi.

26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Birinci Fəxri Xiyabandadır.

İlkin mənbə: strategiya.az

Müəllif: Nazim NƏSRƏDDİNOV

Azərbaycan Respublikasının Əməkdar müəllimi, türkoloq.

NAZİM NƏSRƏDDİNOVUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru